Versal-Vaşinqton sistemi

Birinci Dünya müharibəsi fəlakətlə nəticələndi. Milyonlarla insan həlak oldu və yaralandı. Dünyanın siyasi və sosial-iqtisadi inkişafında böyük dəyişikliklər baş verdi. Dörd böyük imperiya dağıldı. Müharibədən sonra qısamüddətli sabitlik yaransa da, sonralar yeni ziddiyyətlər və münaqişələr meydana gəldi.
Avropa 1920-ci ildə

Qaliblərin sülhü

 
İlk dünya müharibəsindən sonra qalib dövlətlər dövlətlərarası münasibətlərin yeni qaydalarını müəyyən etmək üçün sülh konfransının çağırılmasını qərara aldılar. 1919-cu ilin yanvarında Parisdə başlayan sülh konfransı məğlub ölkələri cəzalandırmaq və sülh müqavilələrinin şərtlərini hazırlamaq məqsədi daşıyırdı. Qaliblər Paris sülh konfransını tarixdə yeni bir dövrün başlanğıcı elan etmişdilər. Konfransda yalnız qalib və bitərəf ölkələr təmsil edilirdi.
 
Müharibə başa çatmamış Almaniya və müttəfiqləri ilə separat sülh müqaviləsi imzalayan Sovet Rusiyası da konfransa dəvət edilmədi. Sülh müqavilələrinin 1918-ci ildə ABŞ prezidenti V.Vilson tərəfindən irəli sürülən 14 maddə prinsipinə əsaslanması nəzərdə tutulmuşdu. Bu maddələrdən ən önəmlisi ərazi mübahisələrinin xalqların öz müqəddəratını təyinetmə prinsipi ilə həll edilməsi haqqında idi. Lakin qalib dövlətlər arasında konfransda meydana çıxan fikir ayrılıqları vəziyyəti çətinləşdirdi.

Vilsonun “14 maddə” prinsipi:
1. Bir daha gizli müqavilələrin imzalanmasına icazə verilməməsi, sülh müqavilələrinin açıqlıq prinsipinə uyğun olaraq hazırlanması; [...]
2. Ərazi suları istisna olmaqla, sülh dövründə olduğu kimi, müharibə dövründə də dənizlərdə sərbəstlik olması;
3. Bütün iqtisadi məhdudiyyətlərin mümkün qədər aradan qaldırılması və sülhü dəstəkləyən ölkələrə bərabər ticarət şəraitinin yaradılması [...];
4. [...] Bütün ölkələrin silah və sursatlarının azaldılması [...];
5. Müstəmləkələrlə bağlı bütün tələblərin, [...] əlaqədar xalqların mənafeyinə uyğun və dövlətlərin tələblərinin ədalətli həll edilməsi;
6. Rus torpaqlarının tamamilə xarici qüvvələrdən azad edilməsi və Rusiya ilə bağlı problemlərin [...] tam müstəqil olaraq öz siyasi inkişafına uyğun həll edilməsi [...];
12. [...] Türk hakimiyyəti altında yaşayan xalqlara varlıqlarını davam etdirmə təminatının verilməsi [...]; Boğazların bütün ölkələrin gəmilərinə açıq və sərbəst olması. [...];
14. Böyük dövlətlərə olduğu qədər, kiçik dövlətlərə də siyasi müstəqillik və torpaq bütünlüyü təminatı vermə məqsədilə [...] bir millətlər birliyi təşkil edilməlidir.
Tarix. İstanbul, 2002, səh. 277

Sülh müqavilələrinin şərtləri hazırlandıqdan sonra məğlub dövlətlərə ultimatum şəklində təqdim edildi. Konfransda ilk olaraq Almaniya ilə Versal sülh müqaviləsi imzalandı. Müqavilənin ilk hissəsini sərhədlər məsələsi təşkil edirdi. Almaniya Elzas və Lotaringiyanı Fransaya qaytarmalı idi. Saar vilayətinin idarəçiliyi Millətlər Cəmiyyətinə verilsə də, onun vəziyyətinin 15 il sonra plebissit yolu ilə qəti müəyyən edilməsi nəzərdə tutulurdu. Poznan və Qərbi Prussiya Polşaya verilməli idi. Həmçinin Almaniya Avstriya ilə birləşməməyi öhdəsinə götürür, bütün müstəmləkələrini itirirdi. Müqavilənin hərbi şərtlərinə görə, Almaniya məcburi hərbi xidməti ləğv etməli, ordu və donanmasını məhdudlaşdırmalı idi. Almaniya Reyn çayı boyunca qoşun saxlaya bilməzdi. Müqavilənin ən ağır şərtlərindən biri Almaniyanın müharibədə təqsirkar olduğunu qəbul etməsi və buna görə də təzminat verməli olması idi. Bu, sonralar Almaniyanın iqtisadi vəziyyətini daha da ağırlaşdırdı.

Versal müqaviləsi digər məğlub dövlətlərlə imzalanan müqavilələrlə tamamlandı. Avstriya ilə 1919-cu ildə Sen Jermen, Bolqarıstanla Neyi, 1920-ci ildə Macarıstanla Trianon müqavilələri imzalandı. Bu müqavilələrə görə, onlar ərazilərinin bir hissəsini qonşu dövlətlərə verməli, Almaniya kimi hərbi qüvvələrini məhdudlaşdırmalı və təzminat ödəməli idilər.

Antanta dövlətləri “Şərq məsələsi”ni də qəti olaraq həll etmək istəyirdilər. Osmanlı dövlətinin parçalanmasını nəzərdə tutan bu məsələnin müzakirəsində İngiltərə və Fransa arasında mövcud olan ziddiyyətlər bu dövlətlə müqavilənin imzalanmasını gecikdirdi. 1920-ci ildə Osmanlı dövləti ilə bağlanan Sevr müqaviləsində daha ağır şərtlər nəzərdə tutulurdu. Osmanlı dövlətinin əraziləri İngiltərə, Fransa, İtaliya və Yunanıstan arasında bölüşdürülürdü. Lakin Mustafa Kamalın başçılığı ilə türk xalqının istiqlal müharibəsinə başlaması bunun qarşısını aldı.

Paris konfransında dövlətlərarası münasibətlərin yenidən qurulmasında millət amili əsas rol oynadı. Bu münasibətlər artıq güc tarazlığı ilə deyil, millətlərin öz müqəddəratını təyinetmə prinsipi ilə tənzimlənirdi. Bu hər bir xalqın müstəqil dövlət yaratma hüququnun tanınması demək idi. Konfransın nəticəsində xüsusilə Avropa, Yaxın Şərqdə sərhədlər dəyişdi. Almaniya, Avstriya-Macarıstan, Osmanlı və Rusiya imperiyaları dağıldı. Avstriya-Macarıstan imperiyasının parçalanması nəticəsində onun ərazisində yeni dövlətlər: Avstriya, Macarıstan, Çexoslovakiya və Serb–Xorvat–Sloven krallığı (sonralar Yuqoslaviya) yaradıldı. Həmçinin müstəqil Polşa dövləti bərpa edildi. Xalqların müqəddəratını təyinetmə hüququ tanınarkən yeni milli azlıqlar problemi yarandı. Beləliklə, milli azlıq məsələsi və millətçilik müharibədən sonra da sülh üçün təhlükə olaraq qaldı. Konfransın mühüm nəticələrindən biri dövlətlərarası münasibətləri nizamlamaq üçün Millətlər Cəmiyyətinin yaradılması oldu. Lakin məğlub dövlətlər və Sovet Rusiyası bu təşkilata qəbul edilmədi.

Ziddiyyətlər və “cəzalandırıcı sülh”

Paris konfransı qalib dövlətlər arasında ziddiyyətlərin olduğunu göstərdi. Məğlub olanlar da, qalib gələnlər də sülh müqavilələrindən narazı idilər. Yaxın Şərqin bölüşdürülməsi və digər məsələlərdə İngiltərə və Fransa arasında narazılıq yarandı. Fransa öz təhlükəsizliyi üçün önəmli hesab etdiyi nəticəyə nail olmadı. İtaliya müharibə dövründə gizli müqavilə ilə ona vəd edilmiş əraziləri ala bilmədiyindən narazı qalmışdı. Avropada qüvvələr tarazlığını saxlamaq istəyən ABŞ Almaniyanın tamamilə zəiflədilməsini istəmirdi. Ona görə də İngiltərə və Fransanın güclənməsinə mane olmaq məqsədilə Almaniya və Osmanlı dövlətindən alınmış torpaqların Millətlər Cəmiyyətinin mandat sistemi əsasında idarə edilməsi təklifini irəli sürdü.

ABŞ həmçinin Yaponiyanın da Uzaq Şərqdə möhkəmlənməsinin qarşısını almaq istəyirdi. Millətlər Cəmiyyətinə üzvlük ABŞ-ın ənənəvi təcridçilik siyasətinə zidd olduğuna görə Senat Versal müqaviləsini ratifikasiya etmədi. Nəticədə ABŞ Millətlər Cəmiyyətindən kənarda qaldı.

Almaniyanın müstəmləkələri və Osmanlı dövlətinin tərkibində olan Yaxın Şərqdəki Ərəb torpaqları “Mandat rejimi” adı altında bəzı qalib dövlətlərə verildi. Bununla da, müstəmləkələr məsələsi İngiltərə, Fransa və Yaponiyanın xeyrinə həll edildi. Onlar Almaniyanın Afrika və Sakit okeandakı müstəmləkələrinə, Osmanlı dövlətinin Yaxın Şərqdəki ərazilərinə nəzarəti ələ keçirdilər. İngiltərə və onun dominionları, Fransa, Belçika və Yaponiya mandat sahibi oldular. Müstəmləkələr A, BC kateqoriyalarına bölündü. Mandat sahibi olan dövlət A və B kateqoriyasına daxil edilmiş ölkələri müstəqilliyə hazırlamalı idi. C kateqoriyasına daxil edilmiş ərazilər isə mandat sahibi olan dövlətin mülkü hesab edilirdi. Əslində, mandat rejimi qalib dövlətlərin ərazi ilhaq etmələrinin bir alternativi oldu.

Paris konfransının nəticələri

Paris sülh konfransı uzunmüddətli sülhün təmin edilməsinə deyil, məğlub dövlətlərin cəzalandırılmasına yönəlmişdi. Müharibənin təqsirkarı elan edilən Almaniyaya hərbi qüvvə saxlamaq qadağan olundu. Almaniya ərazilərinin bir hissəsini, bütün müstəmləkələrini itirdi və son dərəcə ağır iqtisadi sanksiyalara məruz qaldı. O eyni zamanda müharibə təzminatı da ödəməli idi. Bu və Versal müqaviləsinin digər ağır şərtləri sonralar – 1920-ci illərdə Almaniyada millətçi siyasi qrupların fəallaşmasına səbəb oldu.

Versal müqaviləsinin bəzi şərtləri:

Maddə 51. … 1871-ci il Frankfurt müqaviləsi ilə Almaniyaya verilən ərazilər …yenidən Fransa hakimiyyətinə keçmişdir.
Maddə 231. Almaniya özünün və müttəfiqlərinin təcavüzkar olduğu səbəbi ilə Antanta dövlətlərinin məruz qaldığı bütün zərərlərdən məsuliyyət daşıdığını qəbul edir.
Maddə 232. Antanta dövlətləri öz mülki əhalisinə və onların əmlakına dəyən bütün zərərlərin ödənilməsini tələb edir və Almaniya bu təzminatı ödəməyi qəbul edir.

“Müharibəni nəticələndirən sülh Avropanın ən güclü iki dövlətini əhatə etmirdi: Almaniya və Rusiyanı. Bu ölkələr Avropanın əhalisinin yarıdan çoxunu və ən böyük hərbi potensialını təşkil edirdi. Yalnız bu həqiqət belə Versal sistemini uğursuzluğa məhkum edə bilərdi”.
H.Kissincer. “Diplomatiya”, səh. 258

Versal və digər məğlub dövlətlərlə bağlanan müqavilələrin əsaslandığı “14 maddə” prinsipinin həyata keçirilməsində ikili standart yeridilirdi. Bu prinsiplər Avropada müəyyən dərəcədə həyata keçirilsə də, Asiya, Afrika və bəzi Amerika xalqlarına şamil edilmədi. Müharibədə İngiltərə ordusunda vuruşan Hindistan xalqlarına müstəqillik verilmədi. Müharibə dövründə Osmanlı dövlətinə qarşı üsyan qaldırmaq müqabilində ərəblərə verilən vədlər yerinə yetirilmədi. İraq Misir mandat əsasında İngiltərənin nəzarətində qaldı. Suriya Fransanın nəzarətinə verildi. Çinin bir hissəsi və Koreya Yaponiyanın tərkibində qaldı. Təcridçilik siyasəti yeridən ABŞ-ın Millətlər Cəmiyyətinə daxil olmaması və Sovet Rusiyasının kənarda qalması da Versal sisteminin zəifliyini göstərirdi. Bütün bu ziddiyyətlər sonralar müasir dövrümüzə qədər təsirləri davam edən yeni münaqişələrin yaranmasına səbəb oldu.

Vaşinqton konfransı

Avropa, Afrika və Yaxın Şərqdə məsələlər həll edildikdən sonra Uzaq Şərq və Sakit okean zonasında münasibətləri tənzimləmək üçün 1921-1922-ci ildə Vaşinqtonda konfrans keçirildi. Konfransın nəticələrindən biri ABŞ, İngiltərə, Fransa və Yaponiya arasında Dörd dövlət müqaviləsinin imzalanması oldu. Müqavilə tərəflərin Sakit okean bölgəsindəki mülklərinin tanınmasını nəzərdə tuturdu. Konfransda Çinə aid münasibətləri tənzimləyən müqaviləyə görə Çinin müstəqilliyi, ərazi bütövlüyü tanındı. Bu ölkədə sənaye və ticarət sahələrində bərabər imkanlar prinsipi tətbiq edilirdi. Əslində, bu, ABŞ-ın “Açıq qapılar” siyasətinin həyata keçirilməsi demək idi.

Konfransda imzalanan üçüncü müqavilə isə dəniz silahlarının məhdudlaşdırılması haqqında oldu. Müqavilənin mühüm nəticələrindən biri Yaponiyanın Sakit okeanda fəaliyyətinin məhdudlaşdırılması idi. Digər nəticə isə İngiltərənin dəniz üstünlüyünü ABŞ-la bölüşməsi oldu. Konfransın nəticələri Yaponiyanı narazı saldı və bu onun ABŞ-a qarşı qisasçılıq siyasətinin başlanğıcını qoydu.

Beləliklə, Versal və Vaşinqton konfranslarının qərarları ilə dövlətlərarası münasibətlərdə yeni sistem quruldu. Lakin bu sistem dünyada mövcud olan siyasi-iqtisadi problemləri tamamilə və ədalətlə həll etmədi.

Müəllif: Pərviz Ağalarov, Rövşən Hətəmov, Niyaməddin Quliyev,Hafiz Cabbarov, Elnur Hüseynov
Mənbə: ÜMUMİ TARİX 11 Ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün Ümumi tarix fənni üzrə DƏRSLİK

 

0 şərh