Tənbəlliyə qalib gəlmək üçün ...

Tənbəllik müasir insanların əksəriyyətinin xasiyyətinə çevrilmişdir. Bəzən insan bir iş görmək qərarına gəlir. Lakin bu işi görməyə onun nə həvəsi olur, nə də enerjisi olmur.
Belə bir fikir var: tənbəllik deyilən şey yoxdur.
Biz bu fikri belə analiz edə bilərik: insan bu işi sadəcə görmək istəmir və onun bu işi görmək üçün kifayət qədər motivasiyası yoxdur. Bu haqda hər nə qədər yazı oxusa, film izləsə, mühazirə dinləsə də onda təsir qoymur. Məncə, insan üçün bir iş zəruri sayılsa el arasında tənbəl kimi tanınsa belə onu yerinə yetirəcəkdir. Tənbəllik, həvəssizlik və s. bu kimi mənfiliklərin qarşısını almaq üçün bir çox məsləhətlər verilir. Biz isə bu məsləhətləri həvəslə oxuyur, lakin əməl etməkdən boyun qaçırırıq. Mən tənbəlliklə mübarizə aparmaqda daha çox təsirli olan 3 əsas yol qeyd edəcəyəm. 

  1. İşlərinizi günün ikinci yarısına saxlamayın!
    Səhər tez durmağa çalışın. Axşama doğru getdikcə, insanın enerjisi tükənir. Lakin sübh tezdən insan iş görmək üçün hazır vəziyyətdə olur. Məsələn, telefonunuzu borcu olduğuna görə bağlayıblar. Buna baxmayaraq siz neçə gündür tənbəllik edib, borcu ödəməyə qarşı həvəssizlik göstərirsiz. Səhər vaxtları borcu ödəmək üçün ideal vaxtdır. İkinci dərəcəli işlərinizi günortadan sonraya da saxlaya bilərsiz.

  1. Həyatda hədəfsiz yaşamayın.
    Hey düşünürük ki, 40-50 yaşımızda filan işləri görərik və arzularımız həyata keçər. Adətən şikayət etməyə daha çox vaxt sərf edir, lakin şikayətlərin həlli istiqamətində səy göstərmirik. Özümüzü həyatın axarına buraxırıq. Amma bu səhv yoldur. Gecə yatmamışdan əvvəl sabah görəcəyiniz işləri planlaşdırın. Bir neçə zəruri plan hazır edin. Səhər durduqda isə tərtib etdiyiniz planı yerinə yetirin. Əgər özünüz üçün qeyd etdiyiniz gündəlik planı icra etsəniz, axşam özünüzü yaxşı hiss edəcək və özünüzə "əhsən" deyəcəksiniz. Belə bir addım atmaq həftəlik, aylıq və illik planlar tərtib etmə mərhələsinin başlanğıcıdır.

  1. Bunu unutmayın ki, qorxunun üzərinə getmək lazımdır. Nəticə bizi qorxutmamalı, hədəfdən yayındırmamalıdır. Alınmasa belə, ürəyimiz xətircəm olacaq ki, öhdəmizdəki vəzifəni icra etmişik. Böyük nəaliyyət qazanmış insanlara baxaq. Onlar uğur qazanmaq üçün min-bir əziyyətə tab gətiriblər. Zəhmət çəkib, var güclərini ortaya qoyub, hədəflərinə sarı istiqamətləniblər.  

Elə isə bu günün işini sabaha qoymayaq.

 

0 şərh