Boşanma və onun səbəbləri

Mühazirə 11. Boşanma və onun səbəbləri
Plan:

  1. Boşanma haqqında anlayış və boşanma nəzəriyyələri
  2. Boşanmanın səbəb və motivləri
  3. Boşanmanın nəticələri
  4. Boşanmanın profilaktik tədbirləri

Sual 1.   Boşanma mürəkkəb sosial hadisədir. O öz mənbəyini ailə ixtilaflarından alır. Ailə ixtilafları isə ər–arvad münasibətlərinin düzgün qurulmaması nəticəsində baş verir. Boşanma evli tərəflər arasında ailə bağlı və qanunla nəzərdə tutulan məsuliyyətlərə son qoyulmasıdır. Bu proses ailənin dağılması kimi tanınır.İxtilaflar ər-arvad həyatının dramını ifadə edir, lakin o, ailə faciəsinə çevrilməməlidir. Bunun üçün ailə mədəniyyətinin tələbləri gözlənilməlidir. Onlardan ən sadələri aşağıdakılardır: vuruşub barışmaqdansa, artıq-əskik danışıb bir-birini təhqir etməkdənsə münaqişəyə başlamamaq daha asandır. Boşanma əsl faciədir. Çox maraqlıdır ki, boşanmanın nəticələrini təkcə mütəxəssislər deyil, boşananların özləri də sonralar onun həm ər və arvad, həm də uşaqlar üçün faciə olduğunu anlayır.Azərbaycanlılar dünyada ən az boşanan xalqlardan olublar. Son illər isə ölkədə dağılan ailələrin sayı durmadan artır. Bundan da ən çox əziyyət çəkən uşaqlar olurlar. Hər bir ailənin öz mövcudluğunu qoruyub saxlaması qarşılıqlı sayğının, hörmətin və səmimiyyətin olmasından asılıdır.Digər şərtlər kimi sosial-iqtisadi, mənəvi-intellektual, əxlaqi-etik və bioloji-psixoloji amilləri qeyd etmək olar.Tək iki gəncin bir-birini sevməsi ilə möhkəm özüllü ailə qurmaq olmaz. Sevgi ailənin ilkin bünövrəsi və təməli olsa da sonralar ailənin möhkəm olması üçün digər amillərə də ehtiyac duyulur:

  • İqtisadi problemlər;
  • Zorakılıq;
  • Sevginin bitməsi;
  • Pis adətlərin başlanması;
  • Cinsi soyuqluq;
  • Qadınların baxımsızlığı.

İlk vaxtlar guya sevən gənclər qısa müddətdən sonra bir-birini sevmədiklərini, yanıldıqlarını anlayır və bu zaman xasiyyətlərini uyğunlaşdırma əvəzinə aralarındakı problemləri daha da dərinləşdirirlər.Statistikaya görə dünyadakı ailələrin 25 faizdən çoxu sevgisiz qurulur. Bu tip ailələrin qurulmasının səbəbkarı və ya vasitəçisi qohumlar olur. Bir çox ailələr isə təsadüfi tanışlıq əsasında yaranır. Bu tip ailələr sonralar tez dağılır. Amma bəzən tamamilə əksinə də olur. Sevgisiz qurulan bəzi ailələr çox möhkəm təməlli də olur.  Ailə həyatının birinci ili ən həssas dövrdür. Bu dövrdə ərlə arvad bir-birilərinə qarşı son dərəcə diqqətli olmalı, münasibətləri bacardıqca səmimi təməllər üzərində qurmalı və ortaq nöqtələr tapmalıdırlar.Bütün problemlərini yoluna qoyub dərin yaralarla da olsa yoluna davam edən ailələrdə isə üzdə sakitçilik hökm sürsə də, daxili gərginlik gec-tez üzə vurur və nəticədə səs-küylü boşanmaya, uzun-uzadı məhkəmə çəkişmələrinə, hətta tayfa-nəsil düşmənçiliyinə qədər gedib çıxır.

Boşanma nəzəriyyələri.Dünyanın hər bir dinində evlilik həmişə müqəddəs bir münasibət kimi qəbul edilib. Deyirlər ki, əlaqələr cənnətdə qurulur və cütlüklər sadəcə yerdə bir-birləri ilə tanış olurlar. Bu, sadəcə iki insanın münasibəti deyil, iki fərqli ailənin münasibətidir. İki fərqli ailədən olan iki fərqli insan bir araya gələrək evlənir və yeni ailə qurur. Hər halda, evlilik hələ də bir razılaşmadır və bütün digər müqavilə formaları kimi, o da sona çata bilər.Qədim dövrlərdə evlilik və boşanma cütlüklər arasında şəxsi iş kimi qəbul edilirdi. Onların evlənməsinə və ya ayrılmasına heç bir maneə yox idi. Ancaq xristianlığın daxil olması ilə bu paradiqma dəyişməyə başladı. Evlilik müqəddəs və geri dönülməz hesab olunurdu. 1857-ci ilə qədər İngiltərədə yalnız Parlament Aktı boşanmaya icazə verə bilərdi, lakin cəmiyyət inkişaf etdikcə tələb artdı və 1857-ci il tarixli Evlilik Səbəbləri Aktı boşanmanı qəbul etdi. O vaxt boşanmaq üçün sadəcə bir əsas var idi, o da zina idi.Boşanmanın səbəbləri zamanın və mədəniyyətin inkişafı ilə müəyyən edilmişdir, bunlar burada müzakirə olunan üç əsas fikrə bölünür.

  1. Boşanmanın Səhv nəzəriyyəsi
  2. Boşanmanın Razılıq Nəzəriyyəsi
  3. Boşanmanın Dağılma Nəzəriyyəsi

Boşanmanın səhv nəzəriyyəsi.Boşanmanın ən əsas və ən qədim nəzəriyyələrindən biri səhv nəzəriyyəsidir. Bu, əvvəllər «boşanmanın günah nəzəriyyəsi» kimi tanınırdı. Zina nikahda aşkar edilən qüsurlardan birincisi idi. Digərləri isə qəddarlıq və fərarilik hesab olunurdu. Zina, qəddarlıq və fərarilik nikahın təməlini təhlükəyə atan üç evlilik qüsurudur.Fərarilik bir tərəfin nikahın bütün öhdəliklərindən imtina etməsi — ər-arvaddan birinin digərinin heç bir əsaslı səbəb olmadan və digərinin razılığı olmadan daimi olaraq tərk etməsi və ya tərk edilməsi deməkdir. Zina nikahın əsas təməlini sarsıdır, çünki bu, müstəsna tərəfdaşlıq kimi qəbul edilir. Evliliyin əsas şərti, tərəfdaşların xoşbəxt və qarşılıqlı inamla birlikdə yaşamalarıdır.Nəticə etibarı bu səbəblərdən heç biri evliliyin əsas dayağı ilə bir araya sığmır.

Boşanmanın Razılıq Nəzəriyyəsi.Qarşılıqlı inam və sədaqət evliliyin əsasını təşkil edir. Əgər tərəflər qarşılıqlı sədaqəti qoruya biləcəklərinə inanmırlarsa, nikah pozulmalıdır, əks halda məsələ nəzarətdən çıxacaq. Boşanmanın razılıq nəzəriyyəsinin tərəfdarları deyirlər ki, boşanma hüququ evlənmək hüququ ilə ayrılmaz şəkildə bağlıdır.Əgər nikahda olan şəxslərin qarşılıqlı razılıq əsasında nikaha daxil olmaq hüququ varsa, onlar da qarşılıqlı razılıq əsasında həmin nikahı poza bilməlidirlər. Bu nəzəriyyənin tərəfdarları da iddia edirlər ki, boşanmanın razılıq nəzəriyyəsi bədbəxt evliliklərin sayını azaldacaq və xoşbəxt evliliklərin sayını artıracaq.

Boşanmanın Dağılma Nəzəriyyəsi.Bu nəzəriyyənin tərəfdarları iddia edirlər ki, nikah geri dönməz şəkildə pozulduqda kimin günahkar olduğunu və ya nə üçün baş verdiyini müəyyən etməyə ehtiyac yoxdur. Heç kimin və ya cəmiyyətin mənafeyinə xidmət etməyəcəyi üçün ən əsas məqsəd nikahı mümkün qədər tez pozmaq olmalıdır. 

Sual 2. Nikahın ilk dövrlərində və ümumiyyətlə ər-arvad arasında konfliktlər nə səbəbə baş verir? Mütəxəssislər bu səbəbləri aşağıdakı ardıcıllıqla göstərirlər.

  • Bərabərlik prinsipinin pozulması. Sən bunu mənim üçün bunu et mən də sənin üçün bunu edəcəyəm. Yəni davranış mübadiləsi.
  • Ər-arvaddan birinin və ya hər ikisinin onları əhatə edən adamlarla (qohum, dost, tanış və s.) pis münasibətdə olması.
  • Həyat yoldaşını ailəsi ilə görüşməkdən məhrum etmək.
  • Ər-arvaddan birində, bəzənsə hər ikisində şəxsi çatışmazlıqların olması.
  • Həyata marağın və tələblərin uyğunsuzluğu.
  • İqtisadi, səbəblər yoldaşın işsiz qalması.
  • Ailə böyükləri ilə eyni evdə yaşama.
  • Ər-arvad arasındakı cinsi problemlər.
  • Din, məzhəb və ya mədəniyyət fərqləri.
  • Spirt, qumar və şans oyunlarına düşkünlük.
  • Şiddət, döyülmə.
  • Ev əşyalarına zərar vermək.
  • Xəyanət
  • Bioloji uyğunsuzluq
  • Həddindən artıq qısqanclıq.

Yuxarıda qeyd etdik ki, boşanmaları yaradan səbəblərdən biri ər-arvad münasibətlərində etik normaların pozulmasıdır. Bu boşanmalarda qısqanclıq, xəyanət xüsusi yer tutur.Qısqanclığın yaranmasının iki növü ən çox müşahidə olunur. Bunlardan birincisi özündə qeyri-sadiqlik, ailəyə xəyanət nəticəsində yaranan qısqanclıqdır. Özündə yaranan xəyanət meylinin olması hissini qarşı tərəfə də aid edir.İkinci aşılanmış qısqanclıqdır. Bu həyati təcrübədən yaranır. Öz valideynlərinin, dostlarının, tanışlarının ailəyə xəyanəti, ər-arvadın sadiq olmaması haqqında söhbətlər, bu haqda kinofilmlər, kitablar bəzi şəxslərdə «xəyanətsiz yaşamaq olmaz» təsəvvürü yarada bilər.Qısqanclıq hissləri meydana çıxdıqda müəyyən bir nəticəyə gəlmək üçün ər-arvad tələsməməli, öz xasiyyətlərini düzgün qiymətləndirməli, müxtəlif dedi-qodulara, böhtanlara inanmamalıdırlar. Başqalarının səhvlərinə baxıb özləri də səhvə yol verməməlidirlər.Nikahda düzgün həmahəng intim münasibətin təşkil edilməsi, şübhəsiz ki, ər-arvadın hər ikisinin sağlamlığına, əhval-ruhiyyəsinə müsbət təsir göstərməklə, ailədə mənəvi atmosferi yaxşılaşdırır.

Boşanmanın motivlərinin təhlili.Ailə nikah institutunun indiki qeyri-sabitliyinin anlaşılması və öyrənilməsinə yanaşmanın vacib şərtlərindən biri boşanmanın motivlərinin təhlilidir.Motiv nikah tələbatlarının həmin nikah ittifaqında ödənilə bilməyəcəyi barədə qərarı əsaslandırır. Boşanma motivlərinin bir neçə təsnifatı mövcuddur. L.V.Çuykonun təsnifatı xüsusi diqqətə layiqdir. Müəllif nikahın pozulması motivlərinin üç qrupa ayırır.

1)Daha çox ictimai-iqtisadi xarakterli amil və səbəblərin təsnifatilə şərtlənmiş motivlər. Onlara ailə həyatının aşağı səviyyəsi, təmin olunmamış yaşayış və məişət şəraiti, valideynlərin birgə yaşayış, məcburi ayrı yaşama (məhkum olunma, orduda xidmətetmə) tez-tez ezamiyyətdə olma aiddir.

2)Daha çox psixoloji və fizioloji xarakterli amil və səbəblərin təsirilə təhrikedici motivlər.Onlar ər-arvadın təlabat, maraq, məqsəd və yönümlərinin müxtəlifliyində, ər və arvadın xarakterindəki fərqlərdə, adaptasiya prosesinə mane olan əsassız qısqanclıqda ifadə olunur.

3) Sosial-bioloji mənşəli motivlər: narkomaniya, xuliqanlıqla, sərxoşluq, təhqirlər, psixi xəstəliklər, seksual uyuşmazlıq (xəyali və həqiqi).

Sual 3.Valideyn sabah davamçısı olacaq övlad böyüdür. Əgər o ailədə böyük-kiçik yeri bilinmirsə, o evdə ailə dramı yaşanırsa, uşaq hansı ruhda tərbiyə alacaq, onun qəlbində ətrafına, ata-anasına qarşı insanlıq, sevgi cücərtiləri, yoxsa vəhşilik baş qaldıracaq?Boşanmalardan da əziyyət çəkən, ilk növbədə, uşaqlardır. Belə hallar onların əhvali-ruhiyyəsinə təsirsiz ötüşmür, psixoloji baxımdan sarsıntılara səbəb olur.Telekanallar, mətbuorqanlar, elektron informasiya vasitələri Azərbaycanın regionlarında, eləcə də paytaxtımızda baş verən ailə faciələrindən bəhs edir.Bu hadisələrin əksəriyyətinin azyaşlı uşaqların, yeniyetmələrin gözləri qarşısında baş verməsi isə dəhşətdir. Seriallar da ailə dağılmalarında az rol oynamır. Çünki serialların əksəriyyətinin mövzusu amansızlıq, yumşaq dillə desək, qaba rəftar, qeyri-səmimilik, adət-ənənələrə yadlaşma üzərində qurulub. Əlbəttə, bu da insana yaxşı şey təbliğ etmir.Ailədə övlad böyüyür, bir ailənin, bir elin, bir obanın təəssübünü çəkəcək övlad. Onun sağlam ruhda böyüməsi, düzgün tərbiyə alması həm valideyndən, həm cəmiyyətdən, həm də telekanallarımızdan böyük məsuliyyət tələb edir.Boşanma prosesi gözlədiyinizdən də ağır keçmişdirsə, depressiya həftələr, aylar və hətta illərlə davam edə bilər. Depressiyanın yaranması səbəbləri çox zaman ondadır ki, boşanma istər- istəməz həyatınızı dəyişir, üstünüzə «boşanmış» və ya «tənha» yarlığını asır.Boşanmadan sonra ətrafdakılar sizi başqa cür qavramağa başlayır. Bəzi qadınlara yeni həyata başlamaq üçün qüvvə tapmaq çox çətindir.Keçmiş ər ilə yerinə yetirməyə vərdiş etdiyiniz sadə, gündəlik işlər-misal üçün, mağazaya getmək-yaşanmış faciəni xatırlada bilər. Sınmış ürəyi sağaltmağın və boşanmanı stresssiz keçirməyin ən yaxşı üsulu-baş verənlər üzərində dayanmamaq və yaşamağa davam etməkdir. Çox zaman ailə həyatı kino və ya teatra getmək, qiraət etmək kimi maraqlı məşğuliyyətlərə vaxt ayırmağa imkan vermir. Öz yeni vəziyyətinizi pozitiv cəhətdən qiymətləndirmək və keçmiş ərinizin buna münasibəti haqqında düşünməyərək, çoxdankı arzularınızı reallaşdırmaq üçün vaxt və imkanın yaranması barədə düşünməyə çalışın.Aydındır ki,uşaqlar boşanmanı faciə hesab edirlər, onlar üçün bu, böyük stressdir, axı uşaqlar hər 2 valideynlərini sevir və onları birlikdə görmək istəyirlər. Depressiya, özünə qapılma, kədər və yuxusuzluq boşanmanın uşaqlara təsir edə biləcəyi bəzi nəticələridir.Uşaqlarda səksəkə və lazımsızlıq hissi yaranır. Valideynlərdən birinin uzun müddət olmaması, uşaqda kədər və düşkünlük hissi yarada bilər. Bir sözlə, uşağın boşanmaya qarşı reaksiyasını əvvəlcədən bilmək çətindir. Ata və ya ana ayrılıqda uşağa maddi yardım göstərmək iqtidarında olmaya bilər, odur ki, boşanma uşağa birbaşa təsir edir.Valideynlər bilməlidirlər ki, uşaqlar çox zaman onların davranış stereotiplərini təqlid edirlər. Uşaqlıq dövründə uşaqlar böyüyür və yeniliklərə yiyələnirlər və böyüklərin keçirdiyi həyəcan və stressləri keçirmək üçün onların vaxtı yoxdur. Hər 2 valideynin borcu uşağın inkişafı üçün sağlam atmosfer yaratmaqdır.Valideynlərin ikinci nigahı əlavə çətinliklər törədir, çünki uşaqlar valideynlərinin ikinci həyat yoldaşlarını heç də həmişə qəbul etmirlər.Yeni vəziyyət və bir valideyn ilə yaşamağa öyrəşmək üçün uşağa vaxt verin. Baş vermiş bütün dəyişikliklərə uyğunlaşmaq üçün ona zaman lazımdır.Uşağa əvvəlcədən söyləyin ki, boşanmanızda onun heç bir günahı yoxdur. Adətən, valideynlərin boşanmasından sonra uşaqlarda səbəbsiz günah hissi yaranır.Boşanma heç də valideyn məsuliyyətini azaltmır. Uşaq üzərində qəyyumluq almasanız belə, onunla mütləq görüşməli, ona qayğı və diqqət yetirməlisiniz.Heç bir zaman uşağı sizə tərəfdar çıxmağa vadar etməyin və onu öz didişmə və fitnələrinizə cəlb etməyin. Boşanmanın səbəbi və şəkli, uşaqların boşanmadan nə qədər təsirlənəcəyini təyin edir.Məsələn, anlaşılmazlıq (ünsiyyət pozuqluğu) səbəbiylə bitən bir evliliklə, yoldaşlardan birinin xəyanəti nəticəsində bitən bir evliliyi qarşılaşdıraq.

I-də yoldaşlar daha uzlaşmacı və uşaqla bağlı problemlərin öhdəsindən gəlmək mövzusunda daha ağıllı davrana bilərlər.

II haldasa, yoldaşlar bir-birlərinə qarşı daha hirsli və düşmənçilik tutumları sərgiləyərlər, vəziyyət belə olanda istəsələr də əlaqə qura bilməzlər. İkinci tip boşanmalarda isə uşaqlar təbii olaraq daha çox zərər görər.

Boşanmanın nə olduğu və boşanmadan sonra ana, ata və uşağın həyatında nə kimi dəyişikliklər olacağı mövzusunda uşağı məlumatlandırmaq və maarifləndirmək lazımdır.Boşanma müddətində, şəhər və ya ev dəyişdirmə, baxıcı dəyişdirmə, yeni bir evlilik və s. həyat dəyişiklikləri etməyin. Yaşanması zəruri bəzi dəyişikliklər varsa, bunlara pilləli keçişlər etməyə cəhd edin.Çünki hər dəyişmə, müsbət də olsa əlavə səy tələb edir və uşağınız üçün hamısına birdən uyğunlaşma təmin etmək çətin ola bilər. Eyni səbəblə, boşanma sonrası uşaq yoldaşlardan Hansını qalacaqsa, o və uşaq ailənin boşanmadan əvvəl yaşadığı məkanda yaşamağa davam etməlidir.Yoldaşlar, öz ailələrini də toplayaraq (ata tərəfdən nənə, dayı və s.) həmişə birlikdə bir yığıncaq etməli və uşaqla əlaqədar alınan qərarlardan hər kəsin xəbəri olmalıdır.Uşaqdan ayrı yaşayacaq olan yoldaş, pilləli olaraq evdən ayrı qalmağa başlamalıdır; bu müddət həftədə bir gündən 5-6 günə qədər çıxarıldığında uşaq ayrılığa daha asan adaptasiya olur.Boşanmadan sonra, uşaqlar hər iki yoldaşla davamlı və nizamlı olaraq görüşməyə davam etməlidir. O sizi birlikdə tanıdı və birlikdə istəyir, bunu anlamağa çalışın və ayrılığınıza alışması üçün ona vaxt verin. Uşağınıza ana və atanın bir-birlərinden ayrılmalarının uşaqlarından ayrılmaları mənasını vermədiyini izah edin.Birlikdə tez-tez bir yerə gəlin (Özünüzü, yoldaşınızla bu yerə gəlişləri kimsəyə açıqlamaq məcburiyyətində hiss etməyin!!!). Yoldaşlar boşanmanın uşaqları üçün olduğu qədər özləri üçün də çətin olduğunu unutmamalı və boşanmanı bir son deyil, bir başlanğıc olaraq qəbul etməlidirlər.Hirs, təklik duyğusu, depressiya, qayğı kimi psixoloji problemlər ortaya çıxa bilər, bunlar təbiidir. Lazım olsa professional kömək almaqdan çəkinməməlidir. Unutmamaq lazımdır ki, uşaqlar yeni qarşılaşdıqları hər vəziyyətin nə cür təhdid edici olub olmadığını anlamaq üçün ümumiyyətlə yetkinlərin reaksiyalarına baxarlar.Davamlı ağlayan bir ana uşağa vəziyyətin pis olduğu, şən və çalışan bir ana isə hər şeyin yolunda getdiyi təəssüratını verəcəklər. Yoldaşlar uşaqları qətiliklə bir-birlərinə qarşı istifadə etməməlidir; uşaq heç bir şəkildə tərəf və şahid tutulmamalıdır.Yeni razılaşmalar əlaqədar qərarlar alarkən uşağınızın təsdiqini alın, amma uşağınızı qərar vermə məsuliyyəti altında qoymayın. Uşaq, boşanmış bir ana-atanın uşağı olmağı ətrafına qarşı bir silah kimi istifadə etməməlidir.Hər mövzuda gərəksiz qurbanlar verərək uşağın boşanmadan alacağı yaralar yalnız artırılır. Hər gün şokolad yeməsinə icazə verərək uşağınızın boşanma hadisəsindən nəinki daha az təsirlənməsini təmin edə, yalnız şokolada daha çox alışmasını təmin edərsiniz. Uşaqla əlaqədar hər mövzuda yoldaşlar bir-birləriylə ziddiyyət təşkil edən davranışlarda olmamağa səy göstərməli, ortaq bir yol izlənilməlidir.Atanın evində icazə verilən bir şeyə, ananın evində qadağan qoyulmamalıdır. Uşağın yanında bu mövzunu danışmayın, xüsusilə də yoldaşlardan birinin tərəfini tutan və ya pisləyən sözlər deməyin. Boşanma hadisəsini uşaqla əlaqələndirməyin və uşağa bu mənanı verən sözlər işlətməyin.Ana ya da atasının onu sevmədiyi üçün, çox dəcəllik etdiyi üçün, başqa bir qadınla birlikdə olmağı üstün üstün tutduğu üçün və s. səbəblərdən tərk etdiyini əsla söyləməyin. Bu boşanan cütlərin ailələrinin və hətta özlərinin də çox düşdüyü bir səhvdir. Bu kimi sözlərlə uşağı təsəlli etməz, ona ancaq “tərk edilmişlik hissi və ya günahkarlıq hissi” yaşatmış olar. Beləcə uşaq sevgiyə layiq olmadığını, dəyərsiz olduğunu düşünər.Boşanmaların səbəblərindən biri kimi ailədəki emosional gərginlik, söz-söhbətlərdir. İndisə boşanmalar adi söz-söhbət üzündən törəyir. Bəzən gəlin-qaynana, gəlin-baldız, gəlin-elti arasındakı söz-söhbətlər boşanmaya gətirib çıxarır. Ona görə də ətraf, qohum-əqrəba ailənin işinə qarışmağa meyil etməkdən çəkinməlidirlər.

Sual 4. Valideynlər ailə quran gənclərə qarşı diqqətli olmalı, onların mübahisələrini həll etməyə çalışmalıdırlar. Bu kimi neqativ halların qarşısının alınması üçün nümunəvi ailələr təbliğ olunmalıdır. Ekspertlər də nümunəvi ailə modelinin təbliğ olunmasını dəstəkləyir. Nümunəvi ailə modelinin təbliğ olunması, qismən də olsa, boşanmanın qarşısını ala bilər.Həmin ailələr yaşadıqları həyatı ictimaiyyətə çatdırmalıdırlar.Gəlinlərin qaynana ilə xoş münasibətdə olması və ya ər-arvadın bir-birini necə başa düşməsi barədə məlumatlar verilməlidir.Ailəsində problemi olan şəxslər bu məlumatlar sayəsində ailələrinin dağılmasının qarşısını alacaqlar.Boşanma qərarı almağa itələyən səbəblər nə olursa olsun, boşanma qərarınını qəti olaraq vermədən əvvəl, tərəflər bu mövzuları nəzərdən keçirdiklərinə əmin olmalıdır: Evliliyimi qurtarmaq üçün əlimdən gələn hər şeyi etdim. Bu qərarı uzun müddətdə və təsir altında qalmadan verdim.Həyat yoldaşım da, mən də əlaqəmizə kifayət qədər zaman tanıdıq. Uşağımız və mən boşanma hadisəsindən az təsirlənəcəyik… Boşandıqdan sonra ortaya çıxa biləcək yeni problemlərlə başa çıxa biləcək gücüm var. Yalnız yoldaşımdan boşanıram, uşağımdan yox (xüsusilə atalar üçün).Yoldaşımın da, mənim də uşağımıza ehtiyacımız var, uşağımızın həm mənə, həm yoldaşıma ehtiyacı var, o tək birimizə aid deyil.Əgər ailədə münasibətlər lap əvvəldən düzgün qurulsa, onun özü əsl barışıq adasına çevrilər: ər-arvad əl-ələ verib meydana çıxan bütün çətinlikləri və ziddiyətləri ləyaqətlə aradan qaldırarlar.Boşanma ciddi bir məsələdir və yalnız son çarə kimi istifadə edilməlidir, lakin bu gün bi çox insanlar boşanmadan əvvəl ciddi səkildə düşünmürlər. Bu, ailələri parçalayır və ayrılan cütlüyün övladı ayrı valideynlərlə böyüyən ciddi travma keçirməli olur. Bütün bunları qeyd etdikdən sonra, boşanma nisbətlərinin yüksək olduğu ölkələrdə qadınların səlahiyyətlərinin artırılması standartları daha yüksəkdir. İnsanlar xoşbəxt olmadıqları təqdirdə evliliyi bitirmək hüququndan istifadə edirlər.Qarşılıqlı razılıq əsasında ailəsindən ayrılma boşanmanın ən yaxşı yoludur, çünki tərəflər məhkəmə zalında bir-birini pisləmək məcburiyyətində deyillər və hər iki tərəf bütün məsələlərdə qarşılıqlı razılaşaraq nikahlarını bitirə bilər.

 AİLƏMİZİ QORUYAQ XOŞBƏXT AİLƏ YARADAQ!

Ədəbiyyat siyahısı

  1. Əlizadə Ə.Ə. Abbasov A.N.-Ailə.Bakı-1989.
  2. Əlizadə Ə.Ə.-Qadın Psixologiyası.Bakı-2015.
  3. Джеймс М. Брак и любовь. Москва,1993
  4. Казаков С.В. О семье и браке. Москва, 2004
  5. Самоукина, Н.В. Парадоксы любви и брака / Самоукин Н.В. — М.: Владос, 2006.
  6. William M. Pinsof, Jay L. Lebow. “Family Psychology.” Oxford Series in Clinical Psychology, 2005
  7. www.legalserviceindia.com/legal/article-8149-comparative-analysis-of-the-3-theories-of-divorce.html

Müəllif: Səxavət Əliyeva — Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri, psixologiya üzrə fəlsəfə doktoru, dosent. Kamilə Kazımova – Bakı Dövlət Universitetinin psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, psixoloq-konsultant, hipnoterapevt, “Hipnoz” Psixologiya və Psixoloji Məsləhət mərkəzinin rəhbəri.

 

0 şərh