İntihar problemi

İnsanların ölüsü də, dirisi də və hətta intihar həddinə çatıb ölüm-qalım arasında çarpışanlar da bu dünyaya, nədənsə, zalım deyirlər. Sanki «getdikləri» o biri dünya mülayimdir və hər şey orada «yağ kimi»dir. Hələ indiyədək heç kəs oraların «yağ kimi» olduğunu bu tərəfin adamlarına çatdırmayıb. Niyə? Ya vaxtları olmayıb, ya da istəklərig Nə isə. Belə dərinliklərə daxil olmaq üçün hələ insana fövqəl ağıl verilməyib. Verilsəydi, indi insanlar səhər yeməyini burada, günorta yeməyini isə orada yeyib, axşam da qayıdardılar «torqovı»ya gəzməyə. Necə də maraqlı bir gəzinti alınardı, elə deyilmi?!

Dünyanı sevmək hələ yaşamaq demək deyil

Vaxt varıydı ki, intihar edənlərin hamısı bu dünyanı çox sevərdilər, həm də bu dünyada yaşayan, nəfəs alan hər şeyi. Bəzən nəfəs almayan əşyalar da o qəbildən olan insanların sevgi trayektoriyasına daxil olurmuş. Bunu elə-belə, təsadüfi yazmırıq, çünki bilirik ki, intihar həddinə çatan insanların hamısında nəsə, biz adi insanlara bəlli olmayan qəribəliklər olur.

suisid yaxud intihar-boyuk problemSaatlarla göy çəmənlikdə uzanıb göy səmaya baxanları, muzeylərdə asılan cansız peyzajlara və yaxud dağ başında dayanıb uzun dərələrin görünməyən səmtinə baxanları azmı görmüsünüz?! Görmüşük və hətta o «hərəkətləri» bəlkə də artıqlaması ilə elə bizim özümüz də etmişik. Ancaq intihar etməmişik. İntihar etsəydik, heç bu yazını yazıb vaxtınızı almazdıq.

Ancaq öz həyat təcrübəmdən bilirəm ki, insanların, demək olar ki, hamısı həyatında heç olmasa, bir dəfə intihar etmək həddinə çatır. Çatırlar, ancaq çoxlarının, elə mənim özüm də daxil olmaqla son anda intihar etməyə cürətimiz yetərli olmur. Cürətimiz çatmırsa, deməli, hələ biz başımızı və başımızın içində gizlənən ağlımızı itirməmişik. Görəsən, ağlı itənlər intihar edirlər, yoxsa bunun üçün cəmiyyətdə xüsusi bir statusun olmalıdır?

«Siz bu yazını oxuyanda mən artıq bu dünyadan köçəcəm. Atama-anama deyin ki, çox ağlamasınlar».

Dünyanın hər yerində intihar edənlərin böyük əksəriyyəti intihar qabağı belə məzmunlu məktub yazırlar. Düzdür, yazmayanları da az deyil. Belə baxanda bunun elə bir önəmi də yoxdur. Əsas odur ki, intihar cəhdi «uğurla» həyata keçirilsin. İlahi, ölənlər necə də özlərindən razıdırlar, razı olmasaydılar, qalıb bu dünyada belə mənasız yazını oxuyardılarg

İntihar nədir? Deyilənə və yazılana görə bu, insanın özünü qəsdən öldürməsidir. Bəzi psixoloqlar intiharın səbəbi kimi əqli çatışmazlıq və psixoloji xəstəlikləri göstərsələr də, bu, doğru deyil. Belə ki intihar insanın şüurlu şəkildə özünə qəsd etməsinə deyilir. Özünə qəsd edən insanın əqli yerində deyilsə, buna intihar demək düzgün deyil. Aparılan bir çox antropoloji araşdırmalar göstərir ki, qədim qəbilələrdə də intihar faktları olub. Orada intihar əsasən yeyilməsi qadağan olan yeməkləri yeməklə bağlı olurmuş. Bu qadağanı pozanlar isə xəstələnib ölərdilər. Bəzi tədqiqatlara görə qədimdə intihar faktı daha çox qəhrəmanlıq kimi sayılırmış. Qədim skandinavlarda isə tam tərsinə, təbii ölüm utanc gətirici kimi qəbul edilir və qocalanlar daha şərəfli bir ölüm forması kimi özlərini uçurumdan atarmışlar. Elə bu günün özündə də Sakit okeanın bəzi cənub adalarında belə «intihar» növü şərəfli bir davranış kimi sayılır və icra edilir.

İnsanlar doğrudanmı özlərini bu dünyadan ayırmaq istəyirlər? Elmi dildə insanların belə «halına» «tanatos» deyirlər, yəni ölüm eşqi eqosu həyat eşqini üstələyir. Bunun nəticəsində insan tamamilə bu dünyadan ayrılmaq, qopmaq istəyir.

Dünyada orta hesabla hər qırx saniyədə bir insan intihar edərək dünyasını dəyişir

Müasir dünyamızda intihar edənlərin böyük əksəriyyəti gənc nəslin nümayəndələridir. Bəs nə üçün intihar hadisələri baş verir? Bunun səbəbləri nədir?
1. İradəsizlik və depressiyaya düşmək. İradəcə güclü olan insanlar hər zaman ölümün son anında bir çıxış yolu düşünüb tapır və intihardan vaz keçib həyatda öz mübarizələrini sona qədər davam etdirmək istəyirlər. İradəsizlər isə iradəsizliklərindən depressiyaya düşərək ən asan olan intihar yolunu seçirlər.
Haşiyə. Proqnozlara görə, 2020-ci ilədək depressiya infeksion və ürək-damar xəstəliklərini ötüb keçərək bütün ölkələrin iqtisadi həyatını iflic vəziyyətinə salacaq. Dünyada hər il təxminən 150 milyon insan depressiyalar səbəbindən əmək qabiliyyətini itirir.

intihar2. İşsizlik. Evə çörəkpulu gətirə bilməyən, borc içində itib-batan iradəsi zəif olan insanlar son əlac kimi intihara əl atırlar.

3. Qısqanclıq. Belə baxanda dünyada qısqanc olmayan insan yoxdur. Ancaq bəzilərində o "əlamətin" dozası o qədər yüksəkdir ki, sonda özünü onun «quluna» çevirir və sevgilisindən ötrü bu dünyadan getməyə məcbur olur. Qəribə sevgi və qəribə getmək. Elə bu baxımdam «Leyli və Məcnun» əsərinin süjet xəttindən heç xoşum gəlmir. Və biz müasir insanlar az qala o əsəri əsl sevgi eposu kimi yaddaşımıza köçürmüşük. Əslinə qalanda o əsərdə xoş həyatdan başqa hər şey — nifrət, ölüm və düşmənçilik varg

4. Sevgi. Sevib sonda o sevgiyə qovuşmayanlar intihara «qonaq» gedirlər. Özü də yuxarıda qeyd etdiyim kimi, bu qəbildən olan insanların hamısı əsasən gənclərdir.

5. Boşanmalar. Xüsusən də uşaqlı ailələrin boşanması həmin uşağın mənəvi pozuntusuna gətirib çıxarır. Belə ki öz ailəsindən ayrı yaşayan uşaqlar alkoqol və narkomaniyaya daha çox meyil göstərirlər. Onların həyatda heç nəyə ümidləri olmur və tək istədikləri şey, sadəcə, tez ölməkdir.

Bəs intiharın növləri necə olur?

1. Bilərəkdən müxtəlif qəzalara düşmək. Belə hallar daha çox inkişaf etmiş ölkələrdə baş verir, çünki ortabab yaşayış səviyyəsi olan ölkələrdə Mustafa Sandaldakı kimi, kaliteli arabalar olmur və onlar üçün ən asan yol evin çilçırağından özünü asmaqdır, ya da bunun üçün həyətdəki agaclardan biri də seçilə bilər.

2. Özünü yandırmaq. Bu üsula daha çox qadınlar əl atır.

3. Yüksəklikdən və ya körpüdən tullanmaq. Azərbaycanda belə yer üçün adətən son vaxtlar Qız Qalasını seçirlər. Elə bu baxımdan şəhər rəhbərliyi qalanın dam örtüyünə çıxmağa hələlik qadağa qoyub. Əgər bu «qadağa» uzun müddətli olarsa, intiharçılar yeni binaların balkonlarını özlərinin start nöqtəsi seçəcəklər.

4. Avtomobilin və yaxud qatarın (metro) altına özünü atmaq. Çox dəhşətli bir ölümdür. Belə «qəhrəmanlar» adətən Hollivudun qorxunc sinemalarına baxandan sonra bu addımı atırlar.

5. Asmaq. Bu üsul mən deyərdim ki, bütün "üsulların" şahı və ən sadəsidir. Elə bu yaxınlarda erməni casusu Bakıda özünü üstünə saldığı mələfədən asmadımı? Bəlkə də o, düz edib, çünki onun digər üsulları axtarmağa «məkanı» yox idi.

6. Artıq dozada həb qəbul etmək. Bu üsul da mən deyərdim ki, kinolardan götürülüb və ən çoxu kübar xanımların «yemidir».

7. Zəhərlənmək. Zəhərlənməyin də müxtəlif növləri olduğundan onun üzərində geniş danışmaq istəmirik.

8. Odlu silahla və ya soyuq silahla özünə qəsd etmək. Bu da triller sevənlər üçün sanki bir əyləncə növüdür. Ancaq belələrinə Azərbaycanda çox az-az rast gəlmək olar, çünki bizdə xarici ölkələrdən fərqli olaraq silah tapmaq müşkül məsələdir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son illər apardığı tədqiqatların nəticəsinə görə, dünyada hər il təxminən 1 milyon insan intihar edir. Çox qəribədir ki, dünyada intiharların sayına görə ilk yerləri keçmiş Sovet ölkələri — Rusiya, Litva, Estoniya və Macarıstan tutur. Ölkəmizdə isə ən çox intiharlar qərb və cənub bölgələrində baş verir. Xüsusi araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycanda qadınlar və yaxud da ailə başçıları arasında intihar hadisələrinin çoxalması iqtisadi vəziyyətlə bağlıdır. Böyük miqdarda borcu olanlar, ailəsini dolandıra bilməyənlər də son zamanlar intihara əl atırlar. Gənclər arasında intihar hallarının çoxalmasına televiziya kanallarında gecə saatlarında verilən kinolardakı ağır qətl hadisələri böyük təsir göstərir. Sanki belə filmi görən yeniyetmələr filmlərdəki qəhrəmanların əməllərini sınaqdan keçirərkən intihara «düçar» olurlar.

Necə etməli?

İntiharların sayının azalması üçün hansı addımlar atılmalıdır? Hələ bunun cavabını heç bir dövlət qurumu və yaxud qeyri-dövlət təşkilatları tapa bilməyib, çünki, deyilənə görə, elm və texnologiya inkişaf etdikcə, insanların düşünmə tərzləri, psixiloji və həyat baxışları üçqat inteqral kimi mürəkkəbləşir və onların həyatlarının hansı anında, hansı saatında intihara əl atacaqları bəlli deyil. Bəlli olan odur ki, sağlam ailə, məktəb, universitet tərbiyəsi bir növ belə halların qarşısını almasa da, çoxalmasına da imkan yaratmayacaq. Yəni istər valideyn, istər müəllim, istərsə də uşaqları əhatə edən dost-tanışları tez-tez psixoloji söhbətlər apararaq onlarda yarana biləcək gərginliyi aradan qaldırmalıdırlar, əks halda cəmiyyətin özü intihara doğru meyillənəcək və bu da dünyanın sonu deməkdir

Müəllif:  Babək Göyüş
Mənbə: HƏFTƏ İÇİ qəzeti
Həmçinin bax: Həyatın qiyməti və intihar
 

5 şərh

pascal
Məqalə, tanıdığım iki insanın intiharın xatırlatdı mənə. Hər ikisi özünü asmışdı. Hər ikisi də borcdan ötrü. :(
Aysel77
Intihar böyük günahdır..Hər halda Allah rəhmət etsin!
HumaNisT
men dee 1 manata sican dermani almiwdim ama sora birinin aramsiz zengleri neticesinde vaz kecdim :/
Aysel77
Başqa bir insana görə intihar etməyi ağılsızlıq hesab edirəm.
asel
Allah hər birimizə zamanı gəldiyində rahat ölüm qismət eləsin. yoxsa intihar, bədbəxt hadisə-bunları Allah bizə yaşatmasın