Рейтинг
+120.86

Azərbaycan

86 üzv, 235 topik

Toxuculuq, parçaçılıq

Azərbaycan xalqının qədim sənət və peşələrindən biri toxuculuqdur. Daha doğrusu, bu işlə bağlı olan parça istehsalıdır. Zəngin naxışlı, rəngarəng çeşidli toxumalar — parçalar daim xalq ustalarının bədii fikir və yaradıcı təxəyyülünü özündə əks etdirib, xalqın bədii estetik tərbiyəsinin inkişafında mühüm rol oynayıb. Eyni zamanda dövrünün inkişaf tarixini özündə yaşadır… Onu da deyim ki, parça istehsalı ta qədim zamanlardan lifli materialların: yun, pambıq, ipək, kətan və boyaq bitkilərinin bol olduğu yerlərdə intişar tapıb...
   
   Məlumdur ki, XIX əsrin axırlarında ölkə iqtisadiyyatında müəyyən durğunluq yaranır. Ancaq sənətkarlıq, o cümlədən toxuculuq sənəti öz inkişafından qalmır. Hadisələrin dinamik inkişafı Rusiyada kapitalist münasibətlərinin yeni mərhələyə keçməsinə təkan verir. Kustar istehsalın bəzi sahələrində tədrici inkişaf özünü göstərir. İlk manufaktura müəssisələri yaranır. Boyaq istehsalı artır. Bəzi toxuculuq mərkəzlərində əl dəzgahlarının bir hissəsini buxar maşını əvəz edir. Toxucu kustar fabriklər yaranır. By da qədim irsə malik ənənəvi naxışlı parçaların istehsalına mənfi təsir göstərir. Parçaların dekorativ həlli sadələşir… İstehsalda əsasən üç üsuldan istifadə olunur: toxuma naxış, basma naxış və tikmə naxış. Bu üsulla tafta, qanovuz, darayı, mov, cecim, alaca, tətinlik, xasqırmızı parça istehsalı XX əsrin əvvəllərinə kimi Şamaxı, Gəncə və Naxçıvan şəhərlərində geniş istehsal olunub. 
   
   Tafta- Bu parça ipəkdən toxunur, saya və naxışlı olub. “Tafta” sözünün izahı İranda yer adı ilə bağlıdır. Bu parça sapının zərif tovluluğu, sıxlığı, davamlılığı, naxışlarının sadəliyi və rəng harmoniyasının ifadəli həlli ilə digər növ parcalardan fərqlənir. Azərbaycanın milli toxumalarından olan tafta hələ XV-XVIIəsrlərdə Avropa və Rusiyada böyük şöhrət qazanıbmış. 

   Qanovuz parçanın sap sıxlığı taftaya nisbətən çoxdur. Qanovuzun əriş sapları tovlu olur. Rəngləri də sarı-yaşıl, qara-qırmızı, göy-qırmızı olur. Üzərinə işıq düşəndə bərq vuraraq müxtəlif rəng çaları yaranır. Rəng çalarına görə xalq arasında “şahi”, “cənnəti”, “gecə-gündüz”, “səhər-axşam” kimi adlarla tanınıb. Sapının keyfiyyətindən asılı olaraq iki cür (əsl qanovuz və xam qanovuz) toxunub.
Ardı →

Milli Mətbuat və Jurnalistika Günü

Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. Böyük çətinliklərdən sonra o, Bakıda ana dilində "Əkinçi" qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı. "Əkinçi" qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu. 1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü. 
Ardı →

Ramana kəndi

Ramana kəndiBir nardaranlı xozeyni olan ramanalı Qurbandan ölənə yaxın soruşur ki, bu dünyada nədən doymadın? Hacı Qurban dərindən ah çəkərək “bu dünyada Ramananın üzüm bağlarından və Nardarandakı dəniz sahilindən doymadım” deyib. Bu sözləri bizə deyən Ramana sakini Seyid Zöhrab indiki neft buruqlarının yerində əvvəllər ucu-bucağı görünməyən üzüm bağlarının olduğunu söyləyir.

Beləliklə, “Bakı kəndləri bizim gözümüzlə” rubrikasında sizlərə növbəti bir kəndi- Abşeron yarımadasındakı qədim yaşayış məskənlərindən biri olan Ramananı təqdim edirik.
Bu kənd tarixi ədəbiyyatda ən çox məşhur Ramana qalası ilə tanınır. Lakin Ramanada tarixin bütün dövrlərini özündə əks etdirən bir çox abidələr, məscidlər, qəbiristanlıq, hamam və pirlər də var. Balaxanı ilə qonşu olan Ramana kəndinin mərkəzindən gəzintimizə başlayırıq.


Ardı →

Azərbaycanda təsviri sənət

XIX əsrin əvvəllərində Azərbaycanın şimalının Rusiyaya birləşdirilməsi ilə Azərbaycan təsviri sənətində realist təmayüllər getdikcə güclənir, bədii yaradıcılığın yeni növ və janrları meydana gəlir. «Molla Nəsrəddin» və digər jurnalların, eləcə də kitab nəşri ilə bağlı satirik qrafika və illüstrasiya janraları yaranır. «Molla Nəsrəddin» jurnalının rəssamları O.Şmerlinq, İ.Rotter, Ə.Əzimzadə və X.Musayev dövrün ictimai-siyasi problemləri ilə səsləşən realist qrafika sənəti sahəsində geniş fəaliyyət göstərirlər. Azərbaycan satirik qrafikasının banisi Ə.Əzimzadə ictimai bərabirsizliyi, cəhaləti, fanatizmi, çarizm zülmünü ifşa edən kəskin karikaturalar, şarjlar yaradır. Məşhur «Yüz tip» rəsmlər seriyası, qadın azadlığı, ateizm və siyasi motivlərə həsr olunmuş akvarelləri aktuallığı, milli koloriti ilə fərqlənir. 1914-cü ildə M.Ə.Sabirin «Hophopnamə» əsərinə çəkdiyi illüstrasiyalar Ə.Əzimzadənin ən uğurlu işlərindəndir.
Ardı →

Neft daşları

Neft Daşları şəhər tipli qəsəbədir və Bakının Xəzər rayonunun ərazisinə daxildir. Xəzər dənizi səthindən azca görünən “Qara qayaların” ətrafında tikilmişdir. Abşeron yarımadasının 42 km-də cənubi-şərqdə yerləşən bu qəsəbə dənizin dibinə bərkidilmiş metal dirəklərin üstündəki estakadada dəniz səthindən bir neçə metr hündürlükdə tikilmişdir. 1949-cu il noyabrın 7-də Azərbaycan neftçiləri dünyada ilk dəfə olaraq, dənizin dibindən sənaye məqsədilə karbohidrogenləri əldə etməklə öz tarixində yeni səhifə açdılar. Həmin gün Neft Daşları yatağının 942 m dərinliyindən Xəzər nefti fəvvarə vurdu. Qeyd etmək lazımdır ki, hələ XIX-cu əsrin əvvəllərində (1798-1830-cu illər) Xəzərdən (Bibi-Heybət) ilk neft alınmışdır. Ancaq sənaye istehsalı yalnız 1925-ci ildə başlamışdır. Belə ki, Bakı buxtasında dənizin bir neçə metr dərinliyində və ağac dirəklərin üstündə yerləşən cəmi bir quyu qazılmışdı. Sonralar Abşeron yarımadasının sahil zonasında neft və qaz ehtiyatları olan Pirallahı-Dəniz, Gürzən-dəniz, Banka-dargin yataqları işlənməyə başlamışdır. Düzdür, bu yataqları yalnız şərti olaraq, dəniz yataqları adlandırmaq olar, çünki öz başlanğıcını bunlar qurudan götürürlər.
Davamı →

Corat

Coratın əsl yaşını dəqiq bilən yoxdur. Amma bu kəndin adını öz yol qeydlərində çəkən səyyahlar, tarixçilər, eləcə də çar Rusiyası məmurlarının tərtib etdiyi müxtəlif hesab və məlumat kitablarında Coratın varlı yer olduğuna dair kifayət qədər məlumata rast gəlmək olar. Corat qəsəbəsinin tarixi eramızdan əvvəl III, IV minilliklərə gedib çıxır. Xəzər dənizinin Abşeron sahillərindən Dərbəndə qədər bir ərazini əhatə edən Çora vilayətinin eyniadlı paytaxtı Çora tarixin qədim qatlarında böyük liman və ticarət şəhəri kimi yer tutub. Hətta alban katalikosunun iqamətgahı da bu şəhərdə yerləşirmiş.


Ardı →

Mərdəkan

Adı “Mərdlər məkanı” kimi tərcümə olunan Mərdəkan kəndi qədim tarixi abidə və tikililərlə zəngindir. Bu sırada dördkünc Mərdəkan qalası (XIV əsr), dairəvi Mərdəkan qalası (1232), Xanbaba hamamı (XIX əsr), Şeyx Kazım hamamı, Pir-Həsən məqbərəsi (1612), Tuba Şahi məscidi, türbələr (XV və XVII əsrlər), məşhur neft milyonçusu və mesenat Hacı Zeynalabdin Tağıyevin imarəti (XX əsrin əvvəli) və s. daxildir. Mərdəkanda 4 ümumtəhsil məktəb, 5 uşaq bağçası, internat, musiqi evi, mədəniyyət sarayı, kitabxana, dendrari (nəbatat parkı), xəstəxana, bir neçə sanatoriya və pansionat var.
Davamı →

Böyük musiqi salnaməçisi

Xalq mahnılarımızın toplanması və sistemləşdirilməsində musiqişünas Ağalar bəy Əliverdibəyovun mühüm xidmətləri olub. O, ixtisasca mühəndis olsa da, ömrünü Azərbaycan musiqisinin öyrənilməsi və təbliğinə həsr edib.

Ağalar Kərbəlayı Ələkbər oğlu Əliverdibəyov 1880-ci ildə Şuşa qəzasının Pərioğlular kəndində bəy ailəsində anadan olub. Uşaqlığı Şuşa şəhərində keçib, ibtidai təhsilini burada molla məktəbində alıb.

Atası onun Avropa təhsili alması üçün böyük səy göstərib. Beləliklə o, 1901-ci ildə Sankt-Peterburq Texnoloji İnstitutuna qəbul olunur. Ali təhsilini başa vurduqdan sonra atasının məsləhəti ilə Polşada Varşava İnşaat İnstitutunda təhsil alır. İxtisasına mükəmməl yiyələnən Ağalar bəy 1913-cü ildə vətənə dönür, yol-inşaat mühəndisi işləyir.

 A.Əliverdibəyov gənc yaşlarından müxtəlif xalqların musiqisinə böyük maraq göstərib, bu mövzuda ədəbiyyatları maraqla mütaliə edib. Qarabağ bölgəsinin, ümumiyyətlə Azərbaycanın musiqi dünyasına həssaslıqla yanaşıb. Bu istiqamətdə öz düşüncələrini ardıcıl olaraq qələmə alan A.Əliverdibəyov daha sonra dünya xalqlarının musiqi mədəniyyətinə həsr olunmuş “Musiqi tarixi” adlı kitab yazıb. Mütəxəssislər bu kitabı, eləcə də onun topladığı xalq mahnı və təsniflərini musiqi xəzinəmizə dəyərli töhfə hesab ediblər.
Davamı →

Bakı 1917-1920-ci illərdə

1917-ci ildə Rusiyada fevral inqilabı baş verdi. İnqilabın qələbəsi çar imperiyasının bütün xalqlarını ayağa qaldırdı və onları istiqlaliyyət və muxtariyyət uğrunda mübarizəyə ruhlandırdı. Martın 2-də II Nikolay taxt-tacdan əl çəkdi. Rusiyada iki hakimiyyətlik yarandı: Müvəqqəti hökümət və Sovetlər. Martın 9-da Dövlət dumasının Zaqafqaziyadan olan deputatlarının təşəbbüsü ilə Müvəqqəti hökümət Zaqafqaziyanı idarə etmək üçün xüsusi bir komissiya yaratdı. Komissiyanın tərkibinə A.Xarlamov (sədr), M.Y.Cəfərov və M.İ.Papacanov daxil edildi. Peterburqdan gələn komissiya birinci növbədə Bakıda yığıncaq keçirdi.
Davamı →

H.Z.Tağıyevin mühakimə edilməsi

1912-ci ilin əvvəllərində Bakının ictimai həyatında elə bir hadisə baş verdi ki, nəinki, azərbaycanlıları, bəlkə də bütün müsəlmanları həyəcana gətirdi. Bu H.Z.Tağıyevin mühakimə edilməsi idi. Hadisə belə olmuşdu: vaxtı ilə Tağıyevin pulu ilə ali texniki təhsil alıb qayıtmış Lütfəli bəy Behbudov səkkizinci ilə keçirdi ki, Hacının yanında mühəndis kimi işləyirdi. Evinə gedib-gələn, məhrəm bir adamdı. Necə olursa Hacı Lütfəli bəyin Sona xanıma (Hacının arvadı) olan münasibətindən şübhələnir və onu cəzalandırmağı qərara alır. Bir gün (bu hadisə 1911-ci il may ayının 16-da olmuşdu) Lütfəli bəyə xəbər göndərir ki, yaşadığı evin otaqlarında nə isə dəyişiklik eləmək istəyir.

Davamı →