"A" hərfi ilə başlayan tarix terminləri

Abbas, əl-Əbbas bin Əbd ül-Müttəlib bin Haşim (VII əsrin birinci yarısı) — Məhəmməd peyğəmbərin əmisi. Abbasi xəlifələri sülaləsi bilavasitə Abbasın nəslindəndir.

Abbas I — Səfəvilər sülaləsindən şah (1587 — 1629). Hakimiyyətə gələn Şah Abbas 1590-cı ildə Osmanlı türkləri ilə İstanbul sülhünü bağladı. Bu müqaviləyə görə, Azərbaycan ərazisinin böyük hissəsi (Qaradağ, Ərdəbil və Talış əyalətləri istisna olmaqla) türklərin hakimiyyəti altına keçdi. Şah Abbas isə dinc dövrdən dövlətin qüdrətini artırmaq üçün istifadə etdi. Bu məqsədlə o, Azərbaycanın köçəri əyanlarının dövlət işlərinə müdaxiləsini məhdudlaşdırmağa başladı, hakimiyyəti əvəzində isə İranın şiə ruhaniləri və məmurlarının mövqeyini möhkəmləndirdi. Nizami qoşunlar yaradıldı. Səfəvilər dövlətinin paytaxtı Qəzvindən İsfahana köçürüldü. Osmanlı imperiyası ilə müharibələr yenidən başlayanda isə Şah Abbas əmr etdi ki, Azərbaycanın Türkiyə ilə həmsərhəd bölgələrində yaşayan 350 minədək əhali zorla İsfahana köçürülsün. Azərbaycan hərbi əməliyyatların əsas meydanına çevrildi. Türklərlə müharibələr nəticəsində Şah Abbas 1607-ci ilədək onları Azərbaycandan qova bildi. Türklər üzərində qələbə çalan Şah Abbas müharibənin dağıtdığı təsərrüfatın bərpa edilməsi məqsədi ilə vergiləri bir qədər azaltdı. I Şah Abbasın dövründə Səfəvilər dövləti tədricən İran dövlətinə çevrilməyə başladı, Azərbaycan isə yavaş-yavaş onun əyalətlərindən biri oldu. I Şah Abbasın hakimiyyəti illərində Səfəvilər dövləti özünün ən qüdrətli dövrünə çatmışdı.

abbası — I Şah Abbasın dövründə zərb edilmiş, çəkisi iki misqal olan qızıl sikkə. Abbasının dəyəri 200 dinara bərabər tutulurdu.

Abbasilər (ər. əl-Əbbasiyun) — Məhəmməd peyğəmbərin əmisi Abbasın (VII əsrin ikinci yarısı) nəslindən olan ikinci xəlifə sülaləsi (750 — 1258). Çiçəklənmə dövrləri əl-Mənsur (754 — 775), əl-Mehdi (775 — 785), Harun ər-Rəşid (786 — 809) və əl-Məmunun (813 — 833) hakimiyyəti illərinə təsadüf edir. İstila olunmuş xalqların amansız istismarının artması çoxsaylı üsyanların baş verməsinə səbəb olmuşdur (Babəkin, Muğannanın başçılığı ilə və s.). VIII əsrin sonlarından etibarən bəzi vilayətlər Ərəb xilafətindən ayrılmağa başlamışdır. 945-ci ildə xilafətin paytaxtı Bağdadı ələ keçirən Büveyhilər xəlifələri dünyəvi hakimiyyətdən məhrum etmişlər. Abbasilər sülaləsindən olan sonuncu xəlifə Hülakülər tərəfindən qətlə yetirilmişdir.

abbat — katolik kilsəsində abbatlığın baş keşişi. abbatliq — abbat tərəfindən idarə olunan katolik monastın.

Abissiniya (Həbəşistan) — Efiopiyanın keçmişdə işlənilən adı, "əl-həbəşə" sözündən əmələ gəlib; ən qədim zamanlarda ərəblər bu ölkəni belə adlandıırrmışlar. Azərbaycanda bu ad «Həbəşistan» kimi işlədilmişdir.

aborigenlər — hər hansı bir bölgənin, ölkənin və ya qitənin sonralar oraya gəlmiş köçkünlərdən fərqlənən yerli əhalisi.

ABŞ — Amerika Birləşmiş Statları — Şimali Amerikada yerləşən ölkə, paytaxtı — Vaşinqton. Şimali Amerikada istiqlaliyyət uğrunda müharibənin gedişində — 4 iyul 1776-cı ildə ABŞ-ın müstəqilliyi elan olunmuşdur. ABŞ-ın 1787-ci ildə qəbul etdiyi konstitusiya o dövr üçün en qabaqcıl konstitusiya idi. Konstitusiyaya əsasən, ABŞ-da hakimiyyətin üç müstəqil ayrıca qolu yaradılmışdı: icra hakimiyyəti — prezident, qanunvericilik hakimiyyəti — konqres və məhkəmə -Ali Məhkəmə. ABŞ 1803-cü ildə Qərbi Luiziananı Fransadan satın aldı, 1819-cu ildə İspaniyanı Floridanı ona verməyə məcbur ctdi, 1847-ci ildə Meksika ilə müharibəyə başlayıb onun ərazisinin 2/5 hissəsinə bərabər olan Texas, Kaliforniya, Nyu-Meksika bölgələrini tutdu, 1867-ci ildə isə Rusiyadan Alyaska və Alcut adalarını satın aldı. Hazırda ABŞ-ın ərazisi 9,4 milyon km2, əhalisi isə 250 milyon nəfərə yaxındır. Rəsmi dili ingilis dilidir. Dini mənsubiyyətə görə əhalinin böyük əksəriyyəti protestant və katolikdir. ABŞ 50 ştatdan və Kolumbiya federal (paytaxt) dairəsindən ibarət federativ respublikadır. Dövlətin və hökumətin başçısı 4 ilə seçilən prezidentdir. ABŞ-ın ilk prezidenti Corc Vaşinqton olmuşdur.

ABŞ-da vətəndaş müharibəsi — 1861 -65-ci illərdə ABŞ-da burjuaziya Şimalı ilə quldar Cənubu arasında baş vermiş müharibə. Respublikaçılar partiyasının nümayəndəsi Avraam Linkoln ABŞ-ın prezidenti seçildikdon sonra Cənub ştatları 1861-ci ildə quldarlığı saxlamaq məqsədi ilə qiyam qaldırdılar. Vətəndaş müharibəsinin birinci mərhələsində (1861 -62) Şimal   tərəfindən müharibə qətiyyətsiz aparıldığından bu, şimallıların bir   sıra hərbi məğlubiyyətlərə uğraması ilə nəticələndi. İkinci mərhələ (1863 — 65) homstedlər haqqında, eləcə də quldarlığın ləğvi barəsində qanunların qəbul edilməsindən sonra başlandı. Müharibədə geniş xalq kütlələrinin iştirakı isə onun inqilabi metodlarla aparılmasına gətirdi. Bu da vətəndaş müharibəsinə burjua inqilabı xarakteri verdi. 1864 — 65-ci illərdə cənubluların əsas qüvvələri darmadağın edildi, 1865-ci ilin aprelində isə ayrılmış Cənub ştatları Konfederasiyasının paytaxtı Riçmond tutuldu. Şimalın qələbəsi ABŞ-da burjuaziyanın hakimiyyətini möhkəmlətdi, plantatorların hakimiyyətini və quldarlığı ləğv etdi, ölkənin sürətlə sənayeləşməsi və qərb torpaqlarının mənimsənilməsi üçün şərait yaratdı. ABŞ-da vətəndaş müharibəsi ikinci burjua inqilabına çevrildi.

ABŞ-ın İstiqlaliyyət bəyannaməsi — Şimali Amerikada istiqlaliyyət uğrunda müharibə zamanı — 1776-cı il iyulun 4-də II Kontinental konqresdə qəbul olunmuşdur. İstiqlaliyyət bəyannaməsi koloniyaların İngiltərədən ayrılmasını və müstəqil ABŞ dövlətənin yaradılmasını bəyan edirdi. Bəyannamədə xalq suverenliyi prinsipi dövlət quruculuğunun əsası kimi, eləcə də xalqın istismarçılara qarşı üsyan etmək hüququ elan olunurdu. Bəyannaməsinin müəlliflərindən biri T.Cefferson konqresin lahiyəsinə hətta quldarlığın ləğv edilməsi haqqında maddə də daxil etmişdi. Lakin həmin maddə əsasən plantatorlardan ibarət olan redaksiya komissiyası tərəfindən layihədən çıxarılmışdır.

«açıq qapılar» doktrinası — 1899-cu ildə ABŞ böyük dövlətlərdən tələb etdi ki, Çindəki nüfuz dairələrində Amerika mallarının gətirilməsi və satışına şərait yaratsınlar. Özünün iqtisadi üstünlüyünə arxalanan ABŞ bu yolla rəqiblərini Çindən sıxışdırıb çıxarmaq istəyirdi.

Adıgözəl bəy Mirzə (XVIII əsrin 80-ci illəri — 1848) — Azərbaycan tarixçisi. XVIII əsrin sonunda Qazaxdan Qarabağa köçmüş bəy ailəsində doğulmuşdur. Dövrünün savadlı adamlarından biri olub, bir neçə dil bilirdi. Gənc yaşlarında rus ordusunda qulluq edib və kapitan rütbəsini alıb. İstefaya çıxdıqdan sonra Qarabağda mahal naibi olub. Əsas əsəri olan «Qarabağnamə»ni (1845) Adıgözəl bəy 65 yaşında ikən yazmışdır. «Qarabağnamə» Qarabağın siyasi tarixinin 1736-cı ildən 1828-ci ilə qədər olan dövrünü əhatə edir. Bu əsərin yazılmasında müəllif rəvayətlərlə yanaşı, sənədli materiallardan da istifadə etmişdir. Adıgözəl bəyin «Qarabağnamə»si Qarabağ xanlığının tarixi üzrə qiymətli mənbədir. Adıgözəl bəy 1826-cı ilin hərbi əməliyyatları vaxtı dağıdılmış Nizami məqbərəsinin bərpası işlərini 1847-ci ildə təşkil etmişdir.

Adət (mərasim) — ayin və ya dini ibadətlə müşayiət olunan fəaliyyət.

Afina Pallada — qədim yunan mifologiyasında hərb və zəfər ilahəsi, eləcə də müdriklik, bilik, incəsənət və sənətkarlıq ilahəsi idi. Afina şəhərinin himayədarı hesab edilirdi. Afina Pallada məbədi — Parfenon — qədim yunan incəsənətinin möhtəşəm abidəsidir.

Afina — müasir Yunanıstanın paytaxtı. Afina şəhər ilahəsi -qoruyucusunun şərəfinə belə adlandırılmış ən qədim şəhərlərdən biridir. Afina e.ə. II minilliyin sonlarında Orta Yunanıstanın cənub-şərqində yerləşən Attika vilayətində salınmışdır. Attika vilayətinin təbii şəraiti arpa, üzüm və zeytun ağacları becərmək üçün əlverişli idi. Buna görə də burada üzümçülük, şərabçılıq inkişaf etmişdi; burada istehsal olunan yüksək keyfiyyətli zeytun yağı geniş ərazilərdə məlum idi. Külli miqdarda keyfiyyətli gilin olması Attikada dulusçuluq sənətinin inkişafına səbəb olmuşdu. Afina sənətkarları şəhərin Keramik adlanan rayonunda məskunlaşdılar («keramika » sözü buradan yaranıb). Afina sənətkarlarının düzəltdikləri amforalar xüsusilə məşhur idi. Pirey adlı əlverişli liman da Afina yaxınlığında yerləşirdi. Buraya taxıl, taxta-şalban və qul gətirirdilər. Qulların gümüş çıxardıqları Lavrion mədənləri də Attikada yerləşirdi. E.e. VI əsrdə Afinada özlərinin gümüş pullarını kəsməyə başladılar.
Attika tayfalarının Afina ətrafında birləşdirilməsi çar Teseyin adı ilə bağlanılır. Bundan sonra e.ə. I minilliyin əvvəllərindən Afina Qədim Yunanıstanın tarixi və mədəniyyətində mühüm rol oynayan şəhər-dövlətə çevrildi. E.ə. VIII — VI əsrlərdə Afinada əyanların — aristokratiyanın hakimiyyəti bərqərar oldu. E.ə. 621-ci ildə ilk dəfə olaraq hökmdar Drakont tərəfindən qanunverici adətlər yazıya alındı və bu, aristokrat hakimlərin özbaşınalığını bir qədər məhdudlaşdırdı. E.ə. 594-cü ildə demosun güclü təzyiqi altında Solon Afinanın bütün ictimai-siyasi həyatını deyişən islahatlar keçirdi. Attikanın bütün yerli əhalisi Afina vətəndaşı oldu. Amma demosun nisbətən imkanlı təbəqələri hakimiyyəti böyük mülkü olan aristokratlarla bölüşdürməli idilər. Buna görə də onların arasında mübarizə hələ də davam edirdi. E.ə. 560-cı ildə Afinada siyasi çevriliş oldu — Pisistratın nəsli aristokratiyaya qarşı yönəlmiş tiraniyası (istibdad üsuli-idarəsi) quruldu. Pisistratın dövründə Afina xarici siyasət sahəsində böyük nailiyyətlər əldə etdi. Şəhərin özü böyüdü, yeni binalar və heykəllərlə bəzəndi, su kəməri çəkildi. Homerin poemaları yazıya köçürüldü. Pisistratın ölümündən az sonra onun oğlanlarının tiraniyası e.ə. 510-cu ildə devrildi. Nəsli əyanların hakimiyyəti ələ keçirmək cəhdləri e.ə. 508-ci ildə demosun Klisfenin başçılığı ilə üsyanına səbəb oldu. Üsyançıların qələbəsi əyanların ağalığına və nəsli icmanın axırıncı qalıqlarına son qoyan islahatlarla daha da möhkəmləndirildi. E.ə. VI əsrin sonlarından qoşun və donanmaya komandanlıq etmək üçün strateqlər seçilirdi. Vətəndaşlar arasında mübahisələri həll edən hakimlər də seçki ilə müəyyənləşdirilirdilər. Afinanın istənilən vətəndaşı hakim seçilə bilərdi. Yunan -İran müharibələri dövründə əvvəldən-axıradək aparıcı rol Afinaya məxsus olmuşdur. Sonrakı illərdə, bir qədər keçdikdən sonra Afina dəniz dövlətinə çevrilən Delos ittifaqına (Afina dəniz ittifaqına) başçılıq etmişdi. Bu dövrdə Afina özünün çiçəklənmə dövrünə qədəm qoymuşdu. Afinanın dəniz limanı olan Pirey bütün qədim dünyanın ticarət yollarının qovuşma mərkəzinə çevrilmişdi. Afinada o dövr üçün daha mütərəqqi olan dövlət quruluşu — Afina demokratiyası bərqəqar olur. Ali hakimiyyət mühüm məsələlərin həlli və vəzifəli şəxslərin seçkisi ilə məşğul olan xalq yığıncağına keçir. Xalq yığıncağı, demək olar ki, hər həftə aqorada çağırılırdı. Strateq Periklin dövründə dövlət vəzifələrinin icrası üçün maaş təyin edilir ki, bu da az imkanlı ailələri dövlətin idarə olunmasında iştirak etməyə maraqlandırır. «Periklin qızıl dövrü» adlandırılan çağda ən görkəmli yunan alimləri, memarları -tarixçi Herodot, filosof Anaksaqor, memar və heykəltəraş Fidi və b. Afinada yaşayıb-yaratmışlar. Esxil, Sofokl, Aristofan və b.-nın əsərləri teatrda göstərilirdi. Akropol dünya memarlığının şah əsəri sayılır. Afina Yunanıstanın ən gözəl şəhəri hesab edilirdi. Lakin bu qısamüddətli çiçəklənmə Peloponnes müharibəsində (c.ə. 431 — 404) Afinanın məğlubiyyətindən sonra başa çatdı.
E.ə. 338-ci ildə Xeroneya yaxınlığındakı döyüşdən sonra Afina Makedoniya monarxiyasına tabe olmaq məcburiyyətində qaldı. E.ə. 196-cı ildə Makedoniya çarı IV Filippin romalılar tərəfindən məğlub edilməsindən sonra Afina, əslində, Romadan asılı vəziyyətə düşdü. E.ə. 88-ci ildə Afinada başda Aristion olmaqla antiroma əhval-ruhiyyəli demokratlar hakimiyyətə gəldilər və Afina Pont çarı VI Mitridat Yevpatorun rəhbərlik etdiyi antiroma koalisiyasına qoşuldu. Bundan az sonra Afina Roma sərkərdəsi Komeli Sullanın qoşunları tərəfindən mühasirəyə alındı. Afinanın mühasirəsi e.ə. 88 — 87-ci illərin bütün qışı ərzində davam etdi və martın 1-də şəhər hücumla alınıb talan edildi. Sulla bir çox incəsənət əsərlərini Romaya apardı. Romaya tabe olmuş Afina hələ də özünü idarə edirdi. Afinanın elm və mədəniyyət mərkəzi olması şərəfi qorunurdu və «adətən varlı romalılar təhsillərini burada başa vururdular. Bəzi Roma imperatorları Afinaya xüsusi himayədarlıq edirdilər, orada binalar və məbədlər inşa etdirirdilər, o cümlədən Zevs və Hera məbədi, kitabxana, gimuasiyalar inşa etdirilmişdi. E.ə. III əsrdən Yunanıstan barbarların hücumlarına məruz qalır və Afina tam süquta uğrayır. Bizans imperiyasının yaranması ilə Afina incəsənətinin bir çox abidələri eramızın IV əsrində Konstantinopolun bəzədilməsi üçün aparılmışdı. 529-cu ildə Bizans imperatoru Yustinianın əmri ilə Afinada qalmış sonuncu məktəblər bağlanılmışdı. Antik Afinanın mədəni tarixi belə başa çatmışdı.

Afina dəniz ittifaqı və ya Afina arxesi — Afinanın başçılığı altında qədim yunan şəhər-dövlətlərinin Delos ittifaqı əsasında e.ə. V əsrin 70-ci illərində yaranmış birlik. Yunan — İran müharibələri dövründə formal olaraq müstəqil və bərabərhüquqlu şəhər-dövlətlərin Əhəmənilər dövləti əleyhinə yaranmış birliyi idi. Yunanıstanda ən böyük və döyüş qabiliyyətli donanmaya malik olan Afina e.ə. 478-ci ildə ittifaqda rəhbərliyi ələ keçirdi. Ajina strateqləri birgə hərbi əməliyyatlara, ittifaqın təşkilatçılıq və maliyyə funksiyalarına rəhbərliyi də öz əllərində cəmləşdirdilər. Sonralar afinalılar müttəfiq şəhərlərin daxili işlərinə qarışmağa başladılar. E.ə. 454-cü ildə ittifaqın xəzinəsi Delos adasından Afinaya köçürüldü. Ayrı-ayrı müttəfiqlərin Afinanın qəyyumluğundan xilas olmaq cəhdlərinin qarşısı yubadılmadan alınırdı. Afinalılar qarnizonlarını müttəfiqlərin ərazilərində yerləşdirməyə başladılar. Bu qarnizonlara başçılıq edən Afina müvəkkilləri — yepiskopları yerli əhalinin torpaqlarını müsadirə edib orada afinalılan yerləşdirməyə başladılar. Müttəfiqlərdən müsadirə olunmuş torpaqlarda 10 mindən artıq afinalı yerləşdirilmişdi. İlk vaxtlar xəzinəyə ödənilən könüllü üzvlük haqları sonralar Afinaya onun xalq yığıncağı tərəfindən hər müttəfiq üçün müəyyənləşdirilən xəraca çevrildi. Bütün bunlar Peloponnes müharibəsi üçün bəhanə oldu — Sparta və onun müttəfiqləri yunan şəhərlərini Afina despotizmindən xilas etmək üçün müharibəyə başladılar. Afina dəniz ittifaqı şəhərlərinin Spartanın tərəfinə keçməsi Peloponnes müharibəsinin taleyini Spartanın xeyrinə həll etdi. E.ə. 404-cü ildə Afinanın məğlub olması onun möhtəşəm dəniz ittifaqı kimi ləğvinə gətirib çıxardı. Afina dəniz ittifaqının buraxılması qaliblərin məğlub afinalılara qarşı irəli sürülən ilk tələblərindən biri idi.

Afrodita — qədim yunan mifologiyasında dəniz köpüyündən doğulmuş məhəbbət və gözəllik ilahəsi. Afrodita xarakteri və mənşəyinə görə Şərqin Astartasına (Aştart, İştar) bənzəyir. Romalılarda Venera ilə eyniləşdirilirdi.

Ağa Məhəmməd şah Qacar (1742 — 97) — türk qacar tayfasından olan İran sərkərdəsi, İranın şahı (1796 — 97), Qacarlar sülaləsinin banisi. Ağa Məhəmməd xan bütün Azərbaycan xanlarına, hakimlərinə fərman göndərib onlardan itaət etmələri əlaməti olaraq İrana əmanət (girov) göndərmələrini tələb etdi. Azərbaycan xanlarının əksəriyyəti fərmanı qəbul etməkdən imtina elədi və 1795-ci ilin yayında Ağa Məhəmməd xanın qoşunları Azərbaycan xanlıqları üzərinə hücuma keçdi. İran qoşunları Talış, Naxçıvan və İrəvan xanlıqlarını qarət etdilər. Bundan sonra İran qoşunları Şuşanı mühasirəyə aldılar, amma qalanın müdafiəçiləri 33 gün müvəffəqiyyətlə müdafiə olundular, Ağa Məhəmməd xan mühasirəni dayandırıb Tiflis üzərinə yürüş etdi və şəhəri tutub qarət etdi. Həmişə onun xanlığını talanla hədələyib xərac tələb edən Kartli-Kaxeti çarı II İraklidən çəkinən gəncəli Cavad xan da bu yürüşə qatılmışdı. Bu bölgəni tutmaq istəyində olan Rusiya hökuməti və II Yekaterina 1796-cı ilin aprelində general Zubovun komandanlığı ilə Rusiya qoşunlarını Azərbaycana göndərdi. Rusiya qoşunları ilə toqquşmaqdan çəkinən Ağa Məhəmməd xan Azərbaycanı tərk etdi. Ağa Məhəmməd xan 1796-cı ildə özünü İranın şahı elan etdi və Qacarlar şah sülaləsinin əsasını qoydu. Rus qoşunları Azərbaycandan çıxarıldıqdan sonra 1797-ci ildə Ağa Məhəmməd şah buraya ikinci dəfə yürüş etdi. O, əvvəlcə Naxçıvan və Xoy xanlıqlarını tutub talan etdi, sonra Lənkəran xanlığını tutdu. Bundan sonra Xudafərin körpüsünü dağıdan Ağa Məhəmməd şah Şuşaya tərəf yollandı və şuşalıların qətiyyətlə müdafiə olunmasına baxmayaraq, İbrahimxəlil xanı məğlub etdi və o, qohumu avar xanı Ummanın yanına qaçdı. Şuşalılar Ağa Məhəmməd şahın onlara xətər yetirməyəcəyi barədə Qurana and içməsinə inanıb şəhəri təslim etdilər. Lakin şəhərə daxil olan Ağa Məhəmməd şah qarətə başlamaq barədə döyüşçülərinə əmr verdi. Bir sıra Azərbaycan xanları „könüllü“, digərləri isə imkansızlıqdan Ağa Məhəmməd şaha itaət etmək məcburiyyətində qalmışlar. Ağa Məhəmməd şah Gürcüstana yürüş etməyə hazırlaşırdı, lakin sui-qəsd nəticəsində Şuşada qətlə yetirildi. Ağa Məhəmməd şah öldürüləndən sonra İran qoşunları Arazın o tayına çəkildilər.

»ağıllı insan" — müasir insanlara bənzər «ağıllı insan» təxminən 40 min il əvvəl meydana gəlmişdir. Onun beyninin həcmi «bacarıqlı insan»ın beyninin həcmindən iki dəfə böyük idi, boyu uca, qaməti düz idi.

Ağqoyunlu — Ağqoyunlu tayfaları və dövləti (1468 — 1503). Başda bayandur tayfasının durduğu türkdilli ağqoyunlu tayfa ittifaqı Mərkəzi Asiyada meydana gəlmişdir. Ağqoyunlu tayfalarının bayrağında ağ qoç rəsmi təsvir edildiyindən həmin tayfalar belə adlandırılmışdır. Ağqoyunlu tayfaları XIII əsrdə Cənubi Azərbaycan və İran ərazilərinə köçərək burada məskunlaşmışdılar. XV əsrin əvvəllərində ağqoyunlu tayfaları Qaraqoyunlu dövlətinin tərkibində idilər. Qaraqoyunlu dövlətinin daxili vəziyyətinin pisləşməsindən istifadə edən ağqoyunlu tayfalarının başçısı Uzun Həsən 1467-ci ildə Muş yaxınlığında Cahanşahın başçılıq etdiyi qaraqoyunlu qoşunlarını məğlubiyyətə uğratdı və paytaxtı Təbriz olmaqla əraziləri Xorasandan Kür çayınadək yayılan Ağqoyunlu dövlətini yaratdı. Uzun Həsən özünü padşah elan etdi. Rəqibləri ilə müharibələr zamanı Uzun Həsən şirvanşah Fərrux Yassar və Ərdəbil şeyxi Cüneydlə saziş bağladı. Mərkəzi hakimiyyəti və inzibati idarəetmə sistemini möhkəmləndirməyə çalışan Uzun Həsən vergi islahatı keçirdi. Osmanlı imperiyasına qarşı Avropada müttəfiq axtarmaq ümidində olan Ağqoyunlu dövləti Avstriya, Macarıstan, Polşa və Moskva knyazlığı ilə diplomatik əlaqələr saxlayırdı. Uzun Həsənin anası Sara xatun dövlətin xarici siyasətində mühüm rol oynayırdı. Osmanlı imperiyası ilə Ağqoyunlu dövləti arasında 1472-ci ildə başlanan müharibə 1480-ci ildə türklərin məğlubiyyəti və sülh bağlanması ilə qurtardı. Ağqoyunlu padşahlarının böyük miqdarda soyurqal paylamaları nəticəsində köçəri əyanlar o dərəcədə gücləndilər ki, padşaha tabe olmaqdan imtina etdilər. XV əsrin axırlarında Ağqoyunlu dövlətini daxili didişmələr bürüdü və nəticədə dövlət 1499-cu ildə iki hissəyə parçalandı və onlar da öz növbəsində bir-biri ilə düşmənçilik edən xırda mülklərə parçalandı. 1501-ci ildə İsmayıl Şərur yaxınlığındakı savaşda Ağqoyunlu padşahlarından olan Əlvənd Mirzənin qoşunlarını dağıtdı və Əlvənd Ərzincana qaçdı, İsmayıl isə 1502-ci ildə Təbrizə daxil olub Səfəvilər dövlətini yaratdı. 1503-cü ildə Həmədan yaxınlığındakı savaşda I İsmayıl digər Ağqoyunlu hökmdarı Murad padşahın qoşunlarını darmadağın etdi və Ağqoyunlu dövlətinin varlığına son qoydu.

ağsaqqal — 1) Şərq ölkələrində hörmət edilən yaşlı adam; 2) Şərq ölkələrində kəndli icmasının, camaatın başçısı. Ağsaqqal hər bir icma üzvü üçün dövlət vergisinin miqdarını müəyyənləşdirir və onun yığılmasını təmin edirdi, bunun müqabilində isə məhsulun müəyyən hissəsi ona çatırdı.

ağsaqqal — qədim dövrdə qəbilə icmasının başçısı. Ağsaqqallar qəbilənin bütün yaşlı kişilərinin yığıncağında (xalq yığıncağında) vəhşi heyvanların davranışını, meyvələrin yığılma vaxtını, qədim rəvayətləri və davranış qaydalarını yaxşı bilən ən təcrübəli və nüfuzlu qəbilə üzvlərindən seçilirdi. Ağsaqqallar əmək alətlərinin hazırlanmasına, yeniyetmələrə ovçuluğun öyrədilməsi və ərzağın bölüşdürülməsinə rəhbərlik edirdilər. Tayfalar yaranandan sonra hər birinin başında ağsaqqallar şurası dururdu. Şuranın tərkibini isə tayfaya daxil olan qəbilələrin ağsaqqalları təşkil edirdi.

Ağsonqurilər dövləti — Cənubi Azərbaycan ərazisində mərkəzi Marağa şəhəri olan dövlət (1108 — 1227). Mənşəcə Rəvvadilərdən törənən Ağsonqurilər sülaləsi tərəfindən idarə olunurdu.

Ahura Mazda — Avestada zərdüştilik panteonunun baş allahı. Hərfi mənası -«müdrik allah» deməkdir. Qədim yunanların, hindlilərin, slavyanların davakar-ildırımyağdıran baş allahları — Zevs, İndra və Perundan fərqli olaraq Ahura Mazda dünyanı ağılın gücü və vasitəsi ilə yaradan kahin simasında təsvir olunurdu. Ahura Mazda bütün mövcudatı yaratmış, əvvəllər mövcud olmuş şüurlara can vermiş, əvvəlcədən şüur, söz və əməli müəyyənləşdirmişdi. Ahura Mazda məhşərə çəkir, şər qüvvələrlə mübarizə aparır. Ahura Mazda səma ilə Yer arasında vasitəçi kimi Zərdüştü seçmişdir. Zardüştilikdə hər bir insanın mütləq iradə azadlığı (seçimi) olduğu halda, hər bir canlı məxluq Ahura Mazda qarşısında cavabdehdir. Ahura Mazdanın təzühur edən qismi, onun «canı» Avestada alov adlanıb. Ahura Mazda tələb edirdi ki, ona edilən sitayiş, ibadət müqəddəs od qarşısında həyata keçirilsin. Onun şərəfinə şərab nəziri ayini yalnız xaoma bitkisinin şirəsi ilə süd qarışığından ibarət ola bilərdi. Orta əsrlər İran ənənəsinə görə, Ahura Mazda Hörmüzd adlanır.

axeylər (axaylar) — qədim yunan tayfalarından biri. Axeylər Mikena, Pilos və s. şəhərləri tikmişlər. Axey şəhərlərinin birləşmiş qoşunları Aqamemnonun başçılığı ilə Troya şəhərinə qarşı müharibədə iştirak etmişdir. Homerə görə, axeylər qədim yunan tayfalarının ümumi adıdır.

Axill, Axilles — Homerin "İliada" poemasının qəhrəmanlarından biri. Axillin anası, dəniz ilahəsi Fetida oğlunun ömrünü əbədiləşdirmək üçün onu dabanından yapışaraq yeraltı Stiks çayının sularında çimdirmişdir. Troyanın mühasirəsi zamanı Parisin atdığı ox onun yeganə zəif yeri olan dabanına dəyənədək Axill məğlubedilməz idi. Ona görə də «Axilles dabanı» ifadəsi «zəif yer» mənasını daşıyır.

Axundov Mirzə Fətəli (1812 — 78) -görkəmli Azərbaycan yazıçısı, Azərbaycan ədəbiyyatı klassiki, milli realist nəsrin və dramaturgiyanın banisi, filosof və maarifçi. Axundov Nuxada (Şəki) anadan olmuşdur. Mədrəsədə oxumuş, ərəb, fars, türk dillərini öyrənmiş və molla rütbəsi almışdır. Ruhani mənsəbindən imtina edən Mirzə Fətəli rus-tatar məktəbinə daxil olmuş və ona başqa müəllimlərlə yanaşı, Mirzə Şəfi Vazeh də dərs demişdir. M.F.Axundov 1834-cü ildə Tiflisə köçmüş, burada əvvəlcə dərs demiş, sonra isə Qafqazdakı Rusiya canişininin dəftərxanasında Şərq dillərindən tərcüməçi vəzifəsində çalışaraq polkovnik rütbəsinədək yüksəlmiş, ordenlərlə təltif edilmişdir. Axundov Azərbaycan dramaturgiyasının banisi sayılır. «Hekayəti-Molla İbrahimxəlil kimyagər» (1850), «Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur» (1850), «Sərgüzəşti-mərdi-xəsis» («Hacı Qara»; 1852) komediyalarında, eləcə də «Aldanmış kəvakib» (yaxud «Hekayəti-Yusif şah») povestində dövrünün Azərbaycan gerçəkliyini realistcəsinə təsvir etmişdir. M.F.Axundov ilk pyeslərini nəşr etdirdikdən az sonra xarici mətbuat onların novatorçu səciyyəsini qeyd etmiş və bu əsərlərin ümumi məzmununun, eləcə də mətninin tərcümələrinin nəşrinə başlamışdır. Axundovun komediyaları rus, erməni, gürcü, fars və bir çox digər dillərə tərcümə olunmuşdur. M.F.Axundovun fəlsəfi əsərləri arasında irihəcmili «Hindistan şahzadəsi Kəmalüddövlənin öz dostu İran şahzadəsi Cəmalüddövləyə yazdığı üç məktubu və Cəmalüddövlənin ona göndərdiyi cavab» əsəri çox əhəmiyyətlidir. Onun fəlsəfi əsərlərində materialist ideyalar təbliğ edilirdi. Axundovun yaradıcılığı Şərqin bir çox xalqlarının ictimai təfəkkürünün inkişafına təsir etmişdir. Ərəb əlifbasının Azərbaycan və Şərqin digər xalqlarının maariflənməsi yolunda ciddi maneə olduğunu zənn edən Axundov əlifbanın islahatı uğrunda mübarizə aparırdı. Onun tərəfindən belə bir islahat layihəsi hazırlanmış, sonra latın, ardınca isə rus qrafikası əsasında yeni əlifba tərtib edilmişdir.

AİB («Avropa İqtisadi Birliyi» və ya "Ümumi bazar") — AİB-in təsis edilməsi haqqında müqavilə 1957-ci ilin martında Romada Fransa, AFR, İtaliya, Belçika, Niderland və Lüksemburq arasında imzalanmışdır. Böyük Britaniya, Danimarka, İrlandiya, İspaniya, Portuqaliya və Yunanıstan 1973-cü ildən AİB-ə qoşulmuşlar. Bu birliyin əsas məqsədi AİB çərçivəsində gömrük ittifaqı yaratmaq; işçi qüvvəsinin, xidmət və kapitalların ümumi bazarını formalaşdırmaq; üçüncü ölkələrə qarşı vahid ticarət siyasəti yeritmək; kənd təsərrüfatı və nəqliyyat sahəsində iqtisadi siyasətdə mövcud olan fərqi aradan qaldırmaq; üzv-ölkələrin iqtisadi qanunlarını uyğunlaşdırmaqdan ibarətdir. AİB-in son məqsədi bu özül üzərində siyasi birlik yaratmaq olmuşdur. Sonralar AİB Avropa İttifaqına (Aİ) çevrildi.

Akademiya — 1) e.e. 388-ci ildə Afinada Platon tərəfindən əsası qoyulmuş fəlsəfi məktəb. Yunan epik qəhrəmanı Akademin şərəfinə Afina yaxınlığındakı yerə verilmiş addan götürülmüşdür. Akademiya məşhur fəlsəfi mərkəzə çevrilmişdir. Onun şagirdləri arasında Aristotel, Epikür və başqa tanınmış filosoflar olmuşdur. 529-cu ilə qədər mövcud olmuş və Bizans imperatoru Yustinianın göstərişi ilə bağlanmışdır; 2) İtaliyada Dirçəliş (Renessans) dövründə elmi cəmiyyətləri, başlıca olaraq humanitar yönümlü cəmiyyətləri, sonralar isə məşhur rəssamların dərs dediyi məktəbləri akademiya adlandırmışlar. İlk incəsənət akademiyası — Müqəddəs Luka Akademiyası — 1593-cü ildə Romada yaradılmışdır; 3) hazırda elmi və ya tədris müəssisəsi.

Akkad — Mərkəzi Mesopotamiyada qədim şəhər və əyalət. E.ə. 2360-cı ildən etibarən e.ə. XXIV — XXII əsrlərdə mövcud olmuş eyniadlı dövlətin paytaxtı idi. Akkad dövlətinin əsasını hökmdar I Sarqon (Qədim; Akkadlı) qoymuş və demək olar ki, bütün Mesopotamiyanı öz hakimiyyəti altında birləşdirə bilmişdir. Akkadda bir sıra saray çevrilişlərindən sonra hökmdar Naram-Suen (e.ə. 2236 -2200) hakimiyyətə gəlmişdir. O, qivamları yatıraraq dövləti möhkəmləndirən islahatlar keçirmişdir. Lakin az sonra qərbdən (Cənubi Azərbaycan ərazilərindən) Akkada kuti tayfalarının basqını oldu. Kutilər Akkad qoşunlarını məğlub etdilər, onların hökmdarı Naram-Suen isə döyüşdə həlak oldu. Kutilər Akkad və Şumeri tutdular. Sonralar Akkad əvvəlki əhəmiyyətini itirdi və Mesopotamiyanın əsas mərkəzi Babil oldu.

akropol (yun. «yuxarı şəhər») — şəhər qalası (içqala), habelə şəhərin müqəddəs yerləri və ictimai binalarının yerləşdiyi sahə. Afina Akropolunun bəzəyi isə Parfenon məbədi idi.

Aksi — İoni dənizində burun; e.ə. 31 -ci il sentyabrın 2-də Romada vətəndaş müharibəsi dövründə onun yaxınlığında Oktavianın Aqrippanın komandanlığı altında döyüşən 260 gəmidən ibarət donanması həlledici vuruşda Antoni və Kleopatranın 230 gəmidən ibarət donanmasını əzmişdir. Döyüşün qızğın çağında savaşın uduzulduğunu zənn edən Kleopatra Misir donanmasına döyüşdən çıxmaq haqqında əmr verdi. Vuruşan gəmilər arasından sivişib qaçan 60 gəmi araya çaxnaşma saldı. Antoni Kleopatranın xəyanətinə inana bilmirdi. Antoni onun uğrunda vuruşub-ölən döyüşçüləri tərk edərək sürətli gəmiyə minib Kleopatranın ardınca getdi. Antoninin sərkərdəsiz qalmış donanması məğlubıyyətə uğradı və təslim oldu. Antoni ilə Kleopatra Misir İsgəndəriyyəsinə gəldilər.

aksiya — 1) səhmdar cəmiyyətləri tərəfindən buraxılan, sahibinin həmin cəmiyyətin yatırımında (kapitalında, səhmlərində) iştirak etməsini və hər il müəyyən qədər qazanc — dividend əldə etməsinə hüquq verməyi təsdiq edən qiymətli kağız. Aksiya fond birjasında satılır və alınır; 2) fəaliyyət, çıxış (məsələn: siyasi aksiya, diplomatik aksiya).

akveduk (lat. «su keçirən») — əhalini su ilə təchiz etmək üçün kanal, metal və ya saxsı boru şəklində çəkilmiş su xətti. Akvedukun böyük hissəsi yer altında qurulurmuş. Akvedukları qədim romalılar tikməyə başlamışdılar.

Aqamemnon — e.ə. XIV — XII əsrlərdə axey şəhər-dövlətlərinin ən qüdrətlilərindən olan Mikenanın çox varlı hökmdarı. Aqamemnon Troyaya qarşı müharibədə axey şəhər-dövlətlərinin birləşmiş qoşunlarına başçılıq etmişdir.

aqlomerasiya — iqtisadi və mədəni əlaqələrin intensiv inkişafı nəticəsində ətraf şəhərlərin böyüyərək toplu şəklində birləşməsi.

aqora — 1) qədim yunan şəhərlərində açıq yer, meydan. Aqoradan bazar, qanunların nümayiş etdirilməsi, xalq yığıncaqlarının, məhkəmələrin keçirilməsi və rəsmi fərmanların elan edilməsi yeri kimi istifadə olunurdu. Aqoranın ətrafında ictimai və dini binalar, zərbxanalar yerləşirdi; 2) bir sıra qədim yunan şəhər-dövlətlərində xalq yığıncaqlarının adı.

aqrar — torpaq işi, torpaq mülkiyyəti və ya torpaq istifadəsinə aid olan; məs.: aqrar böhran.

aqrar çevriliş — kənd təsərrüfatında muzdlu əməkdən istifadə olunması ilə bağlı kapitalist münasibətlərinə keçid.

Aquen (Aluen) məclisi — Qafqaz Albaniyası xristian ruhanilərinin 488-ci ildə Aquendə (indiki Ağdam rayonu ərazisində) alban hökmdarı III Vaçaqan tərəfindən çağırılmış yığıncağı. Aquen məclisində alban çarları, əyanları və ruhanilərinin imtiyazları bərpa edilmiş, ictimai və ailə münasibətlərini tənzimləyən qərarlar qəbul edilmişdir. Məclis kəndlilərdən kilsə mənafeyinə alınan vergilərin miqdarını dəqiqləşdirmişdir. Bir sıra bütpərəstlik ənənələrinə qarşı qərarlar da qəbul olunmuşdur. Aquen məclisinin qərarı ilə Qafqaz Albaniyasının Sasani ordusuna süvari qoşunlar göndərmək mükəlləfiyyətindən azad edilməsi haqqında qərar qəbul olundu.

alanlar — on iri sarmat tayfalarından biri. E.ə. II əsrdən roksolan adı ilə məlumdurlar. Eramızın ilk əsrlərində köçəri alan tayfaları Azovyanı və Ön Qafqazın çöl bozqır rayonlarında məskunlaşmışdılar. I — II əsrlərdə alan tayfaları Cənubi Qafqaz ölkələrinə — Qafqaz Albaniyasına, İberiyaya, habelə Atropatenaya, Kiçik Asiyaya və Roma imperiyasının bir sıra əyalətlərinə tez-tez talançı basqınlar edirdilər. IV əsrin ikinci yarısında tayfalar hunlar tərəfindən darmadağın olundular və qismən hun tayfa ittifaqına daxil edildilər. Bundan sonra alanların xeyli hissəsi onlarla birlikdə Avropaya hərəkət edərək Qalliyadan, İspaniyadan keçib Şimali Afrikada vandallara qarışdı. Alanların digər hissəsi isə hunların təzyiqi ilə Şimali Qafqaz dağlarına köçdü. IV əsrdən alan tayfaları burada oturaq həyata keçməyə başladılar. Şimali Qafqaz alanları bir neçə tayfa ittifaqına bölündülər ki, bunların da ən iriləri Şərqi və Qərbi ittifaqlar idilər. Şərqi ittifaq xəzərlərlə və İranla bağlı idi, Qərbi ittifaq isə Bizansla. VI əsrdən etibarən qərbi alanlar arasında xristianlıq yayılmağa başladı. VI əsrdə alan tayfa ittifaqı birlikləri avarlar tərəfindən dağıdıldılar. VII əsrdən X əsrədək Alaniya Xəzər xaqanlığının tərkibinə daxil olmuşdur. X — XII əsrlərdə alanların başda hökmdarları «baqatar»ları olan dövlətləri formalaşır. Bu dövrdə yunan əlifbası əsasında alanların yazısı meydana gəlir. Alanlar «Nart» qəhrəmanlıq eposunu yaratmışlar. Alan mədəniyyəti Ön Qafqaza 1222-ci il monqol-tatar basqınınadək mövcud olmuşdur. XIV əsrdən alanlar arasında islam dini yayılmağa başlamışdır. Müasir osetinlər alanların nəslindəndirlər.

Alarix (370 — 410) — germanların tanınmış varlı Balt nəslindəndir. O, german tayfası olan vestqotların bacarıqlı və uzaqgörən rəhbəri idi. 395-ci ildə vestqotlar Balkan yarımadasında Alarixin basçılığı ilə yenə də üsyan etdilər və onu konunq — kral seçdilər. Alarix Frakiyaya, Makedoniyaya və Yunanıstana soxuldu, Afinanı tutdu, Korinfi, Arqosu və Spartanı talan etdi. Roma imperatoru onunla sülh bağlamaq və Balkan yarımadasının qərbində zəngin İlliriya əyalətini    vestqotların    məskunlaşması üçün ayırmaq məcburiyyətində qaldı. 401-ci ildən vestqotlar Qərbi Roma imperiyasına hücumlarını artırmağa başladılar. Bir neçə il ərzində vestqotların romalılara qarşı müharibələri ittifaq haqqında sazişlərlə əvəz olunmuşdu. Roma qoşunlarında xidmət edən xeyli germanlar, habelə çoxlu sayda Roma qulları Alarixin tərəfinə keçdilər. Alarix üç dəfə Romaya yaxınlaşıb onu mühasirəyə almışdır. 410-cu il avqustun 24-də "əbədi şəhər" Alarixin başçılıq etdiyi vestqotlar tərəfindən tutuldu və üç gün talan edildi. Alarix Cənubi İtaliyada — Siciliya və Şimali Afrikaya yürüşə hazırlaşdığı zaman ölmüşdür.

alban tayfaları — Qafqaz Albaniyası ərazisində müxtəlif dillərdə danışan 26 tayfa məskunlaşıbmış. Bunlar albanlar, anariaklar, amazonlar, utilər, qarqarlar, gellər, kaspilər, leqlər və b. idilər. Bu tayfalardan ən iriləri alban və uti tayfaları idilər. Bir sıra alban tayfalarının nəsilləri Azərbaycan Respublikası ərazisində dövrümüzədək gəlib çıxmışlar — udinlər, xınalıqlar, buduqlar və b.

“Alban tarixi” — alban tarixçisi Moisey Kalankatlı tərəfindən yazılmış tarixi əsər. «Alban tarixi» xalq deyimləri və əfsanələr, qədim kilsə kitabları, rəsmi sənədlər, eləcə də keçmişlərdə yaşamış tarixçilərin əsərləri əsasında yazılıb. «Alban tarixi» alban dilində tərtib olunmuş, sonradan erməni dilinə tərcümə edilmişdir. Təəssüflər olsun ki, «Alban tarixi» dövrümüzə albanca çatmamışdır. Onun yalnız ermənicə, özü də sonrakı erməni tarixçiləri tərəfindən dəfələrlə düzəlişlərə məruz qalmış tərcüməsi bizə gəlib çatmışdır.

Albion — Britaniyanın qədim kelt adı.

Allah — dünyanı idarə edən ruhlar kimi fövqəladə varlıqlardan ən qüdrətlisi.

Allah — islamda tək olan Allahın adı. Ərəbistan panteonunda (o cümlədən Məkkədə) islamaqədərki həniflərdə dünyanın, cənnətin və cəhənnəmin yaradıcısı. Allah yəhudi və xristianlardakı allahla eyni hesab edilir. Quranda Allahın təkliyi qeyd olunur. O, qüdrətli, hər şeyi əhatə edən və bilən, əbədi və vahiddir. Allahın şəriklərinin varlığını qəbul etmək islama qarşı ən böyük cinayətdir. «O Allah təkdir, Allah əbədidir; doğmamış, doğulmamış və Ona bərabər olan biri yoxdur» (Quran). Allah ilk növbədə dünyanın yaradıcısı və məhşər gününün ağasıdır. Allah aşağı (Yerdən) və yuxarı (üzərində Onun taxtı yerləşən yeddi göydən) qatlardan ibarət olan dünyanın yaradıcısıdır. Allah cənnəti və cəhənnəmi, mələkləri (ər. məlaikə), insanları yaratmışdır; O, bəşəriyyətə təbiətin nemətlərini bəxş etmiş və onlardan istifadə qaydalarını öyrətmişdir; hər insanın taleyini müəyyənləşdirmişdir. İnsanlara Allahı unutmaq xas olduğundan vaxtaşırı o, insanların arasından öz elçilərini — Peyğəmbərləri seçir. Bunların sırasında Adəm (birinci), İbrahim (yəhudilərdə və xristianlarda — Avraam), Musa (yəhudilərdə və xristianlarda -Moisey), İsa (xristianlarda İİsus) və sonuncu peyğəmbər olan Məhəmməd də vardır. Peyğəmbərləri dinləməkdən imtina edənlərə Allah bəla göndərirdi. İnsanlar peyğəmbərlərin təlimini və Allahın əsl simasını təhrif edirdilər: yəhudilər Musanın çağırışlarına əməl etmədilər; xristianlar İsanı ilahiləşdirdilər; Ərəbistan sakinləri Kəbəni — tək olan Allahın rəmzini — Allaha bərabər tutduqları bir çox allahların məbədinə çevirdilər.

Almaniya — Reyn, Visla, Dunay çayları və Baltik dənizi arasındakı vilayətlərə romalılar tərəfindən verilmiş ad. Almaniya haqqında ilk məlumata e.ə. IV əsr Roma mənbələrində rast gəlinir.

Almaniya imperiyası — 1866-cı il Avstriya — Prussiya və 1870 — 71-ci illər Fransa — Prussiya müharibələri nəticəsində Bismarkı fəal iştirakı ilə yaradılmışdır.
Almaniya imperiyasının yaradılması rəsmən 1871-ci il yanvarın 18-də Versalda elan edilmişdir. Prussiya kralı I Vilhelm Almaniya imperiyasının imperatoru olmuşdur. Şimali Almaniya ittifaqının üzvü olan ölkələr və Cənubi Almaniya dövlətləri öz sülalələri və hökmdarları ilə, eləcə də Fransanın işğal olunmuş əyalətləri — Elzas və Lotaringiya Almaniya imperiyasının tərkibinə daxil edildi. Almaniya imperiyası 1918-ci il noyabr inqilabına və Almaniyada Veymar respublikasının yaradılmasına qədər mövcud olmuşdur.

«Almaniya ittifaqı» — Avstriya Habsburqlarının hegemonluğu altında 39 alman dövlətinin birləşməsi. 1815-ci il iyunun 8-də Vyana konqresində yaradılmışdır. «Almaniya ittifaqı»nın nə hökuməti, nə pulu, nə ordusu, nə də beynəlxalq işlərə təsiri yox idi. Avstriyanın 1866-cı ildə Prussiya ilə müharibədə (Sadova yaxınlığındakı döyüşdə) məğlubiyyətindən sonra «Almaniya ittifaqı» ləğv edildi. Onun əvəzində Prussiyanın hegemonluğu altında Şimali Almaniya ittifaqı yaradıldı.

Almaniyada kəndli müharibəsi — 1524 — 26-cı illərdə Almaniyada baş vermiş kəndli müharibəsi feodal zülmünün artması ilə bağlı idi və Reformasiya hərəkatı ilə çulğaşmışdı. Şəhər yoxsulları tərəfindən dəstəklənən kəndlilər zadəganların qəsrlərinə və monastırlara hücum etmiş, ölkənin cənub-qərbində bir çox şəhərləri ələ keçirmişdilər. Üsyançıların «12 maddə»dən ibarət proqramları şəxsi asılılığın ləğv edilməsini, töycünün, biyarın və ondabir vergisinin azaldılmasını, icma torpaqlarından sərbəst istifadə olunmasını, hər kəndə öz ruhanisini seçməyə icazə verilməsini tələb edirdi. Müntser feodalların hakimiyyətini devirməyə və ədalətli qayda qoyulmasına çağırırdı. Kəndli müharibəsinə qoşulmuş bürgerlərin (varlı şəhərlilərin), cəngavərlərin və varlı kəndlilərin bir hissəsi feodallarla razılaşma taktikasının tərəfdarı idi. Kəndli dəstələri birləşməmişdilər və vahid rəhbərləri yox idi. Kəndli müharibəsi alman knyaz və cəngavərlərinin müttəfiq qoşunları tərəfindən amansızcasına yatırıldı. Qasmayerin Tirolda başçılıq etdiyi kəndlilər daha çox müqavimət göstərdilər. Kəndli müharibəsinin məğlubiyyəti knyazların hakimiyyətinin möhkəmlənməsinə, Almaniyanın pərakəndəliyinin gerçəkləşməsinə və feodal zülmünün artmasına səbəb oldu. Almaniyada baş vermiş kəndli müharibəsi feodalizm quruluşunu inqilabi yolla devirmək üçün göstərilmiş ilk cəhd idi.

Altamira — İspaniyada dəniz sahilində mağara. Təxminən yüz il əvvəl bir arxeoloq həmin mağaranı tədqiq edərkən balaca qızını da özü ilə oraya aparmışdı. Birden qızcığaz qışqıraraq: "Öküzlər, öküzlər!" — dedi. Atası başını qaldırıb tavana baxanda orada boya ilə çəkilmiş nəhəng bizən fiqurları gördü. Mağaranın divarları heyvanların qara və rəngbərəng boyalarla çəkilmiş çoxsaylı real təsvirləri ilə örtülmüşdü. Mağaranın salonlarından birinin tavanı yarımadam-yarımheyvan qiyafəsində (tarixçilərin güman etdiklərinə görə, maskalanmış şamanların fiqurları ilə) bəzədilmişdi. Əvvəllər alimlər ibtidai insanların bu cür sənət əsərləri yarada bilmələrinə inanmırdılar. Yalnız 20 ildən sonra başqa yerlərdə çoxsaylı ibtidai incəsənət əsərləri aşkar olundu və tarixçilər mağara rəsmlərinin həqiqiliyini qəbul etdilər. Altamira rəsmləri e.ə. 15.000 — 8000-ci illərə aid edilir.

alternativ — bir-birini istisna edən iki və ya daha çox imkandan birini seçmək zərurəti.

alyans — ayrı-ayrı adamların, siyasi partiyaların və ya dövlətlərin ümumi məqsədlərə çatmaq üçün ittifaqları, birlikləri.

amazonlar — yunan mifologiyasında Kiçik Asiyada, Qafqaz dağlarının ətəklərində və ya Azov dənizi ətrafında məskunlaşmış döyüşkən qadınlar qəbiləsi. Amazon" adı, guya, kamandan ox atmağın asan olması üçün qızların sol döşlərinin yandırılması adətindən meydana gəlib. Amazonlar bütün vaxtlarını döyüşlərdə keçirir, ox-kaman, döyüş baltası, yüngül qalxanla silahlanır, özlərinə də dəbilqə və paltarlar düzəldirmişlər. Amazonlar qonşu tayfaların kişiləri ilə nəsli davam etdirmək naminə nikaha girir və bu zaman doğulan oğlanları öldürür (ya da atalarına verir), qızları isə özlərinə götürürmüşlər. Tarixçilərin fikrincə, amazonlar haqqındakı əfsanələrdə və onların Olimpiya qəhrəmanları (Herakl və b.) ilə mübarizələrində matriarxat dövrü əks olunmuşdur. Roma tarixçilərinin söylədiklərinə görə, e.ə. 65-ci ildə Pompeyin başçılığı ilə romalıların Kozisin başçılıq etdiyi albanlara qarşı savaşında albanların tərəfində həm də alban qadınları iştirak edirdilər. Əsir götürülmüş alban döyüşçüləri arasında çoxlu yaralı qadın da var idi. Alban qadınlarının igidliyi romalıları heyran etmişdi. Məhz bu qadınların cəsurluğu romalılar arasında Qafqaz Albaniyasının şimalındakı dağlarda döyüşkən amazon tayfalarının yaşaması və albanların Romaya qarşı savaşında onlara kömək etmələri haqqında əfsanənin yaranmasına səbəb olmuşdur.

Amasya müqaviləsi (1555) — Səfəvilər dövləti ilə Osmanlı imperiyası arasında Türkiyənin Amasya şəhərində 1555-ci il mayın 25-də imzalanmışdır. Amasya müqaviləsinin şərtlərinə görə, Gürcüstan və Ermənistanın qərb hissələri Osmanlı imperiyasına, onların şərq hissəsi isə Səfəvilər dövlətinə çatırdı.

Amenhotep IV — Qədim Misir fironu (e.ə. XV əsrin sonu -XIV əsrin əvvəli). IV Amenhotep Amon-Ra allahına pərəstişlə sıx bağlı olan Fiva əyanlarının qüdrətini sarsıtmağa cəhd göstərmişdir. Əhalinin orta təbəqələrinə arxalanan IV Amenhotep Fiva kahinlərinə və qədim əyanlara zərbə endirdi, sonra isə Aton allahının kultunu elan etdi. IV Amenhotep dövlətin paytaxtını yeni Axetaton şəhərinə (indiki Tel-əl-Amarna şəhərciyi) köçürdü. Firon Exnaton adını aldı.

amfiteatr — qədimdə kütləvi tamaşa üçün nəzərde tutulmuş monumental tikili. Adətən örtüksüz, ellipsvarı planda inşa edilən amfiteatrların ortasında divarla əhatələnmiş arena — səhnə olurmuş. Onun ətrafında isə tamaşaçılar üçün nəzərdə tutulan və tədricən maili yüksələn oturacaqlar yerləşdirilirmiş. Qədim Romada amfiteatrlar qladiator döyüşləri üçün inşa edilirmiş. Qədim Roma şəhərlərinin bir sıra amfiteatrları dövrümüzədək qalmışdır. Bunlardan diqqəti daha çox cəlb edəni Kolizey amfiteatrıdır. amfora — çaxır, zeytun yağı, sous, şirə və ya bal saxlamaq üçün gövdəsi dəyirmi çıxıntılı, iki şaquli qulpu və dar ağzı olan gil qab. Qədim yunan şəhərləri, xüsusilə də Afina amfora istehsalı ilə şöhrət qazanmışdı. amnistiya (yun. «amnestiya» — «unutma», «bağışlama») — dövlət başçısının və ya ali nümayəndəli hakimiyyət orqanının qərarı ilə cinayət törədən şəxslərin cəzadan tam və ya qismən azad edilməsi və ya cəzanın daha yüngül cəza ilə əvəz olunması.

Amon və ya Amon-Ra (Qədim Misir dilində «Amon» «gizlədilmiş», "örtülmüş") — Qədim Misirdə Günəş allahı. Amon allahının dini mərkəzi əvvəlcə çevrəsi olan tacda təsvir olunurdu. Qoç Amonun müqəddəs heyvanı hesab edilirdi.  E.ə. XVI əsrdən Amon Günəş allahı Ra ilə eyniləşdirilir və Amon-Ra Qədim Misirdə ümumdövlət allahına çevrilir. Bundan sonra Amon-Raya «bütün allahların hökmdarı», bütün mövcudatı xəlq edən allah kimi pərəstiş edilir. Fironun Amon-Ranın oğlu kimi ilahiləşdirilməsi bununla bağlıdır.

anarxizm (yun. «hakimiyyətsizlik») -XIX əsrin ortalarında Avropada təşəkkül tapmış ictimai-siyasi cərəyan. Anarxistlər yubadılmadan kortəbii üsyan nəticəsində hər cür dövlət hakimiyyətini məhv etməyə və istehsalçıların xırda muxtar birlikləri cəmiyyətini yaratmağa çağırırlar. Anarxizmin əsas ideoloqları Prudon və Bakunin olmuşlar.

anarxiya (yun. «hakimiyyətsizlik») -ayrı-ayrı adamların və ya qrupların rəhbərliyə, hökumətə tabe olmaması və bu zaman meydana çıxan qarışıqlıq.

animizm — canlı və cansız təbiətin cism və hadisələri fövqündə durub, onları idarə edən və fövqəladə varlıqlar kimi təqdim olunan ruhlara inam. Animizmdə ölmüş əcdadların ruhları, insanların, bitkilərin, ildırımın, küləyin, xəstəliklər və s.-nin ruhları insan keyfiyyətləri ilə təqdim olunur.

anklav — 1) bir dövlətin ərazisinin başqa bir dövlətin ərazisi ilə tam əhatə olunması; 2) hər hansı bir dövlətin ərazisinin bir qisminin digər dövlət və ya bir neçə dövlətin ərazisi ilə əhatə olunması.

Anqra Manyu — zərdüştilikdə şər, zülmət və ölüm allahı, Ahura Mazdanın əkiz qardaşı və rəqibi. Anqra Manyu hər cür günahlar yaratmışdır: cadugərlik, xəstəliklər, qocalıq, ölüm, zəhərli sürünənlər və həşəratlar; ilk insan Qayomartanı məhv etmişdir. Ona tabe olan allahların — divlərin vasitəsilə fəaliyyət göstərirdi.

annallar — qədim dövrdə və orta əsrlərdə nisbətən əhəmiyyətli hadisələrin illər üzrə yazılışı. Qədim misirlilərdə, assurlarda, farslarda, çinlilərdə, romalılarda və b. xalqlarda illər üzrə yazı olmuşdur. «Annal» məfhumu latın mənşəlidir (latınca «annus» — «il» deməkdir). Orta əsrlərdə annallar adətən monastırlarda aparılırdı. Annallar «Tarix»lərlə birlikdə tarixi xronikanın inkişafının əsasını təşkil etmişdir.

anneksiva — başqa dövlətin ərazisinin tutulub zorla birləşdirilməsi. antaqonizm — düşmənçilik edən, bir-birinə qarşı duran qüvvələr arasında barışmaz ziddiyyət.

Antik, əntiq (lat. «antikvitas — qədimlik» «köhnəlik») — ümumi mənada müasir «qədimlik» anlayışına bərabərdir. Lakin elə həmin mənada Qədim Yunanıstan, Qədim Roma və ellin dövlətlərini də bildirir. Antik dedikdə tarixin e.ə. I minilliyin əvvəllərindən e.ə. V əsrə qədərki dövrü nəzərdə tutulur.

antisovet üsyanı (Gəncə, 1920) — üsyanın səbəbi yeni sovet hakimiyyətinin siyasətindən ümumxalq narazılığı, bəhanəsi isə bolşeviklər tərəfindən Azərbaycan hərbi hissələrinin «yabançı sinfi ünsürlər»dən təmizlənməsi, üsyanın hərəkətverici qüvvəsi isə Azərbaycan Milli Ordusunun 2 min nəfərə yaxın döyüşçüdən ibarət bölmələri idi. Mayın 25-dən 26-na keçən gecə üsyançılar Rusiyanın XI Qırmızı Ordu hissələrinə hücum etdiər və Gəncənin müsəlmanlar yaşayan hissəsini nəzarət altına aldılar, şəhərin erməni əhalisi isə elə o andan Qırmızı Ordunun tərəfinə keçərək ona yardım üçün silahlı dəstələr təşkil etməyə başladı. Üsyana rəhbərlik etmək üçün generallar Cavad bəy Şıxlinski, Məmmədrza Qacar, Cavanşir bəy Kazımbəyov və b.-dan ibarət tərkibdə hərbi şura yaradıldı. Gənc və ətraf kəndlərin əhalisi də üsyançılara qoşuldu. Üsyançıların sayı 10 min nəfərə çatırdı. Mayın 27-də Qırmızı Ordunun hissələri hücuma keçdi, lakin xeyli itkilərə məruz qaldığından geri çəkilməyə məcbur oldu. Bolşeviklər Gəncəyə əlavə qüvvələr gətirdilər. Yeni hücum ərəfəsində şəhər amansızlıqla top atəşinə tutuldu. Mayın 29-da 3 diviziya Gəncə üzərinə ikinci dəfə hücuma keçərək şəhərə daxil oldu, amma üsyançıların ciddi müqaviməti nəticəsində bolşeviklər hər bir məhəlləni ancaq döyüşlə tuta bildilər. Yalnız mayın 31-də Qırmızı Ordu şəhəri tam tuta bildi. Üsyanın yatırılması zamanı Qırmızı Ordunun əsgərləri və erməni könüllüləri dinc azərbaycanlı əhalisinə qanlı divan tutdular, qocaları, qadınları və uşaqları öldürdülər. Gəncəyə fövqəladə komissar təyin edilmiş H.Sultanov «xalq düşmənləri»ni axtarıb tapmaqda davam edirdi; beləliklə, yüzlərlə gəncəli həbs edilib güllələndi. Bolşeviklərin cəza tədbirləri nəticəsində Gəncədə 13 min nəfərə yaxın adam öldürülmüşdür.

antisovet üsyanı (Qarabağ, 1920) — XI Qırmızı Ordu tərəfindən ADR işğal olunan zaman keçmiş Azərbaycan Milli Ordusunun əsas hissələri Ermənistanın təcavüzünə qarşı mübarizə aparmaq məqsədi ilə Qarabağda yerləşirdi. Milli Ordu hissələrindəki döyüşçülərin ümumi sayı 6 min nəfərə yaxın idi. Qırmızı Ordu hissələri qarşısında Milli Ordu hissələrinin tərk-silah edilməsi məsələsi qoyulmuşdu. Hərbi əməliyyatlar 1920-ci il iyunun 10-da başlandı. Bolşeviklər aeroplan vasitəsilə Tərtəri və Milli Ordu mövqelərini bombaladılar. Milli Ordunun müqavimətinə türk generalı Nuru paşa və polkovnik Zeynalov rəhbərlik edirdilər. Qarabağ əhalisinin xeyli hissəsi də milli hissələrə qoşulmuşdu. Say üstünlüyündən istifadə edən Qırmızı Ordu hissələri Tərtəri tutaraq ətraf müsəlman kəndlərini tamamilə darmadağın etmişdilər. Qanlı döyüşlər nəticəsində iyunun 11-də bolşeviklər Ağdamı, iyunun 14-də Xankəndini və Şuşanı tutdular. Milli Ordu hissələri Qaryagin (indiki Füzuli) və Cəbrayıla tərəf çəkildilər, lakin son nəticədə sayca üstün olan düşmənin təzyiqi ilə Azərbaycan ərazisini tərk etmək məcburiyyətində qaldılar.

antisovet üsyanı (Zaqatala, 1920) -Azərbaycanın şimal-qərbində sovet hakimiyyətinin terroru yerli əhalinin narazılığına səbəb oldu. Üsyan Tala kəndində başlandı. 1920-ci il iyunun 5-də silahlı kəndlilər heç bir müqavimətsiz Zaqatalaya daxil olub bolşevikləri həbs etdilər. Zaqatalanın tutulmasından sonra Əhmədiyev və Hafiz Əfəndi başda olmaqla Milli Ordunun bu bölgədə yerləşən hissələri üsyançılara qoşuldular. İyunun 7-də Qaxı ələ keçirən üsyançılar Qumuxçay kənarında XI Qırmızı Ordu hissələrini məğlub etdilər. Bolşeviklər təxirəsalınmadan Qarabağdakı Qırmızı Ordu hissələrini buraya gətirdilər. Hücuma keçən sayca üstünlüyə malik Qırmızı Ordu hissələri Qax ətrafında üsyançıları məğlub etdilər və 1920-ci il iyunun 18-də Zaqatalanı tutdular. Sağ qalmış üsyançılar Gürcüstanda gizləndilər.

Antoni Mark (e.ə. 83 — 30) — Qədim Roma dövlət xadimi, sərkərdə. Fələstin və Misirdə savaş dövründə (e.ə. 57 — 55) irəli çəkilmişdir. E.ə. 54-cü ilde Sezarla yaxınlaşmış və Qalliya müharibəsində iştirak etmişdir. E.ə. 49-cu ildə xalq tribunu seçilmişdir. Romada vətəndaş müharibələri dövründə Sezarı yaxından dəstəkləmiş və e.ə. 48-ci ildə Farsal savaşından sonra süvari qoşunların komandiri təyin olunmuşdur. E.ə. 44-cü ildə Sezarla birlikdə konsul seçilmiş, onun öldürülməsindən sonra isə ilk vaxtlar Sezarın qatillərinə və senata qarşı barışdırıcı mövqe tutmuş və həmişəlik diktaturanı qadağan edən qanun qəbul etdirmişdir. Lakin az sonra Antoni ilə senatın münasibətləri (xüsusilə də onun Qalliyanı idarə etməyə olan iddiaları nəticəsində) kəskinləşmişdi. Senatda Antoniyə qarşı müxalifətə Oktavianın gizli müdafiə etdiyi Siseron başçılıq edirdi. İş o yerə çatmışdı ki, senat Antoniyə qarşı Qalliyaya qoşun göndərmişdi. E.ə. 43-cü ildə Mutin şəhəri yaxınlığında Antoni konsulların və Oktavianın qoşunları tərəfindən məğlub edildi, sonra isə qoşunların təzyiqi ilə Antoni Oktavian və Lepidlə bir ittifaqda birləşdi. E.ə. 42-ci ildə Antoni Oktavianla birlikdə Filipp yaxınlığında Brutun və Kassinin qoşunlarını darmadağın etdi. Bundan sonra əyalətlərin həyata keçirilmiş bölüşdürülməsində Roma imperiyasının şərq əyalətlərinin idarəsi Antoniyə verildi. Şərqdə olduğu müddətdə Antoni Atropatena və Parfiyaya qarşı bir neçə uğursuz yürüşə çıxdı, e.ə. 34-cü ildə isə Ermənistanı Roma vilayətlərinə daxil etdi. Antoni özünü Şərqdə mütləq monarx kimi aparır, Misir hökmdarı Kleopatra ilə yaxınlaşaraq ona və uşaqlarına böyük mülklər hədiyyə edirdi; məsələn: Kleopatradan olan Helios («Günəş») təxəllüslü oğlu Aleksandrı hələ tutulmayan Ermənistan, Atropatena və Partiyanın şahlar şahı, Sezarın oğlu Sezari-onu isə Oktavianın əvəzinə Sezarın varisi elan etmişdi. Belə siyasət Antoni ilə Oktavianın münasibətlərinin kəskinləşməsinə və romalılar arasında ictimai fikrin Antoninin əleyhinə çevrilməsinə səbəb oldu. Senat Kleopatraya müharibə elan etdi. E.ə. 31-ci ildə Aksi burnu yaxınlığında Misir donanması darmadağın edildi, e.ə. 30-cu ildə Oktavian Misirə daxil olduqda isə ciddi müqavimət göstərmək imkanı olmayan Antoni özünü öldürdü.

antropogenez (yun. «insanın meydana gəlməsi») — insanın heyvanat aləmindən ayrılması prosesi. Antropogenez 2 milyon il əvvəl Şərqi Afrikada başlanmışdır.

antropologiya — insanın meydana gəlməsi və inkişafı haqqında elm. antropomorfizm — insan simalı və insan xüsusiyyətlərinə malik cansız cisimləri ilahiləşdirən ən erkən dinlərdən biri.

Anu — Şumer — Akkad mifologiyasındakı üç ali allahdan biri — səma allahı. Anunun daimi titulu «allahların atası»dır. Anunun rəmzi “buynuzlu tac”dır.

Anubanini — lullubilərin padşahı. E.ə. XXIII əsrdə hökmdarlıq etmişdir. Onun hakimiyyəti illərində lullubi tayfa ittifaqı (bəzi tarixçilərin güman etdikləri kimi, dövlət qurumu) Urmiya gölündən İran körfəzinədək geniş ərazini əhatə edirdi. Bu barədə çar Anubanininin İranda indiki Zöhab şəhəri yaxınlığında yerləşən Sar-i pul adlı dağdakı daş stela üzərində oyulmuş yazısı məlumat verir. Relyefdə əsir götürülmüş basçını ayaqları altında tapdalayan Anubanini hökmdar rəmzləri və digər əsirləri çarın qarşısına gətirən İştar ilahəsi ilə təsvir olunub. Akkad mixi yazısında verilmiş mətndə deyilir ki, «qüdrətli hökmdar, lullubilər ölkəsinin hökmdarı [Anubanini] Batir dağında öz təsvirini və İştarın təsvirini çəkmişdir».

Anubis (yunanca), İnpu (Qədim Misir dilində) — Misir mifologiyasında ilahə — ölənlərin himayədarı. Uzanmış qara çaqqal və ya vəhşi it (yaxud çaqqal və ya it başlı insan) simasında pərəstiş edilirmiş. Anubis allahların hakimi hesab edilirdi. Anubis ölülər şahlığında baş allah idi, o, ölənlərin ürəyini oxuyurmuş. Cəsədi balzamlamağa hazırlamaq və mumiyaya çevirmək Anubisin mühüm vəzifələrindən biri idi.

aparteid — vaxtilə CAR-ın hakim dairələri tərəfindən Afrikanın yerli əhalisi və Hindistandan köçürülmüşlərə qarşı həyata keçirilən dözülməz irqi diskriminasiya və seqreqasiya siyasəti. BMT tərəfindən qəbul olunmuş bir sıra sənədlərdə aparteid bəşəriyyətə qarşı cinayət elan edilib.

Apis — Qədim Misir mifologiyasında öküz qiyafəsində olan münbitlik allahı. Apisin mücəssəməsi xüsusi ağ ləkələri olan qara Öküz idi. Qədim misirlilər inanırdılar ki, Apis-öküzün qaçma ayini tarlaları münbitləndirir. Ptolemeylərin dövründə Osirisin Apislə vahid Serapis allahda birləşməsi baş vermişdir. Apis-öküzün Ölümü böyük bədbəxtlik hesab olunurmuş. Ölmüş apisi balzamlayır və Memfis yaxınlığında xüsusi mərasimlə basdırırmışlar.

apolitizm — siyasətə, ictimai həyatda iştirak etməyə zidd və ya etinasız münasibət.

Apollon — qədim yunan əsatirlərində Olimp allahı, incəsənətin və bədii ilhamın himayədarı. Aşkar hiss olunur ki, Apollon yunanlara qədər meydana gəlmişdir. Əvvəllər Apollona həm məhvedici, həm də şəfaedici xüsusiyyətlər şamil imiş. Apollonun oxları qocaları öldürür, taun gətirir, bəzənsə heç bir səbəb olmadan məhv edir. Digər tərəfdənsə Apollon həkim və xəstəliklərdən qoruyucudur; ovçu, çoban və sürülərin keşikçisidir; şəhərlərin əsasını qoyan və tikənidir; musiqiçi, müğənni və çalğıçıların himayədarıdır; peyğəmbər və orakuldur (qeybdən xəbər verəndir). Yunanlar tədricən Apollonun dayanıqlı keyfiyyətlərini fərqləndirməyə başlayırlar. O, artıq insanlara yardım edən, müdriklik və incəsənət öyrədən, şəhərlər tikən, onları düşmənlərdən qoruyan, atalıq hüququnun müdafiəçisi kimi çıxış edən allaha çevrilir. Delfa məbədinin əsasının qoyulması, bu məbəddə sacayağında əyləşmiş, gələcəkdən ikibaşlı xəbər verən «Pifiya» adlanan kahinin yaradılması Apollonun adı ilə bağlanılır. Delfada Apollonun şərəfinə təmtərağı və kütləviliyinə görə yalnız Olimpiya Oyunlarından geri qalan Pifiya Oyunları keçirilirmiş.

Aramilər — vətəni Ərəbistan yarımadası olan köçəri tayfalar. E.ə. XIV -XI əsrlərdə aramilər Suriya, Finikiya, Mesopotamiyada yayılmışlar. Arami dili Əhəmənilər dövlətində rəsmi yazılı dövlət dillərindən biri olmuşdur. Eramızın əvvəllərinə qədər arami dili bütün Ön Asiyanın danışıq dilinə çevrilmişdir. Aramilərin törəmələri müasir assurlar — İraqda və Cənubi Qafqazda yaşayan aysorlardır.

Aran — albanların əfsanəvi əcdadı və Qafqaz Albaniyasının ilk hökmdarı. Alban tarixçisi Moisey Kalankatlının yazdığı «Alban tarixi „ndə adı çəkilir. Tarixçinin fikrincə, Albaniya adı Aranın adından yaranmışdır. Orta əsrlərdə ərəb tarixçiləri Qafqaz Albaniyasını “Arran » adlandırmışlar.

Ares — qədim yunan əsatirində Zevsin və Heranın oğlu, müharibə allahı. Romalılar onu Marsla eyniləşdirirdilər.

arxaika — müstəqim mənada e.ə. VIII -VI əsrlər yunan mədəniyyəti. Hər hansı mədəniyyətin erkən mərhələsini də arxaika adlandırırlar.

arxeologiya (yun. «keçmiş haqqında elm») -maddi mənbələr əsasında bəşəriyyətin tarixi keçmişini öyrənən elm. Arxeoloqlar qədim qəbir və yaşayış məskənlərini qazıyır, tapılmış tikili və əşyaları konservasiya və bərpa edir, onları öyrənir və təsnifatını verir, qazıntılar və tapılmış əşyalar haqqında hesabatlar dərc etdirir və qazıntıların yekunlarını şərh edirlər. Arxeoloqlar maddi mənbələri qoruyub saxlamağa, onların tarixini müəyyənləşdirməyə, habelə tapılmış qalıqlara əsasən keçmişi hərpa etməyə imkan verən mürəkkəb qazıntı texnikası işləyib hazırlamışlar. Arxeologiya təsərrüfat və mədəniyyət tarixini öyrənməyə kömək göstərir, yazısız dövrün ictimai tarixini müəyyən mənada bərpa etməyə imkan verir.

arxeoloji xəritəçəkmə — müxtəlif tarixi hadisələrin coğrafi xəritədə arxeoloji məlumatlara əsaslanmış qrafik təsvirinin verilməsi ilə məşğul olan tarixi xəritəçəkmənin xüsusi sahəsi.

arxeoloji mədəniyyət — cyni dövro aid vo müəyyən ərazidə cəmlənmiş oxşar arxeoloji abidələrin qeyd olunması üçün istifadə edilən termin.

Arximed (e.ə. 287 — 212) — qədim yunan riyaziyyatçısı, astronomu, ixtiraçısı. Museyonda işləmiş, sonra isə Siciliya adasındakı qədim yunan koloniyasında — Sirakuza şəhərində yaşamışdır. Suqaldıran ling-maşın ixtira etmişdir. O, fizikanın suya batmış hər cismə sıxılmış mayenin çəkisi qədər itələyici qüvvənin təsir etməsi qanununu kəşf etmişdir. E.ə. 212-ci ildə Sirakuzanı tutmuş romalılar tərəfindən öldürülmüşdür.

Ariadna — qədim yunan əsatirində Krit hökmdarı Minosun qızı. O, Minotavrı öldürən Teseyə labirintdən çıxmaq üçün sap yumağının köməyi ilə yardım etmişdir. «Ariadna sapı» ifadəsi buradan meydana gəlmişdir.

arilər — e.ə. 2000-ci ilə yaxın Mərkəzi isiyadan Hindistana soxulmuş Hind-İran köçəri tayfalarının özlərinə verdikləri ad. Hindisumda ariler tədricən yerli əhali ilə qarışaraq onlarla birlikdə hindxalqını təşkil etdilər. İran və Cənubi Azərbaycan ərazilərində yerli əhali ilə qarışan arilərdən, o cümlədən Azərbaycan ərazisində bir çox irandilli tayfalar — partiyalılar, farslar, midiyalılar, saqartilər, kadusilər, mardlar, kirtilər və b. meydana gəlmişdilər. Faşist Almaniyasında «ari». «arilər», «arilik» kimi terminlərdən istifadə qərəzkar xarakter daşıyırdı və elmi məna ilə heç bir əlaqəsi yox idi.

Aristofan (e.ə. 445 — 385) — qədim yunan şairi, komediya yazam. Afinalı Aristofan insanın zəifliyini və nöqsanlarını tənqid edən, incəliyi və istehzalılığı ilə fərqlənən 44 komediya yazmışdır. Onlardan nisbətən məşhurları «Quşlar», «Arılar», «Sərvət», «Dünya», «Qurbağalar» əsərləridir. Aristofanın komediyalarından on biri dövrümüzə gəlib çatmışdır.

aristokratiya (yun. «yaxşıların hakimiyyəti) — 1) Qədim Yunanıstanda hakimiyyətin qəbilə əyanlarının nümayəndələrinə mənsub olduğu idarə sistemi; 2) mənşəyini qədim qəbilə əyanlığından götürmüş xüsusi hüquq və üstünlüklərə malik imtiyazlı silk.

Aristotel (e.ə. 384-322) — qədim yunan filosofu və alimi. 17 yaşında Afinaya gəlmiş və Platonun Akademiyasına daxil olmuşdur. Əvvəlcə burada şagird olan Aristotel sonra müəllimlik etmişdir. E.ə. 343-cü ildə Makedoniyalı İsgəndərin müəllimi olmuşdur. E.ə. 335-ci ildə Afinaya qayıtmış və likey fəlsəfi məktəbinin əsasını qoyaraq orada 12 il dərs demişdir. Aristotelin əsərləri biliyin müxtəlif sahələrini — məntiq, fizika, zoologiya, psixologiya, etika, siyasət, ritorika, poeziyanı əhatə edir. Aristotel öz dövrünədək əldə edilmiş bütün bilikləri ayrı-ayrı sahələr üzrə bölüşdürərək onları müstəqil elmlərdə birləşdirmişdir. Aristotel elmlərə ad da - botanika, fizika, siyasət (politika) və s. vermişdir.

arqonavtlar (yun. „Arqo“da üzənlər») -qədim yunan əsatirində «Arqo» gəmisində qızılyunlu qoç dərisini gətirmək üçün Yasonun başçılığı ilə Kolxidaya gedən qəhrəmanlar.

Arran — orta əsrlərdə ərəb tarixçilərinin Qafqaz Albaniyasına verdikləri ad.

Artemida — qədim yunan əsatirlərində ovçuluq ilahəsi, heyvanların himayəçisi, Ay ilahəsi; sonralar — qadın ismətinin himayəçisi. Artemida məbədlərindən ən çox məşhur olanı Efes şəhərindəki (Kiçik Asiya) Artemision məbədi idi.

Artemision — e.ə. V əsrdə Kiçik Asiyadakı yunan şəhəri Efesdə memar Xersifronun layihəsi ilə inşa edilmiş Efesli Artemidanın məbədi. Artemision qədimdə «dünyanın yeddi möcüzəsi»ndən biri hesab edilirdi. Hələ qədimdən Kiçik Asiya şəhərlərində Artemida ilahəsinə sitayiş edirdilər. Burada yunan ovçuluq himayəçisi kultu yerli Asiya məhsuldarlıq, bərəkət kultu ilə qovuşmuşdur. Artemidaya — məhsuldarlıq ilahəsinə mərkəzi sitayiş yeri Efes şəhəri idi. Efes varlı ticarət şəhəri idi və efeslilər Artemidanın şərəfinə misilsiz məbəd tikmək qərarına gəlmişdilər. Memar Xersifron tikintinin başa çatmasından xeyli əvvəl ölmüş, Artemisionun inşası isə onun oğlu Metagen tərəfindən davam etdirilmişdir. Lakin Metagen də tikintinin başa çatmasınadək yaşamamışdır, belə ki, rəvayətə görə, Artemisionun tikintisi 120 il davam etmişdir. Memarlar Peonit və Demetri Artemisionun tikintisini başa çatdırmışlar. Miqyasına görə o vaxta kimi inşa edilmiş bütün məbədlərdan ən əzəmətlisi olan bu tikili əvvəllər məlum olmayan yeni iş üsullarının tətbiqini, tikinti texnikasını təkmilləşdirməyi tələb edirdi. Artemisionun inşası başa çatdıqdan sonra isə onu seyr edənlərin hamısı bu məbədə heyran oldu. Amma Artemision cəmi yüz ilədək qəlbləri oxşadı. E.ə. 356-cı ildə öz adını əbədiyyətə qovuşdurmaq istəyən Herostrat adlı bir efesli Artemisionu məhv etmək qərarına gələrək onu yandırmışdı. Yanğın nəticəsində məbədin damı uçmuş, divarları və sütunları yanıb qaralmışdı. Herostratın cinayəti yunanların qəzəbinə səbəb olmuşdu. İoniya dövlətləri birgə qərar qəbul etmişdilər ki, Herostratın adı unudulsun. Lakin bir sıra qədim yazıçıların əsərlərində onun haqqında məlumat qalmışdır. İndi «Herostrat şöhrəti» ifadəsi mövcuddur. Bəd əməli və ya cinayəti ilə «tanınan» adamlar haqqında bu cür deyirlər. Efeslilər qərara almışdılar ki, Artemisionu yenidən inşa etsinlər və məbədin bərpası üçün vəsait toplamağa başlamışdılar. E.ə. 333-cü ildə Makedoniyalı İsgəndər özünün "Şərq yürüşü" zamam Efesə çatdıqda artıq məbədin bərpası üzrə iş tam sürətlə gedirdi. İsgəndər efeslilerə təklif etdi ki, o, əvvəllər çəkilmiş xərcləri və işin tamamlanmasını öz hesabına ödəyir, bir şərtlə — məbədin üzərində onun adına yazı olsun. Amma efeslilər onun təklifini rədd etdilər və Artemisionu Makedoniya hökmdarının yardımı olmadan tikib qurtardılar. Artemisionun çox böyük sahəsi (110 x 55 m) var idi. Məbədi hündürlüyü 18 m olan 127 mərmər sütun əhatə edirdi. Yenidən relyeflərlə bəzədilmiş daha 30 sütun inşa olunmuşdu. Bu sütunlar Artemisionun gözəlliklərindən biri idi. Məbədin içəri hissəsinə mərmər plitələr döşənmişdi. Məbədin əsas geniş salonunda isə ilahənin 15 m hündürlüyü olan heykəli var idi. İlahənin üzü, əllərinin və ayaqlarının pəncəsi taxtadan düzəldilmişdi. Qalan üst təbəqə bütövlükdə qızıl bərbəzək və daş-qaşla örtülmüşdü. Məbəd yenidən tikilərkən bir çox məşhur rəssam və heykəltəraşlar onu öz əsərləri ilə bəzəmişdilər. Artemision qədim dövrün ən məşhur muzeylərindən biri, habelə xəzinə və bank olmuşdur. Məbədin kahinləri faizlə pul verirdilər. Məbədin torpaqları da var idi. Romalıların dövründə məbəd əvvəllərdə olduğu kimi yenə də varlandı. E.ə. 263-cü ildə qotlar Artemidanın adına olan müqəddəs məbədi tutub talan etdilər. Sonra xristian din xadimləri dəfələrlə fanatik kütlələri bütpərəstlik ilahəsinin məbədi üzərinə hücuma təhrik etmişdilər. Bizans dövründə dağıdılmış Artemisionun yerində xristian kilsəsi inşa edilmişdir. Digər tikinti işlərinin aparılması zamanı müqəddəs Artemisionun mərmər örtüyündən də inşaat materialı kimi istifadə olunmuşdur. Dağıdılmış məbədin xarabalıqları tədricən bataqlığa çökmüşdür. XIX — XX əsrlərdə ingilis arxeoloqları Efes şəhərinin olduğu yerdə qazıntı işləri aparmışlar. Qazıntı materiallarını öyrənən rəssam və memarlar Artemisionun yalnız planını bərpa edə bilmişlər.

Arşakilər — Parfiyada hökmdar sülaləsi (e.ə. 250 — eramızın 224-cü ili); ənənəyə görə, mənşəyini dövlətin banisi və ilk Parfiya hökmdarı olan Arşakdan götürmüşdür. Eramızın əvvəllərində Parfiya Arşaki sülaləsinin kiçik (yan) qolu Parfiyadan asılı olan Hindistan, Persida, Elimaida, Atropatena, Hirkaniya, Ermənistan, İberiya və Qafqaz Albaniyasında hakimiyyətə gəlmişdi.

Asparux — VII əsrin ortalarında xəzərlər tərəfindən Azov sahillərindən Bessarabiyaya sıxışdırılan türk bulqar tayfasının xanı. Bulqar tayfaları buradan Bizans imperiyası tabeliyində olan Dunayın sağ sahil torpaqlarına köçdülər. Cənubi slavyanların yerli tayfalarını 681-ci ildə tabe edən Asparux burada Bulqar xanlığını yaratdı. O, 701-ci ilədək Bulqariyanı idarə etdi.

Asiya — planetimizdə ən böyük qitə, ərazisi təqribən 43,4 mln. km2. Avropa ilə birlikdə Avrasiya materikini əmələ gətirir. Asiya ilə Avropa arasında sərhəd şərti olaraq Ural dağlarının şərq ətəkləri, Emba çayı (Xəzər dənizinə qədər), Kuma-Manıç çökəkliyi, Azov dənizi, Qara və Mərmərə dənizləri, Bosfor və Dardanel boğazları və Egey dənizindən keçir. Şimali Amerikadan Berinq boğazı ilə ayrılır. Afrika ilə Süveyş bərzəxi vasitəsilə birləşir. Şimal Buzlu, Sakit və Hind okeanları və onların dənizləri ilə əhatə olunub.

assimilyasiya (lat. «oxşatma», «uyğunlaşdırma») — bir xalqın digər xalqla öz dilini. mədəniyyətini və s.-ni itirmək yolu ilə qarışması. Təbii və zorakı assimilyasiya mövcuddur. Təbii assimilyasiya heç bir məcburiyyət edilmədən milli azlıqların uzun müddət aralarında yaşadıqları daha böyük millətlə tədricən qovuşması yolu ilə gedir. İmperiyalarda, o cümlədən Rusiya imperiyasında tabelikdə olan xalqların zorakı, məcburi assimilyasiyasından (ruslaşdırmadan) geniş istifadə edilirdi.

Assuriya — Şimali Mesopotamiyada qədim dövlət (e.ə. XIV — VII əsrlər). E.ə. IX əsrədək Assuriyanın yeganə paytaxtı Aşşur şəhəri idi, e.ə. 689-cu ildən isə Nineviya (Neynəva) oldu. E.ə. VIII — VII əsrlərdə Assuriya Ön Asiyanın ən qüdrətli dövləti idi. Assurlar bütün Mesopotamiyanı, Suriyanı, Finikiyanı, Cənubi Azərbaycanda Manna və Midiyanın bir sıra vilayətlərini və qısa müddətə Misiri fəth etdilər. E.ə. 714-cü ildə Assuriya hökmdarı II Sarqon Urartuya dağıdıcı zərbə endirdi. Aramsız mühahbələr Assuriyanın qüdrətini sarsıdırdı. E.ə. 612-ci ildə müttəfiqlər — başda hökmdar Kiaksar olmaqla Midiya qoşunları və başda hökmdar Nabopalassar olmaqla Babil qoşunları hücumla Nineviyanı tutub dağıtdılar. E.ə. 605-ci ildə sonuncu assur qalası olan Karxemiş süqut etdi və Assuriyanın varlığına son qoyuldu. Midiya və Babilistan Assuriyanın keçmiş torpaqlarını öz aralarında bölüşdürdülər.

Astarta — finikiyalıların və xaldeylərin dinində məhsuldarlıq və məhəbbət ilahəsi (Finikiya dilində — Aştart). Astartaya sitayiş Suriyada, Fələstində, Misirdə, Kiçik Asiyada, Babilistanda (burada — İştar), Kiprdə yayılmışdı. Ellinizm dövründə bütün Aralıq dənizi ətrafında Astartaya sitayiş edilirdi.

Astiaq — Kiaksarın oğlu, sonuncu Midiya hökmdarı (e.ə. 585 — 550). Astiaq Babilistan şahlığını tutmaq istəyirdi. Onun dövründə Midiyanın daxili vəziyyəti gərginləşdi. Astiaq əyanların hüququnu məhdudlaşdırmaq istəyirdi və bu zaman başda Harpaq olmaqla Midiya əyanlarının bir qismi Midiyadan asılı olan fars hökmdarı Kirlə gizli sövdələşməyə başladı. Herodotun verdiyi məlumata görə, Kir Astiaqın qızının oğlu imiş. Rəvayətə görə, haçansa Astiaqa söyləyiblərmiş ki, onun nəvəsi taxt-tacını əlindən alacaq və bütün Asiyanı fəth edəcək. Bundan qorxan Astiaq taleyi aldatmaq məqsədi ilə qızını midiyalıya deyil, ondan asılı olan fars hökmdarına ərə verir. Qızının oğlu olduqda isə maqlar bildirirlər ki, o, hökmdar olacaq. Astiaq əmr edir ki, nəvəsini öldürsünlər, lakin bu əmri alan saray adamının körpəyə yazığı gəlir və onu tərbiyə edilmək üçün bir çobana verir. Kir böyüyür və Midiyanın tabeliyində olan Fars dövlətinin hökmdarı olur.
E.ə. 553 — 550-ci illərdə Astiaqa qarşı aparılan müharibədə döyüş zamanı Midiya əyanlarının rəhbərlik etdikləri Midiya qoşunlarının bir hissəsinin onun tərəfinə keçməsi sayəsində Kir qələbə çalır və Midiyada hakimiyyəti ələ keçirir.

astrologiya — astronomiyanın Qədim Şərqdə meydana çıxmış bir sahəsi. Orta əsrlərdə astrologiya Avropa ölkələrində də geniş yayılmışdır. Astroloqlar ulduzların düzümü ilə tarixi hadisələr, ayrı-ayrı adamların taleləri arasında bir bağlılıq olduğunu bildirirdilər. Onlar iddia edirdilər ki, ulduzların vasitəsilə gələcəyi müəyyən etmək olar.

aşıq — Azərbaycanda el şairi, çalğıçı, bəstəkar, müğənni.

Aşoka — Qədim Hindistanda çar (e.ə. 273 — 232). Aşoka ara müharibələrindən sonra atasının taxt-tacını ələ keçirmişdir. Aşoka tayfa müharibələrini ittiham edən və birləşmiş dövləti təbliğ edən buddizmi qəbul etmişdi. Ucqar cənubdan başqa, demək olar ki, bütün Hindistan Aşokanın hakimiyyəti altında birləşdirilmişdi. Aşokanın hakimiyyəti illəri Hindistan mədəniyyətinin, memarlığının inkişafı, yazının yayılması dövrüdür. Aşokanın ölümündən sonra onun çarlığı dağılmışdır.

Aşşur — 1) assurların şərəfinə saldıqları eyniadlı şəhərdə məbəd və zikkuratlar ucaltdıqları dinlərindəki baş allah; 2) e.ə. III minilliyin sonlarında Assuriyada salınmış şəhər. E.ə. II minilliyin ortalarından Assuriyanın paytaxtı. E.ə. IX əsrin ortalarından assur çarlarının iqamətgahı sırasından çıxarılır, bununla belə, paytaxt olaraq qalır. Aşşur ümumdövlət vergi və mükəlləfiyyətlərindən azad olunmuşdu. E.ə. 614-cü ildə Aşşur Kiaksarın başçılıq etdiyi midiyalılar tərəfindən tutulub darmadağın edilmişdi. Qazıntılar zamanı arxeoloqlar Aşşurdan mixi yazılı mətnlərdən ibarət kitabxana aşkar etmişlər.

atabəy (türk. «bəyin atası») — 1) səlcuq sultanlarının azyaşlı vəliəhdlərinin tərbiyəçisi və qəyyumları; 2) Səlcuqilər dövlətinin süqutu nəticəsində meydana gəlmiş sultanlıqların başçılarının titulu; 3) Misirdə məmlük sərkərdəsi.

Atatürk — böyük türk sərkərdəsi, Türkiyə Respublikasının banisi və ilk prezidenti (1923 — 38) Mustafa Kamal Atatürk. Mustafa 1881-ci il martın 12-də Saloniki şəhərində (Yunanıstan) keçmiş gömrük məmurunun ailəsində anadan olmuşdur. O, 12 yaşında Türkiyədə hərbi məktəbə daxil olmuş, 1904-cü ildə oranı bitirmiş və İstanbulda Baş Qərargah Akademiyasına daxil olmuşdur. Mustafa təhsil aldığı illərdə «Gənc türklər» hərəkatına böyük maraq göstərmişdir. Riyaziyyat sahəsindəki müvəffəqiyyətlərinə görə o, «Kamal» ləqəbini almışdı. Bu ləqəbdən xoşu golən gənc zabit onu öz adına qoşmuşdur. 1905-ci ildə hərbi akademiyanı bitirən Mustafa Kamal kapitan rütbəsi alaraq Suriyada xidmətə göndərilmişdi. Mustafa 1911 — 12-ci illər İtaliya — Türkiyə müharihəsində Liviyanın müdafiəsində, 1913-cü il ikinci Balkan müharihəsində isə Dardanelin müdafiəsində iştirak etmişdir. Bu savaşlar zamanı Mustafa Kamal özünü cəsur və istedadlı zabit kimi göstərə bilmişdir. Lakin Mustafa Kamal Birinci Dünya müharibəsi illərində əsl məharətini nümayiş etdirə bilmişdi. Polkovnik Mustafa Kamal 1915-ci ildə Hallipoli yarımadasındakı Rodosto rayonunda 19-cu diviziyaya komandirlik etmişdir. O burada bir neçə aylıq ağır savaşlardan sonra ingilis desantını məğlubiyyətə uğratmışdı və bundan sonra — ta İkinci Dünya müharibəsinədək zabitlər desant əməliyyatının effektliliyinə şübhə etməyə başladılar. Mustafa Kamal həmin yarımadanın müdafiəsi üçün 1916-cı ildə general rütbəsi aldı və 16-cı korpusa komandanlıq edərək Anadolunu müttəfiqlərdən uğurla müdafiə etməyə başladı. Lakin Mustafa Kamalın uğurları, eləcə də alman generallarının ağalığından narazılığı hərbi naziri qəzəbləndirmişdi və o, 1917-ci ildə Mustafa Kamalı «sağlamlığı ilə əlaqədar» ordudan azad etmişdir. Amma bir il sonra — türklər Birinci Dünya müharibəsində məğlub olan zaman nazir yenidən Mustafa Kamalı xidmətə çağırdı və Fələstindəki 7-ci orduya rəhbər təyin etdi. Rəqiblərinin ordusunun onun döyüşçülərindən sayca dəfələrlə çox olması ucbatından Mustafa Kamal yalnız öz qoşunlarını əvvəlcədən hazırlanmış mövqeyə aparmaq məcburiyyətində qaldı.

Osmanlı  imperiyası Birinci Dünya müharibəsindən çıxdı və hələ müttəfiqlər imeriyanı bölüşdürmək haqqında fikirləşdikləri zaman sultanın İstanbulda kiçik ordu saxlamağa vəsaiti qalmışdı. Müttəfiq qoşunları İstanbulu daxil olanda və yunanlar 1919-cu ilin fevralında İzmiri tutduqları vaxt sultan Mustafa Kamalı işğalçılara qarşı etiraz edənləri tabe etmək üçün baş müfəttiş təyin etdi. Mustafa Kamal bunun əvəzində türkləri Türkiyənin müstəqilliyinin həm daxili, həm də xarici düşmənlərinə qarşı ruhlandırmağa başladı. 1919-cu il mayın 19-da sultanın onu vəzifəsindən uzaqlaşdırmaq cəhdinə məhəl qoymayan Mustafa Kamal bütün türklərə çağırışla müraciət edib, onları öz müstəqillikləri uğrunda mübarizəyə qoşulmağa çağırdı. Mustafa Kamal 1920-ci ilin aprelində Ankarada müvəqqəti hökumət yaratdı və vətənpərvərlərin silahlı birliklərinə rəhbərlik edərək 2 il ərzində yunan işğalçılarını ölkədən qovdu. Xarici təhlükəyə son qoyulduqdan sonra Mustafa Kamal qoşunlarını İstanbul üzərinə yeridib, 1922-ci il noyabrın 1-də sultan hakimiyyətini ləğv etdi. 1923-cü il oktyabrın 29-da Mustafa Kamal Türkiyəni respublika elan etdi, özü isə respublikanın ilk prezidenti oldu. Bundan sonra o, islamın təsirini məhdudlaşdıran islahatlar keçirdi, Avropa nümunəli qanunlar, inzibati sistem və geyimlər tətbiq etdi. Mustafa Kamal qanun qarşısında bütün vətəndaşların bərabərliyi nöqteyi-nəzərindən çıxış edərək hərbi və mülki hakimiyyətlərin əməkdaşlığını dəstəkləmişdi. Türkiyə Böyük Millət Məclisi 1934-cü ildə Mustafa Kamala Atatürk titulu verdi. 1938-ci il noyabrın 10-da Atatürk 57 yaşında vəfat etmişdir.

ateizm — hər cür dini inkar edən dünyagörüşü sistemi. Ateizm hələ Qədim Misirdə meydana çıxmışdır. Orta əsrlərdə bidətçilik pərdəsi altında mövcud olmuşdur. XVIII əsr fransız maarifçilərinin ideyaları ateizmin inkişafında mühüm addım idi. Müasir ateizm dünyanın elmi cəhətdən dərk olunmasının inkişafına əsaslanır.

Atəşgah — XVII əsrdə atəşpərəst hindli tacirlər — parslar tərəfindən Bakının yaxınlığındakı Suraxanı kəndində inşa edilmiş məbəd. Gəlmə parslar eşitmişdilər ki, Bakı yaxınlığında təbii qaz sızan yer var və ora gedərkən onun üzərində sönməyən alovun olduğunu görmüşlər. Onlar həmin alov üzərində məbəd tikməyi qərara almışlar və o, "Atəşgah" («Od yeri») adlandırılmışdır.

Atlant — qədim yunan əsatirinə görə, titan (div); Olimp allahlarına qarşı savaşda iştirak etdiyi üçün allahlar tərəfindən göy qübbəsini çiynində saxlamağa məhkum edilmişdir.

Atropat — Atropatena dövlətinin yaradıcısı və ilk hökmdarı, Atropatilər sülaləsinin banisi. Əhəmənilər şahı III Daranın dövründə Midiyanın satrapı idi. Belə güman etməyə əsas var ki, Atropat əvvəllər də Midiyanın irsi hakimi olmuşdur. O, Qavqamela yaxınlığında Makedoniyalı İsgəndərə qarşı savaşda midiyalılara, kadusilərə, albanlara və sakesinlərə başçılıq edərək Əhəmənilərin tərəfində vuruşmuşdur. Əhəmənilər dövlətinin paytaxtları süqut etdikdən sonra Atropat Makedoniyalı İsgəndərə münasibətdə mötədillik göstərmişdir. E.ə. 328-ci ildə Makedoniyalı İsgəndər Atropatı Yuxarı Midiyanın satrapı təyin etmişdir. Makedoniya qoşunları Hindistana yürüş edən zaman baş vermiş üsyanı yatıran Atropat üsyançıların başçısı Bariaksı Makedoniyalı İsgəndərə göndərmiş və bununla da fatehin daha çox etibarını qazanmışdır. Makedoniyalı İsgəndər Nisa çöllərində dincələrkən Atropat da buraya gəlmiş və ona süvari amazonlardan ibarət 100 nəfərlik dəstə bağışlamışdır. Atropat öz qızını İsgəndərin görkəmli sərkərdələrindən olan Perdikkaya ərə vermişdir. İsgəndərin ölümündən sonra isə onun yaratdığı möhtəşəm dövlətin idarə edilməsi məhz Perdikkaya həvalə olunmuşdur. Perdikkanın hakimiyyəti illərində Atropat Yuxarı Midiyanın satrapı kimi öz mövqeyini daha da möhkəmlətmişdi. Atropat Perdikkanın vəfatından sonra e.ə. 321-ci ildə müstəqil hökmdar oldu. Bundan sonra onun dövlətini Midiya-Atropatena adlandırmağa başladılar. Bununla da Atropat yeni sülalənin əsasını qoymuş oldu.

Atropatena — Urmiya gölü ətrafında və Arazın hər iki sahilində — müasir Cənubi Azərbaycan, İran Kürdüstanı və Şimali Azərbaycanın bir hissəsində yerləşmiş qədim dövlətin yunanca adı. Atropatena dövləti e.ə. 321-ci ildə -Makedoniyalı İsgəndərin dövləti onun diadoxları arasında parçalandıqdan sonra yaranmışdır. Atropatın tabeliyindəki torpaqlar bölgüyə daxil olmayıb, müstəqil dövlətə çevrildi. Onun ərazisi Əhəmənilərin keçmiş Midiya satraplığının şimal hissəsini əhatə edirdi. Yeni dövlətin yaradıcısı Atropat olduğundan o, Midiya-Atropatena (Mada-Atarpatakana), yəni «Atropatın Midiyası» və ya sadəcə olaraq Atropatena (Atarpatakana), yəni «Atropatın dövləti» adlandırıldı.

«Atarpatakana»dan sonralar «Azərbaycan» (ərəbcə forması) adı yarandı. Atropatena ərazisində bir çox tayfalar -anariaklar, kadusilər, kaspilər, kirtilər, mardlar, matienlər, müklər, ortokoribantilər, pantimatlar, parikanilər, parsilər, utilər və b. yaşayırdılar. Lakin tarixçilərin fikrincə, burada aparıcı rol sayca və dil üstünlüyünə görə çoxluq təşkil edən Midiya tayfalarına məxsus imiş. Strabon bildirir ki, Atropatena «hərbi qüvvə baxımından kifayət qədər güclü ölkədir, belə ki, o, savaş zamanı 10 min süvari və 40 min piyada çıxara bilər». Atropatenada əhalinin əkinçiliklə məşğul olduğu bərəkətli vadilər var idi. Burada üzümçülük və şərabçılıq xüsusilə inkişaf etmişdi. Atropatenada məbədlərə məxsus torpaq sahibliyi də inkişaf etmişdi. Antik müəlliflərin bildirdiklərinə görə, Atropatenada maqlara məxsus bərəkətli torpaqlar var idi. Atropatenada quldarlıq mövcud olmuşdur. «Midiya otu»nun (qarayonca) bitdiyi geniş alp çəmənlikləri Atropatenada köçəri maldarlığın inkişaf etməsinə şərait yaratmışdır. O dövrlərdə Atropatenada Nisey atlan bəslənilirdi. Ölkə faydalı qazıntılarla — metal filizləri və neftlə zəngin idi. Antik dövrdə neftdən hərbi işlərdə istifadə olunan «Midiya yağı» düzəldirdilər. Müstəqil dövlətin meydana gəlməsi Atropatenanın iqtisadi həyatının canlanmasına səbəb oldu. Atropatenadan yerli və beynəlxalq əhəmiyyətli ticarət yolları keçirdi. Atropatenanın şəhər həyatı kifayət qədər inkişaf etmişdi. Antik mənbələrdə Atropatenanın əhəmiyyətli şəhərlərindən Aqanzana, Qazaka, Paytakaran, Fanaspa, Fraaspa (Fraata, Faraspa) və s.-nin adları çəkilir. Güman edilir ki, artıq Atropatın dövründə Atropatenanın paytaxtı Qazaka şəhəri olmuşdur. Atropatenada əsas tikinti materialı daş, ağac və bişmiş kərpic idi. Atropatenada sənətkarlıq da xeyli inkişaf etmişdi: Atropatena sənətkarları müxtəlif saxsı qablar, o cümlədən zoomorf, naxışlı və şirli qablar istehsal edirdilər. Ölkənin sərvətləri bir çox fatehi özünə cəlb edirdi. Atropatenada ellin monarxiyasına bənzər siyasi quruluşun formalaşdığı ehtimal olunur.

Antik mənbələrin verdiyi məlumata görə, Atropatın varisləri — Atropatilər makedoniyalıları öz ölkələrinə «buraxmırdılar»; görünür, burada Atropatenanın öz müstəqilliyini qoruması nəzərdə tutulur. Antik mənbələrə görə, e.ə. III əsrin 20-ci illərində hökmdar Artabazanın dövründə Atropatenanın ərazisi təkcə cənuba deyil, həm də Arazdan şimalda Rioni çayının yuxarı axarlarınadək uzanaraq İberiyanı da əhatə edirdi. Həmin dövrdə atropatenalıların Gürcüstanda hökmranlığı haqqında gürcü mənbələri də məlumat verir. Bu dövrdə Atropatilərlə erməni çarları, eləcə də Atropatena və erməni əyanları arasında bağlanmış nikahlar sayəsində Atropatena və Ermənistan arasında sıx əlaqələr yaranır. Müəyyən dövrdən sonra Selevki hökmdarı III Antiox Artabazanla müharibəyə başlayır; nəticədə Atropatena bir müddət Selevkilər dövlətindən asılılığı qəbul etmək məcburiyyətində qalır. E.ə. 190-cı ildə Maqneziya yaxınlığında döyüşdə III Antiox romalılara məğlub olduqdan sonra Atropatena yenidən tam müstəqillik əldə edir. Strabonun bildirdiyinə görə, e.ə. II əsrin ortalarında iki erməni çarlığı işğalçı siyasətə başlayaraq Atropatenanın «Kaspiana, Favnitida və Basoropeda» vilayətlərini tutur. E.ə. II əsrin ortalarında Atropatenanın güclənməkdə olan Parfiya ilə müttəfiqlik münasibətləri yaranır. Bu yaxınlaşmada atropatenalılarla partiyalıların dil baxımından yaxın olmalarının və eyni dinə — zərdüştiliyə sitayiş etmələrinin mühüm əhəmiyyəti var idi. Az sonra Parfiya ilə Roma Yaxın Şərqdə ağalıq etmək üstündə öz aralarında mübarizəyə başlayırlar. Atropatena, Ermənistan və Qafqaz Albaniyasında partiyalıların mövqeyi möhkəmlənir və onlar bu ölkələrin daxili işlərinə qarışmağa başlayırlar. E.ə. I əsrin birinci yarısında Atropatena hökmdarı Mitridat qüvvətlənən erməni dövlətinin çarı II Tiqranın qızı ilə evlənməklə onunla sülalə nikahı bağlayır. Ona görə də Roma sərkərdəsi Lukullun Ermənistana soxulması zamanı Atropatena hökmdarı özünün on yeddi minlik zirehli süvarisi ilə II Tiqranın yardımına gəlir. Romalılarla Tiqranakert yaxınlığında döyüş ərəfəsində Tiqran mərkəzə komandanlığı özünə götürür, sağ cinahı isə Atropatena hökmdarı Mitridata etibar edir. Amma müttəfiq qoşunlar romalılar tərəfindən məğlubiyyətə uğradılır. E.ə. 68 və 67-ci illərdə Atropatena Atropatenada dövriyyədə olmuş Makedoniyalı İsgəndərin sikkəsi hökmdarı Mitridatın iştirakı ilə erməni qoşunları Lukull üzərində bir neçə qələbə çaldılar. Sonra Atropatenanı tutan Parfiya qoşunları Ermənistana soxuldu. E.ə. 36-cı ildə Roma hökmdarlarından biri olan Antoni Parfiya üzərinə yürüş etdi. Antoni Ermənistandan Atropatenaya soxuldu. Atropatena çarı Artavazd (Artabaz) 16 minlik süvarisi ilə Antoniyə qarşı Parfiya çarı ilə ittifaqda çıxış. ctdi. Öncə Antoni işğalçılardan uzunmüddətli müdafiə üçün hazırlanmış Atropatena qalası Fraaspanı mühasirəyə aldı. Fraaspanın mühasirəsinin uzanması Roma legionerlərinin nizamını pozdu. Mühasirəyə alınmış Fraaspadakı atropatenalılar romalılara qarşı cəsarətli əks-hücum təşkil etdilər. Qışın yaxınlaşmağından təşvişə düşən Antoni mühasirə maşınlarını Fraaspa ətrafında qoyub Atropatenadan geriyə çəkildi. Romalıların Atropatenada məğlub olmalarının əsas səbəblərindən biri burada onlara qarşı mübarizənin ümumxalq xarakteri alması idi və Fraaspanın qəhrəmancasına müdafiəsi də bunu sübut edir. Atropatena hökmdarı Artavazd xeyli qənimət ələ keçirir. Lakin bu qələbədən az sonra müttəfiqlər arasında atropatenalılarla partiyalılar arasında inciklik baş verir. Parfiya hökmdarı bütün Atropatenanı özünə tabe etmək fikrinə düşür. E.ə. 35-ci ildə Artavazd Antoniyə sülh və dostluq təklifi ilə müraciət edir. E.ə. 34-cü ildə Antoni Ermənistanı tutur. Elə həmin ildə də Antoninin oğlu Aleksandr Atropatena hökmdarı Artavazdın qızı İotapa ilə nişanlanır. E.ə. 33-cü ildə Antoni partiyalılara qarşı yürüşə hazırlaşırdı, lakin Oktavianla aralarında baş vermiş münaqişə üzündən o, Atropatena hökmdarının yanında cüzi qoşun qoyub qərbə qayıtmağa məcbur oldu. Antoninin geriyə çağırdığı Roma qoşunlarından məhrum olan Artavazd partiyalılarla müharibədə məğlubiyyətə uğradı və əsir götürüldü, Atropatena isə Parfiya şahı tərəfindən Ermənistan çarına verildi. Lakin az sonra Artavazd azadlığa çıxdı və e.ə. 31-ci ildə Aksi burnu yaxınlığındakı savaş ərəfəsində hətta Antoniyə köməkçi qoşunlar da göndərdi. Bundan sonra isə Roma imperatoru Oktavian Ermənistanı Artavazda verdi və o buranı e.ə. 20-ci ilədək idarə etdi. Oktavian Artavazdın qızı, Antoninin oğlunun nişanlısı İotapanı da atasına qaytardı. E.ə. 20-ci ildə Artavazdın xeyli müddət Romada yaşamış oğlu II Ariobarzan Atropatenanın hökmdarı oldu. Tasitin yazdığına görə, eramızın 1 -ci ilinə yaxın Oktavian «yenə bu xalqı (erməniləri) Artabazın oğlu hökmdar Ariobarzanın tabeliyinə verdi». Bir qədər keçdikdən sonra Ariobarzan öldü və Oktavian Ermənistanı onun oğlu Artavazda verdi. Artavazd bir neçə il Ermənistanı idarə etdi və Oktavianın ölümündən bir qədər əvvəl qətlə yetirildi. Atropatenanı eramızın 20-ci illərinə qədər idarə edən sonuncu Atropatilər hökmdarı isə Ariobarzanın oğlu II Ariovast olmuşdur.

Az sonra Qafqaz Albaniyasında, Ermənistanda və İberiyada olduğu kimi, Atropatenada da hakimiyyət Parfiya Arşakilər sülaləsinin kiçik qoluna keçdi. Atropatena və Partiyanın yaxınlaşmalarının yuxarıda sadalanan səbəblərinə daha bir ümumi məqsəd də əlavə oldu — «ellinliyə» (o zaman Romanın Liri kimi qavranılırdı) qarşı mübarizə. Atropatena Arsakilərinin dövründə faktik olaraq Atropatena Partiyanın bir hissəsinə çevrilmişdi. Sonuncu isə öz növbəsində monolit imperiya olmayıb ayrı-ayrı vilayətlərə bir çox hallarda özlərini sərbəst idarə edən şəhərlərə bölünürdü. Bunlardan biri də Atropatena idi. Eramızın 70-ci illərində alanların dağıdıcı yürüşləri zamanı Atropatena Parfiya şahı I Vologezin qardaşı Pakor tərəfindən idarə olunurdu. Eramızın 213 — 223-cü illərində sonuncu Parfiya şahları arasında baş verən ara müharibələri dövründə Atropatena qısa müddət ərzində müstəqillik əldə etdi. 227-ci ildə Xəzər dənizi sahilindəki Dərbənd keçidi vasitəsilə Qafqaz Albaniyasına və Atropatenaya ilk dəfə olaraq türk tayfalarının -hunların və sabirlərin ön dəstələrinin yürüşləri oldu. Eramızın 244-cü ilinə yaxın Atropatena Sasani hökmdarı I Şapur tərəfindən istila edildi və o dövrdən Sasani dövlətinin tərkibində qaldı.

Atropatena ərazisində küp qəbirlər geniş yayılmışdı. Ölü sıx bükülmüş şəkildə küpə, başı qabın ağzına tərəf yerləşdirilirdi. Dəfn küpünün içərisinə xırda avadanlıq və bəzək əşyaları (qolbaq, boyunbağı, üzük, muncuq və s.) da qoyulurdu. Dəfn küpü ilə yanaşı, gil qablar da qoyulurdu. Küp qəbirlərin heç bir qəbirüstü tikilisi olmurdu. Hərçənd antik mənbələrin məlumatına görə, Atropatın varisləri makedoniyalıları öz ölkələrinə «buraxmırdılar», bununla belə, ellin mədəniyyəti Atropatenaya daxil olurdu və Kerefto dağlarındakı Herakl məbədində olan yunan yazısı, eləcə də avroman perqamentləri bunu təsdiqləyir. E.ə. II əsrin ikinci yarısı Atropatenada yerli ənənələrə əsaslanan yeni ellin mədəniyyətinin yaradılması dövrü idi. Atropatenalılar ermənilərə böyük təsir göstərmişdilər. Strabon yazır ki, atropatenalılar «necə deyərlər, ermənilərin adətlərini yaradanlardır». Ermənistanda atropatenalıların məskunlaşdığı çoxlu, o cümlədən erməni müəlliflərinin hələ VIII əsrdən göstərdikləri Masis (Ararat) kimi yerlər var idi. Ermənistanın atropatenalılardan törənmiş bir sıra naxarar nəsilləri (məsələn: Murasanlar) Ermənistanın dövlət iyerarxiyasında mühüm yerlər tuturdular. Qədim erməni dilində Midiya dilindən alınma sözlər meydana çıxdı. Eramızın I əsrində Atropatenanın «parfiyalaşması» məişətdə, memarlıqda və həyatın digər sahələrində kifayət qədər güclü idi. Atropatena ərazisində Parfiya şahlarının pulları, əsasən də draxma geniş yayılmışdı. Eyni zamanda, Atropatena mədəniyyətinin Parfiyaya təsiri də xeyli çox idi. Antik müəlliflərin tez-tez «parfiyalılan» «midiyalılar» adlandırması da bunu təsdiq edir. Atropatenada sitayiş edilən əsas din zərdüştilik idi. Ellinizm dövründə Atropatenada zərdüştiliyin mövqeyi saxlasa da, o hələ də burada hakim din olaraq qalırdı. Atropatenanın Parfiya ilə yaxınlaşması zamanı bütün xaricilərlə savaşlarında zərdüştilik onların bayrağına, özünüdərkinə çevrildi. Ərəb tarixçilərinin məlumatlarına görə, bu dövrdə Atropatenada yeni Avesta zərdüştiliyinin ocağı meydana gəlir və Şiz (müasir Təxt-i Süleyman şəhərciyi) şəhərindəki alovlu məbəd onun mərkəzinə çevrilir və sonralar Adurquşnasp adı ilə tanınır. Atropatena Sasanilər dövləti tərkibində olan zaman Adurquşnasp məbədinin rolu və əhəmiyyəti o qədər böyük idi ki, hətta Sasani şahları taxta çıxandan sonra müqəddəs oda sitayiş etmək üçün buraya gəlirdilər.

Atropatilər — əsası e.ə. 321-ci ildə Atropatenanın birinci hökmdarı Atropat tərəfindən qoyulmuş hökmdar sülaləsi. Atropatilər sülaləsinin bütün hökmdarlarının adlarını bilmirik, belə ki, Atropatena heç də həmişə antik mənbələrin əhatə dairəsinə düşməmişdir. Mənbələrdə Atropatilər sülaləsi hökmdarlarından Atropat, Artabazan, Mitridat, Artavazd, Ariobarzan, II Ariobarzan və II Artavazdın adları çəkilir; Atropatilər sülaləsinin sonuncu hökmdarı isə Atropatenanı eramızın 20-ci ilinədək idarə edən II Ariovast idi. Atropatilər hökmdar sülaləsi eramızın əvvəllərində Parfiya Arşakilər sülaləsinin kiçik qolu ilə əvəz olunmuşdu, sonuncu isə Atropatenanı, görünür ki, onun Sasanilər tərəfindən işğalınadək idarə etmişdir.

Attika — Orta Yunanıstanda, Afinanın özünün və kənd təsərrüfatı ilə məşğul olan ətraf ərazilərdən ibarət olan Afina polisinin yerləşdiyi vilayət.

Attila (406 — 453) — 434 — 453-cü illərdə hunların qüdrətli hökmdarı. Attila qardaşı Bleda ilə birlikdə hunlara rəhbərlik edirdi; Bleda mülki işlərə baxırdı, Attila isə qoşunlara sərkərdəlik edirdi. 445-ci ildə qardaşının ölümündən sonra Attila hunların təkhakimiyyətli hökmdarı oldu. İqamətgahı Pannoniyada yerləşən istedadlı sərkərdə və rəhbər olan Attilanın dövründə hunların tayfa ittifaqının hakimiyyəti şərqdə Qafqaz dağlarına qədər, qərbdə — Reyn çayına kimi, şimalda -Danimarka adalarınadək genişləndi, cənubda isə Dunayın sağ sahilini əhatə etdi. Müasirlərinin «allahın bəlası» adlandırdıqları Attilanın başçılığı ilə 447-ci ildə hunlar Frakiya və İlliriyanı talan edib, 70 şəhər və qalanı dağıdaraq Fermopilə və Konstantinopolun ətrafına kimi irəliləyə bildilər. Şərqi Roma imperiyasının hunlara ödədiyi xərac xeyli artırıldı. Attila 451-ci ildə Qalliyaya soxuldu və Katalaun çölündə ömründə ilk dəfə böyük açıq savaşa girərək Qərbi Roma imperiyasının və onun müttəfiqlərinin qoşunları ilə vuruşdu. Burada həlledici qələbəyə nail ola bilməyən Attila 452-ci ildə Şimali İtaliyanı talan etdi, Akvileya şəhərini dağıtdı, Paduya, Milan və s. şəhərləri ələ keçirdi. Roma papası I Leonun Attila ilə danışıqlarından sonra Roma şəhəri ödənc verməklə hunlardan xilas edildi. Pannoniyaya qayıdıb Şərqi Roma imperiyasına qarşı yürüşə hazırlaşan Attila qəflətən açılan burun qanaxmasından vəfat etdi. Attilanın ölümündən sonra hun tayfa ittifaqı dağıldı.

Avarayr çölü — Cənubi Azərbaycanda, Maku şəhəri yaxınlığında yerləşir. 451-ci il mayın 26-da hunlarla ittifaqda olan Sasani qoşunları Avarayr çölündə Vardan Mamikonyanın başçılıq etdiyi üsyançıları məğlub etdilər.

avarlar — V əsrdə Mərkəzi Asiyada meydana çıxmış iri tayfa ittifaqı. İttifaq tərkibində aparıcı rolu köçəri maldar türkdilli tayfalar oynayırdılar. VI əsrin ortalarında Şərqi Avropaya gələn avarlar Xəzərin qərb sahilləri boyu çöllərə yayıldılar. Avarların ilk elçiləri 558-ci ildə Bizans imperiyasına — imperator Yustinianın yanına gəlmiş, hərbi ittifaq bağlamağı təklif etmiş və məskunlaşmaq üçün onlara yer verilməsini xahiş etmişlər. Bizans avarlardan özünə düşmən olan türkdilli bulqar və sabir tayfalarına, habelə slavyanlara — antlara qarşı mübarizədə istifadə etmişdir. Avarlar 567-ci ildə german lanqobard tayfası ilə birlikdə Pannoniyanı tutdular. Burada bir neçə yürüşdən və yeni tayfaların birləşdirilməsindən sonra məşhur sərkərdə Bayanın başçılığı ilə Avar xaqanlığının əsası qoyuldu. Pannoniyada möhkəmləndirilmiş konsentrik çevrəli «xrinq» — lər qala sistemi yaradılmışdı Avarla Pannoniyadan slavyanlara, franklara, lanqobardlara. gürcülərə və digər tayfalara habelə onlara xərac verməyə başlayan Bvansa qarşı basqınlar edirdilər. Avarlar Frank dövlətinə də basqınlar edirdilər. Lakin daxili çəkismələr və fəth edilmiş tayfaların üsyanları avarların hərbi qüdrətinin tənəzzülünə və xaqanlığın dağılmasına səbəb oldu. VII min ortalarında avarlar Qara dənizin şimal ətrafından sıxışdırılıb çıxarıldı, türkdilli bulqarlar tərəfindən 680-ci ildə yaradılmış Bulqar çarlığı isə onları cənubdan sıxışdırmağa başladı. Avarlar 790-cı ildə Böyük Karlın frank ordusu tərəfindən tamamilə darmadağın edildilər, 796-cı ildə isə əsas «xrinq»lər süqut etdi. Sonralar avarlar Qara dənizin qərb sahilləri və Dunayboyu ərazilərin yerli əhalisi ilə tamamilə qaynayıb-qarışdılar.

Avesta — zərdüştilərin müqəddəs kitabı. Avestanın ən qədim hissələrinin yadda qalmasını asanlaşdırmaq üçün onlar şer formasında tərtib olunmuş və nəsildən-nəslə şifahi ötürülmüşdür. Antik və Şərq mənbələrinin verdikləri məlumata görə, Əhəməni şahı III Dara üzərində qələbə çalan Makedoniyalı İsgəndər "çoxlu maq öldürsə də", "çoxlu ocaq söndürsə də", atəş məbədini qarət etsə də, habelə zərdüştilik rəvayətinə görə, Suzda Əhəməni şahlarının sarayını yandırmaqla Avestanın 12.000 dana dərisi, ya da taxta üzərində qızıl hərflərlə yazılmış ilkin variantını məhv etsə də, Avestanın əsas məzmunu salamat qalmışdır. Tarixçi Plini yazır ki, Avesta iki milyon sətirdən ibarət imiş. Güman edilir ki, Makedoniyalı İsgəndərdən sonra Parfiyada e.ə. I əsrdə salamat qalmış nüsxələr, eləcə də şifahi zərdüşti ənənəsi əsasında tərtib olunmuş Avesta mətnlərinin ilkyazılı toplusu var imiş. Avestanın eramızadək çatmış hissələri III — IV illərlərdə İranda ilk Sasani şahlarının dövründə bir yerə toplanılmışdı. O dövrdə Avesta iyirmi bir kitabdan (naskdan) ibarət imiş. Avestanın qanuna çevrilmiş mətninə onun pəhləvi (orta fars) dilinə tərcüməsi və “Zənd-Avesta” adlandırılan şərhlər də əlavə edilmişdi. Digər qeyri-müsəlman əsərlər kimi, Avestanın əlyazmaları ərəblər tərəfindən ikinci dəfə amansızcasına yandırılmışdır. Hazırda Avestadan cəmisi dörd yarımçıq kitab (nask) — Yaşt, Yasna, Visprat və Videvdat — dövrümüzə çatmışdır. Avestanın Yaşt kitabı («pərəstiş», «mədh») müxtəlif ari ilahilərinə həsr olunmuş 22 mədh nəğməsindən ibarətdir. Vedalarda olan qədim hind epos və əsatirlərinə bənzər çoxlu sayda qədim İran epos və əsatirlərinin bir qismi Yaştda qalmışdır. Bu bənzərliyə əsaslanaraq söyləmək olar ki, Yaşt Avestanın günümüzə çatan daha qədim kitablarındandır. Yasna kitabı («dua etmək», «qurban vermək») Avestanın ən irihəcmli hissəsidir — 72 fəsildən ibarət olan bu hissəyə ibadət, adət və ayinlərin icrası, qurban vermək zamanı oxunan dualar daxildir. Yasnanın ən mühüm hissəsi (17-ci fəsli) düzümü Zərdüştün öz adına çıxılan, şer formasında tərtib olunmuş Qathalardır («himnlər», "şərqilər"). Bəzi kitablarda onu «Qatalar» adlandırırlar. Belə hesab edilir ki, Qathalar Avestanın ən qədim hissəsidir. Avestanın 24 fəsildən ibarət olan və müxtəlif allahlara pərəstişi ifa edən dualardan təşkil olunmuş Visprat («Allahların hamısı») kahinlik kitabıdır. Avestanın Videvdat kitabı («Divlər əleyhinə qanun») 22 fəsildən ibarətdir. Videvdat qanun və göstərişlərdən — dindar zərdüştilərə nəyə icazə verilməsindən və nəyin qadağan olunmasından bəhs edən kitabdır. Tarixçilərin əksəriyyətinin fikrincə, Avesta Mərkəzi Asiyada tərtib olunmuş, sonralar isə Midiya və İranda yayılmışdı. Digər mənbələrə görə, Avestanın vətəni Midiyadır. Avesta parslarda saxlanılmışdır. Avesta bizə XIII — XIV əsrlərin son əlyazmalarında dövrümüzə çatmışdır. Avropada Avestanın əsl məzmunundan XVIII əsrin ikinci yarısında fransız alimi Düperronun həmin əlyazmalardan etdiyi tərcümələr vasitəsilə xəbər tutmuşlar.

Avgi — qədim yunan mifologiyasında bir neçə min baş mal-qarası olan Elida çan. Avginin tövləsini yalnız Herakl təmizləyə bilmişdi.

Avrasiya — dünyanın ən böyük materiki, ərazisi təqribən 53,4 mln. km; iki qitədən — Avropa və Asiyadan ibarətdir.

Avropa — qitə, ərazisi təqribən 10 mln. km2; «Köhnə dünya»nın Asiya ilə birlikdə (Avropa ilə Asiyanın sərhədi haqqında bax: Asiya) Avrasiya materikini əmələ gətirən hissəsi. Atlantik və Şimal Buzlu okeanı və onların dənizləri ilə əhatə olunub.

«Avropa İttifaqı» (Aİ) — 1991-ci ilin dekabrında Maastrixt şəhərində (Hollandiya) AİB (Avropa İqtisadi Birliyi) üzvü olan ölkələr iqtisadi və siyasi inteqrasiyanı sürətləndirmək məqsədi ilə AİB-i Avropa İttifaqına (Aİ) çevirmək qərarına gəldilər. Aİ 15 üzv-ölkədə (1999) ümumi səsvermə ilə seçilmiş 626 nəfər parlament üzvündən ibarət Avropa parlamentinə malikdir. Bundan əlavə, Aİ-nin siyasətini müəyyənləşdirməkdən ötrü Aİ-nin üzv-ölkələrinin dövlət və hökumət başçılarının ən azı ildə iki dəfə müşavirələri keçirilir. Aİ-nin mənzil-qərargahı Strasburqda (Fransa) yerləşir. Aİ-nin üzv-ölkələrinin əhalisi 1993-cü ildə həmin ölkələrin sərhədləri daxilində sərbəst hərəkət etmək hüququ əldə etdi. 1999-cu ilin yanvarında Aİ-nin üzv-ölkələri üçün vahid valyuta — «avro» dövriyyəyə buraxıldı.

Avropa Şurası — 1949-cu il mayın 5-də on ölkə Belçika, Böyük Britaniya, Danimarka, İrlandiya, İtaliya, Lüksemburq, Niderland, Norveç, Fransa və İsveç tərəfindən yaradılmış təşkilat. Həmin ilin avqustunda Yunanıstan və Türkiyə də onlara qoşulmuşlar. Avropa Şurasının əsas məqsədi insan hüquqlarının, plüralist demokratiya və qanunun aliliyinin qorunması; Avropa mədəniyyətinin özəlliyinin dərk olunması və inkişaf etdirilməsinə yardım etmək; Avropa ölkələri qarşısında duran problemlərin birgə həlli yollarını tapmaq (milli azlıqlar, ksenofobiya, dözümsüzlük, ətraf mühitin mühafizəsi, insanın klonlaşdırılması, QİÇS (AİDS), nar-komaniya, mütəşəkkil cinayətkarlıq və s.); siyasi qanunverici və konstitusion islahatları dəstəkləməklə Avropada demokratik sabitliyin möhkəmlənməsinə yardım etməkdən ibarətdir. Avropa Şurasının mənzil-qərargahı Strasburqda (Fransa) yerləşir. Avropa Şurasının 32 üzv-ölkəsinin nümayəndələri l993-cü ildə Avropa Şurası üzvlüyünün genişləndirilməsi yolunu tutdular. 2001-ci il yanvarın 25-də Azərbaycan Respublikası da Avropa Şurasının üzvü oldu.

Avrora — qədim romalıların mifologiyasında sübh şəfəqi ilahəsi.

avtarkiya — qədim yunan filosoflarının təliminə görə, xarici (o cümlədən maddi) şəraitdən asılı olmamaq. Avtarkiya əsl müdrikin fərqli cəhətidir. Bəzən avtarkiya bir dövlətin digərlərindən siyasi və iqtisadi cəhətdən asılı olmamasını bildirir.

avtokratiya — nəzarətsiz və qeyri-məhdud tamhakimiyyətlilik forması. Tarixçilər Qədim Şərqin ibtidai monarxiyalarını, Roma və Bizans imperiyalarının idarəçilik formalarını, yeni dövrün mütləqiyyət monarxiyalarındakı despotizmi avtokratiyaya aid edirlər.

avtoritarlıq — bir şəxsin (monarxın, diktatorun) istibdad hakimiyyəti ilə bağlı olan dövlət sistemində hökumətə sözsüz tabe olmaq.

avuar — bankın başqa dövlətlərin banklarında xarici valyuta, qiymətli kağız və qızıl ilə saxlanılan vəsaitləri.

azad olunmuşlar — Qədim Yunanıstanda və Qədim Romada sahibi tərəfindən azadlığa buraxılmış və ya azadlığını özü satın almış, amma əvvəlki ağasından müəyyən dərəcədə asılı qalan keçmiş qullar.

Azərbaycan (tarixi) — tarixi Azərbaycanın ərazisi Cənubi Qafqazın mərkəzi və şərqində və müasir İranın şimal-qərbində yerləşən Azərbaycan relyefinin hündürlüyü — 28 m-dən (Xəzər sahilləri) 4821 m-dək (Savalan dağı) olan düzənlik və dağlar ölkəsidir. Azərbaycan ərazisində iri ovalıqlar vardır və onlardan ən genişi Kür-Araz ovalığıdır. O bir neçə ovalıqdan ibarətdir. Dəvəçi ovalığı da iridir. Azərbaycan əsasən dağlıqlardan ibarətdir. Azərbaycanın torpaq örtüyü xeyli rəngarəngdir — yarımsəhra və subtropikdən dağlıq tundrayadək rəngarənglik vardır. Azərbaycandan keçən ən iri çaylar Kür, Araz və Səfidrud (Qızılüzən) çaylarıdır. Tarixi Azərbaycanın əraziləri şərqdə və cənub-şərqdə Xəzər dənizi ilə əhatələnir. Azərbaycanın ən böyük gölü Urmiya gölüdür. Azərbaycanın təkində zəngin faydalı yataqlar, xüsusilə də neft və qaz yataqları vardır. Burada habelə dəmir, manqan, titan, xrom, mis, kobalt, arsen, molibdən, qurğuşun, gümüş, qızıl, civə filizləri, kükürd, daş duz, çaxmaq daşı, mərmər və s. tikinti materialları vardır. Azərbaycan ərazisində çoxlu miqdarda mineral sular vardır. Bunlardan öz müalicəvi əhəmiyyəti ilə seçilənlər İstisu, Badamlı, Sirab, Turşsu, Qalaaltı və s. sularıdır. 11 iqlim qurşağından 9-u Azərbaycan ərazisindədir. Azərbaycanın heyvanat aləmi müxtəlif heyvanlar, quşlar və balıqlarla təmsil olunur. Azərbaycan zəngin və qədim tarixə malik ölkədir. Tarixi Azərbaycanın ərazisində yaşayan əsas millət azərbaycanlılardır. 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsinin şərtlərinə əsasən, Azərbaycan ərazisi Rusiya ilə İran arasında iki yerə bölünmüşdür. Elə o dövrdən də "Şimali Azərbaycan" və «Cənubi Azərbaycan» məfhumları meydana gəlmişdir. Bunların arasındakı sərhəd əsas etibarilə Araz çayı hesab olunur. 1918-ci ildən 1920-ci ilədək Şimali Azərbaycan ərazisində müstəqil Azərbaycan Demokratik Respublikası (ADR) mövcud olmuşdur. Qırmızı Ordu tərəfindən işğal edilən Şimali Azərbaycan «Azərbaycan SSR» kimi SSRİ-nin tərkibinə daxil olmuşdur. Hazırda tarixi Azərbaycanın ərazisinin yalnız kiçik bir hissəsində müstəqil dövlət -Azərbaycan Respublikası mövcuddur.

Azərbaycan Demokratik Respublikası (ADR) — 1918-ci il mayın 28-dən 1920-ci il arelin 28-dək Şimali Azərbaycan ərazisində mövcud olmuş demokratik respublika. Gürcüstanın öz müstəqilliyini elan etməsindən və Zaqafqaziya Seyminin faktik olaraq dağılmasından sonra keçmiş seymin Azərbaycan fraksiyası 1918-ci il mayın 27-de fövqəladə yığıncaq keçirərək özünü Azərbaycanın Müvəqqəti Milli Şurası elan etdi və M.Ə.Rəsulzadə şuranın sədri seçildi. 1918-ci il mayın 28-də Müvəqqəti Milli Şuranın birinci iclasında Azərbaycanın müstəqilliyi haqqında bəyannamə qəbul edildi və Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılması bəyan edildi. Elə həmin iclasda başda Fətəli xan Xoyski olmaqla ADR-in birinci hökuməti təşkil edildi. Elə o zaman yaradılmış Ermənistan Respublikasının hökuməti xahiş etdi ki, İrəvan şəhərini özünə paytaxt etmək üçün ona versinlər. Müvəqqəti Milli Şura ermənilərin Dağlıq Qarabağa iddialarından birdəfəlik əl çəkmələri şərti ilə İrəvanı Ermənistana verməyə razılaşdı. Lakin İrəvanı aldıqdan sonra Ermənistanın daşnak hökuməti Zəngəzuru, Naxçıvanı və Dağlıq Qarabağı tutmağı qarşısına məqsəd qoydu. 1918-ci il iyunun 4-də Batumda imzalanmış müqaviləyə əsasən, Osmanlı imperiyası ilk xarici dövlət kimi ADR-in müstəqilliyini tanıdı. Osmanlı hökuməti «ictimai asayişə təhlükə yarandıqda» ADR-ə hərbi yardım göstərməyi öz öhdəsinə götürdü və elə oradaca M.Ə.Rəsulzadə və M.H.Hacınski ADR-ə hərbi yardım göstərilməsini xahiş etdilər. İyunun birinci yarısında türk qoşunları Şimali Azərbaycan ərazilərinə daxil oldular. İyunun 12-də Bakı Soveti Kürdəmiri zəbt etdi. 1918-ci il iyunun 15-də Milli Şura və ADR hökuməti Gəncəyə köçdü. İyunun 17-də keçirilmiş iclasda 6 ay müddətində Müəssislər Məclisinin çağırılmasını təmin etmək öhdəliyi götürüldü, Müvəqqəti Milli Şura   özünün buraxıldığını bəyan etdi və hakimiyyəti bütünlüklə hökumətə verdi. Elə həmin gün ADR-in 2-ci hökuməti təşkil olundu. Əvvəlki hökumətin 6 üzvü və 6 yeni nazir 2-ci hökumətə daxil oldu. 2-ci hökumətə də Fətəli xan Xoyski rəhbərlik edirdi. 1918-ci il iyunun 23-də hökumət ADR-in bütün ərazisində hərbi vəziyyət elan etdi. Türkiyə ordusunun 5-ci piyada diviziyası ilə Ə.Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman Milli Korpusunun birləşdirilməsi əsasında "İslam ordusu" yaradılmışdı. Bakı Sovetinin qoşunları iyunun 27-də Göyçaya yaxınlaşdılar. 1918-ci il iyunun 27-si — iyulun 1-də Göyçay yaxınlığında baş vermiş döyüşdə Bakı Sovetinin qoşunları "İslam ordusu" tərəfindən darmadağın edildi. Bundan sonra "İslam ordusu" bütün cəbhə boyu hücuma keçərək az sonra Kürdəmiri və Şamaxını Bakı Sovetinin qoşunlarından azad etdi. Almaniyanın vasitəçiliyi ilə Sovet Rusiyasının müdaxiləsi "İslam ordusu«nun Bakıya daxil olmasını ləngitdi. Bakıda siyasi böhran başlandı — Bakı Sovetində çoxluq təşkil edən əsərlər, menşeviklər və daşnaklar Türk — Azərbaycan qoşunlarının Bakıya daxil olmasının qarşısını almaq məqsədi ilə 1918-ci il iyulun 25-də Bakı Sovetinin fövqəladə yığıncağında ingilislərin Bakıya dəvət olunmaları və koalision hökumətin yaradılması haqqında qətnamə qəbul etdilər. 1918-ci il iyulun 31-də Bakı Soveti öz səlahiyyətlərindən imtina etdiyini bildirdi. Ele həmin gün Bakıda hakimiyyət »Sentrokaspi Diktaturası" koalision hökumətinin elinə keçdi. Formal olaraq hakimiyyət Xəzər donanmasının zabit və matroslarının əlində idi, real hakimiyyət isə “Erməni milli şurası”na, «Daşnaksütyun» partiyasına və başqa erməni təşkilatlarına mənsub idi.

«Sentrokaspi Diktaturası»nın ilk addımlarından biri 1918-ci il avqustun əvvəllərində ingilis qoşunlarının Bakıya dəvət edilməsi oldu. Onu dəvət edən hökumətin oyuncaq olduğunu görən ingilis generalı Denstervil şəhərin bundan sonra müdafiə edilməsinin səmərəsizliyini başa düşdü. 1918-ci il sentyabrın 15-də ingilis qoşunları Bakını tərk etdilər, onların ardınca isə cəbhədəki erməni qoşunlarının bir hissəsi və Sentrokaspi Diktaturası" hökumətinin üzvləri gəmi ilə İrana getdilər. 1918-ci il sentyabrın 15-də "İslam ordusu" Bakıya daxil oldu. ADR hökuməti Gəncədən Bakıya köçdü. 1918-cı ilin iyulunda ADR ərazisində fövqəladə vəziyyət elan olundu və hərbi səfərbərlik keçirildi. 1918-ci il iyunun 21-də dövlət bayrağı haqqında dekret, iyunun 27-də isə türk (Azərbaycan) dilinin ADR-in dövlət dili kimi tanınması haqqında dekret verildi. 1918-ci il iyulun 30-da ADR hökumətinin qərarı ilə Yelizavetpolun qədim adı — “Gəncə” özünə qaytarıldı, Qaryagin qəzası Cəbrayıl qəzası adlandırıldı. 1918-ci il yayın axırları — payızda Andronikin başçılığı ilə silahlı erməni banditləri Zəngəzurda və Naxçıvanda dinc əhalini kütləvi surətdə qırmağa başladılar. Buna cavab olaraq ADR hökuməti Xosrov bəy Sultanovun rəhbərliyi ilə Qarabağ general — qubernatorluğunu yaratdı. Xosrov bəy Sultanov Qarabağ, Zəngəzur və Naxçıvanda ADR-in suverenliyini bərpa edə bildi. Daşnak hökuməti «Böyük Ermənistan» yaratmaq ideyasını Antantanın köməkliyi ilə diplomatik yolla da həyata keçirməyə cəhd göstərir, Türkiyənin bir neçə vilayətinə, Gürcüstanın bir hissəsinə və Azərbaycanın böyük bir hissəsinə (Zəngəzur, Naxçıvan və Dağlıq Qarabağ) iddia edirdi. Ermənistanla müharibə faktik olaraq 1920-ci ilin yazınadək, yəni ADR-in Sovet Rusiyası tərəfindən işğalınadək davam etmişdir. 1918-ci il oktyabrın 1-də ADR hökuməti milliləşdirilmiş neft sənayesini özəlləşdirdi. Mudros barışığına əsasən, 1918-ci ilin noyabrında türk qoşunları ADR ərazisindən çıxarıldı, 1918-ci il noyabrın 17-də isə general V.Tomsonun başçılığı ilə Antanta qoşunları Bakıya yeridildi. Öz fəaliyyətini bərpa edən Milli Şura 1918-ci il noyabrın 19-da «Azərbaycan parlamentinin yaradılması haqqında» qanun qəbul etdi və onun əsasında 120 deputat birpalatalı parlamenti təşkil etməli idi. Parlamentdəki 120 deputat yerindən 44-ü keçmiş Milli Şura üzvləri üçün, 36 yer müsəlman, 21 yer erməni, 10 yer rus əhalisi üçün, yəhudi, alman, gürcü və polyak icmalarının hərəsi üçünsə 1 yer ayrılırdı. Bundan başqa, 3 yer həmkarlar təşkilatlarına, 1 yer Neft Sənayeçiləri Şurasına və 1 yer Ticarət-Sənaye İttifaqına verilirdi. 1918-ci il dekabrın 7-də Azərbaycan parlamenti fəaliyyətə başladı. Əlimərdanbəy Topçubaşov parlamentin sədri seçildi. ADR-də qanunverici hakimiyyət parlamentə, icraedici hakimiyyət isə parlament qarşısında məsul olan hökumətə mənsub idi. 1918-ci il dekabrın 26-da Fətəli xan Xoyskinin başçılığı ilə 3-cü koalision hökumət təşkil edildi. 2 gündən sonra general Tomson Azərbaycan hökumətini tamdığını bəyan etdi. ADR-in yeni hökuməti Əlimərdanbəy Topçubaşovun başçılığı ilə Versal konfransına nümayəndə heyəti göndərdi. Bu dövrdə ADR-in ərazisi 113,9 min km2, əhalisi isə 2,9 mln. nəfər (2 mln.-a yaxını müsəlman) idi. Fevralın 25-də parlamentin bütün fraksiyaları tərəfindən dəstəklənən etimadsızlıq rəyi ilə əlaqədar olaraq Fətəli xan Xoyskinin rəhbərlik etdiyi 3-cü ADR hökuməti istefaya çıxdı. 1919-cu il aprelin 14-də parlament N.Yusifbəylinin rəhbərliyi ilə 4-cü ADR hökumətini təsdiq etdi. 1919-cu il iyunun 21-də parlament 1920-ci il aprelin 20-də keçiriləcək Müəssislər Məclisi seçkiləri ilə əlaqədar qaydaları qəbul etdi. 1919-cu ilin yayında Dövlət Müdafiə Komitəsi yaradıldı. 1919-cu il iyunun 16-da ADR ilə Gürcüstan arasında müdafiə paktı imzalandı. Pakta görə, əgər general Denikinin ordusu bu ölkələrdən biri üzərinə hücum edərdisə, onda tərəflərdən hər biri digərinə köməyə gəlməli idi.

1919- cu ilin avqustunda polkovnik Həbib bəy Səlimovun komandanlığı ilə Milli Ordunun alayları Muğandakı qiyamı yatırdı. 1919-cu il avqustun axırlarında Bakını tərk edən ingilislər hərbi gəmilərinin bir hissəsini Azərbaycan hökumətinə verdilər və bu, Azərbaycanın yenicə yaradılmaqda olan Xəzər dəniz donanmasının əsasını təşkil etdi. 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti Bakı Universitetinin təsis edilməsi haqqında qanun qəbul etdi. Sentyabrın 14-də ADR-in 4-cü hökuməti istefaya getdi. 1919-cu il dekabrın 22-də N.Yusifbəylinin rəhbərliyi ilə ADR-in 5-ci hökuməti təşkil edildi. 1920-ci il yanvarın 11-də Böyük Britaniya xarici işlər naziri lord Kerzonun təqdimatı ilə Paris sülh konfransının Ali Şurası ADR-in müstəqilliyini de-fakto tanımaq barəsində qərar qəbul etdi. 1920-ci ilin əvvəllərində ADR ilə İtaliya arasında neft, neft məhsulları, pambıq və yun verilməklə əvəzində silah və hərbi sursat alınması haqqında müqavilə imzalandı.

1920- ci il fevralın 11-də Azərbaycan Kommunist Partiyası (AKP) təsisçilərinin Bakıda I qurultayı oldu. Bu partiya Sovet Rusiyasının köməyi ilə Azərbaycanda dövlət çevrilişi etməyə hazırlaşırdı. 1920-ci il martın 20-də Azərbaycan Demokratik Respublikası ilə İran arasında sülh və dostluq haqqında müqavilə imzalandı. 1920-ci ilin mart — aprel aylarında Milli Ordunun H.Səlimovun rəhbərlik etdiyi hissələri Dağlıq Qarabağda erməni qiyamını yatırdı. Dağlıq Qarabağda erməni qiyamı ilə əlaqədar Azərbaycan kommunistləri (əslində, qeyri-azərbaycanlılar) Sovet Rusiyasından yardım istədilər. Bu dövrdə Ermənistanın Zəngəzura təcavüzü davam edirdi. Bu hadisələrlə bağlı olaraq Milli Ordunun böyük hissəsi Azərbaycanın qərbində idi və bu da onun şimal sərhədlərinin müdafiəsini zəiflədirdi. 1920-ci il aprelin 1-də ADR-in 5-ci hökuməti istefaya getdi və yeni hökumətin təşkili M.Hacınskiyə tapşırıldı, o isə sol koalision hökumət təşkil etməyə səy göstərdi, lakin dövlət çevrilişinə hazırlaşan kommunistlər son məqamda hökumətə daxil olmaqdan imtina etdilər. Bununla da yeni hökumətin təşkili baş tutmadı. Aprelin 27-də saat 0005 dəqiqədə XI Qırmızı Orduya verilmiş zirehli qatar ADR sərhədlərini keçərək Azərbaycan Milli Ordusunun xırda-para qüvvələrinin dağınıq müqavimətini dəf edərək Bakıya doğru irəliləyirdi. 3 zirehli qatar da onun ardınca gəlirdi. Aprelin 27-si səhər tezdən kommunistlərin silahlı dəstələri Bakıda dəmiryol vağzalını, hərbi və ticarət limanlarını, poçt, teleqraf, radiostansiya və digər mühüm obyektləri tutdular. XI Qırmızı Ordunun Azərbaycana soxulmasından sonra başda H.Sultanov olmaqla Azərbaycan İnqilab Komitəsi (AİK) 12 saat ərzində hakimiyyəti təhvil vermək haqqında parlamentə ultimatum verdi. AXC-nin hərbi naziri S.Mehmandarov zabitlərə əmr etdi ki, yeni hakimiyyətə tabe olsunlar. Başda "Ərdəhan" topçu gəmisi olmaqla Xəzər donanmasının gəmiləri Bakı buxtasında sıraya düzülərək toplarını hökumət binalarına tuşlayıb Azərbaycan İnqilab Komitəsinin ultimatumunım qəbulunu tələb edirdilər. 1920-ci il aprelin 27-də axşam saat 11-də parlament müəyyən şərtlərlə hakimiyyəti İnqilab Komitəsinə təhvil vermək haqqında qətnamə qəbul etdi və bundan sonra AXC parlamenti buraxıldı. 1920-ci il aprelin 28-də İnqilab Komitəsi «müstəqil» Azərbaycan Sovet Sosialist Respublikasının yaradılmasını bəyan etdi. 1920-ci il aprelin 30-da XI Qırmızı Ordunun əsas qüvvələri Bakıya daxil oldular. 1920-ci il mayın ortalarınadək XI Qırmızı Ordu Şimali Azərbaycan ərazilərini, demək olar ki, tamamilə işğal etdi.

Azərbaycan dili — müasir Azərbaycan dili türk dillərinin qərbi hun qolunun oğuz qrupuna aiddir.

Azərbaycan müəllimlərinin I qurultayı — 1906-cı ilin avqustunda Bakıda Azərbaycan müəllimlərinin I qurultayı keçirildi. Müəllimlər qurultayında Azərbaycan dilinin tədrisinin məcburi olması və təhsilin rus-tatar məktəblərində Azərbaycan dilində aparılması, yeni proqramların tərtib edilməsi, müəllimlər seminariyasının yaradılması və müəllimlərin həyat şəraitinin yaxşılaşdırılması məsələləri qaldırıldı.

Azərbaycanda 1866-cı il məhkəmə islahatları — 1864-cü ildə Rusiyada keçirilən məhkəmə islahatları 1866-cı ildə Şimali Azərbaycana və Cənubi Qafqaza da aid edildi. Məhkəmə islahatlarının şərtlərinə görə, köhnə silki məhkəmələr bütün silklərə aid olan məhkəmə müəssisələri ilə əvəz edildi. Məhkəmə prosesi açıq qapılar şəraitində — camaatın gözü qarşısında keçirilməli idi. Qəzetlər məhkəmə iclasları haqqında hesabatlar dərc edə bilərdilər. Lakin yerli əhalinin «inkişafının aşağı səviyyədə olması» bəhanəsi ilə çarizm Cənubi Qafqazda məhkəmə islahatlarını yarımçıq şəkildə həyata keçirdi. Rusiyadan fərqli olaraq burada andlı məhkəmə iclasçıları institutu tətbiq edilmədi; hakimlər əhali tərəfindən seçilmir, Qafqazdakı çar hakimiyyəti nümayəndələri tərəfindən təyin olunurdu. Məhkəmə araşdırmaları rus dilində apanlırdı.

Azərbaycanda Skif çarlığı — e.ə. VII əsrin əvvəllərində Qara dənizin şimal ətrafından Xəzər dənizinin sahilləri boyunca müasir Azərbaycan Respublikası ərazilərinə skiflərin axını oldu. Skiflərin bir hissəsi Gəncə — Qazax rayonunda və Manna ərazilərində məskunlaşaraq burada öz çarlıqlarını yaratdı. Burada yaradılmış Skif çarlığının əhalisinin əksəriyyətini yerli Xayfalar təşkil edirdilər. Skiflər buradan Urartu, Assuriya üzərinə yürüşlər edirdilər və Herodotun sözlərinə görə, e.ə. 630 — 620-ci illərdə Misir sərhədlərinədək gedib çıxmışdılar. Misir fironu I Psammetix skiflərə hədiyyələr verməklə onları öz dövlətinə soxulmaqdan çəkindirdi. E.ə. 672-ci ildə Kaştaritinin başcılığı ilə midiyalıların Assuriyaya qarşı üsyanı zamanı skiflər ilk vaxtlar midiyalılarla ittifaqa girdilər. Amma Assuriya çarı Assarxaddon skifləri öz tərəfinə çəkə bildi və bunun xatirinə qızını assur mənbələrində “İşquz ölkəsinin çarı” adlandırılan skifçarı Partatuaya ərə verdi. Bundan sonra İşquzun Skif çarlığı Assuriyanın həmişəlik sədaqətli müttəfiqi oldu. E.ə. təxminən 639-cu ildə skiflər Partatuanın oğlu, çarları Madinin başçılığı ilə Kappadokiyada kimmerləri məğlub etdilər. Midiya hökmdarı Kaştariti Assuriyaya qarşı yürüşə başlayan zaman sonuncuların müttəfiqi olan skiflər midiyalılara hücum etdilər. İki cəbhədə mübarizəyə tab gətirməyən midiyalılar məğlub oldular. Bunun da nəticəsində Midiya Skif çarlığından vassal asılılığına düşdü və ona xərac vermək məcburiyyətində qaldı. E.ə. 624-cü ildə Midiya çarı Kiaksar skiflərin Midiya üzərində ağalığına son qoydu. E.ə. təqribən 593-cü ildə Kiaksar Skif çarlığını tutdu və bundan sonra skiflərin bir qismi geriyə — Qara dənizin şimal sahillərinə qayıtdı, bir qismi Lidiyaya qaçdı və Lidiya — Midiya müharibəsinin başlanmasına bəhanə oldu, bir qismi isə keçmiş Skif çarlığı ərazisində qaldı. İşquz Skif çarlığının adı sonuncu dəfə Bibliyada «Aşkenaz» kimi çəkilir. Cənubi Azərbaycanda əylənən skiflərin bir hissəsi «ortokoribantilər» (yun. "şişpapaqlılar") adı ilə sonralar Urmiyaətrafı rayonda yaşamış və Əhəmənilər dövründə Əhəmənilər dövlətinin X dairəsinə daxil olmuşdur. Antik və orta əsr mənbələrində adı çəkilən Sakasena vilayəti adını Şimali Azərbaycanda qalmış skiflərin bir hissəsindən götürmüşdür. Sakasenlər kadusilər, albanlar və midiyalılarla birlikdə Atropatın başçılığı altında Qavqamela yaxınlığındakı döyüş zamanı Makedoniyalı İsgəndərə qarşı vuruşmuşdular. Müstəqil Atropatena dövləti yaradıldıqdan sonra Sakasena, güman ki, onun tərkibinə daxil oldu. Orta əsrlərdə Sakasena vilayəti Qafqaz Albaniyasına daxil idi.

azərbaycanlılar — tarixi Azərbaycan ərazisində yaşayan əsas millət. Azərbaycan milləti müxtəlif dilli qədim yerli əhalinin, eləcə də hələ qədimlərdən tarixi Azərbaycan ərazisində yaşayan və sonradan buraya köçən türk tayfalarının qaynayıb-qarışması nəticəsində meydana gəlmişdir. Hazırda tarixi Azərbaycan ərazisində yaşayan azərbaycanlıların sayı 30 milyon nəfərdən çoxdur ki, bunların da 8,5 milyona yaxını Şimali Azərbaycanda, 20 milyondan çoxu isə Cənubi Azərbaycanda yaşayır. Müasir azərbaycanlılar Azərbaycan dilində danışırlar.

Azıx mağarası — Azərbaycan Respublikasında — Qarabağda, Füzuli şəhərinin yaxınlığında yerləşir. Azıx mağarası uzaq qədimdən insanlar tərəfindən məskunlaşması ilə məlumdur. 1960-cı ildə Məmmədəli Hü-seynovun başçılığı ilə Azıx mağarasında arxeoloji ekspedisiya tərəfindən aparılmış qazıntılar nəticəsində müəyyən edilmişdir ki, ən qədim insanlar bu mağarada hələ 1,5 mln. il bundan əvvəl məskunlaşmışlar. Bu, bütün Avrasiyada ibtidai insanların məskunlaşdığı ən qədim yaşayış məskənlərindən biridir. Mağarada bu dövrə aid əmək alətlərinin tapılması sübut edir ki, Azərbaycan ən qədim insanın formalaşdığı məskənlərdən biri olmuşdur. Azıx mağarasında yaşı 700 min il olan ocaq yeri aşkar edilmişdir. Azıx mağarasında qədim insanın — azıxantropun çənə sümüyünün bir parçası aşkar edilmişdir.

azıxantrop — Azərbaycan arxeoloqu Məmmədəli Hüseynov 1968-ci ildə Azıx mağarasında qədim insanın alt çənəsinin bir parçasını aşkar etmişdir. Alimlər bu insanı “azıxantrop” (tapıldığı yerə görə — Azıx və qədim yunanca “antropos” sözünə görə “insan”), yəni “Azıx adamı” adlandırmışlar. Alimlərin araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, azıxantrop 350 — 400 min il bundan əvvəl yaşamışdır. Bu, qədim insanın qalıqlarının yaşına görə dünyada dördüncü tapıntıdır. Azıxantropun çənəsi xeyli böyük idi. Azərbaycan alimi D.Hacıyev tapılmış çənənin tədqiqi zamanı müəyyən etmişdir ki, o, 18-22 yaşlarında qadına mənsub olub. Azıxantrop artıq oddan istifadə edir və onu uzun müddət saxlamağı bacarırdı. Azıx mağarasında içərisində dörd mağara ayısının kəllə sümüyü olan azıxantrop gizləncləri tapılmışdır. Bu kəllələrdən birinin üzərində yeddi paralel çərtik var idi. Azərbaycan alimi İqrar Əliyev hesab edir ki, bu çərtmələr azıxantroplarda say olmasına işarədir.

 

Mənbə: MƏKTƏBLİNİN TARİX LÜĞƏTİ
Müəlliflər:

  • Rauf Məlikov, Tarix elmləri namizədi, Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun «Azərbaycanın qədim tarixi» şöbəsinin elmi işçisi
  • Nizami İbrahimov, Tarix müəllimi, «Azərbaycan tarix müəllimləri» ictimai birliyinin üzvü.
 

0 şərh