Uilyam Mak-Kinli (WILLIAM McKINLEY)

Birləşmiş Ştatların XIX əsrdə sonuncu prezidenti olmuş Uilyam Mak-Kinlinin yeritdiyi daxili siyasi kursun zəif ol­masına baxmayaraq, apardığı xarici siyasət ABŞ tarixində yeni səhifə açmışdır. Xüsusilə İspaniyaya qarşı aparılan müharibə və bir neçə ispan müstəmləkəsinin ilhaq edilməsi ölkənin dünyanın böyük hegemon dövlətlərindən birinə çevrilməsinin əsasını qoymuşdur.

Uilyam Mak-Kinli

Uilyam Mak-Kinli 29 yanvar 1843-cü ildə Ohayonun Nayls şəhərində anadan olmuşdur. Şotland əsilli irlandiyalı olan atası Uilyam Mak-Kinli çuqun istehsalı və satışı ilə məşğul olurdu. Gələcək prezident ilk təhsilini Polanddakı xüsusi məktəbdə alır, 1860-cı ildə isə Midvill şəhərindəki Allegan kollecinə daxil olur. Vətəndaş Müharibəsi başla­dıqda polkovnik Razerford Heysin başçılıq etdiyi könüllülər ordusuna yazılır. Müharibənin sonunadək döyüşlərdə işti­rak edərək mayor rütbəsinədək yüksəlir.

Müharibədən sonra Olbani (Nyu-York ştatı) Hüquq məktəbində oxuyaraq vəkillik fəaliyyətinə başlayır. Müdafiə etdiyi müştərilərinin maddi vəziyyəti ilə maraqlanmaya­raq öz peşəsinə prinsipial yanaşması onu qısa müddətdə məşhurlaşdırır. 1871-ci ildə Ohayo bankirlərindən birinin qızı İda Pakstonla ailə həyatı qurur. Nikah uğurlu olsa da, tezliklə xanım Mak-Kinli ağır xəstələnir və nəticədə əlil olur.

Müharibədən on il sonra uğurlu vəkillik fəaliyyəti Mak- Kinlinin maddi vəziyyətini əhəmiyyətli dərəcədə dəyişir. Qazandığı pulları daşınmaz əmlaka və Ohayonun sənaye müəssisələrinə yatıraraq şəxsi kapitalını ikiqat artırır. Çox keçmir ki, vəkillik praktikasına son qoyaraq siyasətlə məşğul olmağa qərar verir və respublikaçılar partiyasına üzv yazılır. Nüfuzlu vəkil, vətəndaş müharibəsinin vetera­nı, sağlam dünyagörüşünə malik mühafizəkar biznesmen Mak-Kinli uğurlu siyasi karyera edəcəyinə ümid bəsləyə bilərdi. Doğrudan da o, 1876-cı ildə Konqresə seçilir və qısa müddətli fasiləni nəzərə almasaq 1891-ci ilədək orada fəaliyyət göstərir. Bu ərəfədə o, perspektivli konqresmen kimi varlı və böyük hörmət sahibi olan biznesmen M.Hannın diqqətini özünə cəlb edir. M.Hann Mak-Kinlinin karyera etməsinə əhəmiyyətli dərəcədə köməklik göstərmişdir.

1892-ci ildə Ohayonun qubernatoru seçilən Mak- Kinli, 1895-ci ilə qədər bu vəzifədə çalışır. Qeyd edək ki, siyasətlə intensiv məşğul olması, dövləti vəzifələrdə yer al­ması, şəxsi biznesində geriləmə ilə müşayiət olunmuşdur. Müflis olduqdan sonra yığılan borclarını bəzi sənayeçilər öz üzərlərinə götürərək, Mak-Kinlinin onların marağı çərçivəsində fəaliyyət göstərəcəyinə ümid bəsləyirdilər.

1896-cı il prezident seçkilərində Mak-Kinli respubli­kaçıların namizədi oldu. Partiya funksionerləri onun istər sənayeçilər, istərsə də kənd təsərrüfatı işçiləri arasındakı nüfuzuna güvənirdilər.

Seçkiönü kampaniyanın meneceri kimi çıxış edən Hann ölkə iqtisadiyyatında söz sahibi olan bir neçə şəxsi öz ətrafında toplaya bilir. ABŞ-ın məşhur bankirlərindən olan Morqan və sənayeçi Rokfeller təkcə reklam nəşrlərinə yarım milyon dollar xərcləmişlər. Mak-Kinli haqqnıda film çəkilmiş ilk namizəd idi. Nəticədə U.Mak-Kinli 51,1 % səs toplayaraq demokrat partiyasının namizədi Uilyam Braya- na qalib gəlir. Seçimçilər kollegiyasında onun üstünlüyü daha böyük olur: 271:176.

Prezidentliyinin ilk günlərindən ictimaiyyətlə əlaqələrini düzgün qurması, xüsusilə mətbuata olan münasibəti onu populyar liderə çevirmişdir. Lakin seçkiönü çıxışlarında verdiyi vədləri tam şəkildə gerçəkləşdirə bilməmişdir. Ən əsası, iqtisadi sahədə aparılması zəruri olan islahatları tam həyata keçirməmiş, inhisarçılığa qarşı loyal mövqe tutmuş­dur. Buna səbəb onun hələ prezident seçilməmişdən əvvəl ölkənin iqtisadi bossları ilə sıx əlaqələrinin olmasıdır.

90-cı illərdə Avropa dövlətlərinin Asiya və Afrika­da müstəmləkəçilik siyasətinin güclənməsi ABŞ-ın xarici siyasi kursunda əsaslı dəyişikliklər edilməsini gündəmə gətirdi. Bu yöndə atılan ilk addım Konqresin hərbi-dəniz nəzəriyyəçisi Alfred Mehemin əsərləri əsasında müasir hərbi-dəniz donanmasının yaradılması barədə qərarı oldu.

1898-ci il iyulda Havay adalarının ilhaq edilməsinə Birləşmiş Ştatların ekspansionist siyasətinin tərkib hissəsi kimi də baxmaq olar. Lakin, İspaniya və Filippinə qarşı aparılan müharibələr ABŞ-ın xarici siyasi kursunda cid­di dəyişikliklərdən xəbər verirdi. İspaniyanın Kubadakı uzunmüddətli ağalığı Amerika ictimaiyyətini ciddi narahat edirdi. Digər tərəfdən ölkənin iqtisadi maraqları və Karib dənizində şəriksiz ağalıq istəyi Kubanı Birləşmiş Ştatların milli maraq obyektinə çevirirdi. Prezidentin bu mövqe ilə razılaşmasına baxmayaraq, o, İspaniya ilə hərbi qarşıdur­madan çəkinərək İspaniya və Kuba arasındakı münaqişənin sülh yolu ilə həllinə çalışırdı. Lakin 15 fevral 1898-ci ildə ABŞ-ın «Meyn» gəmisinin Havana limanında qəzaya uğra­ması Mak-Kinlini problemin sülh yolu ilə həll olunmayaca- ğına inandırdı. Uzun müzakirələrdən sonra 19 aprel 1898-ci ildə Konqres prezidentin tapşırığı ilə İspaniyaya müharibə elan etdi.

Müharibə elan etmək, şübhəsiz ki, onu udmaqdan qat- qat asandır. Quruda aparılan elə ilk döyüşlər ABŞ ordusunun müharibəyə tam hazır olmadığını göstərdi. Lakin döyüşlərin dənizdə davamı, ölkənin qüdrətli hərbi-dəniz donanmasına malik olduğundan xəbər verirdi. Filippində İspanların dar­madağın edilməsi müharibənin gedişində ciddi dönüş ya­ratdı və müharibə 10 may 1898-ci ildə Birləşmiş Ştatların tam qələbəsi ilə başa çatdı. Müharibənin nəticələrinə görə Kubaya azadlıq verilsə də, Puerto-Riko, Quam və Filippin ABŞ müstəmləkəsi elan edildi.

Ölkəyə birləşdirmiş əlavə torpaqlar, ümumdünya nü­fuzu və milli özünəinam hissi doğuran sensasiyalı hərbi qələbələr növbəti prezident seçkilərinin müqəddəratını əvvəlcədən həll etmiş oldu. 1900-cü il seçkilərində respub­likaçıların prezidentliyə namizədi yekdilliklə Mak-Kinli seçilsə də, vitse-prezidentliyə namizəd göstərilməsi fikir müxtəlifliyilə müşayiət olundu. Uzun çəkən partiyadaxili debatlardan sonra Nyu-York ştatının qubernatoru Teo­dor Ruzvelt vitse-prezidentliyə namizəd oldu. Seçkilərdə demokrat partiyasını «həmişə namizəd» Uilyam Brayan təmsil edirdi. Mak-Kinli 51,7 % səs toplayaraq ikinci müddətə prezident seçildi.

Mak-Kinlinin bu qələbəsi onun şöhrətinin zenit nöqtəsi oldu. Lakin ikinci müddətə prezidentlik fəaliyyətinə baş­ladıqdan alti ay sonra, 6 sentyabr 1901-ci ildə Buffaloda keçirilən Panamerikan sərgisində iştirak edən prezidentin həyatına sui-qəsd edildi. Anarxist Leon Çolqoşun açdı­ğı atəşlərdən sinəsindən və qarın nahiyəsindən yaralanan Mak-Kinli 14 sentyabrda vəfat etdi.

Qeyd edək ki, onun şöhrəti vəfatından azacıq sonra unu­dulmuşdur. Buna səbəb xələfi T.Ruzveltin ABŞ tarixində fundamental dönüş yaratması olmuşdur.

Müəllif: Elşən Bayramzadə
Mənbə: “Amerika prezidentlərikitabı. Bakı, 2012, 248 səh.

 

0 şərh