Harri S.Trumen (HARRY TRUMAN)

Fəaliyyəti qənaətbəxş hesab edilməyən prezidentlərdən biri də Harri Trumendir. 1951-ci il sorğularında onun fəaliyyətini amerikalıların yalnız 23 %-i dəstəkləmişlər. Bu məşhur Uoterqeyt qalmaqalı ərəfəsində reytinqi 24 % olan Niksondan da aşağı göstəricidir.

Harri Trumen 8 may 1884-cü ildə Missuri ştatının La­mar şəhərində anadan olub. Sonralar yazdığı memuarların- da Con Tayler nəsli ilə qohumluqları olduğunu göstərirdi. Fermer olan atası Con Trumen 1890-cı ildə İndependens şəhərinə köçür.

Harri S.Trumen

Harri ilk ibtidai təhsilini burada alsa da kollecdə oxumaq arzusu baş tutmur. Taxıl birjasında uğursuz əməliyyatlardan müflis olan atası Kanzas-Sitiyə köçür. Müstəqil həyata qədəm qoyan Harri müxtəlif vaxtlarda dəmiryol növbətçisi, tikintidə podratçı köməkçisi, bank xidmətçisi kimi peşələrdə işləyir. 1906-07-ci illərdə nənəsindən onlara miras qalan fermada atası və qardaşı ilə birgə çalışır. 1914-cü ildə atası vəfat edir və Trumen təsərrüfata rəhbərliyi ələ alaraq qısa zamanda uğur qazanır.

1917-ci ildə Birləşmiş Ştatlar Birinci Dünya müha­ribəsinə qatılır. Trumen on iki il əvvəl üzv yazıldığı Milli Qvardiyanın tərkibində cəbhəyə yollanır. General Perşinqin komandanlığı altında Fransada aparılan döyüşlərdə iştirak edərək kapitan rütbəsi alır. 1919-cu ildə ordudan tərxis ola­raq Elizabet Fermanla ailə qurur. Xanım Trumen ictimai həyatda fəal iştirak etməsə də gələcək prezidentin ən yaxın məsləhətçilərindən olmuşdur.

1921-ci ildə dostları Trumenə dairə məhkəməsi sədrliyi seçkilərinə namizəd olmağı təklif edirlər. Əvvəl razılaşma­sa da maddi problemləri səbəbindən növbəti il bu təklifi qəbul edir. İşləməklə yanaşı Kanzas-Siti hüquq məktəbinə gedərək təhsilini artırır. 1924-cü ildə, təkrar seçkilərdə məğlub olan Trumen ilyarım ərzində Kanzas-Siti avto­mobil klubunda işləyir. Malik olduğu kapitalı dağ-mədən müəssisəsinə yatırsa da uğursuzluğa düçar olur. Özəl düka­nını açması isə ona nə az, nə çox 30 min dollar ziyan vurur.

1926-cı ildə demokrat partiyasının yerli funksioner­lərindən Penderqastın himayədarlığı ilə dairə m əhkəməsinin sədri seçilir və səkkiz il bu vəzifədə çalışır. Bu dövrdə Trumenin partiya bossları ilə sıx əməkdaşlığının əsası qoyulur. Bu əməkdaşlıq 1934-cü ildə Konqresə keçirilən seçkilərdə onun senata seçilməsilə nəticələndi.

Federal siyasətdə ilk çıxışı olmasına baxmayaraq, dairə məhkəməsinin sədri kimi topladığı təcrübə köməyinə gəldi. Prezident Ruzveltlə ilk görüş onu «Yeni xətt»in qızğın tərəfdarı kimi tanıtdı. Bu da, öz növbəsində, onun Konqre­sin komitələrindən birinə sədr seçilməsinə kömək etdi. Vir- ciniyalı senator Bert Uilerlə birgə dəmiryol menecerlərinin maxinasiyalarının qarşısını almaq məqsədilə nəqliyyat haqqında qanun layihəsini hazırlaması ona işgüzar senator imici qazandırdı. 1940-cı ildə yenidən senator seçildikdən sonra, federal hökumətin silahlanma proqramını tədqiq edən fövqəladə komitəyə rəhbərlik ona tapşırıldı. Trumenin buradaki fəaliyyəti Yaponiyanın Pörl-Harbörə hücumun­dan sonra böyük əhəmiyyət daşımağa başlamış və onu ölkə səviyyəsində tanıtmış oldu.

1944-cü il seçkilərində demokrat partiyasının funksio­nerləri onu vitse-prezidentliyə namizəd göstərirlər. Bunun əsas səbəbi demokratların, senata heç bir təsiri olmayan vit­se-prezident Henri Uollesin yenidən bu vəzifəyə seçilməsini istəməmələri idi. Trumenin vitse-prezident seçilməsi sensa­siya doğurmadı.

Prezident Ruzveltin vəfatından sonra, 1945-ci il aprelin 12-də Trumen prezident səlahiyyətlərinin icrasına başladı.

Trumen ilk olaraq Ruzvelt administrasiyasının layihə­ləndirdiyi siyasi və iqtisadi planları gerçəkləşdirdi: BMT, Ümumdünya Bankı, Beynəlxalq Valyuta Fondu yaradıldı.

Onun hakimiyyəti dövründə baş vermiş ən yaddaqa­lan hadisə dünyada ilk dəfə olaraq atom silahından istifadə edilməsidir. 6 avqust 1945-ci ildə ABŞ qırıcı təyyarəsi Yaponiyanın Xirosima adasına ilk atom bombası atır. Hələ iyulun 24-də Trumen Stalini yeni silah haqqında məlumatlandırmışdı. O, hesab edirdi ki, bununla müharibə tezliklə başa çatacaq. Xirosima və Naqasakiyə atom bom­basının atılması daim bəşəriyyətə qarşı böyük cinayət kimi dəyərləndirilib. Lakin Trumen qərarına haqq qazandırır, müharibənin uzanacağı təqdirdə hər iki tərəfdən qurban­ların daha çox olacağını bildirirdi. Şübhəsiz ki, bu qərarın verilməsinə yaponların Pörl-Harbörə gözlənilməz hücu­mu, Filippində amerikalı əsirlərlə amansız davranması öz təsirini göstərməmiş deyildi. Ümumiyyətlə onun prezi­dentliyi dövründə atom silahından istifadə daim gündəmdə olub. Bəzi Amerika rəsmiləri konkret hallarda atom silahın­dan istifadənin zəruri olduğunu bildirsə də, Trumen buna razılıq verməmişdir. O, atom bombasından, hər şeydən əvvəl siyasi məqsədlər üçün, qorxu vasitəsi kimi istifadəyə üstünlük verir və onun yalnız Sovet İttifaqı ilə qarşıdurma açıq müstəviyə, müharibə həddinə çatdıqda istifadə oluna­cağını bildirirdi.

Müharibədən sonrakı Avropada gedən proseslərə Tru­men qədər təsir göstərmiş ikinci prezident yoxdur. O, qaliblərin alyansının qorunub saxlanılmasının mümkünsüz­lüyünü başa düşərək, Qərbi Avropanı Sovet təhlükəsindən qorumağın zərurili olduğunu bildirir. 1947-ci ildə «Trumen doktrinası»nı bəyan edərək Yunanıstan və Türkiyəyə, bura­da hakimiyyət kommunistlərin əlinə keçməsin deyə, iqtisa­di kömək göstərilməsi üçün Konqresə müraciət edir.

Bu baxımdan Marşall planı daha çox əhəmiyyət kəsb edirdi. Planın əsas məqsədi kommunist ideologiyasının daha tez inkişaf tapmasına münbit şərait yaradan iqtisadi durğunluqdan, xaosdan qurtulmaq üçün ABŞ-ın Avropa­dakı strateji müttəfiqlərinə kömək göstərilməsi idi. Digər tərəfdən Marşall planına təhlükəsizlik siyasətinin təzahür forması kimi də baxmaq olar. Bu, müharibədən sonra Sovet İttifaqı və onun təsir çevrəsində olan dövlətlər birliyinə qar­şı duracaq Avropa ölkələrinin güclənməsinə səbəb olmalı idi.

ABŞ-ın milli təhlükəsizliyinin təmin edilməsi üçün sol təmayüllü siyasətçilərin təqib edilməsinə Trumenin loyal yanaşması, onun daxili siyasi kursunun zəifliyini göstərir. Təhqiqat üzrə Senat komissiyasına rəhbərlik edən sena­tor Cozef Makkartinin ideoloqu olduğu bu cərəyan (so­vet ədəbiyyatında bu «Makkartizm» adlandırılır) kom­munistlərin, elm, ədəbiyyat və maarif xadimlərinin izlən­mələri, məhkəmə təqiblərinə məruz qalmalarına səbəb oldu. Bu, Trumenin «Sovet təhlükəsini» həddən artıq qa- bartması və bununla Avropa və Asiyada yeritdiyi siyasətin dəstəklənməsi üçün Konqresə təsir göstərmək cəhdindən irəli gəlirdi.

Trumen 1952-ci il seçkilərində iştirak etmək istəmir. Onun siyasi varisi nüfuzlu demokrat və İllinoys ştatının qu­bernatoru Edlay Stivenson olsa da, populyar general, İkinci Dünya Müharibəsinin qəhrəmanı Duayt Eyzenhauer qalib gəlir. Respublikaçılar iyirmi illik fasilədən sonra yenidən Ağ Evə sahib olurlar.

İstefaya çıxdıqdan sonra Kanzas-Sitidə yaşayan eks- prezident aktiv siyasi fəaliyyət göstərməsə də ölkədə gedən prosesləri diqqətlə izləmiş, 1961-ci ildə Con Kennedinin prezident seçilməsini dəstəkləmişdir.

Harri Trumen 26 dekabr 1972-ci ildə 88 yaşında Kanzas-Sitidə vəfat edib. Dəfn mərasimində çıxış edən Lindon Conson onu «XX əsrin nəhəngi» adlandırıb və bu dəyərləndirməni bir çox tarixçilər dəstəkləyir. Ölümündən sonra onun populyarlaşması, zamanın tələbinə uyğun ola­raq, Trumenin prezidentlik fəaliyyətinin bəzi məqamlarının məxfi qalması, sonradan açılan arxivlərdəki əsl həqiqətlərin ictimaiyyətə bəlli olmasıdır.

Müəllif: Elşən Bayramzadə
Mənbə: “Amerika prezidentlərikitabı. Bakı, 2012, 248 səh.

 

0 şərh