Franklin Pirs (FRANKLIN PIERCE)

Onun prezidentliyi müharibənin qaçılmazlığını göstərən ictimai gərginlik və dəyişikliklər dövrünə təsadüf edir. ABŞ- ın 14-cü prezidenti Franklin Pirs 23 noyabr 1804-cü ildə Nyu-Hempşir ştatının Hillsboro şəhərində dünyaya gəlib. Atası Bencamin Pirs inqilab generalı və ştatın qubernatoru olmuşdu. Elə də varlı olmasalar da Pirslər övladlarının yaxşı təhsil alması qayğısına qalırdılar. Balaca Franklin ibtidai təhsilini məşhur Bouduin kollecində alır. Kolleci bitirərək üç il ərzində hüquq elmlərini öyrənir və 22 yaşı olarkən özəl vəkil kontorunu açır. Bu ərəfədə Bouduin-kollecin keçmiş prezidentinin qızı Ceyn Minz Epltonla ailə həyatı qurur. Epltonlarla qohumluğu Pirsin gələcək karyerasına əhəmiyyətli dərəcədə təsir göstərmişdir.

Franklin Pirs

Cəmi iki il vəkillik fəaliyyəti göstərən Franklin siya­sətlə məşğul olur. 25 yaşlı Pirs əvvəl doğma ştatın qanun­verici orqanına (tezliklə spikeri olmuşdur) seçilir. Dörd il burada göstərdiyi uğurlu fəaliyyəti onun Vaşinqtonda Nümayəndələr Palatasına seçilməsi ilə nəticələnir. 1837-ci ildə isə ştatın senatdakı iki təmsilçisindən biri olur.

Sürətlə siyasi karyera etsə də 1841-ci ildə yenidən Nyu- Hempşirə qayıdaraq, ştatın əsas şəhəri Konkordda vəkillik fəaliyyətini davam etdirir. Bunun başlıca səbəbi ciddi kalvi­nist ruhunda tərbiyə almış xanım Pirsin Vaşinqton aristok­rat cəmiyyətinə uyğunlaşa bilməməsi olmuşdu.

1846-cı ildə Meksikaya qarşı aparılan müharibənin ilk günlərindən Pirs könüllü olaraq cəbhəyə yollanır. Hərbi xidmətə yefreytor kimi başlayaraq, qısa müddətdə briqa­da generalı rütbəsinədək yüksəlir. Müharibənin əvvəlində dəfələrlə böyük rəşadət və qəhrəmanlıqlar göstərsə də, sonadək döyüşlərdə iştirak edə bilmir. Atdan yıxılaraq zədələnməsi onun hərbi karyerasına nöqtə qoyur. Bu Pirsin sonuncu uğursuzluğu olmamışdır, şəxsi həyatında qayğı­lar daim onu izləmişdir. Xanımı Ceyn Pirs vərəmdən əzab çəkir, özü isə həddən artıq spirtli içki qəbul edirdi. Pirslərin ilk övladı hələ körpə ikən tələf olur, ikincisi isə dörd yaşında tif xəstəliyindən vəfat edir. Ailənin sonbeşiyi isə dəmiryol qəzasında valideynlərinin gözü qarşısında həlak olur.

F.Pirs 1852-ci il prezident seçkilərinə Demokrat parti­yasının namizədi seçilir. Onunla yanaşı prezidentlik uğrun­da viqlərin nümayəndəsi general Uinfild Skott, Azad torpaq partiyasından isə Con Heyl mübarizə aparır. Pirs ümumi seçkilərdə cəmi 50,1 % səs toplasa da, seçimçilər kollegi­yasında böyük üstünlük qazanır. O, U.Skottun topladığı 42 səsə qarşı 254 səs alaraq prezident olur.

Belə çətin dövrdə prezident olmaq üzərinə böyük məsuliyyət götürmək demək idi. Quldarlıq problemində Cənub və Şimal arasındakı ziddiyyətlərin getdikcə daha da kəskinləşməsi, İttifaqa daxil edilmiş torpaqlarda əhalinin məskunlaşması, hindularla münasibətin qaydaya salınması, dəmiryol xətlərinin çəkilməsi və bu kimi, ölkənin inkişa­fında ciddi əhəmiyyət daşıyan problemlərin mövcudluğu düşünülmüş siyasi-iqtisadi kurs götürülməsini vacib edirdi.

Pirsin 1853-cü ildə qurduğu kabinetdə vəzifə tutan­ların əksəriyyəti heç bir siyasi təcrübəyə malik deyildi. Prezidentin kabineti heç olmasa bircə dəfə yenidən qur­mağı məqsədəuyğun hesab etməməsi Amerika tarixində görünməmiş haldır. Müdafiə naziri, onun yaxın və inanıl­mış dostu Cefferson Devis idi. Prezident Cənub ştatları­nın qızğın müdafiəçisi və onların qeyri-rəsmi lideri hesab edilən Devislə açıq-aşkar əməkdaşlıqdan çəkinirdi. Onlar əsasən gecədən keçmiş, Devisin evində görüşərdilər. Son- ralar İttifaqdan ayrılmış Cənub ştatlarının prezidenti olmuş hərbi nazir, Pirsin fəaliyyətinə ciddi təsir göstərmişdir.

Təəssüflə qeyd etməliyik ki, Prisin yeritdiyi daxili si­yasi kurs, xüsusilə quldarlığa olan münasibəti uğurlu olma­mışdır. Bu özünü 1854-cü ildə Bostonda qaçqın qul Ento- ni Börnsün qurama ittihamla həbs edilməsində açıq-aşkar göstərir. 1850-ci ildə «Qaçqın qullar haqqında» qəbul edil­miş qanuna əsasən Börns sahibinə qaytarılmalı idi. Bu za­man bir qrup abolisionist həbsxana qarşısına toplaşaraq qulu zorla azad etmək istəyirlər. Teleqraf vasitəsilə prezidentdən kömək istəyən yerli icra orqanlarına istər hərbi, istərsə də polisin köməyi ilə qanuna əməl olunması əmr olunur və Börns azadlıqdan məhrum edilir.

 

Cənub və Şimal ştatları arasındakı münaqişənin kəskin­ləşməsi nəinki daxili, eyni zamanda ölkənin xarici siyasi kursuna da təsirini göstərmişdir. Belə ki, Konqresdə qul­darlığın tərəfdarları Cənub istiqamətində ölkə ərazisinin genişləndirilməsini, eləcə də, xüsusilə Meksikanın hesa­bına, İttifaqa daxil edilmiş ərazilərdə quldarlığı qadağan edən qanunun ləğv olunmasını tələb edirdilər. Prezident özü də heç vaxt ABŞ ərazilərini genişləndirmək niyyətini gizlətməmişdi. O, kadrların seçilməsində də, bu amili əsas götürmüş, Con Meyson, Ceyms Bükenen kimi ekspansi­ya tərəfdarları kabinetdə təmsil olunmuşdular. Lakin Pir- sin bu istiqamətdə gördüyü işləri sələfi Polkla müqayisə etsək, onun ciddi uğur qazanmadığının şahidi olarıq. Digər tərəfdən Cənubu iqtisadi cəhətdən gücləndirmək məqsədilə yeni əldə edilmiş torpaqlar boyu dəmiryolu xəttinin çəkilməsi planı da baş tutmamışdır. Bu plan yalnız vətəndaş müharibəsi ərəfəsində həyata keçirilmişdir.

Pirsin 1857-ci ildə siyasətdən getməsi çox az ada­mı məyus etmişdir. Dövrün aktual problemlərini həll edə bilməməsi Cənub və Şimal arasındakı ziddiyyətlərin dərin­ləşməsinə səbəb oldu. Prezidentlik müddəti qurtardıqda res­publikaçı siyasətçi C.F.Adams senator C.Samnerə məktu­bunda yazırdı: «Belə şəxsin prezident olmasına sevinmək olar. Çünki onun administrasiyasının kobud səhvlərindən xələfləri düzgün nəticə çıxararaq oxşar səhvləri təkrar etməyəcəklər». Lakin Con Adamsın nəvəsi də səhv edirdi. Pirsin xələfi olacaq C.Bükenen Cənub ştatlarının mənafeyini müdafiə etməklə daha ağır səhvlərə yol verdi.

Bir çox Amerika siyasətçilərinin satqın adlandırdıqla­rı Pirs ömrünün son dövrünü tənhalıq və məhrumiyyətlər içərisində keçirir. O, 1869-cu il oktyabrın 8-də Nyu-Hempşirin Konkord şəhərində vəfat etmişdir.

 

Müəllif: Elşən Bayramzadə
Mənbə: “Amerika prezidentlərikitabı. Bakı, 2012, 248 səh.

 

0 şərh