Rusiya XVII əsrdə. Qarışıqlıq dövrü

Çar Fyodorun ölümü, daxili düşmənçilik, sosial münaqişə, xarici müdaxilə mürəkkəbləşən uzun sülalə böhranına səbəb oldu. Düz 15 il rus adamları «Monamaxın şapkası»nı bu və ya başqa namizədin başına qoysa da, taxta əyləşən heç bir hökmdar onlara görə Böyük Rusiya dövlətinə layiq deyildi. Məsələ ondan ibarətdir ki, Rusiyanın çoxəsrlik tarixində padşahın seçilməsi heç bir zaman gündəlikdə olmamışdır. Kiyev Rusundan başlayaraq ölkəni yalnız Ryurikoviçlər sülaləsi idarə etmişdir ki, hökmdar taxtı uğrunda mübarizə də yalnız onlar arasında olmuşdur. Moskva knyazları bütün torpaqları öz ətrafında birləşdirərək «Bütün Rusun» hökmdarı olmuşdur. Nəticədə Rus dövləti xalqların könüllü birliyi kimi deyil, Moskva knyazlarının udelləri ətrafına birləşdirməsi hesabına yaranmışdır. Böyük knyaz, sonra çar birləşmənin başlanmasının təməli olmuşdur. Onun itirilməsi ilə tam dağılaraq parçalara bölünmüşdür. Məhz əsasən bu səbəbdən Rusiyada «Qarışıqlıq dövrü» baş vermişdir.

1598-ci ildə Zemstvo Məclisində müflisləşən Kostromo boyar nəslindən olan Boris Fyodoroviç Qodunov (1552-1605) Rusiyanın çarı seçildi. 15 yaşında olarkən gənc, qarasaçlı və yaraşıqlı Boris İvan Qroznıya təqdim olundu. Çar onu bəyənərək Eşikağası prikazının stryapçisi təyin etdi. Daimi çara yaxın olması, yaraşıqlı xarici görünüşü, xoşrəftarı və ağılı sayəsində o, xidməti pillələrdə sürətlə yüksəlməyi bacarmışdır. Xüsusilə yeni çarın vaxtilə opriçnik olaraq IV İvanın ən qəddar əmrlərini yerinə yetirən Malyutı Skuratovun qızı ilə evlənməsi və bacısı İrinanın Fyodor İvanoviçin arvadı olması onun mövqeyini daha da möhkəmlətmişdir. 30 yaşında, İvan Qroznının ölümündən iki il əvvəl boyar yüksək rütbəsini alan Boris Qodunov ən nüfüzlu dövlət adamlarının sırasına daxil olmuşdur. Bacısının əri çar Fyodorun ölümündən sonra rəqibləri ilə amansız mübarizə nəticəsində öz adamı mitropolit İovun da köməyi ilə Novo-deviçe kilsəsində, sonra isə ikinci dəfə Uspensk kilsəsində çar tacını almışdır.

Çar seçildikdən sonra Boris Qodunov əvvəlki amansız və ədalətsiz siyasəti yumşaldaraq öz hakimiyyətini möhkəmlətmək, xalqın hörmətini qazanmaq niyyətində idi. Artıq çarlığın birinci günlərində o and içdi ki, beş il ərzində qan tökməyəcək, Qroznı dövründəki sərt repressiyaları təqib etmədən ölkəni ədalət və xoşniyyətlə idarə edəcək. Zadəganları öz tərəfinə çəkmək məqsədilə çar onların gecikən məvaciblərini paylatdı, bir çox boyarın rütbəsini artırdı. Sadə adamlardan alınan vergi qalığını ləğv etdi. Tacirlərə müxtəlif güzəştlər müəyyən edərək ölkə daxilində və xarici dövlətlərlə ticarəti daha da təşviq edirdi. Prikazlarda qayda yaratmaq istəyən yeni çar rüşvətxorluğa qarşı qəti çıxaraq rüşvətxor məmur və hakimlərə sərt tədbirlər müəyyən etmişdi. Çar həbsxanalardan çoxlu dustağı azad etdi.

Yeni çar Boris Qodunovun xoşniyyətlə həyata keçirdiyi tədbirlər onun hakimiyyətə olan hərisliyi, boyar və dyaklara qarşı olan qəlbindəki şübhələrlə bağlı olaraq demək olar ki, mahiyyətini əks istiqamətdə dəyişdi. Get-gedə hər şeydən şübhələnən çar donosçuların verdiyi xəbərlərə əsaslanmağa başladı. Hətta çar xolopların öz ağalarından belə xəbərçilik etməsini şirnikləşdirirdi. Boyaralara qarşı təşkil edilən xəbərçilik işindən çarın rəqibləri, xüsusilə qüdrətli Romanovlar boyar nəsli ağır nəsibini aldı ki, bu da Boris Qodunovun nüfuzunu və mövqeyini əhəmiyyətli dərəcədə aşağı salmışdır. Eyni zamanda, çar «mestniçestvo»nu məhdudlaşdırmışdır ki, bu da dövlətin marağını təmsil etsə də, knyaz və boyarların mənafeyinə ciddi zərbə idi.

Artıq 1601-ci ildən başlayaraq ölkənin bütün həyatında ciddi böhran əlamətləri hiss olunmaqda idi. 1601-ci ildə ardı-arası kəsilməyən yağışlar, ardınca don məhsulu məhv etdi. Eyni vəziyyət iki il ardıcıl davam etdi. Rusiyanın əsasən mərkəzi qəzalarını vuran təbii fəlakət aclığa səbəb oldu. Taxıl məhsulu zay olduğu üçün çörəyin qiyməti iki-üç dəfə artdı. Knyaz, boyar, tacir, ruhanilər taxıl ehtiyatları hesabına vəziyyətdən istifadə edərək qara camaatın çörəyi ilə alver edərək sərvətlərinə sərvət qatırdılar. Alverçi və dəllallıq edən adamlar taxılı ucqarlardan alıb baha qiymətə satırdılar. Bütün bunlar dəhşətli aclığa səbəb oldu. Sadə insanlar acından ölməmək üçün pişik, it əti, saman və s. yeyirdilər. Salnamə məlumatlarına görə, hətta aclıqdan adam əti belə yeyirdilər.

Çar Boris Qodunov taxıl ehtiyatından xalqa taxıl paylatsa da, bu yalnız Moskva posad əhalisinə aid idi. Odur ki, ucqarlardan, öz mülklərindən knyaz, boyar və zadəganlar tərəfindən qovulmuş kəndli və xoloplar Moskvaya axışaraq küçələri doldurdu. Xaqlın vəziyyəti düzəltmək məqsədilə çar Boris Qodunov 1601-ci il noyabrın 28-də «Yuriyev günü»nü bərpa etdi. Lakin bu Moskva qəzasına və dövlət torpaqlarına aid deyildi. Əyan zadəganları öz kəndlilərini, çar isə dayağı olan zadəganları itirməyə başladı. Boris Qodunovun 1603-cü ilin avqustunda verdiyi ikinci fərmana əsasən yaşadığı və çalışdığı mülklərdən, yeməkdən məhrum edilərək küçəyə atılan xoloplar azadlığa çıxırdı. Beləliklə, minlərlə evsiz xolop Moskva ətrafında quldur dəstələrinə birləşir və ya cənub torpaqlarına üz tuturdular. Yaşayış vasitələrindən məhrum olan insanlar silah gücünə yollarda tacir karvanlarına hücum edir, varlı adamların taxıl anbarlarını soyaraq quldurluq və soyğunçuluqla məşğul olurdular.

Xüsusilə 1603-cü ildə üsyana qalxmış ac xolop və kəndlilər Xlopko Ko-solapanın başçılığı altında Moskvaya gedən yolları tutaraq, boyar və zadəganların mülklərinə hücum edərək varlı adamların əmlakını ələ keçirirdilər. Boris Qodunov voyevoda A.F.Basmanovu çoxlu qoşunla Xlopko Kosolapanın dəstəsini dağıtmağa göndərdi və Moskva altında əsl qanlı döyüş baş verdi. Yaralı ələ keçən Xlopko Kosolapa edam olundu, Basmanov da döyüşdə həlak oldu. Üsyançıların sağ qalan hissəsi ölkənin cənub-qərb torpaqlarına qaçdı. Beləliklə, «böyük aclıq» xalqın faciəsini daha da artıraraq adamları qan, ölümlə müşayiət olunan mübarizəyə sövq etdi.

Məhz bu illlərdə Boris Qodunov yeni, daha təhlükəli vəziyyətlə qarşılaşmışdır. Meydana çıxan bir nəfər bəyan etmişdir ki, o ölümdən qaçıb qurtaran şahzadə Dmitridir. Alimlərin çoxu belə hesab edir ki, şahzadə Dmitrinin adı altında gizlənən şəxs müflisləşən Qaliç dvoryan nəslindən olan Qriqori Otrepyev olmuşdur. O, boyar Romanovların malikanəsində xidmətə başladıqdan sonra rahib kimi Çud kilsəsində qulluq etdikdən sonra Litvaya qaçmışdır. Tezliklə zəngin Polşa knyazı Adam Vişnevetskinin mülkündə yerləşən Qriqori Otrepyev özünü şahzadə Dmitri elan etdi. Başqasının adını mənimsəyən yalançı Sandomir voyevodası Yuri Mnişekin sarayına yerləşərək onun 16 yaşlı qızı katolik qadın Marina ilə nişanlandı. Yalançı Dmitri də gizli olaraq katolikliyi qəbul edərək Zaporojye Seçində öz ordusunu yaratdı. Ölkənin hər yerinə müraciətlər yayan fırıldaqçı, xüsusilə kazaklar qaçqın xolop və kəndlilər arasında qızğın tərəfdarlar qazandılar. Xalq arasında belə bir şayiə dolaşırdı ki, bu, həqiqətən də, ədalətli və mehriban çar Dmitri İvanoviçdir. Hakimiyyəti ələ aldıqda Polşa kralına Çerniqov-Seversk torpaqlarını, Mnişekə Novqorod və Pskovu, Papaya katolikliyin yayılmasını vəd edərək Yalançı Dmitri 1604-cü ilin oktyabrında 2000 muzdlu əsgərlə Dnepri keçərək rus torpaqlarına daxil oldu. Birinci döyüşdə çar qoşunları fırıldaqçının dəstəsini dağıtsa da, tez bir zamanda don kazakları, kəndli və xoloplar, onun tərəfinə keçən zadəgan və strelets dəstləri hesabına Yalançı Dmitrinin qoşunu 15 min nəfərə çatdı. Cənub və cənub-qərb torpaqları döyüşsüz düşmən tərəfinə keçdi. Kromı şəhəri altındakı döyüşdə çar qoşunları fırıldaqçının tərəfinə keçdi.

  • 1605-ci il aprelin 13-də 54 yaşlı çar Boris Fyodoroviç Qodunov vəfat etdi. Oğlu 16 yaşlı Fyodor Borisoviç yeni çar elan olundu. Moskvaya daxil olmağa tələsməyən Yalançı Dmitri «məlahətli fərmanlar»ını yaymaqda davam edirdi ki, avantürist boyarlara əvvəlki şərəfini, zadəganlara xoşniyyət və xidmətdə istirahət, tacirlərə güzəştlər, bütün xalqa xoşrəftar, sakitlik və firavanlıq vəd edirdi. 1605-ci il iyunun 1-də belə bir fərmanı A.S.Puşkinin əcdadlarından biri olan Qavril Puşkin Moskva Kremlinin yanında xalqa oxuduqdan sonra əhali silaha sarılaraq Kremlə daxil oldu və Moskva üsyançıların əlinə keçdi. Bu zaman Serpuxova yaxınlaşan Yalançı Dmitrinin tələbi ilə streletslər çariçanı iplə boğdu, Fyodor Qodunovu isə öldürdülər. Çarın bacısı Kseniyanı bir qədər sonra saçını vurduraraq rahibə kimi Kirill-Belozersk kilsəsinə göndərdilər. 1605-ci il iyunun 20-də Yalançı Dmitri zəng səslərinin sədaları altında Moskvaya daxil oldu. Bir az keçdikdən sonra Yalançı Dmitri anası Mariya Naqoyun, yəni, rahibə Marfanın İvan Qroznının arvadının görüşünə getdi. Ana Yalançı Dmitrinin oğlu olduğunu qəbul etdi.

Yalançı Dmitri artıq anasının da qəbul etdiyi həqiqi çar kimi fəaliyyətə başlayaraq Boyar Duması ilə münasibətlərini qaydaya saldı. Boris Qodunov dövründə sürgünə göndərilən bir çox boyar və dyak, o cümlədən sağ qalan Romanovlar Moskvaya qaytarıldı. Birinci gündən Yalançı Dmitrinin köməyi ilə zadəganaların zəhmət haqqı ikiqat artırıldı. Aclıq dövründə qovulan xoloplara azadıq verdi, ölkənin cənub-qərb ərazilərində yaşayan əhalinin bir hissəsini vergidən azad etdi. Polşa kralına vəd etdiyi torpaqları verməkdən imtina edən Yalançı Dmitri katoliklərə isə Rusiyada məbəd tikməyə icazə vermədi. Bununla bərabər, Yalançı Dmitri yanında çoxsaylı polyak və xarici cangüdən, əsgər saxlayırdı. Onun yaxın məsləhətçiləri polyaklar idi ki, bu da rus xalqını qıcıqlandırırdı. Çarın nişanlısı Marina Mnişek iki min polyak şlyaxtaçısının əhatəsində toy məclisi üçün Moskvaya gəldikdə bu xəbər daha tez yayıldı. Pravoslav keşişinin əlindən priçastiyeni və gəlinlik paltarını almağı imtina edən Marinanın davranışı, onu əhatə edən Polşa panlarının və əsgərlərinin şəhərdə özlərini sahib kimi aparması, moskvalıları soymağı, qadınları təhqir etməsi, silah və itlərlə kilsəyə daxil olmaları nəticə etibarilə Yalançı Dmitrini məhv etdi. Şəhərdə polyakalara və Marinaya qarşı qəzəb və nifrət baş qaldırdı. Knyazlar Şuyski və Qolitsın narazı boyarları sui-qəsd təşkil etməyə istiqamətləndirdi. 1606-cı il mayın 17-də şəhərlilər, eyni zamanda 200 nəfərlik zadəgan dəstəsi, başda sui-qəsdçi boyarlar olmaqla, Kremlə hücum etdilər. Pəncərədən atılaraq qaçmağa çalışan Yalançı Dmitri ələ keçdi və qılıncla kəsilərək öldürüldü. Meyiti üç gün Qızıl meydanda qaldıqdan sonra külünü topla gəldiyi istiqamətdə atdılar. Marina Mnişek və atasını həbs edərək Yaroslavla göndərdilər.

Qarışıqlıq Rusiyada qaynaşmaya səbəb olmuşdu, bütün inciklik və narazılıq üzə çıxmışdır. Qarışıqlığın əsas lokomativi, aparıcı qüvvəsi isə xalqın böyük əksəriyyəti olan sadə adamlar idi. Ölkədə baş verən mühüm hadisələrdə siyasi mübarizə təcrübəsi olmayan xalq əsas rol oynayırdı. Onların böyük əksəriyyəti nəyin doğru, nəyin yalan oluğunu bilmirdi, bundan da ayrı-ayrı qruplar və yaxud adamlar öz xeyirlərinə istifadə etdirdi. Belə bir vəziyyətdə Yalançı Dmitri öldükdən sonra alçaqboylu, gözləri yaxşı görməyən 50 yaşlı Vasili Şuyski (1552-1612) yeni çar elan olundu. Ryurikoviçlər nəslindən olan yeni çar özünün Qodunovdan daha çox çar olmaq hüququ olduğunu bildirərək daim çar taxtına can atırdı. Lakin boyar çarın hakimiyyətə gəlməsi Rusiyada qarışıqlığın qarşısını almaq yerinə onu daha da artırdı. Zadəganların bir hissəsi — Yalançı Dmitrinin tərəfdarları əldə etdiklərini itirməmək məqsədilə yeni çarın hakimiyyətini qəbul etmədilər. Artıq bir neçə gündən sonra belə bir şayiə yayıldı ki, çar ölümdən xilas olaraq gizlənir və tezliklə üzə çıxacaq. Antiboyar əhvali-ruhiyyənin mərkəzi Yalançı Dmitrinin dostu və tərəfdarı olan Putivl şəhərciyinin voyevodası knyaz Şaxovskinin torpaqları idi. Ryazan, Yelets və digər şəhərlər Putivli müdafiə edirdi. Polşada isə Fyodor Qodunovu qətl edənlərdən biri olan zadəgan Molçanov özünü xilas olan çar Dmitri elan etdi. Tezliklə cənub və cənub-qərb torpaqlarında güclü üsyan başladı. Son iki ildə Rusiyanın sadə adamları çar Dmitrinin bəxş etdiyi azadlıqları unutmadıqları, başqa bir tərəfdən kəndlilərin posad adamlarının çox hissəsinin hakimiyyətin idarəçiliyindən çıxaraq özlərini azad hiss etdikləri üçün onlar boyar-knyaz Moskvasına tabe olmaq istəmirdilər. Beləliklə, 1606-cı ildə Rusiyada vətəndaş müharibəsi başladı ki, cəmiyyətin aşağı və orta təbəqəsi olan zadəgan və posad adamları yuxarı təbəqəyə qarşı əlində silah mübarizəyə qalxdı. Məqsəd isə hakimiyyətin zəbt edilməsi idi. Belə bir şəraitdə XVII əsrin əvvəlində Rusiyada baş verən hadisələr ölkəni iki hissəyə yəni, Putivl və Moskva olmaqla rəqib mübarizə mərkəzlərinə ayrılmasına gətirib çıxardı.

Payıza doğru Yelets altında böyük üsyançı dəstə formalaşdı ki, çar Şuyskinin göndərdiyi knyaz qoşunu da onların tərəfinə keçdi. Əsasən Rusiyanın cənub qəzalarının zadəganlarından ibarət olan qoşuna zadəganlar İstoma Paş-kov, Prokopi Lyapunov, Qriqori Sunbulov başçılıq edirdi. Putivldə Yalançı Dmitrinin Moskvaya birinci səfərində iştirak edən kazak, qaçqın xolop, kəndlilər və s. ibarət olan başqa bir ordu meydana gəldi. Bu qoşunda da əyanların, zadəgan və xidmət adamlarının nümayəndələri təmsil olunmuşdu. Orduya isə sadə, adi insan, təcrübəli döyüşçü İvan Bolotnikov başçılıq edirdi. Knyaz Te-letevskinin hərbi xidmətində olan Bolotnikov kazakaların yanına qaçaraq Krım tatarları ilə döyüşdə əsir düşərək Türkiyəyə satılmış, böyük qayıqda avarçəkən olmuş, dəniz döyüşlərində italyanlar tərəfindən azad olunaraq Avropaya getmiş, Polşada özünü xilas olan Dmitri elan edən Molçanovla görüşmüşdür. Molçanovun verdiyi məktubla Putivlə gələn Bolotnikov voyevoda Dmitri Şaxovski tərəfindən tezliklə böyük orduya çevrilən üsyançı dəstəsinə komandir təyin olunmuşdur. Moskvaya doğru yola çıxan Bolotnikovun ordusu bir neçə uğurlu qələbədən sonra Moskva altında Yeletsdən gələn zadəgan qoşunu ilə birləşsə də, onlar arasında razılıq yox idi. Onları yalnız çar Dmitri şüarı birləşdirirdi, hər birinin məqsədi isə fərqli olmuşdur.

  • 1606- cı ilin oktyabrında qoşun Kolomensk kəndində yerləşmişdir, Paşkov və Lyapunov «xolop» Bolotnikova tabe olmamaq üçün dəstəsini ayrı saxlayırdı. Moskvanı mühasirədə saxlayan üsyançılardan dekabrın 2-də əvvəl Lyapunovun Ryazan zadəgan qoşunu, sonra Paşkovun dəstəsi Şuyski ilə gizli danışıq nəticəsində xəyanət edərək onun tərəfinə keçdilər. Cəbhənin bir hissəsi açıldığı üçün hökumət qoşunları üsyançıları sıxışdırmağa başladı. Onların çoxu döyüş meydanında həlak oldu, bir çoxu əsir düşərək elə döyüş meydanında edam olundu. İki gün çar qoşunlarına müqavimət göstərən Bolotnikov Kaluqaya çəkilməyə məcbur oldu, qoşunun bir hissəsi isə Tulaya qaçdı. Tulada üsyançılara özünü çar Fyodor İvanoviçin oğlu Pyotr elan edən növbəti bir fırıldaqçı qoşulmuşdu. Bir neçə min nəfərlik kazak, xolop, kəndlilərdən ibarət dəstəsi olan «Pyotr» Bolotnikovun üsyançıları ilə birləşərək Tula və Kaluqa altında bir neçə qələbə qazandılar. 1607-ci ilin noyabrında Tula yaxınlığında Yalançı Dmitrinin tərəfdarı Şuyskinin düşməni, Bolotnikovun keçmiş sahibi knyaz Teletevskinin başçılığı altında üsyançılar Şuyski ordusuna ağır zərbə vurdu. Lakin knyaz və Bolotnikov bu qələbəni inkişaf etdirə bilmədilər. Hər iki ordu müstəqil olaraq Tulaya çəkildi və burada çar Şuyskinin 100 minlik ordusu tərəfindən mühasirə edildi. Çar verdiyi fərmanlarla üsyançları tərk edən xo-loplara azadlıq, qaçqın kəndlilərin axtarıb tapılmasını 5 ildən 15 ilə çıxarılmasını bəyan etdi ki, bu da üsyançıların parçalanmasına, təhkimçilik qaydalarını sərtləşdirildiyi üçün zadəganların möhkəmlənməsinə xidmət edirdi. 4 ay Tulanın daş divarları arasında müqavimət göstərdikdən sonra yerli Upa çayının qabağı kəsilərək şəhərə yönləndirildi. Şəhərdə aclıq başladı. Barıt və döyüş sursatları suyun altında qaldığı üçün üsyan başçıları Şuyski ilə danışıqlara başlamağa məcbur oldu. Şəhəri təhvil verəcəkləri təqdirdə üsyançıları bağışlamağı vəd edən çar andına əməl etmədi. Yalançı Pyotru tezliklə asdılar, Bolotnikovu şimala sürgün edərək, 6 aydan sonra gözlərini çıxarıb çayda boğdular. Lakin üsyançılarla hökumət qoşunlarının mübarizəsi xeyli davam etmişdir.

  • 1607- ci ilin yayında yeni bir fırıldaqçı meydana çıxdı. Bu xarici görünüşünə əsasən Yalançı Dmitriyə bənzəyən, avaraçılıq edən müəllim idi. Polyak şlyaxtaçıları Molçanovla birlikdə ona çar Dmitri adını mənimsəməyi təklif etdilər. Növbəti avantürada daha fəal iştirak edən polyak kralı muzdlu döyüşçüləri, Zaporojye və Don kazaklarından, bolotnikovçu üsyançıların bir hissəsindən ibarət olan 30 minlik qoşunu 1608-ci ilin yazında hazır etmişdir. Rus adamları yenidən II Yalançı Dmitrinin şəxsində «xeyirxah çar» axtarışına çıxdı. Odur ki, Rusiyanın əsas cənub və qərb şəhərləri II Yalançı Dmitrini qəbul etdilər. Ölkənin şimal, şimal-şərq və mərkəz şəhərləri Şuyskiyə sadiq qaldılar.

  • 1608-ci il mayın 1-də ikinci Yalançı Dmitrinin qoşunu Volxov şəhəri altında çar ordusunu məğlub edib Moskvaya yaxınlaşdı. Moskvanı ala bilməyən II Yalançı Dmitri Tuşino altında öz qərərgahını qurdu ki, bu səbəbdən də Rusiya tarixində o «Tuşino oğrusu» ləqəbi ilə tanınmışdır. Fırıldaqçı çar buada özünün idarəçilik orqanlarını — boyar dumasını, prikazları yaratdı. Rostov mitropoliti Filaret Romanovu patriarx təyin etdi. Beləliklə, Rusiyada 2 çar, 2 hökumət, 2 paytaxt yarandı ki, bu qarışıqlıq dövrünün apogeyi, yəni ən yüksək zirvəsi oldu. Tuşino qərargahına polyaklar tərəfində pulla ələ alınıb gələn Marina Mnişek II Yalançı Dmitrinin əri olduğunu təsdiq etdi və gizli onunla nişanlandı. Rus torpaqlarında özbaşınalıq edən şlyaxtaçılar, xüsusilə dəstə komandiri Li-sovskinin şəhər və kəndləri soyub talaması xalqın səbir kasasını aşırdı. Bir çox rus adamı «Tuşino oğrusu»nu tərk etməyə başladı. Payızda polyaklar zəngin Troitsa-Sergiyev kilsəsinə hücum etsə də, keşiş, posad adamı və kəndlilər müqəddəs pravoslav məbədini bir ildən çox müdafiə etdilər.

Öz hakimiyyətini və Moskva dövlətini saxlamaq məqsədilə çar Polşa ilə müharibə vəziyyətində olan İsveçlə müqavilə bağladı. 1608-ci ildə Novqorodda danışıqları çarın qardaşı oğlu, gənc istedadlı sərkərdə Mixail Vasilyeviç Sko-pin-Şuyski aparırdı. İsveçlilər ruslara təcrübəli hərbi sərkərdə Yakob Delaqardi başda olmaqla, əlli minlik korpus verməyi vəd etmişdi. Şuyski Korel şəhərini ətrafı ilə birlikdə İsveçə verməyi öhdəsinə götürdü. 1609-cu ilin yazında müttəfiq ordu Novqoroddan hərəkət edərək II Yalançı Dmitrinin qoşunlarını bir çox şəhərdən vurub çıxardılar. Tezliklə Skopin-Şuyski polyaklara ağır zərbə vuraraq Troitsa-Sergiyev kilsəsini azad etdi. İsveç ordusu Şuyskidən onlara çatan pul vəsaitini almadıqları üçün müqavilədə yazılanın əksinə olaraq rus şəhər və kəndlərini soymağa başladılar. İsveçlilərin Rusiya ərazisinə daxil olması ilə bağlı Polşa kralı Rusiya ilə olan müqaviləsini pozaraq payızda Smolenski mühasirə etdi. Artıq II Yalançı Dmitri onlara lazım olmadığı üçün «Tuşino oğrusu» və Marina Mnişek Kaluqaya qaçdırlar. Artıq Rusiyada iki deyil, üç hakimiyyət mərkəzi yaranmışdı: Moskva, Tuşino, Kaluqa. II Yalançı Dmitri qaçdıqdan sonra Tuşino patriarxı Filaret Romanov və ətrafı çar Şuyskini başqa bir adamla əvəz etmək məqsədilə Rusiya taxtına Polşa kralının gənc oğlu Vladislavı dəvət etmək fikrinə gəldilər. Bu zaman artıq Skopin-Şuyskinin qoşunu polyak dəstələrini bir neçə döyüşdə məğlub edərək Moskvaya daxil oldu. Moskvaya daxil olan 24 yaşlı istedadlı sərkərdə bir dəfə də olsa məğlub olmamışdır və xalq onu qəhrəman kimi qarşılayaraq gələcək çar kimi tərif etməyə başladı. Bundan son dərəcə narahat olan Şuyski ailəsinin təşkil etdiyi bir məclisdən sonra sərkərdə lal oldu və öldü. Bu çar Şuyskinin onsuz da aşağı olan nüfuzunun heç olmasına şərait yaratdı. İsveçliləri ölkəyə dəvət edən, Polşa ilə müharibə vəziyyəti yaradan çar Şuyskinin onsuz da aşağı olan nüfuzu demək olar ki, qalmamışdı. Xalqın qəzəbinə səbəb olan son hadisələr çarın qardaşı Dmitri Şuyskinin Kluşin altındakı döyüşdə polyaklara məğlub olması və II Yalançı Dmitrinin Kaluqadan çıxaraq bir neçə cənub şəhərini tutub Kolomensk şəhəri yaxınlığında düşərgə qurması oldu. Moskva yenidən mühasirə vəziyyətinə düşdü.

Moskva və Tuşino boyarları posad adamları və streletsləri də cəlb edərək sui-qəsd təşkil edib 1610-cu il iyulun 17-də Şuyskini taxtdan saldılar. Rahib kimi başı qırxılan Şuyski qardaşı ilə birlikdə polyaklara təhvil verildi, iki il sonra əsirlikdə öldü. Çevrilişin başında görkəmli Moskva boyarları F.İ.Mstislavski, V.V.Qolıtsın və Boyar Dumasının başqa üzvləri dururdu. Onlar yeddi nəfər olduqları üçün yeni hakimiyyət xalq arasında «yeddi boyar hakimiyyəti» adlanmışdır. Boyarlar Polşa ilə müharibəyə son qoymaq üçün tuşinolularla birlikdə rus taxtına yenidən polyak şahzadəsi Vladislavı dəvət etdilər, bir şərtlə ki, o pravoslavlığı qəbul edərək, pravoslav qızla ailə qursun, rus torpaqlarını polyak qoşunlarından təmizləsin. Məsələ Smolenskdən Moskvaya yaxınlaşan polyak qoşununun rəisi getman Stanislav Jolkevski ilə müzakirə olundu. Moskva əhalisi isə Vladislavın xeyrinə and içdi. Tezliklə Moskva səfirliyi başda Filaret Romanov və knyaz Qolıtsın olmaqla Smolensk altına kralla görüşə getdi. Boyar dumasının polyak qoşunu ilə birgə ordusu II Yalançı Dmitrini Moskvadan Kaluqaya qovdu. 1610-cu il sentyabrın 21-də gecə boyarların razılığı ilə polyaklar gizli Kremlə daxil oldu. Ov zamanı II Yalançı Dmitri adamları tərəfindən öldürüldü. Arvadı Marina Mnişek isə bir neçə gündən sonra İvan adlı oğlan uşağı dünyaya gətirdi ki, bu fırıldaqçıların son arzusu idi. Polşa kralı Smolenski mühasirəsini ləğv etməyi rədd edərək oğlunun pravoslav olmasını qəbul etmədi, sonra isə özünə Rusiya taxtını tələb etdi. Şərait olduqca mürəkkəb olaraq qalırdı. Polşa kralı Rusiya ilə müharibəni davam etdirir, İsveç müttəfiqdən düşmənə çevrilmiş, Polşa qarnizonu Moskvada dayanmışdı. Rusiya dövlətçiliyi məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə təsəvvür yaranırdı ki, Rusiyanı xarici işğalçılardan xilas edən güc mümkün deyildir.

Rusiya dövlətinin düçar olduğu daxili və xarici bəladan yenə əhalinin ayrı-ayrı təbəqələrini əhatə edən rus xalqı xilas etdi. Xalqı təmsil edən əhalinin orta təbəqəsi, ilk növbədə şəhərlərin varlı posad əhalisi, tacirlər, sənətkarlar, zadəganlar, dövlət kəndliləri, kazaklar fırıldaqçılara, polyaklara, Şuyski və «yeddi boyar hakimiyyəti»nə qarşı onlarla əlaqədar olmayan boyar və knyazlar ölkənin müdafiəsinə qalxdılar. Vətənpərvərlik hərəkatının başında düşmən qarşısında baş əyməyən ahıl patriarx Germogen dayanırdı. Patriarx polyakların əlaltılarını lənətləyərək əhalini Vladislava tabe olmamağa çağırdı. Rusiyanın şəhərləri ölkəni xarici müdaxiləçilərdən, katolik dinindən xilas etmək məqsədilə Moskvaya köməyə tələsdi. Birinci olaraq, Prokopi Lyapunov başda olmaqla Ryazan qalxdı. 1611-ci ilin əvvələrində dəstələr şəhərlərdən Moskvaya doğru hərəkətə başladı. Eyni zamanda ataman İvan Zarutski və knyaz Dmitri Tru-betskoyun başçılıq etdikləri kazak dəstələri Moskvaya doğru yola çıxdılar. Məqsədi Moskvanı polyaklardan xilas etmək olan birinci xalq yığma qoşununun başında keçmiş Zemstvo məclisinə bənzər bütün torpaqların Şurası dayanırdı ki, ona da qoşun rəhbərləri başçılıq edirdi.

1611-ci il martın 19-da xalq qoşunu düşərgəsindən Moskvaya gizli daxil olan voyevoda D.M.Pojarskinin başçılığı ilə üsyan başladı. Üsyançılar polyakların bir neçə hücumunu dəf etdikdən sonra polyak qoşunu üsyanı alovla boğmağa qət edərək şəhəri yandırdılar. Üsyançılar yaralanan Pojarskini döyüş meydanından çıxararaq Troitsa-Sergiyev kilsəsinə, oradan isə Nijni Novqorod altındakı meşəlikdə olan kəndi Muqreyevə apardılar. Birinci xalq qoşunu dəstələri yandırılan, dağıdılan şəhəri almaq uğrunda mübarizəyə başladı. Moskva ətrafında baş verən hadisələrdən istifadə edən polyak qoşunu 1611-ci ilin iyulun 3-də Smolenski, isveçlilər isə Novqorodu və onun ətraf torpaqlarını işğal etdilər.

Azadlıq hərəkatına rəhbərlik etmək məqsədilə birinci xalq qoşunu knyaz Dmitri Timofeeviç Trubetskoy, ataman İvan Martınoviç Zarutski və voyevoda Prokopi Petroviç Lyapunov olmaqla hökumət seçdi. Bütün yerlərin Şurası hərəkatın yaxın vəzifələrini müəyyən edən «Hökm» («Приговор») qəbul etdi. «Hökm»də əsas vəzifə votçina sahibi olan boyarların, zadəgan-mülkədarların mənafeyini müdafiə etmək idi. Eyni zamanda kazak dəstələrinin Rusiyanın şəhərlərindən çıxarılması, onlara soyğunçuluq və adam öldürməyin qadağan edilməsi, votçina və mülkədar mülklərindən qaçan kəndlilərin axtarıb tapılması kimi məsələlər də «Hökm»də öz əksini tapmışdı. Bu birinci xalq qoşunu başçıları arasında münaqişəyə, nəticədə isə kazakların Lyaponovu qılıncla kəsməsinə səbəb oldu.

Qanlı faciə ilə bitən çəkişmələrə baxmayaraq, xalq qoşunu payız və qışda iki dəfə Moskvanı ələ keçirməyə cəhd etsə də, buna nail ola bilmədi. Sentyabr ayında Xodkeviçin korpusunun Moskvaya yaxınlaşması ilə şəhərdəki polyak qarnizonu xilas oldu. Zarutskinin kazak dəstələri ilə Xodkeviçin qoşunu arasındakı döyüşdə də heç bir tərəf qələbə çala bilmədi. 1611-ci ilin qışına doğru birinci xalq qoşunu qəti olaraq dağıldı.

Rusiya dövlətini və pravoslav dinini xaricilərdən xilas etməyi qarşısına məqsəd qoyan xalq hərəkatının növbəti mərkəzi Orta Volqaboyunda başlıca strateji mövqeyə malik olan, mühüm ticarət və sənətkarlıq mərkəzi Nijni Novqorod oldu. Yeni yaranan hərəkatın lideri çox da gənc olmayan, Nijeqorod posad adamı, zemstvo rəisi, ət taciri Kuzma Miniç Minin idi. Təmiz, ədalətli, satılmayan adam kimi şəhərdə nüfuz sahibi olan Kuzma Minin ümumi məqsəd naminə əhalinin əmlakının bir hissəsindən vaz keçməsinə dəvət edərək, özü sərvətini və arvadının zinət əşyalarını verdi. Minlərlə adam onun etdiyini təkrarladı. Kim nə bacarırdı, onu da verdi: pul, bəzək əşyası, daş-qaş və s. Vətənpərvərlik hərəkatı bütün Rusiya şəhərlərini bürümüşdü. Hər yerdən vəsait toplanıb Nijni Novqoroda göndərilirdi. Yığılan vəsaitdən formalaşmaqda olan orduya xidmət haqqı müəyyən olundu. 33 yaşlı knyaz Dmitri Mixayloviç Pojarski təcrübəli hərbi sərkərdə, vətənpərvər kimi qoşuna voyevoda təyin olundu.

1612-ci ilin martında yığma xalq qoşunu Moskvaya doğru deyil, yuxarı Volqa üzrə Yaroslavla hərəkat etdi. Çünki ataman Zarutski və boyar Tru-betskoyun qoşunu hələ Moskva altında dayanaraq nəzarət etdikləri ərazilərdə soyğun və zorakılıqla məşğul olurdu. Yaroslavlda dörd ay dayanan ikinci xalq yığma qoşunu özlərinin hökumətini, yəni «bütün torpaqların Şurasını», Boyar Dumasını, prikazları yaratdılar. İkinci xalq qoşunu hökuməti Rusiyanın bütün yerlərinə fərmanlar göndərərək xalqı Moskvanı, Rusiya dövlətini xilas etmək məqsədilə köməyə, ordu və vəsait toplamağa dəvət etdi. Qayda-qanun, sabitlik təbliğ edən yeni Yaroslavl hökuməti atdığı addımlarla ölkədə ümumrusiya vətənpərvərlik hərəkatını alovlandırdı.

1612-ci il iyulun 27-də ikinci xalq qoşunu Yaroslavldan Moskvaya doğru hərəkət etdi. Getman Xodkeviçin Moskvaya tələsməsi xəbərini alan Pojarski tez hərəkət edib Moskva çayının qərb sahilində dayanaraq Qərbdən Kremlə gedən yolu kəsdi. Moskva çayının sağ sahilində isə birinci xalq qoşununun Trubetskoyun başçılıq etdiki kazak taboru dayanmışdır ki, onlar da Kremlə gedən yolu cənub-qərbdən qoruyaraq polyak qarnizonunu mühasirədə qalmağa məcbur edirdi. Avqustun 22-də polyak qoşunu Moskva çayını keçərək Kremlə hücuma başladı. Pojarski onları Novodeviçe kilsəsinin yanında qarşıladı və hər iki tərəfdən 10-12 min nəfərlik ordu qanlı döyüşə başladı. Avropada ən yaxşı süvari qoşun kimi qəbul edilən polyak süvariləri hücum edib rus ordusunun sol cinahını çayın sahilinə sıxışdırdı. Eyni zamanda Kremldəki polyak qarnizonu ruslara arxadan zərbə endirməyə cəhd etsə də, uğur qazanmadı. Çayın o biri sahilində dayanan Trubetskoyun kazak dəstəsi Pojarski xalq qoşununun tökülən qanını seyr edirdi. Xodkeviçin qələbəyə yaxın olduğu bir vaxtda Trubetskoyun əmri olmadan yüzlərlə süvari Moskva çayını keçərək polyakların sol cinahına zərbə vurdular. Kazakların bu hücumu döyüşün həlledici anı oldu, ikinci xalq qoşunu əsgərləri yenidən hücuma keçdilər

Xodkeviç taktikanı dəyişərək avqustun 24-də qoşunu Don kilsəsi istiqamətində Moskva çayının o biri tərəfindən Kremlə doğru hücuma başladı. Pojarski və Trubbetskoyun kazak dəstəsini sıxışdıran Xodkeviç belə güman etdi ki, Zamoskvereçye onun əlindədir, odur ki, yüklə dolu araba karvanını Kremlə keçirmək üçün bura yerləşdirdi. Yük polyak ordusunun hərəkət qabliyyətini azaltdı. Kuzma Minin bir neçə yüz zadəgan süvarisi ilə Xodkeviçin ordusunun sol cinahına zərbə vurdu. Bunun ardınca xalq qoşunu və kazaklar hücum edib polyak qoşunun geri oturtdular, hərbi yükü isə ələ keçirdilər. Sentyabrın axırlarında hər iki xalq qoşunu və «Şura» nəhayət birləşdi. İki aya kimi mühasirədə qalan polyak qarnizonu oktyabrın 22-də danışıqlara və təslim olmağa razı oldular. Bu zaman yenə öz təşəbbüsləri ilə hücuma keçən ka-zaklar Kremlin Kitayqorod rayonunu aldılar. Oktyabrın 26-da polyak qarnizonu təslim oldu. Ertəsi gün Qızıl meydanda birləşən Pojarskinin polku və Trubet-skoyun kazakları Kremlə daxil oldu. Qərbdən III Sigizmundun ordusu hücuma keçsə də, ön hissələrin Moskva ətrafında məğlub olması və polyakların Moskva qarnizonunun ləğv edilməsi Polşa kralının geri qaytarılmsına səbəb oldu.

Bununla «Qarışıqlıq dövrü» hələ başa çatmadı. Zarutski kazakları və II Yalançı Dmitrinin Marina Mnişekdən olan oğlu İvanla birlikdə cənubdan təhlükə yaradırdı, Polşa ilə müharibə davam edirdi, ölkə idarəedilməz vəziyyətdə idi. 1612-ci ilin axırlarından Rusiyanın bütün təbəqələri, o cümlədən boyar, zadəgan, kilsə xadimləri, posad əhalisi, kazaklar Moskvaya seçilmiş nümayəndəli orqan olan Zemstvo məclisinin yığıncağına toplaşdılar. Nümayəndələr arasında hətta qara camaatın və sarayın şəxsən azad olan kəndliləri də təmsil olunmuşdur. Məclisin qarşısında duran əsas məsələ yeni Rusiya hökmdarını seçmək idi. Birinci olaraq Məclis üzvləri qərara gəldi ki, Rusiya taxtına xaricilər — nə Polşa, nə də İsveç şahzadələri seçilsin. Rusiya taxtına yerli on nəfərə kimi namizəd var idi. Birinci olaraq, qədim knyaz nəslindən olan F.İ.Mstislavski və V.V.Qolitsının adı çəkildi. Birinci polyaklarla bağlı özünü hörmətdən salmışdı, ikinci isə polyak əsirliyində idi. Zadəgan və ka-zaklar knyaz D.M.Trubetskoyun namizədliyini irəli sürsə də, boyarlar onun mənşəyinin kifayət qədər qədim olmamasını əsas tutaraq qəbul etmədilər. Knyaz D.M.Pojarskini də namizədliyi də yeni şəraitə uyğun qəbul edilmədi.

Kazaklar 16 yaşlı Mixail Romanovun namizədliyini irəli sürdülər. Tuşino patriarxı Filaretin oğlu olan Mixail kazaklara yaxın idi. Eyni zamanda, o, polyak əsirliyində olan əzabkeş atasının şərəfini təcəssüm etdirirdi. Boyarlar onu qədim aristokrat kökündən olduğu üçün müdafiə etdilər. Belə ki, Mixail İvan Qroznunun birinci arvadı Anastasiya Romanovanın qardaşı uşağının nəvəsi idi. Həm də boyar qrupu taxta onlardan asılı olan hökmdarı seçərək onun müstəbid hakimiyyətini məhdudlaşdırmaq niyyətində idi. 1613-cü il fevralın 21-də Mixail Fyodoroviç Romanov Rusiya dövlətinin çarı seçildi, «Qarışıqlıq dövü» başa çatdı.

 

 


Müəllif: Tahir Baxşəliyev  
Mənbə: RUSİYA TARİXİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK

 

0 şərh