Əsəbin fəsadları

Əsəb və hirsin boğulması gizli xəstəliklərin yaranması üçün şərait yaradır.
Hər birimiz gündəlik həyatımızda nəyəsə əsəbiləşərək həm özümüzün, həm də ətrafdakıların qanını qaraldırıq. Bəzən əsəblərimiz sakitliklə soyusa da, bəzən bu əsəb günlər, yaxud həftələrlə davam edir. Daxildə əsəb zamanla kinə çevrilir. Əksər vaxtlar əsəbdən sonra sakitləşən insan bunun ani hiss olduğunu hesab edir, elə də əhəmiyyət vermir. Çox vaxt isə əsəb insanda elə ani reflekslər yaradır ki, müxtəlif sakitləşdirici dərmanları qəbul etmək vacib olur.

Ümumiyyətlə, çox az insan əsəbin insan orqanizminə dağıdıcı təsir göstərməsindən xəbərsizdir. Hiss etdiyimiz bütün duyğular insan orqanizmində iz buraxır və əsəb bu izlər arasında ən qorxulusu və ən təhlükəlisidir. Zaman-zaman ətrafda qışqıran, aqressiyasını ətrafdakılara büruzə verənləri gördükdə istər-istəməz belələrini tərbiyəsiz, hövsələsiz kimi qəbul edirik. Halbuki aparılan araşdırmalar göstərir ki, həyatın müəyyən dönəmlərində məhz o cür olmaq insan orqanizmi üçün olduqca xeyirlidir. Kanadada 6 illik araşdırma və müşahidələrin sonunda bəlli olub ki, əsəbiləşərək hirsini boşaldan, ağlayan insanlar gündəlik həyatda daha sakit, rahatlaşmış olurlar. Məhz belə insanlar həyatın bütün çətinliklərindən daha üzüağ çıxır, çünki analiz etmək qabiliyyətlərini daha yaxşı işə salırlar. Hirsini boğaraq özünü təmkinli aparan, daxilən əsəb keçirənlər isə daha fərqli olurlar. Məsələn, bu cür insanlarda yığılıb qalan əsəb bir müddət sonra kinə çevrilir. Belə insanlarda hadisələri analiz etmək qabiliyyəti zəifləyir. Onlar nə qədər sakit davransalar belə, daxili sinir imkan vermir ki, məntiqli davranış sərgilənsin.



İnsan əsəb keçirən zaman daxili orqanlarına vurulan zərbələri başqa heç bir xəstəlik vura bilməz. Əsəb və hirsin daxildə boğulması gizli xəstəliklərin yaranması üçün şərait yaradır. İlk baxışda əsəbin ürəyə təsir etdiyi bilinsə də, əslində bütün orqanlar bu hissdən payını almış olur. Əsəb elə bir haldır ki, o, konkret bir xəstəlik ortaya qoymur. Hər insanda əsəbdən yaranan fərqli xəstəliklər mütləq var. Sadəcə, bizlər həmin xəstəliklərin əsəbdən yarandığının fərqində olmuruq. Əsəb başdan-ayağa kimi insanı zədələyə bilər. Səs qısılması, yaxud tamamilə yox olması, səs tellərini idarə edən sinirlərin zədələnməsi, qırtlaq nevrozu, damar sərtliyi, əsəbiləşən zaman qolların və ayaqların keyiməsi, halsızlaşması, qarışqa gəzirmiş kimi hissiyat verməsi, həddindən artıq tərləmək, üşütmə, üz əzələlərinin iflici, ürəyin ritmsiz döyünməsi, əllərin, ayaqların buzlaması, baş ağrıları, bulantı, qusma, mədə ağrıları və s. kimi simptomlar əsəbin müxtəlif formalarda göstəriciləridir. Daxili əsəb boğazda boğulmalar yaradırsa, artıq vəziyyət daha da gərginləşib.
Daxildən əsəbi çıxarmaq o demək deyil ki, insanlar arasında səs-küy salmaq, kimlərisə narahat etmək s. kimi hərəkətlər sərgilənməlidir. Düzgün yolla əsəb sakitləşdirmək, o travmadan bədəni ən az zədə ilə qurtarmaq vacibdir. Əks halda yığılan əsəb və kin bərpası çətin olan əsəb xəstəliklərinin yaranmasına zəmin yaradar. Daxildə yığılan əsəb vəzi xəstəliklərin yaranmasına, eyni zamanda qətiyyən dil qüsuru olmayan insanın kəkələməsinə səbəb ola bilir. Bu cür halların müalicəsi olduqca çox zaman tələb edir.
Əsəblə yanaşı, bütün hisslərin, sevincin, kədərin, təəccübün insan orqanizminə müxtəlif təsirləri var. Əsəb yeganə hissdir ki, konkret olaraq bir orqana deyil, bütün bədənə təsir edərək onu sıradan çıxara bilir. Bu cür yüksək əsəb isə bir günün içində yaranmır. Gün keçdikcə ən kiçik problemlər belə insanı yükləyir. Bu da zamanla əsəbin qalaqlanmasına, bir müddət sonra isə insanın «partlamasına» gətirib çıxarır. Odur ki, mümkün qədər əsəbləri qorumaq, əsəbiləşdiyiniz an mütləq o əsəbi bədəndən çıxarmaq lazımdır. Əks halda o əsəbin hansısa orqana zərbə vurması ehtimalı böyükdür.

  • Özünüzü ifadə edin. Çünki hər hansısa bir şeyə əsəbləşdiyiniz təqdirdə, o əsəb içinizdə yığılacaq, xoşbəxt və şən olmağınıza mane olacaqdır. Amma bunun, əsəblərinizi kiməsə tökməli olduğunuz mənasına gəlmir. Bir kağıza və ya kompüterinizdə açdığınız “Word” faylına nələr hiss etdiyinizi yazmaqla başlaya bilərsiniz. Sizdən başqa heç kimin görməyəcəyi bu qeydlər əsəblərinizi daha rahat idarə etməyinizə kömək edəcəkdir.
  • Özünüzə güvənin. Hisslərinizi rədd etməyin. Özünüzü əsəbi hiss edirsinizsə, bunun mütləq bir səbəbi olmalıdır. Haqqınızda şübhəyə düşmək yerinə, özünüzü tanımağa cəhd göstərin. Bu, əsəblərinizi sakitləşmək uğrunda atacağınız ən böyük addımdır.
  • Əsəblərinizi idarə etməkdə sıxıntı yaşayırsınızsa, bu mövzuda kitablar oxuyub, araşdırmalar edin. Əgər yenə də bu sıxıntının öhdəsindən gələ bilmirsinizsə, bu işin professionalından kömək istəyə bilərsiniz.

Bəs əsəblərimizi necə sakitləşdirək ?

  1. Əsəb və şiddətinizin, insanlığın ilk dövrlərindən bəri varlığını davam etdirən, önəmli duyğulardan biri olduğunu bilməlisiniz. Yəni, hər nə qədər xoşlamasanız da, əsəb, önəmli həyati hisslərdən biridir. Bunu qəbul etməli, lazım olduğunda inanmalısınız.

  2. Sakitləşmək taktikaları üzərində çalışın. Əsəb; qəlbinizi sıxışdıran, əzələlərinizi gərən və özünüzü xəstə hiss etməyinizə səbəb olan bir duyğudur. Nə qədər uzun çəkərsə, o qədər zərəri olacaq. Dolayısı ilə, bu duyğunu ən aza endirmək üçün, meditasiya, yoqa kimi sakitləşdirici metodlardan dəstək almalısınız.
  3. Əsəblərinizi daha yaradıcı sahələrə yönəldə bilərsiniz. Nəticədə şiddətin bir səbəbi də içinizdə qalan və heç cür ata bilmədiyimiz artıq enerjidir. Bu enerjini; dansa, idmana və ya incəsənətə yönəltdiyiniz təqdirdə, daha sakit insan olmağa başlayacaqsınız. Bir hobbi ilə məşğul olmaq, hissləriniz və özünüzlə daha az məşğul olmağınızı təmin edəcəkdir. 

Əsəb hansı xəstəliklərə səbəb olur ?

Əsəb insan orqanizmini sözün həqiqi mənasında məhv edir. Əsəb özü xəstəlikdir, amma digər xəstəliklərin də yaranma səbəbidir. Bəlkə də əsəbin insana vurduğu dəhşətli zərərləri bilsəydik, çox əsəbləşməzdik.

  1. Ürəyə pis təsir edir.
  2. Daimi gərginlik yaradır.
  3. İnsult riskini artırır.
  4. Stressə salır.
  5. Gözlərə zərərlidir.
  6. Baş ağrısı yaradır.
  7. Yuxusuzluğa səbəb olur.
  8. İştahanı zəiflədir.
  9. İmmuniteti zəiflədir.
  10. Gözə zərərlidir.
  11. Damarlara pis təsir göstərir.
  12. Qolların və ayaqların keyiməsinə səbəb olur.
  13. Hissiyatı zəiflədir.
  14. Ürəkbulanma yaradır.
  15. Ürək ritmini pozur.
  16. Boğazda boğulmaya səbəb olur.
  17. Əllərdə titrəməyə səbəb olur.
  18. İntihara meyillilik yaradır.
  19. Psixoloji pozuntulara gətirib çıxarır.
  20. Qan təzyiqini yüksəldir.
  21. Qocalmanı sürətləndirir.
  22. Təngnəfəslik yaradır.
  23. Halsızlığa səbəb olur.

Əsəbin yaranma səbəblərindən biri də aclıqdır.

Gün ərzində ac qalmaq sağlamlığa mənfi təsir edir. Aclıq hissi aradan qaldırılmadığı zaman, daha çox əsəbilik, stress, fokuslanma problemləri və dözümsüzlük kimi problemlər yaşanır:

Əsəb zamanla nevroza və yuxarıda sadaladığımız bir çox xəstəliyə gətirib çıxarır. Buna görə də əsəblə mübarizə apararkən, qida rejimimizə də diqqət etməliyik. Əsəb pozğunluğu, depressiya, nevroz insanın bütün orqanizminin zəifləməsinə, bir sıra xəstəliklərin baş qaldırmasına səbəb olur. Bu riskləri azaltmaq üçün aşağıdaki məsləhətlərə nəzər yetirin.

Əsəb pozğunluğu, depressiya, nevrozun qarşısını almaq üçün aşağıdakı məhsullardan istifadə etmək məsləhətlidir:

  1. Əsəb sakitləşdirici hesab olunan əvəzolunmaz B1 vitamini: qarabaşaq (qreçka) və yulaf sıyığı, çovdar çörəyi.
  2. Əsəbilik və yorğunluğun qarşısını almaq üçün tərkibində B2 vitamini olan məhsullardan istifadə etmək lazımdır. Məsələn, paxla, ispanaq, ərik və yumurtadan istifadə etmək olar. Vitamin B2 tərkibli məhsullardan az istifadə edəndə halsızlıq və tez-tez baş ağrıları olur.
  3. Beyin əqli cəhətdən yorulanda yaddaş pozğunluğu yaranır, əhval-ruhiyyə qəfildən pisləşir. Bu zaman B12 vitaminindən faydalanmaq olar. B12 vitamini dəniz məhsulları, içalat (ürək, böyrəklər, qaraciyər) və yumurtanın ağında daha çoxdur.
  4. Süd və süd məhsulları insanın sinir sisteminin kalsium mineralı ilə möhkəmlənməsinə yaxşı kömək edir. Bu mineral bədəndə çatışmayanda qıcolmalar baş verir.
  5. Beynin yaxşı işləməsi və hormonal balansın qorunması üçün yod əvəzolunmaz mineraldır. Bütün dəniz məhsulları, dəniz kələmi yod ilə zəngindir. Dəniz kələmini sevmirsiniz? Problem deyil. Qurudulmuş dəniz kələmini üyüdərək qəhvə kimi istifadə edə bilərsiniz.
 

0 şərh