Qədim Rusun mədəniyyəti

Xalqın mədəniyyəti onun tarixinin bir hissəsidir. Onun yaranması ölkənin təsərrüfatının, cəmiyyətin siyasi və mənəvi həyatının, idarəçiliyin formalaşmasına təsir edən faktorlarla birbaşa bağlıdır. Xalqın əqli, istedadı, əl qabiliyyəti ilə əlaqədar olan, onun mənəvi aləmini, münasibətlərə baxışını əks etdirən amillər mədəniyyət anlayışına daxildir.
Qədim Rus mədəniyyəti rus dövlətçiliyinin yaranması ilə bir vaxta təsadüf edir. Xalqın yaranması, eyni zamanda, təsərrüfat, siyasi və mədəni yollardan keçmişdir. Müxtəlif tayfalardan yaranan Rus dövlətinin mədəniyyəti də şərqi slavyanların ümumi mədəniyyəti kimi meydana çıxmaqla yanaşı, özünün yerli səciyyəvi xüsusiyyətlərini də saxlamışdır. Ümumi rus mədəniyyəti bir tərəfdən polyan, severyan, rodimiç, sloven və b. şərqi slavyan tayfalarının ənənələrini ifadə etdiyi halda, ikinci bir tərəfdən ticarət etdikləri, döyüşüb barışdıqları qonşu fin-uqor, İran, balt, türk tayflarının təsirindən də yararlanmışdır. Xüsusilə Qədim Rus mədəniyyəti dünyanın ən qabaqcıl mədəniyyətlərindən biri olan qonşu Bizans mədəniyyətindən zəngin təcrübə mənimsəmişdir.
Uzun illər rus mədəniyyəti, o cümlədən şifahi xalq yaradıcılığı, memarlıq, heykəltəraşlıq, bədii sənət və s. bütpərəstlik dininin, dünyagörüşünün təsiri altında yayılmışdır. Rusda xristianlığın qəbulundan sonra yeni din xalqın dünyagörüşünü dəyişərək gözəllik, bədii yaradıcılıqla estetik təsirin təsvirini önə çəkmişdir. Kilsə və xristianlıq rus mədəniyyətinə yeni dinlə bağlı olan ədəbiyyat, memarlıq, incəsənət, savad, məktəb, kitabxana işində əhəmiyyətli təsir göstərmişdir. Bununla bərabər, rəsmi din şəhərlərdə, bütpərəstlikdən qaynaqlanan adət və ənənə isə mövqeyini Rusun ucqarlarında, xüsusilə şimal-şərqi torpaqlarında, kənd yerlərində qoruyub saxlamışdır. Əsasən, xalqdan qaynaqlanan bütpərəstik mənəvi ənənəsi erkən orta əsrlərdə rus mədəniyyətinə dərin təsir göstərmişdir.
Rusda yazı sənətinin yaranması 988-ci ildə xristianlığın qəbulundan xeyli əvvələ aiddir. X əsrdə yaşamış müəlliflər daş və ağac üzərində rus yazılarından bəhs etmişlər. Salnamənin məlumatına əsasən, 911-ci ildə knyaz Oleqin yunanlarla müqaviləsi yunan və rus dillərində tərtib edilmişdir. 1949-cu ildə sovet arxeoloqu D.V.Avdusin Smolensk altında qazıntı zamanı X əsrin əvvəlinə aid üzərində «ropymHa» (ədviyyə) yazısı olan gildən qab tapmışdır. Bu isə o deməkdir ki, bəhs edilən zamanda şərqi slavyanlar arasında yazı, əlifba mövcud olmuşdur.
Xristianlığın qəbul edilməsi zamanı Rusun öz əlifbası var idi. Xristianlığın qəbulu yazı mədəniyyətinin, maarifin sonrakı inkişafına səbəb olmuşdur. Həqiqətən, Salonik şəhərindən olan missioner qardaşlar Kirill və Mefodi IX yüzilliyin 60-cı illərində slavyan hərfləri ilə yazılmış İncili görmüşlər. Onlar eyni zamanda rus əlifbasını yaratmaq şərəfinə nail olmuşlar. Mütəxəssislərin böyük çoxluğunun fikrinə əsasən, IX yüzilliyin ikinci yarısında qlaqolitsa əlifbasını yaradan Kirill və Mefodi sonradan yunan yazısı əsasında onu təkmilləşdirərək hazırkı əlifba olan Kiril əlifbasını tərtib ediblər ki, bu da I Pyo-turun döründə və 1918-ci ildə sadələşdirilmişdir.
 
Qədim Rusda savadlı adamların yayılmasına dair çoxlu məlumatlar zəmanəmizə gəlib çatmışdır. Vladimirin knyazlığı dövründə Rusa Bizans, Bolqarıstan, Serbiyadan savadlı din adamları, tərcüməçilər səfər edirdi. Xüsusi ilə Yaroslav Mudrı və onun oğlanlarının zamanı çoxlu yunan və bolqar dini və dünyəvi məzmunlu kitablar tərcümə edilmişdir. Bizans tarixi əsərləri, xüsusilə xristian müqəddəslərinin həyatlarını əks etdirən kitablar yayılmışdır. Belə tərcümələri savadlı adamlar, o cümlədən knyazlar, boyarlar, tacirlər, kilsələrdəki dini qulluq adamları oxuyurdu.
İlk savadlı rus adamları olan yazı üzü köçürənlər, tərcüməçilər I Vladimirin və Yaroslav Mudrının knyazlığı dövrünə kilsələrin nəzdində açılan məktəblərdə formalaşmışdılar. XI-XII əsrlərdə Rusda meydana çıxan savadlı adamları əsasən zəngin şəhərlilər, knyaz-boyar üst təbəqəsi, tacirlər, varlı sənətkarlar təmsil edirdilər. Uzaq kənd yerlərində isə əhali demək olar ki, əsasən savadsız olmuşdur.
Qədim Rus mədəniyyəti tarixdə rus salnaməçiliyi mühüm yer tutur. Tədqiqatçılar belə hesab edir ki, salnamələrin qələmə alınması XVIII əsrə kimi davam etmişdir. Salnaməçilik dövlət işi hesab edildiyi üçün onu tərtib etmək ən savadlı və müdrik adama tapşırılırdı. Adətən salnaməçi kilsədəki keşiş və yaxud monastrdakı rahib ola bilərdi. Rusda ilk salnamə xristianlığın qəbulundan sonra X yüzilliyin axırlarında meydana çıxmışdır. Kiyevdə salnamə Desyatın kilsəsində, Kiyev-Peçera monastrında, Novqorodda Sofiya məbədində qələmə alınmışdır. Artıq XI əsrdə ayrı-ayrı salnamələrdən toplanan salnamə külliyatları yaranmışdır. Salnamələrin üzü köçürülərkən çox halda mətinlər ixtisar və ya əlavə olunaraq dəyişdirilmişdir.
Qədim salnamələrdən biri XII əsrdə Kiyevdə tərtib edilən «Ötən vaxtın dastanı»dır. Salnamənin müəllifi ənənəvi olaraq Kiyev-Peçera monastrının rahibi Nestor hesab edilir. Bəzi tədqiqatçılar belə hesab edir ki, Nestor «Ötən vaxtın dastanı»nın müəllifi ola bilməzdi, ona görə ki, bu istedadlı rahibə məxsus olan əsərlər quruluşu, dili, qiymət və faktlarına əsasən adı çəkilən salnamədən əhəmiyyətli dərəcədə fərqlənir.
Kiyevdən fərqli olaraq ayrı-ayrı yerli knyazlıqların da öz salnamələri yaranmışdır. Bir-birindən fərqli olan yerli salnamələr torpaqlarını əhatə edən hadisə və mövzulardan bəhs etmişdir. Məsələn, «Pskov salnaməsi» hərbi hadisələrin qəhrəmanlıq xronikasını, «İpatyev salnaməsi» Qaliç-Volın knyaz-lığındakı yerli düşmənçiliyi, «Lavrentyev salnaməsi» Vladimir-Suzdal torpağında vahid və möhkəm böyük knyazlıq ideyasını təsvir etmişdir.
Rus torpaqlarının birliyi ideyası XII-XIII əsrlərdə yaranan əsərlərin ana xəttini təşkil etmişdir. Bu dövrün əzəmətli abidəsi şimali Novqorod knyazı İqor Svyatoslaviçin 1185-ci ildə qıpçaqlara qarşı yürüşünə həsr edilən hadisənin təsviri olmuşdur. «İqor polku dastanı» adlanan əsərdən bəhs edən A.A.Zimin və bir sıra başqa alimlər belə hesab edir ki, hadisələr XIV əsrin sonlarında yaranan «Zadonşina» əsərində təqlid edilmiş, XVIII əsrdə tərtib edilmişdir.

«İqor polku dastanı»nın müəllifləri knyazın qıpçaqlarla döyüşdə məğlub olmasının səbəbini knyazlar arasında olan çəkişmə və düşmənçilikdə, onların böyük Kiyev knyazına tabe olmaması vəziyyətində görür və onları birliyə səsləyirdilər.
Salnamə mədəniyyətilə birlikdə Qədim Rus ədəbiyyatı da yaranmışdır. Mitropolit İlarionun dini-fəlsəfi və ədəbi-bədii əsəri hesab edilən «Qanun və bərəkət haqqında dastanı» buna misaldır. Bu abidə 1040-1050-ci illərin qo-vuşuğunda Kiyevdə meydana çıxmışdır və çox güman ki, 1051-ci ildə İlario-nun mitropolit taxtına seçilməsi ilə bağlı söylədiyi nitqin məzmunudur.
Böyük qədim rus fikir adamı və yazıçısından biri də müqəddəslər heyətinə daxil edilən Kirill Turovsk (1182-ci ilə kimi vəfat edib) olmuşdur. Böyük yaradıcılıq irsi qoymuş Kirill Turovskinin ədəbi irsi dövrünün başqa yaradıcı adamların əsərlərindən əhəmiyyətli dərəcədə fərqlənərək çox böyük və zəngin mahiyyət daşımışdır.
XI əsrin sonlarında rus müqəddəslərinin həyatı, yaşayışı haqqında ilk yaradıcılıq nümunələri yaranmışdır. Bu müqəddəslərin dünyəvi həyatı, onların sağlığında və öldükdən sonra etdikləri möcüzələr haqqında söhbətlərdən ibarət idi. Müqəddəslərin yaşam dəyərləri, tərzi, söylədikləri adamları mənəvi dəyərlər əsasında istiqamətləndirmək məqsədilə yanaşı, onlara həqiqət və yalan, xeyir və şər, günah kimi əməllər haqqında biliklər aşılamışdır.
Müasir zəmanəmizə gəlib çatmış qədim rus əlyazmasından ibarət belə kitablardan biri 1056-1057-ci illərdə qələmə alınmış Novqorod posadniki Os-tromirovun «Ostromirov İncili» olmuşdur. Bibliya kitablarından, Bizans ilahiy-yətçilərinin əsərlərindən parçaların yer aldığı digər bir kitab Kiyev böyük knyazı Svyatoslav Yaroslaviçin 1073-cü ildəki əlyazması «Məcmuə»si olmuşdur.
Rusun keçmişindən bəhs edən epik əsərlər kimi bılinalar tarixi həqiqətlərin bədii təsviri olaraq qədim mədəniyyətin inkişafında əhəmiyyətli mövqeyə malikdir. Ən qədim bılinalar tarixi nağıl formasında epik qəhrəmanların fantastik varlıqlarla mübarizəsindən bəhs edir. Adətən, rus qəhrəmanları tarixi düşmən olan yadelli işğalçıların obrazı olan əcaib qorxulu varlıqlarla döyüşərək onlara qalib gəlir. «Dobrınya və İlan», «Alyoşa Popoviç və Tuqarin İlanoğlu» və b. misal çəkmək olar. Tarixi-qəhrəmanlıq bılinaları konkret xarici işğalçılardan, onların döyüşçüləri ilə yerli cəngavərlərin mübarizəsindən bəhs edir. «Vasili və Batıqa», «Mamayev davası», «Suxman» belə bılinalardır. Şəhər məişətindən bəhs edən «Sadko», «Vasili Buslayeviç» bılinaları xalq arasında məşhurdur.

Qədim Rusun mədəniyyətində mühüm yerə malik olan memarlıq sənətində uzun zaman ağac sənəti hakim rol oynamışdır. Xristianlığın qəbulundan sonra daşdan tikililər yaranmağa başladı. Birinci daş tikililər məbədlər, onu inşa edənlər isə Bizansdan dəvət edilmiş yunanlar olmuşdur. Memarlar zəngin heykəltəraşlıq və boyakarlıq nümunələri ilə bəzədilmiş daşdan əzəmətli binalar inşa edirdi. Mütənasib, harmonik və dəqiq formalar, bol qızıl naxışlı bəzək işləri, bina fasadlarında heykəltəraşlıq əsərləri daş tikililərdə geniş miqyas almışdır. XI əsrin ikinci yarısından Qədim Rusda inşa edilən məbədlər rus və Bizans tarixi memarlıq ənənəsinin birliyi sayəsində çoxqübbəli inşa edilmişdir. Məsələn, Kiyevin Sofiya kilsəsinin on üç qülləsi mövcud olmuşdur. Kiyevlə birlikdə Novqorod və Polotskdə də Sofiya kilsələri, Çerniqovda Spassk kilsəsi inşa edilmişdir. Ümumən, XI yüzillik-XII yüzilliyin əvvəllərində Qədim Rusun ərazisində öz quruluşuna əsasən bir-birinə bənzəyən təqribən 15 daş məbəd inşa olunmuşdur. Bizansdan əxz edilən məbəd quruluşu günbəz-xaç adını almışdır. Məbədin şərq hissəsində mehrab yerləşirdi ki, burada da Tanrıya ibadət həyata keçirilirdi. Mehrab hissəsi zəngin parça və bəzəklərlə, ikonlarla süslənir, dindarların ibadət etdiyi kilsə zalından ayrılırdı. Qərb hissəsində eyvan yerləşirdi ki, dini ibadət zamanı knyaz ailəsi və yaxınları ilə bu hissədə olurdu. Şəhərlərdəki baş kilsələr təkcə memarlıq abidəsi deyil, həm də dini sənət əsəri hesab olunurdu. Zəngin məbədlər inşa etdirən knyazlar ümid edirdilər ki, müqəddəslər Tanrıdan onların günah əməlləri üçün bağışlanma təmənna edə bilər.
Qədim Rusun mədəniyyətində daşdan inşa edilən knyaz sarayları əhəmiyyətli yer tutur. Onlar geniş və əzəmətli tikililər olmaqla bərabər, bəzək və naxışlarına görə də zəngin olurdu. Vladimirdə Andrey Yuryeviç Boqolyubski dövründə daş tikililər geniş yayılmışdır. Vladimiri Rusun siyasi və dini mərkəzinə çevirmək istəyən knyaz Məryəm Anaya pərəstiş əlaməti olaraq əzəmətli Uspensk kilsəsini inşa etmişdir. Böyük knyazlıq Kiyevdən Vladimirə köçdükdən sonra mitropolit də öz iqamətgahını artıq Rusun baş məbədi hesab edilən Uspensk kilsəsinə köçürmüşdür. Vsevolod Bolşoye Qnezdo Vladimirdə rus memarlığının incisi hesab olunan təkqübbəli Dmitriyev kilsəsini tikdirmişdir. Bu rus daşoyma sənətinin ən parlaq nümunəsi idi.
Rusun mədəniyyətində ikona yaradıcılığı mühüm yer tutmuşdur. İkona yaradıcılığı təkcə memarlıq abidəsi olmayıb, əsasən ilahi dünyaya açılan pəncərə, Tanrıya uzanan yolu təcəssüm edirdi. İkona qarşısında dayanan pravoslav insan təkcə onun gözəlliyi qarşısında valeh olmur, o həm də dua edərək ikonada təsvir edilən müqəddəsdən Tanrı qarşısında onun günahlarının bağışlanmasına vasitəçi olmasını təmənna edir. Deməli, insan özü də saf, təmizürəkli olur ki, ikonanın bu dərin mənasını Rusda yaxşı anlayırdılar. Odur ki, ikona sənətkarları işə fikir və qəlb təmizliyi ilə başlaya bilərdi.
Birinci rus ikonaları Bizansdan gəlmiş, yaxud Bizans nümunələrinin üzü köçürülmüşdür. Artıq XI əsrdə ikona sənətkarlığında rus xüsusiyyətləri ön plana keçmişdir. Novqorod ikona məktəbi üçün ideyanın aydınlığı, təsvirin reallığı önə çıxmışdır. Yaroslavl, Vladimir, Pskov və b. şəhərlərin ikona məktəbi yaradıcılığı daha geniş yayılmışdır. XI əsrdə rus ikona sənətkarlığı ustalarından Alimpiy, Olisey, Georginin adlarını misal çəkmək olar.
Qədim rus ustaları zərgərlik sənəti sahəsində böyük işlərə imza qoymuşdur. Qədim Rusda zərgərlik sənətinin mərkəzi Kiyev olmuşdur ki, burada da təqribən 50 xəzinə aşkar edilmişdir. Rus sənətkarlarının düzəltdiyi gözəl zinət əşyaları çoxrəngli mina ilə, qızıl sıxac, incə metal krujevalarla, əlvan daşlarla bəzədilirdi. Məsələn, zərgərlik ustası Lazar Boqşa xaç hazırlayaraq onu Polotsk kilsəsinə hədiyyə etmişdir. Yarım metrlik Yefrosiniya Polotskaya xaçı qızıldan hazırlanaraq bahalı daşlar və mirvari ilə bəzədilmişdir ki, bu tətbiqi memarlıq sənətinin nadir incilərindəndir.

Xalqın mədəniyyəti onun məişəti və gündəlik həyatı ilə sıx bağlı olduğu kimi məişət, ölkənin təsərrüfat inkişafı da mədəni proseslərlə birbaşa bağlı olmuşdur. Qədim Rusda şəhərlərdə on minlərlə adam yaşayırdı. Kiyev böyük, əzəmətli və zəngin bir şəhər kimi qabaqcıl Avropa şəhərləri ilə belə rəqabət aparırdı. Kəndlərdə, xüsusi ilə ölkənin şimal-şərq hissəsində əhali az, bəzən iki-üç həyətdən belə ibarət olurdu. Saraylar və evlər xalça, bahalı yunan parçaları ilə bəzənirdi.
Saraylarda, varlı boyar evlərində drujinaçılar, qulluqçular, saysız-hesabsız çelyadlar xidmət göstərir, buradan knyazlıq, şəhər, kəndlər idarə olunurdu. Böyük məclislər təşkil edilir, süfrəyə şərab, yerli bal, ət, ov əti verilirdi. Qadınlar kişilərlə bərabər stol başında əyləşir, idarəçilik işlərində yaxından iştirak edirdi. Varlılar şahin, qartal, itlərlə ovda iştirak edirdi. Sadə xalq üçün cıdır, müxtəlif yarış və oyunlar təşkil olunurdu.
Dneprin aşağı sahillərində hətta Hindistan və Bağdaddan gətirilmiş əşya və ərzağın olduğu canlı ticarət, alış-veriş olurdu. Dneprdə yüzlərlə böyük və kiçik gəmilər lövbər salmışdır. Burada, eyni zamanda, çoxyelkənli knyaz qayıqlarına, iti tacir qayıqcıqlarına rast gəlmək olardı.
Sənətkarlar, çalışan əhali ağac və yerdən olan qazma evlərdə yaşayırdı. Kənd adamları isə əsasən, daşdan ev peçi olan qazma və yarımqazma daxmalarda yaşayırdı. İnsanlar öz yaşam həyatı uğrunda cəsarətlə mübarizə apararaq, yeni torpaqlar əkib-becərir, mal-qara saxlayır, arıçılıqla, ovçuluqla məşğul olur, düşməndən, cənubda köçərilərdən müdafiə olunurdu.
Ümumiyyətlə, Qədim Rusun mədəniyyəti xeyli yüksək səviyyədə inkişaf etmişdir. Onu demək kifayətdir ki, Qədim Rus dövlətində şəhərlilərin böyük əksəriyyəti yazmağı bacaran savadlı adamlar olmuşdur. Arxeoloji qazıntılar nəticəsində Böyük Novqorodda tapılan mindən çox tozağacı qramotaları bunu bir daha təsdiq edir.
Qədim Rusun mədəniyyətinin inkişafının mühüm yekunlarından biri onun qədim rus xalqından qaynaqlanması olmuşdur. Bu mədəniyyət üçün isə səciyyəvi xüsusiyyət onun vahid dilə, qismən siyasi birliyə, ümumi əraziyə, ümumi tarixi kökə sahib olması idi.

 
Müəllif: Tahir Baxşəliyev  
Mənbə: RUSİYA TARİXİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK
 

0 şərh