Рейтинг
+35.68

Azərbaycan ədəbiyyatı

43 üzv, 283 topik

Şüşə xoşbəxtliyi | Kamran Nəzirli

Xoşbəxtlik şüşə kimi bir şeydi; əlindən düşdü, ya sınıb çilik-çilik olacaq, ya da çatdayacaq. Onu gərək bərk-bərk qoruyub saxlayasan; ya da qoyasan balışının altına, toy boxçası kimi gizlədəsən, vaxtı-vədəsi gələndə çıxarasan üzə. Qadın  ömründə ilk dəfəydi ki, belə düşünürdü. Səhərin gözü açılar-açılmaz bu qənaətə gəldi ki, onun “şüşə xoşbəxtliyi”nin vaxtı yetişib; o, əslində heç harda gizlətmədiyi və heç harda axtarmadığı xoşbəxtliyi ötən gecə qəfil tapdı və innən belə nə balışa, nə də toy boxçasına ehtiyacı yoxdu. Həmin “şüşəni” ürəyinin başında gəzdirəcək. Kimin hünəri var onu sındırmağa? Axı o, öz ürəyinin yeganə və əvəzolunmaz hakimiydi! Bu hakimiyyəti ondan heç kəs ala bilməzdi, ölümdən başqa!
Ardı →

Əti yeyilmiş maşın | Kənan Hacı

Səhər yuxudan duranda fikirləşdi ki, görəsən intihar etməyə cəsarəti çatarmı? Hər halda intihara psixoloji hazırlıq mərhələsini keçmək lazım idi. O isə bu “mərhələ”ni intihar haqqında didaktik tonda yazdığı məqalə ilə keçmişdi. Deyən gərək, ay əbləh, camaata dərs keçirsən, özününsə könlündən intihar keçir, xeyr ola?
Hardasa oxumuşdu ki, I Pyotr intihar edənlərin ölüsünü it leşi kimi şəhərin küçələrində sürütlətdirirmiş ki, özünə qəsd etmək istəyənlərə görk olsun. Yaşamaq cəhənnəm əzabına dönsə də intihar etməyə özündə təpər tapa bilməyəcəkdi, onsuz uzun və əzablı bir ölümə məhkum edildiyindən xəbərdar idi; həkimlər qanında hepatit C virusu aşkarlamışdılar və üzünə demişdilər ki, pənah Allaha, nə qədər yaşadın qənimətdi… Qanındakı mikrobların durmadan çoxaldığını, qara ciyərinə daraşıb onu hey-həkətdən saldığını sanki gözlərilə görürdü və kənar müşahidəçi kimi soyuqqanlılıqla, sakitcə, bir az da maraqla bu mənzərəni seyr edirdi.


Ardı →

Qurbağa | İlqar Fəhmi

— Qurbağa istəyirəm.
Qız onun sözünü yaxşı başa düşmədi.
— Deməli, qara kostyum istəmirsən?
— Yox, qara kostyum da istəyirəm, amma indi qurbağa istəyirəm.
Qız deyəsən qurbağa sözünü eşitdi.
— Nə istəyirsən?
— Qurbağa.
Qız əvvəl çaşdı, sonra birdən nəsə anlamış kimi sözünü davam elədi.
— Hə, onda gedib şənbə günü sənə kostyum alarıq. Həm də yadıma sal, divan üçün örtük də alaq, evdəkilər almayıb.
Davamı →

"Div ürəyi"

Biri vardı, biri yoxdu, əhalisi divlərdən ibarət böyük bir məmləkət vardı. Bu məmləkətin bütün divləri bir-birinə oxşayırdı; eyni görkəmdə, eyni xasiyyətdə. Divlərin qəribə bir adətləri vardı, balaları bir az böyüyüb ağıllanan kimi yığışıb əcaib bir mərasim keçirərdilər; balaca divin bağırtısına fikir vermədən ürəyini çıxarıb qoyardılar bir şüşəyə və həmin andan da artıq xasiyyətdə də onlara bənzəyən yeni bir div – divlər cərgəsinə qoşulardı. Şüşə sındırılmayana qədər bu divlərə ölüm yox idi.
Ardı →

"Gədə" | Azad Qaradərəli

Kəndə xəbər yayıldı ki, Vadər yenidən Rusiyaya qaçıb. Gedib yox ha, məhz qaçıb.
Getməyinə qalanda burda qəribə şey yoxdu ki...
Onsuz da kəndin əli ağac tutanlarının yarısı Rusiyada, yarısının yarısı Türkiyədə, qalan yarısı isə Bakıdaydı.
Zivər arvad yana-yana deyirdi ki, xarabada toyuq başı kəsən tapılmır.
Elə özlərini tanıyan kimi Yolaşandan aşırlar o üzə, day bir də geri qayıtmırlar...
Axırda arvad yandığından baltanı iki qıçının arasına qoyub yezidə lənət oxuya-oxuya “bissimillah” deyib bıçağı əlinə alıb özü toyuq başı kəsməyə başladı. (Elə bil kişi qısmını kənddən yezid qaçaq salmışdı)
Ardı →

"Avropa mənşəli dana" | Bəxtiyar Hidayət

Bax o Şahmarın təzə darvazasının qabağına yığılan adamlar var haa — onları nəyləsə dəyişmək, təəccüblləndirə bilmək qeyri-mümkün bir zaddır.
Istər futbol üzrə dünya çempionatının final oyunu olsun, istər prezidentliyə namizədlərin çıxışı olsun, istər hansısa şairin şeir gecəsi olsun, istər hansısa üçəm qüllələri partlatsınlar, o adamlar elə o darvazanın qabağındakı söhbətlərini kəsib televizorun qabağına keçməyəcəklər.
“Ondan mənə nə” deyəcəklər.
Özlərinin söhbəti isə daim təkrardı ki təkrardı. Özləri də bilillər ki bu söhbəti dəfələrlə ediblər və eşidiblər — amma yenə də təkrarlayırlar.
Ay nə bilim dananı necə kökəltmək olar, yoncanın neçənci çalımı yaxşıdı,
filankəs evi görəsən nəynən tikdi, filankəsin gəlini gəzir, filankəsin də uşağı bədəsil çıxdı və sair bu kimi söhbətlər.
Ardı →

"Solfecio dərsi" | Azər Abdulla

Bu səhər Köçəri yuxudan həmişəkindən iki saat tez ayıldı. Eşiklərindəki paslı dəmir parçasını bir neçə yol qaldırıb endirdi.Köçərinin idmanla arası yox idi. Ancaq o, son yeddi günü könülsüz olsa da idman edirdi. Bu gün o, bir nəfərlə iki ton kağızı maşına yükləyib sonra da boşaltmalıydı.
O, dalandan burulanda ilkin gözünə dəyən bir qız oldu. Onu üzdən tanıyırdı. Qabaqlar elə bu küçədə bir neçə yol üz – üzə gəlmişdi.
Bu səhər görməsəydi, qızın belə tez yuxudan oyanmasını ağlına gətirməzdi. Boylu – buxunlu bu qızda yaraşıqdan, gözəllikdən savayı bir xanım – xatınlıq da vardı. Köçəri belə qızları, ancaq şəhərin mərkəzi küçələrində görmüşdü.
Şəhərin qırağında taxta, dəmir çəpərə alınmış yöndəmsiz evlərin arasıyla uzanan dar, palçıqlı yolda bu qızın yeriməsi Köçəriyə həm qəribə gəlir, həm də onu sevindirirdi. Köçəri duydu ki, arxadan gələn oğlanların, kişilərin hamısı qıza çatmaq istəyir.
Ardı →

Slovak qızı | Alpay Azər.

Raul dostumdur, kəndli balasıdır, 25 yaşı var, yaşına görə dünyagörmüş adamdır. Əsl dostdur, yeyib-içən oğlandır, hesabı da həmişə özü verir. Amma içməkdə həddini bilir, 300 qramdan sonra deyir “stop.” Nə qədər dilə tutsalar da xeyri yoxdur, 300 qramdan artıq içməyəcək. Raul inqilabçılara, ümumiyyətlə mübariz adamlara, xüsusilə Babəkə, Robespyerə, Leninə hörməti var, amma onun mübarizə meydanı qızbazlıqdır, bu məsələdə o hədd deyilən şeyin nə olduğunu bilmir, etiraf da edir: “Nə vaxtsa mütləq zibilə düşücəm. Başıma nə müsibət gəlsə qızlardan gələcək”.

Yayda, gecələr imtahanlar arası vaxt tapıb qız ovuna çıxırdıq. Elə olurdu əlimizə bir şey keçmirdi. Elə də olurdu ikisini tapırdıq, hələ dəyiş-düyüş də edirdik. Raul bəzən birini tapanda, mən yaddan çıxırdım, gecə məni küçədə qoyur, taksi tutub tanış olduğu, qiymətini danışdığı qızı götürüb kirayələdiyi mənzilə aparırdı. Elə də olurdu bizi güclü söyüşlərlə qovurdular. Onda Raul qərar verirdi: “Nemedlenno Arlekinoya getməliyik”. Arlekino yaxınlıqdakı tələbələrin səhərə qədər rəqs etdikəri diskoteka idi. Ora gedib ən azından rəqs edə-edə öpüşməyə qız tapırdıq.
Ardı →

"Adamı igid kimi ölməyə də qoymurlar" | Azad Qaradərəli

Məni yandıran odu ki, Eltac heç zaman uşaqlığından çıxa bilmədi.
Yəni, mənim gözümdə həmişəlik uşaq kimi qaldı.
Düzdü, kişiləşmişdi, boy-buxunda lap mənə çatmışdı, bığı da əməlli-başlı onu kişiyə oxşadırdı.
Amma bu kişi görkəminin içində, bir uşaq qiyafəsi, uşaq şəkli ürkək-ürkək boylanırdı.
Elə bil yeniyetmə oğlana atasının paltarını geyindirmisən, qalıb pencəyin uzun ətəyini, qollarını dartışdıra-dartışdıra.
Hələ üzünə bir qorxu, bir vahimə çökmüşdü ki, baxanda ödüm ağzıma gəlirdi. Kaş görəydiniz öləndə necə yalvarırdı mənə.
“Əmi, deyəsən axı mən ölürəm. Hə, əmi? Niyə dinmirsən? Boğazım get-gedə quruyur elə bil. Sözlər ağzımdan almaz kimi çıxır e...
Bu nədi belə? Dilimi doğrayır elə bil… Əmi, sən ağlayırsan?
Ardı →