Avraam Linkoln (ABRAHAM LINCOLN)

XIX yüzilliyin 60-cı illəri ABŞ dövləti üçün ağır sınaq dövrü olmuşdur. Burada söhbət ölkənin qarşılaşdığı hər hansı sosial-iqtisadi problemdən deyil, onun ərazi bütöv­lüyünün qorunub saxlanmasından, demokratik dəyərlərə əsaslanan, insan hüquqlarının qorunmasını özünün baş­lıca prinsipi elan etmiş bir dövlətin mövcudluğundan ge­dir. Xatırladaq ki, hələ C.Vaşinqton öz vəsiyyətnaməsində, ona məxsus qullara azadlıq verilməsini istəmişdi. 60-cı illərədək ölkə prezidentlərinin demək olar ki, əksəriyyəti qul sahibləri olsa da, onların mütərəqqi fikirliləri quldarlı­ğın əleyhinə olmuşdur.

Avraam Linkoln

30-cu illərdə başlamış abolisionizm hərəkatı 50-ci illərdə öz apogeyinə çatır. Hər bir keçid dövrü özünəməxsus lider, xalq kütlələrinin marağından çıxış edərək, onu qlobal problemlərin həlli üçün ardınca apara biləcək rəhbər ye­tişdirir. Birləşmiş Ştatların 16-cı prezidenti olmuş Avraam Linkoln məhz belə liderlərdən idi. Onu haqlı olaraq ABŞ tarixində üç böyük prezidentdən biri hesab edirlər.

Avraam Linkoln 12 fevral 1809-cu ildə Kentukki şta­tının Hocenvill yaşayış məntəqəsində, əcdadları ilk Avro­pa immiqrantlarından olan fermer ailəsində dünyaya gəlib. Atası Tomas Linkoln savadı olmasa da zəhmətkeş fermer idi. Balaca Avraam ilk ibtidai təhsilini qonşuluqda yaşa­yan müəllimdən alır. 1816-cı ildə Linkolnlar ailəsi İndia­naya köçür. Bu zaman qərbdə «süd titrətməsi» deyilən yo­luxucu xəstəlik tüğyan edirdi. Çox keçmir ki, anası Nensi Linkoln bu xəstəlikdən vəfat edir. 1819-cu ildə T. Linkoln Sara Constonla ailə qurur. Mülayim təbiətli, qayğıkeş ana olan xanım Conston Avraamın xarakterinin formalaşma­sına böyük təsir göstərmişdir. Ailənin tez-tez öz yaşayış yerini dəyişməsi Avraamın sistemli təhsil almasına imkan verməmişdir. Onun əsas müəllimi həyat özü idi.

Linkoln ilk əmək fəaliyyətinə varlı qonşunun malika­nəsində günəmuzd işçi kimi başlayır. Torpağın becərilməsi, atlara qulluq, taxılın döyülməsi onun gündəlik gördüyü işlər idi. Gənc Linkolnun həyatında ilk böyük hadisə, dairənin varlı adamlarından biri Ceyms Centri ilə birgə səyahətə çıxması olmuşdur. Ticarət məqsədilə edilən bu səfərdə ən yaddaqalan hadisə Yeni Orleanla tanışlıq olmuşdur. ABŞ-ın qeyri-rəsmi qul bazarı hesab edilən Yeni Orleanda Linkoln qulların hərracda necə satılmasının şahidi olur. Bu 19 yaşlı Avraama olduqca pis təsir edir və quldarlığa qarşı onda bö­yük nifrət hissi oyadır.

1830-cu ildə yayılan epidemiya Linkolnların İllinoys ştatına köçməsinə səbəb olur. Bir il sonra müstəqil həyata qədəm qoyan Avraam kiçik Nyu-Salem kəndində məs­kunlaşır. Burada o, ilk dəfə seçici kimi seçkilərdə iştirak edir. Federal konqresə keçirilən seçkilərdə Linkoln viqlər partiyasının tanınmış nümayəndəsi Henri Kleyə səs verir. Sonralar o, özünü H.Kleyin şagirdi adlandırardı.

Müstəqil həyat yaşayan gələcək prezident müxtəlif peşələrdə özünü sınayaraq odun yaran, torpaqölçən, poçt xidmətçisi, vəkil kimi fəaliyyət göstərmişdir. Bununla ya­naşı o, müstəqil olaraq təhsilini artırmaqla məşğul olur.

1832-ci ildə siyasi fəaliyyətə başlamaq arzusu ilə, İlli- noys qanunvericilik orqanına seçkilərdə namizədliyini irəli sürür. Lakin tezliklə hindulara qarşı başlayan müharibə onun bu arzusunu reallaşdırmağa mane olur. Könüllü olaraq ordu­ya gedib kapitan rütbəsi alsa da hərbi əməliyyatlarda iştirak etmir. Müharibədən sonra yenidən namizədliyini irəli sürsə də, uğur qazanmır. Məğlub olmasına baxmayaraq bu seçkilər onun siyasi cəhətdən püxtələşməsinə kömək etmişdi.

Nəhayət 1834-cü il seçkilərində tale üzünə gülür və 25 yaşlı Avraam ştat parlamentinə üzv seçilir. Çox keçmir ki, gənc deputat viqlərin parlamentdəki fraksiyasına başçılıq edir və 1836, 1840-cı illərdə yenidən deputat seçilir.

1842-ci ildə cənub müstəmləkəçisinin qızı Meri Toddla ailə qurur. Onların dörd oğlu olsa da, yalnız biri, Robert Todd yetkinlik yaşına qədər yaşamışdır.

1846-cı ildə Konqresə keçirilən seçkilərdə qalib gələn Linkoln, İllinoys ştatını Nümayəndələr palatasında təmsil edir. Burada o, Meksika ilə aparılan müharibənin əleyhdarı kimi çıxış edir. Bu çıxışlar ona böyük nüfuz qazandırsa da, təkrar seçkilərdə məğlub olur və İllinoysa qayıdaraq vəkil kimi fəaliyyət göstərir.

50-ci illərin birinci yarısında quldarlığa qarşı mübarizə daha da kəskinləşir və quldarlıq əleyhdarlarının bir cəbhədə birləşməsi ilə nəticələnir. 1854-cü il 25 fevralda Viskonsin ştatının Ripon şəhərində bəzi viq, demokrat və quldarlığa qarşı radikal mövqe tutmuş digər qruplar birləşərək yeni respublikaçılar partiyasının yaranmasını elan edirlər. Lin­koln partiyanın yaradılmasında əsas fiqurlardan biri olur.

1856-cı ildə respublikaçıların namizədi C.Frimontun prezident seçkilərində məğlub olması quldarlıq problemi­nin dinc yolla həll olunmayacağını göstərdi.

1858-ci ildə senata keçirilən seçkilər Linkolnun siyasi karyerasında mühüm yer tutur. O, bu mübarizədə çoxdan­kı siyasi rəqibi, demokrat Stiven Duqlasa məğlub olsa da, seçkiönü keçirilən görüşlər, debatlar, onu quldarlığın qatı əleyhdarı kimi bütün ölkədə tanıtdı.

1859-cu ildə baş vermiş Con Braun qiyamı növbəti il keçiriləcək prezident seçkilərində quldarlıq probleminin aparıcı mövzu olacağından xəbər verirdi.

16 may 1860-cı ildə Respublikaçılar partiyasının pre­zident seçkilərinə həsr olunmuş Çikaqo konqresi keçiril­di. Partiyanın əsas namizədləri U.Syuard və Linkoln ara­sında qızğın mübarizə getdi. Yalnız üçüncü səsvermədən sonra Avraam Linkoln partiyanın namizədi oldu. Onun bu qələbəsi ölkənin siyasi həyatında böyük hadisə idi.

Quldarlığa olan münasibət demokrat partiyasında ikitirəliliyin yaranmasına səbəb olmuşdu. Bu səbəbdən on­lar seçkilərə vahid namizədlə gedə bilmədilər. Partiyanın Şimal qanadından Stiven Duqlas Cənubdan isə Con Bre- kinric namizəd göstərildi. Səslərin bölünməsi Linkolnun qələbə qazanmaq imkanını artırdı. Gərgin keçən seçkilərdə Linkoln 39,8 % səs toplayaraq prezident oldu.

Kabineti qurarkən böyük siyasi bacarıq nümayiş etdirən Linkoln köhnə siyasi rəqiblərinə üstünlük verdi. Belə ki, U.Syuard (xarici işlər), Edvard Beyts (ədliyyə), Salman Çeyz (maliyyə) əsas vəzifələrə təyin edildilər.

Linkolnun prezident seçilməsi Cənubda böyük həyə­canla qarşılandı. O, vəzifəsinin icrasına başlamamış ölkədə fövqəladə hadisələr baş verdi. Hələ Milad bayramından əvvəl Cənubi Karolina ştatı İttifaqdan çıxdı. Onun ardın­ca daha yeddi ştat: Alabama, Corciya, Luiziana, Missisipi, Texas, Tennessi və Florida İttifaqdan ayrıldılar və 4 fevral 1861-ci il tarixdə yeni müstəqil dövlətin: Amerika Konfe­derativ Ştatlarının yarandığını elan etdilər. Varlı quldar, eks- prezident Pirsin formalaşdırdığı kabinetdə müdafiə naziri olmuş Cefferson Devis yeni yaradılmış dövlətin müvəqqəti prezidenti seçildi.

Ştatların ayrılmasına Linkoln birmənalı olaraq müna­sibət bildirdi: «Secession (ştatların İttifaqdan ayrılması) ölkə konstitusiyasının kobud şəkildə pozulmasıdır və İtti­faq mütləq bərpa edilməlidir».

12 fevral 1861-ci ildə Konfederasiya qoşunları Samter fortuna hücum edərək onu ələ keçirdilər. Vətəndaş müharibəsi başlandı. Linkoln Cənub Ştatlarını qiyamçı elan edərək 75 minlik könüllülər ordusu yaratdı. Lakin o, müharibənin quldarlığın ləğvi üçün deyil, İttifaqın bütövlü­yü uğrunda aparıldığını elan etdi.

Müharibəni şərti olaraq iki mərhələyə bölürlər: 1861­62 və 1863-65. Birinci mərhələdə şimallılar bir sıra məğ­lubiyyətlərə düçar oldular. Bunun səbəbi komandanlığın əsasən təcrübəsiz generalların əlində olması idi. Digər tərəfdən, əvvəlcədən elan olunmasına baxmayaraq homs- tedlər haqqında qanunun qəbul edilməməsi uğursuzluqla­rın əsas səbəblərindən hesab olunur. 1862-ci ilin mayında homstedlər haqqında qanun qəbul edildi. Qanuna görə tor­paq becərmək istəyən hər amerikalı cüzi haqq ödəməklə 160 akr (65 ha) torpaq sahəsi ala bilərdi. Prezident 1862-­ci ilin sentyabr ayında «Azadlıq haqqında bəyannamə»ni imzaladı. Bəyannamədə 1863-cü il yanvarın 1-dən ölkədə quldarlığın ləğv olunması elan olunurdu.

Yalnız 1863-cü ilin yayında Şimal ordusu ilk uğurlarını qazanmağa başladı. Gettisberq yaxınlığında baş verən qanlı savaşlarda general Qrantın komandanlığı altında federalistlər ordusu böyük qələbə qazandı. Həmin il 19 noyabrda Linkoln gələcəkdə «Gettisberq müraciəti» adını almış məşhur nitqini söylədi. Prezident deyirdi: «Bu müharibə, bizim qismətimizə düşən sınaqlar bir şeyi göstərməli idi: demokratik dövlət, «bütün insanlar anadan bərabər doğulmuşlar» prinsipi üzərində qurulmuş bir dövlət sağ qalıb yaşaya biləcəkmi». Linkoln hazırlıqsız söylədiyi iki dəqiqəlik nitqində eyni za­manda demokratiyanın — «xalq hakimiyyəti, xalq üçün və xalqın həyata keçirdiyi idarəetmə üsulu» kimi qısa və dəqiq təyinini verə bildi.

1864-cü ilin martında prezident general Qrantı Ali Baş Komandan təyin etdi. Qrant Uilyam Şerman və Filip Şe- ridanla birgə Linkolnun hərbi planını — geniş miqyaslı və yaxşı mərkəzləşdirilmiş hücum planını həyata keçirərək müharibənin gedişində ciddi dönüş yaratdı.

1864-cü il prezident seçkiləri xüsusi əhəmiyyət kəsb edirdi və iyulda Linkoln ikinci müddətə namizəd göstərildi. Onun rəqibi isə vaxtilə Şimal ordusuna komandanlıq etmiş və 1862-ci ildə Linkolnun əmri ilə istefaya göndərilmiş general Mak-Klelan idi. Xatirladaq ki, Endrü Ceksondan sonra heç bir prezident təkrar seçkilərdə uğur qazanma­mışdı. Lakin Linkoln seçkilərdə 55 % səs toplayaraq ikinci müddətə prezident seçildi.

Linkolnun qələbəsi döyüşlərə öz əhəmiyyətli təsirini göstərdi. 2 sentyabr 1864-cü ildə general Şermanın Atlanta və Corciyanı tutması tam qələbə üçün ciddi zəmin yarat­dı. Bu ərəfədə prezident konstitusiyaya quldarlığın ləğvini özündə ehtiva edən 13-cü dəyişikliyi Konqresə təqdim etdi. Konqres bu dəyişikliyi 2/3 səs çoxluğu ilə təsdiq etdi. 1865­ci ilin aprelində general Qrantın komandanlığı ilə Şimal or­dusu Konfederasiyanın paytaxtı Riçmondu tutdu. Aprelin 9-da general Li və ordusunun təslim olması ilə müharibə sona çatdı.

Müharibə qurtardıqdan bir neçə gün sonra, aprelin 14- də Linkoln Ford teatrında tamaşaya baxarkən aktyor Con Uilks Buts tərəfindən sui-qəsdə məruz qalaraq ağır yaralan­dı və elə həmin gecə vəfat etdi.

Linkolnun qətlində çoxlu müəmmalı nüanslar var. Onun həyatına bir neçə sui-qəsd cəhdi olmuşdu. 1865-ci ilin mar­tında üstündə «Qətl» yazılmış xüsusi qovluqda 80-ə yaxın yazılı qətl təhdidi saxlanılırdı. Linkoln bu təhdidlərə nəinki fikir vermir, hətta onlara ironiya ilə yanaşırdı. Xüsusi iste­dad sahibi olmayan aktyor Buts quldarlığın fanatik tərəfdarı idi. İstintaq onun bu qətli çoxdan hazırladığını üzə çıxartdı. Tezliklə bu qətldə təkcə Cənub quldarları deyil, Şimaldan bəzi quldarlıq tərəfdarlarının da əli olduğu aşkar edildi. Pre­zident qətlə yetirilən gün onun şəxsi mühafizəsinə məsul əməkdaşların səhlənkarlığı, Butsun qaçdığı yoldan başqa Va şinqtondan çıxan bütün yolların bağlanması, qatilin diri tutulması əmr edilsə də, onun həbs edilərkən öldürülməsi bu nəticəyə gəlməyə əsas verirdi. Buts Linkolna atəş açaraq bu sözləri qışqırmışdı: «Tiranlar belə öldürülür. Cənubun intiqamı alındı». Lakin, bu intiqam deyil, siyasi terror idi. Prezident «Azadlıq bəyannaməsini» imzalayarkən belə de­mişdi: «Əgər mənim adım tarixə yazılarsa, bu bəyannaməyə görə yazılacaq. Onda mənim ruhum yaşayır». Linkoln həqiqətən tarixə düşdü və gördüyü böyük əməllərə öz qanı ilə möhür vurdu.

 

Müəllif: Elşən Bayramzadə
Mənbə: “Amerika prezidentlərikitabı. Bakı, 2012, 248 səh.

 

0 şərh