Рейтинг
+94.62

Poeziya

101 üzv, 438 topik

Müasir İblis

 
"İblis nədir? 
                  — Cümlə xəyanətlərə bais..."
Oxudu təkrar-təkrar, oxudu aciz-aciz
Oxuyurdu cümləni, oxuyurdu qəzəblə,
Sonra səmaya baxıb «Yox, mən deyiləm belə»
Dedi pıçıltı ilə. Xəstəxana önündə
Bircə kitab əlində
Gəlmiş idi aparsın evə öz arvadını.
Abort ilə götürdüb növbəti uşağını.
Evdə onları gözlər kiçik bircə balası,
İkinci uşağasa çatmır əmək parası.
Kitabısa almışdır metronun çıxışında
Cəmi iki manata adsız qoca dayıdan.
Gözləri sataşmışdır, sanki gördü özünü,
O qədər adlar içrə sezib "İblis" sözünü.
Sayırdı o özünü qatili diləklərin:
— Hanı bəs yeddi oğul? Hanı bircə qız-gəlin?
Düşündü biixtiyar məktəbdəki illəri.
Heç önəmsəmədiyi şeirdən sətrləri
Gülüb özünə dedi: «Sən niyə ağlayırsan?
Fəhlə, özünü sən də bir insanmı sanırsan?!»
Bu zamansa arvadı enirdi pilləkəni,
Cənnətə təhvil verib doğulmayan körpəni.
Qəlbində utanc hissi, gəldi əri tərəfə,
Salam-kəlamsız dedi «Nə olar, gedək evə.»
Fəhlə dedi qəlbində «Bağışla, Allah, məni.
Kaş gələrkən mən bura kəsərdin dizlərimi.»
Ancaq bilirdi fəhlə bu peşmançılıq hədər:
Çünki dönmür Cənnətdən geri körpə mələklər.
Abort edib uşağı gedirdilər vaqona,
Körpə səmaya doğru, onlar — yerin altına.

Cavidan Hacıyev
Davamı →

Salam olsun | Yunus Əmrə

Biz dünyadan gedər olduq,
Qalanlara salam olsun!
Bizim üçün xeyir-dua
Qılanlara salam olsun!

Əcəl bükə belimizi
Söylətməyə dilimizi
Xəstə ikən halımızı
Soranlara salam olsun!

Tənim ortaya açıla,
Yaxasız köynək biçilə,
Bizi asan vəch ilə
Yuyanlara salam olsun!
Davamı →

Mənim tanrım | Hüseyn Cavid

Hər qulun cihanda bir pənahı var,
Hər əhli-halın bir qibləgahı var,
Hər kəsin bir еşqi, bir ilahı var,
Mənim tanrım gözəllikdir, sеvgidir
 
Həzz еtmədim firqədən, cəmiyyətdən,
Zеvq alamam hərbdən, siyasətdən,
Bir şеy duymam fəlsəfədən, hikmətdən,
Mənim ruhum gözəllikdir, sеvgidir.
Davamı →

...

Yazılmayan şeirlərdən kağız çiçək dəstələri.
Bəmbəyazdı bu güllərin mürəkkəbsiz ləçəkləri.
Sadə bəyaz vərəqlərdi, yox mürəkkəb, yoxdur sətir,
Nə gözyaşı yağışı var, nə yolda qız, nə də çətir.
Bircə O var. Həsrət ilə baxıb çölə pəncərədən,
Ürəyində şeir deyir yazılmamış sətrlərdən.


Davamı →

İstəmə | İmadəddin Nəsimi

Sən sana gər yar isən var, ey könül, yar istəmə!
Yarü dildar ol sana, sən yarü dildar istəmə!

Bivəfadır çün bu aləm, kimdən istərsən vəfa?
Bivəfa aləmdə sən yari-vəfadar istəmə!

Gül bulunmaz bu dikənli dünyanın bağında çün,
Əbsəm ol, bihudə gülsüz yerdə gülzar istəmə!

Mə'rifətdir xalis altun, sikkəsi fəzlü hünər,
Altunu tanı, zəğəldən ari dinar istəmə!

Həqqə münkirdir fəqih, inanma ol şeytana kim,
Yoxdur ol cinxilqətin zatında iqrar, istəmə!

Ari göftar, ey könül, gerçəklərin nitqidürür,
Hər diliəgridə yoxdur ari göftar, istəmə!
Davamı →

Qəbir

Qəbrini qazıram arzularımın.
Özüm öz arzuma qatil olmuşam.
“Xoşbəxtlik” adında bir xəyalımın,
Sən demə, sadəcə, qurbanıymışam.
Qəhrəman sayırdım mən də özümü
“Həyat” ismi olan qəddar savaşda.
Uduzub, açaraq ona gözümü,
Gördüm, düşmən olub doğma qardaş da.
Görünür, qəribə döyüşdü həyat.
“Vur ki, vurmasınlar” – olub tək qayda.
Məğlubsan, nə qədər etsən ehtiyat:
Öldürsən – qatilsən, ölsən – nə fayda?
Sanarıq, baxırıq diqqətlə ona,
Həyata dörd açıb gözlərimizi.
Tək göz yox, qəlb baxsa həyat yoluna,
Görərik, nə sirlər gözləyir bizi.
Bəlkə da, savaşa başladım erkən,
Bəlkə, başlamadan məğlub olmuşam.
Bir daşmı vururdu sinəmdə, görən,
Bir kora hədiyyə güzgü almışam.
Kor adam alaraq güzgünü ələ,
Gətirdi aynanı gözünə sarı.
Baxsa da, görmürdü aynada heç nə,
Gülüşlə boğurdu göz yaşlarını.
Sadəcə baxaraq bu mənzərəyə,
Gördüm ki, əslində kor o deyilmiş.
Qatili qoysaq da biz igidliyə,
“Zalongo rəqqası” qəhrəman imiş.
Döyünə bilərmi, görən, daş ürək?
Almazmı gücünü ürək duyğudan?
Duyaraq yaşasın insanlar gərək:
Yaşamaq fərqlənir mövcudiyyatdan.
Qəbrini qazıram arzularımın.
Bəlkə arzumun da yaşam haqqı var.
Ölməsin görərək xəyallarının,
Yaşayır arzuya qəbirqazanlar.
Cavidan Haciyev

Davamı →

...

Eyni yolla gedirik biz fərqli-fərqli mənzillərə
Eyni yolu gedirik biz, heç bilmirik mənzil nərə.
Heç bilmədən səbəbini lal sularda axanlarıq,
Diriləri basdırırıq, meyitlər ilə yaşarıq.
Sevgimizlə isidirik qəlbimizdə nifrətləri,
Sonra isə üşüyürük, qucaqlayıb cəsədləri.
Dönüb biz də buz oluruq, qucaqlayıb buz meyiti -
Məzardakı nəfəslərdən qalxıb yerin hərarəti.
Peyğəmbəri çarmıqlayib, peyğəmbəri daşlarıq biz.
Tanrıları öldürmüşük, indi adi daşlarıq biz. 
Atmayın siz daşı suya, axı dərdi, bir ahı var.
Daş nə qədər daş olsa da, onun da bir Allahı var.

Cavidan Hacıyev
Davamı →

...

Vəsf elə məni şair,
Onsuz da vəsf zamanı heç vaxt olmayacaq.
Vəsf elə məni şair.
Qurumuş çiçək yağışda təzədən solmayacaq.
Mənsə itib gedəcəm, hamı məni unudacaq.
Dünya ərköyün uşaqdı — bizlər köhnəlmiş oyuncaq.
Oynadılıb atılacaq — zibillikdə kiçik bir yer.
Hələ ki atılmamışam — Vəsf elə məni şair.
Heç vaxt görünməyəcək məndə olan hüsnü-camal,
Soyacaqlar məni də həqqdən qaçan barmaqlılar.

Hacıyev Cavidan
Davamı →

...

Hamı yatır...Yatır qara buludlar,
Yatır göydə işıldayan uduzlar.
Yatır günəş, yatır səma, ay, dəniz.
Yatır insan, yuxusundan xəbərsiz.
Hətda yuxum yuxulayıbdır mənim.
Bir mən oyaq — Cırtdanı öz gecəmin.
Yox, qorxmuram, nə qaçaçaq divim var,
Nə işıq var, nə də hürən tazılar.
Heç xəlbirlə su da yox bu səfərlik.
Bir mən varam, bir gecə var, bir təklik.
Mənim gecəm fərqli başqa gecədən.
O da mənim kimi qorxur təklikdən.
Onunçün də qoymur məni yatmağa.
Dönüb gecəm ilə iki ortağa,
Baxırıq, yatırlar: səma, ay, dəniz.
Gəl sən də dalğalan, yatma, ay dəniz.
Onsuz da yatırlar ulduzlar, qəmər.
Qoy, həzin laylalar desin ləpələr.
Yuxu gəlib, yatır həyat bir anlıq,
Bu gecə yuxulu hətda qaranlıq.
Yuxu xas dünyaya, yatır vulkanlar.
Yatmasınlar əsas qəlbdə arzular.

Cavidan Hacıyev 
Davamı →

Gecə

Cavidan Hacıyev

Yuxum da qaçıbdır məndən bu gecə.
Bu gecə tək qaldım dərdlərim ilə.
Dərdimdən qələmə dedim gizlicə,
Dərdimsə dərdini söylədi mənə.
Kağıza yazırdım öz ifadəmi,
İttiham edirdi düşüncələrim.
Yazırdım, dinləyib öz dərdlərimi,
Məndən də dərdliymiş mənim dərdlərim.
Dərdləşdik dərdimlə biz uzun-uzun.
Bu gecə dərdimlə baş-başayıq biz.
Danışdıq gedişin öz yolumuzun.
Gecəysə olmuşdu tək şahidimiz.
Yazırdım kağıza qəlbimdəkini.
Ancaq ki dayandım. Yazdığımı da
Yandırdım. Dərdimlə olan sirrimi
Alovla yetirdim əbədiyyata.
Beləcə, gizlətdim mən olanları.
Tək şahid gecədi. O da, həm də ki
Gedəcək çıxanda Gün şuaları.
Sabahsı gecəysə indi deyil ki?
Gecə şahididir, gör, neçə sirrin.
Gecələr məhrumdu gün işığından.
Bəlkə də, soruşsaq gecədən dərdin,
O da söhbət açar qaranlığından.

Davamı →