L hərfi ilə başlayan fəlsəfə terminləri

LAQEYDLİK — müəyyən hallara, vəziyyətlərə, çıxan hadisələrə heç bir reaksiya verməmək.

LƏYAQƏT — şəxsiyyətin nüfuzu haqqında təsəvvürü ifadə edən əxlaqi şüur anlayışı, etikanın insanın öz-özünə və cəmiyyətin fərdə əxlaqi münasibətini ifadə edən kateqoriya.

LİBERLİZM — cəryanı fransız maarifçiləri və filosofları (J.J.Russo, Didro, Lametri ), ingilis filosofları (C.Lokk, T. Hobbs) və utopik sosialistlərin yaradıcılığında yer almış “təbii hüquq” nəzəriyyəsinə və dövlətin yaradılması haqqındakı “ictimai müqavilə” təliminə əsaslanır. Əsas fikir bundan ibarətdir ki, insanlar dünyaya gələrkən hamısı bərabər təbii hüquqlara malik olurlar.

LOBBİÇİLİK — (“Lobbi” — ingilis parlamentinin dəhlizi belə adlanır, buraya insanlar deputatlara qeyri-rəsmi təsir göstərmək üçün gəlirdilər) ictimai şüurda birmənalı qarşılanmır, həm pozitiv, həm neqativ məna daşıyır. Lobbiçiliyin ifrat neqativ ifadəsi müəyyən qrup və şəxslərin maraqlarının təmin olunması üçün hakimiyyət nümayəndələrinə qeyri-qanuni təzyiq edilməsi, rüşvət və korrupsiyadır.

LİBERALİZM — Hamı üçün fikir, düşüncə azadlığı tanınmasının vacib olduğu görüşünü müdafiə edən, müstəqil düşünməyə bağlı dünyagörüşü. Fəlsəfi baxımdan fərdiyyətçilik tendensiyasına bənzəyir. İctimai dəyərlərdən daha çox şəxsi dəyərlər daha üstün tutulur.

LİBİDO — Freyd tərəfindən fəlsəfəyə, psixoloji psixoanalitik ədəbiyyta gətirilmiş və seksual meyli, seksual ehtiras dərəcəsini, məhəbbət instinktini, psixi enerjini bildirən anlayış.

LOQOS — Yunan dilindəki ilkin mənası söz, sonralar isə düşüncə, fikir, anlam, əql kimi mənaları da ehtiva etmişdir. İlk dəfə heraklitin təlimində dünyanın ümumi qanunauyğunluğu mənasında irəli sürülmüş fəlsəfi termin.

LOGİSİZM — Riyaziyyatın əsaslandırılmasında başlıca cərəyanlardan biri; bütün riyaziyyatı məntiqə müncər etməyə səy göstərir.

LOGİSTİKA — məntiqi hesablamaların ilkin adı. Leybnits çox vaxt riyazi məntiqdən L. Kimi bəhs etmişdir.

LƏDÜNNİ elm — ilham yolu ilə qazanılan bilik.

LƏVAİH — ilk zühur edən nur parıltıları.

LƏVAMI — ləvaihdən sonra gələn nur və təzahür.

LÖVH — i məhfuz — hifz olunan lövhə. Tanrı dərgahında olan bu böyük lövhənin üzərinə olmuş və olacaq hər şey yazılmışdır. Bəzi təfsirçilərə görə, Qurani Kərim də Peyğəmbər əleyhissəlama nazil olmamışdan qabaq bu lövhədə yazılmış idi. Cəbrayıl mələyi də nazil olunan ayələri buradan peyğəmbərə gətirmişdir.
 
 
Müəllif: ADİLƏ NƏZƏROVA
Mənbə: FƏLSƏFƏ TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ
“Elm və təhsil” nəşriyyatı, Bakı — 2014
 

0 şərh