Cerald Ford (GERALD FORD)

Cerald Ford Birləşmiş Ştatlar tarixində yeganə prezi­dentdir ki, nə prezident, nə də vitse-prezident seçkilərində iştirak etməyib. O, vitse-prezidentliyə Niksonun tədqimatı ilə gətirilmiş, sonuncunun istefasından sonra isə prezident səlahiyyətlərinin icrasına başlamışdır.

C.Ford 1913-cü il iyulun 14-də Miçiqan ştatının Qrand- Renids şəhərində dünyaya gəlib və Lesli Linç Kinq adlan­dırılıb. Atası Lesli Kinq yun ticarəti ilə məşğul olan kom­mersant idi. İki yaşında ikən valideynləri ayrılır və Lesli anası ilə qalır. Cerald Ford

Anası Doroti Qardner tezliklə Cerald Forda ərə gedir. Gələcək prezidentin atalığı oğulluğa götürməklə yanaşı ona öz adını verir. Özü haqqında bu həqiqətləri Ce- rald Ford (kiçik) yalnız 17 yaşında olarkən bilmişdir.

Fordlar kasıb olmasalar da Ceraldın yeniyetməliyi o qədər də yüngül keçməyib. 1930-cu ildə yerli məktəbdə orta təhsilini bitirərək restoranda qabyuyan və ofisiant kimi işə düzəlir. Belə ağır işə düzəlməsinə səbəb isə «Böyük böhran» illərində ailənin maddi vəziyyətinin pisləşməsi idi.

Hələ orta məktəbdə oxuduğu illərdə bacarıqlı fut­bolçu adını qazanması köməyinə gəlir. Məhz bu bacarığı sayəsində Miçiqan Universitetinə daxil olarkən ona təqaüd verilir.

1935-ci ildə Universiteti bitirən Cerald Yel Universiteti­nin futbol və boks üzrə yığma komandalarının baş məşqçisi işləyir. Bununla yanaşı sahibkarlıq fəaliyyəti göstərir, aldığı yüksək məvacibin bir hissəsini «Konover» modalar evinə yatıraraq onun payçısı olur. 1938-ci ildə Yel Universitetinin hüquq fakültəsinə daxil olaraq işləməklə yanaşı təhsilini ar­tırır. Üç il sonra imtahan verərək hüquq elmləri üzrə baka­lavr dərəcəsi alır.

Qrand-Renidsə qayıdaraq dostları ilə şərikli vəkil kon­toru açsa da uğur qazanmır, kontor bir il sonra bağlanır. 1942-ci ilin yazından miçman rütbəsilə donanmada xidmət edərək ikinci ranq kapitan rütbəsində istefaya çıxır.

Müharibədən sonra nüfuzlu vəkil kontorlarından birində yüksək məvacibli işə düzələn Ford, elə bu ərəfədə siyasətə ciddi maraq göstərir. Onu siyasi fəaliyyətə həvəsləndirən əsas səbəb atalığının Respublikaçılar partiyası Kent dairə (Miçiqan şt.) komitəsinə sədr seçilməsi idi. 1948-ci ildə Konqresə keçirilən seçkilərdə namizədliyini irəli sürür. Seçki kompaniyası ərəfəsində Betti Blumer Uorrenlə tanış olur və onlar tezliklə ailə qururlar.

Seçkilərdə qalib gələn Ford 24 il müddətində Konqresin üzvü olur. Son səkkiz ildə respublikaçı azlığın lideri kimi çıxış edir. 1973-cü ilin dekabr ayında vitse-prezident Spiro T.Aqnyü istefa verdikdə, Ford ABŞ tarixində bu vəzifəyə seçilməmiş, yalnız təyin edilmiş ilk şəxs oldu. Bundan düz səkkiz ay sonra R.Nikson istefa verdikdə isə prezident səlahiyyətlərinin icrasına başladı.

Fordun Niksonu əfv etməsi amerikalılar arasında nüfuzuna böyük zərbə vurdu. Çoxları əfvi pərdəarxası sövdələşmələrin bəhrəsi kimi dəyərləndirirdi. Niksonun istefadan əvvəlki çıxışları belə düşünməyə əsas verirdisə də, fakt sübutunu tapmayıb. Buna baxmayaraq Ford opponentlərinə tənqid üçün əlverişli mövzu vermiş oldu və təkrar seçilməsinə böyük əngəl törətdi.

Uotergeyt qalmaqalı nəinki Fordun, hətta bütünlüklə Respublikaçılar partiyasının fəaliyyətinə problem yaradıb. 1974-cü il Konqresə seçkilərdə respublikaçılar hər iki pa­latada üstünlüyü əldən verdilər. Belə şəraitdə prezidentin öz hökumət proqramını gerçəkləşdirməsi çətinləşdi. Bu isə öz növbəsində prezident-konqres qarşıdurmasına rəvac ver­di. Təsadüfi deyil ki, Ford Konqresin təqdim etdiyi qanun layihələrinə ilyarım ərzində 66 dəfə veto qoyub.

Xarici siyasətdə təcrübəli diplomat Henri Kissincerin fəaliyyəti nəticəsində əvvəlki kurs saxlanılıb.

Fordun yeritdiyi istər daxili, istərsə də xarici siyasi kursun liberallığını əsas göstərən sağ təmayüllü respubli­kaçılar kəskin çıxışlara başladılar. Partiyadaxili müxalifətin lideri Kaliforniyanın eks-qubernatoru Ronald Reyqan idi.

Reyqan 1976-cı il prezident seçkilərinə Fordun namizəd ol­masının qəti əleyhinə çıxış edirdi. Ford əvvəl bu çıxışlara əhəmiyyət verməsə də ilkin seçkilər Reyqanın reytinqinin yüksək olduğunu göstərdi. Yalnız partiyanın Kanzas-Sitidə keçirilən konventində Ford əsas rəqibinə kiçik üstünlüklə qalib gələrək partiyanın namizədi oldu. Bunun üçün o, li­beral vitse-prezident Nelson Rokfellerlə vidalaşmaq zorun­da qalır və bu vəzifəyə mühafizəkar senator Robert Doul namizəd göstərilir.

Demokratların namizədi isə Amerika xalqına əyalət adamı kimi təqdim edilən Cimmi Karter idi.

1976-cı ilin noyabrında keçirilən seçkilərdə Kar­ter 50,1 % səs toplayaraq prezident oldu. Seçicilər Cerald Fordu şəxsən cavabdeh olmadığı qalmaqallara görə cəzalandırmışdılar.

Ford zəif prezidentlər sırasında özünə əbədi yer tutub. Lakin burada bir məqama diqqət yetirmək gərəkdir ki, o prezident olarkən ağır mirasa yiyə durub və prezidentlik institutunun bilavasitə ondan asılı olmayan səbəblərdən nüfuzunu itirdiyi dövrdə prezidentlik edib. Digər tərəfdən Ford heç vaxt prezidentlik iddiasında olmayıb. Onun prezi­dent olması nəinki ölkə, hətta özü üçün də gözlənilməz idi.

İstefaya çıxdıqdan sonra ciddi siyasi fəaliyyət göstərməsə də, qoca və təcrübəli dövlət xadimi kimi daim diqqət mərkəzində olub. Ford 26 dekabr 2006-cı ildə vəfat etmişdir.

 

Müəllif: Elşən Bayramzadə
Mənbə: “Amerika prezidentlərikitabı. Bakı, 2012, 248 səh.

 

0 şərh