Franklin Delano Ruzvelt (FRANKLIN D. ROOSEVELT)

Franklin D.Ruzvelt XX əsrin ən görkəmli və parlaq si­yasi xadimlərindən biri hesab edilir. Onun prezidentliyi ölkə daxilində və bütün dünyada böyük hadisələr, kataklizmlərlə zəngin dövrə təsadüf edir. 1932-ci ildə Amerika xalqı dövlət sükanını Ruzveltə etibar edərkən ölkə batan «Titanik»i xatırladırdı: banklar bağlanmış, konveyrlər dayanmışdı, fermerlər torpaq becərmir, milyonlarla əhali Xilasetmə Ordusunun təşkil etdiyi pulsuz yemək payını almaq üçün alçaldıcı növbələrə dayanırdılar. Ruzveltə nəinki ölkəsini milli faciə hesab edilən ağır iqtisadi böhrandan çıxarmaq nəsib oldu, o, millətin öz gücünə inamını özünə qaytara­raq Birləşmiş Ştatları super hegemon dövlətə çevirdi. Məhz onun təşəbbüs və bilavasitə iştirakıyla antihitler koalisiyası yaradılmış, bəşəriyyət faşist taunundan xilas edilmişdi.

Franklin Delano Ruzvelt

Taleyin qəribə işləri olur. Ömrünün çiçəkləndiyi döv­ründə hərəkət etmək qabiliyyətini itirən Ruzveltin həyatı xəstəxana palatası çərçivəsində qala bilərdi. Lakin o özündə nəhəng iradə və enerji ehtiyatı taparaq acı qisməti ilə barış­mamış vətənin ağır günündə ölkəsinə rəhbərlik etmişdir.

Ruzveltlər sülaləsindən çoxlu dövlət xadimləri, iş adam­ları, bankirlər, torpaq sahibləri çıxmışdır. Məhz bu səbəbdən Ruzveltlər daim ictimaiyyətin diqqət mərkəzində olmuş, haqlarında şayiələr dolaşmışdır. Hətta 1935-ci ildə Ame­rika yəhudi icması prezidentin yəhudi olduğunu bildirib. Bu fakt öz təsdiqini tapmasa da, birmənalı olaraq inkar da edilməmişdir. Amerika tarixçiləri, həmçinin F.D.Ruzveltin bioqrafları yalnız Yeni Dünyada yaşamış Ruzveltlərin nəsil şəcərəsini dəqiq müəyyənləşdirə biliblər. İlk olaraq Klaus Martinson van Ruzvelt 1643-cü ildə Hollandiyadan köçərək Amerikaya gəlmişdir. O və oğlu Nikolas haqqında bilgilər yox dərəcəsindədir. Amma Nikolasın Teodor və Franklin Ruzveltlərin ulu babası olduğu məlumdur. Nikolasın bö­yük oğlu İoannın nəslindən Teodor, kiçik oğlu İakovun nəslindən isə Franklin dünyaya gəlib.

Franklin D.Ruzvelt 1882-ci il 30 yanvarda Nyu-Yorkda anadan olub. Atası Ceyms Ruzvelt şəhərin varlı və nüfuzlu iş adamlarından idi. Anası Sara Delano əcdadları «Meyfla- uer» gəmisində Amerikaya köçən piliqrimlərdən olan aris­tokrat ailədən çıxmışdı. Ailənin maddi problemləri olmadı­ğı üçün balaca Franklin yalnız xüsusi müəllimlər yanında təhsil alır. 14 yaşında ikən valideynləri onu təhsil almaq üçün Boston yaxınlığında yerləşən Qroton şəhərindəki nü­fuzlu ictimai məktəbə göndərirlər.

1900-cü ildə məktəbi uğurla bitirən Franklin dənizçi ol­mağa qərar versə də, valideynlərinin sərt təpkisi ilə üzləşir. Onların istəyilə gənc Ruzvelt Harvard Universitetində təhsilini davam etdirir.

Elə həmin il ailəyə bədbəxtlik üz verir. Franklinin atası vəfat edir.

1904-cü ilə qədər Harvardda təhsil alan Ruzvelt bu ərəfədə prezident T.Ruzveltin uzaq qohumu Eleonora Ruzveltlə tanış olmuş və onlar 1905-ci ildə ailə qurmuşlar. Onların beş övladı olmuşdur.

1904-1907-ci illərdə Kolumbiya Universitetinin hüquq fakultəsində oxuduqdan sonra, Ruzvelt Nyu-York Vəkillər Assosiasiyasına daxil olur. Üç il «Karter, Ledyard və Mil­bern» vəkillər kontorunda çalışır. Bu nüfuzlu vəkillər kontoru «Standart oyl», «Ameriken tobako» kimi nüfuzlu şirkətlərə qulluq edirdi.

F.D.Ruzveltin siyasi karyera etməsinə Teodor Ruzveltin böyük təsiri olub. Xanımı ilə tez-tez Ağ Evdə ziyafətlərdə iştirak edən Ruzvelt prezidentdən dəyərli məsləhətlər alır. Onun siyasi fəaliyyət üçün Demokrat partiyasını seçməsi atasına olan böyük rəğbətdən irəli gəlirdi. Atası vaxtilə bu partiyanın alovlu tərəfdarı olmaqla yanaşı demokrat-prezi­dent Klivlendlə dostluq əlaqələrinə malik idi.

1910-cu il noyabrda Ruzvelt Nyu-York parlamentinə seçilir. İki il burada fəaliyyət göstərir. Vilson prezi­dent seçildikdən sonra isə hərbi-dəniz nazirinin müavi­ni təyin edilir və yeddi il bu vəzifədə çalışır. 1920-ci il prezident seçkilərində demokrat Ceyms Koksla birgə vitse-prezidentliyə namizəd göstərilir. Seçkilərdə ağır məğlubiyyətdən sonra, qısa müddətə siyasətdən kənarlaşır və Merilend sığorta kompaniyasının Nyu-York şöbəsinə başçılıq edir. Tezliklə siyasi fəaliyyətini bərpa edəcəyini güman etsə də, bu niyyəti 1928-ci ilədək yubanır.

1921-ci ilin yayında inzibati qayğılardan azad olan Ruz- velt Kampobello sahillərində dincələn ailəsinin yanına gedir. Bir neçə gün sonra ayaqlarında dəhşətli ağrılar başlayır və hərarəti 40 dərəcəyə çatır. Həkimlərin ilkin müayinəsi onun uşaq poliomelitinə mübtəla olduğunu göstərir. Nəticədə hər iki ayağı iflic olan Ruzvelt hərəkət etmək qabiliyyətini iti­rir. Tam sağalmaq niyyətilə bir müddət böyük siyasətdən kənar qalaraq, elmi-ictimai fəaliyyət göstərmiş, ABŞ-in xarici siyasət kursunu təkmilləşdirmək üçün Vudro Vilson fondunun, Con Hopkins Universiteti nəzdində diplomatlar hazırlayacaq Uolter Peyc Məktəbinin yaradıcılarından ol­muşdur.

Yenidən siyasi arenaya qayıdan Ruzvelt 1928-ci və 1930-cu illərdə ardıcıl olaraq Nyu-York ştatının quberna­toru seçilir. Qubernator olduğu müddətdə dövlət idarəetmə sisteminə yaxından bələd olur və 1932-ci il prezident seçkilərinə demokrat partiyasından namizəd göstərilir.

Ruzveltin seçkiönü kompaniyasının aparıcı mövzusu ölkənin ağır iqtisadi böhrandan çıxarılması idi. Ümum­milli qurtuluş planı hazırlamaq məqsədilə o, R.Moli, S.Rozenman kimi Universitet professorlarına müraciət edir. Ağ Evə gedən yolda, ona Cozef Kennedi, H.Morgentau, U.Vudin, H.Leman və digər böyük kapital sahibləri maliyyə dəstəyi verirlər. 8 noyabr 1932-ci ildə keçirilən seçkilərdə F.D.Ruzvelt 57,4 % səs toplayaraq prezident seçilir.

Fəaliyyətə başladığı ilk günlərdən ölkənin iqtisadi ba­taqlıqdan xilas etmək üçün «Yeni xətt» sosial-iqtisadi isla­hatlar proqramını həyata keçirir. Ruzvelt hökuməti birinci olaraq ölkənin maliyyə sistemini qaydaya salmaq üçün xao­tik bank əməliyyatlarında radikal islahatlar keçirir. Bununla yanaşı təxirəsalınmaz sosial problem — işsizlik probleminin həlli gündəmə gətirilir. Əhalinin maddi vəziyyətini yaxşı­laşdırmaq üçün müvəqqəti vasitələrdən — ayrı-ayrı ştat və icmalara birbaşa yardım etməkdən — istifadə edilir. «Yeni xətt» proqramında əsas amil kimi nəzərdə tutulmasına bax­mayaraq işsizlik problemi yalnız İkinci Dünya Müharibəsi başladıqda tam həllini tapmışdır.

Ruzveltin proqramının başlıca ideyası çox sadə idi: yeni iş yerləri açmaqla əmək qabiliyyətli işsizləri küçələrdən yı­ğışdırmaq, onların öz bacarıqlarına olan inamını özünə qay­tarmaq. Bu işlərdə Ruzveltin inandığı şəxslərdən olan Harri Hopkins böyük işlər gördü. Məhz Hopkinsin rəhbərlik et­diyi administrasiya 122.000 ictimai bina, 664.000 km yeni yollar, 77.000 körpü və 285 aeroport tikdi.

İqtisadiyyatın ən çox ziyan çəkdiyi kənd təsərrüfatı sahəsində də təcili tədbirlər görüldü. Qəbul edilmiş Konq­res qanunlarına əsaslanaraq istehsala və qiymətlərə dövlət nəzarəti gücləndirildi. Əhalinin sosial vəziyyətini yaxşılaş­dırmaq məqsədilə maksimal iş günü və ən aşağı məvacib həddi müəyyənləşdirildi, 16 yaşına çatmamış uşaqlara işləmək qadağan edildi.

Prezidentliyinin ilk illərində Ruzveltin xarici siyasi kur­su ikili xarakter daşımışdı. «Yeni xətt» iqtisadi proqramı­nın uğurla həyata keçməsinə çalışaraq, xalqın və Konqresin istəyinə uyğun olaraq təcridçilik siyasətinə qarşı çıxmır, la­kin təcridçiliyi heç də uğurlu hesab etmirdi.

30-cu illərin sonlarına yaxın «Üçüncü reyx»in yeritdiyi təcavüzkar siyasət bütün dünyada sülhə təhlükə yaradırdı. T.Cefferson, T.Ruzveltin baxışlarını əsas tutan Ruzvelt Av­ropada güclərin tarazlığının saxlanmasının ABŞ-ın həyati maraqları çərçivəsində olduğunu yaxşı bilirdi. Vilson kimi o da «elə bir dünya» arzusunda idi ki, burada sülhün bərqərar olması üçün kollektiv təhlükəsizlik prinsipləri əsas tutul­sun. Yuxarıda qeyd etdiyimiz amillərlə yanaşı, azad dün­ya iqtisadiyyatının inkişafina şərait yaradılması da zərurətə çevrilirdi.

Hitler və «Üçüncü reyx» Avropada qüvvələr tarazlı­ğına, bütün dünyada sülhə və azad dünya iqtisadiyyatına açıq-aşkar təhlükə yaradırdı.

Təcavüzkarların Avropa və Asiyada hər növbəti qələbəsi Amerika iqtisadiyyatına üz verə biləcək fəlakəti yaxınlaş­dırırdı. Digər tərəfdən ABŞ və Avropadakı müttəfiqlərinin Dünya okeanına nəzarəti itirmələri «Ox» dövlətlərinin Qərb yarımkürəsinə birbaşa hücumunu təmin edə bilərdi.

Ruzvelt hələ 1941-ci ilə qədər də müharibəni yeni dün­yanın qurulması uğrunda təcavüzkar və sülhsevər millətlər, liberal demokratiya və barbarlıq, vətəndaş və cinayətkar, xeyir və şər arasında mübarizə kimi şərh edirdi. Lakin yu­xarıda qeyd etdiyimiz səbəblərdən artıq Avropada başlan­mış müharibəyə tərəddüdlə yanaşılırdı. Lakin Pörl-Harbör faciəsi bu tərəddüdlərə son qoydu.

Müharibədə iştirakla yanaşı, Ruzvelti 1943-cü ildən daha bir problem — müharibədən sonra düşmən dövlətlərlə qurulacaq münasibətlər də narahat edirdi. Bu problemin həlli yönündə atdığı hər addım haqda xalqa hesabat verməli idi. İctimai rəy, Konqresə seçkilər və nəhayət 1944-cü ildə keçiriləcək prezident seçkiləri bunu zəruri edirdi.

Tarixin ən fəlakətli müharibəsində ABŞ-ın iştirakı­nı təmin etmək və onu bu müharibədən qalib çıxartmaq, ölkəyə rəhbərlik edən şəxsdən böyük iradə və güc tələb edirdi. 1945-ci ilin ilk aylarından Ruzveltin səhhəti korlanır. Bu ərəfədə artıq Avropada münasibətlər aydınlaşmağa doğ­ru gedirdi. Həkimlərin məsləhəti ilə o, Uorm-Sprinqsdəki malikanəsində dincəlməyə gedir. Elə burada da 12 aprel 1945-ci ildə beyninə qan sızması nəticəsində vəfat edir. Bədbəxt hadisə rəssam Elizabet Şuvalova onun portretini çəkərkən baş verib.

Statistik baxımdan Ruzveltin bütün prezidentlərdən fərqi, onun ardıcıl olaraq dörd dəfə prezident seçilməsidir.

Amerika xalqı dövrün tələblərinə uyğun olaraq ona əsası Corc Vaşinqton tərəfindən qoyulmuş ənənəni pozmağı güzəştə getsə də, tezliklə Konstitusiyaya edilmiş düzəlişlə, bir şəxsin iki dəfədən artıq prezident seçilməsini rəsmən yasaqlayır.

30-cu illərin ortalarında F.D.Ruzveltin bioqrafiyasını yazmaq istəyən Emil Lüdviq prezidentlə söhbətində ona belə deyir: «Bu iş mənim üçün təzə və olduqca çətindir. Na­poleon, Bismark, Höte və Bolivarın bioqrafiyasını yazmaq mənə daha asan idi. Sizi dəyərləndirmək çox çətindir — Siz yaşayırsınız». Bu sözlərdən mütəəssir olan Ruzvelt belə ca­vab verir: «...O halda təklif edərdim ki, yüz il gözləyəsiniz».

Haqqında kitablar, monoqrafiyalar yazılması üçün yüz il gözləmək lazım gəlmədi. Bu gün nəinki Birləşmiş Ştat­larda, dünyanın əksər ölkələrinin kitabxanalarında onun haqqında yazılmış kitablar onlarladır. Zaman keçdikcə Franklin D.Ruzveltin şəxsiyyətinə olan maraq daha da ar­tır. Dünyada mürəkkəb qlobal proseslərin getdiyi, yeni güc mərkəzlərinin formalaşdığı bir dövrdə məhz belə xadimlərin yeri görünür.

Müəllif: Elşən Bayramzadə
Mənbə: “Amerika prezidentlərikitabı. Bakı, 2012, 248 səh.

 

0 şərh