Con Fitscerald Kennedi (JOHN F. KENNEDY)

C.F.Kennedinin prezidentliyi bir çox xüsusiyyətlərinə görə yenilik simvolu kimi təcəssüm edir. O, XX əsrdə do­ğulmuş ilk və ənənəvi qaydada seçilmiş ən gənc prezident kimi tarixə düşüb. Digər tərəfdən Kennedi Ağ Evin sahibi olmuş ilk katolik idi.

Con Fitscerald Kennedi 29 may 1917-ci ildə Massa­çusets ştatının Bruklin şəhərində anadan olub. Amerikada yaşamış ilk Kennedi 1848-ci ildə İrlandiyadan köçərək Bostonda məskunlaşıb. Gələcək prezidentin atası Cozef Kennedi dövrünün tanınmış ictimai-siyasi xadimi olmaqla yanaşı, həm də varlı biznesmen idi. Ailənin maddi çətinliyi olmadığı üçün Cozef doqquz övladının hər birinin nüfuzlu məktəblərdə təhsil alması qayğısına qalıb.

Con Fitscerald Kennedi

Balaca Con ilk ibtidai təhsilini Harvard Universite­ti nəzdindəki Dekster, sonra isə Riverdeyl məktəbində alır. Konnektikut ştatındakı Çoat və Kenterberi katolik məktəbində orta təhsilini başa vuran Conu atası Londona göndərir. 18 yaşlı Con London İqtisadiyyat məktəbində bir il təhsil aldıqdan sonra Prinston Universitetinə daxil olur. Lakin səhhətindəki problemlər üzündən tezliklə Universite­ti tərk edir. Növbəti il təhsilini Harvad Universitetində da­vam etdirir və 1940-cı ildə bu təhsil ocağını müvəffəqiyyətlə bitirir. Diplom işini İngiltərə xarici siyasətinə həsr edən Con (atası 1937-ci ildən ABŞ-ın İngiltərədə səfiri idi) onu «Münhen barışması» adlandırır. Qeyd edək ki, təcridçilik tərəfdarı olan atası ABŞ-ın Avropada gedən proseslərə qarışmamasını istəyirdi. Atasının əksinə olaraq Con tota­litar təhlükənin aradan qaldırılması üçün ABŞ-ın Avropa­da gedən proseslərə fəal müdaxilə etməsini zəruri sayırdı. Məhz bu ruhda yazılmış diplom işi «İngiltərə nə üçün yatır- dı» adı ilə dərc edilir və ictimai-siyasi dairələrdə müəllifin tanınmasına səbəb olur. Cozef Kennedinin mövqeyi isə onun siyasi-diplomatik karyerasının sonunu qaçılmaz edir və o, 1940-cı ildə səfir postundan geri çağırılır.

Yaponiyanın Pörl-Harbörə hücumundan sonra, Sakit Okeanda müharibə başladıqda C.Kennedi orduya getmək haqda ərizə verir. Lakin onurğa sütununda çatışmazlıq səbəbindən tibb komissiyası onu hərbi xidmətə yararsız sayır. Bir neçə ardıcıl müraciətdən sonra nəhayət ona ABŞ hərbi-dəniz donanmasında xidmətə başlamaq nəsib olur. 1942-ci ildə Kennedi hərbi dəniz qüvvələri torpedo katerləri dəstəsində xidmətə göndərilir. Bir il sonra isə gənc zabit Sakit Okeanın cənub bölgəsində döyüşlərdə iştirak edən torpedo katerinə komandir təyin edilir.

2 avqust 1943-cü ildə Ferqüsson boğazında baş vermiş faciədə Kennedi təsadüfən ölümdən qurtulur. Onun ko­mandiri olduğu «PT-109» kateri yapon esminesi «Amaqiri» tərəfindən taran edilərək batırılır. Heyətin 13 üzvündən ikisi həlak olur, qalanları isə katerin qalıqlarından istifadə etməklə yaxınlıqdakı adaya çatırlar. Göstərdiyi döyüş baca­rığı və rəşadətinə görə gələcək prezident «Al qırmızı ürək» medalı ilə təltif edilir.

Con müharibə bitdikdən sonra Herstin qəzet konsernində reportyor kimi çalışır. Çox keçmir ki, jurnalistikadan uzaqlaşaraq siyasətlə məşğul olmağa qərar verir. Onun qərarı böyük oğlunun müharibədə faciəli həlakından son­ra Cona böyük ümidlər bəsləyən atası tərəfdən dəstəklənir. Ümumiyyətlə Kennedinin siyasi karyera etməsində atası­nın, xüsusilə maliyyə cəhətdən böyük köməyi olub.

Siyasi fəaliyyət üçün, təbii ki, demokrat partiyasını seçən Kennedi Bostona gələrək Nümayəndələr Palatasına seçkilərdə iştirak edir və 29 yaşında ikən Konqresin üzvü olur. 1950-ci ildə təkrarən Konqresə seçilir. İki il sonra isə senata seçkilərdə Henri Loca qalib gələrək, fəaliyyətini se­natda davam etdirir.

Senator seçilən 36 yaşlı Kennedi Fransız əsilli Jaklin Li Buvye ilə ailə həyatı qurur.

1956-cı il prezident seçkilərində Kennedi partiya­nın namizədi Edlay Stivensonu dəstəkləyir və onun seçki kompaniyasında fəal iştirak edir. Aşkar bildirməsə də onun məqsədi vitse-prezidentliyə namizəd olmaq idi. Lakin bu istəyi həyata keçmir. Perspektivinə ümidini itirməyərək 1958-ci ildə Konqresə seçkilərdə iştirak edir və yenə də senator seçilir.

E.Stivensonun şəxsində demokratların iki ardıcıl pre­zident seçkilərində məğlub olması, Kennedini növbəti seçkilərdə namizədliyini irəli sürməyə həvəsləndirir.

1960-cı il seçkilərinə demokratların namizəd göstərməsi partiyadaxili çəkişmələrlə müşayiət olunur. Conson, Say- minqton, Stivenson və Kennedi əsas iddiaçılar idi. 1960- cı il iyul ayında partiyanın Los-Ancelosda keçirilən Konventində gərgin keçən müzakirələrdən sonra Kennedi və Conson, uyğun olaraq, prezident və vitse-prezidentliyə namizəd göstərilir.

Seçkilərdə Kennedinin rəqibi respublikaçıların namizədi Nikson idi. D.Eyzenhauerin prezidentliyi dövründə vitse- prezident olmuş Niksonun qələbə çalmaq şansı olduqca bö­yük idi. Onu dəstəkləyənlər arasında bir çox tanınmış siyasi xadimlərlə yanaşı eks-prezident Eyzenhauer də vardı. Buna baxmayaraq 8 noyabr 1960-cı ildə keçirilən seçkilərdə Kennedi 49,7 % səs toplayaraq prezident seçildi. O, Niksondan vur-tut 0,1 % çox səs toplamışdı.

Kennedi, yaxin keçmişin təcrübəsinin əksinə olaraq, kabineti qurarkən partiya mənsubluğunun fövqündə daya­nır. Praqmatik respublikaçı Duqlas Dillonun maliyyə naziri təyin edilməsi, MKİ şefi Allen Dallesi vəzifəsində saxlama­sı buna sübutdur. Qələbəsini estafetin gənclərə ötürülməsi kimi dəyərləndirərək gənc və bacarıqlı mütəxəssislərə üs­tünlük verir. Milli təhlükəsizlik üzrə məsləhətçi M.Bandi (40 yaş), müdafiə naziri R.Mak-Namara (44), prezident köməkçisi T. Sorenson (32) buna misaldır. Eyni zaman­da 35 yaşlı qardaşı Robert Kennedini ədliyyə naziri təyin edilir. Ümumiyyətlə onun komandasının orta yaş həddi 45 olub (Eyzenhauerdə isə uyğun göstərici 56 idi).

C.Kennedinin «Yeni sərhədlər» adlandırdığı daxili siyasi-iqtisadi kursunun əsasını vergilərin azaldılması ilə iq­tisadiyyatı dirçəltmək, xəstələrin sosial müdafiəsi, təhsilin təkmilləşdirilməsi və irqi-ayrı seçkilik probleminin həlli təşkil edirdi. Artıq Konqresdə üstünlüyü ələ alan respub­likaçılar və bəzi hallarda onlarla alyans quran Cənub de­mokratları bu kursun federal sistemdə kompleks halında gerçəkləşməsinə maneə yaradırlar.

İrqi ayrıseçkilik məsələsində Kennedi ehtiyatla hərəkət edir. Qaradərililərin təqib edilməsinin Amerika demok­ratiyasının idealları ilə əkslik təşkil etdiyini bildirir və bu məsələdən beynəlxalq ictimaiyyətin, xüsusilə Sovet İttifa­qının əks-təbliğat üçün məharətlə istifadə etməsinin qarşı­sını maksimum almağa cəhd göstərir.

Kennedi prezidentlik fəaliyyətində xarici siyasətə xü­susi önəm verib. Bu məsələdə Konqres ona nəzərəçarpacaq dərəcədə sərbəstlik vermişdir. Buna səbəb SSRİ-ABŞ qar­şıdurması, atom və hidrogen silahlarının bütün bəşəriyyət üçün təhlükə törətməsi olmuşdur.

Kennedi müstəmləkə ağalığından yenicə xilas olmuş, inkişafca geri qalan dövlətlər uğrunda aparılan nüfuz müharibəsinə ciddi önəm verib. «Üçüncü dünya» adlandırı­lan bu ölkələri Kennedi, demokratiya və diktatura arasında «döyüş poliqonu» adlandırıb. Bu istiqamətdə Kennedi ad­ministrasiyasının təşəbbüsü ilə iki mühüm məsələnin həlli üçün cəhd göstərilir. «Tərəqqi alyansı» adlandırılan 19 La­tın Amerikası ölkəsi ilə bağlanan əməkdaşlıq müqaviləsinin həyata keçməsi üçün Konqres on il müddətinə 20 mlrd. dollar vəsait ayırır. ABŞ-da xüsusilə gənclər tərəfindən dəstəklənən «Sülh korpusu» isə Afrika və Asiya ölkələrinin inkişafına köməklik məqsədi daşıyırdı. Lakin bu layihələri tam reallaşdırmaq mümkün olmamışdır.

1964-cü il prezident seçkilərinə hazırlaşan Kennedi Texasa səfər edir. 1963-cü il noyabrın 22-də, Texasa gəldiyi ilk saatda, Xarvi Li Osvaldın açdığı atəşdən vəfat edir. Onun qətlini XX əsrin cinayəti də adlandırırlar. Pre­zident fəaliyyətinə başlamış Consonun göstərişi ilə Ali Məhkəmənin sədri Erl Uorrenin başçılıq etdiyi istintaq ko­missiyası yaradılır. Bir illik təhqiqat X.L.Osvaldın cinayəti təkbaşına törətdiyi nəticəsinə gəlir.

Lakin bu səs-küylü qətl daim diqqət mərkəzində olub. Hətta 1977-ci ildə Konqresin xüsusi komissiyası da konkret rəyə gələ bilməyib. 80-ci illərdə aparılan təhqiqatlarda bu cinayətdə SSRİ DTK-sının, Kuba emiqrantlarının, MKİ- nın adları hallansa da, hələ ki, hamı tərəfindən qəbul olunan nəticə əldə edilməyib.

 

Müəllif: Elşən Bayramzadə
Mənbə: “Amerika prezidentlərikitabı. Bakı, 2012, 248 səh.

 

0 şərh