Tənqidçilərin nakam sevgisi

Səhər ƏhmədYazmağa tənbəllik elədiyim mövzuların beynimdə arı kimi vızıldadığı bir vaxtda bu yazının növbədənkənar irəli soxulması özümə də təəccüblü gəlir.

Müasir Azərbaycan ədəbi tənqidindən bəhs edəcəyəm, mövzu ürəyinizcə deyilsə, bəri başdan qayıdıb gedə bilərsiz.

Məndən ədəbi tənqidimizə layiq baxımlı, ütülü, kostyum-qalstuklu, ətli-canlı cümlələr gözləməyin. Ədəbi terminlərlə bəzənmiş, parıltılı, gurultulu, ali savadlı, filoloji- kultroloji üslub ummayın. Bu şərtlər altında bəndənizin pərakəndə fikirlərindən ibarət kasıb bir yazı oxumaq istəyirsizsə, getdik.

Deməli, birinci və ən əsas fikrim odu ki, bizim tənqidçilərlə yazarların bir- birini görməyə gözü yoxdu. Düşünməyin ki, bu həmişə və hər yerdə belədi. Söhbət sağlam rəqabətdən, peşəkar qarşıdurmadan getmir. Bizimkilər bir-birlərini, sadəcə olaraq, sevmirlər. Bu qarşılıqlı sevgisizliyin sirli bir səbəbi yoxdur, eləcə vəziyyət “azərbaycanca”dır.

Şairlərimiz hesab edir ki, bizim tənqidçilər nə vaxtsa üzə çıxarılası olmayan bədii mətnlər yazmış “uğursuz şairlər”di. Tənqidçilərimiz isə şairləri hələ də “xoşbəxtlik” sözünə qafiyə axtaran Moşu kimi görürlər. Hər iki fikrin formalaşmasında hər iki tərəfin, necə deyərlər, misilsiz xidmətləri var.

Əksər yazıçılarımız adlarını tənqidçi qələminin ucundan keçirmədən özlərinə inanmır. Əksər tənqidçilərimiz xoşlamadığı, bəlkə ikrahla oxuduğu bədii mətnlər haqqında boğazdan yuxarı xoş sözlər yazmaqla məşğuldur.

Hərdən ürəklərinin dərin guşəsində gizli məhəbbət bəslədikləri müəlliflər haqqında düşünürlər. Səmimi vaxtlarında bu imzaları öz-özlərinə, hətta bəzən bir — birinə etiraf edirlər. Amma bu etiraf içki məclislərindən, duyğusal anlardan kənara çıxa bilmir. Hər dəfə “ad çək”mək tələb olunanda ağızlarına dirənmiş mikrofonun qarşısında necə aciz qaldıqları hiss olunur.

Yadıma bir rus məsəli düşür: “Biz kişilər birini sevib, başqa biri ilə evlənirik”. Bizim tənqidçilər də bir növ belədi; birilərini sevib, başqa biriləri haqda yazırlar.

Sevimli müəlliflərindən seviləcək yazılar yazmağa, əsl ədəbiyyat haqqında əsl ədəbi tənqid yaratmağa vaxtmı, stimulmu tapa bilmirlər, aydın deyil. Bunun səbəbləri mənim mövzumun və marağımın əhatə dairəsi xaricindədir.

Bu gün Azərbaycan ədəbi tənqidi sovet dövründə olduğu kimi senzura rolunu oynamır, “baş kəsib qan tökmək” bir yana, heç qəlb qırıb göz yaşı tökmək iqtidarında da deyil. Heç kəsin qapısını bağlamır, yolunu kəsmir, amma əvəzində o çox zövqsüz görünür. Zövqsüz görünən bir tənqidçinin səmimiliyinə necə inanmaq olar ki…

Bu gün ədəbiyyatda bütün sahələrdə olduğu kimi istehsal həddən artıqdı, məhsulun “geydirməsi” əslindən populyardı. Ədəbiyyat saytları, nəşriyyatlar, yalançı ödüllər, gülünc müsabiqələr. Ara qarışıb, meyar itib, plagiat baş alıb gedir. Müəllif əsərini, oxucu ədəbiyyatını tanımır.

Və icazə verin, etiraz edək, cənab tənqidçilər. Sizin vəzifəniz küyə düşüb, ümumi axına qoşulub getmək deyil, bu burulğandan əsl ədəbiyyatı xilas etməkdi. Sizin vəzifəniz reklama uyub, üslubu xətalı, süjeti oğurluq bir əsərin gənc müəllifini göylərə qaldırmaq da deyil. Bir gün o cocuğun o yüksəklikdən necə guppultu ilə yıxılacağının qeydinə qalmaqdı. 

Sıradan bir oxucu olaraq, tənqidçilərimizdən mükəmməl ədəbi əsərlər gözləmək mənim haqqımdı. Gözəl bir şeir, bir roman oxumaq istəyi kimi. Amma bir müəllif olaraq, onlar heç vaxt mənə maraqlı görünməyib. Çünki ədəbi tənqidin yaradıcılığa təsirinə heç vaxt inanmamışam.

Ədəbiyyat cəmiyyəti yönəldə bilmədiyi kimi, tənqid də heç vaxt ədəbiyyatı yönəldə bilməyəcək. Onun işi sadəcə müasir ədəbiyyatı incələməkdir. Tarixdə isə yalnız zamanın sınağından çıxmış əsərlər qalacaq. Bu nə qədər şablon fikir olsa da, həqiqətdir. Və məncə, ən şablon həqiqət ən hoqqabaz yalandan daha qiymətlidir.

Müəllif: Səhər Əhməd 

 

0 şərh