Riçard Milhauz Nikson (RICHARD M. NIXSON)

O, Amerika prezidentləri tarixinə ilk dəfə istefa vermiş prezident kimi düşüb. Bu, iki il davam etmiş Uotergeyt qal­maqalına son qoymaq üçün nümunəsiz addım olmaqla ya­naşı, ABŞ tarixində görünməmiş konstitusiya böhranı kimi dəyərləndirilib.

Riçard Milhauz Nikson 1913-cü il 9 yanvarda Cənubi Kaliforniyanın Yorbe-Linda şəhərciyində anadan olub. İr­land əsilli Niksonlar XVIII əsrin əvvəllərindən Amerika qitəsində məskunlaşıblar. Bəzi bioqrafları C.Vaşinqtonun yaxın ətrafına daxil olan, Vətəndaş Müharibəsinin qəhrəmanları sırasında Niksonlar nəslinin nümayəndələri oldu­ğunu bildirirlər.

Riçard Milhauz Nikson

Gələcək prezidentin atası Frenk Nikson sahibi olduğu balaca dükandan əldə etdiyi cüzi gəlirlə ailəsini dolandırır­dı. Balaca Riçardın uşaqlığı çətin şəraitdə keçib. Uitterdəki kollecə daxil olanadək ailənin bütün təsərrüfat işləri onun üzərinə düşürdü.

Lakin vəziyyətin ağırlığı onun kolleci uğurla bitirməsinə mane olmur. 1934-cü ildə Daremdəki (Şimali Karolina) Dyuk Universitetinə, təqaüd almaq şərtilə, daxil ola bi­lir. Universitetdə üç illik təhsilini başa vuraraq, xidmətini təklif etdiyi FTB və böyük vəkil kontorlarının cavabını gözləmədən valideynlərinin yanına qayıdır. Burada 24 yaş­lı Nikson kiçik kontorda vəkillik praktikasına başlayır. İki il sonra qonşu dairədəki La-Qabia şəhərinə köçərək burada şəhər prokuroru vəzifəsini tutur. Paralel olaraq kommersiya ilə məşğul olmaq cəhdi baş tutmur.

1940-cı ildə Riçard Amerikanın sadə ailələrindən biri­nin qızı Telma Rayanla evlənmiş və bu nikahdan iki qızı dünyaya gəlmişdir. Qeyd edək ki, qızlarından biri sonralar D.Eyzenhauerin nəvəsi ilə ailə həyatı qurub.

Pörl-Harbör hadisələrindən sonra Niksonlar Vaşinqto­na köçür. Burada Nikson Qiymətlərə nəzarət üzrə dövlət idarəsində çalışır. 1942-ci ilin yayında isə müharibəyə gedərək donanmada xidmətə başlayır və ikinci ranq ka­pitan rütbəsi alır. Maraqlı bir faktı qeyd edək ki, onun hərbdə olduğu ərəfədə həyatında önəmli dəyişikliklər baş verməsə də, qumarda udduğu 10.000 dollar gələcək kar­yerasına əhəmiyyətli təsir göstərib. Udduğu pulları siyasi karyera etməyə xərcləyərək Konqresə keçirilən seçkilərdə iştirak edir. Onun namizədliyini irəli sürməsinin də maraqlı tarixçəsi var. 1946-cı ildə qəzetlərdə Respublikaçılar par­tiyası yerli təşkilatının «Konqresə seçkilərdə iştirak etmək üçün namizəd tələb olunur» məzmunlu elanına cavab olaraq Nikson seçki marafonuna qoşulur. Demokrat Vurxisə qalib gələrək 33 yaşında konqresmen seçilir.

Nikson siyasi karyerasını əsasən antikommunist təbliğatı üzərində qurub. O fanatik antikommunist olmasa da «kommunizm qorxusu»ndan karyera etməsi üçün yarar­lanıb. Kommunistlərlə iş birliyində və Sovet İttifaqına ca­susluq etməkdə günahlandırılan yüksək rütbəli diplomat və Karnegi Fondunun prezidenti Elcer Hissə qarşı sensasiyalı təhqiqatda (nəticədə E.Hissə 5 illik həbs cəzası verilib) işti­rakı onu bütün ölkədə tanıdıb.

1948-ci il seçkilərində də qalib gələn Nikson 1952-ci ildə asanlıqla senator seçilir. Elə həmin il respublikaçılar onu vitse-prezidentliyə namizəd göstərirlər. Seçki pro­sesi zamanı rüşvətxorluqda ittiham edilməsi onun siya­si məhvinə səbəb ola bilərdi. Lakin Nikson televiziyada məşhur çıxışı ilə bu sınaqdan məharətlə çıxa bilir və Ey- zenhauerin qələbəsindən sonra səkkiz il vitse-prezident vəzifəsini tutur.

1960-cı il seçkilərində respublikaçıların namizədi olan Nikson 0,1 % çox səs toplamış Kennediyə uduzur. İki il sonra Kaliforniya qubernatoru seçkilərində məğlub olduqda isə bir çoxları onun siyasi karyerasının bitdiyini bildirirlər. Lakin çox keçmir ki, onlar səhv etdiklərini anlayırlar.

60-cı illərdə yaxın dostu, varlı iş adamı Elmer Bobstun köməyi ilə bizneslə məşğul olur. Nüfuzlu vəkil kontorunun şəriki olaraq böyük sərvət toplayır. Bununla yanaşı elmi-si­yasi yaradıcılıqla məşğul olaraq bir çox kitablar yazır.

Nikson 1968-ci il prezident seçkilərində iştirak etmək məqsədilə yenidən siyasi arenaya qayıdır. Partiyadaxili rəqibləri N.Rokfeller və R.Reyqana asanlıqla qalib gələrək respublikaçıların namizədi olur. Onun əsas şüarı Vyetnam­da uğursuz müharibəyə çon qoymaq, daxili təhlükəsizlik və sosial problemlərin həlli idi. Robert Kennedi öldürüldükdən sonra çaşqın vəziyyətə düşmüş demokratlar vitse-prezident Hyübert Hemfrinin namizədliyini irəli sürürlər. Nikson 1968-ci ilin noyabrında keçirilən seçkilərdə qalib gələrək prezident seçilir.

Prezidentliyinin ilk günlərindən əsas diqqəti Vyet­nam sindromuna yönəldən Nikson, 1969-cu ilin iyununda «Nikson doktrinasını» imzaladı. Bu, tərəflər arasında sülh danışıqlarını davam etdirməklə yanaşı, 1973-cü ilədək ABŞ qoşunlarının münaqişə bölgəsindən çıxarılması pro­sesini sürətləndirdi. Müharibənin faktiki olaraq ABŞ-ın məğlubiyyətilə sonuclanmasına baxmayaraq, Niksonun xa­rici siyasətdə uğurları şəksizdir. Keçmişdə kommunist «ov- çusu» olsa da iki böyük kommunist dövləti Çin və SSRİ ilə münasibətləri nizamlamağa cəhd göstərir və hər iki ölkəyə səfər edən ilk prezident olur. Bu xətt «Soyuq müharibə» başladıqdan sonra ABŞ xarici siyasi kursunda sərt dönüşdən xəbər verirdi.

Prezidentlik səlahiyyətlərinin icrasına başlayanadək Nikson prezidentin yalnız xarici siyasətlə məşğul olmalı olduğunu deyirdi. Lakin Ağ Evə sahib olduqdan sonra ye­ritdiyi siyasət bunun tam əksini göstərir. Tezliklə yaradılan bir çox təsisatlar hakimiyyətin bir əldə cəmləşməsi, konkret olaraq prezidentin digər hakimiyyət qollarından üstün ol­ması ilə nəticələndi. Bu isə öz növbəsində konqreslə qarşı­durmaya səbəb oldu.

1972-ci il seçkilərində Nikson yenidən respublikaçıla­rın namizədi olur. Xüsusilə Vyetnam müharibəsində ciddi dönüş yarada bilməsi onun reytinqini yüksəltmişdi. O de­mokratların namizədi Corc Makqovernə böyük üstünlüklə qalib gələrək 2-ci müddətə prezident seçilir.

Qeyd etdiyimiz kimi Nikson ilk dəfə olaraq tutduğu vəzifədən istefa verib. Buna səbəb olmuş Uotergeyt qalma­qalını doğuran hadisə 17 iyun 1972-ci ildə baş verib. Həmin gecə demokratların Vaşinqtondakı Uotergeyt otelində yerləşən mənzil qərargahına gizli qulaqasma qurğuları və fotokameralar qoymaq istəyən beş nəfər həbs edilir. İlkin is­tintaq hadisənin Ağ Evə gedib çıxdığını aşkar etdi. Bəzi Ağ Ev rəsmiləri bu işin onlara aidiyyəti olmadığını bildirsələr də, istintaqı dayandırmağa nail ola bilmədilər.

İmpiçment təhlükəsi qarşısında qalan Nikson 8 avqust 1974-cü ildə televiziya ilə çıxış edərək istefa verdiyini bil­dirdi. Baş verən qalmaqalda günahı olmadığını bildirərək is­tefasını siyasi bazasını itirməsilə əlaqələndirdi. Lakin istefa onun impiçmentdən qurtarsa da alçaldıcı istintaq bitmədi. Bir ay sonra prezident Ford baş verənlərə görə rəsmi olaraq üzr istəyərək, onu bu biabırçılıqdan qurtardı.

Hər bir siyasətçi üçün ölüm sayıla biləcək bu qalmaqal­dan sonra Nikson bir müddət tənhalığa çəkilərək elmi-siya­si yaradıcılıqla məşğul olur. Yaradıcılığının bəhrəsi olaraq onun doqquz kitabı nəşr olunmuşdur.

1994-cü il 22 apreldə vəfat edərkən Uotergeyt qalma­qalı yaddan çıxmasa da bağışlanmışdı. ABŞ siyasətində əlli ildən çox bir müddətdə aparıcı simalardan olan Niksonun təntənəli dəfni bunu sübut edir. Qeyd edək ki, vaxtilə onun istefasını tələb edən izdihamlı mitinqlərin iştirakçısı olan prezident Klinton dəfn zamanı qəbirüstü nitq söyləmişdir.

 

Müəllif: Elşən Bayramzadə
Mənbə: “Amerika prezidentlərikitabı. Bakı, 2012, 248 səh.

 

0 şərh