Renault

Lui Reno 1877-ci ilin fevralında Parisin tipik burjua ailəsində doğulub. Reno ailənin kiçik övladı idi, onun iki bacısı və iki qardaşı vardı. Atası Alfred uğurlu biznesmen, anası Luiza isə varlı dükan sahiblərinin qızı idi və əyləncəni, incəsənəti sevirdi. Lui ailədə ərköyün uşaq idi.
Renault kompaniyasının tarixi ilk növbədə bir insanın qeyri-adi taleyi ilə bağlıdır.
Bu oğlan erkən yaşlarından hər cür mexaniki əşya və qurğularla, o cümlədən mühərriklə və elekrtik avadanlıqları ilə maraqlanırdı. Renolar ailəsinin Paris yaxınlığında yerləşən Bilankurda evi vardı. Həmin evin bağçasındakı anbarda Lui özünün ilk emalatxanasını düzəltmişdi. Reno təhsilə çox da meyl etmirdi, buna görə də bakalavr pilləsini başa vurduqdan sonra rahatlıqla nəfəs aldı. Təhsildə nəzərəçarpan uğurlarının olmamasına baxmayaraq, bu azdanışan yeniyetmə həyatda uğur qazanmaq üçün iki mühüm xüsusiyyətə – intuisiya və əməksevərliyə malik idi.

İlk Ötürücü Qutu

20 yaşında ikən Reno yenicə formalaşan avtomobil dünyasına olduqca uğurla daxil oldu. O, özünün üçtəkərli “De Dion-Boton” nəqliyyat vasitəsinin konstruksiyasına öz ixtiralarından birini əlavə etməklə onu dördtəkərli kiçik avtomobilə çevirdi.
Avtomobilləri keyfiyyətcə yeni səviyyəyə qaldıran və yeni avtomobil erasının başlanğıcını qoyan bu ixtira hərəkətin birbaşa ötürülməsi mexanizmindən – ilk ötürücü qutudan ibarət idi. Bunun sayəsində həmin vaxtadək istifadə olunan dişli çarxların və hərəkətötürücü zəncirlərin əhəmiyyətini itirdi.

24 dekabr 1898-ci ildə Lui dostları ilə birlikdə milad bayramını qeyd edirdi. İxtirasının uğuruna əmin olan Reno dostları ilə mərc gələrək bildirdi ki, onun yeni avtomaşını Monmartrdakı Ru Lepik küçəsi boyunca qalxa bilər. Həmin küçə 13 dərəcəli mailliyi olan yoxuş bir yer idi. Əvvəlcə bu ideyaya inamsızlıqla yanaşan dostları tezliklə bunu öz gözləri ilə gördülər. Lui özünəməxsus qəhrəmanlıq göstərməklə nəinki mərci uddu, həm də ilk 12 sifarişini qəbul etdi. Özü də sifarişçilər ona qabaqcadan beh də verdilər. Bu hadisə onun ağlasığmaz karyerasının başlanğıcını qoydu. İki ay sonra o, ixtira etdiyi ötürücü qutunu patentləşdirdi və tezliklə Renonun ixtirası həmin dövrün bütün avtomobil zavodları tərəfindən qəbul olundu.

Renault kompaniyasının tarixi Luinin 1898-ci ildə yığdığı ilk avtomobildən başladı. Kiçik araba tipli bu avtomobilin gücü cəmi 0.75 at gücünə bərabər idi. Onun gücünü idman avtomobilinin gücü ilə müqayisə etmək mümkün deyildi. Renonun qardaşları da onu yüksək sürətli idman avtomobili hesab etmirdilər. Lakin gücü ən azı 70 at gücünə bərabər olan çoxlitrajlı nəhəng avtomaşınların idman avtomobili ola biləcəyi barədə o vaxtlar hökmran olan mövqeyin əksinə olaraq, onlar düşünürdülər ki, asanlıqla manevr etməyi bacaran kiçik mühərrikli yüngül avtomobil bu yöndəmsiz nəhənglərdən daha sürətli ola bilər. Onlar üç il ərzində bir çox yarışlarda qalib gələrək bu fikirlərinin doğruluğunu sübuta yetirdilər.

Amma bu yarışlar yaxşı reklam sayılsa da, bir qayda olaraq, yerli miqyaslı yarışlar idi. Məsələn, Paris-Bordo yarışında qələbə Renoya 350 yeni sifariş gətirdi. Həmin vaxtadək həm Reno qardaşlarının rəqibləri, həm də yarışları izləyən ictimaiyyət qardaşların gücünə inamsızlıqla yanaşaraq hesab edirdilər ki, onlar böyük beynəlxalq uğur qazana bilməyəcəklər.

Qardaşların növbəti avtomobili “De Dion” mühərrikli “A modeli” kimi tanınan avtomobil oldu. Boru konstruksiyalı rama üzərində qurulan, qüvvəsi 1.75 at gücünə bərabər olan bu avtomaşın çox uğurlu alındı və bundan sonra Reno öz qardaşları ilə birlikdə “Reno qardaşları” (Renault Freres) kompaniyasını yaratdı.

Artıq 1899-cu ildə qardaşlar 15 ədəd “A modeli” istehsal edib satdılar. Luinin öz avtomobili üçün hazırladığı ötürücü qutuda fırlanma hərəkətini arxa təkərlərə zəncirlər deyil, kardan şarnirli vallar ötürürdü. Bu transmissiya sxemindən indiyədək istifadə olunmaqdadır. Qardaşlar avtomobil yarışlarına da xüsusi diqqət yetirirdilər, ilk vaxtlar onların biznesində yürüş və idman avtomobilləri mühüm yer tuturdu.

1900-cü ildən kompaniya iri və güclü avtomaşınların istehsalına keçdi. Bunlar müxtəlif cür eleqant və rahat kuzovlarla – “kapusin”, “dubl-faeton” və “lando” kuzovları ilə buraxılan AG-1 modelləri idi. Başqa sözlə, həmin vaxtlar üçün nadir hadisə olan üstübağlı limuzinlər hazırlandı. Cəmi 179 ədəd bu cür avtomaşın istehsal olundu.
1901-ci ildə Renault kompaniyası D və E avtomobillərinin istehsalına başlayaraq öz modellərinin sırasını genişləndirdi və Belçika maşınyığma zavodu ilə beynəlxalq lisenziya müqaviləsi bağladı.

1902-ci ildə Paris-Vyana avtomobil yarışında iştirak üçün ilk dəfə 20-30 at gücünə malik 3750 kub/santimetr həcmli 4-silindrli mühərrik hazırlandı. Həmin yarışda Renault qalib gəldi. Həmin il Renault superenerji avadanlığı sisteminin hazırlanmasına görə patent aldı.
1904-cü ildə Renault öz kommersiya şəbəkəsini genişləndirərək Fransadakı və xaricdəki dilerlərin sayını 120-yə çatdırdı. İstehsal həcmi də artaraq 948 maşına çatdı.

“Marna taksiləri”

1905-ci ildə “Reno qardaşları” kompaniyası birincilər sırasında “landole” kuzovlu avtomobil-taksi istehsal etdi. Qara rənglərinə və formalarına görə “brauninq” adlandırılan bu avtomobillər Birinci Dünya Müharibəsi dövründə 600 Renault taksisi 5 min əsgərin ən qısa müddətdə Marna çayı rayonuna çatdırılmasına cəlb olunaraq bu vəzifənin öhdəsindən uğurla gəlməsindən sonra şöhrət qazandılar. Həmin taksilər məşhur döyüşün şərəfinə “Marna taksiləri” adını aldılar. Hətta bu avtomobilə abidə qoyuldu. Fransa ordusunun ehtiyaclarını ödəmək üçün kompaniya digər texnika – gəmilər, aviasiya mühərrikləri də istehsal edirdi (ilk təyyarə mühərriki 1908-ci ildə yığılmışdı). Hətta Lui Reno o dövr üçün uğurlu sayıla bilən tanklar da hazırlamışdı.

1906-cı ildə Berlindəki avtomobil salonunda kompaniya özünün ilk avtobusunu təqdim etdi.
1910-cu ildə Renault kompaniyasının zavodunda 3200 nəfər işləyirdi, həmin dövrdə şirkətin əməkdaşları 25CV Type BM modeli üzərində də işləyirdilər.
1913-cü ildə Renault avtomobilləri üzərində 5200 nəfər işləyirdi. İstehsalın ümumi həcmi artaraq 10.000 avtomaşına çatmışdı, o cümlədən 40CV Type DT modeli də istehsal olunurdu.

Fransada №1

1919-cu ildə Lui Reno Fransanın birinici sənayeçisi elan olundu. Onun zavodunda müasir avadanlıq quraşdırılır, məhsulun maya dəyərini aşağı salmaq üçün daim iş aparılır, “münasib qiymətli məhsul” strategiyası kompaniyanın əsas strategiyasına çevrilir.
1925-ci ildə almaz simvolu Renault kompaniyasının loqotipi olur və ilk dəfə 40CV modelinin üzərinə vurulur. Bu model istismar müddəti ərzində uzun məsafə qət etməkdə, yanacağa qənaət etməkdə bir sıra rekordlar qazanır və Monte-Karlo yürüşündə qalib gəlir.

Yeni standartlar

1926-cı ildən başlayaraq dörd təkərin hamısında əyləclərin olması bütün Renault avtomobilləri üçün standarta çevrildi. Həmin il etibarlı və möhkəm Renault NN modeli təqdim edildi. 1927-ci ilin yanvarında Saxara səhrası boyunca avtomobil yarışı zamanı Corc Estyenn özünə Renault NN avtomobilini seçdi. Estyennin təxminən 17.000 kilometrlik (10.000 mil) məsafəyə yürüşü hər hansı mexaniki nasazlıq olmadan başa çatdı. Kompaniya yüklərin yerləşdirilməsi üçün baqaj yerinin konstruksiyasına görə patent aldı.

İlk konveyer

1929-cu ildə yeni tikilmiş zavodda ilk maşınyığma xətti (konveyer) istismara verildi. Artıq Renault markası 49 ölkədə təmsil olunurdu.
1930-cu illərdə açıq platformalı orijinal Renault avtobusları peyda oldu.
İkinci Dünya Müharibəsi kompaniyaya ciddi ziyan vurdu. Biyankurdakı zavodlar müttəfiqlərin bombardmanları nəticəsində dağıdıldı, Lui Renonun özü isə alman işğalçıları ilə əməkdaşlıqda ittiham olundu. O, rüsvay edilərək həbsxanaya salındı və orada öldü.
1936-cı ildə qatlanan oturacaqların ixtirasına görə patent alındı.
1945-ci ildə kompaniya milliləşdirildi və dövlət müəssisəsinə çevrildi. Həmin vaxtdan “Reno qardaşları” (Renault Freres) kompaniyası “Reno” (Renault) adlanmağa başladı.

Müharibədən sonra 1946-cı ildə kompaniya 8.500 maşın buraxdı. Onların əksəriyyəti Juvaquatres avtomobilləri və ya həmin avtomovbillərin dəyişdirilmiş versiyaları idi. Bu avtomobillər hidravlik tormozlarla və hidravlik amortizatorlarla təchiz olunmuşdu.
Juvaquatres modeli 1949-cu ilədək, onun versiyaları isə 1959-cu ilədək buraxıldı.

1949-cu ildə zavodların müharibədən sonrakı rekonstruksiyası başa çatdı və 1954-cü ilədək 500 min 4CV avtomobili buraxıldı.
1954-cü ildə kompaniyanın milliləşdirmədən sonra 1 milyonuncu nəqliyyat vasitəsini və yarandığı 1898-ci ildən bəri 2 milyonuncu nəqliyyat vasitəsini istehsal etməsi ilə əlaqədar olaraq bol-bol şampan şərabı içildi. Kompaniyanın nüməynədələri Pyer Dreyfus (Pierre Dreyfus) və Fernan Pikar (Fernand Picard) ABŞ-ın ştatlarına səfər edərək oradakı avtomobil satışı bazarını tədqiq etdikləri zaman Florida qubernatoru onları nahara dəvət etdi. Nahar zamanı razılıq əldə edildi ki, ştatda Renault avtomobillərinin istehsalı təşkil edilsin. Fevralın 11-də kompaniyanın direktoru avtomobil qəzasında həlak oldu və onun yerini yaxın dostu və məsləhətçisi Dreyfus tutdu. Dekabrda Dauphines modeli buraxılmağa başlandı.

1958-ci ildə Kleon (Normandiya) şəhərində Renault mühərrikləri istehsal edən yeni zavod işə düşdü. Qabaq təkərləri aparıcı olan Renault 4 modeli populyar “kiçik xalq avtomobilinə” çevrildi (bu modelin 8 milyondan artıq nüsxəsi buraxıldı). Qabaq təkərləri aparıcı olan Renault 16 modeli (mühərrikinin həcmi 1,5 litr) 1965-ci ildə müasir “hətçbək” kuzovlu avtomobillərin istehsalının pioneri oldu. Universal və komfortlu salonu olan bu avtomobil orta sinfə mənsub olan praktik və eleqant avtomobilə çevrildi.

1959-cu ildə ABŞ-da 102.000 Dauphines avtomobili satıldı. Bundan başqa, ABŞ-da 15.000, Almaniyada 41.000 və İtaliyada 19.000 4CV avtomobili satıldı. Həmin ilin sonunda Renault dünyada altıncı avtomobil istehsalçısı oldu. Kompaniya ABŞ-da Caravelle adı altında Floride avtomobillərini buraxmağa başladı.

1966-cı ildə Renault kompaniyası Peugeot və Volvo kompaniyaları ilə texniki resursların birləşdirilməsi haqqında saziş imzaladı. Həmin il Renault 738.000 avtomobil satdı, onlardan 333.000-i xaicdə satıldı.
1967-ci ildə artıq bütün qitələrdə Renault kompaniyasının zavodları vardı. Avropada (Fransanı nəzərə almasaq) 5, Kanadada 1, Latın Amerikasında 9, Afrikada 5, Avstraliyada 1, Asiyada 1 yığıcı zavod vardı. Eyni zamanda Rumıniya və Malayziyada da belə zavodun açılması planlaşdırılmışdı.

1969-cu ildə 1 milyondan artığı nəqliyyat vasitəsi yığıldı və 500.000-dən artıq ixrac edildi. Həmin il Paris avtosalonunda Renault 12 konseptual modeli nümayiş etdirildi: bu avtomobilin qənaətcil, geniş salonlu və iri baqajlı olması planlaşdırılmışdı. Rumıniyada Renault 12 modeli Dacia, Braziliyada isə Corcel adlandırıldı. Türkiyədə Renault kompaniyasının bölmələri yaradılmağa başlandı.
1970-ci illərdə kompaniyada sürətli inşikaf dövrü başlandı: Fransanın şimalında yeni zavodlar inşa edildi, Renault və Peugeot kompaniyalarının birgə müəssisələri yaradıldı. Renault 5 və Renault 12 modelləri dünyada ən çox satılan fransız avtomobillərinə çevrildi.

1979-cu ildə kompaniya perspektivli Amerika bazarına nüfuz etməyə başladı. American Motors Corporation kompaniyası ilə müvafiq saziş umzalayan Renault öz növbəsində həmin kompaniyanın avtomobillərinin Avropa bazarında satışlarına yardımçı olmağı öhdəsinə götürdü.
1982-ci ildə Renault 9 ABŞ-da Alliance adı altında buraxıldı və ilin avtomobili elan edildi (agent-007 haqqında kinoepopeyanın filmlərindən birində bu avtomobil Ceyms Bondun sadiq yoldaşına çevrildi).
Renault Espace miniveni ilk dəfə 1984-cü ilin yayında Brüsseldə publikyaya təqdim olundu. 1988-ci ildə bütün təkərləri aparıcı olan Quadra modeli nümayiş etdirildi.

1986-cı ilin martında 21 indeksi altında Renault avtomobillərinin yeni nəsli işıq üzü gördü (sedan kuzovlu modellərin zavod indeksi L48, universal kuzovlu modellərin zavod indeksi isə K48-dir). Yarım il sonra Nevada adı altında buraxılan universal kuzovlu modeldə kuzovun uzunluğu 150 mm artırılmışdı. Avropada Renault 21/Nevada avtomobilləri 1995-ci ilədək istehsal olundu. Bundan sonra Laguna modedli onları sıxışdıraraq aradan çıxardı.

1988-ci ilin yayında Renault kompaniyası yeni Renault 19 hətçbək modelini təqdim edərək Avropanın populyar C-class kompakt modellərinin istehsalı sahəsində öz mövqeyini möhkəmləndirdi.
1990-cı ildə Clio modelinin istehsalına başlandı, bu avtomobil uzun illərdir ki, Fransada ən çox satılan modellərdəndir.
Clio avtomobillərinin ikinci nəsli 1998-ci ildə işıq üzü gördü və dərhal populyarlıq qazandı. Xüsusi olaraq üçüncü ölkələrin bazarı üçün, o cümlədən Rusiya bazarı üçün Clio Symbol versiyası istehsal olunur. 1999-cu ilin payızından Clio Sport modifikasiyası da buraxılır.
1991-ci ildə Renault kompaniyası üçün əlamətdar il oldu. Həmin il Clio modeli “ilin avtomobili”, Renault Ligne AE “ilin yük maşını”, Renault FR1 “ilin avtobusu” titulunu qazandı, kompaniyanın prezidenti Raymond Levi isə “ilin prezidenti” adına layiq görüldü. Elə həmin il üstüaçıq avtomobillər sinfində ən populyar maşınlardan olan Renault 19 Cabriolet modeli işıq üzü gördü. Frankfurtda Scenic konseptual modeli nümayiş etdirildi.

31 mart 1992-ci ildə Renault Twingo modeli işıq üzü gördü, sonra isə Renault Safrane modeli buraxılmağa başlandı. Paris avtosalonunda Zoom modeli təqdim edildi.
1993-cü ilin noyabrında 268 at gücünə malik olan iki turbokompressorlu mühərrik quraşdırılmış Biturbo nümayiş etdirildi.
1995-ci ilin sentyabrında Renault 19 modelinin xələfi olan Megane modelinin ilk nümayişi keçirildi. Bu maşın bir neçə modifikasiyada buraxılırdı: Classic, Cabriolet, Coupe və Estate. 1999-cu ilin yazında universal kuzovlu modifikasiyanın istehsalına başlandı.
1996-cı ildə sedan kuzovlu Renault 19 modeli Rusiyada yeni xarici minik avtomobilləri arasında bestsellerə çevrildi.
1996-cı ildə mühərriki köndələninə quraşdırılan yeni nəsil modellər işıq üzü gördü, kuzovun ölçüləri artırıldı.
1997-ci ilin payızında uzunluğu artırılmış Grand Espace modeli buraxıldı. 1998-ci ildən bu avtomobil yeni mühərriklərlə təchiz olunmağa başladı. Eləcə də Renault Kangoo yeni yük avtofurqonunun istehsalına başlandı.
Renault brand logo history
1998-ci ildə Renault kompaniyasının yüz illiyi yeni Clio modelinin buraxılışı ilə qeyd olundu. Avropada birbaşa yanacaqçiləmə sistemli ilk benzin mühərriki quraşdırılmış Zo konseptual modeli Cenevrədə təqdim olundu. Eyni zamanda, Vel Satis konseptual modeli də təqdim edildi.
1999-cu ildə Nissan firması ilə əməkdaşlıq haqqında müqavilə imzalandı. Renault Espace modelinin bazasıında hazırlanmış Avantime modelinin ilk nümayişi keçirildi. Minivenin bazasında sanballı model hazırlamış fransızlar bu modellə həqiqətən zamanı qabaqlamış oldular (maşının adı zamanı qabaqlamaq mənasını verir).
2000-ci ildə Cenevrədə Koleos markalı çölmaşını nümayiş etdirildi.

2001-ci ildə Renault Laguna II modeli buraxıldı. Bu model müstəqil EuroNCAP təşkilatının keçirdiyi testlər nəticəsində dünyada yol hərəkəti təhlükəsizliyinə görə ən yüksək qiymət (beş ulduz) almış ilk avtomobil oldu.
2003-cü ildə Renault Megane II modeli “ilin avtomobili” titulunu aldı. Renault kompaniyasının şef-dizayneri Patrik le Keman “ilin dizayneri” elan olnudu. EuroNCAP təşkilatı Renault Megane II, Renault Vel Satis və Renault Espace IV modellərini avtomobil bazarında ən təhlükəsiz modellər elan etdi.
2004-cü ildə Renault Megane Avropa bazarında ən çox satılan avtomobil oldu. Renault komandası “Formula-1” çempionatının konstruktorlar kubokunda 3-cü yeri tutdu. Renault Scenic, Renault Megane C+C və Renault Modus modelləri EuroNCAP təşkilatının yol hərəkəti təhlükəsizliyinə görə təqdim etdiyi ən yüksək mükafatı aldılar.
2005-ci ildə yeni “Ümumdünya avtomobili” olan Logan modelinin istehsalına başlandı…

Mənbə: Avtomobil.az jurnalı
 

0 şərh