Рейтинг
+9.13

Coğrafiya tarixi

22 üzv, 59 topik

Böyük coğrafi kəşflər dövrü (XV-XVII əsrlər)

Yeni dövrün ilk əsrləri (XV-XVI əsrlər) Avropa sənayesinin  və ticarətin inkişafı, elmin və mədəniyyətin sürətli  yüksəlişi ilə xarakterizə olunurdu. İlk manufaktura müəssisələri yaranır və əmtəə istehsalı genişlənirdi, istehsal edilmiş məhsulları satmaq üçün daxili bazarlar artıq azlıq edirdi, yeni bazarlara ehtiyac duyulurdu. Qiymətli metallar – qızıl və gümüş çatışmırdı, bu da mal dövriyyəsini çətinləşdirirdi. Avropaya qızıl, gümüş, ipək, qiymətli xəz dərilər gətirilməsi tələb olunurdu. Bundan başqa, Şərq ölkələrinin tükənməz var dövləti haqqında tacir və səyyahların söhbətləri də avropalıların təsəvvürlərini coşdururdu. Yuxarıda göstərilən malları və Şərqin var-dövlətini əldə etmək ümidi ilə yeni torpaqların axtarılıb tapılmasına can atılırdı. Bu məqsədlə Avropanın bir sıra ölkələrindən (İtaliya, Portuqaliya, Fransa, Hollandiya və s.) şərqə, Rusiyaya, Afrikaya yeni coğrafi ekspedisiyalar göndərilməyə başlandı. Bu ekspedisiyaların göndərilməsi ilə Qərbi Avropa tacirləri Avropadan Hindistana və Şərqi Asiyaya gedən yeni ticarət yolları axtarıb tapmağa, Asiya ölkələri ilə birbaşa əlaqə yaratmağa səy göstərirdilər. Beləliklə, yuxarıda göstərilən amillərin təsiri altında Böyük Coğrafi kəşflər dövrü başlanır. Bu dövr XV əsrin ortalarından XVI əsrin ortalarına qədər olan tarixi dövrü əhatə edir.


Davamı →

Türk xalqlarının coğrafi kəşfləri və nailiyyətləri

Qədim zamanlardan başlayaraq dünyanın ən böyük materiki olan Avrasiya məkanında formalaşan, onu öyrənən, kəskin təzadlı təbii mühitinə uyğunlaşan, təsərrüfat sahələrini mənimsəyən və ucsuz-bucaqsız bu yerlərə al-əlvan coğrafi adlar verən məhz türk xalqları olmuşdur. Onların formalaşdığı ərazilər qərbdə Aralıq dənizindən başlayaraq şərqdə Sakit okeana, şimalda Buzlu okeandan  cənubda Kərkük-Həmədan istiqamətində keçən 35 şim.e. qədər uzanırdı. Türk xalqlarının  yayıldığı geniş Avrasiya ərazilərində oxşar toponimlərə tez-tez rast gəlinir. Bunun başlıca olaraq iki səbəbi vardır: birinci, müxtəlif ərazilərdə bir dil ailəsinə mənsub dillərlə danışan xalqların məskunlaşması; ikinci, yerin mənfi və müsbət relyef formalarının çalarlarını bildirən sözlərin eyni olmasıdır. B.Ə.Budaqov yazır: «Türk dilli xalqların yayıldığı 10 mln.km2 – ərazilərdə yaşayan xalqlar arasında baş vermiş miqrasiya zamanı onlar ilk növbədə müqəddəs olan coğrafi, eləcə də şəxs adlarını özlərilə apararaq toponimik estafeti nəsildən-nəsilə, ərazidən əraziyə köçürmüş və beləliklə, onları yaşatmışlar».


Davamı →

Orta əsr Rusiyasında coğrafi biliklər

Artıq XII əsrdə Kiyev Rusiyasının salnaməçisi olmuş Nester tərəfindən qələmə alınan «İqor polku haqqında dastandan» görünür ki, o dövrdə rusların coğrafi anlayışları xeyli geniş olmuşdur. Bu da onların Avropa və Asiyanın qovşağında yerləşməsi ilə bağlı idi. Salnamədə Baltik dənizindən Karpata, Qafqaza, Qara və Xəzər dənizlərinə qədər uzanan geniş Rusiya düzənliyinin təsviri verilirdi. Burada məskunlaşan Slavyan xalqlarının coğrafiyası, təsərrüfat sahələrində məşğuliyyəti və eləcə də «Varyaqlardan yunanlara» və Volqadan Xəzərə gedən qədim Rusiya ticarət yolları haqqında ətraflı danışılırdı.
Ardı →

Normanlar və Marko Polo

Normanların coğrafi kəşfləri

Vikinqlər adlanan normanlar – «şimal adaları» müasir Danimarkada İsveçin cənubunda və Norveç sahillərində yaşamış qədim alman tayfaları olmuşlar. Hələ VIII əsrdən başlayaraq norman gəmiləri Norveç, Baltik, Şimal, Barens dənizlərində və Biskay körfəzi sahillərində cəsarətlə üzürdülər. Onlar hətta Ağ, Xəzər, Aralıq və Qara dənizlərinə daxil olur, sahildəki kəndləri və şəhərləri viran edirdilər. Çay yuxarı qalxaraq gəmilərini sürükləyib bir hövzədən digərinə keçirirdilər. Baltik-Volqa su yolu ilə Xəzər dənizinə gəlib çıxma imkanlarını nəzərə alan görkəmli dəniz səyahətçisiTur Heyerdal Qobustan qayaları üzərindəki gəmi rəsmində normanların izlərini axtarmışdır.
Ardı →

Böyük İpək Yolu

Qədim zamanlardan başlayaraq fəaliyyət göstərən «Böyük İpək yolu» Marko Polonun adı ilə sıx bağlı olmuşdur və o, həmin yolla Çinə gedib çıxmışdır. Böyük İpək yolu – qədimdən Avrasiyanın qərb və şərqini birləşdirən ticarət-karvan yolları şəbəkəsinə deyilirdi. E.ə. II əsrdən yaranaraq XVI əsrdə qədər fəaliyyət göstərən bu yol Orta Asiyadan keçərək Çini, Ön Asiya və Aralıq dənizi ölkələri ilə birləşdirirdi. Bu yolla müxtəlif istiqamətlərdə ipək parçalar, ədviyyat, xalça, silah, zinət malları, pambıq, və s. daşınırdı.
Ardı →

Orta əsrlər coğrafiyasıI (V-XV əsrlər)

Erkən orta əsrlərdə Avropada elm və mədəniyyət dinin təsiri altında durğunluğa uğradı. Quldarlıq dövrünün mütərəqqi elmi fikirləri yaddan çıxırdı. Hər cür təbii proseslər və hadisələrin baş verməsi maddi varlıqların yaranması haqqındakı fikirlər Allahın iradəsi ilə bağlanır, dini əfsanələr ilə əlaqələndirilirdi.
Həmin dövrdə coğrafi təsəvvürlər Bibliya ehkamları və antik elmin bütpərəstlikdən təmizlənmiş bəzi nəticələri əsasında yaranırdı. Bu zaman Avropada coğrafiya elminin ən görkəmli nümayəndəsi (VI əsr) bizanslı Kosma İndikoplo idi. O, «Xristian topoqrafiyası» əsərində Avropa kosmologiyasını Ptolemey sistemindən uzaqlaşdırmış və bununla da orta əsrlər astronomiyasında və coğrafiyasında Yerin kürə formasında olması ideyasının əleyhinə çıxan sxolastik təsəvvürlərin yaradılmasında böyük rol oynamışdı. O, məskunlaşmış dünyanı uzunsov, düzbucaqlı şəklində təsəvvür edirdi. Bu düzbucaqlı okeanla və ikiqat qübbə formasında olan asimanın divarları ilə əhatə olunmuş, ondan yuxarıda «Allahın səltənəti» yerləşmişdir. Yer səthinin şimal hissəsində konusabənzər yüksək təpə var. Günəş bu təpənin ətrafında hərlənir, gecə-gündüz bir-birini əvəz edir.


Ardı →

Qədim Yunanıstan və Romada coğrafi ideyalar

Antik dövrün xalqlarının coğrafi ideyaları
Quldarlıq quruluşunun ən yüksək inkişaf səviyyəsinə çatdığı qədim yunan və Roma dövlətlərində incəsənət, elm və ədəbiyyat sahəsində, şəhərsalma, memarlıq işində böyük nailiyyətləri əldə edilmişdi. Bu ölkələrdə bir sıra elmi məktəblər yaranmışdır.
E.ə. VI-V əsrlərdə yunanların İon dənizi sahilində yerləşən Milet şəhərində onun adını daşıyan İon (Miletli) natur fəlsəfə məktəbi fəaliyyət göstərirdi. Onun nümayəndələri arasında Heraklit (e.ə. 540-480-cı illər) xüsusilə fərqlənirdi.
Coğrafi hadisələri (qurunun və dənizin bir-birini əvəz etməsi, zəlzələlər, Nil çayının daşması və s.) elmi cəhətdən ilk dəfə e.ə.VI əsrdə İon məktəbinin nümayəndələri Fales və Anaksimandr izah etməyə (sırf mücərrəd nəzəriyyə şəklində) cəhd göstərmişlər.
Məhz həmin məktəbin nümayəndəsi olan Anaksimandr ilk coğrafi xəritə düzəltmişdir. E.ə. VI əsrdə o həmin dövrdə Yerin məlum olan hissəsinin ilk xəritəsini tərtib edir və onu hər tərəfdən su ilə əhatə olunmuş yastı dairə formasında göstərir.

Davamı →

Qədim Şərqdə ilkin coğrafi biliklər

Qədim misirlilərin coğrafi təsəvvürləri
Qədim dünya onlarca müxtəlif ölkələrin və mədəniyyətlərin mozaikasından ibarət idi. Yeni torpaqlar axtarışına birinci növbədə iqtisadi ehtiyaclar təhrik edirdi; yeni münbit torpaqlar tapmaq və mənimsəmək; əsirlər və qənimətlər əldə etmək; uzaq ölkələrlə ticarət əlaqələri qurmaq. Alimlər qədim misirlərin coğrafiyası haqqında məlumatları müxtəlif abidələr, fildişi və papirus kağızı üzərindəki yazılardan əldə etmişlər. Bu yazılarda və hərbi yürüşlərdə, Nil vadisində əkinçilik, ətraf ərazilərdə yaşayan xalqlar haqqında məlumatlar verilmişdir. Misirlilər e.ə. XXIX əsrdə Süveyş körfəzinə və bərxəzinə çıxmışlar, orada olan şor sulu gölləri kəşf etmişlər. Həmin göllərdən indi Süveyş kanalı keçir. E.ə. XXVIII əsrdə Sinay yarımadasında vadilərə rast gəlmişlər və qiymətli tikinti materialları, malaxit, firuzə daşı tapmışlar və uzun əsrlər ondan istifadə etmişlər. Misirlilər Suriyaya daxil olmuşlar və Fərat çayının mənbəyinə çıxmışlar. Aralıq dənizində misirlilər ilk dəfə e.ə. XXVII əsrdən üzməyə başlayıblar, daha sonra Nil çayı ilə 2 min km qədər yuxarı qalxmışlar. Qırmızı dənizin sahillərinə çıxdıqdan sonra misirlilər əmin olmuşdular ki, dəniz yolu quru yoluna nisbətən daha rahatdır.
Davamı →

İlkin coğrafi bilik və təsəvvürlərin yaranması

İlkin coğrafi biliklər hələ ibtidai icma quruluşu dövründə meydana gəlmişdi. Bu biliklər öz əksini əfsanələrdə və sadə rəsmlərdə – «xəritələrdə» tapırdı. İnsanlar yaşadıqları ərazidə və ona yaxın yerlərdə baş verən hadisələr haqqında məlumat toplayır, həmin məlumatların bəzilərini qayalarda həkk edirdilər (bunu Qobustan qayalarında da görmək olar) Belə rəsmlərdən qədim insanların dəniz, yaxud çay sahilində yaşadıqlarını, hansı heyvanlara rast gəldiklərini müəyyənləşdirmək mümkündür. Müasir dövrdən gəlib çıxmış ən qədim rəsmlər Qədim Şərqdə (Babilistan, Misir) və Çində yaşamış xalqlara məxsusdur. Salamat qalmış qayaüstü rəsmlərə Cənub Amerikanın və Şimali Asiyanın dağlıq rayonlarında da rast gəlinir. Beləliklə, insanların ətraf mühit haqqındakı empirik təsəvvürləri əmək fəaliyyəti birlikdə meydana gəlmiş və onların malik olduqları informasiyaların əsasını təşkil etmişdir.
Davamı →