Рейтинг
+10.70

Azərbaycan kinosu

30 üzv, 83 topik

Uşaqların sevimlisi “Ələkbər əmi”

Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru, “Humay” və “Qızıl Dərviş” mükafatları laureatı, uzun müddət Azərbaycan Dövlət Televiziyasında uşaq verilişlərinin aparıcısı olmuş mərhum Əməkdar artist, uşaqların sevimlisi “Ələkbər əmi” kimi tanınmış aktyor Ələkbər Hüseynov 7 iyul 1961-ci ildə Bakıda anadan olub. 1978-1982-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (İndiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Dram və kino aktyorluğu fakültəsində təhsil alıb.

Bir müddət təyinatla Şəki Dövlət Dram Teatrında işlədikdən sonra, o, 1988-ci ildə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor kimi çalışıb. Teatrın səhnəsində Əbdürrəhim bəy Haqverdiyevin “Pəri-cadu” əsərində Qurban, H.X.Andersenin “Bülbül” nağılında Nağılçı və Çin imperatoru, N.Bədəlovun “Qara rəngin nağılı”nda Aydın, R.Əlizadənin “Tıq-tıq xanım”ında dirijor, Qoca və Müğənni, A.Ostrovskinin “Qar qız”ında Lel, R.Əlizadənin “Keçəlin toyu”nda Keçəl rollarını oynayıb.
Davamı →

Törəxanım Zeynalova

Kino salnaməmizdə peşəkar aktrisa olmayıb, amma ifası ilə bu sənətdə iz qoyan bir insan haqqında söhbət açmaq istəyirik. Milli kinomuzda nənə obrazına onun kimi yaraşan ikinci ifaçıya rast gəlmək çətindir.

Törəxanım Zeynalova. İçərişəhərdə dünyaya gələn bu xanım uzun illər indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrının geyim sexində çalışıb. Onun istedadı unudulmaz rejissor Arif Babayevin diqqətini cəlb edir. Törəxanım Zeynalovanın (1895-1974) kinoya gəlməsində onun böyük rolu olur.
Davamı →

Ağahüseyn Cavadov

İncəsənətin, teatr və kinonun həyat üçün nə qədər vacib olduğunu hər birimiz yaxşı bilirik. Həyat hadisələrinin təfsilatı sənət adamlarının yaradıcılığında cilalanır, təhlil edilir. Bu mənada səhnəni, ekranı həyat məktəbi, sənətkarları isə peşəkar pedaqoq adlandırırıq.

Realist üslubda bənzərsiz, yaddaqalan ekran obrazlarına xarakterik cizgilər verən görkəmli aktyor, Xalq artisti Ağahüseyn Cavadov (1894-1981) da məsləyində kamil sənət anlayışı yaradan sənətkarlarımızdandır. Aktyorun böyük sevgi və şövqlə yaratdığı ekran obrazlarını xatırlayarkən ilk növbədə çöhrələrə təbəssüm qonur, komik, duzlu-məzəli rolları yada düşür. Bu isə A.Cavadovun peşəsinə olan hörmətinin və sevgisinin təzahürüdür ki, iştirak etdiyi filmlər bu gün də uğurlu ekran taleyini yaşamadadır.
Davamı →

Eldəniz Zeynalov paradoksu

Deyilənə görə, onun adını böyük şairimiz Səməd Vurğun qoymuşdu. Dostu Abdulla Şaiqgildə olanda eşidir ki, qonşuluqda bir uşaq dünyaya gəldi. Sevincək deyir: «Bu uşağın adını mən qoyuram. Aybənizimiz var, Gülbənizimiz var, qoy bu uşaq da olsun Eldəniz».

Beləcə Eldəniz Zeynalov — gələcəyin heç kimə bənzəməyən duzlu-məzəli aktyoru bu keşməşkeşli dünyaya kimin, kimin — dahi Səməd Vurğunun «yazdığı» vizit vəsiqəsi ilə qədəm qoyur.

Yaxşı igid dayısına oxşayar — deyiblər. Eldəniz Zeynalov da 64 illik ömür yolu və yaradıcılığı ilə xalqın bu inamının boş yerdən yaranmadığını bir daha təsdiqlədi. Lakin bir «amma» ilə. Çünki onun dayısı — Azərbaycan teatr sənətinin qüdrətli aktyorlarından olan Həsənağa Salayev romantik aktyor məktəbinin korifeylərindən idi.
Davamı →

Ağasadıq Gəraybəyli

Ağasadıq Gəraybəyli 1897-ci ilin bir yaz günündə, martın 15-də Şamaxıda dünyaya göz açıb. Körpə yaşlarından ailəsi Bakıya köçüb. Məktəbdə oxuyarkən M.Maqomayevdən və M.Terequlovdan musiqi təhsili alıb. 1916-cı ildə Politexnik məktəbinə daxil olub. Burada C.Cabbarlı ilə dostluğunun təməli qoyulub. Tələbəlik illərində “Nicat”, “Səfa” cəmiyyətlərinin teatr truppalarında epizod rollar oynayıb.

1920-ci ildə Milli Dram Teatrının yeni təşkil olunan truppasına işə götürülüb. Müəyyən fasilələrlə (1921-1932) Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında işləyib. 1925-ci ildə Bakı Türk İşçi və Kəndli Teatrı, 1927-ci ildən Türk İşçi Teatrı adlandırılan teatrın kollektivi 1933-cü ildə Gəncəyə köçüb. Gəraybəyli bir müddət Gəncədə qaldıqdan sonra yenidən Akademik Dram Teatrına qayıdıb. Ömrünün sonunadək burada çalışıb.
Davamı →

Bahadur Əliyev

“Yarım əsr “Azərbaycanfilm” kinostudiyasında çalışan aktyor Bahadur Əliyev kinonun durğunluq dövründə çox xiffət çəkib” Bahadur Əliyev

Yəqin ki, “Ulduz” filmindəki kolxoz sədri Qədir obrazını yaxşı xatırlayırsınız. Gəlimli-gedimli dünyanın qəribə işləri varmış: bir obrazla sənət tarixinə düşə bilmək, bir obrazla yadda qalmaq. Bu gün həmin rolu canlandıran aktyor Bahadur Əliyev aramızda olmasa da, tamaşaçılar onu Qədir obrazı ilə hər zaman yad edir, xoş xatirələrlə anırlar... 

24 fevral 1933-cü ildə Masallının Sığıncaq kəndində anadan olan Bahadur Əliyev 1957-ci ildə İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) Kino və dram aktyorluğu fakültəsini bitirib. O, Azərbaycan kinosu tarixində epizodik obrazları canlandıraraq tamaşaçı rəğbəti qazana bilən aktyorlardandır. Ömrünün çox hissəsini “Azərbaycanfilm” kinostudiyası ilə bağlayan aktyor filmlərdə rol almaqla yanaşı, həm də dublyaj sahəsində səmərəli fəaliyyət göstərib. Filmoqrafiyasına 80-dək ekran əsəri daxil olan aktyor bir müddət kinostudiyada dublyaj sexinin müdir müavini işləyib. 
Davamı →

Ətayə Əliyeva

Ətayə ƏliyevaTeatrda qazandığı uğuru kinofilmlərdə də təkrarlamağı bacarmaq sənət yanğısı və parlaq istedad sahibi olmaq deməkdir. Həyatını sənətə həsr edən, Türkmənistanda doğulub, adını Azərbaycanın teatr və kino salnaməsinə yazdıran Əməkdar artist Ətayə Əliyeva belə sənətkarlardan olub.

Ətayə Qulam qızı Əliyeva 1920-ci ildə Aşqabad şəhərində dünyaya göz açıb. Atası onu kiçik yaşlarında teatra aparır və onda səhnə sənətinə maraq yaranır. Məktəblərində yaradılan dram dərnəyinə yazılır. Gənc Ətayənin məqsədi teatr ənənələrinə malik olan Bakıda sevdiyi sahə üzrə təhsil almaq idi. Bu niyyətlə Bakıya gəlib Teatr Texnikumunda təhsil alır. Tələbə vaxtı Azərbaycan Dövlət Akademik Dram Teatrına tamaşalara dəvət olunur. 1936-cı ildə bir qrup aktyorla İrəvandakı Azərbaycan teatrına göndərilir. On il bu teatrda çalışır, maraqlı, mürəkkəb xarakterli obrazlar yaradır. 
Davamı →

Məhəmməd Burcəliyev

Elə səhnə ustası var ki, onun sənət yolu bir teatrın yaradıcılıq yoludur, səhnəyə gətirdiyi hər bir yenilik teatrın yeniliyidir, yaratdığı hər obraz, hətta epizodik olsa belə, tamaşaçının yaddaşına əbədi həkk olunur. Belə sənətkarların əsas meyarı istedaddır. İstedad işığına gedən yolda isə heç kəs azmaz. Xalq artisti Məhəmməd Burcəliyev də bu cür sənət həyatı yaşayıb.

Məhəmməd İsmayıl oğlu Burcəliyev 1914-cü il aprelin 25-də Şəki şəhərində anadan olub. Burada beşillik orta təhsilini başa vurduqdan sonra 1930-cu ildə Bakıya gələrək Karl Libknext adına Fabrik-zavod məktəbinə daxil olub.
Davamı →

İzzət Orucova – Milli kinomuzun ilk qadın aktrisası

İzzət OrucovaÖlkəmizə ilk səsli kinonu böyük dramaturq Cəfər Cabbarlı özünün “Sevil”i ilə gətirdi və baş qəhrəman roluna çox gənc bir qızı – İzzət Orucovanı çəkdi. Beləliklə İzzət Orucova ilk Azərbaycan səsli kinosunda rol aldı. O, ilk azərbaycanlı qızı olaraq, “Sevil” və “Almaz” filmlərində baş rollarda çəkilib, azadlığa çıxan Azərbaycan qadınının lirik, canlı obrazını yaratmağa müvəffəq olub.

Bu qadın Azərbaycanın ilk kino aktyoru olmaqla yanaşı, həm də ikinci xanım akademikidir. İlk xanım akademikimiz Validə Tutayuq 1968-ci ildə AMEA-nın həqiqi üzvü seçilib. Ondan 4 il sonra İzzət xanım da bu ali elmi dərəcəyə layiq görülüb. Kimyaçı akademikin həyatı həm də müəyyən dərəcədə acılarla, məşəqqətli günlərlə dolu olub.
Davamı →

Hüseyn Ərəblinski

Azərbaycanda teatr sənətinin qurucularından olan aktyor Hüseyn Ərəblinski 1881-ci ildə Bakı şəhərində doğulub. İlk təhsilini mollaxanada alan gələcəyin görkəmli aktyoru maddi çətinliklə əlaqədar məktəbi buraxmağa məcbur olub. Yoxsul uşaqlarının məktəbə götürülməsinə şərait yaradan Həbib bəy Mahmudbəyov gənc Hüseynin də özünün müəllim işlədiyi “Üçüncü rus-tatar” məktəbinə qəbul edilməsinə yardım edib.

Hüseyn Ərəblinskinin teatr sənətinə gəlişinin səbəbkarı da məhz Həbib bəy olur. O, Cahangir Zeynalovla birgə Mirzə Fətəli Axundovun əsərlərindən birini tamaşaya qoymaq istəyərkən epizodik rollar üçün aktyor tapmır və bu işə Hüseyn də daxil olmaqla öz şagirdlərini cəlb edir.

1897-ci ildən 1900-cu ilədək yalnız kiçik rollarda çıxış edən Hüseynin teatrdakı uğurları 1903-1904-cü illərdə yaradılan Müsəlman Artistləri Cəmiyyəti ilə sıx bağlıdır. Belə ki, 1905-ci ildə Lənkərana qastrol zamanı “Müsibəti-Fəxrəddin” tamaşasında əsas rolu oynayacaq aktyor qəflətən xəstələnir. Məcburiyyət qarşısında qalan truppa rəhbərliyi bu rolu Hüseynə tapşırır.
Davamı →