Corc Buş (GEORGE H. W. BUSH)

Amerika tarixində prezident bu və ya digər səbəbdən növbəti seçkilərdə iştirak etmədikdə, fəaliyyətdə olan vit­se-prezidentin ölkənin ali vəzifəsinə iddialı olması bir neçə dəfə təkrarlanıb. Lakin bu özünü yalnız iki dəfə doğrul­dub. 1836-cı il seçkilərində vitse-prezident M.Van Burenin namizədliyi irəli sürülüb və o qalib gəlib. Bu praktika bir də 152 il sonra, Corc Buş prezident olduqda özünü doğruldub.

Seçkiöncəsi ona bu haqda verilən suala belə cavab ve­rib: «Əvvəla keçmiş seçkilərlə 1988-ci il seçkiləri arasında böyük fərqlər var. İkincisi Şirli Makleyn (sipiritizm bilicisi hesab edilən məşhur Hollivud kinoaktrisası) deyir ki, keç­miş həyatımda mən M.Van Buren olmuşam».

Corc Buş (GEORGE H. W. BUSH)

ABŞ-ın 41-ci prezidenti Corc Herbert Uoker Buş 12 iyun 1924-cü ildə Milton şəhərində (Massaçusets şt.) anadan olub. Atası Preskott Buş Nyu-Yorkdakı aparıcı banklardan birinin ortağı idi, 1952-63-cü illərdə isə Konnektikut ştatını senatda təmsil etmişdi. Balaca Corc ilk təhsilini Andoverdə, Filips Akademiyasının nəzdindəki internatda alır. Burada təhsilini bitirdikdən altı ay sonra, yaponlar Pörl-Harbörə hücum etdikdə könüllü cəbhəyə gedir və dəniz aviasiyasın­da xidmətə başlayır. Elə xidmətinin ilk aylarında ona zabit rütbəsi verilir. Üç il ərzində Sakit okeanda döyüşən Corc, «San-Casinto» aviadaşıyıcısındakı torpedo-bombardman- çı təyyarəsində 58 döyüş uçuşu edir. Göstərdiyi igidlik və rəşadətlərə görə orden və üç medalla təltif edilir. 58-ci uçuş onun üçün sonuncu olur. 1944-cü il sentyabrın 2-də onun təyyarəsi yapon zenit artilleriyası tərəfindən vurulur. Müharibə qurtardıqda ordudan tərxis olan Buş iki il yarım Konnektikutdakı məşhur Yel Universitetində oxuyaraq iqti­sadçı ixtisasına yiyələnir. Hələ müharibə ərəfəsində, 1945­ci il yanvarın 6-da üç il əvvəl tanış olduğu Barbara Pirslə ailə qurur və bu nikahdan onların beş övladı dünyaya gəlir. Qeyd edək ki, Buşların ilk övladları Corc Buş (oğul) sonra- lar ABŞ prezidenti olub.

Yel Universitetini bitirdikdən sonra ailəsilə birgə Cənub-Qərbə -Texasın Odessa şəhərinə köçür və burada neft avadanlıqları istehsal edən «Dresser indastriz» kom­paniyasında işləyir. Atası bu kompaniyanın direktorlar şurasının üzvü idi. Sahibkarlıq təcrübəsini zənginləşdirən Buş Hyüstona köçərək Buşlar ailəsinin kapitalı hesabına maliyyələşən «Sapata offşor» şirkətinin yaradılmasında iş­tirak edir.

Corc Buşun aktiv siyasi fəaliyyətə başlaması, atasının siyasətdən getmək ərəfəsinə təsadüf edir. Lakin, o hələ 50­ci illərin sonlarında dostlarına senator seçilmək niyyətində olduğunu bildirirdi. 1964-cü ildə Texas ştatından senata seçilmək istəsə də uğursuzluğa düçar olur. Məğlubiyyət onu ruhdan salmır və Buş iki il sonra yenidən seçki marafonuna qoşulur. İndi onun hədəfi Nümayəndələr Palatası idi. Asan­lıqla qələbə qazanaraq Vaşinqtona gəlir. Konqresdəki dörd illik fəaliyyəti onun üçün əlamətdar olmasa da, paytaxtın siyasi elitasında, işgüzar dairələrdə, gələcək karyerasında əhəmiyyətli dərəcədə böyük rol oynamış dostluq əlaqələri qurur.

1970-ci ildə Buş, yenidən senator seçilmək istəyir. Bu dəfə də demokrat Lloyd Bentsenə məğlub olur. La­kin çox keçmir ki, prezident Nikson onu ABŞ-ın BMT- dəki nümayəndəsi təyin edir. Uotergeyt qalmaqalından və Niksonun istefasından sonra, partiyadaxili çaxnaşmalara son qoymaq məqsədilə onu respublikaçılar partiyası Milli Konventinə sədr seçirlər. 1974-cü ildə isə xüsusi missiya ilə Pekinə göndərilir. Bir il burada qaldıqdan sonra prezident Ford onu MKİ-yə sədr təyin edir. 1976-cı il seçkilərində demokrat Karter qələbə çaldıqda bu postla vidalaşmalı olur.

Bir müddət siyasi arenadan çəkilərək avtobioqrafiyasını yazmaqla məşğul olmuşdur. Bəziləri onun hətta siyasətdən getdiyini iddia edirdilər. Lakin tezliklə Buş daha böyük id­diada olduğunu bildirir və 1980-ci il prezident seçkilərinə qoşulur. Əvvəlcə bəzi ştatlarda keçirilən ilkin seçkilərdə qələbələr əldə etsə də, tezliklə R.Reyqan onu üstələyir. Məğlub olacağını başa düşərək namizədliyini geri götürür. Bu isə onun Reyqan tərəfindən «ikinci respublikaçı» elan edilməsi, yəni seçkilərə vitse-prezidentliyə namizəd kimi getməsi ilə nəticələnir. Və bu Reyqanın qələbəsindən sonra reallığa çevrilir.

Vitse-prezident kimi onun fəaliyyəti nəzərə çarpacaq olmayıb. Buş bütünlüklə və sözsüz prezidenti dəstəkləmiş, praktiki olaraq heç vaxt onunla hər hansı problemin həllində mübahisəyə getməmişdir. O səbrlə öz vaxtının çatacağını gözləyirdi.

Nəhayət 1988-ci il seçkiləri çatdı. Buş seçkilərdən çox-çox əvvəl «fillər partiyası»nın favoriti hesab edilirdi. Lakin bəzi ambisiyalı partiya funksionerləri də Reyqanın yerini tutmağa cəhd edirdilər. İlkin mərhələdə Robert Doul, Cek Kemp, Pyer Düpon namizəd olmaq istəsələr də, onun Ağ Evə gedən yolunu kəsə bilmədilər və Buş partiyanın namizədi oldu. Noyabrda keçirilən seçkilərdə 53,4 % səs alaraq demokratların namizədi Maykl Dukasisə qalib gəldi.

Daxili siyasətdə Buşun yeritdiyi mülayim kurs ciddi uğur qazana bilməyib. Bunun ciddi səbəbləri var. Reyqa- nın prezidentliyinin son illərində ölkədə baş verən iqtisadi- maliyyə böhranı, dövlət büdcəsinin defisiti, dövlət borcları­nın yaranması və əmanət banklarının iflası hər bir preziden­tin geniş fəaliyyət sferasını kiçildəcək problemlər idi. Digər tərəfdən «soyuq müharibə»nin qurtarması ilə əlaqədar olaraq hərbi xərclərin ixtisar edilməsi işsizliyin artmasına səbəb oldu. 90-cı illərin əvvəllərində iqtisadiyyatdakı dur­ğunluq və bunun törətdiyi çətinliklər, Buşun sosial-iqtisadi problemlərə lazımınca diqqət verməməsi üstündə tənqid olunmasını gücləndirmişdir. Onun fəaliyyəti yalnız bəzi qa­nun layihələrinin qəbul edilməsi ilə məhdudlaşdı. Buş eyni zamanda udduğu Körfəz müharibəsindən sonra sürətlə ar­tan populyarlığından lazımınca istifadə edə bilmədi. Yaxın ətrafının etirazına baxmayaraq özündə yalnız cinayətkarlığa qarşı mübarizəni və yol-nəqliyyat problemlərini ehtiva edən minimalist konsepsiyasını irəli sürdü. Dəfələrlə verdiyi vədinin əksinə olaraq büdcə defisitini aradan qaldırmaq üçün vergiləri artırması Buşun ən uğursuz addımı idi.

Lakin xarici siyasətdə Buş bəzi uğurlar əldə etdi. 1989-cu ildə diktator Noryeqanı həbs etmək üçün Pana­maya müdaxilə, AFR-in NATO üzrə digər tərəfdaşlarından fərqli olaraq almanların birləşmə prosesinə daha tez re­aksiya verməsi, dövlət katibi Ceyms Beykerin rəhbərliyi ilə Latın Amerikası ölkələri ilə yaranmış borc böhranının tənzimlənməsi, İsrail və onun ərəb qonşuları ilə sülh da­nışıqlarının bərpa edilməsindəki vasitəçiliyi belə uğur- lardandır. Əsas nailiyyəti isə Fars Körfəzində baş verən münaqişəyə hərbi müdaxilə nəticəsində qazanılıb. BMT-nin qərarı ilə 1990-91-ci illərdə Küveyti İraq işğalından azad etmək üçün körfəzə 540 min əsgər göndərilməsi amerika­lılarda «İkinci Vyetnam» qorxusu yaratdı. Lakin 42 günlük hərbi əməliyyatlar qələbə ilə nəticələndi.

Lakin çox keçmədi ki, Buşun xarici siyasətdə də kamil konsepsiyaya malik olmadığı aşkar oldu. Ümumiyyətlə ətrafına Ceyms Beyker, Kollin Pauell, Dik Çeyni, Brent Skaukroft (bu isimlərin bəziləri sonralar Buşun (oğul) pre­zidentliyi dövründə onun administrasiyasının aparıcı si­malarından olmuşlar) kimi güclü siyasətçilər toplamasına baxmayaraq onun prezidentliyi uğursuz olub. 1992-ci il seçkilərindən əvvəl aparılan sorğularda rəyi soruşulanların 80 %-i dövlətin yeritdiyi daxili-xarici siyasətlə razı olmadı­ğını bildirib. Seçkilərdə respublikaçıların namizədi olsa da demokrat Klintona məğlub oldu.

Beləliklə Corc Buş XX əsrdə ikinci müddətə seçilməmiş Taft, Huver və Karterlə bir sırada dayanır. Onun prezident­liyi milli və beynəlxalq dəyişikliklər dövrünə təsadüf edib və özündən sonra ciddi iz qoymayıb. Bu baxımdan Buşu keçid prezident də adlandırmaq olar.

 

Müəllif: Elşən Bayramzadə
Mənbə: “Amerika prezidentlərikitabı. Bakı, 2012, 248 səh.

 

0 şərh