Getdi

Sevgi Haqqdan gəlir, pakdır əzəldən"-
Deyərək, dastanlar var oldu getdi.
Neçə Qeys olubdur dəli eşqindən:
Leylalar özgəyə yar oldu getdi.
 
Dedilər: ədalət — tərəzi gözü,
Guya göstərirmiş əyrini, düzü.
Dünyada var ikən ,dünyanın özü,
Öləndə — yerimiz dar oldu getdi.
 
«Gülümsə, dərd bitsin, dayan» dedilər.
Neçə dost dərdimə hayan dedilər.
Dərddən dərdə düşdüm, «oyan» dedilər.
Üzümdə təbəssüm yoruldu getdi.
 
Həqiqət işıqdır, həqiqət günəş.
Parlasın, yayılsın hər yana atəş.
«Onu gör» -dedilər- «həyatla dirəş».
Baxanda gözlərim kor oldu getdi.
 
Cənnətdən gəlmişik, uşaqtək pakıq.
Saf olub, savablar qazanmalıyıq.
Ümid var- Tanrının dərgahındayıq.
Yaşadım, o ümid gor oldu getdi.

Cavidan Hacıyev.

0 şərh