İctimaiyyətlə əlaqələr lazımdırmı?

Uzun illər işlədikdən sonra bir də ətrafa diqqət yetirib görürsünüz ki,  sizin təşkilatınız artıq cəmiyyətdə və ya onun müəyyən dairələrində kifayət qədər tanınıb, lakin heç də hamı tərəfindən birmənalı qarşılanmır. Çoxları sizə hörmətlə yanaşır, lakin rəqiblər və bəzi «ağzıgöyçəklər» çalışırlar ki, sizin təşkilatınız və şəxsiyyətiniz haqqında pis fikir yaratsınlar, xoşagəlməz şaiyələr yaysınlar.

Belədə qarşınızda iki yol durur: birincisi, heç nəyə əhəmiyyət vermədən əvvəlki kimi vicdanla çalışmaq, necə deyərlər, xalqa xidmət etmək və inanmaq ki, «xalqın gözü tərəzidir»; ikincisi, təşkilatın imicini qorumaq və qaldırmaq üçün tədbirlər hazırlayıb həyata keçirmək - yayılan və  yayıla biləcək şaiyələrin mənbəyini araşdırmaq, onların cəmiyyətdə hansı təsirlər doğura biləcəyini proqnozlaşdırmaq, əməkdaşların təşkilatda davranış qaydalarını müəyyənləşdirmək, iş prosesində əlaqədə olduğunuz işgüzar dairələri özünüz haqqında mümkün qədər çox məlumatlandırmaq və s.

Kimsə deyə bilər ki, Azərbaycanda pablik rileyşnz, imicmeykerlik səmərəsiz  bir fəaliyyətdir. İlk baxışdan burada müəyyən məntiq var: pablik rileyşnz ictimai fikri öyrənmək, konkret məqsədlər və vasitələrlə ona təsir etmək sənəti və elmidir. Korrupsiyanın inkişaf etdiyi bir cəmiyyətdə isə ictimai fikrin rolu  minimuma enir və onu özün üçün müsbət istiqamətdə formalaşdırmağa səy göstərmək əhəmiyyətsiz işə çevrilir.

Lakin bu, ictimaiyyətlə əlaqəyə səthi baxışdan irəli gələn məntiqdir. Əslində, pablik rileyşnz - korporativ diplomatiya deməkdir. Geniş ictimaiyyətə təsir etmək, hər hansı ideya və ya təşkilat haqqında onun fikrini müsbət istiqamətdə formalaşdırmaq bu diplomatiyanın yalnız bir hissəsidir. Burada əsas fəaliyyət məhz maraqlı dairələrlə, ayrı-ayrı qruplarla, dövlət qurumları ilə daim əlaqədə olaraq onlarda təşkilat, lider və onun fəaliyyəti haqqında müsbət fikir yaratmaqdan ibarətdir.

...Bəs bu, nəyə lazımdır?

1. Hər bir təşkilatın tez-tez kreditə ehtiyacı olur - pul, mal və ya etimad kreditinə. Kredit vermək etibar etmək deməkdir. Cəmiyyət də, mal sahibi də, bank da krediti  adətən o təşkilata (şəxsə) verirlər ki, onun cəmiyyətdə yüksək imici, işgüzar dairələrdə nüfuzu olsun. Tanınmamış təşkilatın maliyyə dəstəyi almaq məqsədilə təqdim etdiyi biznes-planın və ya  layihənin son yeri çox zaman zibil yeşiyi olur. Müəyyən pablik rileyşnz kampaniyası aparmadan heç bir layihəyə uğur qazandırmaq olmaz.

2. İnsanlar kimi, təşkilatların da həyatında büdrəmələr olur. İctimaiyyətlə əlaqəyə etinasız yanaşan təşkilatlarda bu büdrəmələr bəzən iflasa gətirib çıxarır. Lakin pablik rileyşnz fəaliyyətini yüksək peşəkarlıqla quran təşkilatlar belə böhranları nisbətən asanlıqla keçirir, hətta bəzən bundan özlərinin xeyrinə də istifadə edirlər.

3. Cəmiyyətdə uğurla fəaliyyət göstərmək üçün onu yaxından tanımaq lazımdır. İnsanları hansı maraqlar birləşdirir, ölkədə bazar iqtisadiyyatı nə dərəcədə inkişaf edib, dövlət məmurlarının cəmiyyətdə rolu və mövqeyi nə dərəcədə güclüdür, korrupsiya hansı səviyyədədir və s. - pablik rileyşnz cəmiyyəti öyrənir, onun hər bir təbəqəsinə təsir üsullarını işləyib hazırlayır.

...kimə lazımdır?

İlk baxışdan elə təsəvvür yarana bilər ki, pablik rileyşnz - cəmiyyətin həyatında mühüm rol oynayan iri təşkilatlara xas olan fəaliyyət növüdür. Kiçik təşkilatlar isə özünü və fəaliyyətini tanıtdırmaq üçün reklamın bir neçə sadə formaları ilə də kifayətlənə bilər.

Lakin Qərbdə artıq formalaşmış pablik rileyşnz nəzəriyyəsi ictimaiyyətlə əlaqənin bir neçə səviyyəsini qeyd edir: a) təşkilatdaxili əlaqələr; b) maraqlı dairələrlə (vacib auditoriyalarla) əlaqələr; c) dövlət qurumları ilə əlaqələr; d) geniş ictimaiyyətlə əlaqə.

İnkişaf etmək və rəqabətə davamlı qalmaq istəyən hər bir təşkilat üçün birinci və ikinci tip əlaqələr vacibdir. İctimaiyyətlə əlaqənin yuxarıda qeyd edilən üçüncü və dördüncü səviyyələri isə, doğrudan da, daha çox iri təşkilatlara xasdır.

Çox az təşkilat var ki, cəmiyyətdə onun analoqu olmasın və onun xidmətlərindən hamı qeyd-şərtsiz istifadə etsin. Və çox az layihə var ki, mənfi cəhətləri olmasın və hamı onun sərfəliliyinə inansın. İstər kommersiya təşkilatı olsun, istər qeyri-kommersiya (peşəkar, xeyriyyə), dövlət və ya özəl - hər bir təşkilata fərdilik, şəxsi imic lazımdır. Yeni layihələri uğurla həyata keçirmək baxımından təşkilatın (bəzən isə rəhbərin) imici bir çox hallarda onun maliyyə vəziyyətindən daha böyük rol oynayır.

Ola bilər ki, sizin ştatda PR üzrə mütəxəssis saxlamağa imkanınız yoxdur. Lakin bu, o demək deyil ki, siz öz fəaliyyətinizdə ictimaiyyətlə əlaqəyə məhəl qoymamalısınız. Axı təşkilatın daimi ştatında hüquqşünasın olmaması heç də həmin təşkilatda qanun pozuntularına haqq qazandırmır. İstənilən təşkilat rəhbəri fəaliyyəti üçün lazım olan qanunları öyrənməklə yanaşı, həm də cəmiyyətdə imicinin formalaşdırılması və qorunub saxlanılması haqqında düşünməlidir.

Müəllif: Rafiq İsmaylov
Mənbə: İctimaiyyətlə Əlaqələr: BÜTÜN YOLLAR KİV-DƏN KEÇİR kitabı

 

0 şərh