Ukraynanın Rusiyaya birləşdirilməsi

1569-cu ildə imzalanan Lyublin uniyası Polşa krallığı, Litva Böyük knyaz-lığı və Şərqi Prussiya hersoqluğundan ibarət vahid Reç-Pospolita (respublika) dövlətini yaratdı. Rusiya torpaqları, o cümlədən Neman çayının şərqində olan ərazilər qədim Qrodno və Novqorod şəhərləri ilə birlikdə Qara Rus, Minsk, Vitebsk, Polotsk, və Smolenskin bir hissəsini əhatə edən Ağ Rus, Litvanın tərkibində, Çervonnaya Rus (Qalitsiya) və Dnestr çayı ilə Dneprin şərq axarları arasındakı əraziləri birləşdirən Kiçik Rus (Malorossiya) Varşavanın tərkibində Reç-Pospolita dövlətinin ərazisinə daxil edilmişdir.

Kiçik Rusiya termini birinci dəfə XIV yüzillikdə Qalitsiyanın sonuncu knyazı II Yurinin sənədlərində işlədilmişdir. Çox güman ki, bu «Qədim Rus» ideyasının «böyük», genişlənib artmaqda olan Rusa müqabil işlənmişdir. Polşa ilə münasibətlərdə cənub Rusiya torpaqları xüsusi yer tutur. Ukrayna («Okraina») sərhədətrafı ərazilər olub Polşa dövlətinin daxili hissələrilə Krım tatar-türklərinin işğal etdiyi çöllük yerlərin arasında yerləşirdi. 1187-ci ildə Pereyaslav knyazının ölümündən bəhs edən salnaməçi qeyd etmişdir ki, «onu bütün Ukrayna ağlayırdı». Bu zaman Pereyaslav ərazisi Qədim Rusiya dövlətinin sərhədində yerləşmişdi. XV-XVII yüzilliklərdə «Ukrayna» sözü Moskvanın Ryazan, Tula və Don torpaqlarının siyahıyaalınmasında istifadə olunmuşdur.

XVI yüzilliyin ortalarında Rus-Litva dövlətinin cənub-şərq sərhədyanı ərazilərində 50 min nəfərdən çox olmayan əhali yaşayırdı. 60-cı illərdən başlayaraq əhali artmağa başladı və Ukrayna belə yarandı. XVI yüzilliyin ikinci yarısında Ukraynanın əhalisinin artmasının səbələrindən biri Dnepr və Podoliya vadisindən Krım tatarları və türklərin basqınları nəticəsində çoxsaylı əhalinin Böyük Litva knyazlığının qonşu əyalətlərinə köçməsi olmuşdur. Bunun sayəsində təkcə Volında 300 min nəfərə kimi əhali yaşayırdı. Volın knyazlığından kənarda Dnepr torpaqlarında ağalarından, hakimiyyətdən narazı qaçqın adamlar, kazaklar bu yerləri Krım tatarları və tüklərin basqınlarından qoruyurdular. Bu yerlərə qaçan kəndlilər də kazak olurdular ki, onlar da Ukrayna kazaklarının «özü-özündən» yaranmasına gətirib çıxarmışdır.

XVI yüzillikdə yaranan «kazak» (Ukrayna dilində «kozak») sözü Bartolda görə Kiçik Rusiya və polyak variantlı termin kimi türk dilində «kazak», yəni «quldur», «sakitliyi pozan», «macəra axtaran» deməkdir. Beləliklə, bu söz insanın milliyətini deyil, davranış xüsusiyyətini, fəaliyyətini əks etdirir. «Ka-zak» sözü XV əsrdə rus dilinə daxil olmuşdur. Ryazan torpaqlarının cənub sərhədlərini «Ryazan kazakları» qoruyurdu. III İvan zamanı sərhəd kazak qəsəbələri Moskva dövlətində daimi instituta çevrilmişdir. Cənub sərhədlərini qoruyan Ryazan kazakları ilə yanaşı, Litva ilə sərhədi qoruyan Toropets şəhəri sərhəd kazakları III Vasili dövründəki ələ keçirilmiş Şimal torpaqlarını qoruyan Putivl, Rılsk, Novqorod-Seversk və Starodub sərhəd kazakları meydana gəlmişdir. 1504-cü ilə dair sənədlərdə Moskvanınn sərhəd rayonlarında təkcə «şəhər kazakları»ndan deyil, «kənd», hətta «qəsəbə» kazaklarından bəhs olunmuşdur.

XVI əsrin sonlarında Dnepr kazakları torpağa sahib olaraq öz rəislərinin başçılığı ilə oturaq həyat şəraitində silahlı dəstələr təşkil edərək sərhədi qoruyurdular. Onlar əkinçilik, balıqçılıq, ovçuluqla məşğul olur, ovladıqları qunduz və başqa xəzli heyvanların ticarətini edirdilər. Bratslavl və Vinnitsedə arıçılıq geniş yayılmışdır. Ukrayna kazakları Krımdan Polşaya və geriyə hərəkət edən Genuya, Türkiyədən gələn yəhudi və erməni tacir karvanlarına qoruyuculuq edirdilər. Hökumətlə əlaqəni yalnız Rus-Litva dvoryanlarından təyin edilən rəislərlə saxlayırdılar.

Ukrayna kazaklarının 1648-ci il üsyanı Polşa tarixinin ağır və çətin dövrünü əhatə edən «Sel» («Потоп») mərhələsinin əsasını qoymuşdur. 19 il (1648-1667) davam edən bu illər polyak və rusların Şərqi Avropa düzənliyinin çay dünyası üzərindəki mübarizənin ikinci mərhələsidir. 1603-1613-cü illəri əhatə edən birinci mərhələdə Polşa Rusiyadakı «Qarışıqlıq dövrü»ndən istifadə edərək Moskvanı tabe etmək məqsədi güdürdü. İkinci mərhələdə isə Rusiya dövlətinin uzaqgörən çarı Aleksey Mixailoviç Romanov tarixi proseslərin gedişini polyak krallarından daha düzgün qiymətləndirərək Moskvanın Polşa üzərində üstünlüyünü təmin etmişdir.

1648-ci il mayın 20-də Polşa kralı IV Vladislavın vəfat etməsi ölkədə vəziyyətin və sosial münasibətlərin kəskinləşməsinə səbəb oldu. Maqnat nə şlyaxta qruplarının taxt-tac namizədi seçmək uğrundakı mübarizəsi milli azadlıq hərəkatının başlanması və Reç-Pospolita hakimiyyətinin devrilməsi üçün əlverişli şəraiti təmin etdi.

Ukrayna xalqının 1648-1654-cü illəri əhatə edən milli azadlıq mübarizəsinin başında Boqdan-Zinoviy Xmelnitski dururdu. 1595-ci ildə kiçik şlyaxtaçı Mixail Xmelnitskinin ailəsində doğulan Boqdan əla təhsil almış, latın, polyak və türk dillərinə sahib olmuşdur. 1620-ci ildə Setsorda türklərlə döyüşdə atası ilə birlikdə iştirak etmiş Mixail Xmelnitski həlak olmuş, oğlu Boqdan isə türklərə əsir düşmüşdür. Türkiyə əsirliyindən qayıtdıqdan sonra kazak reyestr qoşununda qulluq edərək yüksək vəzifə tutmuşdur. 1647-ci ilin payızında kazak starşinası Roman Peştının donosu əsasında Boqdan Xmelnitski həbs edilmiş, dostlarının köməyi ilə həbsdən azad olaraq, aşağı Dneprə qaçmışdır. 1648-ci ilin yanvarında Xmelnitski kiçik bir üsyançı dəstə ilə Zaporojye Seçin tutaraq oradakı polyak qarnizonunu dağıtmışdır. Reyestr kazakalrı üsyançılar tərəfinə keçərək Boqdan Xmelnitskini getman seçmişdir. Əsl getman Nikolay Pototski 1648-ci il fevralın 20-də verdiyi universalda üsyançıları silahı yerə qoyub Xmelnitskini təhvil verməyə çağırmışdır. 1648-ci ilin aprelində getman N.Pototskinin ordusu üsyanın mərkəzi Zaporojye Seçinə doğru hərəkət etdi. Quru yolla hərəkət edən polyak ordusu 1648-ci mayın 6-da Sarı Çayda (Жёлтые Воды) mühasirəyə düşərək darmadağın oldu. Məğlubiyyətdən xəbər alan getman Pototski Korsuna çəkilərək İeremi Vişnevetskinin dəstəsinin gəlməsini gözlədi. Lakin Xmelnitskini düşmənin birləşməsinə yol verməyərək 1648-ci il mayın 16-da getmanın qoşununu qırdı, getman Pototski və köməkçisi Kalinovski əsir alındı. Artıq 1648-ci ilin sentyabrına doğru Xmelnitskinin qoşununda 70 min nəfərə kimi döyüşçü var idi.

    • 1648- ci ilin yayına doğru üsyan bütün Dneprboyu, Podoliyanı, Volın və Qaliçin böyük hissəsini əhatə edən ümumxalq hərəkatına çevrildi. Katolik polyakların yerli pravoslav xalqa etdiyi zülm xalq çıxışlarının dini mahiyyətini önə çəkmişdir. 1648-ci ilin payızında Polşa hökuməti 40 minlik ordu, o cümlədən 8 min alman muzdlu əsgəri yığaraq üsyançılara qarşı göndərdi. 1648-ci sentyabrın 12-14 arasında Pilyavts altındakı döyüşdə üsyançılar polyak qoşununu əzərək 80 top, çox sayda qılınc, qalxan, bayraq ələ keçirdilər. Polyak komandanlığı başda knyaz olmaqla döyüş meydanından biabırcasına qaçdı. Sentyabrın 26-28-də üsyançı dəstələr Lvovu mühasirə etdi. Noyabrın 7-də Seym IV Vladislavın qardaşı Yan-Kazimiri kral seçdi. Yeni polyak rəhbərliyi Xmelnitski ilə danışıqlara hazır olduğunu bildirdi. Pilyavts qələbəsindən sonra Varşavaya yolun açıq olmasına baxmayaraq kazak muxtariyyatı ideyasının tərəfdarı olan Boqdan Xmelnitski 1648-ci noyabrın 14-də ordusunu Ukraynaya doğru yönəltdi. Kiyevə daxil olan getmanı xalq sadə kazak lideri kimi deyil, böyük xalq rəhbəri kimi qarşıladı. Artıq müharibənin birinci ilində Zaporojye, Kiyev, Podolye (Kamentsdən başqa), Dneprin o biri tərəfi, Bratslava daxil olmaqla 300 min kvadratkilometr ərazi polyak ordusundan təmizlənmişdi. Üsyan Volın və Qalıtsyanı əhatə etmiş, Ukrayna ordusu Polşa torpaqlarının özünə, Moldoviya və Transilvaniyanın sərhədlərinə çatmışdı.
    • 1649- cu ilin əvvəlində Ukrayna getmanının siyasi hərakat proqramında qəti olaraq iki vəzifə nəzərdə tutulmuşdu: Reç-Pospolitanın hakimiyyətindən azad olmaq və öz dövlətçiliyini yaratmaq. Rusiya ilə ittifaq bu proqramın vacib tərkib hissəsi idi.

1649-cu ilin iyunun sonunda B.Xmelnitski Krım xanı İslam Gərayın ordusu ilə birlikdə Zbaraj qalası uğrunda İ.Vişnevetskinin başçılığı ilə polyak qoşunu ilə döyüşə başladı. Qalada mühasirəyə düşən polyak ordusuna kömək etmək üçün Polşa kralı 30 minlik ordu ilə yürüşə çıxdı. Kralı qarşılamaq məqsədilə getman Krım qoşunu ilə yola çıxdı. Avqustun 5-də Strip çayın keçmək istəyən polyaklara Ukrayna ordusu ağır zərbə vurdu. Döyüşün gərgin vaxtında Krım tatarları xəyanət edərək çoxlu qızıl müqabilində döyüş meydanını tərk etdilər və Xmelnitskidən düşmənlə barışıq imzalamağı tələb etdilər. 1649-cu il avqustun 18-də Zborov sülh müqaviləsi imzalandı. Sülhün şərtlərinə əsasən, Zaporojye Qoşunu müstəqilliyini saxlayır, reyestr kazakları 40 min nəfər müəyyən olunur, üsyan iştirakçıları əfv edilir, pravoslav və həm də katolik şlyaxtasının bütün hüquqları bərpa olunurdu və s. 1650-ci il yanvarın 12-də Seym Zborov müqaviləsini təsdiq etdi.

Ukrayna xalqının milli-azadlıq müharibəsi feodal quruluşunu ləğv etmədi, ancaq onun formasını dəyişdi. Polyak-şlyaxta katolik feodal üst təbəqəsinin yerini kazak rəisləri və pravoslav şlyaxtası tutdu ki, onlar da ölkədə Polşa nümunəsində nizam-intizamı təmin etmək istəyirdilər. Bu isə özünü getman hökumətinin praktik fəaliyyətində tam təsdiq etdi. Boqdan Xmelnitski özü feodal ideologiyasının ifadəçisi oldu. Hərbi birliklərdən Ukrayna dövlətçiliyi yarandı ki, ali başçılar hakim təbəqəyə çevrildi, hərbi rəislər isə dövlətin rəhbərləri oldu. Kazak rəisləri Zaporojye Qoşununun və ya Ukrayna getmanlı-ğının suveren dövlət kimi təsdiq olunmasına cəhd etməyərək yalnız Polşa, sonra isə Rusiya tərkibində muxtariyyətlə razılaşdılar.

    • 1651-ci ilin əvvəllərində polyak ordusu Kalinovskinin komandanlığı altında hərbi hücum əməliyyatına başlayaraq Vinnitse altında İvan Boqunun kazak dəstələrini məğlub etdi. 1651-ci il iyunun 28-də 150 minlik polyak qoşunu Volın ərazisindəki Beresteçkada Xmelnitski və Krım xanı İslam Gərayın eyni sayda qoşunu ilə qarşılaşdı. İkigünlük döyüşdən sonra tatarlar savaş meydanını tərk edərkən onları dilə tutmağa cəhd edən Xmelnitskini də özləri ilə apardılar. Getmansız qalan kazaklar müdafiə döyüşlərinə keçərək iyulun 10-da gecə bataqlıqdan keçərək mühasirəni yarmağa çalışdılar. Düşmən kazakların düşərgəsini dağıtsa da, İ.Boqun əsas kazak qüvvəsini xilas etməyi bacardı. 20 minlik Litva qoşunu başda Yanuş Radzvill olmaqla iyulun 25-də Kiyevi alıb əhaliyə divan tutdu. Qısa zamanda yeni qoşun toplayan Boqdan Xmelnitski polyakların ordusunu Ağ Kilsə (Белая Церковь) rayonunda dağıtdı.
    • 1651- ci il sentyabrın 18-də B.Xmelnitski Zborov müqaviləsini ləğv edən Ağ Kilsə sülh müqaviləsini imzalamağa məcbur oldu. Yeni müqaviləyə əsasən, yalnız Kiyev voyevodalığı xüsusi idarəetmə hüququ aldı. Kazak reyestrlərinin sayı iki dəfə azalaraq 20 min nəfər müəyyən olundu ki, onlar da yalnız Kiyev voyevodalığının ərazisində yaşaya bilərdilər. Ukraynada yenidən polyak ordusu yerləşdi. Bütün bunlar Ukrayna əhalisinin narazılığına, ayrı-ayrı üsyanlara səbəb oldu. Kazaklar da müqvailəyə öz qəti etirazlarını bildirdilər. Polşa Seymi də müqaviləni təsdiq etməkdən imtina etdi.

    • 1652- ci ilin martında sərhəddə hərbi əməliyyatlar başladı. 1652-ci il iyunun 1-də Batoqo altındakı döyüşdə tatar süvariləri və B.Xmelnitskinin qoşunu getman Kalinovskinin polyak ordusunu darmadağın etdi. Kalinovski və başqa qoşun rəisləri öldürüldü. Bundan sonra Ukraynada üsyan yenidən alovlandı. Volın, Bratislava, Podoliyanın bir hissəsi Polşa ordusundan azad olundu. Lakin hadisələrin gedişi göstərdi ki, Ukrayna təkbaşına Polşanın asılılığından azad olmağa hazır deyil. Bunun üçün ölkənin lazım olan hərbi-iqtisadi potensialı yox idi. Əhali sonu görünməyən müharibənin ağırlığından yorulmuşdu. Ölkənin təsərrüfatı demək olar ki, dağılmışdı. Xüsusilə 100-dən çox dağıdılmış şəhər və qəsəbəsi olan sağsahil Ukraynası daha çox dağıntıya məruz qalmışdı. Ölkənin ümuməhali itkisi 35-40% olmuşdur. Bunun nəticəsində kazak ordusunun sayı 1648-1649-cu ildəki 140-150 min nəfərə qarşı 1653-cü ilə yalnız 50-60 min nəfər təşkil etmişdir.

Bu şəraitdə getman hakimiyyəti Moskva və İstanbulla münasibətləri fəallaşdırdı. Yalnız 1652-ci ildə Boqdan Xmelnitski üç dəfə çara müraciət etmiş, iki dəfə səfirlik göndərmişdi. 1653-cü ilin martında getman Moskvaya səfirlik göndərərək Zaporojye Qoşunu ilə Rusiya dövləti arasında razılıq imzalanmasını tezləşdirməyi xahiş etmişdir. Eyni zamanda başqa bir kazak nümayəndəliyi İstanbula göndərilərək sultan IV Mehmetdən Ukraynanı Türkiyənin hamiliyi altına almağı xahiş etmişdir. Moskva və İstanbulla yanaşı, Boqdan Xmelnitski Varşavaya səfirlik göndərərək Polşa ilə danışıqlar aparıb Zborov sülhünün şərtlərini bərpa etmək niyyətində idi.

Lakin «Ukrayna məsələsi»ni zor gücünə həll etmək məqsədilə Reç-Pos-polita hökuməti Moldaviya, Valaxiya və Transilvaniya ilə hərbi-siyasi ittifaqı gücləndirdi. 1653-cü il oktyabrın 22-də kral Yan-Kazimir 50 minlik ordu ilə Ukraynaya hücum etdi. Jvantse altında Xmelnitskinin qoşunu polyak ordusunu mühasirəyə alıb uzun müddət ərzində aclıq və fəlakətə düçar etdi. Yalnız Krım xanı İslam Gərayın polyaklarla seperat sülh bağlaması və çox miqdarda ödənc alaraq geri dönməsi Polşa ordusunu ağır məğlubiyyətdən xilas etdi. Getmanın isə ümidi yalnız Moskva çarına qalmışdı.

    • 1653-cü ilin mayın 25-də Moskvada açılan Zemstvo Məclisində Ukrayna məsələsi müzakirə olundu. Məclisdə iştirak edən bütün təbəqələrin nümayəndələri Zaporojye Qoşununun Rusiyanın tərkibinə qəbul etməyə yekdil razılıq bildirdilər. Zemstvo məclisinin qərarını yerinə yetirmək məqsədilə Rusiya hökuməti Ukraynaya boyar Vasili Buturlin başda olmaqla böyük səlahiyyətləri olan səfirlik göndərdi. 1653-cü ilin oktyabr-dekabr aylarında səfirlik Putivl şəhərində Jvanetsk kampaniyasının bitməsini gözlədi. Təntənəli təbəəlik tədbirinin Kiyevdə deyil, daha möhkəm və etibarlı qorunan Pereyaslav şəhərində keçirilməsi qərara alındı. 1654-cü il dekabrın 31-də Rusiya səfirliyinin nümayəndələri, yanvarın 6-da isə Boqdan Xmelnitski Peryaslava gəldilər. Yanvarın 8-də, gündüz saat 3-də Uspensk kilsəsi meydanında toplanan radanın qarşısında çıxış edən Boqdan Xmelnitski pravoslav böyük Rusiya dövlətinin tərkibinə daxil olmağın əhəmiyyətini, qonşu başqa dinlərə xidmət edən dövlətlərin münasibətini, uzun mübarizənin çətinliklərini dilə gətirdi. Sonra getman, Rusiya səfiri və onları müşayiət edənlər Uspensk kilsəsində andiçmə mərasimində iştirak etdilər. Kilsədəki and içmədən sonra Vasili Buturlin rus hökuməti adından getman hakimiyyətinin atributları olan bayraq, sancaq, ferz və şapkanı Boqdan Xmelnitskiyə təqdim etdi. Rəislərə hədiyyələr paylandı. Yanvarın 9-da Uspenski kilsəsində ölkənin təbəqələrini təmsil edən 284 nəfər Pereyaslavl Radasının üzvü and içdi. Yalnız bundan sonra V.Brturlin Ukraynanın Rusiyanın tərkibinə daxil olması şərtlərinin müzakirəsinə başladı. Yanvarın 13-də Çiqirinə yola düşən Boqdan Xmelnitski ertəsi gün Zaporojye Qoşununun 177 şəhər və yerinin adını əhalinin and içməsi üçün Rusiya səfirliyinə göndərdi. And içərək Rusiya dövlətinin tərkibinə daxil olmağa razılığını bildirən getmanlığın əhalisi 40 faizdən çox idi ki, bu da öz miqyasına görə hətta Avropa üçün belə yüksək göstərici sayılırdı. Ümumən, 127338 nəfər, o cümlədən 62949 kazak, 62454 meşşan, 188 şlyaxtaçı və 37 kilsə xidmətçisi təə-bəliyə and içərək razılıq vermişdi. Kəndlilər feodal asılılığında olan əhali kimi andiçmə kampaniyasında iştirak etməmişdi.

Zaporojye Qoşununun Rusiya dövlətinin tərkibinə daxil olmasına dair Pereyaslav razılaşmasını hüquqi cəhətdən təsdiq etmək məqsədilə 61 nəfərdən ibarət Ukrayna səfirliyi baş hakim S.Boqdanoviç-Zarudnı və Pereyaslav polkovniki P.Teterinin rəhbərliyi ilə Moskvaya yola düşdü. Səfirliklə yanaşı, ruhani və meşşanların da nümayəndələri səfərdə iştirak edirdi. 1654-cü ilin martın 14-də səfirlik getman və bütün Zaporojye Qoşunu adından 23 maddədən ibarət təklifi Rusiya tərəfinə təqdim etdi. «Mart maddələri» və ya «Boqdan Xmelnitski maddələri» adlanan bu sənədin orijinal nüsxəsi mövcud deyildir. Zemstvo Məclisi və Peryaslav radasının qəbul etdiyi qərarlara tərəflərin müxtəlif hüququ statusu nöqteyi-nəzərdən baxmaq lazımdır. Moskva çarlığı bu zaman müstəqil dövlət olmuşdur. Zaporojye Qoşunu isə hüququ cəhətdən Reç-Pospolitanın bir hissəsi olaraq legitim dövlət deyildi. Odur ki, getmanlığın Rusiyanın tərkibinə daxil olması ikitərəfli müqavilə əsasında deyil, padşahın öz təəbələrinə bağışlamaq aktı kimi qiymətləndirilir.

Hüququ cəhətdən müxtəlif səpgilərdə izah edilməsinə baxmayaraq, «Mart maddələri» Ukraynada özünüidarə və getman hakimiyyətini saxlamışdır. Yerli məhkəmələr fəaliyyət göstərirdi. Dövlət xəzinəsinə rüsum ödənmirdi. Reyestr (xidmətdə olub məvacib alan) kazaklarının sayı 60 min nəfər müəyyən edilmişdi. Ukrayna hətta xarici siyasət müstəqilliyini saxlamışdı, Polşa və Türkiyədən başqa bütün dövlətlərlə əlaqə saxlaya bilərdi. Düzdür, tədricən müstəqilliyini məhdudlaşdıraraq Rusiya dövləti Ukraynanı Rusiyanın bir hissəsinə çevirmişdi. II Yekaterinanın dövründə isə getmanlıq və Zaporojye Seçi ləğv edilmişdir.

 

Müəllif: Tahir Baxşəliyev  
Mənbə: RUSİYA TARİXİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK

 

 

0 şərh