Sosialist islahatları, onların sosial-iqtisadi və siyasi nəticələri

Yeni iqtisadi siyasət Vətəndaş müharibəsi bitdikdən sonra Sovet siyasət Rusiyasında vəziyyət sabitləşmədi. Müharibənin ağır nəticələrindən və həm də davam etdirilən «Hərbi kommunizm» siyasətindən narazılıqlar ölkəni bürüdü. Tarix ədəbiyyatında çox vaxt «Kiçik vətəndaş müharibəsi» adlandırılan Tambov üsyanı (1920) və Kronştadt qiyamı (1921) sözügedən narazılıqların təzahürlərindən idi.
İqtisadi tənəzzülü və siyasi narazılıqları aradan qaldırmaq üçün bolşeviklər, sovet hökuməti 1921-ci ildə yeni iqtisadi siyasətə keçdi. Birinci növbədə sapalağı ərzaq vergisi ilə əvəz etdi. Vergidə kəndli artıq məhsulun sahibi olurdu, onu bazarda satmaq imkanı qazanırdı. Bu da kəndlinin təsərrüfatçılıq marağını artırırdı.
Yeni iqtisadi siyasətin ən mühüm cəhətlərindən biri də ticarət azadlığının verilməsi idi. Yeni iqtisadi siyasətdə maliyyə-kredit, icarə, təsərrüfat hesablı müştərək müəssisələrin yaradılması, kooperasiyanın inkişafı, azad rəqabət və s. tədbirlər də nəzərdə tutulurdu. Bütün bunlar dövlət nəzarəti şəraitində iqtisadiyyatın demokratikləşməsinə, bazar iqtisadiyyatının inkişafına imkan yaradırdı.
Yeni iqtisadi siyasət çox tezliklə öz bəhrələrini verdi. 1921-1924-cü illərdə sənaye məhsulunun həcmi 2 dəfədən çox artdı.Əvvəllər onu geri çəkilmə, sonradan isə uzun müddətə nəzərdə tutulmuş siyasət, Rusiyada sosializm cəmiyyətini qurmağı təmin edəcək keçid siyasəti kimi qiymətləndirirdilər.
Bu dövrün ən mühüm cəhətlərindən biri də vahid partiyalı siyasi sistemin formalaşması idi. Bu proses hələ vətəndaş müharibəsi dövründə başlamışdı, 20-ci illərdə o, tamam və qəti olaraq başa çatdırıldı. Bu sahədə RK(b)P-nın 1921-ci ildə toplanmış onuncu qurultayının «Partiyanın birliyi barədə» qərarının müstəsna əhəmiyyəti olmuşdur. O, partiyada hər cür fraksiyaçılığı dözülməz saydı, ona qarşı mübarizəni partiya həyatının sarsılmaz prinsipi hesab etdi. Bu qərar Sovet cəmiyyətində partiya diktaturasının bərqərar olması üçün zəmin yaratdı.

SSRİ-nin yaradılması Vətəndaş müharibəsi  başa çatdıqdan sonra bolşeviklər siyasi islahatlar da həyata keçirdilər. Onlar keçmiş Rusiya imperiyasını bərpa etmək yolunu götürdülər. Bolşeviklər sovet rejimli respublikaların formal müstəqilliyinə son qoymağa və onları vahid ittifaqda birləşdirmək ideyasını həyata keçirməyə başladılar. Həmin müstəqil respublikalarda bolşevik rejiminin mövcudluğu bu işi daha da asanlaşdırırdı.
Bu barədə müxtəlif fikirlər və təkliflər mövcud idi. RK(b)P MK-nın siyasi bürosunun İ.Stalin başda olmaqla yaradılmış komissiyası «muxtariyyətləşmə», yəni bütün sovet respublikalarının RSFSR tərkibinə muxtariyyət hüququ ilə daxil olması ideyasını irəli sürürdü. Bu təklifə tərəfdar çıxmayan V.İ.Lenin isə Sovet Sosialist Respublikaları İttifaqı yaratmağı təklif edirdi. RK(b)P MK-si Lenin təklifini qəbul etmişdi.

Stalin (Çuqaşvili) İosif Vissarionoviç (1879-1953), Bolşeviklər partiyasının və Sovet dövlətinin siyasi xadimi. Qori ruhani məktəbini bitirib (1894). Tiflis pravoslav seminariyasına daxil olmuşdu. 1898-ci ildən ömrünü çarizmə qarşı mübarizəyə həsr etmişdi. 1902-1913-cü illərdə 7 dəfə həbs olunmuş, 6 dəfə sürgün edilmiş, 5 dəfə sürgündən qaçmışdı. Oktyabr çevrilişinin hazırlanmasında iştirak etmişdir. 1917-ci il oktyabrın 25-də təşkil olunmuş Sovet hökumətinin tərkibində Milli işlər üzrə komissarı, 1922-ci ildən 1953-cü ilə kimi bolşeviklər partiyası MK-nin baş katibi olmuşdur. Rusiyada totalitar sovet cəmiyyətinin təşəkkülündə aparıcı rol oynamış, onun avtoritar başçısı olmuşdur. 1953-cü ildə vəfat etmişdir.

SSRİ-nin yaradılmasında RSFSR, Ukrayna, Belorusiya və ZSFSR arasında 1922-ci il dekabrın 27-də bağlanmış müqavilə mühüm addım oldu. 1922-ci il dekabrın 30-da SSRİ-nin I Sovetlər qurultayı İttifaq dövləti yaratmaq barədə Müqavilə və Bəyannamə təsdiq etdi. Həmin sənədlərə əsasən respublikaların beynəlxalq nümayəndəlik, müdafiə, sərhədlərə yenidən baxma, dövlət təhlükəsizliyi, xarici ticarət, büdcə, rabitə, pul dövriyyəsi kimi səlahiyyətləri mərkəzi orqanlara verildi. Bunlar, əslində müttəfiq respublikaların suveren hüquqlarının əlindən alınması, onların SSRİ adı altında Sovet imperiyası tərkibinə daxil edilməsi demək idi.
Ali hakimiyyət orqanı Ümumittifaq Sovetlər qurultayı, qurultaylar arasında Sovetlərin Mərkəzi İcraiyyə Komitəsi (MİK) elan olundu. O, iki palatadan İttifaq və Millətlər palatasından ibarət idi. Rəhbər orqanı isə MİK Rəyasət heyəti idi. Ali icra və inzibati orqanı SSRİ Xalq Komissarları Soveti hesab olunurdu. Bu struktura SSRİ-nin 1924-cü il yanvarın 31-də qəbul olunmuş Konstitusiyasında təsbit olundu. SSRİ-nin tərkibinə 1925-ci ildə Özbəkistan SSR və Türkmənistan SSR, 1929-cu ildə Tacikistan SSR daxil edildi. Artıq 30-cu illərin axırlarında SSRİ-nin tərkibində 11 müttəfiq və 22 muxtar respublika var idi.
1936-cı ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildi. O, qalib gəlmiş sosializm cəmiyyətinin Konstitusiyası adlandırılırdı.

 

0 şərh