Nazlı Tahirova (Nəcəfova)

XIX yüzilliyin sonlarında Azərbaycanın ayrılmaz tərkib hissəsi Naxçıvanda maarifçiliyin formalaşmasında və inkişafında yüksək demokratik əhval-ruhiyyə duyulurdu. Naxçıvanda hamı maarifə can atırdı. 1830-cu ildən sonra yaradılan və dünyəvi elmləri öyrədən məktəblərin sayı artmaqda idi. Əslində, işğalçı dövlətlərin apardığı müharibələr ötən yüzilliklərdə maarifçiliyin nizamını pozmuş və onu “unutdurmuşdu”. Amma tarixi sənədlər o dövrdə yaşamış insanların elmi, biliyi, təhsili çox yüksək qiymətləndirdiklərindən xəbər verir. Naxçıvanlılar ulu əcdadlarının şanlı ənənələrini yaşatmaq üçün əllərindən gələni əsirgəmir, imkanlı şəxslər yaradılan məktəblərə xeyriyyəçilik edirdilər. Rusiya imperiyası digər millətlərin kamil təhsil almasını istəmirdi və bunun üçün hər cür maneələr yaradırdı. Amma dağların sinəsindən çağlayan bulaqların gözünü bağlamaq mümkün olmadığı kimi, xalqın da təhsilə, elmə vurğunluğunun qarşısını almaq mümkün deyil. Çar məmurları naxçıvanlıların təhsilə dərin maraqlarının qarşısını ala bilmirdilər. Tarixi izlərlə geriyə qayıdarkən görürük ki, bu inkişafa, oyanışa əsas səbəb böyük alim Mirzə Kazımbəyin 26 yanvar 1838-ci ildə çap etdirdiyi “Müraciət” olmuşdu.

I Ehsan xanın başçılığı ilə naxçıvanlılar bu “Müraciət”i razılıqla qarşılamış və həvəslə maarifçiliyə kömək göstərməyə başlamışlar. Sonralar onun oğulları məşhur generallar İsmayıl xan və II Kalbalı xan sədaqətlə bu missiyanı yerinə yetirmişlər.

XIX yüzillikdə general İsmayıl xan Naxçıvanın ziyalı, maarifsevər insanlarını ətrafına toplayaraq Tiflisdəki nüfuzundan istifadə etməklə babalarının şanlı ənənələrini davam etdirən müasir məktəblərin açılmasına çalışırdı. O, Qafqaz Hərbi Dairəsinin üzvü olduğundan İrəvan quberniyasında onun istəklərinə mane olan yox idi.

Naxçıvanın maarifçi ziyalılarından biri də Məmmədhüseyn bəy idi. Özü çar məmuru olsa da, övladlarını milli ruhda böyütməyi özünün ən vacib borcu sayırdı.

Məmmədhüseyn bəy (bəzi sənədlərdə “Məmməd” yazılıb) Naxçıvanın sayılıb-seçilən nəsillərindən olan Tahirovlardan idi. Tarixi sənədlərin sorağına görə, onların ulu babası Naxçıvan xanlığının vəziri olmuşdur. Aparılan tədqiqatlar Tahirovların da Kəngərli tayfasından olduqlarını təsdiqləməkdədir. Məmmədhüseyn bəy haqqında əldə etdiyimiz məlumatlar azdır. O, Qarsda, Sürməlidə (indiki İqdırda) və Üçmüəzzində maliyyə məmuru vəzifəsində çalışmışdır. Məmmədhüseyn bəyin Yusif, Tutu, Nazlı, Akif, Bağır adlı övladları olmuşdur.

 

Məmmədhüseyn bəyin qızı Nazlı xanım bu yazımızın əsas qəhrəmanıdır.

Nazlı xanım 1890-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1900-cü ildə qardaşı Yusif bəy Bakıya, onu milyonçu Hacı Zeynalabdin Tağıyevin açdığı Qızlar Seminariyasına təhsil almağa aparmışdır. Nazlı xanım 1907-ci ildə həmin seminariyanı əla qiymətlərlə bitirmişdir. Qeyd edək ki, o, həmin seminariyanın ilk məzunlarından biridir. Seminariyanın məzunlarına H.Z.Tağıyev “Quran” kitabını avto­qrafla bağışlayırdı. Həmin xatirə kitabını Nazlı xanımın nəvələri bu gün də qoruyub saxlayırlar. Öz varidatını millətinin və xalqının yolunda sərf etməkdən əsirgəməyən H.Z.Tağıyev, hər bir məzuna Nikolayın bir ədəd qızıl onluğunu da hədiyyə edirdi. Nazlı xanım həmin qızıl onluğu medalyon kimi düzəltdirib daim öz sinəsində gəzdirirmiş. Görkəmli rəssam Bəhruz Kəngərlinin çəkdiyi rəsm əsərində də həmin medalyon aydınca təsvir edilmişdir.

Seminariya təhsilindən mənəvi zövq alan Nazlı xanım həmin illərdə Tiflisdə yaşayan qardaşı, məşhur hərbçi və xeyriyyəçi olan polkovnik Yusif bəyin yanına gəlir. O, Tiflisdə qardaşının dostu, böyük ədib Mirzə Cəlil Məmmədquluzadə ilə də görüşür. Naxçıvanlı yeniyetmə qızın elmi dünyagörüşü Mirzə Cəlili çox sevindirir. Nazlı xanım həmin görüşdə böyük ustadın dediyi kəlamları ömrüboyu təkrarlayırmış: “Qızım, sən təhsil almısan, qadınların gözünü açmağa çalış, cəsarətli ol, heç nədən qorxma!..”

Böyük ədibin bu xeyir-duası Nazlı xanımın həyat şüarına çevrilir. Atası Məmmədhüseyn bəy İrəvan mahalında yaşadığından Nazlı xanım 1909-cu ildə İrəvan Qızlar Seminariyasında ilk müəllimlik fəaliyyətinə başlayır. Böyük ruh yüksəkliyi ilə elmin əsaslarını şagirdlərə öyrədir. Bu vaxtlar İrəvanda da dini xurafat hökm sürdüyündən Nazlı xanım hədələrlə qarşılaşır. Amma o, bunlardan qorxmurdu. 1912-ci ildə atasıgil Naxçıvana köçdüklərindən Nazlı xanım da Naxçıvana qayıdır. O, Naxçıvan şəhərində qızlar üçün məktəb açdırır və həmin məktəbdə dərs deməklə bərabər, həm də məktəbə müdirlik edir. 1917-ci ildə baş verən siyasi hadisələrlə əlaqədar məktəbin fəaliyyəti dayansa da, 1920-ci ildə Naxçıvan Maarif Komissarlığının nəzdində yaradılan Qızlar Məktəbində Nazlı xanım fəaliyyətini davam etdirir. Yeni qurulmuş sovet hökumətinin qanunları ilə işləməyə başlayan Nazlı xanım həyatının sərt hadisələri ilə qarşılaşır. Atası Məmmədhüseyn bəy kiçik oğlu Bağırla birlikdə İrana köçmüşdü. Çünki onun oğlu Yusif bəyi bolşeviklər güllələmişdilər. Nazlı xanımı da təqib edirdilər. O, 1919-cu ildə Naxçıvan hümmətçilərindən olan Nəcəfqulu Nəcəfovla ailə qurduğundan bolşeviklər onu təqib etməkdən əl çəkdilər. 1937-ci ilədək Nazlı xanım və Nəcəfqulu Nəcəfov həm də əməl və məslək dostları idilər. 1920-ci ildən 1936-cı ilədək Nazlı xanım Naxçıvan şəhər 1 nömrəli orta məktəbin müdirəsi və müəllimi kimi işləyir. 1937-ci ildə onun həyat yoldaşı maarifçi və diplomat Nəcəfqulu Nəcəfov həbs olunur və güllələnir. Bu zaman Nazlı xanım Naxçıvandakı beynəlmiləl orta məktəbdə “rus dili” fənnini tədris edirdi. 1940-cı ilədək Nazlı xanım nəzarətdə ola-ola bu məktəbdə işləməli olur. Sonralar o, 2 nömrəli məktəbdə dərs demişdir. Və 1942-ci ildə onu həbs edib Qazaxıstana sürgünə göndərirlər. Qazaxıstanın Pavlodar şəhərində 1946-cı ilədək şəhər məktəblərinin birində ibtidai siniflərə rus dilini tədris edən Nazlı xanımın kiçikyaşlı uşaqları Naxçıvanda böyük qızı Cəmilənin himayəsində yaşamalı olurlar. Böyük çətinliklər və məhrumiyyətlər içərisində yaşayan Nazlı xanım İ.V.Stalinə və M.C.Bağırova dönə-dönə müraciət məktubları yazdığından onun günahsız olduğunu bilən kommunistlər Naxçıvana qayıtmasına icazə verirlər.

1947-ci ildə doğma balalarının yanına qayıdan Nazlı xanım Naxçıvandakı 2 nömrəli məktəbdə rus dili müəllimi və Naxçıvan Müəllimlər İnstitutunda tərbiyəçi vəzifəsində işləyir. Amma onun bu sevinci uzun sürmür. Onu yenidən Göyçaya sürgünə göndərirlər. O, 1949-cu ildən 1954-cü ilədək Göyçayın Qaraməryəm və Alpout kəndlərində rus dili müəllimi işləmişdir. Yenə də uşaqlarını özü ilə aparmağa icazə vermirlər, sanki tale onu sınağa çəkir.

İ.V.Stalinin ölümündən sonra Naxçıvana qayıdan Nazlı xanım Naxçıvan şəhərindəki orta məktəbdə müəllim işləyir və ömrünün sonuna qədər Naxçıvanda yaşayır.

Nazlı xanım Naxçıvan Mərkəzi İcraiyyə Komitəsi V-VI çağırışının deputatı olmuşdur.

Nazlı xanım Tahirova xalq maarifi sahəsində səmərəli fəaliyyətinə görə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin 1957-ci il 13 noyabr tarixli Fərmanı ilə “Naxçıvan MSSR-in "əməkdar məktəb müəllimi” adına layiq görülmüşdür. Fərdi təqaüdçü olsa da, yorulmadan öz biliyini gənc nəslə öyrədir və onların vətənpərvər ruhda böyümələri üçün əlindən gələni əsirgəmirdi.

Yeri gəlmişkən qeyd edək ki, Nazlı xanımın dərs dediyi şagirdlər Azərbaycanın görkəmli şəxsiyyətləri olmuşlar. Onlardan filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Respublikasının əməkdar elm xadimi Məmmədcəfər Cəfərov, fizika-riyaziyyat elmləri doktoru, professor Zərifə Əliyarova, “SSRİ xalq həkimi” fəxri adına layiq görülmüş Mehdi Bağırov xalqımızın hər zaman fəxr etdiyi şəxsiyyətlərdir.

Nazlı xanım maraqlı, mürəkkəb bir həyat yolu keçmişdir. O, çox zəngin bir ailədə doğulsa da, həmişə sadəliyi, səmimiliyi ilə naxçıvanlıların sevimlisi olmuşdur. Onun xeyriyyəçiliyi, kimsəsiz uşaqları evə gətirib öz övladları ilə birgə böyütməsi bu gün də xatirələrdə yaşayır. 1920-ci il onun bir çox arzularını məhv etmişdi. Qardaşı atası ilə birlikdə İrana mühacirət etmiş və Tehranda yaşamışlar. Sovet rejiminin sərt qanunlarına baxmayaraq, o, ömrünün sonuna kimi gizlində olsa da, qardaşının qızlarını – Nərgiz və Mehrəngizi axtarırmış. Qaçqınlıq illərində kimsəsiz bir qızı ölümdən xilas etmiş, evlərinə gətirmiş, özü böyüdüb saxlamışdı. Zərri adlı o qızın nəvələri indi də Naxçıvanda yaşayırlar.

Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvanda maarifçilik ideyalarının şölələnməsində Nazlı xanımın da xüsusi rolu vardır. Biz onun böyük ömür yolundan bəzi səhifələri vərəqlədik. Bütünlüklə, onun ömür yolu gələcək nəsillər üçün nümunədir və maraqla oxunan bir kitabdır.

 

0 şərh