Рейтинг
+94.62

Poeziya

101 üzv, 438 topik

Sənin sağlığına içirəm, Vətən!

Sirr verdim, sirr aldın, sirr əsirgədin,
İki istəyirdim, bir əsirgədin,
Mənə bir qucaqlıq yer əsirgədin,
Mən səni tərk edib köçürəm, vətən!

Baxıram, bu həmin çəmənlik deyil,
Bu kişilik deyil, ərənlik deyil,
Ehtiyac, köləlik, bu mənlik deyil,
Qaçıram buradan, qaçıram, vətən!
Davamı →

Qudurğan olsa, neynərsən?

Acından millətin bir gün yarımcan olsa, neynərsən?
O can üstə sənin ömrün firavan olsa, neynərsən?

Didərginlər səfalətdən əgər ölsə çadırlarda,
Vəkillər maliki-mülki-Süleyman olsa neynərsən?

Koroğlu qeyrətindən dəm vururkən Milli Məclisdə,
Müsəlman qızları məktəbdə üryan olsa, neynərsən?

Vəkil artist, vəkil şair, vəkil xanəndə və sair,
Dəyirmanın əgər dənsiz dəyirman olsa, neynərsən?
Davamı →

Mən kiməm?

Mən kiməm? Bu sualı
Hər il ad günlərimdə
öz-özümə vermişəm.
Cavab tapa bilməyib
Bu sualın önündə
Başımı endirmişəm.

Mən kiməm?
Mən nəçiyəm?
Eşqim, diləklərim nə?
Niyə gəldim dünyaya,
Bu dünyada yerim nə?

Sağ ikən də bilmirəm
Ölüyəm, diriyəm mən?
Əvvəlini, sonunu
Dərk etməyən, ən adi,
Kəslərdən biriyəm mən.
Davamı →

Dünyanın - Bəxtiyar Vahabzadə

Baş çıxarmaq həm çətindir, həm asan,
İblisindən, mələyindən dünyanın.
Adəm satdı bir buğdaya cənnəti,
Tora düşdü kələyindən dünyanın.

Nə gözəldir ürək geniş, söz açıq,
Yaşamadım bir sevdamı yarımçıq.
Əzab adlı dəyirmandan narın çıx,
Keçəcəksən ələyindən dünyanın.

Arzum üçün bir mələyən cüyürdüm,
O təpədən bu təpəyə yüyürdüm.
Niyə qorxum kəfənindən?
                           Nə gördüm
Beşiyindən, bələyindən dünyanın?

Ey Bəxtiyar, zaman ömrü əridər,
O dünyaya getməmişdən çürüdər.
Arxasınca palaz kimi sürüdər
Bərk yapışsan ətəyindən dünyanın.



P.S  Bu şeir  — Bəxtiyar Vahabzadə «Lirika»  — kitabından nöqtəsi, vergülünə qədər eyni köçürülüb. Bu yaxınlarda internetdə şairin bu şeirini (əvvəlki 3 bəndi eyni qalmaqla) dəyişdirilmiş və əlavə olunmuş 3 bəndi ilə gördüm. (birlikdə 6 bənd olur, halbuki, kitabda 4 bənddir)
Bu kitab şairin sağlığında çap olunmuş «Azərbaycan Dövlət Nəşriyyatı (Azərnəşr) Bakı — 1990»nın nəşridir. Elə bilirəm ki, doğru olan bu olar.
Mümkün olduqca, nəinki Bəxtiyar Vahabzadənin, eləcə də başqa ədəbiyyat xadimlərimizin əsərlərini olduğu kimi, orijinal şəkildə oxucusuna çatdırmağın lehinəyəm. Əlavə olunmuş və dəyişdirilmiş son 3 bəndi şair özümü yazıb, ya başqası… bilmirəm. Bilən varsa, məlumatlandırsın, xahiş edirəm.

Əlavə bəndlər bunlardı:

Biz özümüz özümüzdən öc aldıq,
Keçən günə gələn günü bac aldıq.
Ömrümüzün yarısında qocaldıq
Şilləsindən, kötəyindən dünyanın.

Könül üzgün, xəyal küskün, dərbədər,
Özün söylə zülm olarmı bu qədər?
Arxasınca palaz kimi sürüdər
Bərk yapışsam ətəyindən dünyanın.

Könül düşdü min arzumun izinə
Biləmmədik əyrisi nə, düzü nə?
İndi kəfən toxuyuruq özünə
Öz gülündən, çiçəyindən dünyanın.













Davamı →

Bilə bildiyin qədər

Çal dünyadan xoş günü,
Çala bildiyin qədər.
Verəcəksən, unutma,
Ala bildiyin qədər.

Quzu kimi mələrsən,
Min-min arzu dilərsən.
Sən boşala bilərsən
Dola bildiyin qədər.

İdrak yolu qorxulu,
Gülündən çoxdur kolu.
Gedəcəksən bu yolu,
Gələ bildiyin qədər.

Nəyə gərək gileylər?
Bu çabalar, bu səylər?
Bildiklərin bəs eylər,
Elə bildiyin qədər.

Bu dünyanın min donu,
Min rəngi, min oyunu...
Dərk edərsən sən onu,
Bilə bildiyin qədər.

Sevinc dağına çıxsan,
Sanma dərddən uzaqsan.
Bir gün ağlayacaqsan,
Gülə bildiyin qədər.
Davamı →

Vaxtında yet köməyə/Şiringül Musayeva

Günəş, qəlbimizə  nur  payla,
 gəl  vaxtında.
Ağ  buludlar, yağış göndər
 Insanlara vaxtında.
Vaxtında  coşdur qanımızı,
gözəl bahar.
Vaxtında  kədər  gətir,
 kədərli qış.
Vaxtında kömək edin
dara  düşənlərə  ,insanlar.
Vaxtında çatın harayına
 əli hər yerdən üzülənin.
Vaxtında sev məni,əzizim,
Yoxsa  qəlbim  sevməz səni
heç zaman.
Nifrətə layiqdir bilin hər zaman
Gecikmiş haraylar,
 gecikmiş səslər.
Sonradan saf-  çürük  edib
hər  şeyi,
xeyirini güdüb,
şərini güdüb,
Köməyə gəlməyin heç vaxt,
Insanlar.
Nifrətə layiqdir onda  işiniz ,
onda gülüşünüz ,
təbəssümünüz...
Onda insanlıqdan uzaqsınız siz.
Saxtasız, sünisiz ,
alçaqsınız siz.
Davamı →

Salam, Dar ağacı! - Rüstəm Behrudi

Yolumu gözlədin hər səhər-axşam,
Salam, Dar ağacı!
Əleyküm-salam.
Əcəllə ölməyə doğulmamışam,
Salam, Dar ağacı!
Əleyküm-salam.

O hansı millətdir, taleyi sirdir?
Yüz adla bölündü, yenə də birdir!
Məni hüzuruna bu dərd gətirdi,
Salam, Dar ağacı!
Əleyküm-salam.

Xəzəri, Baykalı, Aralı gördüm,
Gördüm can üstədir, yaralı gördüm.
Tanrını bəndədən aralı gördüm,
Salam, Dar ağacı!
Əleyküm salam.
Davamı →

Həqiqət məhv olmaz/Şiringül Musayeva

Sevinməyin  bu  günümə,
   oynamayın  əsəblərimlə.
Hərəniz bir  məqsədi  güdə-güdə
      tor  qurmayın  mənə.
Bu  alçaqlıqla  hara  gedib çıxarsınız?
Öz əclaflıq dənizinizdə 
             boğularsınız.
Sevinməyin məni özümdən
              çıxardanda.
Haqsızlığınızla boğub
                bağırdanda.
Sevinməyin,
Üstümə   qah-qah çəkib gülməyin!
Üstün gələ bilərsiz,
          siz haqlı  adamlara
Bir il..beş il… on beş il...
Lakin...bu  uzun  çəkməz .
Satın  alınan ad- san axır ki,
  Buxarlanar.
Satın  alırsınız siz
arzu və  ümidləri.
Satin alırsınız siz
alovlanan qəlbləri,
  adı,işi, stolu.
Lakin bilin bir daha
Həqiqət  yox olsa da
 görünməsə gözlərə,
 
Yenə bir vaxt çıxacaq
 dərinlikdən
   üzlərə.
Məhv olmayacaq ,bəli
 Batsa lilə, palçığa.
O, yenə  parlayacaq.
Günəş batmaz həmişə.
Davamı →