Рейтинг
+94.62

Poeziya

101 üzv, 438 topik

Ertələmə | Fernando Pessoa

Birigün, bəli ancaq birigün...
Sabah birigünü düşünməyə başlayacağam,
Bəlkə onda edə bildim; amma bu gün yox...
Yox, bu gün yox; bu gün edə bilmərəm.
Obyektiv subyektivliyimin çaşqın inadı,
Gerçək həyatımın yuxusu, araya girməsi,
Ağlasığmaz, sonsuz yorğunluq -
Qatarı çoxdan qaçırmış, dünyanın ən yorğunu — kimi bir ruh...
Ancaq birigün...
Bu gün hazırlaşmaq istəyirəm...
Özümü sabaha hazırlamaq istəyirəm, birigünü düşünmək üçün
Davamı →

Parçalanmış nar kimiyəm

Parçalanmış nar kimiyəm,
gilə-gilə səpilmişəm əhatənə.
Topla məni
parça-parça,
tikə-tikə,
dənə-dənə.
Bir sözünlə dağıt yenə.

Bax, beləcə ötüb keçər
bu ömür-gün aram-aram.
Mən səninçün
milyon kərə toplanaram,
milyon kərə dağılaram.

Elə bilmə əzilmişəm,
yox, hələ də qarşındayam,
dayanmışam məğrur-məğrur.
Sükut-sükut addımlayıb
intizarım saçlarında yuva qurur.
Davamı →

Neynirdim bu ömrü | Salam Sarvan

Neynirdim bu boyda ömrü ilahi,
bu boyda yırtıq yox bu yamaq üçün
Bir göz qırpımınca ömür verəydin
o da ki gözümü qapamaq üçün.

Mən ki günün gecə gözətçisiydim,
niyə basdı yuxu, noldu yatdım?
Bir uzaq yol gəldi bu baxt mənəcən,
o da gələn kimi yoruldu yatdı.

Söndür ekranları, ta bundan belə 
nə filmə, nə də ki həyata baxaq. 
Deyirlər saatda yaxşı vaxt gedir
gəl gedək oturub saata baxaq...
Davamı →

Sevgilim, mən öləndə | Vaqif Səmədoğlu

Sevgilim, mən öləndə,
Bir küncdə xısın-xısın
Ağlayacaqsanmı sən?
Kimin xarabasında
Bir damla yaşa dönüb
Düşəcəyəm gözündən?
 
Ağla, qurbanım, ağla,
Ağla, һeyranım, ağla,
Evdə qonaqlar olsa,
Çıxıb eşikdə ağla.
Gözlə, gecə düşəndə
Yorğan-döşəkdə ağla.
Davamı →

Klassika məşqləri-XX | Qismət Rüstəmov

Gözlərindən öpərəm, dodaqlarından sənin,
Şirin sözlər asaram qulaqlarından sənin,
Saçını oğurlayıb daraqlarından sənin,
Saxlayaram cibimdə, gizli-gizli qoxlaram,
Yandıraram gecələr, gəlirsənmi yoxlaram...
 
Əllərindən tutaram, biləyindən öpərəm,
Saçlarının gül qoxan küləyindən öpərəm,
Məni müqəddəs bilən ürəyindən öpərəm,
Öpərəm ki, biləsən mən müqəddəs deyiləm,
Nə var məndən qaçmağa, mən ki qəfəs deyiləm…
Davamı →

Yaddaş dərmanı

İtirir yaddaşını qoca, ahıl bir nənə.
Götürərək başını gedibdir evdən yenə.
Nə yaxşı kı yaddaşı qayıtdı lazım anda - 
Kəndarın qırağında 
qayıtdı ona yaddaş.
«Hara gedirdim görən?» — tutdu nənəni təlaş.
Tez qayıtdı otağa, uzandı yatağına.
Utandı o çağırsın nəvələri yanına.
Çağırsın ki, nəvələr versin ona həbini -
Həm də çoçuq nə bilər nənələrin dərdini?
Yaman unutqan olub yaman… bu son zamanı
Unudub nənə atmır hafizə dərmanını.
Ancaq hər yuxusunda görür nənə o çağı:
«Balaca şirin oğlu, isti ana qucağı.
O qucaqdan böyüyən bir aslan parçasını,
Həyat gülüstanında — öz gülü anasının.
Ana bağbanlar kimi oxşayırdı gülünü.
Gülünün xatirinə açırdı hər sübhünü.
Küləklərtək vaxt uçub, gənclik çağları getdi:
Qırış rəssamı — zaman ananı nənə etdi.
Zaman acımır yenə, zaman görür işini -
Gah alır yaddaşını, gah da əyir qəddini.
Gözünü yumur ana özünün dərdlərinə,
Ömrünü nağıl edib deyir nəvələrinə.
İndi çatır nağılın ən yeməli hissəsi:
Göydən üç alma düşür, bir nəvəyə hərəsi...»
Həmişə o, oyanır bu yerində yuxunun,
Axı ağırdı hər an duymaq ona yoxluğu.
Həyatının mənası, danışdığı nağıl da
Yox oldu ailəsitək adicə bir qəzada.
Həyatda axı qəza deyildir nadir bir hal:
Qəza olur əməllər, qəza olur namazlar.
Qəzalı beyinlərdə qəza olan fikirlər:
Uşaqkən boşananlar, doğulmadan ölənlər.
Qəzalar əməllərdə, qəza niyyətlərdədir.
Bəlkə insanlıq özü qəzalı vəziyyətdəri?
Nə fərqi var bunların qoca, ahıl nənəyə:
Həsrət indi oğluna, gəlininə, nəvəyə.
Həsrət çəkir daima nənə o günlər üçün:
Yatıb tamaşa edir xəyalına o, hər gün.
Hədər yerə demirlər kinodur ömrün çağı:
Ən maraqlı yerində söndürürlər işığı.
Həyətin kəndarından, həyatın kəndarından
Yenə qayıtdı nənə. İndi çarpayısından 
Baxır xəyalındakı oynayan nəvələrə.
Yaman şirin oynayır şirin-şəkər nəvələr.
Heç şirin nəvələri buyurmağa əl gələr?
Xoşbəxt görür onları, xoşbəxt olur nənə də,
Amma yaddaş qayıdıb, xatırladır gercəkdən.
Yaddaşa meydan deyib, həyatın acısını
Unutmaqçün o, atmır hafizə dərmanını.

Davamı →

Biz xarabat əhliyik, meyxanələrdən çıxmışıq

Biz xarabat əhliyik, meyxanələrdən çıxmışıq,
Badələr nuş etmişik, peymanələrdən çıxmışıq.

Atəşi-qəmdən nə qorxaq kim, səməndərxislətik,
Şəmlər yandırmışıq, pərvanələrdən çıxmışıq.

İndi biz ikrah edib meydən, nəzərdən düşmüşük,
Yoxsa min-min məclisi-məstanələrden çıxmışıq.
Davamı →

Məktub | Aqşin Yenisey

Sənə məktub yazıram
Yazıram ki,
bağışla...
Burda hava pis keçir
Ara vermir yağışlar
 
Tək yatıb tək durmaqdan
Bezdirmişəm otağı
Bilirsən...
pinti olur
Yalqızların yatağı
Davamı →

İlan balası | Ramiz Rövşən

Böyüyüb bu körpə ilan balası,
gah o başa, gah bu başa sürünür.
Sevinir udduğu havaya, suya,
Torpağa sevinir,daşa sevinir.
Bir sevgi həvəsi dolur canına,
Gecələr gözünün itir yuxusu.
Çiçəyin qoxusu,
otun qoxusu,
Küləyin nəfəsi dolur canına.
… Özündən xəbərsiz,
səssiz-səmirsiz
Zəhərə çevrilir canında hər şey…
Davamı →