Yaşayın, gənclər, ölməyin!

90-ların əvvəli idi. Pulsuzluq, evsizlik və iki körpə uşaq.
Həyatımda birinci dəfə intihar fikri gəldi ağlıma. Eqoistcəsinə. Çıxıb getmək və bütün bu sıxıntılardan qurtulmaq.
Fikir yüngüllük kimi gəldi ağlıma. Günahsız günahkar olmaqdan qurtulacaqdım. Yorulmuşdum.
Pencəyimi götürüb çıxdım çölə, Sumqayıtın bir birinə bənzər mikrorayonları arasında dolaşmağa başladım. Fikrə öyrəşmək və həyatdan getməyin yolunu düşünmək lazım idi.
Gəzdim şəhəri bir xeyli. İnsanların üzünə baxırdım. Fikrimdə artıq bu dünyadan ayrılmışdım deyə hər şey mənə xeyli məzəli və risksiz görünürdü. Ölmüş Müşfiqin gözləri ilə baxırdım şəhərə, insanlara. Təsəvvür edirdim, mənim ölüm xəbərimi necə qarşılayacaqlar. Təəssüflənənlər olacaq. Biganə qalanlar. Dünya öz işində olacaq məndən sonra da. Lakin məni bunlar daha ilgiləndirmirdi. Mən artıq ölmüşdüm. İçimə də artıq dadını çoxdan unutduğum sakitlik və azadlıq çökmüşdü. Beləcə xeyli gəzdim şəhəri.
Və bəlkə, inandırıcı olmaz, amma ürəyimdə israrla bir cümlə səslənməyə başladı: “Mən bu kinoya axıra qədər baxacam!” Yad idi sanki, amma həm də doğma idi bu səs. Kefim açıldı. Sanki mürəkkəb bir məsələni həll etmişdim.
Evə sevinc içində qayıtdım. Evdəkilərin hamısını bağrıma basdım, öpdüm. Həyatla dolu idim. 
Özünüzü öldürməyin, gənclər. Bacardığınızı edin, bacarmadıqlarınıza görə danlamayın özünüzü. Əzizlərinizi sevin. 
Biz onsuz da doğulanda ölmüşük. Qalan vaxt isə həqiqət, ədalət və gözəllik üçündür.
 
Müəllif:Müşviq Ötgün  
 

0 şərh