Uorren Hardinq (WARREN G. HARDING)

Ohayodakı Bluminq-Qrouv qəsəbəsinin sakini Fibi Elizabet Hardinq ən azı bir arzusuna görə Amerikanın bü­tün analarına oxşayırdı. Öz oğlunu xoş günlərin birində Birləşmiş Ştatların prezidenti görmək onun müqəddəs ar­zusu idi. Yaşıdlarından heç bir üstünlüyü ilə fərqlənməyən balaca Uorrenin gələcəkdə prezident olması «Ameri­ka əfsanəsinin» yalnız əfsanə olmadığını sübut edir­di. Bu «əfsanə»yə görə sosial mənsubiyyətindən, maddi vəziyyətindən, təhsil aldığı məktəbin nüfuzundan asılı ol­mayaraq hər bir Amerika vətəndaşı prezidentlik iddiasında ola və bu arzusunu gerçəkləşdirə bilər.

Uorren Hardinq

Uorren Hamaliel Hardinq 2 noyabr 1865-ci ildə Ohayo şta­tının Bluminq-Qrouv qəsəbəsində dünyaya gəlmişdir. Ame­rikada yaşayan ilk Hardinq 1623-cü ildə İngiltərədən gələrək Massaçusets ərazisindəki Breyntri şəhərində məskunlaşmış Ricard Hardinq olmuşdur. Bəzi şayiələrə görə Hardinqlərin zənci qarışığı var idi. Gələcək prezidentin atası Corc Har- dinq fermer və homeopat-həkim idi. Zəhmətkeş, işgüzar, na­muslu insan olan C.Hardinq ailəsini çətinliklə dolandırırdı. Qəsəbənin bütün uşaqları kimi Uorren də təsərrüfat işlərində valideynlərinə kömək etməyə məcbur idi. O yerli məktəbdə ilk təhsilini aldıqdan sonra, on yaşında ikən «Kaledonian Ar­kus» qəzetinin mətbəəsində şagird kimi əmək fəaliyyətinə başlayır. Eyni zamanda İberiya-kollecdə təhsilini davam et­dirir və 1882-ci ildə oranı bitirir. Aldığı təhsilin ona heç bir praktik bacarıq verməməsi ucbatından qısa müddətə bir neçə sənət dəyişməli olur.

18 yaşında ikən Marion şəhərinə köçür və yerli «Dey- li Star» qəzetində redaktor, sonra isə «Mirror» qəzetində reportyor kimi çalışır. Tezliklə iki şəriki ilə birgə «Star» qəzetinin aksiyalarını alır. Adi əyalət qəzeti olan «Star» Hardinqin rəhbərliyi altında tirajını iki dəfə artırır və sahiblərinə gəlir verməyə başlayır.

1891-ci ildə 25 yaşlı Uorren varlı iş adamı Amos Klin- qin qızı Florenslə ailə qurur. Xanım Hardinq ərinin işinə yardımçı olur və qəzetin satışını öz üzərinə götürür.

XIX əsrin sonlarında Marion şəhəri sürətlə inkişaf edərək ştatın böyük şəhərlərindən birinə çevrilir. Bununla yanaşı şəhərin ən populyar qəzeti olan «Star» da öz tirajını artıraraq böyük qazanc gətirir. Tədricən ştatın nüfuzlu və varlı adamlarından biri olan Hardinq gəlirlərini digər isteh­sal sahələrinə yatıraraq kapitalını daha da artırır.

Onun, xüsusən qadınlara böyük təsir göstərən gözə­gəlimli xarici görünüşü, var-dövləti, işgüzar əlaqələri və şəxsi keyfiyyətləri siyasi arenaya çıxışını asanlaşdırır. Hələ 22 yaşı olarkən Respublikaçılar partiyasının Ohayo bölməsi qurultayına nümayəndə seçilir. Beş il sonra isə Marion gənc respublikaçılar təşkilatının rəhbəri olur və öz qəzetini onla­rın ruporuna çevirir. 1903-cü ildə Ohayo ştatının vitse-qu- bernatoru olur.

1910-cu ildə qubernator seçilmək cəhdi baş tutmasa da, məğlubiyyət Hardinqi ruhdan salmır, dörd il sonra ştatın senatda iki təmsilçisindən biri seçilir. Onun senator kimi fəaliyyəti qənaətbəxş olmasa da, bu gözəgəlimli və ideoloji cəhətdən etibarlı senator 1920-ci il prezident seçkilərinə par­tiyanın namizədi oldu. Qeyd edək ki, onun bu qələbəsində yaraşıqlı xarici görkəmi az rol oynamamışdır. Təsadüfi de­yil ki, onunla tanış olan Ohayolu partiya funksionerlərindən biri «O yaraşıqlı prezident ola bilərdi» söyləmişdi.

Hardinqin namizəd olmasının digər və bəlkə də baş­lıca səbəbi, namizədlik uğrunda gərgin mübarizə aparan iki partiya lideri Leonard Vud və Frenk Loudenin onun şəxsində ortaq məxrəcə gəlmələri olmuşdur. Onun seçki platformasının əsasını vergilərin azaldılması, immiqrasiya- nın məhdudlaşdırılması, qadın əməyinin kişilərlə bərabər dəyərləndirilməsi təşkil edirdi.

1920-ci il noyabrın 2-də keçirilən seçkilərdə Hardinq parlaq qələbə çaldı. O, 60,4 %, demokratların namizədi Ceyms Koks isə 34,2 % səs topladı.

Yeni qurulan kabinetdə təcrübəli və bacarıqlı siyasi xadimlər təmsil olunurdu. Onlardan Çarlz Hyuz (dövlət ka­tibi), gələcəkdə prezident olmuş H.Huver (ticarət), Uolles (kənd təsərrüfatı), Mellon (maliyyə) və başqalarını uğurlu təyinat hesab etmək olar. Prezident köhnə siyasi dostlarını da yaddan çıxartmadı. Doerti və Foll uyğun olaraq Ədliyyə və Daxili İşlər naziri təyin edildilər.

Haqqnıda dolaşan bəzi şayiələrə baxmayaraq Hardinq işgüzar prezident olmuşdur. Büdcə vəsaitlərinin qənaətlə istifadəsinə cavabdeh olan büdcə şurasının təsis edilməsi yeni qurulan kabinetin ilk tədbirlərindən oldu. Vilsonun iq­tisadi tənzimlənmə siyasəti tezliklə aradan qaldırıldı. Qəbul olunmuş vergi qanunlarına əsasən vergilər azaldıldı, göm­rük qanunları ilə kənd təsərrüfatı və sənaye məhsullarına qoyulan rüsumlar isə artırıldı. Kənd təsərrüfatına kömək məqsədilə fermerlərə iki milyard dollar həcmində kredit ay­rılması, federal avtomobil yollarının çəkilməsi hökumətin qənaətbəxş fəaliyyətindən xəbər verirdi.

Hardinq administrasiyasının xarici siyasətdə atdığı ilk addım keçmiş hərbi rəqibləri ilə münasibətləri tənzimləmək oldu. Bu məqsədlə 1921-ci il avqust ayında Almaniya ilə sülh müqaviləsi imzalandı. Noyabrda isə Vaşinqtonda Uzaq Şərqdə vəziyyətin nizamlanması və donanmada silahlan­manın məhdudlaşdırılması məqsədilə doqquz hegemon dövlətin iştirak etdiyi konfrans keçirildi. Konfransda ümu­mi razılıqla Çinin suverenliyi və ərazi bütövlüyü birmənalı olaraq təsdiqləndi.

1923-cü ilin ilk aylarında Prezident administrasiyası­nın bəzi əməkdaşlarının adı böyük qalmaqallarda hallandı­rıldı. Hardinqin özü qalmaqallı korrupsiyalarda bilavasitə iştirak etməsə belə, məsuliyyət daşıyırdı. Çünki əsas «qəhrəmanlar» sırasında onunla yaxın olması ilə seçilən şəxslər də vardı. Huverin məsləhət görməsinə baxmayaraq, cinayətlərin üstünün tezliklə açılmasına təşəbbüs göst ər- məməsi Hardinqin böyük səhvi oldu. Əsas sensasiyanı isə «Teapot-Dome» skandalı doğurdu. Bu, Daxili İşlər naziri Follun görünməmiş məbləğdə rüşvət alaraq, dövlətə məxsus qiymətli neft yataqlarını iki sahibkara verməsilə bağlı idi. Tezliklə Foll cinayət məsuliyyətinə cəlb olunaraq həbs edil­di. Kabinet üzvünün həbsxanaya düşməsi ABŞ tarixində ilk hadisə idi. Ədliyyə naziri Doertini oxşar taledən yalnız dəlillərin azlığı qurtardı.

1923-cü ilin yayında cəmiyyəti sakitləşdirmək və nü­fuzunu bərpa etmək məqsədilə Alyaska və Qərb ştatları­na səfərə çıxmış Hardinq səfər zamanı, San-Fransiskoda olarkən, 2 avqust 1923-cü ildə 57 yaşında beyninə qan sız­ması nəticəsində vəfat etmişdir.

 

Müəllif: Elşən Bayramzadə
Mənbə: “Amerika prezidentlərikitabı. Bakı, 2012, 248 səh.

 

0 şərh