Ailədə gender münasibətləri

Plan:

  1. Kişi və qadın psixologiyası: oxşarlıq və təzadlar
  2. Müasir ailənin funksional – rollu cəhətləri
  3. Ailə başçısının funksiyaları
  4. Müasir ailədə qadının rolu
  5. Müasir ailədə kişinin rolu

Sual 1.   Hər bir insan təkrarsız və unikal xüsusiyyətlərə malikdir və bunlar onun şəxsiyyətinin fərdiyyətini təşkil edir. İnsanlar arasındakı əsas fərqlərin başlanğıcı kişilər və qadınlar arasındakı cinsi fərqlərdir. Bu fərqlər yalnız cinsin fərqləndirici xarici əlamətləridir. Lakin elm sübut edir ki, kişilərin və qadınların eyniadlı daxili orqanları da fərqli xüsusiyyətlərə malikdir və onlar maddələr mübadiləsinin intensivliyində, tənəffüsün və ürək döyüntülərinin tezliyində, qanın tərkibində və s. də özünü göstərir. Kişilər və qadınlar arasındakı fərqlərə həsr olunmuş çoxsaylı müqayisəli elmi tədqiqatlar bu iki fərqli cins arasındakı fərqlərin qavrayış, məntiq və intuisiyasında, ətrafdakı adamlarla qarşılıqlı münasibətlərində, maraq, qiymətləndirici mühakimələrində, fıziki parametrlərində, təfəkkür və təxəyyülündə, fəallıq və ünsiyyət tələbatında, xarakter, qabiliyyət, temperament xüsusiyyətlərində və bir çox digər sahələrində də mövcudluğunu təsdiq edir. Cinslər arasında gender fərqlərinin öyrənilməsinə ilk təşəbbüslərXX əsrin 30-cu illərinə təsadüf edir. 1936-cı ildə Amerikan psixoloqlan Luyis Terman və Ketrin Koks-Maylz maskulnitivlik və feministliyin ölçülməsi sistemini işləyib hazırlamışlar. Onların tərtib etdikləri sorğunun məqsədi “cinslər arasındakı maraq və münasibətlərin təhlili” adlanırdı. Bu sorğuya müxtəlif şəxsiyyət keyfiyyətləri, maraqlar, meyillər, həmçinin, müxtəlif sözlərlə ifadə olunan assosiasiyalar daxil idi. Tədqiqatçılar maskulinitiv keyfıyyətlərə uca səsi, ov etmək həvəsini, uşaqlıqda nadincliyi, fiziki ağrıya qarşı dözümü, feministik keyfiyyətləri isə bunlara tamamilə əks olan keyfıyyətləri aid etmişlər. 1974-cü ildə Amerikan psixoloqu Sandra Bem maskulinizm və feminizm probleminə yeni konsepsiyadan yanaşmağa təşəbbüs göstərmişdir. Sandra Bem əvvəlki tədqiqatçılardan fərqli olaraq femin və maskulin xüsusiyyətlərin müəyyən edilməsini cəmiyyətin öhdəsinə buraxmışdır. Çoxsaylı oğlan və qız tələbələrlə apardığı tədqiqatlar vasitəsilə o, 400 insani keyfıyyəti qiymətləndirmək təklifi ilə çıxış etmiş, müasir kişiyə məxsus 20, qadına məxsus 20, hər iki cinsə məxsus 20 neytral keyfıyyətləri ayırd etmişdir. Öz tədqiqatları vasitəsilə Sandra Bemmaskulinist (kişiyə məxsus) keyfiyyətlərə özünəinam hissini, öz mövqeyini müdafiə etmək meylini, riskə meylliliyi, problemi təxirə salmadan tez həll etmə xüsusiyyətini, hakimiyyətə və liderliyə meyilliyi, kişiliyi, başqasını öz arxasınca aparmaq qabiliyyətini, qətiyyətliliyi, fərdiyətçiliyi, yarışa qoşulma riskini, ambisiyalılığı (özündən razılılığı), feminist xüsusiyyətləri isə güzəştə getməni, həyatsevərliyi, utancaqlığı, zərifliyi, sədaqətliyi, qadınlılığı, dərdə şərik olmanı, qayğıkeşliyi, asta səslə danışmanı, istiqanlılığı, yumşaq, etibarlı, infantil davranışı, uşaqları sevməni, sakitliyi, söyüşdən uzaq olmanı və s. aid etmişdir. Müasir dövrdə gender sxemində bu xüsusiyyətlərin sırası daha da genişlənmiş, onların sırasına hər iki cinsə aid olan bəzi ortaq xüsusiyyətlər də aid edilmişdir. Bir çox elmi tədqiqatlarda artıq sübut olunmuşdur ki, kişi və qadınlar arasında mövcud olan həqiqi fərqlər 5%-dən çox deyil və ciddi əhəmiyyət kəsb etmir. Öz-özlüyündə kişi və qadının psixoloji xarakteristikasında oxşar cəhətlər fərqlərdən daha çoxdur. 1970-ci illərin ortalarından başlayaraq dünyada cinsi fərqlər probleminə aid hər il 1,5 mindən artıq əsər çap olunmuşdur. Bu tədqiqatlar vasitəsilə müəlliflər öz səylərini qadın və kişilərin cinsi fərqlərini dərindən araşdıraraq “inventarlaşdırılmasına”və bu fərqlərin mənşəyinin müəyyənləşdirilməsinə istiqamətləndirmişlər. Cinsi fərqlər probleminin elmi cəhətdən tədqiqinə həsr olunmuş ilk sanballı əsərlərdən biri 1974-cü ildə ABŞ tədqiqatçıları E. Makkobi və K.Ceklinin “Cinsi fərqlərin psixologiyası” adlı monoqrafıyasıdır. Bu əsər həmin dövrədək cinsi fərqlər haqqında yazılmış əsərlərin tənqidi təhlilinə həsr olunmuşdur. E.Makkobi və K.Cekli təhlil əsasında cinsi fərqləri üç qrupa ayırmışlar:

  1. Həqiqi fərqlər:oğlanlar (kişilər daha aqressivdir, riyazi və fəza əməliyyatlarını qavramaq sahəsində daha uğurlu nəticələr əldə etməyə qadirdirlər. Qızlarda (qadınlarda) isə linqvistik, nitq qabiliyyətləri daha yaxşı inkişaf etmişdir. Kişilərdə aqressivlik adətən asosial xarakter daşıdığı halda, qadınlarda bu sözlü etirazlar, küskünlüklə müşayiət olunur.
  2. Şübhəli fərqlər:oğlanlarda və qızlarda sözəbaxımlılıq, qayğıkeşlik, qorxu və həyəcanlanma, yarışmaya meyillilik, taktil həssaslıq, ümumi fəallıq sahəsində göstəricilərdə oxşarlıqlar müşahidə edildiyindən qeyd olunan əlamətlər üzrə kəskin fərqləri müəyyənləşdirmək mümkün olmamışdır.
  3. Təsdiq edilmiş fərqlər:qızların (qadınların) inkişafında mühitin təsiri daha üstün rola malikdir. Onlarda təlqinə qapılma hissi güclüdür, standart tipli məsələlərin həllində qızlar yüksək nəticələr əldə etsələr də, onlarda uğur əldəetmə tələbatı və özünəhörmət hissi zəif inkişaf etmişdir.

ABŞ psixoloqu K.Xorni qadınlarla kişilər arasındakı fərqləri sosiomədəni təsir kontekstindən izah edirdi. Onun iddiasına görə, qadınlar kişilərlə müqayisədə bütün hallarda daha çox natamamlıq hissi keçirirlər. Çünki onların həyatı kişilərdən iqtisadi, siyasi və psixoseksual baxımdan asılıdır. Tarixən qadınlara ikinci dərəcəli varlıqlar kimi yanaşıldığından onlar kişilərin üstünlüyünü qəbul etməli olmuşlar.Kişi və qadın yer üzərində bəşəri həyatın ilkin başlanğıcıdır. Onların vəhdəti, birliyi həyatı yaradır. Bu iki fərqli başlanğıc bir çox cəhətdən bir-biri ilə ziddiyyət təşkil edir: istənilən eyni bir hadisəyə kişilər və qadınlar tamamilə fərqli baxır və fərqli qiymətləndirirlər. Onların genlərinə qoyulmuş psixoloji fərqləri heç nə məhv edə bilməz. Psixoloqların qənaətinə görə, bu iki cins arasında 1000-ə qədər müxtəlif fərq mövcuddur. Bu fərqlər hər iki cinsin eyni adlı daxili orqanlarında, maddələr mübadiləsinin intensivliyində, tənəffüsün və ürək döyüntülərinin tezliyində, qanın tərkibində və s. özünü göstərir. Kişi və qadın cinsləri arasındakı daha dərin fərqlər onların qavrayışında, məntiq və intuisiyasında, temperament xüsusiyyətlərində, sinir sistemində, müşahidəçilik və uyğunlaşma qabiliyyətində, ətraf adamlarla qarşılıqlı münasibətlərində, ailəyə münasibətdə, maraq və meyillərində, qiymətləndirmə meyarlarında, fıziki parametrlərində, ünsiyyət tələbatında, təfəkkürün xüsusiyyətlərində, fəallıq və iradi keyfıyyətlərində, davranış tərzində, yerişində, emosional reaksiyalarında, işgüzarlıq və təşəbbüskarlığında, cəmiyyətdəki statusunda və  bir çox digər sahələrdə də mövcuddur. Kişi və qadın bir-birindən yalnız fıziki və fızioloji xarakteristikalarına görə deyil, həm də psixoloji xüsusiyyətlərinə, şəxsiyyət keyfiyyətlərinə davranış tərzlərinə görə də fərqlənirlər.

Kişi obrazıözünün kompitensiyası və rasional xüsusiyyətlərinə, fəallığına və fəaliyyətinin səmərəliliyinə görə fərqlənən əlamətlərin məcmusudur.

Qadın obrazıisə əksinə, özündə emosional dəstəyə, isti hisslərə, himayəyə ehtiyac kimi əlamətləri birləşdirən insan cinsidir.

Qadınlarda sosial və kommunikativ bacarıqlar kişilərdən daha üstün inkişaf etmişdir. Bu cür stereotip təsəvvürlər psixologiya elmi tərəfindən dəstəklənsə də, adi adamların əksəriyyəti kişi və qadınlar arasındakı psixoloji müqayisələrin nəticələri haqqında kifayət qədər məlumatlı deyillər. Kişilərdə məntiq, ümumiləşdirmə, vizual qavrayış və onun tamlığı, mücərrədləşdirməyə meyillilik, romantizm, zamana və məkana bələdləşmə, texniki bacarıqlar, uğur əldə etmə motivi, liderliyə cəhd, yeniliyə meyillilik, qadının nəzərində birinci olmaq istəyi daha yaxşı inkişaf etmişdir. Qadınlarda isə intuisiya, analiz, konkretlik, praktiklik, əllərin cəldliyi və dəqiqliyi, humanitar yönəlişlik, ətraf adamlarla münasibət və ünsiyyət qurmaq motivi, tabe olmaq, qaydalara riayət etmək, yeganə və təkrarsız olmaq arzusu, eşitmə qavrayışı öz üstünlüyü ilə seçilir. Təsadüfi deyildir ki, qadınların qulaqları ilə, kişilərin isə gözləri ilə sevdikləri söylənilir. Fərdi, təkrarsız məntiq (qadın məntiqi) qadınların məntiqi cəhətdən tam əsaslandırılmayan mülahizələr irəli sürməsinə səbəb olur. Cinsi xüsusiyyətlərin təsiri onların qavrama qabiliyyətində, hafızəsində, intellektində, koqnitiv (idraki) üslubunda, motivasiyasında, özünüdərketməsində, temperament xüsusiyyətində, fəallıq və emosionallıq səviyyəsində, ünsiyyətində  və s. də özünü  göstərir. Oğlanların (kişilərin) inkişafı və formalaşmasında digər amillərə nəzərən irsiyyət amilinin rolu daha böyükdür. Onlar mürəkkəb və qeyri-standart məsələlərin həllində, hadisələrə analitik və idraki yanaşma üslubuna və eşitmə analizatorunun üstün inkişafına görə qızları (qadınları) üstələyirlər. Oğlanlar qızlardan çox sərtlikləri, müstəqil olmaları, ətraf aləmin qiymətləndirilməsinin emosionallığı, fıkir və qərarların daha çox kəskinliyi ilə fərqlənirlər. Qızlarda səmimilik daha çoxdur ki, bu da fıkrimcə, gələcək analıq müdrikliyinin toxumcuğudur”. Kişi və qadınların təbiətcə fərqli xüsusiyyətləri haqqında elmi əhəmiyyətli məlumatlara A.Fulyenin əsərlərində də rast gəlmək mümkündür. O, kişi və qadınlar arasındakı prinsipial fərqləri metabolizmdə mübadilə proseslərində görürdü. Metabolizm, anabolizm və katabolizm adlanan proseslərin qarşılıqlı təsiri əsasında qurulur. A.Fulyeyə görə, qida, inteqrasiya, enerjinin saxlanılması kimi üstün anabolik proseslər qadın orqanizmində daha çox inkişaf etmişdir. Qadınların fərdi həyatını təmin edən sadalanan yüksək anabolik meyillər həm də onların davranışında özünü əks etdirir.Çoxalma, enerji sərfi, dezinteqrasiya kimi katabolik proseslər isə daha çox kişi orqanizmi üçün səciyyəvidir və onların davranış mənzərəsini müəyyənləşdirir. Ötən əsrin 60-cı illərində sovet psixoloqları tərəfındən cinsi dimorfizm nəzəriyyəsi yaradıldı. Bu nəzəriyyə kişi və qadın cinsi mənsubluğunu qarşılaşdırarkən irsiyyət və dəyişkənlik amilini ön plana çəkir, cinsi fərqləri qısamüddətli və uzunmüddətli hafizə, mühafizəkarlıq və variativlik kimi amillər əsasında izah edirdi. Qadın cinsi nəsildən-nəslə dəyişməzliyi təmin edən əvvəlki təkamül mərhələlərinin gedişində qazanılmış əlamətlərin qorunub saxlanılmasını təmin edir. Bu, irsiyyətin qorunub saxlanımasında güclü təsir amili olan “qızıl xəzinədir”. 1960-cı illərdə Rusiyada B.G.Ananyev adına laboratoriyanın əməkdaşlarının tədqiqatları idrak sferasında cinslər arasındakı fərqlərin öyrənilməsinə yönəlmişdi. 17-22 yaşlı tələbə qruplarında aparılmış bu tədqiqatlar nəticəsində aşağıdakı əhəmiyyətli nəticələr əldə edildi: İnsanın maraqlarını əks etdirən və onun erudisiyasını sübut edən ümumi məlumatlılıq, xarakter və onun keyfiyyətini nümayiş etdirən ümumi əqli fərasət qabiliyyəti, mürəkkəb intellektual məsələlərə diqqəti mərkəzləşdirmək surətinin, müşahidəçilik, fəza təsəvvürləri, qeyri-verbal (praktik) və ümumi intellektin oğlanlarda qızlara nəzərən daha yüksək olduğu elmi nəticələrlə sübut olunmuşdur. Qızlar isə özlərinin lüğət ehtiyatı da daxil olmaqla verbal (nitqli) intellekt, təfəkkürün məntiqiliyi, onun ümumiləşdirmə əməliyyatı baxımından oğlanlardan üstün göstəriciləri ilə fərqlənmişlər. Operativ məsələlərin həllinə kömək edən qısamüddətli hafizə, lüğət ehtiyatının həcmi, kommunikativ məsələlərin həllini asanlaşdıran ünsiyyət çevikliyi və əqli uyğunlaşma üzrə göstəricilər də qızlarda üstün olmuşdur. Psixoloji tədqiqatlar görmə və eşitmə qavrayışı sahəsində də cinslər arasında müəyyən fərqlərin mövcudluğunu müəyyən etmişdir. Qadınlar səsin ucalığı və tonallığında baş verən dəyişikliklərə daha həssas reaksiya göstərirlər ki, bu da onlara başqa adamın vəziyyətini onun səsində baş verən dəyişikliklər əsasında qavramaq imkanı verir. Kişilər isə səs qıcıqlandırıcı mənbəyini daha yaxşı müəyyənləşdirməyi bacarırlar. Rus psixoloqu T.V.Andreyevanın tədqiqatları ilə sübut olunmuşdur ki, qadınlar kişilərə nisbətən rəng həssaslığında, incə rəng çalarlarım fərqləndirməkdə kişilərdən daha yüksək həssaslığa malikdirlər. Qadınlarda iki yarımkürə arasında əlaqələrin daha möhkəm olması onlara bir-biri ilə əlaqəsi olmayan bir neçə müxtəlif işi eyni vaxtda yerinə yetirmək imkanı verir. Bu cəhət hər şeydən əvvəl onların nitqində və intuisiyasında özünü göstərir. Qadınlardan fərqli olaraq kişilərin beyninin yarımkürələri arasında əlaqələrin zəifliyi və azlığı onlara diqqəti konkret məsələlər üzərində mərkəzləşdirmək imkanı vermir. Kişilər eyni vaxtda bir neçə obyekt üzərində diqqəti cəmləşdirmək (məsələn, televizora baxmaq və başqa adamı dinləmək) sahəsində çətinlik çəkirlər. Əllərin, sifətin və bədənin simmetrikliyinə, emosional cazibədarlığa, məntiqi qavramanın surətinə, yaddasaxlamanın həcmi və operativ hafızəyə görə qadınlar kişiləri üstələyirlər. Qadınların əsas keyfiyyətləri sırasına sosial yönəlişliyi (oriyentasiya); estetik cazibədarlığı, zərifliyi; həyatsevərlik, romantika və isməti; inadkarlıq və empatiyanı (dərdə şərikçıxma) da aid etmək olar. Onlar üçün hadisələri paraloqik (qadın məntiqi) mövqeyindən dəyərləndirmək səciyyəvidir. Differensial-psixoloji tədqiqatlar kişi və qadın cinsləri arasında sinir proseslərinin xassələrində də əhəmiyyətli fərqlərin və funksional asimmetriyanın mövcud olması faktlarını aşkara çıxarmışdır. Kişilərdə beynin məntiqi-rasional funksiya daşıyan sol yarımkürəsinin fəaliyyəti dominant aktivlik xüsusiyyətlərinə malik olduğu halda, qadınlarda hissi-atributiv funksiya daşıyan sağ yarımkürənin daha yaxşı inkişaf etdiyi elmi əsaslarla sübut edilmişdir. Bundan asılı olaraq onların istər düşüncə və davranış modellərində, istərsə də cəmiyyətdəki etik və estetik normalara baxışlarında və qiymətləndirici mühakimələrində təzadlı yanaşmalar özünü göstərir.

Sual 2.Psixoloqlar ailənin funksional –rollu cəhətlərini tədqiq edərkən ər və arvad arasında rolların bölünməsini aşağıdakı bir sıra meyarlara görə təsnif etmişlər. Ev–təsərrüfat işlərinə münasibət hələ uşaq yaşlarından formalaşır. Belə ki, uşaqlıq dövründən ata və ana uşaqlarını formalaşmış kişi və qadın rolları stereotiplərinə müvafiq olaraq tərbiyələndirirlər.  Kişi evdən kənar, qadın isə ev işləri ilə daha çox məşğul olur. Heç şübhəsiz ki, gündəlik ev işləri, evdə sıradan çıxmış texnikanı təmir etmək və s. kişi işinə aid edilir. Bu rollar konkret cinsin xarakter və fiziki xüsusiyyətlərinə əsasən yaranmış bölgüdür. Elə ailələr vardır ki, kişinin ailədə işlərinə yemək hazırlamaq, qabları yumaq, uşaqları tərbiyə etmək və s.aid edilir. Çox vaxt belə əri olan qadınlara rəfiqələri həsəd apararaq “sənin ərin idealdır”– ifadəsini işlədirlər. Əslində isə o, ideal deyildir, sadəcə onun formalaşmış xarakteri belədir və ona ev işləri ilə məşğul olmaq xoşdur. Çox zaman belə kişilərə evdə çox bacılar içində böyüyən və ya evin tək uşağı olan oğlan uşaqlarında daha çox rast gəlinir. Qadın həmin kişidən ailənin başçısı olmasını, ailədə bütün məsuliyyəti öz üzərinə götürməsini, ailənin əsas maddi təmin olunmasını da xahiş etsə, əminliklə deyə bilərik ki, bu zaman qadının ümidləri boşa çıxacaqdır. Ailədə rol bölgüsündə ikinci faktor əsrlər boyu formalaşmış milli, mentalitet xüsusiyyətləridir. Məsələn, partiarxal tipli ailədə konfliktlərin və boşanmaların yaşanmasına səbəb qarışıq nikah və ya lider qadın ilə evlənmək səbəb ola bilər. Ailədə rollar bölgüsündə üçüncü faktor maddi – pul məsələsidir. Məhz pul insanın xarakterinin, daşıdığı vəzifələrin dəyişməsinə səbəb olan birincili amildir. Burada əsas məsələ ailə büdcəsinə daxil olan əsas məbləğin kim tərəfindən qazanılmasıdır.

Sual 3. 1.Təşkilatçılıq funksiyası — onda ifadə olunur ki, ailə başçısı ailənin məqsədini müəyyən edir, ailə üzvlərini konkret işlərə təhrik edir.

2.İnformasiya fuksiyası — ailə fəaliyyətinin səmərəli olması naminə bir tərəfdən, zəruri informasiyanın toplanması, işlənməsi və qrup üzvlərinə vaxtında verilməsidir.

3.Sosializasiya funksiyası– ailə başçısı müəyyən keyfiyyətləri formalaşdırmaq və tərbiyə etmək məqsədilə ailə üzvlərinə göstərdiyi təsiri əks etdirir.

AİLƏDƏ RƏHBƏRLİK ÜSLUBLARI. Avtoritar üslub. Bu tip ən çox felin əmr formasında danışmağı xoşlayır. İstədiyi şeyi qadağan edir. Digər ailə üzvlərini həmişə vahimə içində saxlayır. Ailə üzvlərinin haqlı olub-olmaması onun üçün əhəmiyyətsizdir. Bu insanlar bəzən mehriban olur amma tez bir zamanda bu acı sözlərlə, kinli baxışlarla və s. əvəz oluna bilər. O, heç kəsin hüququ ilə hesablaşmır. Yalnız öz hüququ var.

Demokratik üslub.Bu ailə başçısı həyat yoldaşı, hətta uşaqlarla məsləhətləşməyi xoşlayır və onların rəyini nəzərə alır. Evdə mehriban dolanır. Ancaq ailəni başlı-başına buraxmır. Sözünün yerini yatağını bilir.Uşaqları yaxşı işlərinə görə tərifləyir, yeri gələndə cəzalandırır. Lakin cəzanın ədalətli olmasına diqqət edir. Hər kəsin öz səhvini başa düşməsinə çalışır.

Liberal üslub.Bu cür ailə başçısı evdə heç nəyə qarışmır. Ailə öz həyatı ilə yaşayır. O isə asudə vaxtlarında bir küncdə qəzet oxuyur və s. O göstəriş vermir, irad tutmur və hətta tərifləmir də. Bunları etməyə çalışsa belə artıq alınmır. Uşaqların harada olduğunu, harada işlədiyini belə bilmir.

Sual 4.Müasir ailənin ümumi psixoloji portretinin yaradılmasında qadının rolu xüsusilə əhəmiyyətlidir. Qadın haqlı olaraq ailə ocağının qoruyucusudur, möhkəm ailə isə cəmiyyətin çox mühüm dayaqlarından biridir. Yüksək savad və mədəniyyət, həssaslıq və ana müdrikliyi işdə və ev işlərində mənəvi iqlimə mühüm təsir göstərir, həyatımızı zinətləndirir, onu qorumağa kömək edir.Hər bir ailədə cəmiyyətə vətəndaş yetişdirilir. Bu gün dünyaya gələn uşağı milli ruhda böyütmək, cəmiyyətə layiqli vətəndaş hazırlamaq baxımından qadınların üzərinə böyük məsuliyyət düşür. Qadının kişiyə tamamilə müyəssər olmayan xüsusi bir məsuliyyəti “analıq” məsuliyyətidir. Çəkinmədən demək olar ki, ananın məsuliyyəti atadan daha ağırdır. Nəsili davam etdirmək qabiliyyətini qadına təbiət vermişdir. Bu yolla təbiət anaya həm də təkrarolunmaz sosial rol da bəxş etmişdir. Həmin rolun məzmunu və ifadə qaydaları isə cəmiyyət tərəfindən müəyyən olunur. Buna görə də onlar həmişə sosial–tarixi xarakter daşıyır, cəmiyyət dəyişdikcə mahiyyətcə yeni xüsusiyyətlər əmələ gəlir. Psixoloqların fikrincə böyüməkdə olan nəslin tərbiyəsində qadının rolu daha böyükdür. Uşağın ana ilə emosional ünsiyyəti onun nəinki psixi, habelə fiziki inkişafının əsas şərtidir. Qadın ailə ənənələrin, keçmiş nəsillərin təcrübəsinin qoruyucusu və ötürücüsüdür. Kişi və qadın ailənin sütunudur və ailənin davam etməsi üçün hər ikisinin özünəməxsus məsuliyyətləri vardır. Burada qadının rolunu inkar etmək mümkün deyil və sağlam ailə həyatı üçün qadın lazımi biliklərə yiyələnməlidir. Burada qadın üçün nəzərdə tutulan savad və təhsil, ilk növbədə günün tələblərini və zəmanənin yeniliklərini bilməkdir. II növbədə isə qadının orta və ya ali məktəb təhsili nəzərdə tutulur. Məlumatlar genişləndikcə və təcrübə artıqca insanda düzü əyridən ayırd etmək məharəti yaranır və bu da müqabildəki şəxsi yaxından tanımağa imkan yaradır.  Ailə də başqa qurumlar kimi dəqiq hədəf və düşünülmüş siyasət üzrə hərəkət etməlidir. Başqa sözlə onu düzgün idarə etmək və mənzil başına çatdırmaq üçün lazımi tədbirlər görülməlidir. Bu dəqiq məsuliyyətin öhdəsindən gəlmək üçün lazımi biliklərə yiyələnmək zəruridir. Belə həlledici məqamda savadlı qadın bir ailə başçısı kimi öz dəyərli təkliflərini irəli sürmək qabiliyyətinə malikdir. Aydındır ki, ali məktəblərdə hakim olan elmi-mədəni fəza tələbələrə həm qarşıya konkret məqsəd qoymağı və həm də bu məqsədə doğru nizam-intizamla hərəkət etməyi öyrədir. Bu cəhətdən ali təhsil, daha dəqiqliklə desək bilik qadına ailədə onun üzərinə düşən məsuliyyətləri daha məharətlə icra etməyə imkan yaradır. Bir məsələyə də diqqət yetirək ki, qadının təhsilli olması onun mütləq işləməsi demək deyildir. Təhsil-həyatı, insanları tanımaq, sosial bacarıqlar qazanmaq üçün çox önəmlidir. Qadının oxuyub təhsil alması, ancaq analığı da kiçiltməməsi ən ideal seçimdir. Qadın bu gün özünə təkcə qadın kimi deyil, ana kimi deyil, həm də vətəndaş kimi yanaşır. O, kişidən də özünə qarşı məhz belə bir münasibət tələb edir. Müasir dövrdə nikah–ailə münasibətlərinin inkişafında qadının şəxsiyyəti ilə bağlı olan cəhətlər daha mühüm rol oynamağa başlamışdır.

Həyatda xaraktercə bir- birinə tam uyğun gələn iki şəxs yoxdur. Ona görə də təbii ki, hər hansı bir qadında bu və ya digər cəhət üstünlük təşkil edə bilər. Lakin hər halda şəxsiyyət kimi müasir qadının inkişafında bir ümumi ənənə mövcuddur: onun ictimai şüurunun, cəmiyyətdə öz mövqeyini və rolunu düşünmək qabiliyyətinin surətli  inkişafı.Ona görə də qadın daim özünü təkmilləşdirməlidir. Hazırda kişilər öz həyat yoldaşlarının timsalında təkcə mətbəxdə vurnuxan qadını deyil, təbii ki, həm də idealın başlıca məziyyətlərinə, nəcib əxlaqi sifətlərinə yiyələnmiş qadını görmək istəyirlər. Müasir ailədə qadın statusunun köklü surətdə dəyişilməsi özlüyündə böyük sosial nailiyyət olsa da, onun gözləmədiyimiz əlavə nəticələri də olub. Onlardan biri bizim günlərimizdə bəzi qadınların ərini uşaq yerinə qoyub danlaması, məzəmmət və tənqid etməsi ilə bağlıdır. Məhz onların böyük əksəriyyəti kişini danlamağı, məzəmmət etməyi adi hal hesab edir. Belə çıxır ki, əri danlamaq bu və ya digər dərəcədə təhsillə bağlıdır. Lakin məsələyə sosial-psixoloji baxımdan yanaşsaq bu izahatla razılaşa bilmərik. Ali təhsilli qadınların böyük əksəriyyəti həyat yoldaşına hörmətlə yanaşır, onun kişi ləyaqətini uca tutur. Məsələnin kökü ali təhsil almış bəzi qadınların öz hüquq və vəzifələrini düzgün başa düşməmələri ilə bağlıdır.

Sual 5.Azərbaycan ailələrində kişi adətən ailənin başçısı hesab olunur. Yalnız istisna hallarda ailədə ər–arvad arasında qarşılıqlı münasibətlərin ahəngi pozulduğu təqdirdə onlardan hər biri lider olmağa can atır. Uşaqların tərbiyəsində ana ilə yanaşı atanın da xüsusi rolu vardır.Oğlan uşaqları üçün ata ağıl, iradə qüvvəsi, kişi əzəməti nümunəsidir. Ata oğlunu tərbiyə etməklə, həm də özünü tərbiyə edir və dəyişir. Öz oğlunun simasında gələcək kişinin formalaşmasını görmək və ona bu sahədə ən yaxşı davranış nümunəsi göstərmək o deməkdir ki, ata özünün kişi ləyaqətini qoruyur, daha da inkişaf etdirir.Oğlan uşaqları özlərini ata ilə eyniləşdirirlər, onun bir çox hərəkətlərini təqlid yolu ilə mənimsəyirlər. Bu mənada bir ailədə oğlan uşaqlarının tərbiyəsində atanın xüsusi məsuliyyət daşımasından danışırıq. Qızların mənəvi inkişafını da atasız təsəvvürə gətirmək olmaz. Oğlan uşağının həyatında ana nə qədər böyük rol oynayırsa, qız uşağının həyatında da ata bir o qədər böyük rol oynayır.Psixoloqlar əsaslı sürətdə müəyyənləşdirmişdilər ki, atasız böyüyən qız uşaqlarında kişi haqqında dolğun təsəvvürlər formalaşmır. Bu əsasda da onun gələcəkdə öz həyat yoldaşı ilə münasibətlərində xeyli çətinliklər qarşıya çıxacaq. Biz bura başqa faktları da əlavə edə bilərik. Lakin onların hamısını bir məna birləşdirir: ailəin mənəvi inkişafı, həm ata, həm də ana ilə bilavasitə bağlıdır. Onlar ailə həyatının vəhdət təşkil edən qoşa qanadıdır. Bu cəhəti düzgün başa düşən ana həmişə ailədə atanın hörmət və nüfuzunun qorunub saxlanmasına xüsusi diqqət yetirir. “Ata yatıb səs salma”, “Atan gəlir özünü yaxşı apar” və s. ifadələrə adi iradlar kimi baxmamalıdır. Onları yüksək qiymətləndirməlidir. Bir mühüm cəhəti də xüsusi qeyd etmək istərdik ki, ana atanın hörmət və nüfuzunu möhkəmləndirərkən, həm də öz nüfuz və hörmətini artırır. Uşaqların yanında atanı təhqir edən ana, şübhəsiz ki, özünü də hörmətdən salır. Bu ataya da aiddir. Ailədə ananın hörmət və nüfuzunun möhkəmləndirilməsi onun başlıca qayəsi olmalıdır. Müasir dövrdə atanın rolu köklü sürətdə dəyişmişdir. Bir çox ailələrdə atanın nüfuzu xeyli azalmışdır. Ataların az bir qismi uşaqları ilə gəzintidə, idman oyunlarının təşkilində iştirak edir, tapşırıqlarını yoxlayır, müəllimlərlə əlaqə saxlayır, uşaqların tərbiyəsində anaya kömək edir. Uşaqlar çox vaxt peşə seçəndə ata ilə deyil, məhz ana ilə məsləhətləşirlər. Ailə tərbiyəsi bir növ qadın işinə çevrilmişdir. Uşaqların təhsili və tərbiyəsi məsələlərini daha çox qadınlar həll edir. Cinslər arasında, ailədə ər və arvad münasibətləri mahiyyət etibarilə cəmiyyətin iqtisadi quruluşu ilə müəyyən olunur. Matriarxatın və partiarxatın öz iqtisadi əsasları vardır. Lakin hər iki halda ailə avtoritar xarakter daşıyır, kor–koranə tabeçilik prinsipinə əsaslanırdı. Bir cinsin başqa cins üzərində hakimiyyəti bütün ailə həyatına nüfuz etmişdir.
Azərbaycan Respublikasının Konstitutsiyasında göstərilir ki, “ailə dövlət tərəfindən müdafiə olunur. Nikah qadın və kişinin könüllü razılığına əsaslanır: ər və arvad ailə münasibətlərində hüquqca tamamilə bərabərdirlər”. Lakin ailədə baş verən müxtəlif sosial–demoqrafik və psixoloji proseslərlə əlaqədar atanın ailədə rolu tədricən dəyişməyə başlayır. Əvvəllər səhərdən axşamadək atanın evdə  işlədiyini, məsələn, dərzilik, misgərlik və ya dulusçuluqla məşğul olduğunu görürdü.
Sosioloqlar, psixoloqlar, pedaqoqlar və s. hesab edirlər ki, ailənin gələcək inkişafı atanın nüfuzunun artırılması ilə bilavasitə bağlıdır. Onlar haqlıdırlar. Ailədə atanın rolunun azalması nəinki uşaqların mənəvi və fiziki inkişafına mənfi təsir göstərir, həm də onların ailə həyatına hazırlanması prosesini çətinləşdirir. Ümumiyyətlə, gələcəkdə uğurlu ailənin təminatçısı ola biləcək kişi xüsusiyyətlərinə: üzərinə məsuliyyət götürə bilmək, özünə inam hissinin olması, ailədə münasibətləri tənzimləməyə qabillik, hər işə mühüm detalları ikinci dərəcəlilərdən ayıra bilmək və s. aid etmək olar. Ailə həyatında çox şey kişidən asılıdır. Müasir qadınlar nə qədər də güclü, “kişi” xasiyyətli olsalar da, onlardan hər biri kişidə özünə dayaq, müdafiə, stabillik axtarır. Qadının da möhkəm bünövrəli ailənin yaradılmasında böyük rolu vardır. Çünki ailədə psixoji iqlimin səviyyəsi məhz qadının sayəsində müəyyənləşir.

 

Ədəbiyyat siyahısı

  1. Çələbiyev. Ailə psixologiyası. Bakı, 2015.
  2. Əlizadə Ə.,Abbasov A.N.-Ailə. Bakı-1989.
  3. Əlizadə Ə.-Qadın psixologiyası. Bakı-2015.
  4. Haqverdiyev. İdarəetmə psixologiyası. Bakı, 2008.
  5. В.Н.Дружинин. Психология семьи. Москва, 2006.
  6. Харчев А.Г. Современная семья и ее проблемы М.наука, 2007.
  7. William M. Pinsof, Jay L. Lebow. “Family Psychology.” Oxford Series in Clinical Psychology, 2005

Müəllif: Səxavət Əliyeva — Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri, psixologiya üzrə fəlsəfə doktoru, dosent.

 Kamilə Kazımova – Bakı Dövlət Universitetinin psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, psixoloq-konsultant, hipnoterapevt, “Hipnoz” Psixologiya və Psixoloji Məsləhət mərkəzinin rəhbəri.

 

0 şərh