Qızıma

Şimşək sürətli eşqi, ilk andan bağlılığı
Ya şairlər uydurub, ya üç alma nağlıdı.
Bütün fani cahanda sevgi kitabı nə çox:
«Filan-filan şahlıqda biri vardı, biri yox...»

İlk baxışdan eşqlərə inanmazdım heç zaman...
Bir pəri gələnədək, yazılmamış masaldan.
O zaman bəxş edərək pərinin gəlişini,
Tanrı bir eşq yaşatdı bizlərə nağıl kimi

Bir eşq ki, görməz artıq həsrətin yaşayırsan,
Bir eşq ki, görməz artıq ona aşiq olursan.
Anlayırsan bu zaman Tanrının niyyətini:
Yeni nağılla bizə verir məhəbbətini.

«Biri vardı, biri yox» başlayırdı nağıllar.
Bugünəcən Sənsənmiş, o nağılda «yox» olan.
Gəlişin tamamladı ən önəmli hissəni:
Tanrı bizə bəxş etdi validlik şərəfini.

Alaraq qoynumuza, duyduq məhəbbətindən:
Tanrı körpə cildində bəxş edib qüdrətindən.
Tanrı bizə lütf edib, bu masalı yazaraq.
Cənnət xoşbəxtliyisən, ey kiçicik yavrucaq.

Rəssam etdin gələrək, məni, bir də ananı:
Bir ömür çəkəcəyik sənin qayğılarını.
Bəlkə çətin olacaq seçmək düzgün rəngləri —
Lakin bu rəsmi çəkmək mutlu edər bizləri.

Qoy ancaq parlaq olsun rəsminin palitrası,
Yeganə siyah olsun — gözlərinin qarası.
Masalımdakı pərim, balaca qəhrəmanım,
Bir ömür tacir olub, qada-balanı alım.


Cavidan Hacıyev
 

0 şərh