Ə hərfi ilə başlayan fəlsəfə terminləri

ƏBƏDİYYƏT — aləmin mövcudluğu zamanı, materiyanın yaradılmazlığı və məhvedilməzliyi, onun substansial sonsuz uzunluğu, sürəkliliyidir.

ƏCƏMİ — qeyri-ərəb mənşəli olan. Yaranması etibarı ilə Xilafət dövrünə təsadüf edən bu kəlmə, Xilafətin tabeçiliyində yaşayan və ərəb olmayan çoxlu xalqlara verilən ad idi. Hərfi mənasında yad, naməlum, əcəmi olan deməkdir. Bəzən hərfi mənasında da işlədilir.

ƏCR — əvəz, mükafat deməkdir. Əcr, insanların bu dünyada çəkdikləri əzablara, işlədikləri xeyir əməllərə və etdiyi ibadətlərə əvəz olaraq axirət dünyasında Tanrının verdiyi mükafatlardır.

ƏDƏB — ədəb, əxlaq. Ədəb-ərkan qaydaları, şəxsin bütün hərəkət və sözlərində tərbiyəli davranışları. Təsəvvüfdə isə müridə şeyxinin məsləhət gördüyü və əməl etməsi vacib olan ədəb-ərkan qaydalarıdır.

ƏHD — əhdləşmə, vədələşmə, müqavilə.

ƏHKAM — doqma dogma — fikir, təlim, qərar — bütün vəziyyətlərdə dəyişməyən, həqiqətin pozulmazlığı üçün qəbul edilmiş müddəa, anlayış. Ərəbcədən hərfi mənada hökmlər deməkdir. Hökm sözünün cəmidir. Şəriətin qoyduğu vacib hökmlərə, qanunlara deyilir. Əhkam-i diniyyə — dini hökmlər.

ƏHVAL — ərəbcədən hərfi tərcümədə hallar deməkdir. Hal sözünün cəmidir.

ƏHVAL-i Ruhiyyə — ruha aid olan hal və xüsusiyyətlər. Bu termin bəzən məcaz olaraq da işlədilməkdədir. Misal üçün, əhval-i ruhiyyəm çox pisdir, gələ bilməyəcəm.

ƏKS — birilərinin formal ziddi olmayıb, əslində mahiyyətcə ona qarşı olan məfhumlar.

ƏMƏL — i saleh — saleh əməllər, xeyirli işlər, əksəriyyətlə dini -fəlsəfi terminologiyaya aid olub, bir şəxsin dinin hökmlərinin əksinə olmayaraq gördüyü xeyirli işlərə deyilir.

ƏMƏN — əski türkcədə bir neçə məna verirdi. 1-Can, ruh, həyat 2- Ağac tikmək üçün açılan çuxur 3- meşə ağacı.

ƏNBİYA — Nəbilər, peyğəmbərlər deməkdir. Nəbi sözünün cəmidir. Nəbi sözü nəbəə |^| felindən əmələ gəlmiş və xəbər vermək deməkdir. Dilimizdə bəzən peyğəmbərlər sözünün sinonimi kimi işlədilməkdədir. Ərəbcədir, peyğəmbər sözü isə farscadan keçmişdir.

ƏNƏNƏ — bir cəmiyyət daxilində mənimsənilmiş, yerləşmiş həyat tərzinə və həyat formalarının, qaydaların, aətlərin müştərək vərdişlərinin və izlənilən istiqamətlərin hamısı. Adət-ənənə Böyük və kiçik sosial qrupun üzvlərinə özlərini faktiki necə apardıqlarını, nəyi özlərinə rəva bildiklərini və nəyi özlərinə qadağan etdiklərini təsbit edən anlayış. nəsildən-nəslə keçən adətlər, əxlaq normaları, görüşlər, zövqlər və s. Ənənə etnosun həyatını qoruyub saxlamaq üçün maddi və mənəvi mədəniyyətin, ailə və ictimai həyatın elə bir amilidir ki, cəmiyyətin üzvləri onu nəsildən-nəslə keçirirlər.

ƏNSAR — Mədinə camaatına ənsar deyilirdi. Hərfi mənası kömək edənlər, dəstək olanlar deməkdir, nasir sözündən törəmişdir. Nasara ərəbcədə yardım etmək, əl tutmaq deməkdir. Məkkədən Mədinəyə köçərək hicrət edən müsəlmanlara kömək edib, onlarla qardaş kimi öz mallarını paylaşdıqları üçün onlara ənsar deməyə başladılar.

ƏVHAM — vəhmlər, şübhələr, zənn etmələr. Vəhm sözünün cəmidir. Səhv və yersiz düşüncə, yanlış fikir. Misal üçün: Boş əvhama dalıb, real heç nə demədi. Bir mövzuyla əlaqədar pis ehtimalları ağla gətirib kədərlənmək, şübhələr, yanlış fikir, vəsvəsəyə düşmək. Olmayacaq bir şeyin olacağını sanma, qorxu duymaq.

ƏZƏLİ — əvvəli olmayan, başlanğıc nöqtəsi olmayan. Allahın adlarından biridir. Dini — fəlsəfi ədəbiyyatda əsas var olan tanrının varlığıdır və o var olunmamiş, yaradılmamışdır. Həqiqi, vacib varlıq Tanrıdır. Onun elminə, biliyinə də elm-i əzəli deyilir. Əzəlilik-əbədilik əvvəli və sonu olmayan proses. Varlığın bütövlükdə tamlığı. Bu tamlıq zamanı və zamansızlığı özündə ehtiva edir.

ƏDALƏT — kateqoriyası, insanın şəksiz hüquqları barədə tarixən dəyişən təsəvvürlərdə bağlı lazımlıq anlayış. Ərəbcədəki ədl [J^] sözündən əmələ gəlmişdir. Adil sözü də bu qəbildəndir.

ƏKSLİK — ziddiyyətin inkişaf pillələrindən birini ifadə və əks etdirən kateqoriya. Ziddiyyət, uyğunsuzluq, məntiqsizlik. Fikirlər arasında əkslik. Fəlsəfi anlamda aralarında ziddiyyət olan əşya, hadisə, ya proseslərdən hər biri. Əksliklərin vəhdəti və mübarizəsi. İnkişaf əksliklərin mübarizəsidir.

ƏL-İxvan — Müsəlman Qardaşlar” cəmiyyəti adlı dini-siyasi təşkilatın üzvlərinin adı. İslam Şərqində “İxvan əs-Səfa” [Saflıq qardaşları] adı ilə məşhurdur.

ƏLƏVİLİK — şiəliyə mənsub dini-fəlsəfi təlim. Əliallahilik isə şiəlik təriqətidir. Orta əsrlərdə İranda, Azərb. və digər ölkələrdə geniş yayılmış dini-mistik cərəyandır. Ələvilik Türkiyədə sünnilik sonra ən çox mənsubu olan ikinci müsəlmançılıq inanc sistemidir. Əhli-sünnə məzhəbində Allah — Məhəmməd vəhdətindən fərqli olaraq, ələvilikdə Allah — Məhəmməd — Əli ilə tamamlanan və Əhl-i Beyt, On iki İmamları əsas alan bir inancdır. Ələvilik daxilində müxtəlif təriqətlər mövcuddur. Bunlardan ən tanınmışı Anadoludan qaynaqlanan Bəkta-şilikdir. Bektaşilik ələvəlik içində bir təriqət olması səbəbiylə ələviliyi bütünlükdə tərif edə bilməz. Ələvilik təməl inanc sistemi kimi Ələvilik, Allah — Məhəmməd — Əli üçlüyü və Əhl-i Beyt, On iki İmamlara ciddi olaraq əhəmiyyət verən Şiəliyin On ikicilik məzhəbi ilə ortaq nöqtələrə sahib bir yoldur. Ələvilikdə araşdırılması lazım olan əsl inanc varlığın birliyidir. Ələvilikdə Tanrının insan daxil kainatdakı hər şeyin içində olduğu inancı vardır. Ələvilik Allah qorxusu yerinə sevgisini mənimsəyən, təməlində insan sevgisi ilə hərəkət edən, Quranın şəklini deyil özünü qəbul etdiklərini ifadə edən, məqsədi ruhi yetkinləşmə olan bir təsəvvüf yoludur. Özünü insan sevgisində tapan, Tanrının insanda təcəlli etdiyinə və zərrəsindən meydana gəldiyinə, onun üçün də insanın ölümsüzlüyünə inanan, ibadətlərində qadın kişi ayrı-seçkiliyi etmədən, öz diliylə, musiqisiylə inancını icra etmə formasıdır.

ƏMƏK — insanın məqsədyönlü fəaliyyətinin adıdır. Bir şeyin yaradılması və ya çıxarılması üçün xərclənən bədən və baş gücü, yaxud uzun və yorucu, diqqətli iş yaxud da insanın şüurlu olaraq müəyyən bir məqsədə çatmaq üçün girişdiyi həm təbii və ictimai ətrafını həm də özünü dəyişdirən iş prosesi, səy.

ƏRDƏM — İnsanın mənəvi və ruhani yetkinliyi, istəyin əxlaqi yaxşılığa yönəlməsi. Fəlsəfə tarixində ərdəmə və ərdəmliyə müxtəlif mövqelərdən münasibət bildirilmişdir. Ümumiyyətlə isə ərdəmi — fəziləti əxlaqi yaxşılıq kimi qiymətləndirmişlər.

ƏRƏZ — fəlsəfi terminologiyaya aiddir. Bir şeydə var olan, fəqət o şeyin təbiəti xaricində yer olan her məna arazıdır. Orta əsrlər Şərq fəlsəfəsində şeyin mahiyyətini təşkil edənə cövhər, ona əlavə olunanlara isə ərəz deyilirdi. Müasir fəlsəfi dildə bu sözün əvəzində aksidensiya ifadəsindən istifadə olunur. Şeyin zatında mövcud olan, lakin onun mahiyyətindən kənarda qalan hər şey ərəzdir. Ərəzlərin müstəqil var ola bilmə xarakterinə malik deyil, çünki ərəzlər cövhərlərin təbiətinə əlavə olunduqda varlıq əldə edirlər. Misal üçün, taxta şeyin cövhəri, onun hər hansı bir formaya salınmış şəkli, rəngi isə ərəzlərdir. Elə ərəzlər vardır ki, onlar sanki əşyanın mahiyyəti ilə bərabərdirlər, onları cövhərlərdən ayrı düşünmək mümkün deyil. Bu ərəzlərə lazım ərəz deyilir. Əşyanın mahiyyətindən fərqlənən və xarakterik olaraq, onlardan ayrıla bilən ərəzlərə isə fərqlənən ərəzlər deyilir. Misal üçün, hər hansı bir şəxsin peşəsi onun üçün lazım ərəz olduğu halda, geyimi, tipi, yaxud hərəkəti, sükunəti fərqlənən ərəzdir.

ƏRŞ — Yer kürəsi, yaxud göy, asiman. Tez-tez Quranda işlədilən ərş sözündən mıəqsəd ilahi hakimiyyət, yaxud da Tanrının dərgahı deməkdir.

ƏRMIŞ — Müdrik, mütəfəkkir, yetişkin, Tanrıdan ilham alan. Əski türkcədir. Türkiyə türkcəsində hazırda işlənir və övliya anlamına gəlir.

ƏSRİMİŞ — Əski türkcədə özündən geçmiş, vəcdə gəlmiş adam deməkdir.

ƏSAS — bir şeyin üzərində təməlləndiyi, təşkil olunduğu şey. Müəyyən hadisələrin [nəticələrin] mövcudluğunun ilkin şəraiti və onların izahından ibarət zəruri şərt. Əsas kökündən ərəbcədə bir neçə söz də əmələ gəlir; təsis, müəssisə və s.

ƏŞƏRİLİK — X əsrin əvvəllərində yaranmış dini-fəlsəfi təlim; ortodoksal islam sxolostikası [kəlam]. Əşərilik, islami etiqadı məzhəblərindən biridir. Əqlə Mötəzilə qədər əhəmiyyət verməsə belə, Sələfiyyə qədər də kiçik ölçüdə tədqiq etməz. Bunu belə təsvir etmək mümkündür. Əgər Sələfiyyə ilə mötəzilə arasında əql və nass mövzusunda bir sərhəd qoysalar məhz söü gedən əşərilik bu sərhəddə ortada qalacaq lakin Sələ-fiyyəyə daha yaxın mövqedədir. Əbu Həsən Əşaridən (öl. B.e. 935 ) qurduğu bu təlim, ağılın heç bir zaman gerçəyə çata bilməyəcəyini, qulların ancaq qeydsiz şərtsiz inanmaqla xoşbəxt ola biləcəkləri ideyasını irəli sürür. Təbii hadisələr, səbəbləri bilinməyən və bəlkə də əsla bilinməyəcək olan bütöv bir ilahi qanunauyğunluğun məhsuludur, bu belə də idarə olunur. Ağıl, gücsüz bir məlumatdır. Qaldı ki, ağılın bu gün biləmədiyini sabah da bilməyəcəyi deyilə bilməz. İmam Bakıllani, Ebu-l- Məali kimi mütəfəkkirlərin rəhbərliyi altında getdikcə inkişaf edən bu təlim təzyiqini elə artırmış və yayılmışdır ki əleyhinə çıxan axınlar XII əsrdə Qərbə keçərək Əndülüs ərəbləri arasında yaşamağa məcbur qalmışlar. Əşariliyin ən böyük tənqidçilərindən biri də məşhur filosof İbn Rüşddür. Əslində ümumiyyətlə kəlam və kəlamçılara qarşı çıxmış olsa da İbn Rüşd tənqidlərini ən çox Qəzali və Əşarilik üzərinə yönəlir.

ƏŞYALAŞMA — predmetləşmədən fərqli olaraq tarixən keçici və əmtəə istehsalına, xüsusilə kapitalizm cəmiyyətinə xas sosial münasibətlərin şəxsi münasibətlərdən əşya münasibətlərinə, xalis rol münasibətlərinə çevrilməsi. Əşyalaşma yadlaşma, qəribələşmə ilə sinonim şəklində də işlənir. Bir dəyişmənin mövcud olduğu vəziyyət, hər şeyin şüurlu olaraq bir tanıma sığması vəziyyətidir. Bu vəziyyətdə cümlədə təyinedici funksiyada nəyisə xarakterizə etmiş olur.

ƏXİLİK — əxilərin dini-fəlsəfi təlimi. Əxi sözünün hərfi mənası dilimizdə qardaş deməkdir. Azərbaycan dilinə qardaşlıq kimi də tərcümə olunur. Orta əsrlərdə islam mədəni bölgəsində ortaya çıxmışdır. Əslində əxi terminin mənşəyi mövzusunda dil alimləri arasında görüş birliyi yoxdur. —Əxi kəlməsi ərəbcə qardaş” mənasını versə də, ancaq Divani Lüğət-i Türkdə əxi sözü, əli açıq, comərd, igid mənasını verən ağı sözündən törədiyi qeyd olunur. Termin olaraq əxilik isə, XIII əsrin ilk yarısından XIX əsrin ikinci yarısına qədər Anadoluda, Balkanlarda və Krımda yaşamış olan Türk xalqının sənət və peşə sahəsində yetişmələrinə, əxlaqi istiqamətdən inkişaflarını təmin edən bir sistemin adıdır. Bu təriflərdən yola çıxaraq əxi sözünün, qardaş, yoldaş, yar, dost, igid mənasını verdiyini söyləyə bilərik. Əxilik həm ictimai, həm də mədəni strukturlara aid bir termin olaraq; bir-birini sevən, bir-birinə hörmət edən, kömək edən, kasıbı güdən, yoxsulu saxlayan, işi müqəddəs və ibadət sayan, din və əxlaq qaydalarına möhkəm bağlı olan tacir və sənətkarların iş təşkilatı mənasını verir. Öz içərisində düzgünlük, qarşılıqlı yardım və hörmət əsasında hərəkət edərək Türkiyənin ticari və iqtisadi həyatında böyük rol oynamış ustalar, şəyirdlər, qısacası sənətkarlar yetişdirmiş və yetişən bu biznesmen tək tərəfli fayda təminatı ilə hərəkət etməmişdir.

ƏXLAQ — ictimai şüur formalarından biri. [alm. -Moral, ing. Morals]. 1. Müəyyən bir zaman ərzində məlum ictimai qrup, yaxud insan kütləsi tərəfindən mənimsənilən, şəxslərin bir-biri ilə əlaqələrini sistemə salan, nizamlayan ənənəvi davranış qaydalarının, qanunlarının cəmi; yaxud müxtəlif cəmiyyətlərdə və zamanlarda əhatə dairəsi və məzmunu dəyişən əxlaqi dəyərlər məcmusu. 2. Eyni zamanda fəlsəfənin bir qoludur. Ərəbcədəki xulq [ö^] sözünün cəmidir.

ƏHALİ — Özünün həyat fəaliyyətini müəyyən sosial birliklərin: bütövlükdə bəşəriyyətin, ölkələr qrupunun, ayrı-ayrı ölkələrin, həmin ölkələr daxilində konkret yaşayış sahələrinə qədər müxtəlif məhəlli bölmələr çərçivəsində həyata keçirən insanların məcmusu.

ƏXBƏRİLİK — Şiə məzhəblərindən biri; yalnız hədislərə yəni şiə imamlarının dedikləri sözlərə və bunlar haqqındakı rəvayətlərə istinad etməyi tələb edən ənənə-çilər. Ərəbcədə —xəbər” [jj^] sözünün cəmidir. Hərfi mənada əxbar — xəbərlər deməkdir.

ƏZGİ — əski türkcədə müxtəlif mənalar verirdi. 1- yaxşı, yaxşılıq, 2- uyum, ahəng, 3- əzab, üzüntü, 4- nəğmə, xoş səda.
 
 
Müəllif: ADİLƏ NƏZƏROVA
Mənbə: FƏLSƏFƏ TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ
“Elm və təhsil” nəşriyyatı, Bakı — 2014
 

0 şərh