"B" hərfi ilə başlayan tarix terminləri

Babək (798 — 838) — əsl adı Həsəndir. Həsən Ərdəbil yaxınlığındakı Bilalabad kəndində kasıb ailəsində anadan olmuşdur. Həsən hələ uşaq ikən quldurlar onun atasını öldürmüşdülər. Anası onu çox böyük əzab-əziyyətlə böyütmüşdür. Yeniyetmə Həsən ilk vaxtlar çoban, sonralar isə dəvəçi olmuşdur. Həsən Təbrizdə usta şagirdi kimi çalışır, öz cüzi qazancı ilə anasına kömək edirdi. Həsən hər yerdə Azərbaycan xalqının ərəb zülmü altında qüssəli həyatını görürdü. Özünün gələcək şagirdi və həmkarı Həsən ilə ilk görüşündə Cavidan onun dərrakəliliyini, qoçaqlığını, vətənpərvərliyini duymuş və onu özü ilə Bəzz qalasına gətirmişdir. Az sonra Həsən «Babək» ləqəbi ilə xürrəmilərin təlimini qəbul etmiş və Cavidanın sədaqətli köməkçisi olmuşdur. 816-cı ildə Cavidan ərəblərlə döyüşlərdən birində öldürüləndən sonra xürrəmilərə başçılıq etmək 18 yaşlı Babəkə qismət olmuşdur. Babək xalqın əksər hissəsini azadlıq uğrunda mübarizəyə qaldıra bilmiş və xürramilərin qoşunlarında ciddi nizam-intizam yaratmışdır. Babəkin başçılığı ilə xürrəmilər 21 il ərzində ərəblərə qarşı mübarizə aparmış, ərəb ordularını bir neçə dəfə ağır məğlubiyyətə uğratmışlar. Bəzz qalasının ərəblər tərəfindən mühasirəsi zamanı onlar Babəkin oğlunu əsir götürmüş və məcbur etmişdilər ki, atasına mübarizəni dayandırarsa, xəlifənin onu bağışlayacağı haqqında məktub yazsın. Babək oğluna belə cavab vermişdir: "Əgər sən mənim oğlum olsaydın, mənim kimi olardın, amma sən mənim oğlum deyilsən. Sənin bir gün azad yaşamağın qırx il miskin qul kimi yaşamağından yaxşı olardı". Bəzz qalası ərəblər tərəfindən tutulduqdan sonra Babək Arrana getdi ki, yeni qüvvələr toplayıb müharibəni davam etdirsin, lakin keçmiş müttəfiqi Səhl ibn Sunbat tərəfindən xəyanətlə tutulub ərəblərə verildi. Babək 838-ci il martın 14-də Samirədə edam edildi.

Babil (şumer. Kandiqirru, akkad. Babilu; hərfi mənası — «allahın qapısı») -Fərat çayının orta axarında qədim şəhər, müasir Bağdadın 90 km-liyindədir. Ön Asiyanın su və karvan yollarının qovşağında yerləşən Babil Hammurapinin hökmdarlığı dövründə iri ticarət şəhəri və müstəqil çarlığın paytaxtı idi. Təxminən e.ə. 1595-ci ildə hettlər tərəfindən tutulmuş və təqribən e.ə. 1518-ci ildə isə kassitlərin hakimiyyəti altına düşmüşdür. E.ə. 732-ci ildən Assuriya dövlətinin tərkibində olmuşdur. E.ə. 689-cu ildə qiyam edən Babil Assuriya çarı Sinaxeribin əmri ilə dağıdıldı. E.ə. VI əsrdə Babilistan hökmdarı Navuxodonosorun hakimiyyəti illərində Babil şəhəri çiçəklənmə dövrünü yaşayırdı, burada böyük tikinti işlərinə başlanıldı — şəhərin ətrafına məşhur İştar darvazası olan möhkəm divarlar çəkildi; Marduk allahının şərəfinə zikkurat tikildi. Babilistanda hökmdar Navuxodonosorun sarayında «Semiramidanın asma bağları» salınmışdı. Bu dövrdə Babil dünyanın ən böyük şəhəri idi. E.ə. 538-ci ildə Əhəməni şahı Kir tərəfindən tutulmuşdur. Babil bir müddət Makedoniyalı İsgəndərin dövlətinin də paytaxtı olmuşdur. E.ə. 312-ci ildə Makedoniyalı İsgəndərin diadoxu Selevk tərəfindən tutulmuşdur. O, şəhərin əhalisinin böyük hissəsini öz paytaxtına — Selevkiyaya köçürmüşdü. Həmin dövrdən Babil öz əhəmiyyətini itirmişdir.

«Babil həngaməsi» — Bibliyada yazılmış əfsanəyə görə, qürrələnmiş insanlar qərara alırlar ki, səmaya çatmaq üçün Babildə möhtəşəm bir qüllə inşa etsinlər. Yəhudi allahı Yahve (Yəhva) bunun qarşısını almaq məqsədi ilə onların dillərini qarışdırır; insanlar bir-birlərini başa düşə bilmirlər və Yahve onları bütün dünyaya səpələyir.

babilər hərəkatı — 1844 — 52-ci illərdə İranda (Mazandaran və Neyrizdə) və Cənubi Azərbaycanda Babın dini-siyasi təliminə — babizmə əsaslanan hərəkat. Kişilərin və qadınların bərabərliyi ideyası qadınları da babizmə cəlb etmişdir. Qəzvin şəhəri (Cənubi Azərbaycan) müctəhidinin qızı Zərrintac babilər arasında böyük hörmətə malik idi. Özünün alovlu çıxışları və lirik şerləri ilə o, Qəzvində babilərin sayının artmasına səbəb olmuşdur. Qəzvini məcburiyyət qarşısında tərk edən Zərrintac İranın müxtəlif şəhər və kəndlərində babizmin təbliğini davam etdirirdi. Zərrintac 1852-ci ildə Tehranda öldürülmüşdür. Babilər hərəkatı Zəncanda (Cənubi Azərbaycan) daha fəal idi. 1850-ci ildə təkcə Zəncanda babilərin sayı 15 min nəfərə çatırdı. Babilər 1850-ci ilin mayında Zəncanın şəhər qalasını tutdular. Qadınlar barrikadalar qurur, kişilərlə bərabər vuruşurdular. Babilər arasında çoxlu kəndli, sənətkar, tacir və ruhanilər var idi. Zəncanda üsyana Molla Məhəmməd Əli rəhbərlik edirdi. Babilər hökumət qoşunlarının birinci həmləsini dəf edə bilmişdilər. 1850-ci ilin dekabrında 30 minlik şah qoşunları və feodal dəstələri Zəncanı mühasirəyə aldılar. Mühasirədən çıxmağa cəhd ərən babilərin xeyli hissəsi həlak oldu. Məhəmməd Əli yaralandı və üç gündən sonra öldü. Sağ qalan babilər 5 günlük salan sonra onlara şəhəri tərk etməyə imkan verilməsi şərti ilə müqaviməti dayandırdılar. Şah qoşunlarının sərkərdələri Qurana and içdilər ki, həmin şərti yerinə yetirəcəklər, lakin az sonra silahı yerə qoymuş üsyançılar məhv edildi.

Babur (1483 — 1530) — sərkərdə. Fərqanədə (Mərkəzi Asiya) Teymurilər nəslindən türk-monqol ailəsində anadan olmuşdur. 1504-cü ildə ı və _    _         1526-cı ildə Panipat şəhəri Fərqanə uğrunda mübarizədə məğlub olan Babur Əfqanıstan Hindistan üzərinə yürüş etdi. 1526-cı ildə Panipat şəh'ri yaxınlığında Dehli sultanlığının əfqan hökmdarını darmadağın edib, Hindistan və Əfqanıstanın böyük hissəsini tutaraq Böyük Moğollar imperiyasımn əsasını qoydu.

bac — Şərq ölkələrində yolçulardan və daşınan yüklərə görə tacirlərdən alınan yol rüsumu ilk dəfə monqollar tərəfindən tətbiq edilmişdir.

«bacarıqlı insan» — əmək alətləri hazırlaya bilən ən qədim insan. İki milyon il əvvəl Şərqi Afrikada meydana gəlmişdir. «Bacarıqlı insan», demək olar ki, əmələ gəldiyi insanabənzər meymundan fərqlənmirdi. Lakin o, qabağa çox əyilsə də, artıq iki ayağı üzərində gəzirdi. O, sadə işlər görür, ən sadə əmək alətləri düzəldə bilirdi. «Bacarıqlı insan»ın qalıqları ingilis arxeoloqları ər-arvad Likilər tərəfindən Şərqi Afrikanın Oldvey vadisində aşkar edilmişdir.

Bakı Fəhlə Deputatları Soveti (Baksovet) — 1) 1905-ci il noyabrın 25-də mədən-zavod komissiyaları nümayəndələrinin yığıncağında yaradılmışdır. 226 üzvdən ibarət olmuşdur. Menşeviklər Baksovetdə yerlərin çoxunu qazanmışdılar, L.Şendrikov Baksovetin sədri seçilmişdir. 1906-cı il fevralın 23-də Bakı qubernatorunun əmri ilə Baksovetin bütün üzvləri həbs olunmuşdur; 2) 1917-ci il martın 6-da, Rusiyada Fevral bujua-demokratik inqilabından sonra yaradılmışdır. Eser — menşevik — daşnak Baksovetinin rəhbərliyi bütövlükdə erməni və ruslardan ibarət idi. 1917-ci il oktyabrın 22-də Baksovetə yeni seçkilər keçirildi və səslərin əksəriyyətini (40%) «Müsavat» partiyası aldı. Müsavatçıların qələbəsi bolşeviklərlə yanaşı, menşevik, eser və daşnakları da narahat edirdi. «Müsavat»ın Baksovetdə iştirakdan imtina eləməsi bolşeviklər üçün göydəndüşmə oldu, onlar eserlərlə birlikdə Baksovetdə çoxluq təşkil etdilər. Bolşeviklər bir neçə gündən sonra Baksovetin silahlı qüvvələrini -qırmızı qvardiyanı yaratdılar. 1917-ci il noyabrın 2-də Bakı Soveti Bakıda sovet hakimiyyətini elan etdi, Baksovetin icraiyyə komitəsinin sədri vəzifəsinə bolşevik Stepan Şaumyan seçildi. 1917-ci ilin dekabrında bolşeviklər yeni seçki qanunu qəbul etdilər və Baksovetə yeni seçkilər keçirdilər, nəticədə səslərin çoxunu bolşeviklərlə daşnaklar əldə etdilər. Bu zaman çar qoşunlarının Qafqaz cəbhəsindən Bakı vasitəsilə geri qayıdan bir çox əsgərləri Baksovetin qırmızı qvardiyası sıralarına daxil oldular. 1917-ci ilin dekabrında bolşeviklər Qafqaz Ordusunun mənzil-qərargahını başda Korqanov olmaqla Tiflisdən Bakıya köçürə bildilər. 1918-ci il yanvarın sonlarında qırmızı qvardiya və Xəzər Donanması Baksovetə tabe etdirildi. Nəticədə 1918-ci ilin martında Baksovetin əlində 20 min əsgər cəmləşdirilmişdi. Şaumyan başda olmaqla Baksovet əksinqilabla mübarizə bəhanəsi ilə Bakının azərbaycanlı əhalisini məhv etmək və qorxutmaq yolu ilə «Müsavat» partiyasını dayağından məhrum etmək istəyirdi. 1918-ci il martın 30-da Bakıda ilk atəşlər açıldı. Baksovetin tərəfində çıxış edən «Daşnaksütyun » və «Erməni milli şurası» bolşeviklərin müsavatçılarla mübarizəsini azərbaycanlı əhalinin qanlı qırğınına çevirdilər. Azərbaycanlı əhaliyə qarşı qırğınlar aprelin 2-dək davam etdi; müxtəlif tədqiqatçıların fikrincə, üç gün ərzində 12 mindən 30 minədək azərbaycanlı həlak oldu. Bundan sonra bolşeviklər və daşnaklar Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul və Salyanda azərbaycanlı əhalinin qırğınını davam etdirdilər. Hərçənd «mart qırğını»ndan sonra Bakıda hakimiyyət formal olaraq bolşeviklərə keçdi, lakin faktik olaraq o, əslində, şəhərin idarə sistemindəki  bütün əsas postları özlərində saxlayan ermənilərin əlində idi. Apreldə bolşevik və erməni partiyalarının mətbu orqanlarından başqa, bütün qəzet və jurnalların nəşri qadağan edildi. «Erməni milli şurası»ndan başqa, bütün digər milli şuraların fəaliyyəti qadağan edildi, Bakı şəhər Duması da buraxıldı. 1918-ci il aprelin 20-də Bakı Fəhlə Deputatları Soveti Bakı Xalq Komissarları Sovetinə çevrildi. Rusiyanı fasiləsiz olaraq neftlə təchiz etmək məqsədi ilə Baksovet Bakı neft sənayesini və Xəzər ticarət donanmasını milliləşdirdi. Azərbaycanın digər təbii sərvətləri -pambıq, düyü, çay, duz, qurudulmuş balıq, quru meyvələr və s. də Rusiyaya göndərilirdi. Baksovetin xüsusi qərarı ilə erməni hərbi hissələri qırmızı qvardiyanın tərkibinə daxil edildi, bunlara ümumi rəhbərlik isə dinc azərbaycanlı əhaliyə qarşı vəhşilikləri ilə «fərqlənən» Z.Avetisyan, N.Qazaryan və Hamazaspa tapşırıldı. Ermənistanla da əlaqə yaradan Şaumyan onu Azərbaycanın tabe etdirilməsi işində qüvvələri birləşdirməyə çağırırdı. Andranikə göndərdiyi radioqramda Şaumyan bu cəlladı və qaniçən soyğunçunu atəşin salamlarla alqışlayırdı. ADR-in elan edilməsindən və onun hökumətinin Gəncəyə köçməsindən sonra Şaumyan Baksovet qoşunlarının Gəncəyə genişmiqyaslı hücumunu hazırlamağa başladı. 1918-ci il iyunun 12-də Baksovet qoşunları Kürdəmiri tutdular, iyunun 27-də isə Göyçaya yaxınlaşdılar. 1918-ci il iyunun 27-dən iyulun 1-dək Göyçay yaxınlığında baş vermiş döyüşlər nəticəsində Baksovetin qoşunları darmadağın edildi. Bundan sonra "İslam ordusu" bütün cəbhə boyu hücuma keçdi və tezliklə Kürdəmirlə Şamaxını Baksovet qoşunlarından azad etdi. Baksovetin qoşunları Biləcəriyə tərəf çəkildi. Almaniyanın vasitəçiliyi ilə Sovet Rusiyasının müdaxiləsi nəticəsində "İslam ordusu«nun Bakıya daxil olması ləngidi. Baksovet keçmiş çar polkovniki L.Biçeraxovun başçılığı ilə İrandan gələn dəstənin də yardımına ümid edirdi. Lakin cəbhədə vəziyyətin mürəkkəbliyini görən Biçeraxov öz dəstəsini döyüşə girmədən Dağıstana apardı. Belə bir şəraitdə Baksovetdə çoxluq təşkil edən eser, menşevik və daşnaklar təklif etdilər ki, Türkiyə — Azərbaycan qoşunlarının Bakıya girməsinin qarşısını almaq üçün ingilis qoşunları şəhərə dəvət olunsun. Bakı Sovetinin 1918-ci il iyulun 25-də keçirilmiş fövqəladə iclasında səs çoxluğu ilə ingilislərin Bakıya dəvət olunması və koalision hökumətin təşkil edilməsi haqqında qətnamə qəbul olundu. 1918-ci il iyulun 31-də Bakı Soveti öz səlahiyyətlərindən əl çəkdiyini bəyan etdi və onun üzvləri „Ərdəhan“ gəmisində Həştərxana yola düşdü. Elə həmin gün Bakıda hakimiyyət koalision „Sentrokaspi Diktaturası“ hökumətinə keçdi.

Bakı xanlığı — 1748-ci ildə Şimali Azərbaycanda I Mirzə Məhəmməd xan (1748 -68) tərəfindən yaradılmış xanlıq. Xanlığın mərkəzi Bakı şəhəri idi. I Mirzə Məhəmmədin oğlu Məlik Məhəmməd xanın hakimiyyəti illərində (1768 — 84) Fətəli xanın bacısı Xədicə Bikə ilə bağlanmış nikah nəticəsində Bakı xanlığı Quba xanlığından vassal asılılığına düşdü. Məlik Məhəmməd xanın vəfatından sonra oğlu II Mirzə Məhəmməd (1784 — 91) Bakı xanı oldu. Fətəli xanın ölümündən sonra (1789) xanlıqda hakimiyyət uğrunda II Mirzə Məhəmməd xanla əmisi Məhəmmədqulu xan arasında mübarizə başlandı. Quba xanlığından kömək alan Məhəmmədqulu xan qalib gəldi və özünü xan elan etdi. Onun ölümündən sonra (1792) Bakı xanlığında hakimiyyət uğrunda yenidən mübarizə başlandı və Hüseynqulu xan (1792 — 1806) qələbə çaldı. 1796-cı il iyunun 13-də general Zubovun başçılığı ilə rus qoşunları Bakıya soxuldular, lakin elə həmin ilin noyabrında imperatriçə // Yekaterinanın ölümündən sonra imperator I Pavelin fərmanı ilə rus qoşunları Azərbaycandan çıxarıldı. Hüseynqulu xan 1797-ci ildə Ağa Məhəmməd şah Qacara itaətini bildirdi. 1805-ci il avqustun 12-də Zavalişinin komandanlığı ilə Rusiya donanması Bakıya yaxınlaşdı, 1806-cı ilin əvvəllərində isə general Sisianov Bakı xanlığının Rusiya imperiyası tabeliyinə keçməsi haqqında layihəni Hüseynqulu xana göndərdi. 1806-ci il fevralın 8-də Bakı xanı ilə danışıqlar zamanı Sisianov Hüseynqulu xanın əmisi oğlu İbrahim bəy tərəfindən öldürüldü. Bundan sonra rus qoşunları Bakı xanlığını tərk etdilər. 1806-cı il sentyabrın 5-də rus qoşunları general Bulqakovun başçılığı ilə yenidən Bakıya yaxınlaşdılar, Hüseynqulu xan İrana qaçdı. 1806-cı il oktyabrın 3-də ruslar Bakını tutdular. Bakı xanlığı ləğv edildi, onun ərazisi isə Rusiya imperiyasına birləşdirildi.

Bakıda fəhlələrin ilk nümayişi (1902) — 1902-ci ilin aprelində zavod rayonlarından gəlmiş minlərlə fəhlə Bakının mərkəzində toplaşdı və ilk dəfə olaraq nümayiş keçirdi. Onların qışqırdıqları şüarları bunlar idi: „Rədd olsun mütləqiyyət!“, „Yaşasın azadlıq!“. Çar hakim dairələri nümayişi çox çətinliklə qova bildilər, amma fəallar həbs olundu.

Bakıda ilk ümumi tətil (1903) — 1903-cü il iyulun 1-də Bibiheybətdə Xatisovun mexaniki zavodunda başlayan fəhlə tətili Bakıda birinci ümumi tətilin başlanğıcı oldu. İyulun 4-dən bu tətil Bibiheybət, Qara şəhər, Balaxanı və Ağ şəhərin fəhlələrini əhatə etdi. Neft sənayeçilərinin „fəhlə hökuməti“ adlandırdıqları tətil komitəsi fəhlələrin neft sənayeçilərinə tələblərini hazırladı. Azərbaycanlı fəhlələr bu tətildə fəal iştirak etdilər. 45 — 50 minlik adamın tətili 22 gün davam etdi. Az sonra çar hökuməti əlavə hərbi hissələr gətirərək Bakını hərbi düşərgəyə çevirdi, tətilçilərə divan tutmağa başladılar. Belə bir şəraitdə 1903-cü il iyulun 22-də tətili dayandırmaq haqqında qərar qəbul olundu. Fəhlələr kapitalistlərdən ancaq cüzi güzəştlər qopara bildilər.

Bakıda 1904-cü il dekabr tətili — 1900 — 1903-cü illərdə Rusiya imperiyasında, xüsusilə də Azərbaycan neft sənayesində daha ciddi hiss olunan iqtisadi böhran və rus — yapon müharibəsi nəticəsində Bakı fəhlələrinin vəziyyəti xeyli pisləşmişdi. 1904-cü il dekabrın 13-də Bakı fəhlələrinin ümumi böyük tətili başlandı. Neft mədənlərində, zavod və fabriklərdə iş dayandı. Tətilə rəhbərlik etmək məqsədi ilə tərkibinə bolşeviklərin də daxil olduğu tətil komitəsi yaradıldı. Tətil komitəsi fəhlələrin tələblərini işləyib hazırladı və neft sənayeçilərinə təqdim etdi. Tətildə 50 minədək fəhlə iştirak edirdi. Onlar kütləvi mitinqlər və yığıncaqlar təşkil edirdilər. Neft sənayeçiləri və polisin silahsız fəhlələrə amansız divan tutmasına baxmayaraq, fəhlələr tətillərini davam etdirirdilər. Provokasiya məqsədi ilə polis neft mədənlərini yandırıb, günahını fəhlələrin boynuna yıxdı. Ancaq Bakı fəhlələrinin dəyanəti və cəsurluğu sayəsində tətil onların qələbəsi ilə başa çatdı. Kapitalistlər fəhlələrə güzəştə getmək məcburiyyətində qaldılar. 1904-cü il dekabrın 30-da tətilçilərlə neft sənayeçiləri arasındakı danışıqlar birinci kollektiv müqavilənin — »mazut konstitusiyası«nın imzalanması ilə nəticələndi. 1904-cü il dekabrın 13-dən 30-dək baş vermiş Bakı tətili bütün imperiyada böyük əks-səda doğurdu və Rusiyada birinci burjua inqilabının (1905 — 1907) müjdəçisi oldu.

Bakıxanov Abbasqulu ağa (1794 — 1847) — görkəmli Azərbaycan yazıçısı, tarixçisi və maarifçi alimi. „Qüdsi“ təxəllüsü ilə yazırdı. Bakı yaxınlığındakı Xilə (indiki Əmircan) kəndində anadan olmuşdur. Bakıxanov Şərq dillərinə, ədəbiyyatı və fəlsəfəsinə yaxından bələd idi. Rusiyanın Qafqazdakı ali baş komandanı onu Tiflisdə Şərq dillərindən tərcüməçi vəzifəsinə təyin etdi. Bakıxanov tərcüməçi kimi 1828-ci il Türkmənçay müqaviləsinin imzalanmasında iştirak etmişdir. Bakıxanov Quba şəhərində „Gülüstan“ adlı ədəbi dərnək təşkil etmişdir. Onun Azərbaycan tarixi üzrə — »Gülüstani-İrəm" (1841), coğrafiya üzrə — "Ümumi coğrafiya" (itirilmişdir) və «Kəşf ül-qəraib» («Qəribə kəşflər»), fəlsəfə üzrə — "Əsrar ül-Mələkut" ("İlahi səltənətin sirləri"), etika üzrə -«Təhzib ül-əxlaq» ("Əxlaqın islahı"), «Kitabi-nəsayeh» («Nəsihətlər kitabı»), «Eyn ül-mizan» («Tərəzinin mahiyyəti») əsərlərinin adlarını çəkmək olar. Ədəbi əsərlərindən isə Azərbaycan ədəbiyyatında ilk hekayələrini — «Mirat ül-camal» («Gözəllik güzgüsü»), «Mişkat ül-ənvar» ("İşıq şüaları"), «Riyaz vürQüds» («Qüds bağçaları»), «Kitabi-Əsgəriyyə» ("Əsgərin kitabı"), eləcə də lirik şerlər məcmusunu (qəzəllər, rübailər, qitə və müxəmməslər) göstərmək olar. Bakıxanovun farsca yazılmış «Gülüstani-İrəm» tarixi əsəri Şimal - Şərqi Azərbaycanın və qonşu vilayətlərin ən qədim dövrlərdən 1813-cü il Gülüstan müqaviləsinədək olan tarixini əhatə edir. Bu əsər əvvəlkilərdən onunla fərqlənir ki, Bakıxanov burada elmi-tədqiqat metodundan istifadə edir. Bu əsər antik, fars və ərəb tarixi mənbələri və müxtəlif illərdə yazılmış əsərlər əsasında yazılıb. Rəsmi dövlət sənədləri ilə yanaşı, müəllif ilk dəfə olaraq maddi mədəniyyət, toponimika və s. abidələri materiallarının təhlilindən istifadə etmişdir. İlk dəfə olaraq Bakıxanov tərəfindən Azərbaycan tarixini dövrləşdirməyə, onu vahid və ardıcıl proses kimi təqdim etməyə cəhd göstərilmişdir. Müəllifın özünün də fəal iştirakı ilə əsər rus dilinə tərcümə olunmuş və 1845-ci ildə Rusiya Elmlər Akademiyasında müzakirə edilib yüksək qiymətə layiq görülmüş, müəllifə isə yüksək mükafat verilmişdir, bununla belə. çar Rusiyasında kitabın nəşri baş tutmamışdır. Yalnız 1923-cü ildə kitab “Azərbaycan tarix” adı ilə (Azərbaycan dilində), 1926-cı ildə isə onun rus dilinə tərcüməsi nəşr edilmişdir. «Gülüstani-İrəm» əsəri sonralar dəfələrlə nəşr edilmişdir.

Bakuvi Əbdürrəşid ibn Salih ibn Nuri (1402 — 73) — Azərbaycan tarixçisi və coğrafiyaçısı. Əsas əsəri olan «Kitab təlxis əl-asar və acaib al-malik al-kaxxar» («Abidələr»in xülasəsi və qüdrətli hökmdarın möcüzələri") əsərinin müəllifidir. Əsər Zəkəriyyə Qəzvininin "Ölkələrdəki abidələr və Allah bəndələri haqqında xəbərlər" adlı əsərinin əsasında ixtisar, əlavə və düzəlişlərlə yazılmışdır. Lakin Bakuvi əsəri ixtisar etməklə kifayətlənməmiş, ona daha ətraflı məlumata malik bir çox əlavələr etmişdir. Bu, xüsusilə Azərbaycana və Cənubi Qafqaza aid məlumatlardır.

Bakuvi Seyid Yəhya Cəlaləddin (? — 1464) — Azərbaycan filosofu, astronomu və tarixçisi. Bakuvinin "Əsrar ət-talibin" («Heqiqot axtaranların sirri») və Şəhüstərinin Gülşəni-raz" əsərinin şərhinə həsr olunmuş "Şərhi «Gülşəni-raz» əsəri şöhrət tapmışdır. Bakıda Şirvanşahlar sarayının həyətində dəfn olunmuşdur.

«Balaxanı və Bibiheybət fəhlələri təşkilatı» — 1904-cü ilin yayında Bakıda menşevik İlya və Lev Şendrikov qardaşları tərəfindən yaradılmışdır. Şendrikovçular fəhlələr siyasi mübarizədən yayındırmağa, onu xırda məişət məsələləri ilə əvəz etməyə çalışırdılar. Şendrikov qardaşları neft sənayeçilərinin gizli hədiyyələrindən də imtina etmirdilər. Sonralar Lev Şendrikov Bakı Fəhlə Deputatları Sovetinin sədri seçilmişdir.

bank — sərbəst pul vəsaitlərini toplayıb saxlayan və onlardan ödənişlərdə, kreditlərin verilməsi və müəssisələrin maliyyələşdirilməsində istifadə edən maliyyə müəssisəsi.

barbarlar (yun. «barbaroi», lat. «barbari» — «yadellilər») -təqlidi söz, qədim yunanlar onların dillərini başa düşməyənləri və ellin olmayanları belə adlandırırdılar. Onlara elə gəlirdi ki, bu adamlar öz dillərində danışanda «bar-bar-bar» deyirlər. Qədim romalılar antik mədəniyyətə yabançı olan bütün tayfa və xalqları «barbar» adlandırırdılar. Roma ilə əlaqədə olan barbar tayfalarından ən iriləri keltlər, germanlar və slavyanlardır. Hazırda «barbar» sözü «nadan», «kobud» və «qəddar adam» mənasını bildirir.

«Barbarossa planı» ( «Müqəddəs Roma imperiyası»nın imperatoru Fridrix I Barbarossanın adından götürülüb) — faşist Almaniyasının SSRİ-yə qarşı təcavüzkar müharibə planının şərti adı. 1940-cı il iyulun 1-dən hazırlanmağa başlanılmış və dekabrın 18-də təsdiq olunmuşdur. Qısa müddət ərzində Qırmızı Ordunun əsas qüvvələrinin ildırım sürəti ilə darmadağın edilməsini və Arxangelsk Volqa — Həştərxan xəttinə çıxmağı nəzərdə tuturdu. Müharibənin 2 — 3 ay müddətində başa çatdırılacağı güman edilirdi.

barıt — partlayıcı birləşmələr və ya onların qarışığı. Barıt Çində ixtira olunmuşdur. Ondan ilk vaxtlar atəşfəşanlıq üçün, sonralar isə hərbi işlərdə də istifadə edirdilər. Yandırıcı alətləri barıtla doldururdular. Sonralar ondan tüfəng və toplarda istifadə etməyə başladılar.

barter — birbaşa mal mübadiləsi.

baş nazir — bir qayda olaraq dövlət başçısı tərəfindən təyin edilən hökumət başçısı.

Baş Ştatlar — XIV — XVII əsrlərdə Fransada ali silki nümayəndələr orqanı. Baş Ştatlar 1302-ci ildə Fransa kralı IV Gözəl Filipp tərəfindən Roma papasına qarşı mübarizədə silklərin yardımını almaq məqsədi ilə yaradılmışdır. Bu, ruhanilərin, zadəganların və varlı şəhərlilərin nümayəndələrinin yığıncağı idi. Hər bir silkin nümayəndələri ayrıca iclas keçirirdilər və hər bir silkin bir səsi var idi. Ruhanilərin və zadəganların bir səsə qarşı iki səsləri var idi. Şəhər varlıları isə güzəştə getmək məcburiyyətində idilər. Silklər arasındakı fikir ayrılığı Baş Ştatların dövlət işlərinə təsirini zəiflədirdi. Bu dövrdən etibarən krallar hər dəfə vergi tətbiq etmək istəyəndə Baş Ştatları çağırırdılar. Lakin kral hakimiyyəti möhkəmləndikdən sonra 1614-cü ildən Baş Ştatları çağırmadılar. Yalnız 175 il keçdikdən sonra Baş Ştatlar 1789-cu ildə kral XVI Lüdovik tərəfindən çağırılmış və ona tabe olmadıqlarından özlərini Milli Məclis adlandırmışlar.

başçı — nəsli icmanın və tayfanın hərbi başçısı; nəsli icmanın və ya tayfanın bütün yaşlı kişilərinin yığıncağında (xalq yığıncağında) hərbi işlərə rəhbərlik üçün seçilirdi. İbtidai icma cəmiyyətinin dağılmağa başlaması ilə öz hakimiyyətlərini irsən ötürməyə başladılar. Hərbi demokratiya dövründə hərbi drujinaya arxalanan hərbi başçılar hakimiyyəti tamamilə ələ keçirmişdilər.

bayatı — Azərbaycan xalq yaradıcılığında lirik şer janrı. Mənşəcə türkdilli bayatların adı ilə bağlı olduğu ehtimal edilir.

bayraq — təsviri qanunla (bir qayda olaraq konstitusiya ilə) müəyyən edilən rəsmi fərqləndirici dövlət nişanı. Dövlət bayrağı dövlətin suverenliyinin rəmzidir və üzərində gerb, yaxud başqa emblem olan bir və ya çoxrəngli parçadan ibarətdir. 1991-ci il fevralın 5-də təsdiq olunmuş Azərbaycan Respublikasının dövlət bayrağı ADR-in 2-ci bayrağına uyğundur. Azərbaycan Respublikasının bayrağı eni bərabər olan üç üfqi zolaqdan ibarətdir. Üst zolaq mavi, ona zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Qırmızı zolağın ortasında ağ aypara, ondan sağda isə ağ rongli səkkizguşəli ulduz təsviri vardır. Mavi rəng — türkçülüyü, qırmızı -demokratiyanı, yaşıl isə islam və ideologiyasını ifadə edir.

bayrat — Şərq ölkələrində istiladə olunmayan, becərilməyən torpaqlar. Qazan xanın islahatlarının şərtlərinə görə, dövlət bayrat torpaqlarını satın alır və onu becərməyi öhdəsinə götürən şəxslərə verirdi. Bayrat torpaqlarından alınan vergi dövlət xəzinəsinə daxil olurdu.

Behzad Kəmaləddin (1455 — 1535) — Azərbaycan rəssamı, Təbriz miniatür məktəbinin nümayəndəsi. Nizaminin və başqa şairlərin əsərlərinə rəsmlər çəkmişdir. Behzad çoxfiqurlu dinamik kompozisiyalar. zərif rəng düzümü, ifadəli rəsmlər ustası idi. Behzad Səfəvi şahı I İsmayılın himayəsində idi. O, rəssamı çox sevir və ona ehtiram göstərirdi. I Şah İsmayıl saray kitabxanasını Behzadın ixtiyarına vermişdi.

Bekon Rocer (1214 — 92) — ingilis filosofu və təbiətşünası. Riyaziyyatın böyük əhəmiyyətini göstərmiş, maqnit oxu və böyüdücü şüşə ilə sınaqlar keçirmişdir. Mikroskop, teleskop, telefon, özügedən araba, uçan aparatlar kimı bir sıra ixtiralar haqqında əvvəlcədən məlumat vermişdir. Bekon hakimiyyət mənbəyinin xalq olacağı dövlətin layihəsini işləyib hazırlamışdır. Ruhanilər tərəfindən təqib olunmuşdur: Bekonun əsərləri lənətlənmiş, özü isə uzun illər həbsdə qalmışdır.

«beşinci dəstə» — bu və ya digər rəqibin arxa cəbhəsini dağıtmaq məqsədi ilə istifadə də olunan düşmən agenturasının nominal, “Beşinci dəstə” termini İspaniyada vətəndaş müharibəsi illərində (1936 — 39) meydana gəlmişdir. 1939-cu ildə Madrid üzərinə dörd dəstə ilə hücum edən ispan faşistləri şəhərdə çaxnaşma salan, sabotajla məşğul olan və diversiya törədən gizli agenturanı «beşinci dəstə» adlandırmışlar.

Beşinci respublika — Fransada 1958-ci ildə prezident de Qollun hökuməti tərəfindən hazırlanmış konstitusiyanın qəbul edilməsindən sonrakı respublika.

beton — sement, qum, çınqıl və su qarışığından hazırlanmış qatı məhlul. Quruduqdan sonra bərkiyir və uzun müddətə daşlaşır. Betonu qədim romalılar ixtira ediblər. Betonun, tağbəndin və günbəzin ixtira olunması Roma memarlarına möhtəşəm və çox möhkəm tikililər inşa etməyə imkan vennişdir.

Beynəlxalq Valyuta Fondu (BVF) — BMT-nin ixtisaslaşdırılmış idarəsi statusu beynəlxalq valyuta təşkilatı. Beynəlxalq Valyuta Fondu 1944-cü ildə yaradılmışdır. BVF valyutaların məzənnəsinintənzimlənməsi, valyuta böhranının qarşısının alınması məqsədi ilə üzv — ölkələrə kredit verir.

Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) — BMT-nin ixtisaslaşdırılmış idarəsi, Beynəlxalq Valyuta Fondu ilə eyni zamanda — 1944-cü ildə yaradılmışdır. Onun yaradılmasında məqsəd müharibədən sonra dünyada maliyyə stabilliyinə nail olmaq və “valyuta müharibələri”nin qarşısını almaq idi. BYİB — üzvləri yalnız Beynəlxalq Valyuta Fonduna daxil olan dövlətlərdən ibarət səhmdar cəmiyyəti formasındadır.

Bəhmənyar Əbülhəsən ibn Mərzban (? — 1066) — Azərbaycan filosofu, İbn Sinanın şagirdi və davamçısı. İslam dininin fəlsəfi əsaslarını araşdırmışdır. Əsas əsərləri: «Məratib ül-mövcudat» («Mövcudatın mərtəbələri»), «Məbəd ət-təbiət» («Metafizika elminin mövzusuna dair traktat») və "əl-Bəhcət və əs-səadət" («Gözəllik və səadət kitabı»). Bəhmənyarın əsərləri bir çox Şərq və Avropa dillərinə tərcümə edilmişdir; XIX əsrdən nəşr olunur.

bələdiyyə — şəhər özünüidarəsinin seçkili orqanı.

Bəndər — sənətkar, 1231-ci ildə Gəncədə sənətkarların və şəhər yoxsullarının xarəzmşah Cəlaləddinə qarşı yönəlmiş üsyanının rəhbəri. Üsyana yerli əhalidən alınan verginin həddən çox yığılması səbəb olmuşdu. Mənbənin verdiyi məlumata görə, üsyançılar "şəhərin rəisinin sarayını darmadağın etdilər, məmurları və nökərləri öldürdülər, xarəzmşahların hərbi qarnizonlarını məhv etdilər". Qoşunla Gəncəyə yaxınlaşan Cəlaləddin üsyançılara silahı yerə qoymağı əmr etdi və onları bağışlayacağını bildirdi, lakin üsyançılar təslim olmaqdan imtina etdilər. Şəhərin mühasirəsinə başlandı. Bəndər şəhərdən çıxıb Cəlaləddinin hərbi düşərgəsinə basqın etməyi qərara aldı, lakin üsyançılar düşmən süvarisinin həmləsinə tab gətirə bilmədilər. Xarəzmşahın qoşunu şəhərə soxuldu. Üsyançıların rəhbərlərindən 30 nəfəri şəhərin darvazaları yanında asıldı, Bəndər özü isə şaqqalandı.

bəy (türk. «hökmdar», «ağa») — 1) Şərq ölkələrində tayfa-nəsil, sonralar isə feodal əyanlarının titulu. İranda tayfa və ya bir neçə tayfanın başçısı. Mərkəzi Asiya və Cənubi Qafqaz xalqlarında orta əsrlərdə və yeni dövrdə feodalın — torpaq sahibinin adı; 2) müasir Türkiyədə — kişilərə müraciət forması; 3) 1705 — 1957-ci illərdə Tunisdə irsən hakimiyyətə gələn hökmdar.

Bəy və ağaların hüquqları haqqında 1846-cı il fərmanı — Rusiya imperatoru I Nikolayın 1846-cı il dekabrın 6-da verdiyi fərman. Fərman Azərbaycan mülkədarlarının xüsusi mülkiyyət kimi torpaqlara irsi sahibkarlıq hüquqlarının toxunulmazlığını təmin edirdi. Fərman çarizmin bir sıra güzəştləri hesabına yerli feodallarla ittifaq yaratmaq məqsədi güdürdü. Sonralar fərmana 1847-ci il «Kəndli əsasnamələri» əlavə edildi.

Bəzz — Ərdəbil rayonunda yerləşən Bəzz qalası xürrəmilərin rəhbərlərindən olan xırda feodal Cavidana mənsub idi. Bəzz qalası üsyançı xürrəmilərin mərkəzi idi. Cavidanın vəfatından sonra xürrəmilər hərəkatına Babək başçılıq etmişdir. Ərəblər 837-ci ildə sərkərdə Afşinin başçılığı ilə Bəzz qalasını mühasirəyə almışdılar. 837-ci il avqustun 26-da Bəzz yaxınlığında döyüş oldu və bu, orta əsrlər tarixinin ən qanlı savaşlarından birinə çevrildi. Bu savaşda ərəblər 100 min, xürrəmilər isə 80 min nəfər döyüşçü itirdilər. Çətinliklə də olsa, ərəblər qalanı tuta bildilər və 8 min nəfərə qədər mühafizəçini əsir götürdülər. Babəkin ailə üzvləri və yaxın qohumları da əsirlər arasında olmuşdur.

Bibliya (yun. «Kitab») — əslində, Bibliyaya 39 Əhdi-ətiq və 27 Əhdi-cədid kitabı daxildir. Bibliyanı təşkil edən kitablar müxtəlif dövrlərdə (e.ə. XII əsr -eramızın II əsri) və müxtəlif yerlərdə tərtib olunmuşdur. Bu kitabların vahid Bibliyada birləşdirilməsi eramızın IV əsrinin axırlarında — xristianlığın Roma imperiyasının rəsmi dini elan edilməsindən sonra baş vermişdir. Bibliyanın daha qədim hissəsi olan Əhdi-ətiq qədim yəhudilərin əsatir və rəvayətlərindən ibarətdir. Əhdi-ətiqdə dünyanın yaranmasından və yəhudi xalqının tarixindən bəhs edilir. İisus Xristosa (İsa Məsih) qədər olan peyğəmbərlərin kitabları da buraya daxildir. Əhdi-ətiq yəhudilərin, eləcə də xristianlığın yayıldığı xalqların müqəddəs kitabına çevrildi. İudaizmin davamçıları yalnız Əhdi-ətiqi, xüsusilə də Musa peyğəmbərin Tövrat adlanan beş kitabını müqəddəs sayırlar. Bir hissəsi İncil adlanan Əhdi-cədiddə İsa Məsihin həyatı və deyimlərindən və həvarilərindən (şagirdlərindən) bəhs edilir. Əhdi-cədidin Apokalipsis adlanan hissəsində dünyanın sonu haqqında xristian dünyagörüşü təsvir olunur. Pravoslav və protestant kilsələri Bibliyanı bütövlükdə deyil, onun yalnız müəyyən hissəsini qəbul edirlər.

Bidlisi Şərəfxan — XVI əsr Azərbaycan tarixçisi. İkicildlik əsərində XVI əsr Səfəvilər dövlətinin və Azərbaycanın ayrı-ayrı əyalətlərinin tarixindən bəhs edir.

Bilqamıs (şumer. Bilqames) — Mesopotamiya əsatirlərində ölməzlik otu axtaran və bu zaman bir çox şücaətlər göstərən məşhur qəhrəman. Bəzi tarixçilər onun e.ə. XXVII əsrin sonları — XXVI əsrin əvvəllərində yaşadığını və Uruk şəhərinin real hökmdarı olduğunu güman edirlər. Ölümündən sonra ilahiləşdirilmişdi. Bilqamıs o dünyada hakim, eləcə də insanların iblisdən müdafiəçisi və şəhər inşaatının yaradıcısı hesab edilirdi. Bilqamıs haqqında əfsanə hettlər, hürrilər arasında, Fələstində və b. yerlərdə də yayılmışdı.

bill (ing. «qanun») — Böyük Britaniya, ABŞ və bir sıra digər ölkələrin qanunverici orqanlarına hökumət və ya parlament üzvünün baxılmaq üçün təqdim etdiyi qanun layihəsi. Billin və ona edilən düzəlişlərin taleyi parlamentdə çoxluğa malik olan partiyaların mövqeyindən asılı olur. Parlament tərəfindən qəbul edilmiş və dövlət başçısı tərəfindən təsdiqlənmiş bill qanun qüvvəsinə malik olur.

Birinci Dünya müharibəsi — kapitalist dövlətlərinin iki bloku — Dördlər ittifaqı və Antanta arasında 1914 — 18-ci illərdə nüfuz dairəsi, xammal mənbələri və dünya ağalığı uğrunda mübarizədə münasibətlərin son dərəcə kəskinləşməsinə görə baş vermiş müharibə. Ershersoq Frans Ferdinandın 1914-cü il iyunun 28-də Sarayevoda Prinsip tərəfindən öldürülməsini bəhanə edən Avstriya-Macarıstan Almaniyanın təzyiqi altında iyulun 28-də Serbiyaya müharibə elan etdi. Avqustun 1-də Almaniya Rusiyaya, avqustun 3-də Fransaya müharibə elan etdi, avqustun 4-də isə Böyük Britaniya Almaniyaya müharibə elan etdi. 1914-cü il avqustun 23-də Yaponiya Antantanın tərəfində müharibəyə qoşularaq Sakit okeandakı Almaniya mülklərini tutmağa və Çini tabe etməyə başladı. Sosialistlər açıq şəkildə öz hökumətlərinin tərəfinə keçdilər və nəticədə // İnternasional dağıldı. Müharibənin ilk aylarında Marnadakı döyüşlər nəticəsində alman komandanlığının Fransanı darmadağın edib müharibədən çıxarması ümidi boşa çıxdı; buna rusların Şərqi Prussiyadakı hücumları və məğlubiyyəti də kömək etdi. 1914-cü ilin avqust -sentyabrında rus qoşunları Avstriya-Macarıstan ordularını darmadağın edərək Qalisiyanın əksər hissəsini tutdular, oktyabrda isə Avstriya-Macarıstan qoşunlarının Polşada əks-hücumunu dəf etdilər.
1914-cü il oktyabrın 29-da Osmanlı imperiyası alman blokunun tərəfində müharibəyə qoşuldu. Cənubi Qafqazda, Mesopotamiyada, Suriya və Fələstinin şərq sərhədlərində cəbhələr meydana gəldi. 1914-cü ilin dekabr — 1915-ci ilin yanvarında Türkiyə ordusu Cənubi Qafqazda rus qoşunları tərəfindən məğlub edildi. 1915-ci ildə Almaniya əsas zərbəsini Rusiyaya yönəltdi, Qorlitsa rayonunda cəbhəni yarıb Qalisiya, Polşa və Baltik ətrafının bir hissəsini ələ keçirdi, lakin Rusiyanı müharibədən kənarlaşdırmağa nail ola bilmədi. 1915-ci il mayın 23-də İtaliya Antantaya qoşuldu. 1915-ci il oktyabrın 1 -də isə Bolqarıstan da alman bloku tərəfində çıxış etdi və beləliklə, Dördlər ittifaqı yarandı. 1915-ci ildə Almaniya ilk dəfə olaraq yeni silahdan — sualtı qayıqdan istifadə etdi. Dəniz yollarında ağalıq edən İngiltərə donanmasını məhv etməkdən ötrü qeyri-məhdud sualtı müharibəyə başlasa da, Almaniya istəyinə çata bilmədi. 1915-ci ilin baharında Almaniya müharibə tarixində ilk dəfə olaraq İpr (Belçika) şəhəri yaxınlığında zəhərləyici maddələrdən (sonralar «iprit» adlandırılan xlor buxarı) istifadə etdi, amma yalnız taktiki uğur qazandı. 1916-cı ildə Almaniyanın Verden rayonunda («Verden qətliamı») cəbhəni yarmaq cəhdi boşa çıxdı. 1916-cı ilin iyununda general Brusilovun başçılığı ilə rus qoşunlarının hücumu nəticəsində Qalisiyanın bir hissəsi, Bukovina və Karpat ələ keçirildi.
1916-cı ilin iyulunda ingilislər Somma çayı üzərindəki savaşda tarixdə ilk dəfə olaraq tanklardan istifadə etdilər; indi onların texnikası almanların texnikasından üstün idi. 1916-cı il avqustun 27-də Rumıniya Antanta tərəfində müharibəyə qoşuldu, lakin ilin sonlarına yaxın rumın ordusu dağıdıldı. 1917-ci ilin aprel -mayında ingilis — fransız orduları hücum əməliyyatları keçirdilər, amma onlar nəticəsiz qaldı. 1917-ci ilin aprelində ABŞ Almaniyaya müharibə elan etdi. 1917-ci ilin oktyabrında Almaniya və Avstriya-Macarıstan qoşunları Kaporetto yaxınlığında italyanların cəbhəsini yararaq İtaliyanın çox mühüm mərkəzləri qarşısına çıxdılar, amma buraya gətirilmiş ingilis — fransız qoşunları tərəfindən dayandırıldılar. 1917-ci ildə Rusiyada Oktyabr çevrilişi baş verdi və Rusiya 1918-ci ildə özü üçün ağır olan separat Brest müqaviləsini imzaladı və Birinci Dünya müharibəsindən çıxdı. 1918-ci ilin mayından Qərb cəbhəsində amerikan qoşunları əməliyyatlara qoşuldu. İngilis — fransız və amerikan qoşunlarının fransız marşalı Fosun ümumi komandanlığı ilə birgə fəaliyyətləri Almaniyanın və onun müttəfiqlərinin tam məğlubiyyəti ilə başa çatdı. 1918-ci il sentyabrın 29-da Bolqarıstan, oktyabrın 30-da Osmanlı imperiyası, noyabrın 3-də isə Avstriya-Macarıstan təslim oldu. 1918-ci il noyabrın 11-də Almaniyada Noyabr inqilabı başlandı və Almaniya təslim oldu. Almaniya və onun müttəfiqləri ilə sülh müqavilələrinin qəti şərtləri 1919-cu ildə Versal sülh müqaviləsində həll edildi və 1921 — 22-ci illər Vaşinqton konfransı sazişləri ilə tamamlandı. Birinci Dünya müharibəsinə dünyanın müxtəlif hissəsindən olan 38 dövlət qoşulmuşdu. Vuruşan ölkələrin canlı qüvvə itkisi 10 milyonadək ölən və 20 milyondan artıq yaralanan olmuşdur. Birinci Dünya müharibəsinin məsrəfləri 80 milyard dollar idi (1913-cü ilin qızıl dolları hesabı ilə).

birinci ictimai əmək bölgüsü — maldarlığın əkinçilikdən ayrılması. Azərbaycanda bu proses erkən tunc dövründə — e.ə. IV minilliyin sonları — III minillikdə baş vermişdir. Birinci imperiya — Fransada imperator I Napoleonun hakimiyyətdə olduğu 1804-cü ildən 1814/15-ci illərə qədərki dövr. Birinci imperiya Konsulluq dövrünü əvəz etmişdir. Birinci respublika — 1792-ci il sentyabrın 22-də Böyük Fransa burjua inqilabının gedişində yaradılmış respublika. Formal olaraq 1804-cü ildə I Napoleonun imperator elan edilməsinədək mövcud olmuşdur.

birja — müəyyən standart və ya nümunələrlə satılan kütləvi mal (əmtəə), eləcə də qiymətli kağızların (səhm və ya istiqrazların) və xarici valyutanın satış bazarının müasir, daha inkişaf etmiş forması. Müvafiq olaraq əmtəə birjası, fond birjası, valyuta birjası mövcuddur.

«Birlik» — 1917-ci ilin avqustunda RSDF(b)P Bakı Komitəsinin nəzdində yaradılmış təşkilat. Təşkilatın əsas məqsədi neft sənayesi fəhlələri — Volqaboyu tatarları arasında inqilabi işi genişləndirmək idi. «Birlik» təşkilatının sədri Hənifə Terequlov olmuşdur.

Biruni, əl-Biruni (973 — 1048) — Mərkəzi Asiya ensiklopediyaçı alimi. Biruninin riyaziyyat, coğrafiya və astronomiya üzrə əsərlərinin ayrı-ayrı müddəaları indəyədək öz əhəmiyyətini itirməmişdir. Bundan başqa, Biruni fizika, mineralogiya, etnoqrafiya və tarix elmlərini də tədqiq edirdi. Biruninin müstəsna biliyə malik olması o dövrün qabaqcıl dünyagörüşü ilə uyğun gəlirdi. O, dini xurafata və astrologiyaya mənfi münasibət bəsləyir, xalqlar arasında baş verən düşmənçiliyə qarşı çıxırdı.

bisti — Səfəvilər dövlətində sah I Təhmasibin dövründə kəsilmiş gümüş sikkə. 20 dinara bərabər tutulurdu. XVII əsrin sonlarına qədər dövriyyədə olmuşdur.

Bisütun kitabəsi — İranın müasir Kirmanşah şəhəri yaxınlığında yerləşən Bisütun qayasının üzərində Əhəməni şahı I Daranın əmri ilə tərtib olunmuş relyefli kitabə. Onların köməkliyi ilə / Dara üsyançılar üzərində öz qələbələrini, özgə ölkələrin istilası və tabe etdirilməsini əbədiləşdirmək istəyirdi. Üç dildə həkk edilən kitabə (qədim fars, Babil və Elam dillərində) min sətirə qədər idi (orta hesabla hərəsi 2 m) və mixi işarələrlə qazılmışdı. Relyefdə ən iri fiqur şah I Daranın uzun, yaraşıqlı geyimdə olan təsviri idi. O, bir ayağı ilə yıxılmış əsiri tapdalayır. Sahın arxasında onun iki silahlısı durub. Şahın önündə müxtəlif geyimli, qolları arxadan bağlanmış əsirlər təsvir olunub. Relyefin yuxarısında allah Ahura Mazda təsvir edilib. Relyefin tikintisi və kitabənin qazılması nisbətən az müddətdə — e.ə. 521-ci ilin noyabrı — e.ə. 518-ci ilin martı arasında həyata keçirilib. Yazı farsların tabeliyində olan bir çox başqa xalqların dillərinə tərcümə olunmuş və yazının özündə göstərildiyi kimi, «bütün ölkələrə» göndərilmişdi. Üçdilli Bisütun kitabəsinin surəti XIX əsrin birinci yarısında İngiltərənin kəşfiyyat zabiti Henri Roulinson tərəfindən böyük çətinliklə köçürülmüşdür. Roulinson isladılmış karton vasitəsilə 12 il ərzində mixi işarələrin surətini çıxarıb, üzünü köçürmüşdür. Qədim fars mixi yazılarının Qrotefend tərəfindən açılması (şifraçımi) sayəsində Roulinson qədim fars dilində qazılmış və bir çox adam adı və coğrafi adların sadalandığı üst yazını oxuya bilmişdi. Beləliklə, hələ oxunmamış digər iki dildəki yazılar üçün tərcümə əldə edildi. XIX əsrin ortalarında Babil mixi yazısı, XX əsrin ortalarında isə Elam mixi yazısı oxundu.

bitərəf ölkələr — öz siyasətində hərbi-siyasi bloklara qoşulmamağı elan etmiş ölkələr.

Bitərəflik — 1) yad mübahisəyə, iki tərəf arasındakı mübarizəyə qoşulmamaq; 2) xarici siyasət kursu silahlı münaqişələrdə, müharibə və hərbi-siyasi ittifaqlarda iştirak etməməklə xarakterizə olunan dövlətin xüsusi hüquqi statusu.

biyar — Şərq ölkələrində dövlət və feodalların xeyrinə rəiyyətin məcburən yerinə yetirdiyi müxtəlif mükəlləfiyyət.

Bizans, Bizans imperiyası (Şərqi Roma imperiyası) — 395-ci ildə Roma imperiyasının iki yerə parçalanması nəticəsində yaranmış dövlət. Paytaxtı -Konstantinopol. Konstantinopol qədim yunan koloniyası Vizantinin yerində inşa edildiyinə görə Vizanti koloniyasının adına uyğun olaraq dövlət Bizans adlandırılmışdır. İmperiyanın mərkəz hissəsinin əhalisinin əksəriyyətini yunanlar təşkil edirdilər. Rəsmi dil (VII əsrdən) — yunan dili idi. Erkən orta əsrlərdə Bizansın inkişafının özünəməxsus xüsusiyyətlərı var idi: şəhərlər sənətkarlıq və ticarət mərkəzi kimi qalırdı; mərkəzləşdirilmiş dövlət aparatı və vergi sistemi var idi; silklər və feodal sistemi qapalı deyildi və s. İki mühüm ticarət yolu — Avropadan Asiyaya və dəniz yolu Aralıq dənizindən Qara dənizə gedən yol Bizansdan keçirdi. Tranzit ticarəti Bizans tacirlərinə və dövlət xəzinəsinə böyük gəlir gətirirdi. Bütün bunlar Bizansa böyük ordu və qüvvətli donanma saxlamağa imkan verirdi. Bizans imperiyasının ən çox genişlənməsi VI əsrə — imperator Yustinianın dövrünə təsadüf edir. Ərəb, slavyan və lanqobard tayfalarının istilaları nəticəsində VII əsr — IX əsrin ortalarında onun ərazisinin Balkan yarımadasının bir hissəsi və Kiçik Asiya ilə məhdudlaşmasına gətirib çıxardı. 1204-cü ildə səlibçilərin — xaçlıların dördüncü yürüşünün iştirakçılarının Konstantinopolu tutması Bizans imperiyasının devrilməsinə və Latın imperiyasının yaradılmasına səbəb oldu. Səlibçilərin tutmadıqları ərazilərdə isə Bizans dövlətləri — Nikeya və Trapezund imperiyaları, Epir dövləti yarandı. Bizans imperiyası 1261-ci ildə VIII Mixail tərəfindən bərpa edildi. 1453-cü ildə Osmanlı sultanı II Mehmetin başçılığı ilə türklər tərəfindən Konstantinopolun tutulması Bizans imperiyasının varlığına son qoydu.

blokada — 1) hər hansı bir tələbi yerinə yetirməsindən ötrü blokadaya alınmış dövlətin xarici əlaqələrini pozmağa yönəldilmiş siyasi və iqtisadi tədbirlər sistemi; 2) hərbi blokada — quruda, havada və dənizdə blokadaya salınması obyektin (qruplaşma, qoşun, şəhər, rayon, dövlət və s.) xarici əlaqələrinin pozulması yolu ilə təcrid olunması. Məqsəd — blokadaya salınmış qruplaşmanın qüvvəsinin tükədilməsi və onun təslim olmağa vadar edilməsi, düşmən dövlətin hərbi-iqtisadi qüdrətinin sarsıdılması və s.

BMT (Birləşmiş Millətlər Təşkilatı) — müstəqil dövlətlərin beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, eləcə də dövlətlər arasında dinc əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə könüllü birləşməsi nəticəsində təsis edilmiş beynəlxalq təşkilat. BMT-nin nizamnaməsi 1945-ci ilin aprelində San-Fransisko şəhərində keçirilən konfransda 50 dövlətin nümayəndəsi tərəfindən imzalanmış və 1945-ci il oktyabrın 24-də qüvvəyə minmişdir (son tarix BMT günü kimi qeyd olunur). Beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üçün əsas məsuliyyət BMT-nin Təhlükəsizlik Şurasının (TŞ) üzərinə qoyulmuşdur. Burada qərar qəbul olunması zamanı TŞ-nin beş daimi üzv-dövlətinin — ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çinin səs birliyi prinsipi mövcuddur. Bu o deməkdir ki, beş böyük dövlətdən hər biri onun marağına uyğun gəlməyən qərara veto qoymaq hüququna malikdir. BMT-nin Təhlükəsizlik Şurasından əlavə, əsas orqanları bunlardır: Baş Assambleya, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və BMT baş katibinin başçılıq etdiyi Katiblik. BMT sistemində 15 ixtisaslaşdırılmış təsisat da vardır. BMT-nin iqamətgahı Nyu-Yorkdadır (ABŞ). 1992-ci il martın 2-də Azərbaycan Respublikası BMT -nin üzvü olmuşdur.

borc — bir tərəfin müvəqqəti olaraq pul, yaxud ölçü, çəki, say və s. ilə müəyyən edilən əşyaları digər tərəfin mülkiyyətinə verməsini və onların mütləq həmin ölçüdə geriyə qaytarılmasını bildirən müqavilə.

Böyük Britaniya — 1) Avropanın qərbində — Atlantik okeanında yerləşən Britaniya adaları qrupundan ən böyük ada; 2) Britaniya adalarında dövlət. Rəsmi adı — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı. Əhalisi 60 mln. nəfərdən artıqdır. Əhalinin 80%-i ingilislərdir, milli azlıqda qalanlar — şotlandlar, uelslilər (valliyalılar), irlandlardır. Dindarların əksəriyyəti protestantdır. Paytaxtı -Londondur. Dövlət quruluşu — parlamentli monarxiyadır. Dövlətin başında kral durur. Qanunverici orqanı — iki-palatalı (lordlar palatası və icmalar palatası) parlamentdir. İcra hakimiyyəti — Nazirlər Kabinetidir. Böyük Britaniya keçmiş İngiltərə dominionları və müstəmləkələrinin də daxil olduqları Britaniya Birliyinə başçılıq edir. Nüvə silahına malik Böyük Britaniya beş böyük dövlətdən biridir.

Böyük Britaniya Leyboristlər Partiyası (ing. «leybor» — "əmək", «zəhmət») — Böyük Britaniyanın iki aparıcı (mühafizəkarlarla yanaşı) partiyasından biri. 1900-cü ildə yaradılmışdır. Tərkibinə görə əsasən fəhlə partiyasıdır, islahatlar yolu ilə fəhlələrin vəziyyətinin yaxşılaşdırılması uğrunda çalışır.

Böyük coğrafi kəşflər — XV əsrin ikinci yarısından XVII əsrin ortalarınadək Böyük coğrafi kəşflər zamanı Avropa dənizçiləri və səyyahları əvvəllər məlum olmayan dənizləri və okeanları, adaları və materikləri kəşf etdilər, ilk dünya səyahətinə çıxdılar, Yerin kürə şəklində olmasını əməli surətdə sübuta yetirdilər. Naməlum ölkələrin axtarılması üçün əsas stimul əsrlər boyu Şərq malları almaq üçün Avropadan Şərqə axan qızıla hərisliyin olması idi. Bundan başqa, Şərqə gedən quru ticarət yolları Osmanlı imperiyasının əlində idi. Buna görə də Avropa dənizçiləri özlərinin Hindistana və Çinə gedən yollarını axtarmağa başladılar. Həm də dəniz yolları quru yollara nisbətən daha əlverişli və təhlükəsiz idi. İlk dəfə olaraq Hindistana gedən yolları Portuqaliya dənizçiləri axtarmağa başladılar. 1486 — 87-ci illərdə Bartolomeu Diaşın ekspedisiyası Afrikanın cənub ucqarlarına çatmışdı. Diaş Afrikanı cənubdan ötüb-keçmiş ilk avropalıdır. Geri qayıdarkən Ümid burnunu kəşf etmişdir (1488). 1492-ci ildə Kolumbun ispan kralı tərəfindən maliyyələşdirilən üç ekspedisiyası sayəsində Amerika kəşf və tədqiq olundu. 1498-ci ildə Afrikanı ötüb-keçən Vasko da Qama Hindistana çatdı. 1513-cü ildə ispan konkistadoru Nunyes Balboa Panama bərzəxini keçərək Sakit okeanı kəşf etdi. 1519 — 22-ci illərdə Fernando Magellan dənizlə ilk dövr-aləm səyahətinə çıxdı. 1642 — 44-cü illərdə holland dənizçisi Abel Tasman Tasmaniya, Yeni Zelandiya adalarını və yeni Avstraliya materikini kəşf etdi. 1648-ci ildə rus dənizçisi Semyon Dejnyov Şimal Buzlu okeanı boyunca Qərbi Asiyaya səyahət etdi və Asiyanı Amerikadan ayıran boğazı (sonralar Berinq boğazı adlandırılmışdır) kəşf etdi. Böyük coğrafi kəşflər avropalıların geniş müstəmləkələr tutmasının əsasını qoydu, Avropada əmtəə istehsalının artmasına təsir etdi, dünya ticarətinin meydana çıxmasına səbəb oldu.

Böyük Çin səddi — Çinin şimalında qala divarı. Tikintisinə e.ə. 214-cü ildə imperator Sin Şixuandinin əmri ilə başlanılmışdı. Bu divar döyüşkən köçəri hun tayfalarının şimal tərəfdən edilən hücumlarından qorunmaq məqsədi ilə ucaldılmışdı. Böyük Çin səddinin uzunluğu 4 min km-dən 5 min km-dək, hündürlüyü 5 — 10 m, eni isə 5,5 m-dir, belə ki, onun üstü ilə arabalar və döyüşçü dəstələri keçə bilərdi. Divar üzərində hər 100 — 120 m-dən bir çox da hündür olmayan kvadratşəkilli gözətçi bürcləri, əsas dağ keçidlərində isə qalalar ucalırdı. Təhlükə zamanı bürclərdə tonqal yandırmaqla düşmənin gəlişini xəbər artıq davam etmişdir. Onun xeyli hissəsi günümüzədək qalmışdır.

«böyük dövlətlər» — beynəlxalq aləmdə aparıcı rol oynayan qüdrətli dövlətləri bildirmək üçün istifadə olunan məfhum. İkinci Dünya müharibəsindən sonra BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri olan Böyük Britaniya, Çin, ABŞ, SSRİ (indi Rusiya), Fransa böyük dövlətlərdir.

böyük dövlətçilik şovinizmi — öz millətini «ali» millət elan edən və dövlətdə hakim mövqe tutan, hökmranlıq edən millətin hakim dairələrinin ideologiyası və siyasəti. Böyük dövlətçilik şovinizmi müstəmləkə imperiyalarının yaranması dövründə meydana gəlmişdi. «Böyük» millətlərin siyasəti digər millətləri öz əsarəti altına almağa, onların iqtisadi, siyasi və mədəni sahələrdə diskriminasiyasına, müstəqilliklərinə son qoymağa yönəlmişdir. Böyük dövlətçilik şovinizmi, məsələn, Avstriya-Macarıstan və Rusiya imperiyalarında aparılmışdır. Rus çarizmi ölkəni «xalqlar həbsxanası»na çevirmişdi.

Böyük Fransa burjua inqilabı — burjua inqilabı. Bir sıra tarixçilər həmin inqilabı 1789 — 94-cü illərlə, digərləri isə 1789 -1804-cü illərlə məhdudlaşdırırlar.
Əsas səbəbi: inkişaf etməkdə olan kapitalist istehsal münasibətləri ilə feodalizm qalıqları (mütləqiyyət, feodalların və ruhanilərin imtiyazları, kəndlilərin feodallardan asılılığı) arasında ziddiyyətlərin olmasıdır. Dövlətin müflisləşməsi, ticarət-sənaye böhranı və qıtlıq illəri ilə ölkənin daha da kəskinləşən ağır vəziyyəti 1788 — 89-cu illərdə inqilabi şəraitin yetişməsinə səbəb oldu. Kral XVI Lüdovik 1789-cu ilin mayında Baş Ştatları çağırdı. 1789-cu il iyunun 17-də 3-cü silkin deputatları özlərini əvvəlcə Milli, iyulun 9-da isə Müəssislər Məclisi elan etdilər. Kralın məclisi qovmaq cəhdləri xalq üsyanına — 1789-cu il iyulun 14-də hücumla Bastiliyanın alınmasına səbəb oldu; bu isə inqilabın başlanğıcı idi. Mütləqiyyətə və feodallara qarşı mübarizədə burjuaziya, şəhər yoxsulları və kəndlilər birləşdilər. İnqilabın birinci mərhələsində (1789-cu il iyulun 14-dən 1792-ci il avqustun 10-dək) hakimiyyət iri burjuaziya və liberal zadəganlar tərəfindən ələ keçirildi. Xalqın təzyiqi ilə Müəssislər Məclisi “İnsan və vətəndaş hüquqları bəyannaməsi”ni qəbul etdi. 1792-ci il avqustun 10-da Parisdə xalq üsyanı nəticəsində mütləqiyyətin devrilməsindən sonra — inqilabın ikinci mərhələsində (1792-ci il avqustun 10-dan 1793-cü il iyunun 2-dək) siyasi rəhbərlik Konventdə çoxluq təşkil edən jirondistlərin əlinə keçdi. 1792-ci il sentyabrın 22-də Konvent Fransada respublika hakimiyyəti elan etdi və bu, «Birinci respublika» adlandırıldı. Konventdə inqilabın dərinləşməsinə cəhd göstərən Robespyer, Marat, Danton və Sen-Jüstün başçılıq etdikləri yakobinlər jirondistlərə qarşı çıxırdılar. Jirondistlərin inqilabın sonrakı inkişafının qarşısını almaq cəhdləri 1793-cü il mayın 31-dən iyunun 2-dək xalq üsyanına səbəb oldu və yakobin diktaturasının qurulması — inqilabın üçüncü mərhələsinə (1793-cü il iyunun 2-dən 1994-cü il iyulun 27-dək) keçməsi ilə nəticələndi. Xalqı səfərbərliyə alan yakobinlər hökuməti Prussiya və Avstriya müdaxiləçiləri üzərində qələbə çalınmasını təmin etdi, ölkə daxilindəki əksinqilabi qiyamları yatırdı, torpaq məsələsini kəskinliklə həll etdi (feodal imtiyazlarını ləğv etdi, icma torpaqlarını, eləcə də mühacirət edənlərin müsadirə olunmuş torpaqlarını kəndlilərə payladı); bu da kəndliləri azad xırda torpaq sahiblərinə çevirdi. Monarxiyanın bərpası təhlükəsinin sovuşduğu zaman yakobin diktaturasının «plebey metodları»ndan və terrorçuluğundan narazı qalan burjuaziya əksinqilab tərəfə keçməyə başladı və kəndlilərin də xeyli hissəsini öz ardınca apardı. İyulun 27-də (termidorun 9-da) termidor çevrilişi nəticəsində yakobin diktaturası devrildi və Direktoriya rejimi quruldu.

Böyük İpək yolu — Mərkəzi və Ön Asiyaya Çindən gələn karvan yolu. E.ə. II əsrdə Xan sülaləsinin hakimiyyəti illərində salınmışdır. Böyük İpək yolu ilə Çindən bütün dünyada yüksək qiymətləndirilən ipək aparılırdı. Çin qoşunları qonşu ölkələri tutmaq və qarət etmək üçün də bu yolla hərəkət edirdi. I — II əsrlərin qovuşuğunda Böyük İpək yolu ilə hər il Çinə və Çindən böyük ticarət karvanlarının müşayiəti ilə bir çox elçi gedirdi. Çin ilə başlıca olaraq Mərkəzi Asiya vasitəçi tacirləri alver edirdilər. III — VI əsrlərdə Böyük İpək yolu Çindən Hindistana və geriyə qayıdan buddaçı rahiblər tərəfindən istifadə edilirdi. VII — X əsrlərdə bu yol ilə Çinlə Bizans və ərəblər arasında əlaqələr yaranmışdı. XIII — XIV əsrlərdə Böyük İpək yolu nəhəng Monqol imperiyasının bir-birindən uzaq rayonlarını birləşdirirdi. XV əsrdə dəniz yollarının kəşfi və inkişafı ilə əlaqədar olaraq Böyük İpək yolu öz əhəmiyyətini itirməyə başladı və tədricən unuduldu.

Böyük Karl — Karolinqlər sülaləsindən (742 -814) olan Böyük Karl, frankların kralı (768 — 814), «Müqəddəs Roma imperiyası»nın imperatoru (800 -814). Aaxen şəhərində anadan olmuşdur (müasir Almaniya ərazisində). 768-ci ildə qardaşı Karloman ilə birlikdə frankların kralı olmuşdur, lakin 771-ci ildə Karloman öldü və Karl təkbaşına kral qaldı. 771-ci ildə german tayfası olan sakslarla müharibəyə başladı. 774-cü ildə Karl lanqobardlar üzərində qələbə çaldı və onların İtaliyanın        şimalındakı dövlətlərinin ərazisini öz torpaqlarına birləşdirdi. 778-ci ildə Karl İspaniyaya soxuldu, lakin basklarla müharibədə məğlubiyyətə uğradı. Frank qoşunları İspaniyadan geriyə çəkilərkən Karlın qardaşı oğlu Rolandın başçılıq etdiyi aryerqard (arxa dəstə) basklar tərəfindən darmadağın edildi. Bu barədə dövrümüzədək çatmış «Roland haqqında nəğmə»də məlumat qalmışdır. Karl sonralar İspaniyanın şimalının yalnız kiçik bir hissəsini tuta bildi. 790-cı ildə avarlar üzərində qələbə çalan Karl Avar xaqanlığmın ərazisinin bir hissəsini ələ keçirdi. 800-cü ildə Roma papası III Leo diz çökən Karlın başına tac qoymuş, onu Roma imperatoru adlandırmışdır. 804-cü ildə sakslarla 33 illik ağır müharibələrdən və onların arasında xristianlığı yaydıqdan sonra Böyük Karl saksları tabe edə bildi, amma nəticədə onların v4-dən çoxunu məhv etdi. Bundan sonra Böyük Karl daha işğalcı müharibələr aparmadı, qüvvəsini şimalda vikinqlərlə danimarkalılara, cənubda isə bizanslılarla ərəblərin təhlükəsinə qarşı yönəltdi. 71 yaşında ölmüş və Aaxen şəhərində dəfn olunmuşdur.

Böyük Kir — İran şahı (e.ə. 559 — 530). Herodotun məlumatına görə, sonuncu Midiya hökmdarı Astiaqın çobanının Spako (midiyalıların dilində «it») adlı arvadı tərəfindən tərbiyə olunmuş nəvəsi. Digər İran şahları kimi, Kir də əvvəlcə Midiya hökmda-rından asılı olan fars tayfasına başçılıq etmişdir. E.ə. 550-ci ildə Astiaqı devirmiş. Fars və Midiya şahlıqlarını öz hakimiyyəti altında birləşdirmiş və İran (və ya Əhəmənilər) dövlətini yaratmışdır. Kir Əhəmənilər nəslindən olduğundan bu dövləti həm də Əhəmənilər dövləti adlandırırlar. E.ə. 547-ci ildə Kir Lidiya çarlığını, e.ə. 545 — 539-cu illər arasında Mərkəzi Asiya ölkələrini, e.ə. 538-ci ildə isə Babilistanı tutmuş və həmin ölkələri öz dövlətinin tərkibinə daxil etmişdir. Kir e.ə. 530-cu ilin iyulunda Tomirisin başçılıq elədiyi massaget tayfalarına qarşı təşkil etdiyi yürüşdə ölmüşdür. Kirin ölümündən sonra onun oğlu Kambiz Əhəməni şahı olmuşdur.

Böyük Moğollar imperiyası — Hindistanda orta əsrlərdə ən böyük müsəlman dövləti (1526 — 1858). Dağılmaqda olan Dehli sultanlığının 1526-cı ildə Babur təərəfindən tutulması nəticəsində yaradılmışdır. Böyük Moğollar sülaləsi tərəfindən idarə olunurdu. Paytaxtları — Aqra və Dehli idi. XVII əsrdə imperiyanın ərazisi Hindistan yarımadasının böyük hissəsini əhatə edirdi. Bu dövrdə Hindistan ərazisində baş verən ara müharibələrinə müvəqqəti son qoyuldu, sənətkarlıq (xüsusilə də toxuculuq və zərgərlik) və ticarət çiçəkləndi. Portuqaliya tacirləri Hindistanın Avropa ilə ticarətindən xeyli varlanırdılar. Müsəlman incəsənəti Hindistanın memarlığı və rəngkarlığına böyük təsir göstərmişdir. XVII əsrdə dünyada məşhur olan Tac-Mahal məqbərəsi Aqra şəhərində inşa edilmişdir. Hindistan boyakarlığı yüksək inkişaf səviyyəsinə çatmışdır. Lakin XVIII əsrdə feodal ara müharibələri nəticəsində Böyük Moğollar imperiyası bir sıra xırda knyazlıqlara parçalandı. 1803-cü ildə Dehlinin tutulmasından sonra ingilis müstəmləkəçiləri Böyük Moğollar sülaləsi nümayəndələrinə təqaüd verirdilər, 1858-ci ildə isə onlar sülalənin hakimiyyətini birdəfəlik ləğv etdilər və Hindistan birbaşa ingilis tacının idarəçiliyinə keçdi.

Brahma — qədim hindlilərdə baş allah. Yaradıcı allah, kainatın yaradıcısı. Adətən ququşu üstündə oturmuş halda, qırmızı, şanagülləyi gözlü, saqqallı təsvir olunur, dörd üzü, dörd bədəni, səkkiz əli var və bu əllərdə Vedanın dörd kitabı, hakimiyyət bildirən əsa, Qanq çayının suyu ilə doldurulmuş qab, qurban qaşığı, bəzən şanagüllə çiçəyi, mirvari dəsti və ox var. Brahma əqlin gücü ilə qızıl yumurtanı iki yerə böldü: birindən Yeri yaratdı, digərindən isə səmanı; onların arasında hava qatı əmələ gəldi. Sonra beş ünsür (su, od, torpaq, hava, efir) əmələ gəldi, bundan sonra şüur, daha sonra isə allahlar, qurbanvermə, Vedanın üç kitabı, ulduzlar, zaman, dağlar, düzənlər, dənizlər, çaylar, nəhayət, insanlar, danışıq, qəzəb, sevinc, ehtiras, etiraf, ziddiyyetlər (isti — soyuq, quru — nəm, kədər — sevinc və s.) meydana gəldi. Bundan sonra bitkilər, heyvanlar, quşlar, böcəklər, iblislər yaradılır. Bütün canlı aləm, dünyanın bütün nizamı Brahma tərəfindən idarə olunur, istiqamətləndirilir və nəzarətdə saxlanılır. Brahmanın ömrünün uzunluğunu kainatın xronoloji çərçivəsi müəyyən edir — Brahma 311.040.000.000.000 «insan» ilinə bərabər olan «yüz Brahma ili» yaşamalıdır.

brahmanlar — qədim Hindistanda kahinlər kastası. Hesab edilirdi ki, Brahma öz dodaqlarından kahin brahmanları yaratmışdır. Buna görə də onlar adamlarla Brahmanın adından danışa bilərlər. Kahinləri hər evə dəvət edir, allaha qurban vermək istəyirdilər, belə ki, kahinlər qurbanvermənin icraçısı, din bilicisi və şərhçisi idilər. Brahmanlar hindlilərin birinci ali kastası sayılır. Bretan -Fransanın şimal-qərbində yarımada. Adı buraya köçmüş brit tayfaları ilə bağlıdır.

brifinq — mətbuat nümayəndələrinin qısa yığıncağı. Belə toplantıda xüsusi səlahiyyətli şəxs tərəfindən hökumətin, hər hansı partiyanın, təşkilatın və ya ayrıca siyasi xadimin müəyyən məsələ üzrə mövqeyi açıqlanır.

Britaniya — müasir İngiltərənin brit tayfasından alınmış qədim adı. E.ə. 55 -54-cü illərdə Yuli Sezarın Britaniyanı tutmaq cəhdləri uğursuz oldu. Lakin eramızın I əsrində romalılar Britaniyanı işğal etdilər. V — VI əsrlərdə isə Britaniya anql və saks german tayfaları tərəfindən tutuldu.

Britaniya imperiyası — istilahı bütövlükdə Böyük Britaniyanı, onun dominionları və müstəmləkələrini bildirir. Rəsmi olaraq XIX əsrin 70-ci illərindən istifadə edilir.

britlər — kelt tayfaları, e.ə. VIII əsrdən eramızın V əsrinədək Britaniyanın əsas əhalisi. Britlərin dəyanətli müqavimətləri və üsyanları romalıların Britaniyada istilalarını zəiflədirdi. Britaniyanın anql və saks german tayfaları tərəfindən istila edildiyi dövrdə britlər qismən məhv edilmiş, qismən də Uelsə, Şotlandiyaya və Qalliyanın şimal-qərbindəki yarımadaya (sonralar Bretan adlandırıldı) köçürülmüşlər.

Brut Lutsi Yuni — Qədim Roma əfsanəsinə görə, Romada respublikanın əsasını qoyan. Patrisilərin sonuncu Roma hökmdarı Tarkvini Qordoya qarşı baş vermiş üsyanına rəhbərlik etmişdir. E.ə. 509-cu ildə sonuncu hökmdarın qovulmasından sonra Brut Roma Respublikasının konsullarından biri olmuşdur.

Brut Mark Yuni (e.ə. 85 — 42) — Qədim Roma siyasi və hərbi xadimi, ən bacarıqlı sərkərdələrdən və Sezarın öz oğlu kimi münasibət bəslədiyi dostlarından biri. Romada vətəndaş müharibələri illərində Pompeyin tərəfində Sezara qarşı çıxmışdır, lakin Sezar qələbə çaldıqdan sonra onu bağışlamış və Sizalpin Qalliyasına canişin təyin etmişdi. E.e. 44-cü ildə respublikaçı senatorların senatın yığıncağında Sezarın öldürülməsi ilə başa çatan sui-qəsdinə rəhbərlik etmişdi. Roma əhalisi tərəfindən dəstəklənməyən Brut paytaxtdan qaçmaq məcburiyyətində qaldı. Sui-qəsdçilər Makedoniyada qoşun toplamağa başladılar. E.ə. 42-ci ildə Filipp yaxınlığındakı döyüşdə respublikaçıların qoşunları Antoni və Oktavianın qoşunları tərəfindən məğlubiyyətə uğradıldı. Qılınc üzərinə yıxılan Brut özünü öldürdü.

buddizm — e.ə. VI əsrdə Hindistan yarımadasında meydana gəlmişdir. Buddizmin banisi hind şahzadəsi Siddhartha Qautama (e.ə. 623 — 544) olmuşdur. 29 yaşına çatan şahzadə Qautama sarayı və arvadını tərk edib cəlayi-vətən oldu. 7 il sərgərdan, tərki-dünya həyat sürdükdən sonra Qautama özünü Budda («Oyanmış») adlandırdı və təlimini ) təbliğ etməyə başladı. Buddizm öyrədir ki, həyat bütün təzahürlərində şor və iztirab mənbəyidir. Bu şerə qalib gəlmək üçün insan onu əhatə edən aləmdən imtina etməli və rahib olmalıdır. Yalnız müəllimin rəhbərliyi altında rahib olduqdan sonra insan öz hissləri və arzularına qalib gələ bilər. Digər dünyəvi dinlərdən fərqli olaraq buddizm gerçəklik haqqında düşünmək yolu ilə tədricən özünə qapılmaqdan ibarətdir. Beləliklə, insanın dini şərəfi yalnız onun özünün şəxsi davranışından asılıdır. Ayinlərin bu sayaq sadəliklə icrası buddizmin dünyanın müxtəlif ölkələrində geniş yayılmasına səbəb olmuşdur.

Buhenvald — Almaniyada Veymar şəhəri yaxınlığında 1937 — 45-ci illərdə alman-faşist həbs düşərgəsi. Buhenvaldda saxlanılan 56 min məhbusdan 10 mini öldürülmüşdür. 1958-ci ildə Buhenvaldda memorial kompleks açılmışdır.

Buxara əmirliyi — 1747- 1920-ci illərdə Mərkəzi Asiyada dövlət, 1868-ci ildən Rusiya imperiyasının vassalı. Paytaxtı — Buxara. Əmirləri Mınqıtlar sülaləsindən idilər. 1920-ci ildə Qırmızı Ordu tərəfindən işğal olunmuşdur. 1924-cü ildə milli sərhədləşmə nəticəsində onun ərazisi Türkmənistan, Özbəkistan və Tacikistan SSR tərkibinə daxil olmuşdur.

Buxara xanlığı — XVI — XVIII əsrlərdə Mərkəzi Asiyada, paytaxtın Buxaraya köçürülməsindən sonra yaranmış dövlət. Daha çox II Abdulla xanın hakimiyyəti illərində XVI əsrin ikinci yarısında genişlənmiş və siyasi nüfuza malik olmuşdur. Həştərxanilər sülaləsi dövründə zəifləmişdir. 1740-cı ildə Nadir şah tərəfindən tutulmuşdur. 1747-ci ildən Buxara əmirliyi adlanmışdır.

Busefal — Makedoniyalı İsgəndərin atı. E.ə. 326-cı ildə ölmüşdür. Onun şərəfinə İsgəndər Hindistanda Busefaliya şəhərini saldırmışdır.

Buz döyüşü (1242) — 1242-ci il aprelin 5-də buz bağlamış Çud gölü üzərində Aleksandr Nevskinin başçılığı altında Novqorod rus qoşunları ilə alman cəngavərlərinin Tevton ordeni arasında baş vermiş döyüş. Alman cəngavərlərinin tam məğlubiyyəti ilə başa çatdı.

buzlaq dövrü — Yerin tarixində bir neçə dəfə soyuqlaşma və istiləşmə dövrlərinin bir-birini əvəz etdiyi mərhələ. Sonuncu buzlaq dövrü 100 min il əvvəl başlamışdı. O zaman Avropa və Asiyanın şimalında nəhəng buzlaq əmələ gəlmişdi - buz təbəqəsinin qalınlığı 2 kilometrədək olmuşdur. Buzlağın ucları indiki Kiyev, Volqoqrad şəhərlərinin yerləşdikləri ərazilərədək çatırdı, Qafqaz dağları da buzla örtülmüşdü. 13-15 min il əvvəl istiləşmə və buzlağın əriməsi başlamışdır.

büdcə — müəyyən müddət üçün dövlət məxaric və mədaxilinin təsvirini verən sənəd (bir qayda olaraq illik). Büdcə ali qanunverici hakimiyyət orqanları tərəfindən müzakirə edilir və təsdiq olunur.

bürokratiya — 1) xüsusi aparatın köməkliyi ilə fəaliyyətini həyata keçirən məxsusi funksiya və imtiyazlara malik idarəetmə sistemi; 2) bu idareetmə sistemi ilə bağlı olan insanlar təbəqəsi.

 

Mənbə: MƏKTƏBLİNİN TARİX LÜĞƏTİ
Müəlliflər:

  • Rauf Məlikov, Tarix elmləri namizədi, Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun «Azərbaycanın qədim tarixi» şöbəsinin elmi işçisi
  • Nizami İbrahimov, Tarix müəllimi, «Azərbaycan tarix müəllimləri» ictimai birliyinin üzvü.
 

0 şərh