Rusiya XVII əsrin I yarısında

Yeni çar Mixail Romanov gənc və təcrübəsiz idi. Lakin boyarların çarı idarə edə biləcəkləri niyyəti baş tutmadı. Yeni çarın ətrafında tez bir zamanda nüfuzlu boyar, knyaz, zadəgan, dyaklardan ibarət tərəfdarları qrupu yarandı. Bir az sonra çarın atası patriarx Filaret əsirlikdən qayıtdı və faktiki olaraq oğlunun hakimiyyət şəriki oldu. Təcrübəli, ağıllı, möhkəm xarakterli 64 yaşlı patriarx dini və dünyəvi hakimiyyəti öz əlində birləşdirdi. Yeni prikazlar yaranır, köhnələr isə yenidən bərpa olunurdu. Onların başına sağ qalmış boyar və dyaklar təyin olunurdu. Yeni dövlət sistemində Minin və Pojarski də təmsil olundu. Minin Duma zadəganı oldu. Voyevoda boyar rütbəsi alaraq hökumət və orduda mühüm yer tutdu. İlk gündən birinci Romanovlar monarxiyası özlərindən əvvəl XVI əsrdə olduğu kimi mütləq hakimiyyət formasında meydana gəlmişdir. Yeni çar Kostromadan Moskvaya hərəkət edərkən boyarlar çara müraciətlərində özlərini onun «xolopları» adlandırırdılar, gənc çar isə onlardan sözsüz tabeçilik tələb edirdi. Bununla yanaşı, çar hər yerdə özünü bütün xalqın, o cümlədən «Qarışıqlıq dövründə» incidilən və təhqir edilənlərin müdafiəçisi, ədalət və qayda-qanunun təminatçısı kimi təqdim edirdi. Xalqla yeni hakimiyyətin bir tam kimi birliyi belə yarandı.

Yeni çar hakimiyyəti ehtiyatlı və uzaqgörən siyasət yeridərək ölkənin bütün təbəqələrini birliyə, sakitliyə təşviq edirdi. Heç bir boyar, zadəgan, dyak keçmiş əməllərinə görə təqib edilmir, hər biri öz əvvəlki mövqeyini, torpağını, rütbəsini saxlayırdı. Çar hakimiyyəti «Qarışıqlıq dövrü» sonrası ilk illərdə seçkili orqanlar olan Boyar Duması və Zemstvo məclisinin xidmətindən davamlı istifadə edirdi. Seçkili orqan üzvləri tez-tez toplaşaraq mühüm dövlət əhəmiyyətli məsələləri, o cümələdən, vergi, xarici siyasət işlərini həll edirdilər. Artıq yeni çarın hakimiyyəti möhkəmləndikdən sonra, xüsusilə patriarx Fi-laretin Moskvaya gəlməsi ilə Zemstvo məclisi daha gec-gec toplanmağa başladı, XVII əsrin ikinci yarısında isə ümumiyyətlə, Rusiya dövlət sistemindən çıxarıldı. Boyar duması da get-gedə çardan asılı vəziyyətə düşərək onun ayrı-ayrı tapşırıqlarını yerinə yetirməyə başladı.

Rusiya cəmiyyətinin sabitlik yolunda davam etməsi üçün ölkədə dolaşaraq heç kimə tabe olmayan kazak dəstələrini, quldur qruplarını, polyak əsgərlərini ləğv etmək lazım idi. 1615-ci ildə Pojarskinin qoşunu Rusiyanın mərkəzi qəzalarında əməliyyatlar aparan fırıldaqçı Lisovskinin adamlarına bir neçə zərbə vuraraq onları cənuba qovdu, şlyaxtaçı elə orada da öldü. Ryazandan Moskvaya doğru hərəkət edən Zarutski Marina Mnişek və oğlu İvanı bayraq edərək 1612-1613-cü illərdə fırıldaqçıların keçdiyi yolu təkrar etmək niyyətində idi. Lakin çar voyevodaları onu cənuba doğru sıxışdıraraq Voronej altında məğlub etdilər. Ələ keçən Zarutski və İvanı Moskva altında edam etdilər, zindana atılan Marina Mnişek bir il son orada öldü. Ölkənin cənub qəzaları düşməndən azad edilsə də, şimalda, yəni, Voloqodsk, Belozero və Karqopol qəzalarında ataman Balovenin beş minlik kazak dəstəsi dəhşət, soyğun və qorxu yayırdı. Uzun danışıqlardan sonra bağışlanma və yaxşı muzd müqabilində kazakların bir hissəsi atamandan ayrıldı. Yerdə qalan qoşun Moskvaya hücum edərkən məğlub oldu, ataman Baloven tutularaq asıldı. Yalnız XVII əsrin 20-ci illərinin əvvəllərində ölkədə vəziyyət sabitləşdi.

Polşa kralı III Sigizmund Moskvada çarın seçilməsini qəbul etməyərək oğlu Vladislavı qanuni Moskva hökmdarı hesab edirdi. 1613-cü ildə rus polku Qərbə doğru irəliləyərək bir neçə şəhəri azad etdikdən sonra Smolenskə yaxınlaşdı və uzun danışıqlar başladı. Eyni zamanda Novqoroda da qoşun göndərilsə də, məğlub oldu. İsveçlilər əlavə bir çox torpaqları da tutaraq Pskovu mühasirə etdilər. Diplomatiyanı işə salan yeni hakimiyyətin təsiri ilə alman imperatoru Polşa ilə Rusiya, İngiltərə kralı İsveçlə Rusiya arasında danışıqlara vasitəçi olmağa razı oldular. Danışıqların uzanmasından istifadə edən polyak qoşunu Vladislav başqa olmaqla 1617-ci ilin yazında Rusiyaya yürüşə başladı, bir neçə şəhəri tutub Ukrayna kazaklarının getmanı Pyotr Saqaydaçnının köməyi ilə Moskvaya yaxınlaşdı. D.M.Pojarski polyak dəstəsinə Kaluqa altında zərbə vursa da, sentyabrın sonunda polyak qoşunu Moskvanı mühasirə etdi. Moskvanın ciddi müqaviməti polyakları yenidən danışıqlara başlamağa məcbur etdi. 1618-ci ilin dekabrında Troitsa-Sergiyev kilsəsinin yaxınlığındakı Deulino kəndində 14,5 il müddətinə barışıq imzalandı. Sülhün şərtlərinə əsasən, Polşa Rusiyadan olan bütün əsirləri, o cümlədən patriarx Filareti geri qaytarmalı, polyaklar tutduqları Moskvaya yaxın olan şəhərləri tərk etməli, Smolenski isə özlərində saxlamalı idi. Vladislav Rusiya taxtına olan iddiasından əl çəkmədiyi üçün Polşa ilə mübarizə qalırdı. 1617-ci ilin fevralında Stolbovo kəndində İsveçlə sülh müqaviləsi imzalandı ki, buna əsasən, İsveç kralı Rusiya taxtına olan iddiasından imtina edir, Novqorodu qaytarırdı. Baltik sahillərinin qədim rus şəhərləri Yam, Koporye, Oreşek, İvanqorod İsveçin əlində qalırdı ki, bu da Rusiyanın Baltik dənizinə çıxışını itirməsi demək idi. Faktiki olaraq, qonşuları Rusiyanı XV yüzilliyin sonlarında III İvan dövründəki sərhədlərə sıxışdırmışdır ki, bu «Qarışıqlıq dövrü»nün nəticəsində baş vemişdir.

«Qarışıqlıq dövrü» Rusiyaya ağır zərbə vuraraq onu bir neçə on il geri atmışdır. Mərkəzi və yerli hakimiyyəti bərpa edən yeni çar Mixail Romanov öz yaxın ətrafı ilə «Qarışıqlıq dövrü»nün qalmaqallarını aradan qaldıraraq ölkənin bərpa olunmasına başladı. Çar 1619-cu ildə növbəti Zemstvo məclisini topladı ki, onun da vəzifəsi ölkənin dirçəlməsi məqsədilə tədbirlər müəyyənləşdirmək oldu. Müzakirələrdən sonra Zemstvo məclisi iclasının nəticəsinə əsasən hakimiyyət əhalinin vergi yükünü azaltdı. Hərb zamanı fövqəladə vergilər ləğv edildi, vergilər əhalinin gəlirinə görə hesablanmağa başlandı.

Hakimiyyətin qəbul etdiyi yeni Qanuna əsasən «Qarışıqlıq dövrü»ndə qanunsuz zəbt edilən torpaqlar müsadirə edilirdi. Kazakları sakitləşdirmək məqsədilə dövlətə xidmət etmək istəyənlərə torpaq payı verilir, muzd müəyyən edilirdi. Boyar və zadəganlara öz təsərrüfatlarını «boş» qoymaq qadağan idi. «Qarışıqlıq dövrü»ndə özünün son həddinə çatan sərxoşluqla sərt mübarizə başladı. İri şəhərlərdə və qonaq evlərinin həyətlərində içki müəssisələrinin açılması qadağan olundu. Tez-tez yanğına səbəb olduğu üçün siqar çəkilməsi də yasaq edildi.

Hakimiyyət qaçqın kəndlilərin axtarıb tapılaraq geri qaytarılması tədbirini daha da sərtləşdirərək 5, sonra 9, daha sonra isə 15 il müəyyən etmişdir. 30-cu illərin ortalarında şəhərlərdən qaçan posad adamının axtarıb tapılmasına dair fərman elan olundu. Hakimiyyət ölkənin dirçəldilməsi məqsədilə mülkədar, votçina, kilsə torpaqlarını işçi qüvvəsi ilə, dövləti şəhər və kəndlərdəki vergi ödəyən adamlarla təmin edirdi.

Ölkədə dinc sülh şəraitinin təmin olunması, sadə adamlar üçün ağır olsa da, ümumi qayda-qanunun bərpası nəticəni verdi. Artıq 20-30-cu illərdən başlayaraq kənd təsərrüfatı bərpa olundu. Boş qalmış torpaqlar, xüsusilə mərkəzi qəzalarda, Moskva ətrafında becərilməyə başladı. Üçtarlalı əkin sisteminin yayılması sahəsində məhsuldarlıq artdı. Volqaboyunda və cənubi qaratorpaq zonalarında torpaqları əkməyə başladılar. Krım tatar-türklərinin basqınından qorunmaq üçün Belqorod kərtik və ya nişan sərhəd xətti çəkildi. Kənd təsərrüfatının inkişafı sənətkarların daha çox məhsul istehsal edərək bazara çıxmasına təkan verdi. Maldarlıq, xüsusilə şimalın, Oka, Klyazma, yuxarı Volqa, Surun çaylaq yerlərində yayılmışdır. Dəri emalı, balıq ovçuluğu xəzinəyə yüklü gəlir gətirirdi.

Qarışıqlığın ağır nəticələrinə baxmayaraq, XVII yüzilliyin 20-30-cu illərində Rusiya sənayesində canlanma da olmuşdur. Moskvada 100 nəfərdən çox adamın çalışdığı topxana mövcud idi ki, burada da top, zəng hazırlayırdılar. Silah palatası odlu və soyuq silahların istehsalı üzrə ixtisaslaşmışdı. Sikkəxana ölkənin ən böyük müəssisələrindən idi ki, burada da Rusiya sikkələri zərb edilirdi. Toxucu evində 100-dən çox toxuculuq dəzgahı işləyirdi ki, burada da çar sarayı və satış üçün parça, kətan və s. hazırlanırdı. 20-ci illərin əvvəllərində Moskvada çap evi bərpa olundu ki, burada da sayları 1000 nüsxəyə çatan dini və dünyəvi kitablar çap edilmişdi. Rusiya üçün yeni olan xaricilərin vəsaiti hesabına filiz, dəri, şüşə emalı zavodları meydana gəlmişdi.

  • XVII əsrdə «Qarışıqlıq dövrü»nün ilk illərindən sonra birinci Romanovlar sülaləsinin hakimiyyəti Ural və Sibirin zəngin sərvətlərinin mənimsənilməsinə başladılar. Çar Mixail məmurlarla birlikdə Ural ətrafı və Sibirə səfər edərək misəritmə və filiz emalı zavodlarının tikilməsinə şərait yaratdılar. Nerçinsk Dəmirəritmə Zavodu ilk belə müəssisə oldu. Belə müəssisələrin sahibkarları dövlət tərəfindən xüsusi güzəştlərlə təmin olunurdu. Bu zaman rus adamları Yeniseyə kimi gələrək Krasnoyar şəhərinin əsasını qoydu. Hakimiyyət yeni torpaqlardakı yerli xalqlara xüsusi diqqət göstərilməsini tələb edirdi. Belə ki, Volqaboyu və Sibir kəndli və posad adamına təhkimçilik qaydası şamil edilmirdi. 1624-cü ildə çar Mixail Volqadakı öz voyevodalarına göndərdiyi fərmanda çuvaş, mordva, qazan tatarlarına ehmalla yanaşmağı, onları zorla işləməyə məcbur etməməyi, əldə edilən ərzağın dəyərini ödəməyi tələb etmişdir. Sibirə də eyni məzmunlu fərmanı göndərən çar dövlətin qaydasını nümayiş etdirməsi ilə bərabər, sərt məmur və voyevodaların da özbaşınalığının qarşısını almışdır.

Rusiyanın xarici vəziyyəti də tədricən bərpa olunurdu. Yeni çar hakimiyyəti İngiltərə, Hollandiya, İsveç, Türkiyə, Danimarka, Fransa və İran ilə dostluq münasibətləri saxlayırdı. Bir çox yaxın və uzaq qonşu dövlətləri Mixailin çar taxtına seçilməsini dəstəklədi. Yeni hakimiyyət xarici əlaqələri, ticarəti canlandırmaq məqsədilə, ingilis və holland tacirlərinə güzəştlər müəyyənləşdirdi, xarici gəmilər Arxangelskə yanaşdılar. Diplomatik əlaqələrin artması Rusiyanın Qərb dünyası üçün açıq olduğunu göstərmirdi. Xarici işğalçıların, xüsusilə katolik polyakaların Rusiyaya gətirdiyi bəlalar hələ yaddaşlarda hopub qalmışdı. Xüsusilə İngiltərə burjua inqilabından sonra yaranmış vəziyyət, 1649-cu ildə çar fərmanlarında Mixail və onun oğlu Aleksey Mixayloviçin «qardaşım» adlandırdıqları kral I Karlın edam edilməsi Rusiya cəmiyyəində Qərblə münasibətlərdə şübhə və təşvişin yaranmasına səbəb olmuşdu.

Vladislavın Rusiya taxtına iddiası ilə bağlı olaraq Qərb torpaqlarındakı müvəqqəti sakitlik, Krım türklərinin basqınları, Volqaboyu və Ural ətrafında yerli xalqların fəallığı ordunu daim təkmilləşdirməyi tələb edirdi. Məhz Mixail Romanovun çarlığı dövründə hərbi xidmətə xarici ölkədən olan muzdlu əsgər və zabitlərin cəlb edilməsinə başlanmışdır. Səbəbi Qərb dövlətlərinin hərbi elm və texnikasının qabaqcıl olması ilə izah olunurdu. Eyni zamanda, xaricdən silah və sursat, muşket, qılınc, top mərmisi və s. alırdılar. Moskvada strelets polkları ilə bərabər müharibə vaxtı toplanan zadəgan və kazak süvari dəstələrinə əlavə olaraq muzdlu süvari reytar və draqun polkları meydana gəlmişdi. Xarici muzdlu əsgərlərdən və azad rus adamlarından ibarət olan polklar «xarici cərgə» adlanırdı. Draqun polku yüngül süvari və odlu silahla təhciz olunaraq atlı və piyada cərgə ilə döyüşürdü. Reytar polku isə ağır zirehli geyimi, nizə və qılıncı olan döyüşçülər idi. Yeni piyada polkları yaranmışdı. Bunlar yüz və on nəfərlik əvvəlki polklardan fərqli olaraq xarici zabitlərin komandirliyi altında rotalardan ibarət idi. Belə polkların silah-sursatı da əsasən, xaricdən alınırdı.

1632-ci ilin yazında Polşa kralı III Sigizmund öldü, ölkədə taxt-tac mübarizəsi başladı. İsveç və Polşa münasibətləri kəskinləşdi, isveçlilər Polşaya hücum etmyə hazırlaşırdı. Çarın atası patriarx Filaret başda olmaqla bir çox əsl-zadə Polşa ilə müharibə tərəfdarı idi. 1632-ci ilin yayında Mixail Romanov Zemstvo məclisini çağırdı, yığıncaqdan Polşa ilə müharibə qərarı çıxdı.

1632-ci il avqustun 3-də təqribən 100 min nəfərlik rus ordusu 1609-1611-ci illərdəki Smolensk döyüşünün qəhrəman voyevodası, yeddi il patriarx Filaretlə polyak əsirliyində olan Mixail Borisoviç Şeinin başçılığı ilə 1632-1634-cü illəri əhatə edən Smolensk hücumuna başladı. Rusiya qoşunları Doroqobuj, Novqorod-Seversk, Starodub şəhərlərini tutdu. Şeinin ordusu tezliklə Smolenskə çatıb onu mühasirə etdi. İsveç ordusu isə Polşaya daxil oldu. Qoca və keçmiş xidmətlər ilə yaşayan Şeinin yavaş hərəkət etməsi, Polşadakı döyüşdə İsveç kralının ölməsi Polşa taxtına seçilmiş gənc və döyüşkən Vladislavın Smolenskə hücum edib bir neçə şəhəri alaraq Şeinin ordusunu mühasirəyə salması ilə nəticələndi. Ağır vəziyyətdə olan rus voyevodası barışıq imzalayaraq ordusunu, hərbi təhcizatı, silah-sursatı Polşa kralına verib, bayraqla birlikdə onun qarşısında əyilməli idi. Xarici muzdlu qoşunun bir hissəsi polyakların tərəfinə keçdi. Qələbədən ruhlanan Vladislav Moskvaya hücum etsə də, onu knyaz D.M.Pojarskinin başçılığı altında olan rus qoşunu qarşıladı. Hücumu davam etdirmək iqtidarı olmayan Reç-Pospolita 1634-cü ildə Vyazma yaxınlığındakı Polyanovke çayı üzərində sülh barışığı imzaladı. Sülhün şərtlərinə əsasən, Rusiya polyakların işğal etdiyi Smolensk və başqa şəhərləri geri ala bilmədi. Ancaq Vladislav Rusiya taxtına olan iddiasından əl çəkdi ki, bu da Rusiyanın Romanovlar mütləq monarxiyasının beynəlxalq mövqeyini möhkəmlətdi. Smolensk məğlubiyyətinə görə Şein və onun yaxın köməkçiləri satqınçılıqda təqsirli hesab edilərək edam olundular, bir çox voyevoda qamçı cəzasından sonra Sibirə sürgün olundu.

1637-ci ildə don kazakları türk qalası olan Azovu işğal etdilər. Çarın asılılığında olan, onun kömək və müdafiəsini hiss edən Don kazaklarının bu yürüşü hətta Rusiya dövlətinin hakimiyyətini təmsil edən adamlara belə məlum olmamışdır. Krım tatar-türklərinin Rusiya torpaqlarına qənimət məqsədilə davamlı basqınları, türk sultanının Krım dövlətini müdafiə etməsi, XVII əsrdə Osmanlı-Rusiya münasibətlərini kəskinləşdirmişdi. Qalanın altından lağım ataraq barıtla onu partladan Don kazakları Azovu ələ keçirdikdən sonra 1637-ci ildən 1642-ci ilə kimi beş il ona sahib oldular. Kazaklar çara müraciət edərək Azovu «öz əlinin altına» almasını təklif etdilər. Çar türklərdən gizli olaraq Azova ərzaq, silah, barıt və s. göndərirdi. Lakin Rusiya Osmanlı imperiyası və Krım xanlığı ilə böyük müharibəyə hazır olmadığı üçün 1642-ci ilin yazında Zemstvo məclisinin də qəbul etdiyi nəticəyə əsasən, çar hakimiyyəti kazaklara Azovu tərk etmək göstərişi verdi. Bundan narazı qalan kazaklar şəhər qala divarlarını partladaraq Azovu tərk etdilər, türklər və Krım qoşunu Azova sahib oldu.

Mahiyyət etibarilə XVII əsrin birinci yarısını çar Mixail Romanovun dövrü adlandırmaq olar. Ona görə yox ki, çar Rusiya dövlətinin başında dururdu, məsələ bundadır ki, Mixail Romanov ölkədə baş verən bütün hadisə və proseslərə öz şəxsi möhürün vurmuşdur. Onun dövlət işlərinə sakit və ciddi yanaşması hətta öz ətrafına yığdığı yaxınlarının belə keçmiş və rəqibləri ilə haqq-hesab çəkməsinə imkan yaratmamış, cəmiyyətdəki ictimai qüvvələrin tarazlığını qoruyub saxlamışdır. Çar heç kimi edam etməmiş və yaxud etibardan salmamışdır. Yalnız birləşmiş dövlətin əleyhinə olanlar, yeni seçilmiş çar kimi onu qəbul etməyən kazaklar, soyğunçu və oğrular, polyak hərbi qoşununun qalıqları sərt cəzalandırılmışdır. Dövlətdə qayda-qanun və sakitliyə xüsusi əhəmiyyət verən çar Mixail kəndli və posad adamlarının qiyamlarını amansızlıqla yatırmışdır. Padşahın, onun ailəsinin, uşaqlarının ünvanına layiq olmayan sözlər söyləmək dövlət əleyhinə ağır cinayət hesab olunaraq cəzası qamçı ilə döyülmək və s. olmuşdur. Çətinliklə ələ aldığı çar hakimiyyətini Mixail ümumxalq mülkü kimi qoruyub saxlamışdır. Mixail Romanovun Yev-dokiya Streşneva ilə evliliyindən on uşağı, yeddi qızı, üç oğlu olmuşdur. 1629-cu ilin martında taxtın varisi şahzadə Aleksey (1629-1679) doğulmuşdur. Çar Mixail Romanovun nüfuzu tədricən artmışdır. Artıq heç kimin ağlına belə gəlməzdi ki, çar Mixail zəif və təsir altına düşən bir insandır. 1645-ci il iyulun 12-də 50 yaşlı çar Mixail Fyodoroviç Romanov vəfat etdi.

 

Müəllif: Tahir Baxşəliyev  
Mənbə: RUSİYA TARİXİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK

 

0 şərh