İmperiyanın qalıqları

Azərbaycan təhsilinin rus dili problemi

Sovet İttifaqı süqut etsə də qırmızı şər imperiyasının şüurlarda kök salmış ideoloji qalıqlarından hələ də xilas ola bilməşik. Sovet ideologiya maşınının kölgəsi kabus kimi bizi hər addımda izləyir, çağdaş dünyanın hüquqi dəyərlər sisteminə inteqrasiya olunmağımıza, bir millət kimi formalaşmağımıza, milli birliyimizə, bütövlüyümüzə ciddi maneələr yaradır. Bu baxımdan, dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümü ərəfəsində ilk baxışda bir çoxları üçün prinsipial önəm daşımayan, ancaq çoxsaylı problemlərimizin, qarşılaşdığımız bir çox naqisliklərin  mahiyyətini təşkil edən süquta uğramış imperiyanın şüuraltı hakimiyyəti haqqında fikirlərimi oxucularımla bölüşmək qərarına gəldim. Ümid edirəm ki, bu mövzu qələminə sayğı duyduğum həmkarlarımın, söz və fikir adamlarının diqqətindən kənarda qalmayacaq, son nəticədə milli mənafeyimizə xidmət edəcək müzakirələrə yol açacaqdır.

...Problem kifayət qədər geniş və əhatəli olduğu üçün diqqətimi daha çox cəlb edən məsələlərdən başlamaq niyyətindəyəm.

Əlahəzrət Ana dili

Qənaətimə görə, sovet ideologiyasının ən təhlükəli qalıqlarından biri dövlət dilimizin tətbiqi və tədrisi ilə bağlıdır. Şübhəsiz ki, sovet dönəmində Azərbaycan türkləri ilə digər türk xalqları arasındakı dil bağlarını qırmaq üçün məqsədyönlü şəkildə mürəkkəbləşdirilmiş, ərəb, fars və rus sözlərilə "zənginləşdirilmiş" ana dilimizin sadaladığım fəsadlardan qurtulması istiqamətində son dövrlərdə atılan addımları qiymətləndirmək lazımdır. Amma mənim bu yazıda toxunmaq istədiyim məsələ heç də Azərbaycan dilinin "yad cismlərdən" təmizlənməsi prosesilə birbaşa bağlı deyil. Dolayısıyla isə... təbii ki, bağlıdır, hətta Azərbaycan dilinin Türkiyə türkcəsilə bağlılığından daha çox...

Biz bir çox hallarda vətəndaş, xalq və dövlət üçün nə qədər xeyirli, yaxud ziyanlı olduğunun fərqinə varmadan, bəzən gərəksiz nəsnələrlə başqalarından seçilməyi, fərqlənməyi sevən bir millətik. Yəni, "analoqsuz" olmağı həddən artıq xoşlayırıq. Müstəqilliyimizin 20-ci ildönümündə istiqlalımızın təməl prinsipləri və ideoloji əsaslarıyla birbaşa ziddiyyət təşkil edən məqamlarla öyünməyimizin əsasında isə ən yaxşı hallarda "analoqsuzluğa" aşırı meyllənməyimiz dayanır. Biz Azərbaycan dilinin ölkə Konstitusiyasında imperativ şəkildə vahid və yeganə dövlət dili elan olunmasına baxmayaraq, rus dilində təhsil verən məktəblərin sayının çoxluğu ilə də qürurlanmağı bacarırıq. Qeyd edim ki, hazırda Azərbaycanda 21 rus, 356 isə qarışıq (Azərbaycan və rus) dillərdə təhsil verən məktəb fəaliyyət göstərir. Bu məktəblərdə təxminən 100 min şagird təhsil alır ki, onların da təxminən 85 faizi azərbaycanlılardır. Maraqlıdır, görəsən Azərbaycanın orta məktəbində bütün fənlərin rus dilində tədris olunması hansı konstitusion normalara, hüquqi-normativ aktlara əsaslanır? Və bu prosesə hansı əsaslarla Azərbaycanın dövlət büdcəsindən vəsaitlər xərclənir? Axı Azərbaycanda rus dilinin heç bir hüquqi statusu yoxdur və ola da bilməz. Azərbaycan dilinin rəsmi və yeganə dövlət dili olmasına rəğmən, rusdilli məktəblərin dövlət büdcəsindən maliyyələşdirilməsi Konstitusiyamızın təməl prinsiplərinə ziddir və bu problem heç bir siyasi, yaxud geosiyasi "boyaq" vurulmadan aradan qaldırılmalıdır.

Şübhəsiz ki, mən Azərbaycan gənclərinin bir neçə dil bilməsinin tərəfdarıyam. Amma bu prosesin indiki şəkildə qalmasını olduqca ziyanlı sayıram. Azərbaycanda istər dövlət büdcəsindən maliyyələşdirilməklə, istərsə də xarici ölkələrin və beynəlxalq təşkilatların vəsaiti hesabına fəaliyyət göstərən heç bir rus, ingilis, alman və digər dilli məktəb olmamalıdır. Vətəndaşlarımızın xarici dil bilməsi üçün isə orta və ali məktəblərdə xarici dillərin tədrisini gücləndirmək, xarici dil kurslarının fəaliyyətini stimullaşdırmaq lazımdır. Kəsəsi, bu gün dünyada xarici dillərin öyrənilməsi üçün çoxsaylı vasitələr var ki, onların arasından ən mütərəqqi olanlarını seçib Azərbaycanda tətbiq etmək olar. Amma Azərbaycan vətəndaşı öz fundamental təhsilini məhz Azərbaycan dilində almalıdır! Çünki dil sadəcə ünsiyyət vasitəsi deyil. Özündə bir xalqın genetik yaddaşını, tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini daşıyan, onun dünyagörüşünü formalaşdıran ən önəmli faktordur. Dil yoxdursa millət də yoxdur, onun tarixi də, mədəniyyəti...

Danış, kimliyini bilim...

Mənə görə, insan hansı dildə düşünürsə, danışırsa, özünü hansı dildə daha yaxşı ifadə etməyi bacarırsa, özünü hansı mədəniyyətin təmsilçisi hesab edirsə o, məhz həmin millətin də nümayəndəsidir. Bu sözlərlə kimsənin milli təəssübkeşlik və vətənpərvərlik duyğularının üzərinə kölgə salmaq istəmirəm. Bu məsələdə müəyyən istisnalar ola bilər. Amma toplum halında götürüldükdə fakt faktlığında qalır.

Problemin mahiyyəti aydın olsun deyə, xırdalıqlara varaq:

Təsəvvür edin, 6 yaşlı uşaq tədris prosesinin rus dilində aparıldığı məktəbə gedir. Rus dilində oxuyur və yazır. Valideynləri uşağın təhsil aldığı dildə daha yaxşı oxuması üçün onunla rus dilində danışır, yaxud rusdilli dayə tuturlar. Uşaq rus telekanallarına baxır, rus dilində olan internet saytlarını izləyir, sosial şəbəkələrdə təhsil aldığı dildə yazışır və s. və i. Azərbaycanın rus dilində yayımlanan telekanalı yoxdur, barmaqla sayılası qədər internet saytı və 1-2 qəzet fəaliyyət göstərir. Deməli, rus dilində təhsil alan uşağın, yeniyetmənin, gəncin üz tutduğu, yaxud tutacağı informasiya məkanının Azərbaycana, onun milli maraqlarına, dövlət siyasətinə heç bir aidiyyatı yoxdur! Axı dövlət büdcəsindən təhsilə ayrılan vəsaitlərin məqsədi, bu istiqamətdə görülən bütün işlər Azərbaycan Respublikası üçün vətəndaş yetdişdirməkdən ibarətdir.

Yuxarıda, Azərbaycanın verilişlərini rus dilində yayımlayan telekanalının olmaması məsələsinə toxundum. Yəqin ki, Rusiya telekanallarının Azərbaycana yayımlanmasının dayandırılması ilə bağlı vaxtilə Milli Teleradio Şurasının ictimaiyyətə təqdim etdiyi arqumentləri xatırladınız. Bu arqumentlərdən biri də ölkənin efir məkanında Azərbaycan dilinin dominantlığını təmin etməkdən ibarət idi. Maraqlıdır, efir məkanında Azərbaycan dilinin dominantılığını düşünən dövlət qurumları, görəsən hansı arqumentlərlə təhsilimizdəki "rusdilli məkanı" diqqətdən kənarda saxlayırlar? Məgər ölkənin efir məkanından istifadə edilməklə 1-2 rusdilli kanalın yayımlanması onminlərlə azərbaycanlının öz ana dilində deyil, rus dilində təhsil almasından daha təhlükəlidir? Oa bilsin ki, fikirlərimi müəyyən qədər emosional tonda ifadə edirəm. Amma bu yazını qələmə almazdan öncə göz önündə olan bu ziddiyyət haqqında nə qədər soyuqqanlı düşünməyə çalışsam da Azərbaycanda rus dilində tədrisin mövcudluğuna haqq qazandıra biləcək tutarlı arqument tapa bilmədim.

Yaşasın İstiqal

Dövlət müstəqilliyimizin bərpasının 20-ci ilini yaşayırıq. Şübhəsiz ki, bu 20 il ərzində Azərbaycan dövlətçiliyi xeyli möhkəmlənib. Amma istiqlal hissə-hissə, parça-parça qazanılmadığı kimi, istiqlalın gerçəkləşməsinə yol açdığı milli siyasət də bütün istiqamətlərdə kompleks, bütöv şəkildə tətbiq olunmalıdır.

Milli siyasətin, özünüdərkin, bütövlüyün, həmrəyliyin ən başlıca atributu isə dildir! Azərbaycan dili!

Sovet İttifaqı isə ölüb! Yaşasın İstiqlal!

Mənbə:modern.az
 

1 şərh