Millard Fillmor (MILLARD FILLMORE)

Z.Teylor vəfat edən günün səhəri, 1850-ci il iyu­nun 10-da vitse-prezident Millard Fillmor prezident səlahiyyətlərinin icrasına başladı. Sələfindən fərqli olaraq uzunmüddətli siyasi təcrübəyə malik Fillmor ənənəvi yol­la çətin ki, prezident seçilərdi. Viqlər partiyasının liderləri ilə sıx əməkdaşlıq edərək daxili və xarici siyasətdə bəzi uğurlar qazanmasına baxmayaraq onun ikinci müddətə prezident seçilməsi üçün heç bir şansı olmamışdır. Fillmor 1856-cı il prezident seçkilərində iştirak etsə də uğur qazana bilməmişdir.

Millard Fillmor

Millard Fillmor 7 yanvar 1800-cü ildə kasıb fermer ailəsində dünyaya gəlib. Gələcək prezidentin ağır uşaqlıq dövrü atasına məxsus fermada keçib. Təsərrüfat işlərində ailəyə kömək etməsi səbəbindən ildə iki-üç ay təhsil ala bi­lib. Çətin fermerlik həyatının bəhrəsizliyini görən ailə baş­çısı övladlarına heç olmasa yaxşı sənət öyrətməyi qərara alır. Bu məqsədlə 14 yaşlı Millard dərzi emalatxanasında şagird olur. Lakin az müddətdən sonra yenidən doğma fer­maya qayıdaraq ağac emalı sexində fəhləlik edir. Yaxınlıqda açılan kitabxana onda bütün həyatı boyu saxladığı mütaliə həvəsi oyadır.

Çoxlu mütaliə etməsi 19 yaşında ikən ona məktəbdə təhsilini davam etdirmək imkanı verir. Elə bu məktəbdə də gələcək həyat yoldaşı, müəlliməsi Abigeyl Pauerslə tanış olur.

Buffaloda hüquq təhsili alaraq 1823-cü ildə vəkil işləməyə başlayır. Növbəti il siyasətlə məşğul olaraq, Con Kuinsi Adamsın tərəfdarı kimi tanınır. 1829-31-ci illərdə Antimason «Müstəqil bənnalar partiyası»nı Nyu-York parlamentində Eri dairəsinin deputatı kimi təmsil edir. Bu ərəfədə artıq dörd nəfərdən ibarət ailəsi ilə birlikdə Buffa- loya köçür.

Gələcək prezident qərbi Nyu-Yorkda viqlər partiya­sının yerli şöbəsinin yaradıcılarından olaraq 1832-ci ildə konqresə seçilir. Nümayəndələr palatasının üzvü kimi əsasən H.Kleyin ideyalarının qızğın tərəfdarı olmuşdur.

1844-cü ildə vitse-prezidentliyə namizəd olmaq cəhdi viqlər tərəfindən dəstəklənmədiyi üçün həyata keçmir. Növbəti seçkilərdə, partiyanın Filadelfiyada keçirilən kon- ventində, H.Kleyin köməkliyi sayəsində Fillmor, Z.Teylorla yanaşı vitse-prezidentliyə namizəd göstərilir. O, Nyu-York ştatında Teylorun seçkiönü kampaniyasına rəhbərlik edir. Teylor və Fillmor bir-birlərini şəxsən tanımırdılar və ilk dəfə yalnız uğurlu keçən seçkilərdən sonra görüşürlər. Qeyd edək ki, Fillmor, konqres üzvləri ilə məhrəm münasibətdə olmasına baxmayaraq, Teylor administrasiyası ona etinasız yanaşmışdı. Hətta doğma ştatı Nyu-Yorkda vəzifə bölgüsü aparılarkən belə onunla məsləhətləşməmişdilər.

Fillmor prezident kimi 1850-ci ilin avqustunda Konqresə göndərdiyi məktubunda quldarlıq məsələsində Cənubla Şi­malı barışmağa çağırır. Sentyabrda isə quldarlıq problemi­nin həllinə yönəlmiş və «1850-ci il kompromisi» adlanan qanunlar toplusunu imzalayır. Bu qanunlarla o, sələfi Tey- lordan fərqli olaraq, «xalqın suverenliyi» prinsipini təsdiq edir. Bu prinsipə əsasən quldarlığın ləğvi və ya qəbulu ştatın müstəsna hüququ kimi göstərilir.

Barışdırıcı xarakter daşımasına baxmayaraq, qanun­lar toplusu heç də birmənalı qarşılanmadı. Hətta Şimaldan olan viqlər belə burada Cənublu quldarlara böyük güzəştlər olduğunu bildirirdilər. Xüsusən şimala qaçan qulların tu­tularaq geriyə, öz sahiblərinə qaytarılmasını nəzərdə tutan maddə kəskin etiraz doğururdu.

1848-49-cu illərdə bəzi Avropa dövlətlərini respubli­ka üsul-idarəsinin yaranması ilə nəticələnən milli-demok­ratik inqilablar bürümüşdü. Bir çox amerikalılar bunda ölkələrinin tarixi ilə paralellər görür və dövlətin bu hərəkata köməklik göstərməsini istəyirdilər. Fillmor administrasi­yası bu çağırışlara reaksiya vermir və yalnız formal ola­raq Köhnə Dünyada baş verən demokratik dəyişikliklərin tərəfdarı olduğunu bildirir.

Uzaq Şərqə ticarət yolunun açılması məqsədilə Fill- mor, 1852-ci ildə Metyü Perinin komandanlığı altında Ya­poniyaya dörd hərbi gəmi göndərir. Hərbi gücünə güvənən Periyə 1854-cü ildə Kanaqav prefekti ilə saziş imzalamaq nəsib olur. Bu sazişə əsasən Yaponiya limanları ABŞ ticarət gəmilərinə açıq elan edilir.

Viqlər partiyasının 1852-ci ildə keçirilən konventində Fillmorun namizədliyi təsdiqini tapmır. Xüsusilə «Qaçqın qullar haqda Akt»ı imzalaması onu partiyanın şimal qana­dının dəstəyindən məhrum etmişdi. Partiyanın namizədi isə ABŞ-Meksika müharibəsinin məşhur iştirakçılarından olan general Uinfild Skott olur.

Fillmorun siyasi məyusluğuna onun şəxsi faciəsi də əlavə olur. 1853-cü ildə, yeni seçilmiş prezident Pirsin ina- uqurasiya mərasimində Fillmorun xanımı Abigeyl bərk so­yuqlayır və tezliklə dünyasını dəyişir. Buffaloya qayıtdıq­dan bir il sonra yeganə qızı vəfat edir. Bu dərdləri qismən də olsa unutmaq məqsədilə o, Avropaya səfərə çıxır və hətta Roma Papasının qəbulunda olur. Səfərdən qayıtdıqdan sonra 1856-cı il prezident seçkilərində iştirak edir, yalnız 21 % səs toplaya bilir. Bu onun böyük siyasətdə son çıxı­şı olur. Buffaloya qayıdaraq yerli siyasətdə aktiv fəaliyyət göstərməyə başlayır.

Millard Fillmor 1874-cü il martın 8-də beyninə qan sız­ması nəticəsində vəfat etmişdir.

Müəllif: Elşən Bayramzadə
Mənbə: “Amerika prezidentlərikitabı. Bakı, 2012, 248 səh.

 

0 şərh