Çester Artur (CHESTER A. ARTHUR)
Qarfild vəfat etdiyi günün səhəri vitse-prezident Çester Artur prezident səlahiyyətlərinin icrasına başladı. O, ABŞ tarixində uğursuz prezidentlərdən hesab edilir. Dəbdəbəli həyata meylli olan, bir çox inzibati vəzifələrdə çalışmış Ç.Arturun heç vaxt prezidentlik iddiası olmamışdır.
Müasirlərindən birinin «Çester Artur ABŞ prezidentidir, İlahi özün kömək ol!» — deməsi heç də təsadüfi deyil.
Çester Artur 5 oktyabr 1830-cu ildə Vermont ştatının Fearfild şəhərində ruhani ailəsində dünyaya gəlmişdir. Atası Uilyam Allen Artur İrlandiyada anadan olmuş, gənc yaşlarından Amerikaya köçmüşdü. İbtidai təhsilini Yunion- Villicdəki xüsusi məktəbdə alan gələcək prezident, sonra Yunion-kollecə daxil olur. Kolleci əla qiymətlərlə başa vuraraq Kahouzdakı xüsusi məktəbdə əvvəl müəllim, sonra isə direktor işləyir. Boş vaxtlarında hüquq elmlərini müstəqil öyrənərək, Nyu-York vəkillər kollegiyasına daxil olmağa hazırlaşır. Qısa müddətə Kanzasa köçsə də yenidən Nyu- Yorka qayıdır. 1859-cu ildə varlı gəmi kapitanının qızı Elen Luis Herndonla ailə həyatı qurur.
Respublikaçılar partiyası yaradıldığı ilk günlərdən partiyanın üzvü olur. Bu onun uğurlu siyasi karyerasının başlanğıcı idi.
Partiyanın Nyu-York şöbəsinin sədri Turlou Uid və qubernator Edvin Morqanla isti münasibəti 1861-ci ildə onun Nyu-York ştatının general-kvartirmeyestri təyin olunması ilə nəticələnir. Növbəti il qubernator seçkilərində Morqanın məğlub olması Arturun da vəzifəsindən getməsinə səbəb olur. Öz fəaliyyətini partiyada davam etdirir və tezliklə Nyu-York şöbəsində partiya icraiyyə komitəsinə üzv seçilir. Onun siyasi karyera etməsində partiyanın nüfuzlu funksionerlərindən olan Rosko Konklinqin əhəmiyyətli təsiri olmuşdur.
1871-ci ildə prezident Qrant onu Nyu-York gömrüyünə rəis təyin edir. İllik 840 milyon dollar gömrük rüsumlarına nəzarət edən, 1000-ə yaxın iş yerinə malik idarə rəhbəri olmaq çoxlarının arzusu idi. Təəssüflə qeyd etməliyik ki, Ç.Artur vəzifəsindən sui-istifadə edərək bir çox qanunsuzluqlara yol verir. Gömrük rüsumlarının mənimsənilməsi, vəzifələrin satılması hesabına külli miqdarda gəlir əldə edir.
O, bu sərvətlərin hesabına özünə cah-cəlallı həyatı təmin etməklə yanaşı, ölkənin siyasi arenasında mövqeyini daha da möhkəmlədir.
Çox keçmir ki, Artur vəzifəsindən uzaqlaşdırılır. Dövlət xidməti sahəsindəki total rüşvətxorluq islahatlar keçirilməsini, mühüm vəzifələrə daha bacarıqlıların təyin olunmasını zəruri edirdi. Nyu-York gömrüyü ölkəni bürüyən korrupsiyaya biabırçı nümunə idi. Prezident Heys 1878-ci ildə Artur və gömrükdə çalışan digər məsul işçiləri tutduqları vəzifədən azad edir. Lakin növbəti prezident seçkiləri göstərir ki, gömrük biabırçılığı Arturun siyasi imicinə o qədər də xələl gətirməyib. 1880-ci ildə keçirilən seçkilərdə respublikaçı Qarfild prezidentliyə o isə vitse-prezidentliyə namizəd göstərilir. Qarfildin seçkilərdə qələbə qazanması ilə Artur yenidən federal hökumətə daxil olur. Qarfild sui- qəsd nəticəsində aldığı yaralardan vəfat etdiyi günün səhəri o, prezident səlahiyyətlərinin icrasına başlayır.
Qarfildin öldürülməsi ona olduqca pis təsir etmişdi. Bəlkə bu səbəbdən onda ciddi dəyişikliklər baş verir. Gözlənildiyinin əksinə olaraq, Artur, çox da təmiz olmayan keçmişindən üz çevirərək, himayədarlıq siyasətindən əl çəkir. Yeni qurulan kabinetdə vəzifə bölgüsü apararkən, üstünlüyü kadrların partiyadakı nüfuzuna deyil, onların bacarıq və qabiliyyətinə verir. Yeni korrupsiya mənbələrinin yaranmasına rəvac verəcək dövlət vəzifələrinin təsis edilməsini özündə ehtiva edən federal qanunlara veto qoyması bəzi partiya bosslarının ondan narazı qalmasına səbəb olur. Federal administrasiyada aşkarlanan digər korrupsiya halları, Arturu 1883-cü ildə dövlət xidmətinin yenidən təşkili haqqında qərar layihəsini dəstəkləməyə vadar edir. Bu qərar layihəsinə əsasən dövləti vəzifələrə təyinatlar himayədarlıq prinsipinə deyil, layihədə əksini tapmış prosedura uyğun aparılmalı idi.
İslahat tərəfdarı olmasına baxmayaraq Arturun prezidentlik fəaliyyəti bir o qədər də məhsuldar olmamışdır. O, gün ərzində iki saat olmaqla həftədə beş dəfə administrativ işlərlə məşğul olur. Digər tərəfdən Artur bəzi əski vərdişlərindən əl çəkməmiş, təmtəraqlı həyat tərzini davam etdirmişdir. Belə ki, Ağ Evdə tez-tez ziyafətlər verir, qəbullar təşkil edirdi.
Bütün bunlarla yanaşı prezidentin şəxsi həyatı da uğurlu olmamışdır. O, 1880-ci ildə həyat yoldaşını itirir. Bir oğlu hələ körpə ikən tələf olur, Prinston Universitetinin tələbəsi olan digər oğlu isə avara və perspektivsiz həyat keçirir. Artur bütün mehrini on yaşlı qızına salır. Həddən artıq həssas olan Artur özünü çox vaxt tənha və məğlub hiss edirdi. Əhvalının dəyişkənliyi, onun prezidentliyinin başlıca sirri olan ağır xəstəliyi ilə bilavasitə əlaqədardı. Yalnız ölümündən səkkiz il sonra onun, o vaxtlar müalicəsi qeyri-mümkün olan nefritdən (böyrək xəstəliyi) əzab çəkdiyi ictimaiyyətə məlum olmuşdur.
Artur ikinci müddətə prezident seçilmək iddiasından rəsmən imtina etməsə də, onun həqiqətən belə bir arzusu yox idi. 1884-cü il seçkilərində respublikaçılar qoca xarici işlər naziri Ceyms Bleyni namizəd göstərsələr də o, demokrat Klivlendə məğlub oldu. Artur ictimaiyyət arasında sonuncu dəfə, 21 fevral 1885-ci ildə Va şinqtonun abidəsinin açılışında görünür. Nyu-Yorka qayıtdıqdan sonra siyasi fəaliyyət göstərmir. Ömrünün son günlərində əlyazmalarını yandırır.
Çester Artur 18 yanvar 1886-cı ildə, 56 yaşında əzab çəkdiyi ağır xəstəlikdən vəfat etmişdir.
Müəllif: Elşən Bayramzadə
Mənbə: “Amerika prezidentləri” kitabı. Bakı, 2012, 248 səh.
0 şərh