Giləmeyvəli tart

Tərkibi (6-8 pay):
Xəmir 
350 q un (yaxud 250 buğda unu + 120 q badam unu)
150 q yağ 100 q şəkər pudrası
2 yumurta
1 çimdik duz
Dadlandırmaq üçün 1 ç.q. konyak, yaxud rom, 0,5 limonun şirəsi və sedrasından istifadə etmək olar (sevmirsinizsə, vacib deyil).

Zövqə görə aşağıdakı kremlərdən birindən istifadə edə bilərsiniz:
1. krem
250 q kəsmik
2 x.q. süd
3 x.q. şəkər tozu
1/2 ç.q. vanil cövhəri

2. krem
250 q maskarpone
2 yumurta
50 q şəkər pudrası

Əlavə
giləmeyvə (istənilən)
giləmeyvəli jele

Xəmir

Un, şəkər tozu və duzu qarışdırın, kərə yağını əlavə edin. Ovuntuq alınanadək əlinizlə qarışdırın, yumurtaları bir-bir əlavə edin (istifadə edəcəksinizsə, konyak, rom, yaxud limonu da qatın), əlüstü xəmir yoğurub kündələyin, plyonkaya büküb soyuducuda yarım saat — 1 saat saxlayın. Bu xəmiri uzun müddət yoğurmaq olmaz — əlinizin istisindən yağ əriyəcək və bişəndə çox bərk olacaq. Soyumuş xəmiri soyuducudan çıxarıb yayın, formaya qoyun, kənarlarını qaldırın, 200 dərəcə qızdırılmış sobada təxminən 15 dəqiqə bişirin. Qızılı rəng alanda çıxarın. Əgər çox bişirsəniz, bərkiyəcək.

İç 
Birinci krem üçün olan ərzağı mikserlə qarışdırın. Korjun üzərinə çəkin. Giləmeyvələri düzün. Giləmeyvə üçün jeleni qablaşdırmasında yazılan qaydada hazırlayıb giləmeyvələrin üzərinə gəzdirin. Tartı soyuducuda bir neçə saat saxlayın.

İkinci variant
Yumurtaların ağıyla saırısını ayırın. Sarılarını qəkər pudrası ilə ağarıncayadək mikserlə çalın. Maskarponeni əlavə edin. Yumurta ağlarını ayrıca çalın. Maskarponeli qarışığa əlavə edin. Korjun üzərinə çəkib üzərinə giləmeyvələri düzün. Hər iki kremə limon, yaxud portağal sedrası qatmaq olar. Nuş olsun!
 

0 şərh