Uillis S.Qrant (ULYSSES S. GRANT)

Ölkənin bütövlüyü uğrunda aparılan Vətəndaş Müha­ribəsində misilsiz xidmətlərinə baxmayaraq U.S.Qrant ABŞ tarixində zəif prezidentlərdən hesab edilir. Onu əsasən prezident kimi xüsusi fəaliyyət proqramına malik olma­maqda, yalnız Konqresin qərarlarını icra etməkdə günah­landırırlar. Consonun prezidentliyi dövründə Prezidentlik İnstitutunun nüfuzdan düşməsi, qarşıya çıxan mürəkkəb problemlərin həll edilməsi üçün icraedici orqanların möv­qeyinin möhkəmləndirilməsini və Konqresdə müxtəlif qruplaşmalara rəhbərliyin ələ alınmasını tələb edirdi. Qrant bu problemlərin öhdəsindən gələ bilməmişdir.

 

Uillis S.QrantUillis Simpson Qrant 1822-ci il aprelin 27-də Ohayo ştatının Poynt-Plezənt şəhərində anadan olmuş və Hayram Uillis adlandırılmışdı. Dəri fabrikinin sahibi və kommersant olan atası Cess Qrant övladlarının təhsilinə xüsusi diqqət yetirir. Hayram Uillis bir neçə xüsusi məktəbdə təhsil aldıq­dan sonra atası onun hərbçi olmasını istəyir. Hərb sənətinə xüsusi marağı olmasa da Uillis atasının istəyinə tabe olur. Atasının dostu konqresmen Tomas Heymerin zəmanəti ilə Qrant Amerika ordusuna kadrlar hazırlayan elitar məktəbə, Nyu-Yorkdakı Uest-Poynt hərbi akademiyasına qəbul edilir. Qeydiyyatdan keçərkən anasının qızlıq familiyası səhvən onun ikinci adı kimi yazılır. Qrant bu səhvi düzəltmək istəməmiş və bundan sonra özünü Uillis Simpson Qrant kimi adlandırmışdır.

1843-cü ildə zabitlik şəhadətnaməsi alaraq ABŞ ordusu­nun 4-cü piyada alayında xidmətə başlayır. Meksikaya qar­şı müharibəni ədalətsiz saysa da müharibədə iştirak edir və kapitan rütbəsi alır. Bu ərəfədə gənc zabitin spirtli içkilərə daim onun üçün problemlər yaratmış meyli güclənir.

1848-ci ildə Qrant Sent-Luisli hərbçi qızı Culiya Dentlə ailə qurur. Onun xidmət etdiyi alay tez-tez yerini dəyişir və o, maddi çətinliklər ucbatından ailəsindən ayrı yaşamağa məcbur olur. Tək yaşaması onun içkiyə olan meylini daha da artırır. Nəticədə hərbi rəhbərliyin bir neçə xəbərdarlığından sonra istefa verərək ailəsinin yanına dönür və Sent-Luisdə xanımına məxsus kiçik fermada yaşamağa başlayır. 1860-cı ildə İllinoysa köçərək atasına məxsus dükanda satıcı işləyir.

Həyat yoldaşı Culiyanın qul sahibi olmasına baxmaya­raq Vətəndaş Müharibəsi başladıqda Şimallılar ordusunda xidmət etməyi qərara alır. 1861-ci ildə Sprinqfild (İllinoys şt.) könüllülər batalyonuna komandir təyin edilir. Maraq­lı bir faktı qeyd edək ki, Qrant maddi çətinliklər üzündən hərbi rütbəsinə uyğun geyim və at ala bilmir. Nə atası, nə də qayınatası ona lazım olan məbləği borc vermirlər. Yalnız yerli biznesmenlərdən biri bu işdə ona köməklik göstərir.

Müharibədə qazandığı uğurlara görə ona briqada gene­ralı rütbəsi verilir. Onun rəhbərliyi altında İttifaq qoşunları Kentukkini tutduqdan sonra Linkoln Qranta general-mayor rütbəsi verir. Bu uğurlara baxmayaraq yenə də çoxlu spirtli içki qəbul etməkdə davam edir. Onun alkoqolik olub-olma­ması indi də mübahisəli olaraq qalır. Hər halda, döyüşlərdə qazandığı qələbələrə baxmayaraq, hərbi rəhbərlik onun or­dudan azad edilməsini tələb edir.

1862-ci ildə İttifaq tərəfdarlarının vəziyyəti qənaətbəxş olmadığı üçün Linkoln Qrant kimi bacarıqlı generalla vi­dalaşmağa risk etmir. 1863-cü ildə Viksberq yaxınlığındakı böyük qələbədən sonra prezident Qrantı Missuri dairəsinin Ali Baş Komandanı təyin edir. O, hərbi əməliyyatların keçirilməsində öz məntiqi dəqiqliyi, inadkarlığı ilə digər generallardan üstün idi. Qrantın ordusu yüksək hərbi əxlaq nümayiş etdirirdi. 1864-cü ildə Konqres ona general-ley­tenant rütbəsi verir, bir az sonra isə prezident fərmanı ilə Qrant İttifaq qoşunlarının Ali Baş Komandanı təyin edilir. Bu təyinat müharibədən sonra da qüvvədə qalmışdır. 1866- cı ildə Konqres ona ordu generalı rütbəsi verir.

Müharibə ona həyatda öz yerini göstərdi və böyük şöhrət gətirdi. Onun xalq arasında populyarlığı respublika­çı siyasətçilərin diqqətindən yayınmadı. Prezident Conso­nun yeritdiyi daxili siyasi kursla razılaşmaması Qrantı eyni zamanda siyasi liderə çevirdi. Heç bir partiyanın üzvü ol­masa da, 1868-ci il prezident seçkilərində respublikaçıların namizədi oldu.

Qrantın əsasən Cənubun rekonstruksiyasını özündə eh­tiva edən seçkiönü proqramı əhali arasında rəğbətlə qarşı­lanırdı. O, seçkilərdə 52,7% səs toplayaraq demokratların namizədi Horasio Seymura qalib gəldi.

Ölkənin siyasi mühitinə bir o qədər də bələd olmaması ona kabineti qurmaqda mane olur. Qrant əsasən yerlilərinə, bir də keçmiş xidmət yoldaşlarına üstünlük verir. Yalnız dövlət katibi təyin edilmiş Hamilton Fiş bacarıqlı diplomat kimi özünü təsdiq edir.

Qrantın prezident seçilməsi radikal respublikaçıların mövqeyini möhkəmlətdi. Prezident onların Cənubun re­konstruksiyası haqda tələbləri ilə razılaşaraq, Konstitusiya­ya zəncilərə seçki hüququ verən 15-ci düzəlişi təsdiq etmiş, qanun 30 mart 1870-ci ildən qüvvəyə minmişdir.

Qeyd edək ki, quldarlığın ləğv edilməsi yeni problemin — irqi ayrı seçkiliyin yaranmasına sə bəb oldu. Qrant admi­nistrasiyasının radikal addımlarına baxmayaraq, Cənubda mühafizəkar qüvvələr quruculuq işlərinə maneələr törədir­dilər. Xüsusilə də Ku-kluks-klan təşkilatlarının azğınlığına qarşı Federal hakimiyyət ciddi tədbir görə bilmirdi. Prezident isə problemlərin formal həllindən razı idi.

Vətəndaş Müharibəsinin yaratdığı iqtisadi problemlər həllini gözləyirdi. İqtisadi-maliyyə biliklərinin olmaması Qranta çətinlik törədirdi. Xüsusilə rüsumlarla bağlı məsə­lələri həll edə bilməməsi seçiciləri məyus etdi. Qərb fer­merləri müharibə ərəfəsində təyin edilmiş yüksək rüsum­ların azaldılmasını tələb edirdilər. Seçki öncəsi rüsumla­rın 10 %-lik endirilməsi haqqında verilmiş vəd də yerinə yetirilmədi.

Qrantın məhsuldar işləməsinə bəzi ciddi maneələr vardi. Korrupsiyaya uğramış, yalnız öz mənafeyini güdən rüşvətxor məmurlar aparatı ona qarşı çıxırdı. Prezident bu sahədə əsaslı islahatlar keçirməyə cəhd göstərərək xüsusi komissiya yaradır. Lakin komissiyanın dörd illik yarıtmaz fəaliyətindən sonra qurum buraxılır. Konqreslə qarşıdurma­ya getmək istəməyən Qranta qarşı partiyadaxili müxalifət formalaşır.

Özlərini liberal respublikaçılar adlandıran fraksiya, hətta növbəti prezident seçkilərinə öz namizədini irəli sü­rür. Lakin seçkiönü kompaniyanı düzgün qura bilməmələri, xüsusilə yetkin proqramın yoxluğu Qrantın ikinci müddətə seçilməsinə şərait yaradır.

Qrantın ikinci prezidentlik müddəti bəzi skandallarla yadda qalıb. Onun adı hər hansı bir qalmaqalda bilavasitə hallanmasa da, yaxın ətrafından bəzi səlahiyyət sahibləri korrupsiya və rüşvətxorluqda suçlandırılır. Hətta vitse-prezi­dent Henri Uilson Sakit Okean dəmiryol xəttinin tikintisində böyük məbləğdə dövlət vəsaitinin mənimsənilməsində itti­ham edilir.

Xarici siyasət sahəsində Qrant administrasiyası bəzi xırda uğurlar əldə edib. Onun fəaliyyətə başladığı ərəfədə ABŞ-la İngiltərə arasında münasibətlər gərgin idi. Sonun­cunun müharibə vaxtı Cənuba yardım göstərməsi buna zəmin yaratmışdı. İnsidenti həll edən Beynəlxalq Arbitraj Məhkəməsi İngiltərənin ABŞ-a 15 milyon dollar ödəməsi qərarını çıxarır. Dövlət katibi H.Fişin məsələyə düzgün ya­naşması ingilis hökumətinin məhkəmə qərarına tabe olması ilə sonuclanır.

ABŞ-ın Kubaya olan mübahisəli münasibəti həllini tap­mır. Bəzi qüvvələr adada ispan ağalığına son qoymaq üçün Birləşmiş Ştatların hərbi müdaxiləsini tələb edirdilər. Səbəb olaraq Kubada qulların azad edilməsi göstərilirdi. İdeyanın əsas tərəfdarı Qrantın yaxın dostu, hərbi nazir Con Rollinz olsa da, H.Fiş və xarici komissiyanın rəhbəri Çarlz Samner prezidenti bu fikirdən daşındırırlar.

Bütün tənqidlərə baxmayaraq Qrant üçüncü müddətə seçilmək istəyir. Maraqlı haldır ki, Qrantı buna vadar edən, sadəcə şəxsi maddi problemləri olub. Heç bir gəlir mənbəyi olmayan prezidenti Ağ Evi tərk etdikdən sonra hansı vəsait hesabına yaşayacağı narahat edirdi. Lakin Nümayəndələr Palatası onun bu istəyinə qəti rədd cavabı verir, əsası ölkə­nin baniləri tərəfindən qoyulmuş ənənənin pozulmasına razı olmur.

Prezidentlik müddəti bitdikdən sonra Qrant tədricən siyasətdən uzaqlaşır. Dostlarının maddi köməyindən ya­rarlanaraq Nyu-Yorkda mülk alır və orada yaşayır. Məşhur sənayeçi Uilyam Vanderbiltin 150.000 dollar krediti hesa­bına açdığı makler firması iki il sonra müflis olur. Bu zaman xərçəng xəstəliyindən əzab çəkən eks-prezident Mark Tve- nin ona memuarlarını yazmaq təklifini qəbul edir. Yazdığı kitabı bitirdikdən iki həftə sonra 23 iyul 1885-ci ildə Nyu- Yorkdakı Maunt Mak-Qreqor malikanəsində vəfat edir.

General Qrantın yazdığı memuar tezliklə bestsellərə çevrilmiş və ailəsinə 450.000 dollar həcmində gəlir gətir­mişdir.

Müəllif: Elşən Bayramzadə
Mənbə: “Amerika prezidentlərikitabı. Bakı, 2012, 248 səh.

 

0 şərh