Şöhrətpərəst - ikinci hissə Şiringül Musayeva

 Bu arada ölkədə böyük siyasi dəyişikliklər baş verirdi. Hər şey bir-birinə qarışmışdı. Bu vaxta qədər orta məktəblərdə, universitetlərdə uşaqların, gənclərin beyninə yeridilən sosializm, kommunizm ideologiyasının  səhv olduğu aydın olmuşdu. Sovet İttifaqının əslində xalqlar həbsxanası olduğu söylənilirdi. Başqa vaxtı ( məsələn: 3 7- ci ildə ) “ qık eliyən ”in başını kəsən bu quruluş ideoloqları, qoruyucuları indi tələbələrin dəstə — dəstə Lenin ( İndiki Azadlıq ) meydanına axışmasına göz yumurdu.

  Qarabağda  da kimlərsə — deyilənə görə, Rus şovinistləri — oyunlar hazırladı və meydana atdı. Hər şey qeyri – adi və gözlənilməz idi. Hər gün bir yeni “ nə isə “ aşkar olurdu, hər gün bir yeni “qəhrəman “peyda olurdu, hər gün bir yeni” vətən xaini “ aşkarlanırdı. Camaatı bir kor-koranəlik dalğası bürümüşdü. Hamı nəyəsə can atırdı, nə üçünsə mübarizə aparırdı ,nə isə istəyirdi. Hamı meydana gedirdi. Meydanda kimlər isə tribunaya çıxır, odlu -alovlu nitq söyləyir, alovlu çıxışlar olurdu .Tribunada çıxış edən odlu — alovlu natiqlər bəzən özləri də bilmədən nəyisə kökündən yıxırdılar, uğuldayan meydanı, çağlayan gəncliyi  hansı bir məcrayasa yönləndirirdilər .

Ölkə başdan – başa xaos içində idi. Bu qarmaqarışıqlıq içində nəyin düz, nəyin səhv olduğundan baş açmaq çox çətin idi. İnsanlar çox asanlıqla köhnəni uçurdur, ” Müstəqillik “, “Azadlıq “, “ Demokratiya “ deyə bağırırdılar. Bir çox xalq qəhrəmanları  meydana çıxmışdı .” Xalq qəhrəmanları ziyalıları, ziyalılar xalq qəhrəmanlarını bəyənmirdilər. Bəziləri ziyalılarla xalq qəhrəmanlarını birləşməyə çağırırdı.

Və bütün bunlar bir nöqtədə birləşirdi. Hamı Qarabağın əldən getdiyini, yaxud gedəcəyini deyirdi və bunda quruluşu taqsırlandırırdı.

 O illərdə  gənclik sanki hər şeyi unutmuşdu. Gecə- gündüz meydanda Vətən, Qarabağ deyirdi .

Cəmil də ilk vaxtlar meydana gedirdi. Və Sovet İttifaqının yıxılmasına sevinirdi. Bu quruluşun müdafiəçilərindən olan redaksiya işçiləri onu nə qədər süründürmüşdü. Quruluşun nöqteyi — nəzərindən onun poemasına yanaşmışdılar. Onu şair olmağa, parlamağa qoymamışdılar. Onu hələ neçə il süründürəcəkdilər Allah bilir ...

 İndi isə ...Görək zaman nə göstərəcək ...

Çox keçmədi ki, Qarabağda müharibə başladı. Ermənilər Azərbaycan torpaqlarını qəsb etməyə başladı. Ölkədə vəziyyət lap kritik həddə çatdı. Zavod və fabriklər sürətlə bağlanır, camaat Qarabağdan, ev — eşiyindən didərgin düşürdü. İşsizlik, səfalət artırdı. Siyasət meydanında olan oyunbazlıqlar da öz yerində...

 Bir neçə il vəziyyət çox acınacaqlı oldu .

Sonra tədricən özəl iş yerləri: restoran, kafe, kurs və məktəblər  dirçəldi. Ən çox dirçələn sahələrdən biri də özəl nəşriyyatlar, qəzet və jurnallar oldu. Bu sahədə də İlk illər böyük bir xaos yaşandı. Əvvəllki illərdə yazı – pozu  sahəsində keyfiyyətə  öyrənmiş  xalq  çap olunan hər bir mətnin, kitabın keyfiyyətli olduğunu düşünürdü, çap olunan hər kəsi də şair, yazıçı hesab edirdi. Lakin bir müddət keçdi ...

Camaat kitabları oxuduqca onların hətərən – pətərən, başdan ayağa səhvlərlə dolu nəsnələr olduğunu gördü. Bəzi kitablarda bir düzgün cümlə belə yox idi. Yağışdan sonrakı göbələk kimi artan  nəşriyyatlar heç bir yazını korrektə, redaktə etmir, “Çap olunan mətn üçün nəşriyyat məsuliyyət daşımır “ yazaraq, pullarını alıb bərbad mətnləri bir ucdan çap edirdilər . 

 Son vaxtlar  yazarların, şairlərin işi   xeyli yüngülləşmişdi .Əvvəllər redaktorun söylədiyi kimi hansısa jurnalda, qəzetdə çap olunmaq, ələlxüsus  , Yazıçılar Birliyinə üzv olmaq uzun bir ” istoriya “ idi, yəni redaktor demişkən mərhələlərdən keçmək lazımdı. Və bu mərhələlərdən keçərkən yazanların böyük əksəriyyəti bezib, yorulub geri çəkilirdi. Kimi ötəri gənclik həvəsinə qapıldığını hiss edir, kimi yaza bilmədiyini başa düşür, kimi də maddi çətinliklərdən göz açmırdı .

Az bir hissə ədəbiyyata gəlirdi: ya çox istedadlılar, ya Cəmil demişkən adamı, pulu olanlar.

.İndi isə gülməli bir vəziyyət yaranmışdı; yaza bilən də, bilməyən də çap olunmağa tələsirdi Bunun bir hissəsi Sovet dövründə illərlə sürünüb heç bir qəzet və jurnalda çap olunmayan, gəlib altımış, yetmiş yaşa  çıxsa da yazmaq xəstəliyindən əl çəkə bilməyən zəif kəm- kəsirli yazı müəllifləri idi.

Bir hissəsi isə yazmağa təzə başlayan, özünü dahi sayan, amma iki cümləni düzgün yaza bilməyən gənclər idi.

Bir hissəsi isə savadlı və istedadlı adamlar idi ki, bunlar hər zaman olduğu kimi azlıq təşkil edirdi. Lakin onlar da boyük “ yazıçı” ,” şair” kütləsinin içində itib – batmışdı .

 

 Çox keçmədi xalq ədəbiyyatdan iyrəndi, dediyim kimi çap olunan, camaata sırınan kitablar redaktə və korrektəsiz, hətərən –pətərən sayıqlamalardan ibarətdi. Kim ağlına nə gəldi yazırdı və dərhal nəşr olunmağa qaçırdı. Daha əvvəlki illərdəki  süründürməçilik, ciddi senzura yox idi. Hətta hökumət əleyhinə də yazmaq olardı. Çoxu bu vasitəyə əl atmışdı, baxma neçə — neçə azadlıq carçısı bu yolla dünyada məşhurlaşıb. İstedadsız, ağıldan kəm şöhrətpərəstlərin çoxu elə bilirdi hökuməti, ələlxüsus devrilmiş Sovet İttifaqını tənqid etsələr onları çağırıb sinələrinə orden asacaqlar. Bir çoxu hətta lap irəli getmiş Sovet dövründə gizli fəaliyyətindən dəm vurmağa başlamışdı. İlk dövrlərdə  bu bir qədər maraq doğururdu .Yıxılmış  bir dövlətin əleyhinə yazmağı ilə qürrələnən bu adamlar vəzifəcə azacıq onlardan böyüklərə yaltaqlanmağı bacarırdılar .

 İllərlə qəzet, jurnal redaksiyalarında sürünən Cəmil də bu fürsətlərdən yararlanırdi. Həm də artıq institutu bitirmişdi, hardasa işləyirdi… İş  də institut kimi onu maraqlandırmırdı. O, yenə də şairliyin, məşhurlaşmağın peşində idi. Vaxtilə hər pul alanda anasına,  xırda qardaş və bacısına dediyi sözlərin — “gələcəkdə sizə kömək olacağam “- dalından dəymişdi. Evə pul vermək bir yana, nə isə alıb gətirmək də istəmirdi .Təsadüfən bir çörək, iki kilo kartof, soğan alanda da qaşqabağı yer süpürürdü .

 Hər tərəfi bürüyən nəşriyyat və qəzetlər  , jurnallar onun başını gicəlləndirirdi. Cəmil nəfis  tərtibatla şeirlərini, sonra isə poemasını çap etdirdi. Kitablardan bir neçəsini kitab mağazasına qoydu, amma bir dənə də kitabı satılmadı. Və Cəmil məşhurlaşmaq üçün kitablarını paylamağa başladı .

 

 

 

   Elə bu vaxtlar Cəmilin  keçmiş  tələbə yoldaşlarından biri  ona orta səviyyəli özəl jurnallardan birində qohumu olduğunu dedi və onu da söylədi ki, müəyyən pul müqabilində yazılarını orada çap etdirə bilər. Cəmil çox böyük məharətlə evdə dava – qırğın salıb   — maaşı  bu aydan o aya yetmirdi — bir qədər pul əldə etdi. Dostunun dediyi adamla – şairlə  məharətlə razılığa gəldi. Çox keçmədi “Şairin dərdi” poeması həmin adamın işlədiyi jurnalda çap olundu. Lakin poemanın jurnalda çap olunması da heç bir əks — səda, şöhrət əks — sədası vermədi .

 Bu arada “Gənclərimizin yaradıcılığı “ adlı bir toplantıya hazırlıq başladı. Cəmil də davamlı səylərdən sonra bura dəvət aldı. Oğlan irəlicədən jurnalda işləyən tanışına hörmət etdi ki (müəyyən məbləğdə pul verdi)  toplantıda durub onun haqqında danışsın və əlbəttə, Cəmilin yaradıcılığını, istedadını tərifləsin. Hamıya bəllidir ki, indi bunsuz keçinmək olmur. Bir yazar irəli durub hansısa gənc şairi, yazıçını tərifləməsə, bütün oxucu kütləsi ona biganə qalır. Toplantıdan əvvəl tanışı ilə bir balaca vurdular ki, danışanda cürətli olsunlar .

 Toplantıda gənc şairlərə, yazıçılara söz verilir, onlar da durub şeirlərindən, hekayələrindən parçalar oxuyurdular. Və onlar haqqında xoş söz deyənlər də, onlara öz yazılarında nələrisə yenidən işləməyi məsləhət görənlər də var idi .

Nəhayət, söz Cəmilin tanışı Namiqə verildi. Namiq irəlicədən hazırlaşdığı üçün şeir söyləyirmiş kimi başladı:

— Məclisdə əyləşən, xanımlar və cənablar! Mən sizə bir gənc şair haqqında danışmaq istəyirəm. O, çox təvözökardır, şeirlərini, bəziləri kimi ,başqalarının gözünə dürtmür, çox utancaq gəncdir. Təxminən iki ay bundan əvvəl o, redaksiyanın qapısını utana-utana döydü, şeirlərini – daha doğrusu poemasını gətirdiyini söylədi. Açıb oxudum və heyrətə gəldim. Bu  şair böyük istedaddır. Amma Sovet dövründə mətbuatımız, jurnallarımız onu çap eləməyib. ”Dəmir intizamlı” jurnallar hər dəfə onu geri qaytarıb .

Zalda gülüşmə qopdu .

— Bəli — bəli, “dəmir intizamlı” jurnallar ...Gərək yazıçı və yaxud şair  əlli yaşı keçəydi  ki, bunlar onu çap edəydi. Onun yazdıqlarının  cəmiyyətə yad şeylər olduğunu deyiblər. Cəmilin “Şairin dərdi “poemasının şöhrət eşqindən yarandığını söyləyiblər .Yaransın… Hansımız şöhrət arzulamır ki… Bunu arzu etməyən heç sənətkar deyil. Cənablar, getdi o dövr; hər şeyi gizlətmək, qəlbdə başqa cür düşünüb, dildə başqa şey söyləmək. İndi açıq-saçıq, düşündüyü kimi yazmaq zamanıdır. Cənablar, onlarla sənətkar tanıyıram ki, vaxtilə onları sənətə buraxmırdılar, amma onlar öz sözlərini deyiblər, sənətdə ,ədəbiyyatda layiqli yerlərini tutublar. Gəlin, Cəmilə sədd çəkməyək, o öz hisslərini gizlətmədən yazır, düşündüyü kimi yazır. İndi Amerikada, Avropada  təbliğ edirlər ki, hissləri gizlətmək olmaz. Cənablar, Amerika nəyə görə qabaqcıl ölkədir? Nəyə görə orada onlarla Nobel mükafatçısı var? Çünki azad, demokratik ölkədir. Kim necə istəyir, elə də danışır, kim necə istəyir, elə də yazır. Yeniliyə qarşı çıxmaq olmaz, cənablar. Baxın “Oxu məni “ qəzetinə, köşklərdə biri də qalmır, çünki zamanın, oxucunun nəbzini tutmağı bacarır. Azad seksdən yazır, düz edir. Seks nə vaxtdan qəbahət olub? Hansımızın orqanizmində buna tələbat yoxdur? Yol verin Cəmilə, qoyun o ədəbiyyata yenilik gətirsin .

 Namiq danışdıqca coşur və tez – tez dönüb kənarda oturub, guya,  utanaraq başını aşağı salan Cəmilə baxırdı. Məclisdə nə isə bir tərpəniş əmələ gəldi, hamı Cəmili görmək istəyirdi. Bunu başa düşən Namiq əli ilə göstərdi .

— Odur e, o arxa sırada oturan, sarı köynəkli, cılız oğlandır. Siz onun xarici görünüşünə baxmayın, deməyin bu niyə belə cılızdır, bunun nəyi şairdir?  Bu cılız bədəndə böyük istedad var. O istedaddır. Onun balaca bədəni, böyük ürəyi var, — xalqı üçün, eli üçün yanıb — tutuşan ürəyi .

Cəmil Namiqin bu sözlərindən  xəcalət çəkdi, çünki ona tərəf boylananların içərisində gülüşənlər də var idi .

Namiq isə danışırdı :

— O, mənə tapşırmışdı ki, onu çox da tərifləməyim, amma mən onu tərifləmək istəyirəm .Tərifləmək yox, mən onun misilsiz  yaradıcılığından aldığım misilsiz zövqü sizinlə bölüşmək istəyirəm. Mən əminəm ki ,“Şairin dərdi” öz müəllifinə şöhrət gətirəcək, “qanqal adamlar “isə paxıllıqdan çatlayacaqlar. Şair bu” qanqal adamlar”ın fövqündə yüksələcək, hey yüksələcəkdir.

Məclisdə oturmuş nisbətən yaşlı şairlərdən biri dedi :

— Yaxşı, sən onun şeirlərindən birini söylə görək. Çox təriflədin. Onun hansı şeirini xoşlayırsan,  söylə. Biz də eşidək, öz fikrimizi bildirək, müzakirə edək, istiqamət verək, qiymətləndirək. Çünki biz buraya bunun üçün yığışmışıq .

Namiq dayandı, ha elədi ,yadına  nəsə düşmədi, tək iki sətirdən başqa. Gülümsünərək dedi :

-          Mən şeir yadda saxlamaqda bir az tənbələm, amma  iki sətir deyəcəyəm:

 

— Xoşbəxt edəcəksən hansı sevəni,

Hansı qol qucacaq o şux bədəni ?

Zalda gülüşmə qopdu

— Poemadan da bir parça oxu .

Namiq güldü :

— Onu da şairə həvalə edək. Cəmil, gəlsənə bura, gəl poemandan bir parça oxu .

Bu Cəmilin elə də ürəyindən olmadı :

— Bəlkə şeir oxuyum ?

-Yox poemadan kiçik bir parça oxu.

Cəmil öz aləmində ən mənalı hissəni oxudu:

— Şeirlər gəlirdi dünyaya bir — bir ,

Dünyanın xəbəri yox idi bundan .

Bir şair yanırdı bu dünya üçün

Dünyanın xəbəri yox idi bundan .

Zal uğunub getdi

— Şairin dərdi budur? — Bayaqkı  yaşlı şair, “qanqal adam” soruşdu .

— Pisdir? — Cəmil bozardı. Nifrət etdiyi bu “şair qırıqları “onu tənqid etməyə hazır idi. Guya, böyük şair olmağı arzulamaq  qəbahətdir — Mən bütün poemanı burada oxuya bilmərəm ki,  kiçik  bir hissə oxudum .

— Bir hissə də oxu .

Cəmil qəsdən ən təsirli, birbaşa bu ” şair qırığı “ na ,” Sovetdən qalma  ünsür ” ə aid olan hissəni oxudu :

— Şairə yol verin, qanqal adamlar ,

Tutmusuz dünyanı, qanqal adamlar

— Qanqal adamlar kimdir? — “Sovetdən qalma ünsür” soruşdu .

— Redaksiya işçiləri – kimsə  atmaca atdı .

Zal uğundu .

— Guya, belə deyil? — Cəmil sövq — təbii ilə özünü müdafiəyə keçdi – on iki yaşımdan yazıram, artıq otuz beş yaşım var, Sovet dövründə cəmi bir şeirim çap olunub. Mənfur, süründürməçilik  aparatı yaxşı ki məhv oldu .

— Bala, nə tez başladın böyükləri qanqal adlandırmağa? — ağsaqqal şairlərdən biri, başqa bir “ Sovetdən qalma ünsür ” sözə başladı- Hanı sənin misilsiz şeirlərin? Bunlardır? Bunlar şeirdirmi? Poemada qarşına sədlər çəkildiyindən dəm vurursan. İndi heç bir səddən söhbət gedə bilməz. Əksinə sənin qabağına heç bir sədd çəkilməyib. Qəzetdə, jurnalda çap olunursan. Heç bilirsən Sovet dönəmində necəydi? Əlli yaşdan tez çap olunmaqmı olardı? Əslində düzgün edirdilər. Yetkinləşməmiş insanlar səhv edirlər, səhvlər isə sonradan acı nəticələr verir — Şair müasir nöqteyi — nəzərdən  düzgün danışmadığını hiss eləyib söhbəti dəyişdi — Nə isə… vaxt yoxdur. Keç əyləş. Sənin bu poeman əslində biabırçılıqdır, poema yox  .

Cəmil ürəyində gəlib burda da onu tapan “ qanqal adam ”ı söyərək keçib yerində əyləşdi.

Başqa bir  şair öz şeirini oxuyurdu :

Sən də mələyimsən ağlama

Öpəndə, ya qucaqlaşanda, gülüm

Ayrılanda, səni gözü yaşlı görəndə

Qoyma mələk yerinə mən ölüm .

 

  — Buyur, guya bu gözəl şeirdir. Bunlar tənqid edəndə ancaq mənim kimi kimsəsizləri axtarır. Sizin hamınızdan intiqamımı alacağam. Az qalıb — Cəmil fısıldadı .

...

 Elə bu vaxtlar  Cəmili hərbi xidmətə çağırdılar. Cəmil təşvişlə, qorxudan böyümüş gözlərlə əlində çağırış vərəqi tutmuş atasına baxırdı .

— Cəmil gərək gedəsən. Neçə ildi vəziyyət pis idi. Artıq vəziyyət normallaşıb. Müharibə dayanıb .

— Nə? Nə dayanıb. Gündə televiziyada atəşkəsin pozulduğunu  söyləyirlər .

— O, elə — belə şeydir. Həmişə olub. Səndən kiçik qardaşın əsgərliyə gedib gəldi. Sən də get .

— Yox mən gedə bilmərəm. Əsgərlik mənlik deyil. Həm də mənim işlərim.… Mənim burada çox işim var. Mən burada daha çox xeyir verərəm .

— Nə xeyir ?

— Həm işləyərəm, həm də əsgərlərimiz üçün qəhrəmanlıq, vətən mövzusunda yazaram .

— Var belə şeirlərin ?

— Yoxdur…. Var… var beynimdə var, elə bu axşam yazaram .

— Yaxşı yaz. Səhər onları da götürüb gedərik hərbi komissarlığa .

Cəmil o axşam səhərə qədər yata bilmədi, şeir yazdı: “ Qarabağım, qara baxtım “, “Qalx ayağa millət ”. ” Qarabağım, qara baxtım “ şeirini yazanda Cəmil hətta ağladı da, çünki bu gecə Qarabağın onun qara baxtı olacağına,  arzularına son qoyacağına inanırdı .

 Səhər atası və Cəmil şeirləri də götürüb hərbi komissarlığa getdilər. Burada başqa çağırışçılar da var idi. Cəmil atasını öyrətdi ki, hərbi komissarla təklikdə danışsın, oğlunun ruhi cəhətdən sağlam olmadığını desin .

Atası komissarla nə danışdı, nə danışmadısa  komissar Cəmili görmək istədi. Cəmil qəsdən ləngər vurub, valaylanaraq içəri daxil oldu .

Komissar təəccüblə ona baxdı. Cəmil bağışladığı “ gözəl təəssürat ”ı daha da dərinləşdirərək salamsız — kəlamsız şeir deməyə başladı :

— Qarabağım, qara baxtım ,

Düşmən gəldi hara baxdım,

Od vurulan qızıl taxtım ...

Komissar nədənsə qəhqəhə çəkib gülməyə başladı

Cəmilin qəlbində ümid işığı yandı

— A kişi sənə deyirəm xəstədi ...

Komissar razılıq əlaməti olaraq başını tərpətdi .

O gün Cəmilin sevinci yerə — göyə sığmırdı, sanki ilan ağzından qurbağa qurtarmışdı. ”Dumandı Kəlbəcər”, “Şuşam mənim “ şeirlərini yazdı .

Və elə səhərisi gündən həmin şeirlərlə Sovet vaxtı ayaq döydüyü  redaksiyalarda yenidən görünməyə başladı .

 Onu da qeyd edim ki, Sovet İttifaqı dağılandan sonra əvvəlki redaksiyalar bir müddət işləmədi. Son vaxtlar onlar da işləməyə başlamışdı. Və Cəmil düşünürdü ki, Sovet İttifaqı dağıldığına görə bu redaksiyalar artıq ona tənqidi yanaşmaz .  Amma çox təəccüblü idi: yenə də onun şeirlərini qəbul etmək istəmirdilər. İndi ki o şöhrət hissindən yazmırdı.

 Bir gün daha bir redaktor – “ günəşin qabağını tutmaq istəyən qara bulud “ onunla mübahisəyə başladı: onun “Dumandı Kəlbəcər “, “Yadlar əlində əsirdi Şuşam “ şeirlərini oxuyub dedi :

— Bura bax, bu qədər təkrar olunmuş bir mövzu səni yormurmu?

— Axı nə üçün bu dərd bizim hamımızın yaralı yerimizdir, ümumi dərdimizdir .

-Elədir. Amma şeir çox zəifdir. Boş-boş təkrar olunan ifadələrdir. Hamı deyən fikirlərdir. Neçə yaşın var .

-35

— Hərbi xidmətdə olmusan ?

— Bəli .

— Hm… O qədər bu mövzuda şeir çap etmişik ki… Həm də boş yer yoxdur. 5 — 6 ay bundan sonranın materialları hazırdır. Gələn il müraciət edərsiniz, bəlkə, yer oldu .

...

Bu arada Cəmil  gözlənilməz zərbə ilə qarşılaşdı. Vaxtilə dava etdiyi birinci redaktor onun  poemasını tənqid etmişdi. Məqalə yüngül, yumoristik bir dillə yazılmışdı, kim oxuyurdusa qəhqəhə çəkib gülürdü .

 

Çox keçmədi ki, Cəmil  həmin redaktorun acığına dəbdəbəli şəkillərlə bəzədilmiş kitabını təkrar nəşr elətdirdi .Yenə bir hissəsini qohumlara, bir hissəsini iş yoldaşlarına payladı, bir — ikisini də götürüb onu tənqid edən redaktorun işlədiyi redaksiyaya getdi. Redaktor Cəmili o dəqiqə tanıdı .Tənqid etməsindən görünürdü ki, Cəmili unuda bilmir .

— Salam – Cəmil dedi — Çəkişməsən bərkişməzsən. Məni yaman tənqid etmisiniz .

— Sən sevin .Tənqid də bir tanıtma üsuludur. Diqqəti sənin üzərinə cəmləyirəm – redaktor açıq istehza etdi .

— Nə əcəb Arif müəllimin oğlunu tənqid etmirsiz? Məndən yaxşı yazır?

-A –a-a, o çox istedadlıdır. Öz aramızdır o kim, sən kim .

— Bilirəm… Atası sizi burada vəzifədə saxlayır. Onu tənqid etmək olmaz. Nə isə artıq bu söhbətlərə son qoyuram, siz böyüklərin işinə qarışmıram. Yəqin bir bildiyiniz var. Gənclik iştə. Baxıram ki, şirin dil olmasan irəli getmək olmur .

— Sirkə nə qədər tünd olsa, öz qabını sındırar ...

— Elədir… Kitabım çıxıb. Həmin, sizin tənqid etdiyiniz poemadır. Hamısı satıldı (Cəmil əlbəttə yalan deyirdi )

Redaktor belə gedişlərlə o qədər rastlaşmışdı ki, zərrə qədər inanmayaraq, istehza ilə

— Bax da – dedi .

— Birini sizə gətirdim. Bəlkə, bu dəfə başqa nöqteyi — nəzərdən yanaşasınız .

 Redaktorun üzündə istehza oynadı, hiss olunurdu ki, o, Cəmillə çoxdan qurtarıb. Hər halda əlində imkan var  və nə qədər bu imkan ondan alınmayıb dabbağda  gönünə bələd olduğu bu mənfur tipi — Cəmili qəti surətdə ədəbiyyta buraxmayacaq. Bu iyrənc məxluq ədəbiyyatı kirlədə bilməyəcək. İstehza ilə dedi :

— Cəmil bilirsən səndən nə qədər var? İki min nəfər, üç min, beş-altı min… nəfər. Hamısı da özünü dahi hesab edir. İndi nəşriyyatlar pullarını alıb bir ucdan bunların yazılarını nəşr edirlər. Bax elə, sənin kitabın kimi mənasız, məzmunsuz… Hamısı da çap olunan kimi kitabı vurub qoltuğuna bura qaçır. Arif müəllim heç birini qəbul etmir. Biz məcburuq, qapı açıqdır, gəlirsiniz, bu kitabları da bəzən götürürük, amma oxumuruq. Oxumaq imkan xaricindədir. Bir belə kitabı oxumaq olar? Buna bizim vaxtımız çatmaz. Gözümüz xarab olar. Onsuz da redaksiya materialların oxumaqdan bezirik, hələ bunları da oxuyaq ?

— Bəlkə, içində istedadlıları var. Axı siz ədəbiyyatı saf- çürük etməlisiz. İstedadlıları seçməlisiniz, ictimaiyyətə  tanıtmalısınız. Onlara müəyyən qayğı göstərilməlidir. Siz buna görə dövlətdən maaş alırsınız .

— Əh ...maaş… Bu maaş  indi heç nəyə yetmir. Çox azdır. Nə isə… Məsələ onda deyil. Biz istedadlıları tanıdırıq. Odur gənc yazıçı Yasəmən Abbaszadə ” El ” kimi dəyərli jurnala redaktor təyin edildi .

— Arif müəllimin sevgilisi ...

— Bura bax… Burada artıq-əskik danışma ,  kitabını da götür, çıx bayıra. Sən düzələn deyilsən .

Redaktor ayağa qalxıb, az qala əli ilə onu bayıra çıxartdı .

Cəmilin hirsindən dişi bağırsağını kəsirdi. Bu redaktor  getməsə, ona burada yer yox idi .

Bu arada Cəmil də redaktoru tənqid etmək qərarına gəldi. Böyük bir məqalə yazdı. Həmin məqalədə redaktoru ikibaşlı əjdahaya bənzədirdi. Bu əjdaha suyun qabağını kəsmişdi, özü və yaxın ətrafından başqa heç kəsi sudan içməyə qoymurdu. Cəmil yazırdı ki, redaktor  vacib bir jurnalın məsuliyyətini üzərinə götürmüş, əslindəsə dövlətin ədəbiyyatın inkişafı üçün ayırdığı pulu məmimsəyir, ədəbiyyatı inkişaf etməyə qoymurdu. Həm pulu yeyir, kənara bir qəpik də çıxmağa qoymur, həm də ədəbiyyatı məhv edirdi .

 Cəmilin məqaləsi səs – küysüz ötüşmədi. Redaktorun haqqında danışdığı  istedadsız kütlə Cəmillə tam razı idi. Bu kütlənin hər bir fərdi özünü dahi sayır, redaktorun oturduğu yerə özünü daha layiqli bilirdi. Cəmilin məqaləsi dəlinin yadına daş saldı. İddiası böyük, istedadı isə olmayan  kütlə ədəbi cameədə tanınan, vəzifədə olan, kütlənin nöqteyi-nəzərincə yaxşı pul qazanan, yeyib-içən  ədəbiyyatçıların üzərinə hücum çəkdi. Hamı tənqid olunmağa başladı, kütlənin hücumundan salamat bir ədəbiyyatçı çıxmadı: kimisi yaşlı olsa da kreslonu tərk edib, yerini  “ istedad dağarcığı olan  gənclər ”ə vermədiyi üçün, kimlərsə  zəif, istedadsız ədəbiyyatçı olsalar da ölkənin nüfuzlu jurnallarının başında oturduqları üçün, kimisə zəif yazsa da nə yollasa xalqa əsl şair, yazıçı kimi sırındığı üçün tənqid olunurdu. Bir sözlə məlum olmuşdu ki, sən demə, ədəbiyyat əslində yox imiş və ədəbiyyatı bu böyük iddialı, hətərən –pətərən sayıqlayan kütlə, onların öndə gedənləri yaradırmış.

Redaktorun tənqidindən sonra Cəmilin də üzərinə  hücum başlamışdı. Vəzifədə olan, ədəbiyytın çörəyini yeyən hər kəs — yetən də, yetməyən də onu tənqid edirdi. Cəmil yaman yerdə axşamlamışdı. Nə etsin ?

Çox keçmədi Cəmil  tanınmış  tənqidçilərdən birinə, Yusifzdəyə yaxınlaşmağı bacardı. Bu tənqidçinin pul müqabilində bəzən ən zəif yazarı, şairi tərifləyib göylərə qaldırdığını eşitmişdi :

— Salam,  Yusifzadə bəy .

— Salam. Nə məsələdir?

— Redaktor Hacızadə məni yaman tənqid edib. İndi də bir çox tənqidçi üstümə tökülüşüb. Baxın bu poemaya görə — Cəmil ustalıqla poemanın arasına iki yüz manat qoyub tənqidçiyə uzatdı. Bilirdi böyük məbləğdir tənqidçiyə verdiyi. Amma camaatın ağzını yumsa  bu tənqidçi yumacaqdı .Tənqidçi acgözlüklə pulu süzdü və məharətlə götürüb cibinə qoydu. Elə bu hərəkəti onun nə yuvanın quşu olduğunu söyləyirdi .

— Səni tənqid oxlarından xilas edim deyirsən ?

— Bunu bacarsanız, siz bacaracaqsınız .

— İndi tənqid olunmayanmı var? Belə şeyləri boş ver, yaz, yarat. Tənqid də, tənqidçilər də yaxşı yazarın, şairin qabağında zaman keçdikcə aciz qalır. Siz sözünüzü yazmaqla deyin .

— O heç… Buna çalışıram. Amma sizin mənim haqqımda yazmağınız mənə çox gərəkdir. İndi- indi çap olunurdum, tənqidçilər tökülüşüb üstümə .

— Yaxşı sizin haqqınızda yazacam, amma həmin yazını saytlarda verməyin də müəyyən xərci var, o xərc sizə baxır .

— Oldu – Cəmil bu tənqidçinin hədsiz tamahkar olduğunu eşitmişdi — Daha geriyə yol yox idi – siz yazın mənə xəbər edin o məsələləri həll edərik .

Bircə həftədən sonra Yusifzadənin Cəmilin tərifini ala buluda qaldırdığı məqalə tanınmış saytların birində göründü.

Bu məqalə Cəmilə əməlli – başlı həvəs verdi. Gör onu kim tərifləyir, onun haqqında  kimlər yazır. Şöhrət necə olur ki? Dövrün ən qabaqcıl jurnallarından birinin  redaktoru, tanınmış jurnalist onu tənqid edir, ən qabaqcıl tənqidçi də tərifləyir .Yox, şöhrət gəlib, Cəmil şöhrətin astanasındadır, sadəcə bunu hiss etmir.

 

Aradan bir müddət ötdü. Cəmil yenə də ürəyi istədiyi kimi məşhurlaşmırdı. Amma qətiyyən öz şöhrətlənmək arzusundan əl çəkmirdi. Ətraf mühit, şairlər, yazarlar ordusu da ona bu yolda irəliləmək üçün təkan verirdi. Kim idi ki əsl istedad?

  Bu arada Cəmilin anası bərk xəstələnmişdi. Mədəsi ağrıyırdı. Bir səhər arvad yerindən qalxa bilmədi, zarıyaraq oğlundan xahiş etdi ki, özü xəstəxanaya gedə bilməyəcək, onun üçün həkim çağırsın .

Cəmil soyuq halda mızıldandı :

— Adam xəstələnər də, nə olub? Yəqin soyuq dəyib, özünü gözlə, işə bir – iki gün getmə .

Arvad bir az gözlədi, ağrı güclənirdi. Dözməyərək dedi ki, bir maşın tutsun onu xəstəxanaya aparsın, dözə bilmir.

— Cəmil yenə soyuq-soyuq :

— Nə bərk qorxuya düşmüsən – dedi — mədə ağrısı elə hamıda var. Heç o xəstəlikdən ötrü xəstəxanaya getmirlər. Mənim mədəm lap bərk ağrıyır. Yeməyə fikir vermirsiniz. Ay pulu az xərcləyim deyə o qədər qənaət edirsiniz ki, belə olur .

Arvad heyrətlə dikəldi :

— Var ki, xərcləyim. Neçə  ildir institutu bitirmisən, bir qəpik mənə pul vermirsən. Daha nə oldu tələbə vaxtı da məndən yeyirdin, indi də  . Mən də çatdırmıram. Firidun kasıbçılığa görə oxumadı, əsgərliyə getdi, gəldi, yenə işləyir. Qəməri də oxutmadım, zavodda işə göndərirəm .

— Nə olsun? Hamı alim olmalıdır, hamı oxumalıdır? Ay arvad başqa ailələr istedadlı uşağının dalında durur, onu ortaya çıxardır .  Siz isə verdiyiniz qəpik — quruşu az qalırsız gözümdən tökəsiniz. Mən də Moskva Universitetinə getmədim, gördüyün kimi, İşləyirəm

— İşləyirsən. Bəs pulu neynirsən? Yəqin arağa verib içirsən .

— Harda idi məndə o bəxt? Əynimə bir kostyum ala bilmirəm .

Cəmil anasını həkimə aparmaq əvəzinə hirslənib evdən çıxdı. Firidun işdən yarımçıq qayıdıb arvadı təcili xəstəxanaya apardı .

Arvad düz bir ay xəstəxanada yatdı, nəhayət sağalıb xəstəxanadan çıxdı. Bu müddət ərzində Cəmil evə qayıtmamışdı. Bu xəstəlikdən sonra arvad pensiyaya çıxmağa məcbur oldu, artıq işləyə bilmirdi .

  Arvad xəstəxanadan çıxan gün Cəmil də evə qayıtmışdı. Üzünə küskün bir ifadə verərək hərlənirdi .

 Cəmilin anası oturub televizora baxırdı. Televizorda müasir şairlərdən birini göstərirdilər. Şair qəmgin surətdə, təbiətin qoynunda gəzişir  , gülə, çiçəyə şeir deyirdi. Həzin bir musiqi səsi də şairi müşayiət edirdi .

Ana maraqla şairi dinləyirdi .

Cəmil istehza ilə

— Özgələrə qulaq asırsız – dedi — Özünüzünkünü məhv edirsiz .

— Məhv edib nə etmişəm. Oxutmuşam, indi də işləyirsən də. Oxuyan işləməlidir də .

— Oxutmuşam...oxutmuşam… — Cəmil anasını yamsıladı – Başımı dəng elədiz… Hamı oxudur, amma heç kim belə dəng etmir. Bax o şair də oxuyub. İndi də televizora çıxıb, şeir deyir. Bilirsən o televizorda bir dəfə çıxış  etmək neçəyə başa gəlir? Camaatın ağlı var da: köməklik edir ailənin bir üzvünü qabağa verir, sonra da onun səbəbinə bütün ailə qabağa gedir. Siz mənə kömək etsəniz, mən də şair kimi məşhurlaşsam, Firidun və Fərman asanlıqla karyera yollarında irəliləyəcək. Çünki onlar artıq tanınmış, məşhur şair Cəmilin qardaşları olacaqlar. Bu vəzifədə olan, şair kimi hər yerdə yuxarı başa keçirilən şairlər elə bilirsən məndən yaxşı yazır? Qətiyyən! Sadəcə vaxtilə atası, anası, nə bilim dayısı kömək edib, özünü nə yollarlasa qabağa verə bilib, bu gün də övladları, qohumları yeyir. Bu bir monopoliyadır. Hər adamın bacarığı, siyasəti yoxdur ki, monopoliyadan baş çıxartsın. Başaranlar başarır da ...

— Neçəyə başa  gələr televizora  çıxmaq ?– Ana nədənsə özünü günahkar hiss etdi, bəlkə Cəmil düz deyir, ona yetərincə kömək etmirlər ?

— Heç olmasa iki yüz – üç yüz manat .

Bu ananın bir ayının pensiyası idi  . Amma olsun .

— Yaxşı ,Cəmil, maraqlan, gör neçəyədir, yol tap. Olmasın bir ayın pensiyası verəcəm, get sən də televizorda şeir de, məşhurlaş, qardaşlarına kömək ol .

Cəmil bir müddət sonra televiziya ekranında göründü. O, təzə kostyum geyinmişdi, əlləri qoynunda təbiətin qoynunda gəzişir, hər gülü, çiçəyi mənalı baxışlarla süzür, kəsilmiş  bir ağac budağını seyr edərək bahalı papirosunu tüstülədirdi. Və diktor gözəl səslə onun “Dumandı Kəlbəcər “, “ Yadlar əlində əsirdi Şuşam “ şeirlərini deyirdi .

Aradan bir müddət ötdü Cəmil yenə də ürəyi istədiyi kimi məşhurlaşmırdı.

 Ədəbiyyat sahəsində  görünməmiş  tənəzzül başlanmışdı. Yazıçılar Birliyi əvvəlki tək  işləmirdi. Əvvəlki dönəmdə şeirə, ədəbiyyata ve rilən qiymət yox idi. Mükafatlar, təqaüdlər yox idi. Azərbaycanda məşhurlaşmaqdan söhbət gedə bilməzdi. Hamı bir qarın çörək üçün mübarizə aparırdı. Şeir, ədəbiyyat kimin yadına düşürdü? Başqa Sovet respublikalarında da vəziyyət bundan fərqli deyildi. Xarici ölkələrə çıxış ala bilsəydi Cəmil… Bunun üçün yazılarını tərcümə etdirməliydi  . Bu da uzun və məşəqqətli yol idi, çox pul, tanış, dost tələb edirdi. İndi tanış da, dost da adamın əlinə baxırdı, hamısı pul tələb edirdi. Pulsuz heç nə mümkün deyildi .

Aradan bir müddət ötdü. Cəmil şeirlərini yaymaq ,məşhurlaşmaq üçün şeirlərinə mahnı bəstələtdirmək fikrinə düşdü. O dövrün tanınmış müğənnilərindən biri Ulduz xanımın telefon nömrəsini tapıb zəng etdi. Bir xeyli telefon zəngindən sonra onlar görüşməyi qərara aldılar .

Ulduz xanım uzun — uzadı Cəmilin şeirlərini oxudu, onların musiqiyə yaramadıqlarını söylədi. Cəmil tərəddüd etmədən ona bir xeyli pul təklif etdi. Pulu görən müğənni razılaşdı. Və çox keçmədi ki, Cəmilin sözlərinə yazılmış mahnı televiziyada oxunmağa başladı .

Aradan bir neçə il ötdü .

 Bir gün əzizimiz, dostumuz baş redaktor – Həsənzadə  iş yerinə gələrkən Cəmilin ona qonşu otaqda iş stollarından birinin arxasında oturduğunu görüb təəccübləndi. Və redaktora məlum oldu ki, Cəmil daha onunla çiyin –çiyinə işləyəcək. Redaktor elə bil o gün lal olmuşdu, heç kimlə kəlmə kəsmirdi. Beyni isə bütün günü uğuldadı: “ Bəli, artıq baş verdi. Qorxduğu şey baş verdi. Şairlər də yazarlar da, mətbuat da qorxunc duruma düşdü, sünilik uçurumuna yuvarlandı. Artıq nəyə inanaq? Cəmil — bu cızma qaraçı ədəbiyyatı təmsil edən qüvvələrdən birinə çevrilib. Cəmil ədəbiyyatın yol göstərəni, ədəbiyyatı təhlil edən qüvvə olub. Yazdığı bir – iki cızma qara şeirlə  , daxili aləmini əks etdirən “ Şairin dərdi “ poeması ilə bunu bacarıbsa, ondan qorxulur .

Redaktor o gecə qəribə bir yuxu gördü. Gördü ki, görkəmli yazıçı və şairlər, bəstəkarlar, müğənnilər, aşıqlar hamısı qaranlıq bir yolun kənarında durublar. Cəmil də əynində qəribə bir paltar — deyəsən dirijor paltarıydı — və  əlində  uzun çubuq  yolun kənarındadır. Və Cəmil hər dəfə əlindəki uzun çubuğu tərpədəndə yaradıcılar yolun sonundakı uçuruma tərəf sıxışdırılır. Əks istiqamətdə isə güclü  projektorların işığı altında əcaib – qəraib kütlə  — əl-qol atanlar, üzünə mükəddər ifadə verib, guya, kədərlə duranlar, göbək oynadanlar, həyasızlar, sırtıqlar gəlirdi. Onlar hamısı çox diribaş idi, hamısı “ Məni “ deyə bağırır, Cəmildən onu irəli keçirtməyi xahiş edirdilər. Və hamısı da öz növbəsində Cəmilə yaltaqlanırdı

— Ədəbiyyatda, şeirdə yeni nəfəs, yen i səs, Cəmil əfəndi. Şeirimizin yeni günəşi !
Və kim daha çox yaltaqlanırdısa Cəmil çubuğunun ucu ilə onu daha da irəli itələyirdi

 

 

 

— Ədəbiyyatımıza doğan günəş  ! Bütün  sədləri yıxıb uçuran əsl sənətkar, yenilikçi sənətkar!

 Bir qrup insan isə bu izdihamı izləyir, əl çalırdı .

Kütlə bitib – tükənmək bilmirdi. Birdən redaktor yerindəcə dondu, çünki bayaqdan  kənarda dayanıb əl çalan kütlə də Cəmilə tərəf hücum çəkib

— Bizi də təqdim elə-deyə çığırırdı. Redaktor qan – tər içində yuxudan ayıldı.

Gördüyünün yuxu olmasına sevindi… Lakin bu sevincdə acı bir kədər də  vardı. Kədər ona  görə vardı ki, Cəmil gəlib iş yerində  , onun böyründə  — qonşu otaqda  oturmuşdu .

Son  -   Şiringül Musayeva 

 

0 şərh