Ceyms Medison (JAMES MADISON)

Dünyanın ilk yazılı konstitusiyasının layihəsi Amerika Millətinin iftixarı hesab olunur. Bunun başlıca səbəbi bu konstitusiyanın dünyanın digər demokratik dövlətlərinin konstitusiyaları üçün əvəzsiz nümunə olmasıdır. Tarixdə ilk dəfə olaraq hakimiyyətin bölünməsini özündə ehtiva edən konstitusiyanın müəllifi ABŞ-ın gələcək prezidenti Ceyms Medison idi.
Ceyms Medison
Ceyms Medison 1751-ci il martın 16-da Virciniya şta­tının Port-Konuey yaşayış məntəqəsində varlı plantator ailəsində anadan olmuşdur. Ailənin on bir uşağından ən böyüyü olan Ceyms, mirasa olan hüquqlarından istifadə etməmiş, yalnız özünü dolandırmaq üçün vəsait tələb etmiş­dir. Yerli internatda beş il təhsil aldıqdan sonra 1769-cu ildə, indi Prinston Universiteti adlanan Nyu-Cersi kollecində təhsilini davam etdirir. Burada o, Şotland Maarifçilərinin ideyalarına böyük maraq göstərir. Özünün bir çox siyasi mübarizə həmkarlarından fərqli olaraq onun hüquq təhsili olmamışdır. Məhz bu səbəbdən bəzi müasirləri konstitusi­yanın zəif olmasını iddia edirdilər.
23 yaşında siyasi fəaliyyətə başlayan Medison Vircini­yada ingilis ağalığına qarşı müqavimət hərəkatının Orinc komitəsinə üzv seçilir. 1776-cı ilin iyulunda o, Orinc dairəsini İnqilabi Konqresdə təmsil edir. Növbəti il Virci­niya deputatlar məclisinə seçkilərdə uğur qazanmayan Me- dison 1777-79-cu illərdə Virciniya qubernator Şurasının, sonra, 1783-cü ilə qədər isə Konfederasiya Konqresinin iştirakçısı olur. Sonra Virciniyaya qayıdaraq yerli qanunve­rici məclisdə fəaliyyətini davam etdirir. Məclis üzvlərinin sərt müqavimətinə, populist əhval-ruhiyyələrinə baxmaya­raq, dini azadlıq və kilsənin dövlətdən ayrılması haqqında Tomas Cefferson tərəfindən hazırlanmış qanun layihəsinin təsdiq edilməsinə nail olur. Bu qanun Amerika maarifçiliyi­nin əsasını təşkil edir.

C.Medison dul qadın Dolli Toddla ailə həyatı qursa da onların övladları olmamışdır. Dolli Medison Amerika prezidentləri tarixində ilk «First Ledy» hesab edilir.

1786-cı il Annapolis Ticarət konfransında Virciniya­nın nümayəndəsi kimi iştirak edən Medison Konstitusiya islahatı tərəfdarları ilə birlikdə Filadelfiyada Konstitusiya Konventinin çağırılmasına nail olur və orada doğma ştatını təmsil edir. O, 1787-ci ildə yazdığı «Birləşmiş Ştatlar siyasi sisteminin qüsurları» məqaləsində Konfederasiya Haqqın­da Əsasnamənin çatışmazlıqlarını qeyd edərək, mükəmməl Konstitusiyaya ehtiyac olduğunu bildirir. Əsas mətni Me- dison tərəfindən yazılmış Konstitusiya ratifikasiya edilməsi üçün ştatlara göndərilir.
O, Cen Cey və Aleksander Hamiltonla birlikdə yeni konstitusiyanın təbliğinə yönəlmiş 85 qəzet məqaləsi ilə çı­xış edir. «Publius» ləqəbi ilə imzalanan bu yazılar, sonradan «Federalist» adlı kitab kimi nəşr edilmişdir. Fraksiyaçılığın geniş təhlil edildiyi və aktuallığını bu gün də itirməmiş 10 saylı məqalə Medison tərəfindən yazılmışdı.
Konstitusiya əleyhdarları icraedici hökumətə həddən ar­tıq səlahiyyətlər verilməsinə, insan hüquqlarının qorunma- masına etirazlarını bildirirlər. Medison ilk Nümayəndələr Palatası önündə verdiyi vədə əməl edərək Konstitusiyaya ilk on dəyişikliyi hazırlayır. Bu dəyişikliklər 1791-ci ildə Hüquqlar Haqqında Bill adı ilə qüvvəyə minir.

Medison 1797-ci ilə qədər Konqresin Nümayəndələr Palatasının üzvü olur. Burada o, Ceffersonla birlikdə Ha- miltonun siyasi-iqtisadi proqramlarının tənqidçisi olaraq müxalif respublikaçılar partiyasını yaradır. Cefferson pre­zident seçildikdən sonra onun formalaşdırdığı kabinetdə xarici işlər naziri olur.
1808-ci ildə onun prezident seçilməsi partiyadaxili çəkişmələrlə müşayiət olunmuşdur. Bir dəfə də seçkiqabağı nitq söyləməyən Medison öz siyasi dostlarının, xüsusən Cef- fersonun köməyi və bəzi partiyadaxili sövdələşmələr əldə edilməsi nəticəsində respublikaçılar partiyasının namizədi olur. Belə razılaşmalardan biri vitse-prezident vəzifəsinin Nyu-Yorklu partiya üzvlərinə güzəştə gedilməsidir. 60 yaşlı Corc Klinton vitse-prezident seçilsə də 1812-ci ildə onu, bu vəzifəyə daha layiq Elbric Herri əvəz etmişdir.
Kabinetin formalaşdırılmasında partiyadaxili qruplaş­maları və regional faktoru əsas götürən prezident maliyyə naziri A.Qallatindən başqa bütün nazirliklərə yeni rəhbərlər təyin edir. Bu təyinatların heç də hamısı uğurlu olmur.
Tezliklə xarici işlər naziri Robert Smitin öz vəzifəsini layiqincə yerinə yetirə bilməməsi aşkar olur. 1811-ci ilədək Virciniya qubernatoru işləmiş Ceyms Monronun bu vəzifəyə təyin olunmasına qədər, prezident eyni zamanda xarici işlər naziri vəzifəsini də icra edir.
1807-ci ildən Avropa ölkələri ilə ticarət əlaqələrinə tətbiq olunmuş embarqo kabinetin ilk müzakirə mövzu­su olur. İxrac edilməyən kənd təsərrüfatı məhsullarının qiymətlərinin sürətlə aşağı düşməsi amerikalılara böyük ziyan vururdu. Nyu-York və digər liman şəhərlərinin gəmi sahibləri ticarət gəmiçiliyinin təcili bərpasını tələb edirdilər. Bunun üçün Fransa və İngiltərə ilə münasibətlərin qaydaya salınması lazım idi.

Problemləri danışıqlar yolu ilə həll edə bilməyən prezi­dent, Qallatinin məsləhəti ilə müharibəyə hazırlaşır. 1812­ci il iyunun 1-də C.Medison İngiltərəyə müharibə elan edilməsi məzmunlu məktubunu Konqresə təqdim edir. O, bu təklifini belə əsaslandırır: İngiltərə ABŞ-a — «müstəqil və bitərəf millətə» düşmən münasibət bəsləyir. Ticarət gəmilərinin müsadirə edilməsi, minlərlə matrosun əsir götürülərək məcburi xidmətə cəlb olunması, hindu tayfa­larının üsyanının təşkil edilməsi böyük cinayətlərdir. Təklif istər Nümayəndələr palatasında (79: 49), istərsə də Senat­da (19: 13) təsdiqlənir. Beləliklə iyunun 19-da İngiltərəyə rəsmi olaraq müharibə elan edilir.
Səsvermənin nəticələrindən göründüyü kimi müharibə əleyhdarları da az olmamışdır. Onlar, xüsusilə də vircini- yalı deputat Con Rendolf müharibənin başlanmasına qəti etirazlarını bildirirlər. Əhali arasında, xüsusilə mərkəzi ştat­larda anti-müharibə əhval-ruhiyyəsi güclənirdi. Bu 1812-ci il prezident seçkilərinə təsirni göstərir. Mərkəzi Ştatlarda aşkar məğlubiyyətə uğrayan C.Medison səslərin ümumi sa­yına görə (128: 89), federalistlər partiyasının nümayəndəsi De Uitni Klintona qalib gələrək ikinci dəfə prezident seçilir.
Hərbi əməliyyatlar əsasən üç cəbhədə: Kanada sərhəd­ləri boyunca, Atlantik okeanı sahillərində və Meksika körfəzində aparılırdı. Tarixçi Robert Rutlend prezidentin hərbi məqsədləri haqqında yazırdı: «Medisonun məqsədi İngiltərəyə məxsus torpaqların işğalı deyildi. O, Britaniya rəhbərlərindən ABŞ-ı uzaq, asılı qohum kimi yox, müstəqil dövlət kimi tanımasını istəyirdi». Bu baxımdan 1812-15-ci il müharibəsini ikinci İstiqlaliyyət müharibəsi adlandırırlar.
Avropada davam edən Napoleon müharibələri 1814-cü ildə onun hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələndi. Medison haqlı olaraq, döyüşlərdən azad olan ingilis qoşun hissələrinin də bu müharibəyə cəlb ediləcəyindən narahat idi. Bu perspektivdən ehtiyatlanan prezident və onun kabi­neti hərbi əməliyyatları dayandırmaq, müharibədən əvvəlki vəziyyətin bərpa edilməsi (status-kvo) şərti ilə sülh danışıq­larına başlamaq qərarına gəlir. Bu ərəfədə ingilis qoşunları Vaşinqtonu tutaraq Dövlət binalarını o cümlədən prezident iqamətgahını yandırırlar. Medison tələsik paytaxtı tərk edir.
Hindularla aparılan müharibələrdə böyük təcrübə top­lamış general Endrü Cekson 1815-ci il yanvarın 8-də Yeni Orlean şəhəri yaxınlığında ingilislərin 5.000 canlı qüvvəsini məhv edərək qələbə qazanır. Lakin buna qədər 1814-cü il 24 dekabrında flamand şəhəri Kentdə sülh müqaviləsi im­zalanmışdı.
14 fevral 1815-ci ildə Medison Vaşinqtona qayıdır. Müharibə qeyri-müəyyən sonluqla başa çatsa da, Birləşmiş Ştatları Amerika kontinentində ciddi ictimai quruluşa malik dövlət kimi bir daha təsdiqləyir.
C.Medison 1816-cı il prezident seçkilərində işti­rak etməsə də öz siyasi varisinin bu vəzifəyə seçilməsinə köməklik göstərmişdir. Həmin varis gələcək səkkiz ildə ölkənin prezidenti olmuş Ceyms Monro idi. Vəzifə yük­lərindən azad olan eks-prezident 6 aprel 1817-ci ildə öm­rünün son illərini yaşadığı Cənuba köçür. Bu zaman o, bir müasirinin yazdığı kimi «tətilə gedən şagird» kimi se­vinirdi. C.Medison istefada olanda da bəzi konstitusional problemlərin həllində iştirak etmiş, öz məsləhətlərini ver­mişdir.
Onun quldarlıqla bağlı dəqiq mövqeyi olmasa da 1817­ci ildə yaradılmış Amerika müstəmləkə Cəmiyyətinin sədri seçilmişdir. Bu cəmiyyət azad edilmiş qulları Afrikaya göndərməklə məşğul idi. Lakin maliyyə problemləri olduğu üçün özünə məxsus qulları azad edə bilməmişdir.

C.Medison 1836-cı il iyunun 28-də Virciniya ştatındakı Montpiliyer malikanəsində vəfat etmişdir.

 

Müəllif:  Elşən Bayramzadə
Mənbə: “Amerika prezidentləri” kitabı. Bakı, 2012, 248 səh.
 

0 şərh