Rus torpaqlarının birləşdirilməyə başlanması. Moskvanın yüksəlişi

Aleksandr Yaroslaviç Nevskinin ölümü Vladimir böyük knyaz taxtı uğrunda daxili mübarizəni növbəti dəfə qızışdırdı. Əvvəlcə onun oğlanları Dmitri və Andrey Alkesandroviçlər doğma əmiləri YaroslavYaroslaviç Tverski və Vasili Yaroslaviçlə döyüşdü. Sonra Dmitri və Andrey bir-biriləri ilə vuruşdu. Hər dəfə knyazlar kömək üçün Orduya müraciət edirdi ki, onlar da növbəti dəfə torpaqları talan edirdilər.
Ordu xanları XIV yüzillikdə «parçala və hökmüranlıq et» prinsipinə əsaslanaraq rus knyazları arasındakı taxt mübarizəsin daha da qızışdırırdı. Təsadüfi deyil ki, XIV yüzillik ərzində böyük knyaz titulu bir neçə rus knyazına eyni vaxtda təqdim edilmişdir. Bunlar Tver, Moskva, Ryazan, Smolensk, Nijeqorodsk böyük knyazlıqları olmuşdur. Orduda belə hesab olunurdu ki, siyasi rəqabət rus torpaqlarının birləşməsinə mane olmalıdır. XIV yüzilliyin əvvəllərində paytaxt şəhəri kimi Vladimirin mövqeyi zəifləməyə başlamışdır. Bunun müqabilində Tver, Ryazan, Nijni Novqorod və Moskva kimi mərkəzlərə malik olan şimal-şərqi rus knyazlıqları nüfuz və gücünü artırdı. Böyük knyaz Andrey Aleksandroviçin ölümündən sonra böyük knyaz titulu uğrunda Mixail Yaroslaviç Tverski və Yuri Daniloviç Moskovski mübarizəyə başladı. İki onillik ərzində davam edən mübarizəyə Ordu da cəlb edilmişdir, belə ki, knyaz Yuri Ordu xanının qızı ilə evli idi. Nəticədə, 1318-ci ildə Mixail Tverski Orduda şəhid olmuş, sonradan övliya qəbul edilmişdir. 1324-cü ildə knyaz Mi-xailin oğlu Tver knyazı Dmitri Mixayloviç atasının qisasını alaraq knyaz Yuri Moskovskini qətl etmişdir. Bir ildən sonra Ordu xanının əmri ilə knyaz Dmitri buna görə edam edilmişdir.
Beləliklə, knyaz sülalələri arasındakı qanlı mübarizədə XIV əsrin 20-ci illərində müasirlərinin Kalita («pul kisəsi») ləqəbi verdikləri İvan Daniloviç (təq. 1288-1340) heç kimin gözləmədiyi halda rus knyazları arasında «başçı» olmuşdur. Tarix təsdiq etmişdir ki, İvan Daniloviç əlinə düşən bu fürsətdən Moskva knyazlığının sonrakı yüksəlişi üçün potensial yaratmaq məqsədilə maksimum bəhrələnmişdir. İvan Daniloviç Kalita knyazlığı dövründə ya satınalma, ya da işğal vasitəsilə kiçik udel knyazlıqlarını Moskvaya birləşdirməyə başladı. Knyaz öz fəaliyyətində çox vaxt qalan şəhər (земство) özünüidarə vasitəsindən istifadə edirdi ki, bu «zemstvo hakimiyyəti» də yerli şəhərləri də Moskvya doğru çəkirdi. Hətta daha iddialı Böyük Novqorod belə özündə başqa knyazlıqlardansa Moskva hökmdarlarının nümayəndəsini görmək istəyirdi. İvan Kalita Ordudan xəracı özü toplamağa icazə almağa nail oldu ki, bu da yerli xalqın nifrət etdikləri «baskakların» Rusa gəlmələrinə mane oldu. Ağıllı diplomat olan Moskva knyazı bir neçə onillik ərzində rus torpaqlarını soyğunçu Ordu hücumlarından xilas etmişdir. Boyun əymək istəməyən yerlərdə knyaz özü Rostov və Pskovda olduğu kimi ixtişaşları yatırmışdı. Təsadüfü deyil ki, salnaməçi İvan Daniloviçin knyazlığından sonra bütün Rusda bərqərar olan «sakitlikdən» bəhs etmişdir.
İvan Kalitanın dövründə Moskva knyazı ilə Rus pravoslav kilsəsi arasında sıx münasibətlər yaranmışdır. Bunun sayəsində yeni mitropolit Pyotr (1325ci ildə vəfat edib) Vladimirdən Moskvya köçdü, Moskva siyasi mərkəz olmaqdan əlavə, həm də bütün rus torpaqlarının dini mərkəzinə çevrildi. Ölümündən sonra 1339-cu ildə mitropolit Pyotrun kilsə tərəfindən müqəddəs (övliya) elan edilməsi nəticəsində Moskva birinci övliyasına sahib olmuşdur. Bu isə Tanrının Moskva və Moskva knyazlığını xüsusi olaraq seçməsinə olan inamın ifadə edilməsidir ki, rus torpaqlarının Moskva ətrafında birləşdirilməsində sözügedən faktor əhəmiyyətli rol oynamışdır. Əgər bu inam olmasa və müasirlərinin şüurunda kök salmasa, onda Moskva üzərinə düşən Rusu Ordu hakimiyyətindən xilas etmək missiyasını yerinə yetirə bilməzdi.
XIV əsrin 40-cı illərindən Rusun Ordu əsarətindən azad etmək üçün əlverişli və qeyri-əlverişli xarici şərait yaranmışdır. Ordu daxilindəki hakimiyyət mübarizəsi nəticəsində 30 ildə otuza yaxın xan dəyişilmişdir ki, bu da hakimiyyətin əhəmiyyətli dərəcədə zəifləməsinə səbəb olmuşdur. Qızıl Ordu dövləti özü isə ayrı-ayrı kiçik uluslara bölünmüşdür.
Belə əlverişli şəraitlə yanaşı Böyük Litva knyazlığının güclənməsi və Rusun daxili işlərinə qarışması xarici vəziyyəti çətinləşdirən amil idi. Artıq XIV əsrin əvvəllərində knyaz Gedimin, ikinci yarısında oğlu Olgerdin knyaz-lığı dövründə Litva dövləti demək olar ki, bütün cənub və cənub-qərb rus torpaqlarını öz ərazisinə daxil edilmişdi. Kiyev, Çerniqov, Vladimir-Volın Böyük Litva knyazlığının şəhərləri hesab olunurdu. Smolensk knyazı özünü Gedimin «kiçik qardaşı» sayırdı.
XIV-XV əsrlərdə knyazlığın ərazisində yeni şərqi slavyan xalqları formalaşmışdır. Dnepr üzərində, Böyük Litva knyazlığının kənarında (Okraine-Uk-rayne) Ukrayna, şimalda Pripyat və Qərbi Dvina çayları arasında, Beloy Rus ərazisində belorus xalqlarının yaranması başlamışdır. Eyni zamanda, şimal-qərb və şimal-şərqi qədim rus torpaqlarında müasir rus xalqı formalaşmışdır.
Knyaz Olgerdin ölümündən sonra oğlu Yaqaylo katolikliyi qəbul edib, polyak şahzadəsi ilə evlənərək Polşa kralı oldu. Onun qardaşı oğlu Vitovt Litva taxtına oturdu ki, hər iki dövlət yaxınlaşmağa başladı. 1410-cu il iyulun 1-də Qryunvald (Qryunfeld) adlanan yerdə Polşa-Litva qoşunu ilə Tevton cəngavər ordusu arasında döyüş baş verdi. Avropa tarixinin mühüm döyüşlərindən biri cəngavərlərin məğlubiyyəti, ordenin dağılması ilə başa çatdı.
XVI əsrdə Böyük Litva knyazlığı və Polşa dövləti ittifaq (uniya) bağlayaraq Reç-Pospolita, yəni kralın əyanlarını seçdiyi «respublika» dövlətini yaratdılar. Artıq, XIV əsrdən başlayaraq Litva knyazlığının Dneprə kimi olan rus torpaqlarını öz ərazisinə daxil edərək, Smolensk, Okanın yuxarılarındakı knyazlıqlara, Pskov və Novqorod torpaqlarına hücum etməsi rus torpaqlarında birinci olmaq üstündə Moskva knyazlığının ciddi rəqibinin meydana çıxdığını göstərirdi.

Bu şəraitdə İvan Kalitanın Moskvanı yüksəltmək siyasətini onun oğlanları Semyon Qordı (1340-1353) və İvan II Krasnı (1353-1359) davam etmişdir. Onların knyazlıqları dövründə Dmitrov, Kostroma, Starodub knyazlıqları və Kaluqa rayonu Moskva knyazlığının tərkibinə daxil edilmişdir. Onlar öz rəqiblərini pul, silah, hiylə vasitəsilə məğlub edirdilər. 1359-cu ildə Moskva knyazlığının taxt-tacına doqquz yaşlı Dmitri İvanoviç, yəni Dmitri Donskoy sahib oldu. Məhz bu ildə amansız daxili çəkişmələr nəticəsində Qızıl Ordu iki hissəyə bölündü. Volqa çayının qərb hissəsində Çingiz xanın nəslindən olmayan temnik (on minlik qoşun başçısı) Mamay başçı oldu. Volqadan şərqə doğru uzanan torpaqlarda isə Saray xanı hakim idi ki, onlar arasında da daim mübarizə gedirdi.

Dmitri İvanoviç boyarların əhatəsində bir neçə dəfə Saraya gedərək böyük knyazlıq üçün yarlık (fərman) xahiş etmişdir. Hədiyyələrlə, alçalmaq hesabına nəhayət üçüncü dəfə xandan Moskva knyazı belə bir fərman ala bilmişdir. Yalnız temnik Mamayın təsdiqindən sonra böyük knyaz titulunu qəbul edən Dmitri İvanoviç bu alçaldıcı qəbulları yaddan çıxarmamışdır.

Eyni zamanda öz sərhədlərini daha da genişləndirən Moskva knyazlığına şimal-şərqi rus torpaqlarının yarısı daxil idi. Şəhərin təsərrüfatı durmadan inkişaf edirdi. Təsadüfü deyil ki, məhz Dmitri İvanoviç Moskvada ağ daşdan qala — Kremli tikdirmişdir (1367).

XIV əsrin 60-cı illərinin sonu 70-ci illərinin əvvəllərində Böyük Litva knyazı Olgerd üç dəfə Moskvanı mühasirəyə alsa da, şəhər ağ daşdan divarlarla mühafizə olunduğu üçün onu ala bilmədi. Moskvanın başqa bir rəqibi olan Tver Litva dövlətinə arxalanaraq 1375-ci ildə Ordudan böyük knyazlıq yarlıq — fərman almağa cəhd etdiyi üçün knyaz Dmitrinin yürüşünə uğramışdır. Tver knyazı Moskvanın başçılığını qəbul edərək Orduya qarşı birgə hərəkət etmək haqqında razılığa gəlmişdir.
Rus knyazları arasında Dmitri İvanoviç birinci olaraq ənənəni pozaraq 1361-ci ildən ona xərac ödəməkdən imtina etdi. Buna cavab olaraq qüvvələrini yenidən səfərbər edən temnik Mamay rus torpaqlarına qarətçi basqınlar təşkil edərək Moskva knyazını yenidən xərac verməyə məcbur etmişdir. 1377-ci ildə Mamay Rusa növbəti hücum təşkil etdi. Düşmənə qarşı Nijeqorodsk-Suzdal və Moskva knyazlığının qoşunu çıxdı, Pyan çayı döyüşündə sayıqlığını itirən qoşun başçısının təqsiri üzündən düşmən qəfil hücum edərək rus qoşununu məğlub edib, Nijni Novqorodu tutub yandırdı. Mordova torpaqlarındakı bu ağır məğlubiyyətdən dərs çıxaran Moskva və Ryazan döyüşçüləri 1378-ci ildə Voje çayı döyüşündə Beqiçin başçılıq etdiyi ordu qoşunlarını darmadağın etdilər. Bu rusların Ordu üzərində açıq sahədə birinci qələbəsi idi.
Voje çayı qələbəsi Mamayı yeni yürüşə daha ciddi hazırlanmağa sövq edirdi. Böyük ordu toplayan Mamay Krımdakı Genuya koloniyalarından ağır italyan piyada qoşunu tutdu, Litva knyazı Yaqaylo və Ryazan knyazı Oleqlə ittifaqa dair müqavilə imzalandı.
Moskva knyazı Dmitrinin başçılığı altında Tver və Suzdal knyazlıqlarından başqa bütün şimal-şərqi knyazlıqlar birləşmişdi. Böyük Novqorod, Smolensk və Ryazan knyazları da qoşun göndərmədi. Tarixçilər hər iki düşmən tərəfin 50-150 min nəfər döyüşçüsü olduğunu təsbit etmişdir. Kolomnada toplanan rus qoşunu 1380-ci il avqustun axırında yürüşə başlayaraq Dona tökülən Nepryadva çayında mövqeyi tutdular. Don çayını da keçən rus ordusu ilə Ordu döyüşçüləri arasındakı vuruşma 1380-ci il sentyabrın 8-də, təqribən səhər saat 11-də oldu. Kulikovo çölü eni 4-5 km, şimala doğru yüksəkliklər, meşə və çaylarla əhatə olunmuşdur. Bu isə monqol-tatar süvarisinin keçmə manevrinin qabağını kəsirdi və həm də onlar yalnız qarşıdan hücum edə bilərdilər. Knyaz Dmitrinin polkları bir neçə qat döyüş xətti qurmuş, Ser-puxov knyazı Vladimir Andreyeviçin və Volın Voyevodası Dmitri Bobrokun döyüşçüləri isə meşədə pusquda dayanmışdı. Döyüşün başlanması ilə hücuma atılan monqol-tatarlar rus qoşununun ön hissəsinə ağır zərbə vuraraq hücumların davam etdirirdi. Qəflətən meşədən çıxan rus qoşunu hücuma keçən düşmənə arxadan zərbə vurdu. Monqol-tatar qoşunları pərən-pərən düşərək qaçmağa başladılar. Qaçan düşməni xeyli təqib edən rus döyüşçüləri tatar-monqolları darmadağın etdilər. Bu tarixi qələbə sayəsində Donskoy ləqəbi qazanan böyük Moskva knyazı Dmitri İvanoviç də ağır yaralanmışdı. Mamayın müttəfiqi Yaqaylo gecikdiyi üçün döyüşdə iştirak etmədi. Kulikovo döyüşündəki tarixi qələbə rus torpaqlarının monqol-tatar zülmündən azad edilməsi mübarizəsində Moskvanın əhəmiyyətini və yerini daha da möhkəmlətmişdir.

Məğlub temnik Mamay cənuba qaçdı, onun qoşununun bir hissəsi xan taxtını ələ keçirməyə namizəd olan Toxtamış tərəfindən məhv edildi, qalan döyüşçülər isə Toxtamışın ordusuna qoşuldu. Mamay Krımdakı Genuya koloniyasının Kafı (Feodosiya) şəhərinə gəldi və burada özünün əvvəllki müttəfiqi genuyalılar tərəfindən öldürüldü.

Kulikovo döyüşündə Mamayın məğlubiyyəti onun rəqibi Toxtamışın Orduda mövqeyinin möhkəmlənməsinə səbəb olmuşdur. Məhz Toxtamışın hakimiyyəti altında Qızıl Ordunun birliyi təmin edildi və o, yenidən «rus ulusu» üzərində hakimiyyətini bərpa etmək istədi.

Bu məqsədlə yeni böyük ordu toplayan Toxtamış 1382-ci ilin yayında Oka çayını keçərək Moskvya hücum etdi. Qəfil basqından xəbər tutan Moskva knyazı Dmitri Donskoy yeni qüvvə toplamaq məqsədilə təcili olaraq Pere-yaslavla, sonra isə Kostromoya yola düşdü. Müqavimətə rast gəlməyən Toxtamış ordusu Kremlə bir neçə hücum təşkil etdilər. Kremli yürüşlə ələ keçirə bilməyən Toxtamış hiyləyə əl atdı. Bir qədər xərac alıb, Kremlə daxil olub ona baxmaq və heç kimə pislik etmədən şəhəri tərk etməyə and içdi. Moskvalılar Kremlin darvazalarını açdıqdan sonra tatarlar içəri daxil olub müdafiəçiləri qətlə yetirdilər, knyaz sarayını, boyarların evini, kilsəni soyub taladılar, knyaz xəzinəsini ələ keçirib qədim kitabları yandırdılar. Dmitri Donskoyun və Ser-puxov knyazı Vladimirin qoşunlarının Moskvaya yaxınlaşması xəbərini alan Toxtamış Moskvanı tərk edib yol boyu Ryazan knyazlığını da qarət edərək Orduya geri döndü. Toxtamışın yürüşü Moskvanı Orduya yenidən xərac verməyə məcbur etdi.

Toxtamış xanın viranedici basqınından sonra knyaz Dmitri Donskoy bir neçə illər ərzində dağılmış knyazlığının bərpası ilə məşğul olmuşdur. 1389-cu ildə 39 yaşında vəfat edərkən Dmitri İvanoviç son 150 ildə ilk dəfə olaraq «böyük knyazlığı» Ordudan razılıq almadan Moskva knyazının irsi mülkü olaraq votçina kimi oğlu Vasiliyə təslim etmişdir. Bu vaxtdan etibarən böyük knyazlıq titulu qəti olaraq Moskva knyazlarına keçdi ki, onlar da varis məsələsini Ordudan razılıq almadan özləri həll etməyə başladılar.

Dmitri Donskoyun oğlu Vasili Dmitriyeviç (1389-1425) atasının siyasətini davam etdirsə də, Ordu ilə açıq münaqişəyə girmirdi. Onun knyazlığı dövründə Nijni Novqorod, Qorodets, Murom Moskvaya birləşdirildi.

XIV yüzilliyin sonlarında Səmərqənd hakimi Əmir Teymur (Tamerlan) (1136-1405) bütün Orta Asiyanı, Şimali Qafqazın bir hissəsini özünə tabe edərək Qızıl Ordu dövlətinə hücum etdi. 1395-ci ildə amansız və qətiyyətli sərkərdə, dövlət başçısı Timur Toxtamış xanın ordusunu məğlub edərək, şəhər və kəndləri talayıb dağıdaraq Rusa doğru hərəkətə başladı. Toxtamış canını xilas edərək Litvaya qaçdı, Timur isə yoluna çıxan hər şeyi məhv edərək Yelets şəhərinə çatıb qəfil geri döndü və Rus rahat nəfəs aldı. Ordunun zəifləməsindən istifadə edən I Vasili xərac verməyi dayandırdı.

1425-ci ildə I Vasilinin ölümündən sonra taxta onun on yaşlı oğlu Vasili Vasilyeviç (fasilələrlə 1425-1462) çıxdı. Kiçikyaşlı knyazın anası, ağıllı və qürurlu qadın olan Sofiya Vitovtovna işlərə başçılıq edir, babası qüdrətli böyük Litva knyazı Vitovt isə qəyyumluq edirdi. I Vasilinin qardaşı Yuri Dmit-riyeviç Zveniqorod və Qaliç Merskdə (indiki Qaliç şəhəri və Kostromo vilayəti) knyazlıq edirdi və bir neçə oğlanları var idi. Vasili Yuryeviç və Dmitri Yuryeviç (Şemyaka ləqəbli — tatarca paltar deməkdir) knyazın böyük oğlanları idi. Böyük knyaz taxtına sahib olan II Vasili ilə Zveniqorod knyaz ailəsi arasındakı taxt-tac mübarizəsi 20 il davam edərək bir çox ailə faciəsinə səbəb olmuşdur. Mübarizədə iştirak edən tərəflər Moskva taxtına, yəni bütün Rus torpaqlarına nəzarətə can atırdı.

II Vasili, əmisi Yuri Dmitriyeviç və oğlanları arasında dəfələrlə əldən-ələ keçən Moskva böyük knyazlıq taxtı nəhayət qohumları tərəfindən kor edilib Tyomnı ləqəbi alan II Vasilinin hakimiyyətə yenidən sahib olması ilə başa çatmışdır.
Rus torpaqlarını əsarətdə saxlayan Qızıl Ordu dövləti də daxili çəkişmələr və mübarizələr şəraitində getdikcə zəifləyirdi. Çingiz xan sülaləsinin ayrı-ayrı qolları arasındakı hakimiyyət davası Ordunun siyasi parçalanma yoluna qədəm qoymasına səbəb olmuşdur. Artıq XV əsrdə Qızıl Ordu dövlətinin parçalanma prosesi başladı.
1420-ci ildə Krım xanlığı meydana gəldi ki, Hacı Gərayın xanlığı dövründə bu dövlət tam müstəqil olmuşdur. XVI əsrdən başlayaraq Krım xanlığının paytaxtı Baxçasaray şəhəri idi. XVIII əsrin sonlarına kimi mövcud olan Krım dövlətinin sərhədləri yarımadadan başqa Şimali Qara dəniz çöllərini də əhatə edirdi.
XV əsrin II yarısında Sibir çayları Tobol və İrtış çayları arasındakı ərazidə Sibir xanlığı yarandı ki, banisi İbak (İbrahim) xan olmuşdur. Qərbi Sibir ərazisini əhatə edən dövlətin paytaxtı Tümen, Kaşlık (Sibir) olmuşdur. Sibir xanlığının cənubunda maldarlıq, qismən əkinçilik yayılmışdır. Eyni zamanda yerli əhali ovçuluq və balıqçılıqla da məşğul olurdu. 1555-ci ildə Sibir xanı Yadigar xan Moskvadan asılılığı qəbul etmişdir.
1437-ci ildə Orta Volqaboyu ərazisində paytaxtı Qazan şəhəri olmaqla Qazan xanlığı yaranmışdır. Ulu Məhəmməd xanın qurduğu dövlət əlverişli coğrafi mövqeyə malik idi ki, mühüm ticarət yolları onun ərazisindən keçirdi. Əhalinin məşğuliyyəti əkinçilik, maldarlıq, meşə arıçılığı və sənətkarlıq idi. Moskva knyazlığı ilə Qazan xanlığı arasında qarşılıqlı basqınlar nəticəsində çoxlu qənimət əldə olunurdu. Moskva knyazlığının Qızıl Ordudan vassal asılılığı başa çatdıqdan sonra Rusiya-Qazan münasibətləri kəskinləşdi.
1460-cı ilin əvvəllərində Aşağı Volqa boyunda Həştərxan xanlığı meydana gəlmişdir. Qasım xanın qurduğu dövlət Xəzər dənizinə çıxışa nəzarət etməklə əlverişli coğrafi mövqeyə malik olmuşdur. Əhalinin əsas məşğuliyyəti maldarlıq olub, balıq vətəgələri, duz göllərinə sahib idi. Dövlətdə feodal təsərrüfat sistemi hökm sürürdü.
Qızıl Ordunun yerli xanlıqlara parçalanması Rus torpaqlarının Ordudan vassal asılılığının başa çatması prosesini sürətləndirmişdir.
 
Müəllif: Tahir Baxşəliyev  
Mənbə: RUSİYA TARİXİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK
 

0 şərh