Sən mənim doğum günü hədiyyəmsən!

Masanın üstündə, büllur güldanda doğum gününə hədiyyə olunmuş, qanında boğulmuş  qırmızı qızılgüllər. Doğum günü ayrılıq günü kimi qüssəli.

Pəncərədə  dibçək gülləri-monastırda yaşayan qızlartək.  Həyatı pəncərədən  görərək sevmək…

Yol kənarında toz basmış qızılgül kolları həyata küsmüş. 

Həyatın  kənarında sadəcə susmaq…

Masada-büllur güldandakı  gül pəncərədə, saxsı dibçəkdə diri olmaq istəyir, saxsı dibçəkdəki  gül  toz içində azad olmaq. Çöllər evidi güllərin, pəncərələr qəfəsidi, masalar – tabutu. 

Doğum günü edam günü qədər uzun. Doğum günü “Pirr qələbəsi”nə bənzər, tarixə “məğlubiyyətə bərabər qalibiyyət” adı ilə düşmüş hadisəyə. Ağır döyüşlərin birində qalib gəlmiş, amma sevinməyə bircə əsgəri də qalmamış hökmdar Pirrin qələbəsinə.

Uzun ömür də ağır döyüşdü, meydanda  çoxlu yaralı və ölü, indi qələbəni kiminlə qeyd edəsən?!

… Masanın üstündə boynu qırılmış, başı bədənindən ayrılmış  bir qızılgül hər şeyə rəğmən hələ də gülümsünür. Ona yazıq görkəm verən də elə bu təbəssümdü. Mən səni çox sevdim, boynu vurulmuş qızılgül, sən mənim doğum günü hədiyyəmsən. Bəsdi gülümsədik, məğlublar gülümsəməz, gülüm, məğlubların heç bir haqqı yox.

…Sən mənim doğum günü hədiyyəmsən!

Müəllif: Səhər Əhməd 

 

 

1 şərh

velili_hemide
:) Çox gözəl idi. Sağ olun