Rus torpaqları Qızıl Ordunun hakimiyyəti altında

Qızıl Ordu dövlətinin yaranması ilə rus torpaqları onun hakimiyyəti altına düşdü. Rusun iki yüz qırx il davam edən əzabverici ordu əsarəti (monqol-tatar əsarəti, «ordu əsiri») dövrü başladı. Rus knyazlıqları siyasi müstəqilliklərini itirdi. Artıq ordu xanı ali hökmdar hesab olunurdu ki, onlar da XV əsrin sonuna kimi Rusda çar adlanırdı. Yalnız xanın qərarı ilə rus knyazları öz taxtına sahib ola bilərdi. Rusun ordudan vassal asılılığı şərti böyük Vladimirin və kiçik udel knyazlarının xandan yarlık (tatar-monqol xanlarının fərmanı) almaları idi. «Çar xəracı» adı altında ildə hər bir nəfərdən yarımrubldan iki rubla qədər bac alınırdı ki, bu da o deməkdir ki, əhali bir il ərzində qazandığını verməyə məcbur idi. Əlavə olaraq, xalq ordu qarşısında 13 növ biyar (mükəlləfiyyət) yerinə yetirməyə borclu idi. Yalnız kilsə xərac verməkdən azad edilmişdir. Bacı toplamaq üçün rus şəhərlərində xanın baskakı (canişin) yerləşirdi.
Tez-tez rus torpaqlarına soyğunçu basqınlar edən «ordu döyüşçüləri» minlərlə kəndli, sənətkar, qadın, uşağı əsir alaraq qul kimi satırdılar. 1275-1300-cü illərdə rus knyazlıqları 15 belə böyük basqına uğramışdır. Kiçik monqol dəstələri də şəhər və kəndlərdə şəxsi var-dövlət ələ keçirmək məqsədilə hücumlar təşkil etmişdir.
İstilaçı və soyğunçu monqol-tatar hücumları Rus torpaqlarının demoqrafik və iqtisadi tənəzzülünə səbəb olmuşdur. Məlum olduğu kimi, monqol-tatar hücumu ərəfəsində Rusun 12 mln. çox əhalisi olmuşdur. Bu say hətta 400 il keçdikdən sonra da bərpa olunmadı, belə ki, XVII yüzilliyin sonlarında Rusiya dövlətində yalnız 11 mln. adam yaşayırdı. İqtisadi tənəzzülə məruz qalan Rusda yüzlərlə inkişaf etməkdə olan şəhərlər məhv edildi, qalan şəhərlərdə isə uzun zaman daşdan tikinti işləri dayandı.
Monqol-tatarların hücumu sayəsində Rus torpaqları da bir-biri ilə daha az əlaqə saxlayan iki — cənub-qərb və şimal-şərq hissəsinə bölündü. Polotsk, Minsk, Smolensk, Qaliç — Volın, Kiyev, Çerniqov, Novqorod — Seversk torpaqlarını əhatə edən çənub-qərbi Rus daha çox Qərbə meyil edərək artıq XIV əsrin sonunda Litva və Polşanın, qismən Macarıstanın hakimiyyəti altına düşdülər. Yalnız Vladimir, Tver, Moskva, Ryazan və d. knyazlıqları əhatə edən Şimal-şərqi Rus iqtisadi və siyasi potensialını yeni müstəqil rus torpaqlarının birliyi uğrunda mübarizəyə qoruyub saxlamışdır.
Rus knyazları monqol-tatarların hökmranlığını müxtəlif cür qəbul etmişdir. Knyazların bir hissəsi müqavimət göstərməyin, bu məqsədlə müttəfiqlər tapmaq tərəfdarı olmuşdur. Başqa bir hissə isə müvəqqəti olaraq düşmənə tabe olmağı daha düzgün addım hesab etmişdir. Qaliç knyazı Danil Romanoviç Orduya qarşı dayanmaq məqsədilə qərb qoşunları olan Macarıstan və Polşa ilə ittifaq bağladı. Hətta Roma papası 1253-cü ildə ona «Rusun kralı» kimi tac qoymuşdur. Lakin Qərbdən lazım olan köməyi ala bilməyən knyaz sonda Orduya boyun əyməyə məcbur olmuşdur.

Şimal-şərqdə Orduya qarşı Aleksandr Nevskinin kiçik qardaşı Andrey Ya-roslaviç dayanmışdır. Lakin Nevryuyann ordu qoşunlarına məğlub olan knyaz Novqoroda, ordan isə İsveçə qaçmışdır. Yalnız bir neçə ildən sonra knyaz Rusa dönmüşdür.
Aleksandr Nevski isə Ordu ilə düşmənçilik etməyin təhlükəli olduğunu bilirdi. Odur ki, knyaz doğma torpaqları yeni soyğunlardan qorumaq məqsədi ilə monqol-tatarlarla, nəyin bahasına olursa olsun, sülhü saxlamaq tərəfdarı idi. Ordu hökmdarlarının rus knyazları arasında qəsdən təşkil etdikləri böyük knyazlıq çəkişməsindən sonra yalnız 1252-ci ildə böyük Vladimir knyazı Aleksandr Yaroslaviç Nevski (1220-1263) olmuşdur. Diplomatik və hərbi bacarığı sayəsində Ordu ilə sülhü təmin edən böyük knyaz qərb sərhədlərində də bir çox uğura imza atmışdır. 1262-ci ildə Litva ilə bağlanmış sülh müqaviləsinə əsasən, Polotsk Aleksandrın nüfuzu altında keçmişdir, həm də Orduya qarşı birgə çıxış etmək imkanı yaranmışdır. Riqa, Tevton ordeni, Lyubek ilə azad ticarət müqavilələri imzalanmışdır ki, bu da qərb sərhədlərinin müvəqqəti də olsa təhlükəsizliyini təmin etmişdir.
Ordu ilə münsibətlərdə Aleksandr Nevski kövrək sülhü saxlamağa çalışırdı. Odur ki, knyaz öz təbəələrindən ordu bacını vaxtında verməyi tələb edirdi. 1257-ci ildə Novqorod əhalisi Ordu «sayıcılarının» adamları siyahıya almaq tədbirinə qarşı üsyan etdikdə knyaz onu yatırmışdır. 1262-ci ildə şimal-şərqi rus torpaqlarında yenidən Ordu «sayıcılarına» qarşı üsyanlar qalxdı. Ordunun yeni yürüşünün qarşısını almaq məqsədi ilə Aleksand Nevski xanın qərargahına getdi. Danışıqların uğurla başa çatmasına baxmayaraq, Aleksandr Nevski Ordudan ölümcül xəstə ayrıldı, 1263-cü ilin noyabrın 14-də sxima (yüksək rahiblik dərəcəsi) qəbul edərək 43 yaşında vəfat etdi. Belə fərz olunur böyük knyaz Aleksandr Nevski Orduda zəhərlənmişdir. 1547-ci ildə övliya kimi qəbul edilən Aleksandr Yaroslaviç Nevski əvvəlcə Vladimirdə kilsədə dəfn edilmiş, sonra onun nəşi 1724-cü ildə Sankt-Peterburqdakı Troitsa kilsəsinə köçürülmüşdür.
 
 
Müəllif: Tahir Baxşəliyev  
Mənbə: RUSİYA TARİXİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK
 

0 şərh