B hərfi ilə başlayan fəlsəfə terminləri

BACARIQ  — insanda var olan bir şeyi edə bilmə gücü, qabiliyyəti. Bacarıq əski türkcədəki beceri sözündən qaynaqlanır.

BAĞIMSIZ — Müstəqil. Türk mənşəli qədim sözdür. Bağlı olmayan, özgür, müstəqil deməkdir. Bağı, əlaqəsi olmayan, bağlarından xilas olmuş anlamına gəlir.

BARIŞ — Sülh, sükunət və s. anlamlara gəlir. Türk mənşəli qədim sözdür. Varış, gediş, gedişat; Sukunət, sülh; Sərvət, xəzinə mənalarını da verir.

BAY — varlıq, zənginlik. Türk mənşəli qədim sözdür. Varlıq, zənginlik, ərlik, üstünlük, bolluq sözlərinin mahiyyətini ifadə edir. Türk adlarının vacib birləşmələrindən başqa sözlərlə istifadə oluna bilən, işlədilən kəlməni tamamlayıb, gücləndirən, həm əvvəlinə, həm də sonuna əlavə olunan ad.

BƏY — Əski türkçdə beğ işlədilirdi. Bəy, ərlik, güc, idarəedici yığıcılıq, liderlik, nəcabətlik və s. mənaları verir.

BENGI — Türk mənşəli qədim sözdür. Bengü, mengü — sonsuz, sonsuzluq, əbədiyyət, əbədi.

BİLGƏ — Türk mənşəli qədim sözdür. Bilgili, filosof, alim, bilgin, ulu kişi deməkdir. Sözün kökü bil-dir. Bilgin isə türk. Elm adamı, filosof, mürdik insan deməkdir.

BİRLİK — Çoxluğun birliyi [buna bəzən kəsrət də deyilir] yaxud da birlik halında olan çoxluq. Özündə çoxluğu və bölünməzliyi də əhatə edən sırf bütün. Birlik müxtəlif formalarda və müxtəlif anlamlarda təzahür edə bilər. Məsələn, məntiqi birlik, fikir birliyi, kateqorial anlamda birlik — vəhdət, transandent-spekulyativ birlik və s. Kəlmə olaraq türk dilinə məxsusdur və müasir Azərbaycan dilində də həm fəlsəfi anlamda, həm də çox işlək söz kimi ittifaq mənasında geniş işlənir. Birlik terminini vəhdət mənasında filosoflar çox işlətmişlər. Varlığının birliyi, yaxud, vəhdəti mənasında İslam mədəni bölgəsi fəlsəfəsində, Plotində hər növ müxtəlifliyi əhatə edən mənasında və Spinozada bütünlük mənasında işlənmişdir.

BİOLOGİZM — Həqiqəti tək tərəfli olaraq ancaq bioloji baxımdan tədqiq edən təbii, dialektik həyatın anlamlarını digər real sahələrə də tətbiq edən dünyagörüş.

BİTİM — Türk mənşəli qədim sözdür. Qayə, hədəf, ideya deməkdir.

BOYDA[ğ] — Türk mənşəli qədim sözdür. Mücərrəd, absurd mənalarını verir.

BÜYÜ - Türk mənşəli qədim sözdür. Sehir, gizlinlərdən, qeybi olanlardan xəbərdar olmağa, agah olmağa deyilir.

BABUVİZM — XVIII əsrdə Fransada —Bərabərlik Respublikası — vahid mərkəzdən idarə edilən, vahid, ümummilli kommuna uğrunda aparılan inqilabi hərəkat.

BAĞ — bağ, əlaqə. əski türkçədir. Hər hansı bir düşüncə çərçivəsində arxa-arxaya sıralanaraq gələn iki və ya daha artıq şey arasında var olan birlik, vəhdət, əlaqə, və s.şeylər. Aristotel bağı on kateqoriyadan biri hesab edirdi. Filosofa görə bir başqa şeylə əlaqədə qavranılan şeydir.

BAZİS və ustqurum — Hər bir ictimai-iqtisadi formasiyanın struktur ünsürlərini səciyyələndirən kateqoriyalar. Marksizm -Leninizm nəzəriyyəsində geniş şəkildə öz əksini tapmışdır. Marksizmdə siyasi-iqtisadi sistemin əsas elementləridir. Bazis ingiliscədəki basic — əsas, qaynaq sözündən törəmədir.

BƏRABƏRLİK — Eyni zaman kəsiyində eyni xüsusiyyətlərə malik olma. Cəmiyyətdə insanların bərabər vəziyyətdə olduqlarını ifadə edən anlayış, lakin müxtəlif tarixi dövrlərdə və müxtəlif siniflərdə ayrı-ayrı məzmuna malik olur. Buna ictimai bərabərlik deyilir. Bundan başqa siyasi bərabərlik də mövcuddur. Ölkənin idarəsində iştirak etməyə hamının eyni siyasi hüquqa malik olmasına deyilir. İmkan bərabərliyi isə fərdlərə mümkün mərtəbədə özlərini inkişaf etdirmələri yaxud istək və planlarını həyata keçirə bilmələri üçün eyni imkanların təmin edilməsidir.

BƏRTƏRƏFLİLİK — ləğv etmə, kənar etmə, qoruyub saxlama, kənarlaşdırma, uzaqlaşdırma, aradan götürmək. Hegel fəlsəfəsində geniş işlədilən termindir. Dilimizdə nadirən işlədilən bir kəlmə olaraq daha çox uzaqlaşdırma anlamında işlənir.

BƏHANƏ — digər hadisələrin baş verməsi üçün sövqedici təkan kimi çıxış edən xarici, çox vaxt təsadüfi hadisə, vəziyyət. Fars dilindən keçmə sözü olub dilimizdə geniş işlədilməkdədir. Misal üçün; bəhanə gətirmək və s.

BƏŞƏRİYYƏT — insanlıq. Ərəbcədən keçə söz olan bəşəriyyətin həm yer üzündə yaşayan insanların məcmusu mənasında, həm də insanların dünyanın müxtəlif ölkələri, xalqları arasında iqtisadi və digər əlaqələrin ümumiliyinin formalaşması gedişində təşəkkül tapan tarixi birliyi mənasında çıxış edir.

BİHEVİORİZM — düzgün davranış. Müasir psixologiyada geniş yayılmış cərəyanlardan biri. Əxlaqdan qaynaqlanan və əxlaqi davranışları önə çəkən fəlsəfi təlimdir.

BİLİK — bilinən, məlum olan şey, bilmək fəaliyyətinin yaxud prosesinin nəticəsi. Fəlsəfədə nəyinsə bir şey olaraq qavranıl-masıdır və müxtəlif formalarda özünü göstərir. Filosoflar əsrlərdən bəri biliyin — qavranılan şeyin rasional yaxud irrasional olması barəsində iki fərqli görüş üzərində dayanırlar. Rasional şüurla varılan, məntiqi nəticədə hasil olan və maddi cəhətdən sübut edi-ləndirsə, irrasional isə daha çox insanlarda ruhi-mənəvi hadisələrin nəticəsi olaraq ortaya çıxan məfhumdur. Bilik yaxud məlumat əlaqəsi bilinənlə bilən arasında təzahür edən əlaqəyə, bağa deyirlər. Biliyin meydana gəlməsi isə bilinənin biləndə bilmə fəaliyyətinin ortaya çıxmasından qabaqkı ilk fel, ilkin təsəvvürün, fikrin ortaya çıxmasıdır. Bilik məhsulu isə əldə edilən məlumat -informasiyanın başqasına müxtəlif vasitələrlə ötürülməsidir. Dilimizdə bilik mənasında əvvəllər daha çox mərifət sözü işlənirdi. Əslində mərifət sözü biılik sözünün ərəf dilindəki ekvivalentidir və ərəfə felindən [^j^] törəmişdir. Mərifət sözü onun məsdəridir. Sufi terminologiyasında mərifət əhli birləşməsi də işlənilir.

BUDDİZM — Etiqad edənlərin sayına görə dünya ən böyük-qeyri-ilahi mənşəli dinlərindən biridir; istəklərdən imtina etmək yolu ilə iztirablardan azad olmağı və “nicat”a — nirvanaya çatmağı təbliğ edən din. Buddizmdə digər səmavi dinlərdə olan xüsusi ayinlərə, rutuellərə bənzəyən müəyyən xüsusiyyətlər mövcuddur. Sözün kökündə dayanan Budda kəlməsi sözü gedən dinlərdə Tanrı rolunu oynayan məbuda verilən addır. Dində inanc sisteminin əsasını Budda təşkil etdiyi üçün din bu cür adlandırılmışdır.

BURJUAZİYA — Bəşəriyyətin inkişaf mərhələlərindən biri olan kapitalizm — ictimai, iqtisadi formasiyalarının əsas siniflərindən biridir. Burjuaziya istehsal vasitələri üzərində mülkiyyətə malik olan təbəqədir. Marksizm -Leninizm fəlsəfəsində burjuaziya və fəhlə sinfi haqqında geniş məlumat verilməkdədir. Latın dilində burgus möhkəmləndirilmiş şəhər anlamına gəlir. Sözün kökü buradan əmələ gəlmişdir, və dilimizdə avropa dillərinə uyğun biçimdə səslənməkdədir.

BÜROKRATİYA — bürokratiya, hakim təbəqə. Fransızcada büro kəlməsi ilə latıncadakı kratos — hakimiyyət, cəmiyyətin təşkilinin elə bir formasıdır ki, onun üçün hakimiyyət orqanlarının kütlələrdən ayrılması, təşkilatın özünün fəaliyyətinin qayda və vəzifələrinin onun rəhbər vəsiləsinin mövqelərinin saxlanılması və möhkəmləndirilməsi məqsədlərinə tabe edilməsi səciyyəvidir.

BÜTPƏRƏSTLİK — təbiətin cisim və əşyalarını ilahləşdirən, ibtidai dinlərin [animizm, fetişizm, totemizm, şamanizm və s.] zəminində yaranmış dini etiqad. Farscadan dilimizə keçmişdir. Bütə artırılan pərəsət şəkilçisi nəyəsə olan aludəçiliyi bildirir.
 
 
Müəllif: ADİLƏ NƏZƏROVA
Mənbə: FƏLSƏFƏ TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ
“Elm və təhsil” nəşriyyatı, Bakı — 2014
 

0 şərh